abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: Tədris üçün tövsiyə olunmur

Şərh


SOLFRONT  oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir – birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə-hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Boris Yulyeviç Kaqarlitski

 Marksizm: Tədris üçün tövsiyə olunmur

Növbəti

 Müəllifdən

2000 – ci illərin əvvəlində məni Sosiologiya İnstitutunda gələcək magistrlər üçün “Klassik və müasir marksizm” kursu üzrə mühazirə deməyə dəvət etmişdilər. Onlar əyalət universitetlərini o zaman bitirmiş gənclər idilər ki, sovet dərslikləri hələ Soros fondunun qrantları ilə yeni kitablarla əvəz olunmamışdılar, “elmi kommunizm” üzrə proqram isə 1 saat içində politologiya kursuna çevrilməmişdi.

Əgər iqtisadi və siyasi elmlərdə marksizmin universitet proqramlarından çıxarılması demək olar ki, total şəkildədirsə, sosioloqlar, Marksın ideoloji baxışlarına münasibətlərindən asılı olmayaraq, tamamilə onun təsirindən qurtula bilməmişdilər. Amma nəyisə bilmək və başa düşmək üçün onu öyrənmək lazımdır. Öyrənmək üçün yer isə yox idi.

Postsovet Rusiyasında “müasir” və “klassik” marksizm haqqında danışmağa başladıqda qarşılaşdığın ilk problem ondan ibarətdir ki, tələbələr ümumiyyətlə söhbətin nədən getdiyini başa düşmürlər. Lenin, Qramşi və Trotskinin baxışları arasında fərqlərin incəliklərinə dair istənilən qədər fikir yürütmək olar, amma mən öz kursumu deməyə başlayan zaman yaranan məsələ tamamilə başqa idi: bəs, ümumiyyətlə, tələbələr marksizm haqqında nə bilirlər?

Mən Sovet İttifaqında təhsil almış nəslin nümayəndəsiyəm, mənim üçün marksist terminologiya gənc yaşlarımdan aydın və təbii idi. Bizə müəyyən hazır normalar sistemini yeridirdilər; bizdə isə, Zinovyev və Stalinin yüngül əli ilə, marksizm – leninizmi bəyan etdilər. Ən azından, bizim, klassik marksizmin nə olduğu haqqında az – çox dəqiq təsəvvürümüz var idi. Bu demək deyil ki, SSRİ – də hər kəs Marksı düzgün başa düşür və təfərrüatı ilə bilirdi. Amma mütləq nəsə bilirdilər. Bu, ümumi mədəniyyətin bir hissəsi idi.

Sonra isə öz tədqiqatlarına başlaya bilərdin, sevinclə aşkar edərək: “aha, burada yalan deyiblər, burada isə nəyisə deməyiblər, bunu dəyişdiriblər, bu yerdən isə sitat gətirməyi lazım bilməyiblər”. Və sair. SSRİ – də tələbələr üçün möhtəşəm metodik vəsaitlər var idi, burada Lenin işlərini necə oxumaq lazım olduğu izah edilirdi. Orada, hansı məqalələri və kitabları oxumaq lazım gəldiyi deyilirdi, amma onları bütövlüklə deyil, müəyyən səhifədən səhifəyə, bəzən isə abzaslarla oxumaq nəzərdə tutulurdu. Müvafiq olaraq, qalan şeyləri oxumaq lazım deyildi. Və oxunmurdu da.

Amma “seçilmiş səhifələrin” oxunmasından əldə edilmiş biliklər kifayət edirdi ki, nəyisə anlamaq olsun. Özü də kifayət qədər insan var idi ki, oxumaq üçün məsləhət görülməmiş qonşu səhifəyə baxmaq marağı olsun. Məhz buna görə SSRİ – dəki erkən dissident mətnlərin böyük hissəsində hakimiyyətin tənqidi ondan ibarətdir ki, onlar marksist təlimi düzgün interpretasiya etmirlər. Və ya hər hansı bir aspektləri, hər hansı mətnləri xalqdan gizlədirlər.

Sovet sisteminin və ideologiyasının tənqidi, mənim formalaşdığım tənqid belə başlayırdı.

Sistemin və onun rəsmi ideoloqlarının tənqidçilərinin ümumi biliyi, ümumi konteksti, ümumi anlayışlar və terminlər dəsti var idi. Bu konteksti hamı bilirdi, onu bizə yeridirdilər. Məhz bu kontekst 1990 – cı illər ərzində məhv edilmişdi.

Marksizm sistemli şəkildə təhsil sistemindən, universitetlərin proqramlarından çıxarılırdı, hələ məktəbləri demirəm. Bu kampaniya, mahiyyətcə,  əvvəlkilər kimi, özü də eyni insanlar tərəfindən təşkil edilmişdi. Bir saat içində professional antikommunistlərə çevrilmiş sabiq partiya ideoloqları ciddi nəzəri diskussiyalar aparmağa, ələlxüsus yeniliklərə qadir deyildilər. Buna görə istənilən məsələ sadə şəkildə həll edilirdi. Lazımsız nəzəriyyələri tədris proqramlarından çıxarmaq, kitabları makulaturaya təhvil vermək.

Asanlıqla bilmək olar ki, marksizm əleyhinə mübarizə, bir zamanlar genetika və kibernetikaya qarşı aparılan kampaniyalar kimi, qanunauyğun məğlubiyyətə düçar oldu.

Marksizm müasir ictimai elmlərin ayrılmaz tərkib hissəsi olduğu üçün, onun ictimai yaşayışdan çıxarılması əsl metodoloji xaosun yaranmasına gətirib çıxarır. Bu, binadan kərpiclərin yarısını çıxarmaq kimi bir şeydir. Tikili dayana bilər, amma onun içində olmaq qeyri – mümkün olacaq.

Paradoksal şəkildə, demək olar ki, azsaylı normal marksist təhsili almış 1990 – cı illər Rusiyasının gəncləri Qərbdə, xüsusilə də ABŞ – da təhsil almışlar ki, orada Marksın nəzəriyyəsini hələ də sosiologiyanın fundamental əsaslarından biri kimi tədris etməyə davam edirdilər.

2000 – ci illərin əvvəlində dönüş baş verir. Söhbət yalnız ondan getmir ki, bizim cəmiyyətimiz kapitalist restavrasiyasının real nəticələri ilə qarşılaşaraq və liberal ideologiya ilə həddən artıq doydurularaq, yenidən sola yönəlməyə başlayıb. Radikal əhval – ruhiyyənin ümumi artımı bütün dünyada müşahidə edilirdi – bu da özünü Qərbdə antiqlobalist hərəkatın yaranmasında, Latın Amerikasında sol partiyaların dirçəlməsində və s. göstərdi. Bizdə “yeni dalğa” solların yaranması, hansılar haqqında ki, mətbuat danışırdı, sadəcə olaraq ümumdünya prosesinin xüsusi hadisəsi idi.

Marksizmə yeni tələb yaranır. Amma nəzəriyyəni öyrənmək lazımdır. Sovet dərslikləri isə ümidsizcəsinə köhnəliblər. Və məsələ hətta onda deyil ki, onlar Qərbi Avropanın sol düşüncəsinin bütün nailiyyətlərinə etinasız qalmışlar, onlarda Latın Amerikası intellektuallarının nəzəri axtarışları əks olunmamışdır. Hətta onda da deyil ki, informasiya texnologiyaları ilə əlaqədar problemlərə aşkar səbəblər üzündən, bu texnologiyaların kütləvi istifadə edilməyə başlanmasından 20 il əvvəl yazılmış kitablarda toxunula bilməz. Hətta klassik marksizm haqqında, Marksın, Leninin, Plexanovun əsərləri haqqında söhbət apararkən, bu dərsliklər ən yaxşı halda lazımi informasiyanın yalnız yarısını verirlər. Gənc Marksın irsi və onun son illərinin axtarışları ikinci plana çəkilmişdir. Leninin opponentləri səsdən məhrumdurlar, Leninin özü isə siyasi bayağılıqlar söyləyən karton kuklaya çevrilir. Xoşbəxtlikdən, tarixi Lenin heç belə deyildi.

Beləliklə, yeni kurs lazımdır. Müəyyən mənada marksist nəzəriyyəsinə giriş. Tələb təklif doğurur.  Sovet dövründə dedikləri kimi, “zəhmətkeşlərin çoxsaylı istəklərinə görə”, mən bu kitabı yazmağa başladım.

Təbii ki, əgər kimsə bu kitabda “bütün” marksizmi tapmağa ümid edirsə, o sərt şəkildə məyus olacaq. Mən belə bir fikirdən uzağam ki, guya bir müəllif tərəfindən bir əsərin dərc edilməsi – özü də oçerklər silsiləsi – bütün cəmiyyət tərəfindən yaşanan nəzəri aclıq hissini təmin edir. Özü də mənim imkanlarım məhduddur. Nəhayət, mən filosof və hətta iqtisadçı da deyiləm. Hər kəs bildiyi şey haqqında yazmalıdır. Buna görə də diqqət məhz sosial və siyasi nəzəriyyəyə və az dərəcədə isə – marksizmdə iqtisadi və fəlsəfi diskussiyalara yönəlmişdir. Digər tərəfdən, sovet dərsliklərində izah edilmiş kapitalizmin siyasi iqtisadı kifayət qədər dəqiq və vicdanlı şəkildə ən azından Karl Marksın özünün baxışlarını şərh edir. Eyni şeyi dialektik materializm nəzəriyyəsi üzrə bir çox sovet əsərləri haqqında da demək olar. Və bu təəccüblü deyil. Nəzəriyyənin bu və ya digər seqmenti siyasi və sosial təcrübədən nə qədər uzaq idisə, o qədər az dərəcədə təhrifə və bürokratik təzyiqə məruz qalırdı. Təbiətin dialektikasının ümumi məsələlərini, partiya nomenklaturası nümayəndələri ilə xüsusi ziddiyyətlərə girmədən öyrənmək olardı, hansıların ki, nə dialektika, nə də təbiət veclərinə deyildi. Kapitalist cəmiyyətində əlavə dəyər nəzəriyyəsi ilə əlaqədar əsas problemlər müdiriyyət üçün çox da aydın və maraqlı deyildi. Kitabların və dərs vəsaitlərinin müəllifləri belə vəziyyətlərdə kifayət qədər azadlıq əldə edirdilər ki, bundan bacarıqla istifadə edirdilər.

Bizim ictimaiyyətçilər cəmiyyətin, xüsusi ilə də – öz, sovet cəmiyyətinin siyasi, sosial və mədəni təşkilinə toxunmaq məcburiyyətində qaldıqda vəziyyət tamam başqa cür idi. Burada müzakirələr bitirdi, düzgün formalaşdırılmamış tezis və hətta yersiz gətirilmiş sitat ciddi problemə çevrilə bilərdi. Belə şəraitdə marksist təfəkkürün aydınlığını və nəzəri fikrin oyaqlığını qoruyub saxlaya bilən az sayda sovet ictimaiyyətçilərinə sadəcə heyran qalmaq olar. Onlar sayəsində hətta hüznlü 1970 – ci illərdə də, ictimai həyatın hər sferasında orijinal təfəkkürün təqib edildiyi zamanda, nə marksist ənənənin tam ölümü haqqında, nə də ölkəmizdəki total fikir birliyi haqqında danışmağa ehtiyac qalmır.

Heyrətləndirici şəkildə biz belə nəticəyə 1990 – cı illərin əvvəlində, liberal ideyaların qələbəsinin ümumi fonunda yaxın olduq. Ölümsüz Kozma Prutkov tərəfindən mədh edilmiş fikir birliyi Rusiyada məmurlar və kommunist senzorlar tərəfindən deyil, liberal islahatçılar tərəfindən tətbiq edildi. Və ona görə yox ki, liberalizm uğrunda, Stalin və Brejnev dövründə möcüzəvi şəkildə sağ qalmış bütün digər nəzəri məktəblərin qalıqlarının kökü kəsildi, sadəcə ona görə ki, yeni hakim ideologiyanın təsiri altında bir çox insanlar ümumiyyətlə düşünməməyə başladılar. Tənqidi təfəkkürdən imtina hər cür təfəkkür fəaliyyətinin son olaraq dayandırılması yolunda keçid mərhələsi idi. Doğrudan da, öz təbii resurslarının talanması hesabına çiçəklənəcək olan ölkədə elm, xüsusilə də ictimai elm nəyə lazımdır?

    Xoşbəxtlikdən, insanların tənqidi düşünmək bacarığını nəinki repressiv aparat vasitəsilə, həm də daha effektiv bazar metodları ilə tamamilə kökündən kəsmək mümkün olmadı. Cəmiyyət tədricən özünə gəlir. Bizim kollektiv şüurumuz, başına vurulan zərbədən sonra və ya əksinə, uzunmüddətli gəzintidən sonra özünə gələn insana bənzəyir (demək olar ki, ikisi də olmuşdu: bir qismin başına zərbələr vururdular ki, digər qisim rahatca onların hesabına əylənə bilsin).

Nə cür yeni reallıqda olduğumuz dərk olunduqca, sosial, siyasi və iqtisadi quruluşun tənqidi təhlilinə tələbat artır. Bu isə deməkdir ki, marksizm bu gün bizə heç vaxt olmadığı qədər lazımdır. Nəzəriyyə qayıdır, onunla bərabər isə nəzəriyyəçilərin mübahisələri yenidən maraq qazanır. Bu kitabda mən imkan olduqca obyektiv olmağa çalışırdım. Əlbəttə ki, oxucu bu və ya digər diskussiyada kimin haqlı olduğu barədə özü nəticələr çıxaracaq. Başqa məsələ odur ki, mənim obyektivlik tələbim nisbidir. Mən kənar müşahidəçi deyiləm. İctimai məsələlərin müzakirəsinə cəlb olunmuş hər kəs kimi, mənim öz fikrim var və istəsəm də, onu çətin ki, gizlədim. Buna görə də bu mətnin müəllifi hər şeydən az dərəcədə vahid və ümumi mənbə kimi çıxış etməkdə iddialıdır. Nə qədər çox kitab oxunsa, nə qədər çox oxucu müstəqil şəkildə nəzəriyyənin mahiyyətini araşdırmaq istəsə, o qədər yaxşıdır.

Tomas Hobbs deyirdi ki, həndəsi aksiomlar insanların siyasi maraqlarına toxunsaydı, onlar sərt şəkildə müzakirə edilərdi. Sonralar Leninin də dediyi bu ifadə marksizmin “ən vacib” problemini üzə çıxarır: nəzəriyyənin günahı odur ki, o insani məsələlərə toxunur. Amma onun gücü və mənası bundadır.

Tərcümə: Ləman Orucova                     (c)SOLFRONT 

Oxşar yazılar:

Baxış sayı:11143