abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Yılmaz Güneyin “Yol”u və azəri yolsuzları

Şərh

Yılmaz Güneyin “Yol”u indiyədək baxdığım Türkiyə filmləri arasında süjetcə ən ağırı, çəkicə ən samballısıdır. Onu həssas qəlblər üçün dözülməz edən – gerçəkliyidir. Hadisələr təxəyyülün məhsulu deyil, həyatın reallığıdır. Bu, seyrçini həm depressiv, həm də mübariz edir.

47 illik ömrünün üst-üstə 12 ilini məhbəsdə keçirən, kommunizmin təbliğində, devrimçilərə yardımda və çinovniki qətlə yetirməkdə suçlanan, ümumiyyətlə isə 100 illik həbs cəzası alan Yılmaz “Yol”un ssenarisini də türmədə yazıb, çəkilişlərə də barmaqlıqlar arxasından rəhbərlik edib. Hələ üstəlik həbsxanada “Güney” adlı jurnal da buraxıb. Və 1981-də iznlə evinə gedərək türməyə dönməyib – Avropaya qaçıb. Sonra da “Yol” Kannda mükafat alıb, Yılmaz isə tezliklə – 1984-də mədə xərçəngindən Parisdə vəfat edib.

“Yol”da evlərinə getmək izni ilə məhbəsi tərk edən 5 məhbusun başına gələnlər təsvirini tapıb. Hadisələr 12 sentyabr çevrilişindən sonraya təsadüf edir. Və bu 5 nəfər çox tezliklə anlayır:  Bayırdakı məhbəs çıxdıqları məhbəsdən daha dəhşətlidir. Bütün ölkə həbsxanadır. İçəridə bunu bilmədən dözmək daha asan imiş.

***

60-70-lərin Türkiyəsində yaşamış, Deniz Gezmişi və Mahir Cayanı şəxsən tanıyan bir tanışımdan Yılmaz Güney haqda soruşdum. “Əsl xalq çocuğu idi” – dedi.

Qısa və konkret. Və bu 65 yaşlı türk öz anlamında Yılmaza ən ali tərifini verdi. Xalqdan idi və xalqla idi – deməli, Böyük insandı.

Bircəcik türk ziyalısı, yaxud təhsilli türk görməmişəm ki, xalqını aşağılasın, ona yuxarıdan aşağı baxsın, onu qorxaq adlandırsın. Bunu indiyədək bircəcik rusda, gürcüdə, ukraynalıda, ermənidə… də sezməmişəm. Ancaq bizdə…

Bizdə ziyalı və təhsilli kəsim xalqa güzgüyə baxırmış kimi baxır və özünü görür. Yerindən duran (ya durmağa çalışan) hər kəs xalqı aşağılamaqla məşğuldur. Satqınlar xalqı satqın, qorxaqlar xalqı qorxaq, şərəfsizlər – xalqı şərəfsiz… kimi epitetlərlə “bəzəyir”. Bu, peşəyə, dəbə dönüşüb. Hər kəs xalqa öz adını qoyur.

Xalq 8 milyondur, buraya hər kəsin qardaş-bacısı, dostu-qohumu, qonşusu, valideynləri, əcdadı və övladı aiddir. Konkret heç kəs öz bacısını fahişə, öz atasını şərəfsiz adlandırmır, ancaq xalqı – buyurun. Virtualı, forum və bloqları bu qorxaq, əsəbi, kompleksli bəndələrin xalqın üzərinə yağdırdığı nifrət və söyüş ifrazatı doldurub.

Həqiqət isə sadədir: Avanqardı olmayan xalq yerində saymağa, yaxud geriyə getməyə məhkumdur. Özünü “avanqard” kimi qələmə vermək istəyənlərin həyat fəlsəfəsi isə bu xalqı aşağılamaqdır. Bununla da natamamlıq komplekslərinə qalib gəlməyə, öz hərəkətsizlik və qorxaqlıqlarını ört-basdır etməyə çalışırlar.

Problem xalq problemi deyil, problem – avanqard problemidir. “Avanqard” isə vaxtilə Floberin yazdığı sayaq, “Yaradan kimi düşünüb, burjua kimi yaşamağ”ı seçib. Bundan bir balaca xəcalət çəkəndə isə vicdan əzabına üstün gəlmək üçün fənd işlədir: özünü yox, xalqı söyür. Bu da fəaliyyətsizliyin saxta bəraəti.

 ***

Avanqardın necə olmalı olduğunu isə Yılmaz Güney göstərir.

Hərbi çevriliş və fövqəladə vəziyyət içində olan Türkiyə. 100 minlərin həbsi. 16 yaşlı Erdal Erenin edamı. İşgəncələr. Mətbuata total senzura. Total qorxu və panika… Və bu vaxt məhbəsdəki Yılmaz Güney bütün Türkiyənin məhbəs olduğunu göstərən filminin çəkilişinə başlayır. “Dəhşətli olanı – başlardakı məhbəsdir. O birisi dözüləndir” – onun sözləridir.

Ancaq o, tək nə edə bilər ki? – Heç nə. Baxın, sirr də, bizim “avanqard”la, “ziyalılıq”la fərq də bundadır.

Açıqda rejissor Şerif Gören çəkilişə razılığını verir. Baş rolu heç vaxt ciddi, faciəvi obraz yaratmamış, buna baxmayaraq milyonların sevimlisi olan, hamının “Yakışıklı” kimi tanıdığı Tarik Akın oynayır. İndi serial aktyoruna çevrilmiş Halil Ergün digər faciəvi obrazı yaradır.

Məgər bu adamlar nəyə getdiklərini bilmirlər? Bilmirlər ki, hərbi diktatura əleyhinə filmdə oynamağın bədəli nə ola bilər? Atası hərbçi olan, hamının sibarit saydığı Tarik Akına filmdən sonra Kanna səyahət yox, bitlə dolu məhbəs hücrəsi qismət olur (Çıxandan sonra isə bitlərlə mübarizəsini kitab şəklində qələmə almağa həyatsevərliyi də qalır).

Bilirdilər. İznlə çıxan Yılmaz Güney məhbəsə qayıtmayıb xaricə qaçanda ona kömək edənlər də hansı risqə getdiklərini bilirdilər. Ancaq bu adamlar da – dostlardan tutmuş sadə köylülərə qədər – o risqə getdilər.

Sonra çəkilmiş lentləri Almaniyaya daşıyanlar da risq edirdi (Filmin montajı Avropada olub). Ancaq onlar bunları etdilər. Və özlərinə görə yox – özlərini düşünsəydilər, heç “Yol” çəkilməzdi də. Onlar xalq üçün görməli olduqları işlərini gördülər. Və bir dəfə də bu risqə görə xalqı aşağılamadılar.

Bəs siz nə edirsiniz?

Xalqlar oxşardır. Yalnız azəri rejissor, aktyor, yazıçı, şair, jurnalist, bəstəkar, rəssamıları… Yılmaz Güneyin və dostlarının tərsidir.

Onlar “Yol”u çəkib, bizdəkilər yoldan çıxıb…


[Yazı original məqalədən SOLFRONT.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9976