abunə ol: Yazılar | Şərhlər | Еmail

İtirilmiş nəslin qalereyası.Lyuis Hayn

Şərh

 Lewis Wickes Hine; 26.09.1874 — 3.11.1940.

 

Tarixdə itirilmiş minlərlə insanın, nəsillərin taleyi təsadüfi kadrlarda, kitab səhifələrində ilişib qalır …

“İki iş vardır ki, özümü onlara sərf etmək istərdim. Mən dəyişilməli və layiqincə dəyər verilməli olan bəzi şeyləri göstərməyə çalışıram”.

 Lewis Hine (Luis Hayn) – amerikan fotoqraf və sosioloqu, Oşkoş şəhərində (Viskonsin ştatı) doğulub. Yerli məktəbi bitirdikdən sonra Çikaqoda universitetdə təhsilini davam etdirir, daha sonra sosiologiya üzrə Nyu Yorkda magistr dərəcəsinə yüksəlir. Ali təhsilini tamamladıqdan sonra Etika mədəniyyəti fənnindən məktəbdə müəllim kimi dərs deməyə başlayır. Bu illərdə məktəb həyatı ilə bağlı həvəskar fotolar və illustrasiyalar hazırlasa da, məqsəd  fotoqrafiyanın sirlərinə daha dərindən  yiyələnmək idi.

Yəhudi-slavyan gettosunda botanika müəlimi işləyərkən Lewis Hine dərs deməklə yanaşı, Amerikada emiqrantların   mühacir həyatı ilə yaxından  tanış olurdu. Bu dövrdə yoxsulluq və səfaləti  çəkdiyi fotoları əsrin əvvəllərinin real mənzərəsi və insan həyatının “dəyəri”  baxımından əvəzsiz  qiymətli olur. Müəllimlik fəaliyyətini dayandıran Lewis Hine “National Child Labor Committee” – də (Uşaq əməyi milli komitəsi) fotoqraf işləməyi qərara alır. Onun estetik və daha çox isə siyasi gücə malik fotoları ilə silahlanmış bu təşkilat ABŞ tarixində ilk dəfə uşaq əməyi, yeniyetməlik yaşına çatmamışların istismarına qarşı ciddi mübarizəyə qalxır. Fotolar həm də onun öz həyatı idi. Kiçik yaşlarından fabrikdə çalışan Lewis Hine qədər heç kim bu çətinlikləri anlaya bilməzdi. Hər şey onun ətrafında baş verirdi. Bəlkə də ona görə uşaqlıqdan məhrum balacaların həyat faciələrinin dəhşətlərini fotolarında göstərə bilmişdi.

1908 – ci ildən 10 il müddətində onun şəxsi qalereyası fəaliyyət göstərir. İctimai sənədli əsərlərinin toplandığı qalereyanı lakonik olaraq “İtirilmiş nəslin qaleriyası” adlandırıdılar. Bu fotolarla o, gənc işçiləri əbədiləşdirdi: kömür mədənlərində çalışan, zibil toplayan qulluqçu, toxucu-əyirici, satıcılar, yükdaşıyan günəmuzd fəhlə, yanğınsöndürənlər və qəzet satan küçə uşaqları. Bir müddət  sonra kömür mədənçilərinin həyatından sosioloji tənqidi araşdırma aparır. ”Pitsburqu gözdən keçirərkən” seriyasından olan fotolarda tibbi şərtlər və qoruyucu tədbirlərsiz iş şəraiti, sıradan sakinlərin çətinliklərinin, ani sevinci  və daimi narahat həyatın, hətta ölüm anlarının kadrları var.

1912 – ci ildə fotoqrafın uşaq əməyinin istismarını göstərən fotolar seriyası Amerikanı sarsıtdı. Bu şəkillərdə cırıq- sökük paltarlarda, ağır işdə çalışan yetkinlik yaşına çatmayan uşaqların  gözlərində ümid qığılcımı sönmüş, onların vaxtından əvvəl qocalmış görkəmləri var idi. Kəskin illustrasiyalarla müəllif amerikan uşağının həyat tərzini, amerikan tarixinin bir mərhələsini  verirdi.

Təbii ki, oliqarx təbəqə oxşar növbəti fotoların çıxmasının qarşısını almağa çalışırdı. Hine hədələnir və çox vaxt zavod və fabriklərin ərazisinə buraxmılmırdı. Müxtəlif yollarla – sənaye fotoqrafı, sığorta agenti, rahib cildində daxil olurdu.

Hine təkcə fotolar çəkmir, həm də ünsiyyət saxlayırdı. Uşaqlar bəzən öz həyatlarını ona danışır, o isə daha çox məlumat toplamağa can atırdı. Qeydlərində onların sağlamlığı, vərdişləri haqqında , hətta uşaqların boyunu gödəkçəsinin düymələri ilə necə ölçdüyünü yazır. Bir neçə foto və belə qeydlər əsasında kiçik  yazılar da hazırlayır. ”Yük daşıyan Ouens. 12 yaşında. Oxumağı bacarmır. Əlifbanı bilmir. Deyir : “Bəli, mən oxumaq istəyirəm, mümkün deyil, bütün günü işlə məşğulam”. 4 ildir ki, fabrikdə işləyir. “

“Bəzi qızlar və oğlanlar o qədər balaca idilər ki , toxucu dəzgahının üstünə dırmaşmağa məcbur idilər.”
“İşçilərdən biri tekstil fabrikində işləyir. Bəzən gecələr işləməyə məcburdur. Bütün işləri 48 sentə günəmuzd yerinə yetirir. Ondan yaşını soruşanda başını yellədib: “yadıma gəlmir” cavab verir. Sonra yenə danışır: “İşə görə kifayət qədər yaşım yoxdu, ancaq böyüklərdən pis görmürəm”. Burada 50 işçidən 10 uşaq onunla eyni yaşda olardı.”

Bu faktlar kifayət etdi ki, məhdud uşaq əməyinin “faydalı” tərəfləri haqda kapitalist cəmiyyətinin düşüncə tərzinin yaratdığı illüzor fikirləri alt -üst eləsin. Hine qarşısına qoyduğu məqsədinə çatdı – tezliklə uşaq əməyinin müdafiəsi ilə bağlı qanun qəbul olundu.

1909 – cu ildə fotoqraf «Child Labor in the Carolinas» (Karolinada uşaq əməyi) və «Day Laborers Before Their Time» (Növbədən əvvəl işçilərin günü) kitaplarını çap etdirdi. Bu ilkin nəşrlər tamamilə  azyaşlıların əmək probleminə həsr olunmuşdu.

“Yeniyetmə kömürçülər kömürqırıcı maşının içində”, “Karolina toxuculuq fabrikindəki əyirici qız” – bu kadrlarda uzunmüddətli sağlamlıq üçün təhlükəli sayılan sənayenin iş rejimində  saatlarla çalışan 7 yaşlı uşaq təsvir edilib.

Tezliklə bu fotolar məşhurlaşdı, jurnallar təkrar  nəşr olundu, broşura və plakatlar hazırlandı. Bu fotoların çoxu o dövrün simvoluna çevrildi.

“Baxmaq” əsərində  dəzgahdan ayrılıb fabrikin nəhəng pəncərəsindən  uzağa – Günəş işığına yorğun -yorğun baxan balaca toxucu qız təsvir olunub, bu foto uşaq istismarına qarşı mübarizənin  simvoluna çevrildi .

Birinci dünya müharibəsinin başlaması ilə o, Qırmızı Xaç cəmiyyətinin fotoqrafı kimi Avropaya gəlir. Fransa və Belçikada olur. Müharibədən əziyyət çəkən insanların həyat şəraitinin çətinliklərinin şahidi olur. Sülhdən sonra Balkanlara gəlir. «The Choldren’s Burden in the Balkans» (Balkan uşaqlarının iztirabları) – bu silsilədən 1919 – cu ildə fotolar çıxır.

1920 – ci illərdə işçilərin texniki təhlükəsizliyi haqqında qanunların yaradılması və qəbul edilməsi kampaniyalarına qoşulur. Fəaliyyətini 1920-30 cu illərdə Amerikada işçi sinfinə həsr edir .

Tanınmış fotolarından biri Nyu-Yorkdakı  Empire State Building göydələnlərində tikinti şəklidir (1932 ci il).

Zamanında diqqətdən kənar qalan fotoqrafı ölkəsinin gələcəyi çox qayğılandırırdı. Ömrünün son illəri çətinliklə keçirdi. Fotolarına qonarar kimi çox az pul verilirdi. 1940 – cı ilin yanvarında maliyyə probleminə görə evini itirməli olur. Son illərdə səhhəti ağırlaşmışdı, əməliyyat olunduqdan sonra elə Nyu-York xəstəxanalarından birində kimsəsiz biri kimi vəfat edir.

Hazırladı: Scherif Abde                                            (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:11341