abunə ol: Yazılar | Şərhlər | Еmail

Maksim Qorki – İnsan

Şərh

                                                           I

   …Ruhən yorğun olduğum vaxtlarda – hafizəm keçmişin kölgələrini canlandırdığı və onlardan ürəyə soyuq bir meh əsdiyi zaman – fikir, hal-hazırın hərcmərcliyini payızın həvəssiz günəşi kimi işıqlandırdığı və irəli uçmaq üçün yuxarı qalxmağa qüvvəsi çatmadığından, günün hərcmərcliyini üzərində uiğursuz-uğursuz fırlandığı vaxtlarda,- ruhi yorğunluğun bu ağır dəqiqələrində mən İnsanın əzəmətli simasını xəyalımda canlandırır, gözlərim önünə gətirirəm.
İnsan! Sanki köksümdə günəş doğur və onun parlaq işığında facianə gözəl İnsan yavaş-yavaş, təntənə ilə irəliyə və yüksəklərə doğru hərəkət edir!
Mən onun açıq, məğrur alnını və cəsarətli, ciddi gözlərini, bu gözlərdə isə qorxmaz fikri- yorğun vaxtlarda allahları yaradan, gümrahlıq dövrlərində isə onları yıxan o əzəmətli qüvvəni görürəm.
Kainatın boşluqları arasında, ucsuz-bucaqsız fəzanın dərinlikləri içərisinə çox böyük sürətlə uçub gedən yer kürəsinin kiçik parçasında təkcə itib qalan, “o nə üçün yaşayır?”- deyə bu əzablı sualla iztirab çəkən İnsan, yerin və göyün bütün sirlərinə qələbə çalmaq yolunda mətanətlə irəliləyir və yüksəklərə doğru hərəkət edir.
O özünün çətin, tənha, şərəfli yolunu ürəyinin qanı ilə sulaya-sulaya gedir və yandırıcı qandan şeiriyyətin  əbədi çiçəklərini yaradır; o öz həyəcanlı qəlbinin qəmli sədasını məharətlə musiqiyə çevirir, təcrübədən elm yaradır və, günəş bol şüaları ilə yer kürəsini zinətləndirdiyi kimi, o da addımladıqca həyatı zinətləndirir, yer kürəsinə yol göstərən bir ulduz olub daima yüksəklərə və irəliyə doğru hərəkət edir…
Gah şımşək kimi çaxan, gah qılınc kimi soyuq və sakit olan fikrin, yalnız fikrin gücü ilə silahlanmış sərbəst, məğrur İnsan adamlardan çox-çox qabaqdavə yüksəkdə – varlığın müəmmaları arasında, özünün yığın-yığın səhvləri arasında tək-tənha gedir… və bütün bunlar ağır bir əzab olub onun məğrur ürəyinə çökür, qəlbini yaralayır, beynini didir və onda qızğın xəcalət hissi oyadır, onları məhv etməyə çalışır.
Gedir! Köksündə sövqi-təbii hissləri haray salır; heysiyyət səsi, sədəqə tələb edən həyasız dilənçi kimi, iyrənc bir tərzdə sızıldayır, ünsiyyətin möhkəm telləri sarmaşıq kimi qəlbinə sarılır, onun isti qanı ilə qidalanır və onların qüvvəsinə tabe olmağı uca səslə tələb edirlər… Bütün hisslər ona yiyələnmək istəyir, hər şey onun qəlbinə hakim olmağa can atır.
Məişətin müxtəlif xırda-xuruş yığınları isə onun getdiyi yolda palçıq kimi, iyrənc qurbağalar kimi tökülüb qalmışdır.
Planetlər günəşi dövrəyə aldıqları kimi- İnsanı da onun yaradıcı ruhunun yaratdığı şeylər sıx əhatə edirlər; onun həmişə ac olan Məhəbbəti, uzaqda onun ardınca gələn Dostluq bir qədər axsaya-axsaya sürüklənir, yorğun Ümid isə onun qabağında gedir; budur, hiddətindən boğulan Nifrət qollarına bağlanmış səbr zəncirini cingildədir. Etiqad isə tutqun gözləri ilə onun həyəcanlı-üsyankar sifətinə baxır və onun öz sakit ağuşuna çəkəcəyini gözləyir.
O, öz  acınacaqlı məiyyətində olanların hamısını tanıyır – onun yaradıcı ruhunun cana gətirdiyi şeylər eybəcər, qeyri – kamil, zəifdir!
Köhnə həqiqətlərin cır – cındırına bürünən, xurafat zəhəri ilə zəhərlənmiş olan bu şeylər fikrin arxasınca düşmən kimi düşüb gedir, amma qarğa qartala çata bilmədiyi kimi, bunlar da  onun uçuşuna çata bilmir və onunla birincilik uğrunda mübahisəyə girişirlər, lakin nadir hallarda onunla bir qüdrətli yaradıcılıq alovuna qovuşub birləşirlər.
Buradaca İnsanın əbədi yol yoldaşı olan dilsiz və əsrarəngiz Ölüm, onun həyat həsrəti ilə yanan ürəyini öpməyə həmişə hazır olan Ölüm!
O öz ölməz məziyyətində olanların hamısını tanıyır və,  nəhayət, başqa birisini də tanıyır ki, o da Ağılsızlıqdır…
Qasırğa kimi qanadlı və qüdrətli olan ağılsızlıq onu düşmən nəzəri ilə təqib edir və Fikri öz qüvvəsi ilə qanadlandırır, öz vəhşi rəqsinə cəlb etməyə çalışır…
İnsanın rəfiqi yalnız Fikirdir və yalnız o, İnsanın ayrılmaz yoldaşıdır; onun yolunda qarşısına çıxan maneələri, həyatın müəmmalarını, təbiət sirlərinin qaranlığını və qəlbindəki qarma-qarışıqlığı işıqlandıran yalnız Fikrin alovudur.
İnsanın azad yoldaşı olan Fikir hər yerdə iti gözlə ətrafa baxır və hər şeyi amansızcasına işıqlandırır:
—Məhəbbətin məkrli və həyasızcasına kələklərini, onun sevgilisinə çatmaq arzusunu, alçalmaq və alçatmaq təşəbbüsünü- onun arxasında gizlənən şəhvətin çirkin simasını göstərir.
Ümidin qorxaq gücsüzlüyünü və onun arxasınca gələn, onun doğma bacısı olan- əlvan rənglərlə bəzənmiş, öz gözəl sözü ilə daima hər kəsi sakit edib aldatmağa hazır olan Yalanı aşkara çıxarır.
Fikir, haqq-hesabını bilən Dostluğun süst ürəyindəki ehtiyatlılığı, onun amansız, boş marağını, paxıllığın çürük ləkələrini və onların üzərindəki böhtan rüşeymlərini işıqlandırır.
Fikir qara Nifrətin gücünü görür və bilir: onun buxovları açılarsa- o, yer üzərində nə varsa hamısını dağıdıb xarab edər və hətta ədalət zoğlarına da aman verməz!
Fikir hərəkətsiz Etiqadda həm bütün hissləri əsir etməyə can atan hədsiz-hüdudsuz hakimiyyət hərisliyini, bu bədxah hərisliyi, həm qəddarlığın gizlədilmiş caynaqlarını, onun- Etiqadın ağır qanadlarının gücsüzlüyünü və kor gözlərini işıqlandırır.
O, Ölümlə də mübarizəyə girişir: ona, heyvandan insanı aratmış saysız-hesabsız allahlar, fəlsəfə sistemləri, dünya sirlərinin açarları olan elmləri yaratmış azad və ölməz Fikrə bu səmərəsiz və çox zaman axmaqcasına qəddar qüvvə zidd və düşməndir.
Ölüm onun üçün, heyətlərin dal tərəflərini gəzərək köhnə, çürük, lazımsız tullantıları yığıb öz kirli torbasına dolduran, bəzən də saz və yararlı şeyləri də oğurlayan cındır yığana bənzəyir.
Çürüntü qoxusu ilə dolu və dəhşət örtüyü ilə sarınmış, duyğusuz, simasız, dilsiz Ölüm ağır və qara bir sir olaraq daima İnsanın qarşısında durur, günəş kimi yaradıcı və parlaq, son dərəcə cəsarətli, ölməzliyi ilə qürrələnən Fikir isə onu səy-qeyrətlə tədqiq edir…
Üsyankar İnsan həyat sirlərinin qorxunc zülməti içərisindən irəliyə və yüksəklərə, daima irəliyə və yüksəklərə doğru belə təntənə ilə hərəkət edir!

                                                                       II

Budur, o yorulmuşdur, səndələyir və inildəyir; qorxmuş ürək İnam-Etiqad axtarır və uca səslə Məhəbbətin incə nəvazişləri üçün yandığını bildirir.
Zəyifliyin doğurduğu üç quş- Qəm, Ümidsizlik, Qüssə- bu üç qara və eybəcər quş da –onun ruhu üzərində nəhs qanadlarını çala-çala uçur və arası kəsilmədən  kədərli bir mahnı oxuyaraq təkrar edirlər ki, o dəyərsiz bir böcəkdir, onun şüuru məhduddur, Fikir gücsüzdür, müqəddəs Qürur gülüncdür və nə edirsə etsin- o öləcəkdir!
Onun aralı qəlbi bu yalan və uğursuz, kinli mahnı altında titrəyir, şübhə iynələri onun beyninə sancılır və gözlərində inciklik yaşları işıldayır…
Əgər ondakı Qürur həyəcana gəlmirsə, Ölüm qorxusu İnsanın hökmlə qovub Etiqadın zindanına salır, Məhəbbət qalibanə gülümsəyərək onu öz ağuşuna çəkir, azad olmaq yolunda acınacaqlı gücsüzlüyünü və sövqi-təbiinin acgöz despotizmini gurultulu vədlər altında gizlədir.
Yalanla ittifaq bağlamış Ümid dincliyini sevinclərini, barışığın asudə xoşbəxtliyini ona tərif edir, mürgüləyən ruha mülayim və gözəl sözlərlə layla çalaraq onu ləzzətli Tənbəllik girdabına və Tənbəlliyin ayrılmaz yoldaşı olan Can sıxıntısının pəncəsi altına atır.
Uzağı görməyən hisslərin təlqini ilə o, tələsik halda öz beynini və qəlbini həyasız Yalanın xoşa gələn zəhəri ilə doldurur, bu yalan açıqdan-açığa öyrədir ki, İnsanın başqa bir yolu yoxdur, yalnız bir yolu var ki, o da özündən razı  qalıb asudə ömür sürmək üçün mal-qara pəyəsinə getməkdir.
Lakin Fikir məğrurdur və İnsan onun üçün əzizdir, qiymətlidir – Fikir, Yalanla şiddətli döyüşə başlayır, döyüş meydanı da İnsanın qəlbidir.
Yalan, bir düşmən olaraq, İnsanı təqib edir, bir qurd kimi yorulmadan onun beynini gəmirir; quraqlıq kimi köksünü viran edir; həm də bir cəllad kimi İnsana işgəncə verir, onun qəlbini həqiqət həsrəti ilə, həyatın sərt, hikmətli həqiqətinin gümrahlıq gətirən sərinliyi ilə amansızcasına sıxır; bu həqiqət yavaş-yavaş inkişaf etsə də, səhvlərin qaranlığı arasında, Fikrin doğurduğu odlu bir çiçək kimi, aydın bir şəkildə görünür.
Lakin İnsan Yalan zəhəri ilə əlacsız zəhərlənmişsə və yer üzündə, mədənin və ruhun dolmasından yüksək bir səadət olmadığına, toxluqdan, dinclikdən və xırda rahatlıqdan yüksək bir ləzzət olmadığına artıq möhkəm inanırsa, o zaman Fikir şənlik edən hissə əsir olub qanadlarını kədərlə aşağı salır və İnsanı onun öz qəlbinin hökmü altında qoyub, mürgüləyir.
Alçaq Can sıxıntısının ayrılmaz yoldaşı olub yoluxucu xəstəliyə bənzəyən çürük Bayağılıq da hər tərəfdən bulut kimi İnsanın üstünə sürünür, onun həm beynini, həm qəlbini, həm də gözlərini acı- boz tozla basıb örtür.
İnsan özünü itirir, öz zəyifliyinin nəticəsi olaraq Qürursuz və Fikirsiz bir heyvan halına düşür…
Lakin onun içərisində etiraz, narazılıq odu yandıqda, bu od Fikri oyadır və o yenə də yoluna davam edir, öz səhvlərinin tikanlı yolunda tək-tənha, öz şübhələrinin axıcı qığılcımları arasında, köhnə həqiqətlərin xarabalıqları arasında tək-tənha gedir!
Əzəmətl, məğrur və azad İnsan həqiqətin gözləri içinə mərdanə baxır vəöz şübhələrinə deyir:
—Mənim gücsüz olduğumu, şüurumun məhdud olduğunu deyirkən siz yalan danışırsınız! Şüurum- inkişafıdır! Mən bunu bilirəm, görür və hiss edirəm – o, içərimdə artır! Mən şüurumun artığını iztirablarımın gücündən anlayıram və bilirəm ki, şüurum artmasaydı, mən əvvəlkindən daha çox iztirab çəkməzdim…
—Lakin mən hər addımda daha çox şey öyrənmək istəyirəm, daha artıq hiss edirəm, getdikcə daha çox şey və daha dərinlikləri görürəm, arzularımın belə sürətlə artması – şüurumun coşğun inkişafıdır.  İndi ki o, içərimdə bir qığılcım kimidir- nə olsun ki? Axı qığılcım yanğınlar törədir! Mən kainatın qaranlıqları içərisində- gələcək bir yanğınam! Vəzifəm də bütün dünyanı işıqlandırmaq, onun sirlərinin qara pərdəsini yandırıb məhv etmək, özümlə dünya arasında bir uyğunluq, ahəngdarlıq tapmaq, öz içərimdə uyğunluq yaratmaq və bu əzab çəkən dəri xəstəliyi kimi, fəlakət, qəm, qüssə, kin qabığı ilə örtülmüş olan yer üzündəki həyatın bütün qaranlıq hərcmərcliyini işıqlandırıb,- onun pis kirini keçmişin qəbrinə süpürüb tökməkdir!
—Mən, qorxmuş adamları bir-birini yeyib məhv edən qanlı və iyrənc heyvan yığınına bağlayan bütün səhvlərin düyünlərini açmaq üçün dünyaya gəlmişəm!
—Fikir məni onun üçün yaratmışdır ki, bütün köhnəlikləri, bütün dar və çirkin şeyləri, bütünpislikləri yıxım, dağıdım, tapdalayım və azadlığın, gözəlliyin, həm də insanlara hörmətin Fikir tərəfindən yaradılmış sarsılmaz əsasları üzərində yeniliyi aradım!
—Mən insan arzularının biabırçı miskinliyinin barışmaz düşməniyəm, mən istəyirəm ki, adamların hamısı İnsan olsun!
—Bəzilərini dözülməz kölə əməyi heç bir əsər-əlamət qalmadan, bütünlükdə başqalarının həm yeməklə, həm də mənəvi nemətlərlə hədsiz dərəcədə doyrulmalarına sərf edilir,- belə həyat mənasız, utanmalı və iyrənc bir həyatdır!
—Yapışıb qalan hörümçək toru kimi adamların beynini və həyatını sarmış bütün xurafata, bütün yalnış fikir və adətlərə lənət olsun. Onlar zor gələrək adamların yaşamasına mane olurlar- mən onları dağıdacağam!
—Mənim silahım- Fikirdir, Fikrin azadlığına, onun ölməzliyinə və əbədi yaradıcılıq inkişafına olan möhkəm inamım isə- qüvvəmin tükənməz mənbəyidir!
—Fikir həyatın zülməti içərisində mənim üçün əbədi və yeganə düzgün bir mayakdır, həyatın rüsvayçı səhvlərinin qaranlığı arasında bir məşəldir; mən görürəm ki, o getdikcə daha parlaq yanmaqda, sirlərin sonsuz diblərini daha dərindən işıqlandırmaqdadır, buna görə mən ölməz Fikrin şüuaları altında onun arxasınca daha yüksəklərə və daha irəliyə gedirəm!
—Fikir üçün yıxılmaz bir qala yoxdur, istər yerdə, istər göydə sarsılmayan, dəyişməz müqəddəs bir şey yoxdur! Hər şeyi o yaradır, bu da ona müqəddəs və alınmaz bir hüquq verir ki, azad inkişafına mane ola bilən hər şeyi dağıtsın.
—Sakitcə etiraf edirəm ki, xurafat- köhnə həqiqətlərin qırıntısıdır, indi həyatın üzərində fırlanan səhvlər bulutu isə köhnə həqiqətlərin külündən əmələ gəlmişdir, bu köhnə həqiqətlər bir zaman onları yaratmışolan Fikrin alovundan yanıb külə dönmüşlər.
—Həm də bilirəm ki, çaldıqları qələbənin meyvələrini yığıb gedənlər deyil, döyüş meydanında qalanlar qalib gəlirlər…
—Həyatın mənsaını yaradıcılıqda görürəm, yaradıcılıq isə öz-özünə böyükdür və hüdudsuzdur!
—Gedirəm ki, mümkün olduqca yanım və həyatın qaranlıqlarını daha dərindən işıqlandırım. Tələf olmaq da mənim üçün birmükafatdir.
—Mənə başqa bir mükafat lazım deyil, görürəm ki: hakimiyyət- utanmalı və cansıxıcıdır, sərvət- ağır və axmaq şeydir, şöhrət isə- xürafatdır ki, adamların özlərini qiymətləndirə bilmədiklərindən və köləcəsinə alçalmaq adətlərindən törəyib meydana gəlmişdir.
—Şübhələr! Siz- yalnız Fikrin qığılcımlarısınız, bundan artıq bir şey deyilsiniz. O öz-özünü özü ilə sınaqdan keçirərək, qüvvəsini çoxluğundan sizi törədir və öz qüvvəsi ilə də sizi bəsləyir!
—Bir gün gələr ki, hiss aləminin böyük və yaradıcı alovu köksümdə ölməz Fikrimə qovuşub onunla birləşər, mən də ürəyimdə nə qədər anlaşılmaz, sərt və pis şey varsa hamısını bu alovla yandırıb yaxar, Fikrimin yaratdığı və yaratmaqda olduğu allahlara bənzərəm!
—Hər şey İnsanın özündədir – hər şey İnsan üçündür!
Budur, o yenə əzəmətli və sərbəst bir halda başını qerurla yuxarı qaldırıb, köhnə xürafatın tozları üzərində, yalnış fikirlərin dumanları içərisində təkcə, ağır-ağır, lakin möhkəm addımlarla gedir, arxasında-  keçmişin tozu ağır, qara bulut kimi hərəkət edir,qarşısında isə- onu duyğusuzcasına gözləyən yığın-yığın müəmmalar durmuşdur.
Onlar, sonsuz göylərin ulduzları qədər, saysız-hesabsızdır,- İnsanın yeridiyi yolun da sonu yoxdur!
Üsyankar İnsan belə təntənə ilə – irəliləyə və yüksəklərə doğru, daima irəliyə və yüksəklərə doğru addımlayır!


Oxşar yazılar:

Baxış sayı:13547