abunə ol: Yazılar | Şərhlər | Еmail

Dmitri Kolesnik – Ekososializm. Kentavr və ya “eynilik”

Şərh

Bizim şəhərdə yerli hakimiyyətdən bir parçaya iddia edən populist qurumlardan biri də “Ekologiya və sosial müdafiə” adlanır. Elə həmişəki kimi onun nə ətraf mühitlə, nə də sosial müdafiə ilə əlaqəsi yoxdur. Onlar yerli qruplarla mübarizədə hər şeyi və hər kəsə vəd edən adi populistlərdir. Əsas odur ki, ictimai əhval-ruhiyyənin cərəyanını tutmaq üçün cəhd edilsin. Əgər adlarına “milli” sözünü əlavə etsəydilər, özlərinə olan maraqları bir neçə faiz də artıra bilərdilər.

Ekoloji məsələlər həqiqətən də cəmiyyətin müəyyən bir hissəsini narahat edir, lakin zavod borularını hasara alacaq qədər deyil. Sosial müdafiə məsələləri isə daha çox, amma ekoloji inspeksiyalar tərəfindən zavodların bağlanmasına etiraz edəcək qədər də deyil. Sadəcə olaraq “düzgün” partiyaya səs vermək lazımdır, qoy bu məsələləri onlar həll etsinlər. Bu partiyalardan hansının düzgün olmasına isə KİV qərar verir.

İsveçdə keçirilən son parlament seçkilərində mərkəzi-sağ Mərkəzi Partiya özünü KİVə “yeni işçi partiya”, “yaşıllar” kimi təqdim etmişdi. Bəli, “bir çoxları buna inanır”… Bu cür “anlayışların yerdəyişməsi” müəyyən effektlər verir. “Ekologiya” və “sosial müdafiə” (sosial ədalət və sosializmə aid digər ifadələr) cəmiyyətin ən çox tələb olunan trendlərindəndir.

Bu baxımdan ən azından keçdiyi yola əsaslanaraq ekososializmə və ya XXI əsr sosializminin perspektivlərinə nəzər salmaq maraqlı olardı.

Mövcud hərəkatlara yaşıl don geyindirmək əvvəllər də olmuşdu. Bunun üçün Bukçinin ekoanarxizmini, ekofeminizmini və hətta ekokapitalizmini xatırlamaq kifayətdir. Hər kəs öz bildiyi kimi ekologiya və bəşəriyyətin mövcudluğu məsələlərini həll etməyə çalışırdı.  Ekososializm haqlı olaraq kapitalizm çərçivəsində ekoloji problemlərin həllinin mümkün olmadığını bildirərək, özündə bir sıra yaşıl konsepsiyaları cəmləyib. Düşünürəm ki, bu kimi məsələlər Con Belami Fosterin “Marks ekologiyası” işində daha uğurlu alınıb. Burada o, marksist “metabolizm” terminini müasir ekoloji konsepsiya baxımından insan və təbiət arasındakı yadlaşmanın aradan qaldırılması kimi ifadə etməyə çalışmışdır. Fosterə görə, ekoloji problem Marksın və Darvinin “XXI əsrin ortasında material konsepsiyaların yaradılması cəhdləri” ideyalarının mərkəzində durur.

“Marksın fikirləri dərin və sistemli ekoloji idi və ekoperspektivlilik onun materializminin nəticəsi idi.”

Ekososialistlər və ya Qərbdə “qarpızlar” adlananlar (xarici yaşıl, daxili qırmızı) Avropanın qırmızı-yaşıl birliyində kifayət qədər uzun müddət və uğurlu fəaliyyət göstərir, Avstraliya (buna möhtəşəm Greenlefti göstərmək olar) və Kanadada xeyli inkişaf etmişlər. Latın Amerikasında da ekososializm (XXI əsrin sosializmi) inkişaf etməyə başlamışdır (yaşıl texnologiyalar və Kubada bostanlıqlar, Boliviya Koçambasında iqlim konfransları).

Təbii ki, bu konsepsiya sol tərəfdən “düşmənlərsiz” keçinmədi. Onların iddialarına görə, baxmayaraq ki, ekososializm insan mərkəzlidir və öz obyekti kimi bütünlükdə bəşəriyyəti görsə də, onda sanki “sinfi məsələlər” itir və ekososializm tədricən “gec olmadan oyanmağa” səsləyən yeni nəsil sektaya çevrilir. Bir qayda olaraq, əhali Kassandranın xəbərdarlıqlarını dini vaizlərin esxatoloji [1] çıxışları kimi qəbul edir. Bunlara əhali artıq öyrəşib. “Apokalipsis” isə sadəcə bir Hollivud filmidir.

Tənqidi şərhlər arasında “qəsdən məhdudlaşdırılmış sosial baza və onu genişləndirmək cəhdləri ” kimi ifadələrə də rast gəlmək olar.  Ekososialistləri “underground mədəniyyətdə” günahlandırırlar – özlərinə sol hippi və eqzoterikləri cəmləməklə, faktiki olaraq “müəyyən səviyyəyə çatmışlar”.

Latın Amerikasında ekososialistlər özündə hindu kəndli mifləri, marksizm, sol katolisizm və özünəməxsus panteizmdə azadlıq teologiyasını birləşdirərək bir qədər fərqli forma alırlar. Evo Moralezin söhbətləri və Koçambadakı nitqləri“imperializmdən yorulmuş ana torpaq”, “iqlimin sehri”, “dağların ruhları” kimi ifadələrlə zəngindir. Əlbəttə ki, bu çox gözəl və poetikdir və Subkomandante Markosun çağırış tərzinə də uyğundur.

“Biz, meşələr və onların sakinləri daxil olmaqla, Ana Torpağın haqqının tanınmasını tələb edirik. Bunun üçün Ana Torpaqla harmoniyanı bərpa etmək lazımdır. … Qəbul etməliyik ki, nəinki insanların, eləcə də təbiətin də yaşamaq və bərpa edilmə haqqı vardır…

…bunu  əcdadlarımızdan bizə əmanət qalan Ana-Təbiətə qarşı vicdani prinsiplər tələb edir.” (Evo Moralez “Qardaş-hindulara ismarıc”)

Burada, bir tərəfdən, materializm axsayır, digər tərəfdən isə “qardaş-hindulara” – hər şey aydındır.

Şərqi Avropa ölkələrində ekososializm regiona məxsus şəkildə dəyişiklərə məruz qalır. Burada sözü təşkil edən ikinci termindən uzaqlaşma gedir. Nəticədə ekososialistlərin ənənəvi yaşıllardan fərqi tam aydın olmur. Sol biosentrist Viktor Postnikov iddia edir (sanki sosializmə görə üzrxahlıq edərək): “Bizim sollar biosentristlərin sinfi məsələlər və sosial ədalətə qayğısını göstərsə də, ekosentrizmdən üstün tutduqlarını göstərmir.”

Hibrid alternativlərdə  (“və ya Postnikovun dediyi kimi, “razılaşdırılmış nigahlarda”) həmişə mərkəzdənqaçma meylləri güclü olub və postsovet məkanında “eyniliyi” yox, bir-birindən maksimum istifadə etməyə çalışan taktik koalisiyanı xatırladır. “Eko-”larda bu,  “-sosialistlər”dən daha yaxşı alınır.

Qəribə deyilmi ki, Qərbi Avropa “qarpızlar”ı qırmızı rənglərini gizlətməyə çalışır?

Tənqidi şərhlərin başqa bir aspekti işçi və həmkarlar ittifaqına toxunur. Ekososialistlərin (eləcə də yaşılların) antiindustrializmi həmkarlar ittifaqlarının işçilərin yerlərinin saxlanması mübarizəsinə ziddir (əgər hərəkatı utopiya kimi yox, kapitalizm şəraitində fəaliyyət göstərən hərəkat kimi qəbul etsək).

Sirr deyil ki, potensial olaraq zərərli müəssisələrin bağlanması tələbləri işçilərin müqaviməti ilə qarşılaşır. Yerli səviyyədə ekologizm yalnız orta sinif adlandırılan təbəqənin bir hissəsi tərəfindən müsbət qarşılanır. Bir çox müəssisələrdə sənayenin dağılması demək olar ki, bütün sənaye müəssisələrinin bağlanmasına gətirib çıxarmışdır. Tərk edilmiş sənaye müəsissələrinin sexləri tədricən meşə kimi artır. Əhalinin azalması, nəqliyyat axınını və bu da öz növbəsində işlənmiş qazların havaya buraxılmasını əhəmiyyətli dərəcədə azaltmışdır. Təbii ki, bu yerli səviyyədə sosializm demək deyil.

Digər tərəfdən isə deindustrializasiya trendini neoliberallar da mənimsəyir. Onlardan bəziləri Macarıstanda baş verən ekoloji fəlakətlərin səbəbini, Dunay hövzəsindəki daha 160 oxşar potensial təhlükəli müəssisələri göstərərək, Şərqi Avropanın sosialist sənayesinin sakinlərində görürlər. Bu sanki, kapitalizmlə rəqabət cəhdlərinin əvəzidir (Vaxtilə Çernobl fəlakətini analoji şəkildə izah edirdilər).  Amma, məsələn, Ukraynada qərb şirkətləri potensial rəqiblərini satın ala və iflasa uğradaraq uğurla deindustrializasiya məsələləri ilə məşğuldurlar.

O ki qaldı Meksika körfəzindəki məsələyə, sağ fikirlər özünəməxsus olaraq “ekososializmlə” maskalanırlar.  Tea Party fəalları BP fəlakətinin səbəbini Obamanın “simic və qiymətləri qaldıran” neft hasilatı ölkələrinə münasibətdə qərarsızlığı ilə izah edirlər. Simiclik isə,bildiyimiz kimi, yaxşı şey deyil. Ekoloji və sosial ədalət naminə ona qarşı mübarizəni aparmaq üçün həmin “iştahı limitsiz olan” neft hasilatı ölkələrini məhdudlaşdırmaq lazımdır.

“Düşüncə ekologizmi” maltuzian [2] nəticələrə, əhali sayının ixtisar olunması vasitələrinin axtarılmasına gətirə bilər. Buradan da artıq ekofaşizm meydana gəlir – bu, alman ekososialistlərinin Gerxard Şrederə qarşı istifadə olunan sözün təhqiredici yox, birbaşa mənasındadır. Nəzərdə tutulan növbəti ultrasağ trendinin  – Avqust Haustlayterə qarşı (keçmiş faşist və Almaniyadakı “yaşıllar”ın banisi), “qan və torpaq” mistik konsepsiyaları, neoəkinçilik, Himmlerin “biodinamik” ferma və “Ana-Torpaq” konsepsiyalarına qarşı apellyasiyaları ilə “ekomilli-sosializm”in yaranmasıdır.

Burada da sağ mistik və ezoteriklərlə [3] solların birləşməsi təhlükəsi meydana gəlir; Baqdanovun pərəstişkarlarından tutmuş, Şumaxerin “buddist iqtisadiyyatı” tərəfdarlarına qədər. Onlar üçün təbiətin ilahiləşdirilməsi və “ətraf mühitlə harmoniyada” kiçik kustar sənətkarlığa qayıdış ortaq məsələdir (baxmayaraq ki, onlar bunu fərqli qavrayırlar).

Ekoloji təhlükəsizlik məsələlərinin həqiqətən də kapitalizm çərçivəsində həlli mümkün deyil, amma onunla müqayisə etsək, sosializm də potensial təhlükəli sənayesiz keçinə bilmir (o cümlədən HSK [4] ). Təsadüfi deyil ki, elan edilmiş ekososializminə baxmayaraq, Çavezi öz prinsiplərindən uzaqlaşmaqda – sənayeləşmə, yeni neft quyularının qazılması və ağır artileriyanın alınmasında günahlandırırlar. Beləcə “kapitalistlər, nəhayət, öz siyasətlərinin yıxıcılığını anlayarkən”, sosializmin “ağ əlcəklərdə” sülh yolu ilə qələbəsi ehtimal edilir…Om Mani Padme Xum.

Sinfi məsələlərdən qopan alternativ hamar şəkildə, orta əsrlərin sonlarında kapitalizmə gedən tarixin düzgün gedişini axtaran panteizm derbisinə gedir.

Baxmayaraq ki, ekososializm materialistdir, amma ictimai məsələlərin ekoloji məsələlərə tabe edilməsi yeni özünəməxsus subkultura  “iştirakçılar qrupu” formalaşdırır ki, bu da ekososializmi yenidən  yeni nəslin formalaşmasına yönəldir.

Əvvəllər ekoloji fəlakətlərin maddi səbəblərini aşkar etmək və onunla mübarizənin vacibliyini sübut etmək düşünülürdü. “Ya sosializm, ya barbarlıq.” Amma elə təəssürat yaranır ki, nəsə əks bir şey baş verir. Bazis və üstqurum tərs çevrilir və “insan dəyərləri  iqtisadiyyatı təyin edir” (Şumaxer). Sübut kimi yalnız şotland Findhorn ekokəndi kimi nümunəvi ərazilər qalır.

İdealizm əslində belə humanist, nümunəvi, azsaylı, dişsiz subkulturanı məhdudlaşdırır. İdealist metodlarla oyanma çağırışlarını insanlar intuitiv olaraq səmərəsiz hesab edirlər (onlar ki özlərini yaxşı tanıyırlar). “Bütün insanlar… etməlidirlər” – mehrabdan səslənən vaizə bənzəyir.

“Qırmızı-yaşıllara” həqiqətən də tələbat var, amma bu məsələlərə qarşı total qayğıya ümid etmək tamamilə sadəlövhlükdür. Ekologiya barədə apokaliptik proqnozlar  “ayılmaq”dansa, insanlarda sürətli istehlak, “həyatla ayaqlaşma” və nüvə qışı baş verdikdə ehtiyat üçün konservlər yığmaq hissi doğurur.

Ona görə də ekososializm paralel, lakin ehtiyat yol kimi təsəvvür edilir. Bu da sinfi məsələlərdən qaçmağa  və hətta ola bilsin ki, “Ekologiya və sosial müdafiə” kimi növbəti mikropartiya olmağa imkan verərək, XXI əsrin sosializmi deyil,  XVIII əsr sosializminin reanimasiyasına bənzəyir.  Nə edək, səhvlər üzərində öyrənirlər.

Bu arada da işçi alternativlərinin axtarışı davam etməlidir. Və yenə də, həqiqətən də “ya sosializm, ya barbarlıq”.

Qeydlər:

1. Esxatologiya  –  dünyanın sonu, axirət dünyası, günahların yuyulması və s. Dini görüşlər sistemi və təsəvvürü.

2. Maltuzianlıq – gələcəkdə əhalinin atımının qida məhsulları istehsalatı artımını aşması və nəticədə aclığa səbəb olması barədə ingilis alimi Tomas Maltuzun demoqrafik teoriyası.

3. Ezoterizm – məhdud dairəyə məxsus təbiətin subyektiv dərki barədə fəlsəfi baxışlar. Əsasını mistik kultlardan götürmüşdür.

4. HSK – Hərbi-Sənaye Kompleksi

⌠Material original məqalədən SOLFRONT.org üçün tərcümə olunmuşdur⌡


Tərcümə: Esmira Babayeva                          (c) SOLFRONT

 

Oxşar yazılar:

Baxış sayı:11956

Şərhlər

  1. Alyoşa deyir:

    Sosializm İctimai iqtisadi formasiyasının gecikməsi, bütün dünyada hərbi xərcləri 0-a endirecek seviyyede-bütün dünyada qələbə qazanması ləngidikcə, nece deyerler məsəl üçün neo-alternativizim, yaxud neo-naturalizm adlı parcalanmalar bəşəriyyətin gur axımını bir qötədə o qədər paylayır ki artıq nəmişlik qalır