abunə ol: Yazılar | Şərhlər | Еmail

26 iyul. Monkada

Şərh

Biz balaca, ağaclar indikindən hündür olan o uzaq illərdə mənə deyirdilər: “Onlar bilirdilər ki, uduzacaqlar. Sadəcə dünyanın diqqətini Kubaya yönəltmək istəyirdilər”. Və mən bu izahı qəbul edirdim.

“Sadəcə”? Çox ifrat səslənmirmi? Yuxulu ictimai rəyi azacıq oyatmaq üçün dirigözlü ölümə getmək? Axı bu 165 vətənpərvərin 90-na qədəri həlak oldu, işgəncə ilə qətlə yetirildi. Və hadisələrdən 2 ay sonra başlayan məhkəmə zamanı vur-tut 50 nəfər sağ qalmışdı.

İllər keçdi. Çox oxudum və çox düşündüm. Yox, 56 il əvvəlin 26 iyulunda 400 nəfərlik qarnizonu olan Monkada kazarmasına hücuma keçən bu gənclər qələbə üçün silahlanmışdılar, ölmək üçün deyil. Əlbət, məğlubiyyət ehtimalı rədd edilmirdi, “ya Vətən, ya ölüm!” şüarına sarılanlar onu da istisna etmirdilər. Ancaq qələbəyə daha çox əmindilər. Çünki əsl qiyamçılardı. Qiyamçı isə özünə inamın çoxluğu, məğlubiyyət ehtimalının və çətinliklərin kiçildilməsi ilə seçilir. Əks halda bəşər tarixində heç vaxt heç bir qiyam baş verməzdi.
Kimlər üçünsə bu uğursuz inqilab cəhdinin kuliminasiyası daha maraqlıdır, kimlərəsə – məğlubiyyətdən sonra baş verənlər. Mənim üçünsə 26 iyul inqilabının 1 gün əvvəli-25 iyul daha çox maraqlıdır. Həmin gecəni oyaq yola verib yola çıxacaq və olsun ki bir daha qayıtmayacaq adamların psixoloji yaşamları tarixin ən diqqətəlayiq səhifələridir. Hər bir hadisənin hadisəönü var – bu, hadisəni daha çox xarakterizə edir. İsanın Hefsiman bağları İsanın Cəlcəsəsinin açarıdır. 25 Oktyabr inqilabının sirri 24 oktyabrda yaşananlardadır. Və beləcə.

Fidel Kastronun 165 qiyamçısı 25 iyulda hansı hisslərlə yaşamışdılar? Budur sonrakı gedişatın açarı.

“İnqilab – tarixi anın dərkidir”, – Fidel çıxışlarının birində deyir. 25 iyul həmin tarixi andımı?

Diktator Batista artıq 1 il 4 aydı hakimiyyəti zəbt etmişdi. 2 saat çəkən qansız bir çevrilişlə, 1951-ci ilin 10 martında.

Hakimiyyətə yiyələnən kimi də əsgər və polislərin maaşlarını artırmış, Konstitusiyanı ləğv etmişdi. Gənc vəkil Fidel Kastro diktatorun cinayətləri siyahısını tərtib edib Havana məhkəməsinə şikayət vermişdi.Ki, Batista bir cinayətkar kimi üst-üstə 300 il həbs cəzası almalıdır. Yox əgər diktator cəzalandırılmazsa, onda ona qarşı əldə silah çıxanlar da cəzalandırıla bilməz. Konstitusiyanı ləğv edən caninin həbs olunmaması silahlı mübarizəyə qalxan hər kəsi cəzadan sığortalayır.

Güclü məntiqdir. Ancaq heç bir məhkəmə bu işi icraata götürmədi- təbii ki. Fidelə də Batista dəyib-toxunmadı-hələ total repressiyalar başlamamışdı, həm də ki demoqoq bir vəkildən ona nə təhlükə gələ bilər? Heç nə.Və yanıldı.

Fidel bu cəhdi ilə dinc yolla mübarizənin prespektivsizliyini əyani sübut etmək istəyirdi. Sonra isə o, özünün həmin dövr üçün çox kəskin və dəyərli olan “Ortodoks partiyasındakı vəziyyətin tənqidi analizi” məqaləsini yazdı. Monkondaya onunla yollanacaq gənclər kimi, Fidel də ortodokslar partiyasının üzvü idi və bu yazısı ilə o, partiyadan ayrıldığını elan etdi.

Sözügedən məqalə bütün diktatura dövrləri üçün aktualdır.”Partiya üzvlərinin əksəriyyəti heç vaxt olmadığı qədər döyüşə yollanmağa hazırdır. Cəmisi bir sual qalır -iri dövlət vəzifələrinə iddia edən partiya rəhbərləri hara qaçıb gizlənib? Mitinq və yığıncağaqlarda başa keçməyi xoşlayan, nümayişlər vaxtı tribunadan düşməyən bu adamlar niyə indi küçəni hərəkətə gətirmir və döyüşün ön xəttində fəxri yerləri tutmurlar?… Keçmiş liderlərin özlərindən sonra qoyduğu boşluq elə bu partiyanın içindən çıxacaq namuslu adamlar tərəfindən doldurulacaq”, – Fidel yazırdı.

Həmin yazıdan daha bir sitat verirəm:
“İndiki zamanlar – siyasi mübarizə yox, inqilab zamanıdır… İnqilab isə öz yolunu saxta liderlərin yalançı xidmətlərinə yox, idealı və mərdliyi olan, sinəsini güllə qabağına verməyə və döyüş bayrağını yüksəkdə tutmağa hazır insanlara açır. İnqilabi partiyanın inqilabi də rəhbərliyi olmalıdır…”

Bu, bir daha təsdiqdir ki, diktatura şəraitində ənənəvi müxalifət qorxu içində yox olub gedir və diktator üçün heç bir təhlükə kəsb eləmir. Mübarizə yolu isə adekvat taktikadan keçir.

Özünün məhkəmədəki “Tarix mənə bəraət verir” adı ilə tarixdə qalan məşhur çıxışında Fidel Kastro inqilaba hansı üsullarla hazırlaşdıqlarını, pul, silah, maşın, dərmanı necə tapdıqlarını da təsvir edib.

“Biz lazımi vasitələri bənzərsiz məhrumiyyətlər hesabına topladıq. Məsələn, gənc Elpidio Coca öz vəzifəsini başqasına satdı və 300 peso ilə bizə qoşuldu. Fernando Çenard öz fotostudiyasındakı aparatı satdı, halbuki, bu onun yeganə dolanışıq mənbəyi idi. Pedro Marrero bir neçə aylıq məvacibini ortaya qoydu, öz mebelini də satmaq istəyirdi, əmr etdim ki olmaz. Oskar Alkalde özünün dərman laboratoriyasını satdı. Xesus Montane 5 ildən çox müddətdə yığıdığı pulları verdi. Çoxları özlərinin nələri varsa imtina etdi”…

Dəstənin mərkəzi fiqurları Fidel Kastro, Abel Santamariya, Xesus Montane, Pedro Miret, Xose Tasende və Renato Qitart idi (onlardan Abel və son 2-si hücum zamanı həlak oldu). Bu gənclər təhsilli və təminatlı ailələrdən çıxmışdı. Dəstəyə 2 qız da daxildi-Ajde Santamariya(Abelin bacısı) və Melba Ernandes. Qiyamçıların geyindiyi Batista ordusu formalarının bir hissəsini bu 2 qız tikmişdi.

Fidel əməliyyatın vaxtını və yerini çox erkəndən müəyyənləşdirmişdi – Santyaqo-de – Kuba şəhəri və iyulun sonu.

Santyaqo paytaxt Havanadan 800 kilometr uzaqlıqdaydı və üsyan ənənələri ilə tanınan Oriyente əyalətində yerləşirdi. İyulun sonunda keçirilən karnaval isə Havanadan buraya çoxlu adamın gəlməsi üçün bir bəhanə rolu oynayacaqdı. Plana görə, Monkada kazarması alınandan sonra xalqa silah paylanacaq və ümumxalq inqilabı başlayacaqdı. Paytaxtdan uzaqlıq Batistanın qonşunu Santyaqoya yeritməsini kecikdirəcəkdi. Eyni vaxtda 30 nəfərlik dəstə də başqa bir şəhərdə – Bayamoda ələ keçirəcəkdi.

Santyaqo yaxınlığında bir ferma almışdılar. Silah-sursat və avtomobillər buraya daşınmışdı. İyulun 24-də Fidel konspirasiyanın səviyyəsini dəqiqləşdirmək üçün Satyaqo polis şöbəsinə yollanır. Bəhanəsi bir vəkil kimi hansısa cinayət işi ilə maraqlanmasıydı. Şöbədə sakitlikdi – heç kəs heç bir eksses gözləmir.

İyulun 25-i axşam bütün iştirakçılar “Siboney” fermasında toplanır. Cəmi 134 nəfər, o cümlədən 2 qadın (daha 31 nəfər də Bayamoda idi). Axşam Fidel yenidən şəhərə yollanır-son kəşfiyyat.

İştirakçıların hər birinə 1 stəkan süd verilir. Fidel qısa çıxışını edir: “Dostlar, sabah siz ya həlak olacaq, ya da qalib gələcəksiniz. Qalib gəlsəniz, Xose Martinin istəkləri doğrulacaq. Həlak olsanız – Kuba üçün nümunə qoyacaqsınız. Biz öz əməlimizlə satqın siyasətçilərə göstərəcəyik ki, onlar əslində nə etməlidir. Biz “Ya Vətən, ya ölüm!” şüarını söyləyirik”.

İştirakçılara silah paylanır, Əməliyyatın plan və xarakteri aydınlaşdırılır, asta səslə milli himn oxunur.Maşına minib döyüşə yollanmazdan əvvəl Fidel bir daha döyüşçülərə səslənir: “Plan təhlükəlidir. Kim mənimlə gedirsə könüllü olmalıdır. Hələ gec deyil-istənilənlər qala bilər. Onsuz da fermada kimlərsə qalmalıdır”.

Bir neçə nəfər qalmağı seçir. Silah və sursat çatışmazlığından daha bir neçə nəfər də fermada qalmağa məcbur olur – cəmisi 11 nəfər.

Əməliyyata 26 maşınla yollanırlar. Əsas məqsəd kazarmanı qəfil hücumla almaqdı. Qüvvələr 3 dəstəyə bölünür. 24 nəfər başda Abel Santamariya olmaqla kazarmanın arxasındakı xəstəxananı ələ keçirməlidir. Başda Raul Kastro olmaqla 10 nəfərlik dəstə Monkadanın bir böyründə yerləşən hündür Məhkəmə binasını tutmalıdır. Bu, kazarmanın damındakı atıcıları neytrallaşdırmaq imkanı verirdi. Qalanlar isə Fidel başda olmaqla kazarmaya hücum çəkməliydi.

Əməliyyat səhər saat 5.15 – də başlayır.

Bu dəfə tarixi rolu cuzi bir detal oynadı. Heç kəsin ağlına gəlməyən, hətta çox əhəmiyyətsiz sayılmalı bir nüans hücumun məğlubiyyətlə bitməsi, 100-dək vətənpərvərin qətli, qalanlarınsa həbsi ilə bitdi. Bu nüans həmin vaxt kazarmadan kənar çöldə olmamalı intizamsız bir əsgərin qəfil peyda olması idi.

Birinci maşın kazarma darvazasına çatanda hərbi formalı inqilabçılar çölə çıxıb keşikçiləri çaşbaş salır: “Tez qapıları açın, general gəlir!”. Keşikçi özləricə silahlarını verib qapı açmağa gedirlər. Bir neçə inqilabçı artıq kazarmaya daxil olur. Abelin və Raulun dəstələri də xəstəxana və boş məhkəmə binasını səs-küysüz ələ keçirir. Ancaq təsadüfən peyda olan bir əsgər kazarma qapısında əsgərlərin tərki silah edildiyini görüb oraya tələsir, Fidel isə onu sakitləşdirmək (aldatmaq və tərkisilah etmək) üçün əlində tapancası maşından düşür.

 Bu, tarixi bir andı-Fidelin maşından  düşdüyünü görən digər inqilabçılar elə fərz  edir ki, bu döyüşə başlamaq üçün işarədir.  Və sakitcə kazarmaya girə bilmək ümidləri  ola – ola qapıya çatmamış atəş açmağa  başlayır. Qəfillik faktoru itirilir …

Sonrası ümumməlumdur – kazarmadakılar oyandılar. İnqilabçılar çox əlverişsiz vəziyyətdə qaldı. 2 saatlıq döyüşdə 8 inqilabçı həlak oldu. Fidelin dəstəsi birtəhər fermaya qayıtdı. Onun dağlara çəkilib partizanlıq etmək təklifinə 18 nəfər razılaşdı. Kim ki onunla getmədi, hamısı fermada ələ keçirildi, çoxu öldürüldü.

Fidel isə avqustun 1-də meşədə, yatdığı yerdə ələ keçdi. Sonra 15 il həbs cəzası aldı. 2 il sonra əfv olundu. 1954-cü ildə Meksikaya yollandı. Yola düşməzdən əvvəl  “Mənim getdiyim yerdən dönmürlər. Ya da qələbə üçün dönürlər” dedi. Və daha 2 il sonra “Qranma” gəmisində döndü. Qələbə üçün …

 

Məmməd Süleymanov                         (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:10785