abunə ol: Yazılar | Şərhlər | Еmail

Mətləb Muxtarov – Adı ”İnqilabdan sonra” olacaq…

Şərh


Adı ”İnqilabdan sonra” olacaq…

Ayrıldıq…

əzilmiş kağızlar qaldı otağımın küncündə,

kağızlar əzilməmişdi yəqinki

şeirlər əzilmişdi kağızların içində.

Üsyanlar bitmişdi həyatımın orta əsrlərində.

Dodaqlarım Yerusəlim kimi

xaç yürüşləri arzulayır öpüşünlə…

Gəlməyəcəksən,gözləmirəm.

Çünki aramızda

Səlahəddin qılıncı kimi sərt və doğma

ayrılıq havası nəfəs alır.

Səndən öncə hər şey eramızdan əvvəldə qalır.

Tarix gələcəkdən başlanır.

Keçmiş bu günlə bitir.

Bitdi…

artıq xüsusi isim deyilsən,

artıq xüsusi isim deyiləm.

Hər şey ümumiləşir inqilabdan sonra…

*       *       *

“Şimaldan gələn arzular”

Təyyarəyə bilet alan ‘’quşların’’ qanadını

Arzu adlı qadın sındırıb.

Güzgülər ölüb,

gözləri yumulub qadın baxışlarına.

Bu arada,işıqlar da sönüb,

amma qaranlıq qəmli üzüdür işığın.

Bütün piyadalar vurulub şahdan savayı.

Gizlətmək olmur,

qara rəngli qutuda ağ fiqurları…

İçməyə su tapmiram,yeməklər havayı.

Somali bizdən aşağıda.

Ərimək istəyir şimal buzları…

ərimək istəyir və əriyə bilmir.

Qarpız qabığları günəşlənir dəniz sahilində.

və mən ac qalmamışam Mc Donalds küçələrində.

Somali yenə də bizdən aşağıda.

Arzu xanımı həbs ediblər bu günə

‘’Quşlar’’ uça bilməyib,oturublar budaqda…

*     *     *

Qəbuledilməz “siz”

 (with The Rolling Stones-Paint it,black)

Bütün bucaqlar düz bucaq adıyla

 90 dərəcədə sınır.

 Bəlkədə sındırılır…

 Yalquzaq dostlarım iti bucaqdan

 Mənsə qıraqdan baxıb,

 həzz alıram…

 Təkrar-təkrar deyəcəm:

 “Bükülmüş qəzetlər ölümcül silah,

 Stol üstündəki milçək cəsədləri,

 İnsan dəhşətləri.

 Bu şəhərin qanunları

 Və əlahəzrətləri…

 Qəbul etmirəm sizi! “

 İtmiş torpaqların ilahi gülüşü,

 Kiçik insanların “İlahi Komediyası”

 Pullu kişilərin Dante gülləsi…

 Budur həyatın demokratiyası.

Dəmir barmaqlıqlar şəhərinin

 daş divarları arasında.

 Mışıl-mışıl yatan şahzadələr.

 Və onları qoruyan əjdahalar…

 əjdahadan qorxan əsilzadələr.

 Təkrar edirəm yenə:“Qəbul etmirəm sizi!”

 …gözlərindən qorxub,

 pəncərədən baxan insanlar.

 Bir gün daşlayacaqlar sizləri,

 sındıracaqlar pəncərələri,

 şüşələri.

 Onda tək mən deməyəcəm,

 Hamı deyəcək

 “Qəbul etmirəm sizi!”

*     *     *

Mənzərə

Küləyin insanları soyundurduğu küçələrdə

lüt gəzən uşaqların da bir üstünlüyü var,

onlar utanmırlar.

Və biz oturduğumuz səkilərdə indi

quşlar çörək qırıntıları axtarır.

O vaxt biz hamımız uşaq,

o vaxt biz hamımız böyük yalandıq,

amma böyük arzularımız həqiqət idi.

Sonra sərçələr fərari düşdü küçədən,

sonra uşaqlar da böyüdü birdən.

Böyüdülər,

hündür mərtəbəli binalar qədər.

Yerin cazibə qüvvəsi ilə sevgi oyunu.

Bu binanın…məhz bu binanın damından

yerə atılıb, intihar etdilər…

Bir tək biz vardıq orda.

Boş silahla səngərdə dayanmış əsgər kimi,

bom-boş ürəyimizlə ölümü seyr edirdik.

Çox gözəl mənzərə idi.

Biz bu mənzərəni görüb,böyüdük…

*     *     *

Şizofreniya (3-cü bənd)

Şəhər dəlixanasının,

3 nömrəli palatasında,

əlində xətkeş,

Nikolay Kopernik yatır.

Ondan sağda kimsə,

incə ingilis əlləriylə almanı,

göyə atır,

tutur.

Kopernik öz yerində,

30 sm-lik xətkeş sağ əlində,

sol əlində dünyanı alma kimi,

atır-tutur.

Rodriqonun ifası ilə,

oynuyur alma,

dünya.

Mən daxil,

bütün solçular yanında.

Birdən

İncə ingilis əlli sarışın,

tuta bilmir almanı,

başına düşdükdən sonra,

kəşf edir dünyanı.

Kəşf edirki,

insan xoşbəxtliyi toyxanada,

tanımadığı qohumların sırasında.

Kəşf edirki,

insan azadlığı çayxanada.

Məğlubiyyet sevməyən kişilərin arasında

Bütün bunlar baş verirdi,

Şəhər dəlixanasının,

3 nömrəli palatasında…

*     *     *

”Sol əlin sənsizliyi”

Qaralmış gecənin səmasında bir cüt ağ bulud.

Qaranlıqdan baxan pişik gözü kimi,

parıldayır başımın üstündə.

Hərflər sınır kitabın qatlanmış vərəqində.

Gələcək gizlənir çobanyastığı ləçəyində.

Sevir…

sevmir sözü necə arsız və həyasız.

Ayrıldıqdan sonra,

sağ əlimi özü ilə aparan qız,

sol əlim səndən,bizdən,

ikimizdən yazacaqdı,amma

bir cüt ağ buludu tutmaq,

bir yığın ağ vərəqi qaralamaq üçün çalışır.

Bu cümlədə saitlər samitlərə qarışır.

Yenə də mənə baxırsan və

gözündəki dənizdən görsənir sahil mayakı

məni görmək üçün işıq salır dalğalara.

Pəncərədən gecəyə baxan qız uşağı

bir ovuc buğda atıb qarğalara

doyuzdurur sevgi aclığımı.

Biz ayrıldıqdan sonra,

sənədli film çəkəcəklər heyvani ağrılara.

Məntiqli evlilik kimidir ayrılığımız

mən bu yolu gedə bilmədim.

Bəlkə bir cüt ağ bulud birləşsəydi,

hərflər sınmasaydı,

çobanyastığı gələcəyi deməsəydi

yəqinki nəsə alınardı.

Hələki sol əlimlə səndən yazıram,

sağ əlimi qaytarana qədər…

Amma alınan mallar geri verilmir.

*     *     *

” Elə bu an ”

Elə bu an ,

Milyon işıq ili uzaqda,

Bir yad planetli uçan boşqabda,

Sevgilisinə deyir:

“səni sevirəm dünyalar qədər”

Elə bu an,

Qabağımdakı boşqabda,

Qarışqa öz payını gözləyir.

Onun üçün bir qaşıq yemək,

Dünyalar demək…

Elə bu an ,

Bosfor boğazında,

Iki sevgili ayırlır.

Biri Asiyanın qərbində,

Biri Avropanın şərqində.

Pıçıltı ilə bir-birilərinə:

“qalacaqsan qəlbimdə”

Elə bu an,

Qardaşım dişlərini fırçalayır.

Bəlkədə söyüşlərdən təmizləyir.

Elə bu an..

Bir uşaq İraqda,

Bir uşaq içimdə ölür.

Bir uşaq uzaqda,

Bir sərxoş küçəmdə ölür.

Elə bu an…

Bir an …

Bir anın min hökmü…

(c) SOLFRONT 


Oxşar yazılar:

Baxış sayı:10552