abunə ol: Yazılar | Şərhlər | Еmail

Fidel Kastronun BMT-nin Ticarət və İnkişaf üzrə XI konfransına müraciəti

Şərh

Fidel Kastronun BMT-nin Ticarət və İnkişaf üzrə XI konfransına müraciəti

 

UNCTAD- 40 il bundan əvvəl yaradılan bu təşkilat BMT sistemində rasional və ədalətli beynəlxalq ticarət qurulması yolu ilə inkişafa xidmət edə biləcəkvasitənin yaradılması üçün ‘geridə qalan dünyanın’ alicənab cəhdi idi. O vaxtlar sadəlövh inamdan yaranan ümidlər var idi ki, keçmiş metropoliyalar öz öhdəliklərini və bu məqsədə doğru birlikdə çalışmağın vacibliyini dərk edəcəklər.

Bu ideyanın əsas  ruhlandırıcısı Raul Prebiş idi. O, qeyri-bərabər mübadilə prosesini III dünya ölkələrində iqtisadi inkişafın qarşısını alan ən böyük problem kimi təhlil edirdi. Bu, bizim dövrün iqtisadiyyat sahəsində onun ən əsas işlərindən biri idi. Mühüm xidmətinin nəticəsində o, BMT-nin ticarət və inkişaf məsələləri ilə məşğul olan bu institutunun ilk baş katibi oldu.

Hal-hazırda çıxışlarda, konfranslarda qeyri-bərabər mübadilənin dəhşətli nəticələri haqda, demək olar ki, danışılmır.

Beynəlxalq ticarət dünyanın böyük hissəsinin aid olduğu kasıb ölkələrin inkişafı üçün vasitə deyil. Bunlardan 86-sı üçün eksportdan gələn gəlirin yarısından çoxu xammal məhsulların hesabınadır. Neft istisna olmaqla, bu məhsulların alıcılıq qabiliyyəti bu gün UNCTAD-ın yarandığı vaxtda olduğu həcmin ⅓ -dən azdır. Baxmayaraq ki, rəqəmlər darıxdırıcıdır və təkrarlanır, çox vaxt aydın nitq üçün onlardan istifadə etməkdən başqa yol qalmır.

  • Kasıb dövlətlərdə dünya əhalisinin 85%-i yaşayır, amma onların beynəlxalq ticarətdə iştirakı 25% təşkil edir.
  • Bu ölkələrin xarici borcları– BMT-nin bu institutunun yarandığı 1964-cu ildə təqribən 50 milyard idi, indi isə 2,6 trilyona çatır.
  • 1982 və 2003-cu illər arasında – 21 il ərzində bu dövlətlər 5,4 trilyon dollar borclarını ödəyiblər, yəni borcun indiki həcmi varlı dövlətlərə 2 dəfədən çox ödənilib.

Kasıb ölkələrə söz verilmişdi ki, onların inkişafina yardım ediləcək, varlı və kasıblar arasındakı fərq tədricən aradan qaldırılacaq. Hətta o da söz verilmişdi ki, göstərilən köməyin həcmi iqtisadi inkişaf etmiş ölkələrin ÜDM(GDP)-sinin 0,7%-nə çatacaq – əgər belə olsaydı, indi bu rəqəm ildə 175 milyard dollardan az olmazdı.

2003-cü ildə üçüncü dünyanın rəsmi olaraq inkişaf üçün aldığı yardım 54 milyard dollara bərabər idi. Həmin il kasıblar varlılara 436 milyard dollar ödədilər. Ən varlı dövlət- Birləşmiş Ştatlar öz ÜDM-nun yalnız 0,1%-ni bu yardıma sərf edərək, nəzərdə tutlan tapşırığı hamıdan az yerinə yetirdi. Kasıb dövlətlərdən qeyri-bərabər mübadilə nəticəsində qoparılan böyük məbləğlər bunlara daxil deyil.

Bundan əlavə,varlı dövlətlər üçüncü dünya ixracının öz bazarlarına daxil olmasının qarşısını almaq məqsədilə hər il 300 milyarddan çox subsidiya ödəyirlər.

Digər tərəfdən, yüksək texnologiya ilə, intellektual mülkiyyətə, demək olar, tam monopoliya və varlı ölkələrin böyük maliyyə resursları ilə rəqabət aparmaq imkanı olmayan kasıb ölkələrə ÜTT(WTO) və sərbəst ticarət haqqında müqavilələr  yolu ilə məcbur qəbul etdirdikləri şərtlərin bu ölkələrə vurduğu ziyanı ölçmək mümkün deyil.

Bu tip soyğunçuluğa başqaları da əlavə olunur–  ‘off shore’ müəsisələrdə ucuz işçi qüvvəsinin kobud istismarı, valyutanın günə trilyon dollar həcmində spekulyasiyası, silah ticarəti və s. Klassik iqtisadiyyat kitablarında danışılmayan, kasıb dövlətlərdən varlılara maliyyə resurslarının ən amansız keçidi, hal-hazırkı iqtisadi sistem üçün tipik və mütləq olan – ‘kapital axınıdır’.

Bütün dünyanın pulları Birləşmiş Ştatlara, onları iqtisadi sistemin səbəb olduğu valyutanın qeyri-davamlılığından və spekulyativ problemlərdən qorumaq üçün axır. Qalan ölkələrin, xüsusilə kasıbların etdiyi bu hədiyyə olmadan,  Birləşmiş Ştatlar administrasiyası böyük büdcə və ticarət defisitlərini həll edə bilməzlər. 2004-cu il bu defisit trilyon dollara yaxın miqdar təşkil edib.

Kim neoliberal qlobalizasiyanin sosial və humanitar nəticələrini inkar etməyə cəsarət edə bilər?

  • Əgər 25 il əvvəl 500 milyon insan aclıq çəkirdisə, indi 800 milyondan çoxdur;
  • Kasıb dövlətlərdə 150 milyon uşaq az çəki ilə doğulur ki, bu ölüm, fiziki və əqli geriqalma riskini artırır;
  • 325 milyon uşaq məktəbə getmir;
  • Üçüncü dünyada gündə 33 min uşaq müalicə oluna bilən xəstəliklərdən ölür;
  • Varlı dövlətlərlə müqayisədə 1 yaşına qədər olan uşaqlar arasında ölüm 12 dəfə çoxdur;
  • 2 milyon qız fahişəliklə məşğul olmağa məcbur olunur;
  • Üçüncü dünya ölkələrini təşkil edən dünya əhalisinin 85%-i enerjinin yalnız 30%-ni, metallarin 25%-ni istifadə edir;
  • Planetdə milyardlarla tam və ya funksional savadsız mövcuddur.

İmperializm liderləri və dünyanin soyğununda iştirak edən digərləri necə insan hüquqlarından danışa, vəhşicəsinə istismar olunan dünyada ‘azadlıq’ və ‘demokratiya’ sözlərini işlədə bilirlər?

İnsanlığa qarşı daimi olaraq soyqırım törədilir. Hər il qida, tibbi xidmət, dərman preparatları çatışmazlığından I və II Dünya müharibələrində ölən sayda insan ölür, hansıları ki, xilas etmək mümkündür. Bu hər gün, hər saat baş verir və inkişaf etmiş dövlət liderləri bu haqda heç nə demirlər.

Belə vəziyyət daimi davam edə bilərmi? Qəti surətdə və tamamilə obyektiv səbəblərə görə- yox. Onlarla min ildən sonra bəşəriyyət indiki hala gəlib və demək olar ki, gözlənilmədən, xüsusilə son 45 il artımın sürətli tempi hesabına insanların sayı 6 milyard 350 milyona çatıb, hansıları ki, geyindirmək, yedirtmək, evlə təmin etmək və tərbiyə vermək lazımdır. 50 ilə kimi bu rəqəm, demək olar ki, 10 milyarda çatacaq. Bu vaxta planetin 300 milyon il ərzində yaratdığı aşkar olunmuş, mümkün olan yanacaq ehtiyatları da artıq olmayacaq. Hal-hazırda hökmranlıq edən, inkişaf etmiş kapitalist cəmiyyətin təkamül etdiyi imperialistik sistem o qədər amansız, qeyri-rasional, ədalətsiz, qlobal, neoliberal iqtisadi sistemə keçib ki, artıq dözülməz olub. Xalqlar buna etiraz edirlər. Onlar artıq başlayıblar. Bunun Kuba və Venesuelanın təxribatçı və destabilizasiyaedici agentlərinin partiya, ideologiya və fəaliyyətlərinin nəticəsi olduğunu iddia edənlər ağılsızdırlar. Bundan başqa, bu təkamül hökmranlıq edən sistem tərəfindən idarə olunan istehlakçı cəmiyyətini də özü ilə gətirdi. Onun dağıdıcılıq və məsuliyyətsizlik tendensiyası dünyada çoxlu sayda insanın fikirlərini zəhərləyib.  Onlar ümumi siyasi və iqtisadi biliksizlik şəraitində ticarət və siyasi reklamlar vasitəsilə ‘fantastik’ kütləvi informasiya vasitələrinin təsirinə məruz qalırlar.

Bu şərtlər varlı və güclü dövlətlərdə son dərəcə mürəkkəb dünyanin tələblərinə uyğun siyasi və etik bilik və prinsiplərə malik olan bacarıqlı, məsuliyyətli liderlərin yaranmasına imkan vermir. Onları günahlandırmaq lazım deyil, çünki onların özləri də bu təkamülün məhsulu və eyni zamanda kor vasitələridir. Onlar getdikcə daha tez-tez yaranan mürəkkəb siyasi situasiyaları məsuliyyətlə həll etməyi bacaracaqlarmı?

Tezliklə Xirosima üzərində ilk atom bombasının partladılmasının 60 ili tamam olacaq. İndi dünyada bu silahın 10 dəfələrlə daha güclü və dəqiq, minlərlə vahidi mövcuddur. Onları istehsal etməyə və təkmilləşdirməyə davam edirlər. Hətta kosmosda da nüvə raketləri bazasının yaradılması planlaşdırılır. Məhvedici və təkmilləşmiş silahın yeni sistemləri yaranır.

Yəqin ki, tarixdə ilk dəfə insan özünün tam məhvi üçün texniki güc yaradıb. Və əksinə, o, bütün dünya ölkələrinin eyni dərəcədə təhlükəsizliyi və tamlığı üçün minimal təminatı yarada bilməyib. Bu güclü silahın “dünyanın istənilən səssiz yerində”, “60 və daha çox ölkəsində” preventiv və qəflətən istifadəsi üçün nəzəriyələr hazırlanır və hətta istifadə olunur. Biz artıq işğalçı müharibələrin, işgəncələrin şahidi olmuşuq. BMT-nin nüfuzu aşağı düşür. İnkişaf etmək və demokratikləşmək əvəzinə bu təşkilat üsthökümət və onun tərəfdarlarının hərbi avantyura  və xalqların hüquqlarına qarşı törədilən qorxunc cinayətlərə haqq qazandırmaq üçün istifadə etdiyi bir vasitəyə çevrilir.

Söhbət fantaziya və ya təsəvvür məhsulundan getmir. Bu fakt tamamilə realdır ki, yarım əsr ərzində iki böyük və insanlıq üçün ölümcül təhlükə baş verdi: silahların texnoloji inkişafından yaranan Təhlükə; planetdə təbii həyat şərtlərinin sistematik və sürətli məhvindən yaranan Təhlükə.

Bu halda sistemin insanlar üçün yaratdığı başqa alternativ yoxdur, ya dünyadakı mövcud situasiya dəyişməlidir, ya da bizi real məhvolma təhlükəsi gözləyir. Bunu başa düşmək üçün alim, riyaziyyatçı olmaq lazım deyil, başlanğıc siniflərdə uşaqlara öyrədilən səviyyə də kifayətdir.

Xalqlar idarəolunmaz olacaqlar. Buna repressiv metodlar, işgəncələr, kütləvi qətllər mane ola bilməz. Yalnız üçüncü dünya ölkələri deyil, varlı dünyada da bunu dərk edən insanlar, istər fiziki, istər əqli əməklə məşğul olanlar yaşamaq üçün, öz övladlarının həyatı üçün mübarizəyə qalxacaqlar.

Tezliklə, bəşəriyyəti qorumaq üçün maksimum cəhd göstərəcək rəhbərlər müxtəlif yönümlü sosial və politik təşkilatlar fəaliyyətə başlayacaqlar. Maneəni yumaq üçün bütün sular eyni istiqamətə axacaq.

İdeyalarımızı yayacağıq və barbar sivilizasiya tərəfindən yaradılan bu silahlar lazımsız olacaq; ideyalarımızı yayacağıq və yaşadığımız təbii mühitin qaçılmaz məhvini dayandırmaq mümkün olacaq.

Soruşa bilərsiz, artıq çox gec deyil ki? Mən optimistəm və ‘yox’ deyirəm  və ümid edirəm ki, daha yaxşı dünya mümkündür.

FİDEL KASTRO RUS

Kuba Respublikası Dövlət sovetinin sədri

Havana ş.  13 iyun 2004-cu il

Tərcümə:  Nigar Əhmədova

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:11453