abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Ürəyin bulanır? Roman yaz…

Şərh

“Ürəkbulanma” – mənə yad Sartrın əsəridir. Ancaq mənə yada Sartr mənə doğma Sartrı kölgədə qoya bilmir.

Kimin üçünsə “Ürəkbulanma” Herman Hessenin “Çöl canavarı”, yaxud Kamyunun “Yad”ı səviyyədə yaradıcılıqdır. Ancaq icazənizlə, etiraf edim: Mənim üçün 33 yaşlı Sartrın debüt romanı onun “Sözlər”indən aşağıda dayanır (Baxmayaraq ki, Kamyu “Dəyər şkalası kəmiyyət tanımır” yazırdı. Ancaq yenə də, yenə də…)

Kimsə “Ürəkbulanma”nın mütaliəsini 23-25 yaşdan aşağılar üçün məsləhət bilmir. Niyə ki, oxusunlar. Ancaq mütləq ardından, yaxud paralel olaraq Kamyunun “Yad”ını da oxusunlar. Fərq mütləq göz deşəcək və neyronları işləməyə sövq edəcək.

Hər iki əsərdə ekzistensial qüssə var. Bu, o haldır ki, adət olunmuş dekorasiyalar uçub və insan absurdla üz-üzə qalıb. Ancaq qüssəni boğmaq yolları fərqlidir – diametral fərqli. Buna görə də, mənimlə razılaşmayanların çoxluğunu bir an da unutmadan, söyləyəcəm: 21-ci əsr Qiyamçısı üçün Sartrın “Ürəkbulanma”sı qaynaqları və diaqnozu göstərə bilər, ancaq Yol-u yox.

Ad çox uğurludur. Ağrı – yox, iyrənmə – yox, darıxma – yox, məhz ürəkbulanma. Təbib-tələbə illərimizdən yaddaşıma həkk olunub ki, əksər xəstəliklərin ümumi simptomları dəstinə bu üçlük daxildir: Hərarət, ürəkbulanma, qusma. Praktik sağlam orqanizmlər üçün onlar yaddır. Deməli, Sartr əvvəlcədən xəbərdarlıq edir: Söhbət patologiyadan gedəcək. O patologiyadan ki, bütün sosiumu yoluxdurur. Kamyunun “Taun”undakı kimi, burada da, xəstəlikdən heç kəs sığortalanmayıb.

“Ürəkbulanma”da hər şey bezdirib, mənasını itirib. “İnsanlar. İnsanları sevmək gərəkdir. İnsanlar fəxr etməyə layiqdirlər. İndicə içalatım bayıra çıxacaq” – budur Ürəkbulanma.

Yaxud Antuan Rokantenin başqa bir lakonik qeydi: “Çərşənbə axşamı. Yeni heç nə. Mövcud oldum”.

Əsərin süjeti imkanlı tədqiqatçı Antuan Rokantenin ömrünün bir neçə günündən bəhs edir. Razıyam: Rokantenin daxili iztirablarını biganə oxumaq mümkün deyil, kitab oxucunu çəkib özünə aparır, onun qarşısında mövcudluğun mənadan məhrumluğunun ürəkbulandıran mənzərəsini canlandırır. Mövcudluğun mənasını axtarmağa aludə olanlar üçün gözlənilən finaldır. Xüsusilə bununla, Nitsşenin yazdığı kimi, “daxili özününəzarətdən məhrum fərdlər” məşğul olursa. Sartr bir cərrah kimi reallığın qişalarını qat-qat kəsib soyur, diqqətli oxucunun gözləri önünə Kainatın üfunət qoxusu verən çılpaq daxilini sərir. Və ürəkbulanma başlayır: “Mən varam, mən mövcudam, mən düşünürəm, deməli mövcudam, çünki düşünürəm, bəs niyə düşünürəm? Daha düşünmək istəmirəm, mövcud olmağımı istəmədiyimi düşündüyüm üçün mən varam, mən… çünki… Brr! Mən qaçıram, yaramaz qaçdı, onun bədəni zorlanıb…”

Antuan Rokantenin imkanlı olduğunu nahaqdan qeyd etmədim. Kimsə deyəcək ki, o, yaşamaq üçün mübarizə aparmır, bekardır, vaxtı boldur, elə ona görə də ürəkbulanmasına tuş gəlir. Ola bilsin, yoxsullar daha “xoşbəxtdirlər”. Çünki, onların “lənətlənmiş suallar”ı qoyub cavablar axtarmağa nə vaxtı, nə həvəsi, nə enerjisi var. Elə Qiyamı da darıxan toxlar başladır. Ancaq bu, cavab deyil.

Bəs cavab necədir? Sartrın cavabı qənaətbəxşdirmi? Məhz bu yerdə mənim fikirlərim əksəriyyətdən fərqlənəcək. O cümlədən, bu kitabı indi əlində tutanların çoxundan. Çünki, Sartr… CAVAB vermir.

Onun “Sözlər” avtobioqrafiyasında müəllif əsərin birinci hissəsini “Oxumaq”, ikinci hissəsini isə “Yazmaq” adlandırıb. Çıxış yolu – yazmaqdadır. Antuan Rokantenə də Sartr yazmağı məsləhət bilir. Hər şeyin mənasını itirdiyi, gözəlliyin və sevginin olmadığı (Rokanten uzun fasilədən sonra sevdiyi qadınla – yaşlaşmış və kökəlmiş Anni ilə – görüşəndə qarşılıqlı yadlıq onu bir daha peşman edir. Bu, son zərbədir. Gözəl sevgi xatirələrdən eybəcər meyitə çevrilir) reallıqda Rokantenə yalnız markiz de Rolbon haqqında əsəri yazıb başa çatdırmaq tövsiyyə olunur. Əgər nə vaxtsa bütün dünyada bircəcik adam o əsəri oxuyub müəllif barəsində xoş sözlərlə fikirləşəcəksə, Antuan Rokanten xoşbəxt olacaq.

Düzü, Sartrın bu resepti əsəri oxuyub bitirdiyimdə məni təəccübləndirmişdi. Sanki əsərin əvvəlini bir müəllif (Sartr), sonluğu isə tamam başqa adam yazıb. Ürəkbulanmanın ardınca Qiyam gözləyirdim. Sartr isə absurddan qaçmağı məsləhət bilməsə də (bunun üçün təşəkkürlər), sadəcə Absurd yaradıcılıq təklif edir (“Bilərək ki, bütün yaratdıqların geci-tezi tamamilə yox olub itəcək, ancaq buna baxmayaraq yazmaq – budur Absurd yaradıcılığın şərti”, – Kamyu yazırdı).

Elə çıxır ki, Rokanten öz ümidsizliyi və yadlaşması ilə barışaraq yaşamağı üçün yeni məna axtarıb tapır. Bu, optimist sonluqdur, ancaq Qiyama yox, barışmağa aparan sonluqdur. Sartrdan ümidsiz, ancaq barışmadan yaşamaq strategiyasını gözləmək daha gözlənilən olardı. Olmadı.

Nə vaxtsa Kamyu “Ürəkbulanma”ya yazdığı resenziyada Sartrı əsərin “ifrat nəzəriliyi”nə görə tənqid etmişdi. Kamyuya görə, “Ürəkbulanma” bədii bitkinlikdən uzaqdır, bu, roman deyil, qəhrəmanın “ekstravaqant meditasiya”sıdır. Romanda fəlsəfə ilə ədəbiyyat arasındakı tarazlıq pozulub, “nəzəriyyə həyata ziyan vurur”. Əsərin forması – intellektualın gündəliyi – artıq özü-özlüyündə hansısa mənanın olmasını tələb edir. Burada isə Rokanten ürəkbulanmadan roman yazmaqla yaxa qurtarır. Kamyu ilə razılaşmamaq çətindir: “İlkin şübhədən “Mən yazıram, deməli, mən mövcudam” yaranır. Bu cür ümid onu doğuran Qiyama gülüş doğuracaq dərəcə uyğun gəlmir”. Nöqtə.

Kamyunun “Yad”ında sonluqda ölümə məhkum öz eşafotuna meydan oxuyur. Sartrın “Ürəkbulanma”sında başqa bir ölümə məhkum (hamı kimi) əsər yazmaqla ümidlənir və barışır. Böyük ziddiyyətdir, deyilmi?..

Bəlkə Sartr “hiyləgərlik” edir? Axı bunlar da Rokantenin sözləridir:

“Elə axmaqlar var ki, təsəllini incəsənətdə axtarır. Mənim Bijua xalam kimi: “Sənin dayın öləndə Şopenin prelüdiyası mənə dayaq oldu”. Və konsert zalları incidilənlərlə və təhqir olunanlarla dolur, onlar gözlərini qapayıb öz solğun bənizlərini səsqəbuledici antenaya çevirməyə çalışırlar. Təsəvvür edirlər ki, guya tutduqları şirin və qidalandırıcı səslər onlara süzülüb axır və əzabları lap gənc Verterin əzabları sayaq musiqiyə çevrilir; onlar fikirləşirlər ki, musiqi onlara başsağlığı verir. Kretinlər…”


Oxşar yazılar:

Baxış sayı:24535

Şərhlər

  1. Beyrek deyir:

    cox gozel eserdir.oxmaga deyer.cekinmeden pulunuzu verib ala bilersiniz