abunə ol: Yazılar | Şərhlər | Еmail

Erix Fromm – Ümid və İnam

Şərh

Erich Frommun “Ümidin inqilabı” əsərindən bir parça:

Nə  Ümid  deyildir

Ümid sosial sistemdə dəyişikliklər etmək, onu canlı və dərk edilən, şüurlu etmək cəhdinin həlledici elementidir. Amma  Ümidin təbiəti tez – tez  səhv anlaşılır və baxış bucağını dəyişdirməklə,  nəticədə Ümidi, onunla heç bir ortaq cəhəti olmayan, hətta ona tamamilə əks  bir anlayış kimi qəbul edirlər.

Nə  “Ümid Etmək” adlanır?

Bu, çoxlarının düşündüyü kimi, arzu və istəklərə malik olmaqdır? Belə olsaydı, o zaman daha çox və daha rahat  maşınlara, evlərə və işi yüngülləşdirən  avadanlıqlara malik olmağı arzulayanları Ümid  İnsanları adlandırmaq olardı. Amma bu doğru deyil, bu insanlar daha çox istehlak etmək hərisidirlər, onları Ümid İnsanları adlandırmaq olmaz.

Bəs elə bir vəziyyəti Ümid adlandırmaq olar ki, bu zaman Ümid maddi (əşyavi) istiqamətlənməyib, amma doldurulmuş həyat, istənilən bir vəziyyətdə həyatilik, sonsuz həsrətdən xilas olmaq; və ya bunun üçün teoloji anlayış istifadə etsək, qurtuluşdur; və ya siyasi dillə desək, inqilabdır? Əslində bu tərzdə  gözləmə Ümid ola bilərdi; amma, əgər bu  gözləməni passivliyinin keyfiyyəti  idarə edirsə, Ümid olmaya da bilər  – bu zaman Ümid mahiyyətcə tabelik üçün bəhanəyə, xalis ideologiyaya çevrilir.

Frans Kafka “Proses” (“Der Prozess”) romanında epizodlarından birində  barışan (boyun əyən) və passiv Ümidin  bu növünü  çox gözəl təsvir etmişdir. Kişi səmaya aparan darvazalara yaxınlaşır (qanunlar üçün) və qapıçıdan xahiş edir ki, ona girməyə icazə versin. Qapıçı deyir ki, indi onu içəri buraxa bilməz. Qanunlara aparan qapı açıq olsa da, əvəzində  kişi giriş icazəsini alana qədər gözləmək qərarına gəlir. Beləcə o oturur və gözləyir – günlərlə, illərlə. Vaxtaşırı, girmək olarmı, deyə təkrar soruşur, amma ona dəyişməz olaraq cavab verirlər ki, hələ olmaz. Bu uzun illər ərzində kişi fasiləsiz olaraq qapıçını müşahidə edir və hətta onun xəz yaxalığındakı birələri də tanıyır. Ən sonda, qocaldığını, ölümün yaxınlaşdığını hiss edir. Onda ilk dəfə  sual verir: “Necə oldu ki, bütün bu illər ərzində məndən başqa heç kim giriş icazəsi tələb etmədi?” Qapıçı cavab verir: “Bu qapıdan girmək üçün icazəni sən onsuz da ala bilərdin, belə ki, bu qapı yalnız sənin üçün nəzərdə tutulmuşdu. İndi isə mən  qapını bağlamağa gedirəm.”

Qoca kişi bu sözlərin mənasını başa düşmək üçün həddən artıq yaşlanmışdı,  bəlkə də bu sözləri gəncliyində də başa düşməzdi. Son söz həmişə bürokratlarındır; əgər onlar “yox” deyirlərsə, girmək olmaz. Əgər onun passiv, gözləyən Ümidi daha artıq olsaydı, o sadəcə  bu qapıdan içəri keçərdi və onun bürokratların qadağasını diqqətə almamaq cəsarəti  azadlıq aktı olardı, bu da onu parlaq saraya gətirib çıxaracaqdı. Bir çox insanlar Kafkanın qocası kimidirlər. Onlar ümid bəsləyirlər, buna baxmayaraq, onlara ürəklərinin səsi ilə hərəkət etmək nəsib olmur və bürokratlar yaşıl işıq göstərməyənə qədər, onlar həmişə gözləyirlər. [1]

Bu passiv Ümid (gözləmə)  ümidin yayılmış bir forması ilə sıx əlaqədardır ki, onu vaxt ərzində ümid kimi müəyyən etmək olar. Zaman və gələcək ümidin bu növündə mərkəzi kateqoriyalara yüksəlir. Gözlənilmir ki, nəsə bir şey indi  baş verəcək, əksinə yalnız növbəti anda, növbəti gündə, növbəti ildə və ya əgər ümidin bu dünyada reallaşacağı cəfəngiyyat olacaqsa (absurddursa), hətta başqa dünyada baş verməlidir. Bu təsəvvürün arxasında “Gələcək”, “Tarix” və “Gələcək nəsillər” qarşısında baş əymə gizlənir ki, onun başlanğıcı Fransız inqilabı zamanı Robespyer kimi insanlar tərəfindən qoyulmuşdur, o, gələcəyə ilahi varlıq kimi sitayiş edirdi: Mən heç bir şey etmirəm, mən passiv qalıram, çünki mən gücsüz və heçnəyəm; amma gələcək, zamana proyeksiya mənim edə bilmədiklərimi gerçəkləşdirəcək. “Tərəqqi” qarşısında belə baş əymə digər aspektlərin arasında  sadəcə biridir – müasir burjua təfəkkürünü əks etdirən pərəstiş tam şəkildə ümidin yadlaşmasıdır. Mənim hərəkətim və ya təşəkkülümün əvəzinə nə isə, mən barmağımı tərpətmədən (iştirakım olmadan) idollar tərəfindən, gələcək və gələcək nəsillər tərəfindən gerçəkləşdirilir. [2]

Passiv Gözləmə ümidsizlik və gücsüzlüyün yalnız pərdələnməsi olduğu halda, ümidsizliyin və məyusluğun digər forması da var ki, o tam əks maska seçir: – reallıq üzərindən  uzağa baxır və nə güclə mümkünsüzdürsə, zorla nail olmağa  çalışır, müştəbeh ifadələrlə və avanturizmin arxasında gizlənir. Bu mövqe saxta xilaskarlara və  qiyamçılara xasdır, onlar hər kəsə nifrət  edirlər, onlar başqa bütün vəziyyətlərdə ölümü deyil, məğlubiyyəti üstün tutdular. Bizim bu günümüzdə psevdoradikalizm pərdəsi altında ümidsizlik və nihilizm (bütün dəyərlərin tamamilə inkarı) nadir olmayaraq gənc nəslin ən əqidəli nümayəndələri arasında rast gəlinir. Onlar qorxmazlıqları  və  ideyaya sadiqliyi ilə simpatiya qazanır, realizmin və strateji düşüncənin olmaması, hətta bəzilərində  həyat sevgisinin çatışmaması isə baxışlarını inam gücündən məhrum edir. [3] 

Ümidin paradoksu  və təbiəti

Ümid paradoksaldır. O, nə baş verməsi qeyri -mümkün olan passiv gözləmə, nə də real olmayan hadisələrin (şəraitin) məcburiyyətidir. O, pusquda gizlənmiş pələngə oxşayır, yalnız o zaman tullanır ki, sıçrayış üçün an yetişmişdir. Nə yorğun reformizmi, nə də  psevdo-radikal avanturizmi ümidin ifadəsi kimi qəbul etmək olmaz. Ümid etmək – hələ doğulmamış olana hər an hazır olmaqdır və bu zaman, əgər bizim həyatda heçnə baş verməyibsə belə, ümidsizliyə qapılmamaqdır. Artıq mövcud olana və ya olması qeyri – mümkün olana ümid bəsləməyin mənası yoxdur. Ümidini itirən insanlar  ya rahatlığa, ya da zorakılığa  meyl edir, ümidi güclü olanlar isə yeni həyatın bütün əlamətlərini tanıyır və salamlayır və onlar dünyaya gəlməyə hazır olanın doğumuna kömək etməyə hər an hazırdırlar.

Ümid anlayışı barədə ən əsas yanılmalardan biri şüurlu və şüursuz ümid arasında fərq qoymağı bilməməkdir. Şübhəsiz ki, bu səhv bizim xoşbəxtlik, qorxu, depressiya, darıxmaq və nifrət kimi emosional təcrübəmizin bir çox təzahürlərinə xasdır. Təəccüblüdür ki, Freyd nəzəriyyələrinin geniş yayılmasına baxmayaraq, onun şüursuzluq anlayışı haqda təsəvvürü əslində çox nadir hallarda həmin emosional fenomenlərə tətbiq olunur. Bu fakt iki əsas səbəblə izah olunur. Birincisi, bəzi psixoanalitiklərin və bəzi “psixoanaliz filosoflarının” əsərlərində şüursuzluq fenomeni – yəni, izahı: Repressiya – tək cinsi arzulara aid edilir; bu müəlliflər repressiya (sıxışdırma) terminini – səhvən – cinsi arzular və hərəkətlərin boğulmasının sinonimi kimi istifadə edirlər. Belə davranaraq, onlar Freydin kəşfini bəzi ən əhəmiyyətli nəticələrdən məhrum edirlər. İkinci səbəb, güman ki, o faktda gizlənir ki, postviktorian nəsilləri cinsi arzuların sıxışdırılmasının dərk edilməsi yadlaşma, ümidsizlik və ya tamahkarlıq kimi təcrübi biliklərdən daha az narahat edirdi. Bu haqda  bir ümumi nümunə gətirək: insanların çoxu qorxu, qüssə, tənhalıq, ümidsizlik hiss etdiklərini etiraf etmirlər, yəni bu hisslər onların şüurunda iz buraxmır [4]. Bunun səbəbi aydındır. Bizim sosial nümunəmiz  nəzərdə tutur ki, uğurlu insan qorxu, qüssə və ya tənhalıq hissləri keçirməməlidir. O, bu dünyanı bütün dünyaların ən yaxşısı hesab etməlidir; və irəliləmənin optimal imkanının olması üçün o, şühbə, məyusluq (depressiya), qüssə və ümidsizlik kimi qorxu hissini öz içindəcə boğmalıdır.

Bir çox insanlar şüurlu özlərini ümidlərlə dolu, şüuraltı olaraq isə ümiddən məhrum hiss edirlər  və yalnız bir neçəsi bunun əksi ilə öyünə bilərlər. Ümidin və ümidsizliyin tədqiqi zamanı başqa  nəticələrə gəlinmişdi, belə ki, insanların öz hissləri haqqında nə düşündükləri vacib deyil, vacib olan odur ki, onlar əslində nə hiss edirlər. Bunu onların sözləri və nitqinə görə yox, daha çox üz ifadələrinə, yerimə tərzinə, gözləri qarşısında baş vermiş şeyə maraqla reaksiya vermək qabiliyyətlərinə, fanatizmin olmamasına əsasən bilmək olar ki, sonuncu da məntiqi arqumentlərə qulaq asmaq bacarığında təzahür edir.

Bu kitabda sosiopsixoloji fenomenlərə tətbiq edilən dinamik nəzər nöqtəsi əksər sosial – elmi tədqiqatların deskriptiv (təsviri cəhətdən),  biheviorist yanaşmasından köklü surətdə fərqlənir. Dinamik nəzər nöqtəsindən yanaşsaq, bizi hər şeydən əvvəl insanın indi nə düşündüyü və dediyi və ya necə davrandığı haqqında biliklər maraqlandırır. Bizi bunun əksinə daha çox xarakterinin strukturu, yəni onun səylərinin daima sabit olmayan strukturu, güclərin yönəldiyi məqsədlər və onun intensivliyi maraqlandırır. Əgər biz davranışı motivasiya edən aparıcı qüvvələri  biliriksə, o zaman biz yalnız indiki zamanda davranışı anlamırıq, həm də insanın dəyişən vəziyyətdə necə davranmağa meylli olduğuna dair əsaslandırılmış mülahizələr irəli sürə bilərik. İnsan xarakterinin strukturu haqqında biliklərə malik olsaq, dinamik nəzər nöqtəsindən, insan təfəkküründə və ya davranışında gözlənilməz “dəyişikliklər” bir çox hallarda əvvəlcədən görülə biləndir. Ümidin nə olmadığı barədə daha çox şey demək olar, amma irəli gedək və ümidin nə olduğu sualına cavab verməyə çalışaq. Onu sözlərlə təsvirini vermək mümkündür  və ya yalnız şerlərlə, mahnılarla, jestlərlə, mimika  və ya davranışla paylaşmaq olar?

İnsanın digər təcrübələri kimi, sözlər bu hissi ifadə etməkdə gücsüzdürlər. Əslində, sözlər, bir qayda olaraq, əksinə təsir edirlər: onlar solğunlaşdırırlar, hissələrə bölürlər,onları öldürürlər. Tez – tez sevgi, nifrət və ya ümid haqqında söhbətlərdə insan danışılmalı olanla guya əlaqəni itirir. Poeziya, musiqi və incəsənətin digər formaları insan yaşantılarının təsviri üçün nisbətən daha yaxşı uyğunlaşıblar, çünki onlar ümumiləşdirmələrdən və bayağı ifadələrin naməlumluğundan qaçaraq daha dəqiq çatdırırlar ki, bunlardan insan hisslərini adekvat təmsil etmək üçün istifadə olunur.

Amma bu məhdudiyyətləri ciddi qəbul edərək, hisslərin təcrübəsini poeziyaya aid olmayan sözlərlə ifadə etmək  imkanını inkar etmək olmaz. Əgər insan heç olmasa müəyyən dərəcədə digərinin dediyini hiss etməsəydi, bunun baş verməsi qeyri – mümkün olardı. Yaşantını təsvir etmək – onun müxtəlif  aspektlərini göstərməkdir, nəticə etibarilə, elə bir əlaqə qurmaqdır ki, yazıçı və oxucu eyni şeyi nəzərdə tutduqlarını bilirlər. Və bu cəhdi mən üzərimə götürürəm, burada oxucudan xahiş etməliyəm ki, mənimlə birlikdə əmək sərf etsin və gözləməsin ki, mən ona ümidin tərifini verəcəm. Mən bir neçə dəfə ondan öz şəxsi təcrübəsini səfərbər etməyi xahiş etməliyəm ki, bizim dialoqumuz mümkün olsun.

Ümid – mövcudluq halıdır. Bu bir daxili hazırlıqdır, intensiv, amma hələ sərf olunmamış fəallıqdır [5]. “Fəallıq” anlayışı bizim təsəvvürümüzdə  müasir sənaye cəmiyyətinin ən geniş yayılmış insani illüziyalarına əsaslanır. Bizim mədəniyyətimiz bütövlüklə fəallığa – gərgin əmək mənasında məşğulluğa (biznes üçün zəruri olan uğura sahib olmaq) hesablanaraq qurulur. Əslində insanların çoxu elə “fəaldırlar” ki, avaralığı heç qəbul etmirlər; hətta öz boş vaxtlarını da müəyyən fəallıq formasına çevirirlər. Əgər siz pul qazanmaqda fəal deyilsinizsə, siz kənar ərazidə maşın sürməkdə, qolf oynamaqda və ya sadəcə boş şeylər haqqında danışmaqda fəalsınız. İnsanlar doğrudan da “heç nə” etməyəcəkləri an qarşısında qorxu hissi keçirirlər. Belə davranışı fəallıq adlandırmaq olarmı – bu, terminologiya məsələsidir. Təhlükə ondadır ki, özlərini həddən artıq fəal hesab edən əksər insanlar dərk etmirlər ki, əslində onlar öz “məşğulluqlarına” baxmayaraq çox passivdirlər. Onların sadəcə olaraq xaricdən stimullara ehtiyacları var, istər digər insanlarla danışmaq və ya film izləmək olsun, səyahət və ya istehlakdan alınan həzzin digər formaları olsun, hətta bu, cinsi partnyor kimi yeni qadın və ya kişinin olması da ola bilər. Onlar müntəzəm olaraq suflyora ehtiyac duyurlar ki, onları oyatsınlar, həyəcanlandırsınlar, yoldan çıxartsınlar, tamaha təhrik etsinlər. Onlar fasilə vermədən tələsirlər və heç vaxt bir yerdə dayanmırlar. Onlar həmişə aparılandırlar və heç vaxt öz arxalarınca aparmırlar. Nə qədər ki, fəaliyyət ehtirası ilə divanədirlər, özləri tək qaldıqda yaranan qorxu hissindən yaxa qurtarmaq üçün özlərini həddən artıq fəal hesab edirlər.

Ümid – həyatı və inkişafı müşayiət edən psixi vəziyyətdir. Əgər Günəşdən məhrum kölgədə böyüyən ağacın gövdəsi  ona doğru can atırsa, biz demirik ki, o, insanın etdiyi mənada “ümid edir”, çünki insanın ümidi ağacda olmayan hisslər və özünüdərk fikirlərlə bağlıdır. Amma yenə də demək səhv olmazdı ki, ağac Günəş işığına ümid edir və bu ümidi onunla ifadə edir ki, gövdəsi Günəşə can atır. Doğulan uşaqla eyni şey baş vermir mi? O, bəlkə də, bunu dərk etməsə də, onun fəallığında doğulma və asılı olmadan müstəqil nəfəs almağa ümid ifadə olunur. Məgər südəmər körpə anasının döşünə ümid etmir? Məgər körpə ümid etmir ki, ayağa duracaq və gəzməyi öyrənəcək? Məgər xəstə sağalmağa, məhbus isə – azad olmağa, ac isə – doymağa ümid etmir? Məgər biz yuxuya gedərkən sabah oyanmağa ümid etmirik? Məgər məhəbbət yaxınlığı kişinin öz gücünə, partnoyurunu ehtiraslandırmağa və qadının öz növbəsində kişini ehtiraslandırmağa ümidini nəzərdə tutmur?

Ümidin inqilabı: İnam

Ümid bizi tərk edəndə həyat bitir, həqiqətdə və ya potensial olaraq. Ümid – həyatın strukturunun, insan ruhunun dinamikasının ayrılmaz elementidir. O, həyat strukturunun digər elementi ilə: inamla sıx şəkildə bağlıdır. İnam – etiqadın və ya biliyin zəif forması deyil; inam – sübut olunmayanın real mümkünlüyünə şübhənin olmamasıdır, yaradıcı təxəyyüldür. İnam real, amma hələ doğulmamış olana aid edildikdə, rasionaldır; o, daxilə girərək və mahiyyəti görərək bilmə və qavrama bacarığına əsaslanır. İnam, ümid kimi – gələcəyin əvvəlcədən deyilməsi deyil, indiki zamanın hamiləlik vəziyyətinin görülməsidir.
İnamın əminlik olduğu haqqında fikirlər aydınlaşdırılmalıdır. İnam real mümkünlüyə münasibətdə etibarlıdır, amma şəksiz həqiqət kimi etibarsızdır. Uşaq vaxtından əvvəl ölü doğula bilər; doğuş zamanı ölə bilər; həyatının ilk həftələrində ölə bilər. İnamın paradoksu bundadır: nə dəqiq aydın deyil [6]; nəyin insanın görüşünə və anlaması ilə əlaqəli olması haqqında əminlikdir; nəyin real nəticə ilə əlaqəli olması haqqında əminlik deyil. Bizim elmi proqnoza və ya mümkün olmayana inanmağa ehtiyacımız yoxdur. İnam bizim həyat təcrübəmizə, bizim transformasiya təcrübəmizə əsaslanır. Digərlərinin dəyişə bilməsi mümkünlüyünə inam, mənim özümün dəyişə bilməyimin nəticəsidir.
Rasional və irrasional inam arasında əhəmiyyətli fərq var. Rasional inam insanın təfəkkür və ya hisslərdəki daxili fəallığının nəticəsi olduğu halda, irrasional inam – cari olana, xaricdən olana tabe olmaqdır, bir şeyin həqiqət olub – olmamasından asılı olmayaraq onu həqiqət kimi qəbul etməsidir. İrrasional inamın vacib elementi onun passiv xarakteridir, vacib deyil ki, onun obyekti idol, lider və ya ideologiya olacaq. Hətta alim üçün də ənənəvi ideyalara olan irrasional inamdan qurtulmaq zəruridir ki, öz yaradıcı düşüncəsinə görə rasional inama nail olsun. Onun kəşfi sübut olunan kimi, onun artıq inama ehtiyacı yoxdur, bəlkə də növbəti fərziyyə istisna olmaqla. İnsan münasibətləri sferasında başqa bir insana “inanmaq” onun fikirlərinə inanmaq deməkdir, yəni ona inanmaqdır ki, bu insana güvənmək olar və onun fundamental istiqamətləri dəyişməyəcək. Eyni düşüncə ilə biz özümüzə inana bilərik, öz fikirlərimizin daimiliyinə deyil, əsas həyat orientasiyamıza, bizim xarakterimizin quruluşunun matrisinə. Belə inam bizim şəxsi təcrübəmizlə, qanuni əsasda “Mən” demək bacarığımızla, özümüzlə identiklik hissi ilə şərtlənmişdir.
Ümid – inamı müşayiət edən əhval – ruhiyyədir. Ümidsiz inama malik olmaq olmaz. Ümidin inamdan başqa heç bir əsası yoxdur.

Qeydlər

  1. İspan sözü “esperar” eyni zamanda “gözləmək” və “ümid etmək” deməkdir, o, şübhəsiz ki, mənim burada təsvir etməyə çalışdığım passiv ümidin xüsusi növünə aiddir.
  2. Stalinist konsepsiyası, buna əsasən tarix nəyin doğru, nəyin səhv, nəyin yaxşı, nəyin pis olduğuna qərar verir – gələcək nəsillər qarşısında robespyersayağı baş əymənin birbaşa davamıdır. O, Marksın konsepsiyasının tam əksidir, hansı ki demişdir: “İnsanların şəraitin və tərbiyənin məhsulu olduğu və nəticə etibarilə dəyişmiş insanların başqa şəraitin və dəyişmiş tərbiyənin məhsulu olduqları haqqında materialist təlim unudur ki, insan şəraiti dəyişdirir və tərbiyəçinin özünün tərbiyəyə ehtiyacı var”.
  3. Bu cür ümidsizlik Herbert Markuzenin “Eros və sivilizasiya” (Eros and Civilization, Boston, Beacon Press, 1955) və “Birölçülü insan” (One –Dimensional Man. Boston: Beacon Press, 1964) kitablarında sezilir. Onlarda iddia olunur  ki, sevgi, incəlik, qayğı və məsuliyyət kimi bütün ənənəvi dəyərlər yalnız texnologiyaöncəsi cəmiyyətdə mənalıdırlar. Yeni texnoloji cəmiyyətdə – repressiya və istismarın olmadığı cəmiyyətdə – yeni insan ortaya çıxacaq ki, heç nədən, həmçinin də də ölümdən də qorxmayacaq, onun hələ dəqiq müəyyən olunmamış tələbatları inkişaf edəcəklər və öz “poliqam seksuallığını” (mən oxucunu Freydin “Cinsilik nəzəriyyəsinə dair üç oçerk” əsərinə yönləndirirəm) təmin etmək imkanı yaranacaq; qısacası, insanın yekun tərəqqisi infantil həyata reqressdə, doymuş uşaq xoşbəxtliyinə qayıdışda görülür. Təəccüblü deyil ki, Markuze son nəticədə ümidsizliyə gəlib çıxır. “Cəmiyyətin tənqidi nəzəriyyəsi indiki zamanla gələcək arasındakı körpü kimi xidmət göstərməyə qadir anlayışlara malik deyil; heç bir vədinə əməl etməyərək və tərəqqi nümayiş etdirməyərək, o neqativ olaraq qalır. Beləliklə, o elə adamlara loyal qalır ki, onlar ümidi itirərək öz həyatlarını Böyük İnkara həsr etmişlər və həsr edirlər” (One – Dimentional Man, p.257).
  4. Mən vurğulamaq istəyirəm ki, “şüursuzluq” haqqında söhbətlər yadlaşmış təfəkkürün və nitqin daha bir formasıdır. “Şüursuzluq” kimi şey, əgər o məkanda orqan və ya əşya olsaydı, mövcud deyil. İnsan xarici və ya daxili hadisələri “dərk edə” və “dərk etməyə” bilər; beləliklə, bizim qarşımızdakı lokalizasiya olunmuş orqan deyil, psixikanın funksiyasıdır.
  5. Mən “activeness” terminini şəxsi ünsiyyətə münasibətdə Maykl Makkobidən (adi “activity” əvəzinə) götürmüşəm; müvafiq olaraq mən “passiveness” sözü əvəzinə “passivity” istifadə edirəm, bu zaman aktivlik və passivlik ağlın istiqamətinə və vəziyyətinə aid edilir. Mən aktivlik və passivlik problemini xüsusilə produktiv orientasiya ilə əlaqədə müxtəlif kitablarda artıq müzakirə etmişəm. Mən oxucunun diqqətini Ernest Şextelin “Metamorfozlar” ında aktivlik və passivliyin həddən artıq maraqlı dərin müzakirələrinə yönəltmək istəyirəm (Shachtel E. Metamorphosis. N.Y: Basic Books, 1959).
  6. Qədim yunan dilində inam (emunah) əminlik deməkdir. “Amen”  “əlbəttə” deməkdir.
Tərcümə: Scherif Abde                      (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:14626