abunə ol: Yazılar | Şərhlər | Еmail

Maykl Parenti – Sol antikommunizm

Şərh

“Qaraköynəklilər və qırmızılar: rasional faşizm və kommunizmin devrilməsi” kitabından fəsil, San – Fransisko, 1997

Maykl Parenti

 

Yüz ildən çox müddət ərzində Birləşmiş Ştatların hakim dairələri yorulmadan antikommunizm din halına gələnə qədər öz əhalisi arasında antikommunist təbliğat aparmışlar. Soyuq müharibə zamanı antikommunizmin ideoloji maşını kommunist ölkələri haqqındakı istənilən informasiyanı onlara qarşı münasibətə çevirə bilərdi.  Əgər Sovetlər danışıqlardan imtina edirdilərsə, onlar islaholunmaz və davakar idilər. Əgər onlar güzəştə gedirdilərsə, onda bu sadəcə bizim sayıqlığımızı yatırtmaq üçün bir fənd idi. Əgər onlar silahlanmanın məhdudlaşdırılmasına qarşı idilərsə, onlar bununla öz aqressiv niyyətlərini nümayiş etdirirdilər. Əgər onlar belə məhdudlaşdırmanı dəstəkləyirdilərsə (bir çox hallarda bu məhz belə idi), bu yalnız ona görə idi ki, onlar riyakar və hiyləgər idilər. Əgər SSRİ-də kilsələr boş idilərsə, bu onu sübut edirdi ki, onlar dini əzirdilər. Əgər onların kilsələri dolu idilərsə, bu demək idi ki, insanlar rejimin ateist ideologiyasını inkar edirdilər. Əgər işçilər tətil edirdilərsə (bu çox nadir hallarda olurdu), bu kollektivist sistemdən yadlaşmanın sübutu idi; əgər onlar tətil etmirdilərsə, yalnız ona görə idi ki, onlar qorxudulmuşdular və azad deyildilər. İstehlak mallarının çatışmazlığı iqtisadi sistemin iflasını nümayiş etdirirdi; istehlak mallarının artımı o demək idi ki, rejim əhali üzərindəki hakimiyyətini möhkəmlətmək üçün onları razı salmağa çalışırdı.

Əgər ABŞ-da kommunistlər işçilərin haqları, aclıq, afroamerikanlar, qadınlar və digərlərinin haqları üçün mübarizədə vacib rol oynayırdılarsa, bu, onların hakimiyyəti ələ almaq üçün bu təbəqələr arasında dəstək axtarmaq metodu idi. Haqları olmayan insanların haqları üçün mübarizə apararaq necə hakimiyyətə malik olmaq olar, bunu heç kim izah etmirdi. Biz burada sarsılmaz ortodoksiya ilə qarşılaşırıq ki, bunu hakim dairələr xüsusi səylə yayırdılar və bu bütün siyasi spektr üzrə insanlara təsir edirdi.

Ortodoksiya qarşısında baş əymə

ABŞ-ın Sol qisminin əhəmiyyətli hissəsi elə antisovetizm və antikommunizm nümayiş etdirmişdilər ki, ifrat sağçıların ən virulent və kobud formaları ilə rəqabət apara bilərdilər. Naom Xomskinin “kütləvi xalq hərəkatları vasitəsilə hakimiyyəti ələ keçirməyə” və sonra “insanları zorla itaət etdirməyə” çalışan “sol intellektuallar”ı neçə ifşa etdiyinə qulaq asın: Siz Qırmızı Bürokratiyanın bir hissəsi olmaya hazırlaşan Leninist kimi başlayırsınız.  Sonra siz görürsünüz ki, bu şəkildə hakimiyyəti ələ keçirmək olmaz və siz sürətlə sağ ideoloqa çevrilirsiniz: Biz bunu (sabiq) Sovet İttifaqında görürük. Hələ iki il əvvəl kommunist banditlər olan həmin insanlar indi bankları idarə edir və azad bazar və amerikanları mədh edirlər” (Z.Magazine, 10/95).

Xomskinin düşüncəsi onun tez-tez başqa məsələlərə görə tənqid etdiyi ABŞ-ın korporativ siyasi mədəniyyətindən qaynaqlanır. O inanır ki, inqilab aclığa son qoymaq istəyən yox, hakimiyyət üçün ac olan “kommunist  banditlər” tərəfindən satılmışdır. Əslində isə, kommunistlər sağçıların tərəfinə o qədər də “tez” keçmədilər. 70 ildən çox müddətdə onlar sosializmi xilas etməyə çalışaraq misli görünməmiş hücumlara qarşı mübarizə aparırdılar. Doğrudur ki, SSRİ-nin mövcudluğunun son illərində onların bəziləri, Boris Yeltsin kimi, kapitalistlərin tərəfinə keçdilər, amma digərləri kapitalizmin bərpasına qarşı özlərini də ciddi riskə ataraq müqavimət göstərirdilər, çoxları isə bunun uğrunda 1993-cü ildə Yeltsinin Rusiya Parlamentinə qarşı qəddar repressiyaları zamanı həyatlarını vermişlər.

Bəzi solçular və bir çox digərləri hakimiyyətə can atan qırmızılar haqqında stereotip təsəvvürləri paylaşırlar, hansıları ki, hakimiyyətə həqiqi sosial məqsədlər uğrunda deyil, sırf hakimiyyət üçün can atırlar. Amma əgər bu belədirsə, məgər təəccüblü deyil ki, ölkədə bu qırmızılar, dünyanın güclülərinə xidmət edərək onun meyvələrini dadmaqdansa, özlərini riskə ataraq həmişə yoxsul və məzlumların tərəfində olurlar?

Sol təmayüllü bir çox amerikan yazıçı və natiqlər onilliklər ərzində hesab edirdilər ki, antisovetizm və antikommunizm qarşısında baş əymə onların öz reputasiyalarını saxlamaq üçün zəruridir.  Onlar elə bir məqalə yaza və ya elə bir nitq deyə bilməzdilər ki, orada antikommunist ifadələr olmasın. Belə davranışın məqsədi özlərini marksist – leninist soldan uzaqlaşdırmaq olub və indi də elədir.

Adam Hoxsçayld, liberal yazıçı və naşir, mövcud kommunist ölkələri tənqid etməyən sollara xəbərdarlıq etmişdi ki, onlar “özlərinə qarşı olan etimadı” pozmaq riski ilə üzləşirlər (Guardian, 23/5/84). Başqa cür desək, Soyuq müharibənin layiqli əleyhdarı olmaq üçün, əvvəlcə kommunist cəmiyyətlərini tənqid edərək ona qatılmaq lazım idi. Ronald Radoş sülh uğrunda hərəkatı kommunistlərdən özünü azad etməyə çağırırdı ki, hərəkatı kommunizmdə ittiham etməsinlər. Əgər mən Radoşu düzgün anlayıramsa, özümüzü antikommunist əcinə ovundan xilas etmək üçün, biz bu ovda iştirak etməliyik.

Solun kommunistlərdən təmizlənməsi uzun sürən ənənə oldu və bir sıra mütərəqqi axınlar üçün zərərli nəticələri oldu. Məsələn, 1949-cü ildə sənaye təşkilatları Konqresi (CIO) on iki həmkarlar ittifaqını üzvlükdən çıxardı, belə ki, onların rəhbərliyində kommunistlər var idi. Bu təmizləmə Konqres üzvlərinin sayını 1,7 milyona yaxın azaltdı və onun siyasi təsiri əhəmiyyətli dərəcədə azaldı.

Onlar sağçılara hücuma keçən zaman belə öz antikommunizm hisslərini göstərmək üçün fürsəti əldən buraxmırlar. Məsələn, Mark Qrin prezident Ronald Reyqanı tənqid edərkən əlavə edir ki, “sanki inadcıl marksist–leninist kimi Reyqan öz təfəkürrünü deyil, faktları dəyişməyi tərcih edir”. “Həm soldan, həm də sağdan” ehkamçılığa qarşı mübarizə aparmaq qətiyyətini bəyan edərək, bu solçular onlardan tələb olunan mərasimi icra edərək antikommunizmin ehkamlarını yalnız möhkəmlətmiş olurlar. Kommunistlərə böhtan atılmasında iştirak edən solçular düşmənçilik iqliminin yaradılmasına da az töhfə verməmişlər ki, bu iqlim ABŞ liderlərinə kommunist ölkələrinə qarşı isti və soyuq müharibələr aparmağa imkan vermişdir və hətta indi də mütərəqqi və hətta liberal siyasətin davranışını da çətinləşdirir.

Müasir sol antikommunist prototip Corc Orvel idi. İkinci dünya müharibəsinin qızğın çağında Sovet İttifaqı Stalinqrad ətrafında nasistlərlə ölüm–dirim savaşı apararkən, Orvel bəyan etdi ki, “Rusiya və Stalini tənqid etmək hazırlığı intellektual vicdanlılığının məhək daşıdır. Bu, ədəbi-intellektual nöqteyi-nəzərindən təhlükə yarada biləcək yeganə amildir”.  Qərəzli – antikommunist cəmiyyətində özünü təhlükəsizlikdə hiss edən Orvel (ona məxsus olan ikifikirliliklə) kommunizm tənqidini yeganə qəhrəmanlıq etiraz aktı kimi təqdim etdi. Bu gün onun ideoloji nəsli özlərini əyilməz Sol tənqidçiləri kim təqdim edərək, xəyali marksist – leninist – stalinist ordularına qarşı cəsur mübarizə apararaq eyni taktikanı davam edirlər. ABŞ-da solçular arasında, Sovet İttifaqı, öz mövcudluğunun əvvəlində uzun sürən vətəndaş müharibəsi və bir çox ölkələr tərəfindən müdaxilələrə məruz qalmış, iki onillik sonra isə öz mövcudluğu bahasına nasist canavarını məhv edən xalq haqqında rasional qiymətləndirmə yoxdur. Bolşevik inqilabından üç onillik sonra, Sovetlər kapitalizmin yüz il ərzində əldə etdiyi sənaye tərəqqisinə nail oldular. Və onlar buna öz övladlarını, kapitalistlərin etdiyi və indi də dünyanın bir çox yerlərindəki kimi gündə 14 saat fabriklərdə əzab verərək deyil, onları bəsləyərək, geyindirərək və maarifləndirərək etdilər. Sovet İttifaqı Bolqarıstan, ADR və Kuba ilə birlikdə, Nelson Mandelanın Afrika milli konqresi də daxil olmaqla, bütün dünyada milli-azadlıq hərəkatlarını həyati zəruri köməklə təmin edirdi.

Sol antikommunistlər elə davranırlar ki, guya yoxsullaşmış insan kütlələrinin kommunizm zamanı nailiyyətlərini görmürlər. Bəziləri hətta onlara qarşı nifrətlərini də ifadə edirlər. Xatırlayıram ki, bir dəfə Vermontda məşhur anarxist və antikommunist Murrey Bukçin (Murray Bookchin) mənim “kommunizm zamanı bəslənmiş yoxsul uşaqlar” haqqında qayğıma acı şəkildə fikir söyləmişdi.

Yarlıkların yapışdırılması

“Antisovetizmə mənsub olmaqdan imtina edənlərə antikommunistlər “sovet məddahkarı” və “stalinist” yarlığı yapışdırmışdılar, hətta bizim Stalini və onun avtokratik idarəetmə sistemini sevməməyimizə və mövcud Sovet İttifaqında bir çox ciddi çatışmazlıqların olduğunu hesab etməyimizə baxmayaraq. Bizim əsl xətamız o idi ki, bir çox solçulardan fərqli olaraq biz ABŞ mətbuatının kommunist cəmiyyətlər haqqında yeritdiyini qəbul etməkdən imtina edirdik. Bunun əvəzində, biz iddia edirdik ki, yaxşı reklam edilmiş çatışmazlıqlar və ədalətsizliklərə baxmayaraq, mövcud kommunist sistemində qorunmağa layiq çox şey var idi, çünki bu, yüz milyonlarla insanların həyatını ümumbəşəri və əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdı. Bu müddəa qəti surətdə sol antikommunistləri razı salmırdı, onlar heç bir kommunist cəmiyyəti haqqında müsbət söz deyə bilməzdilər (bəzən Kuba istisna olmaqla) və bu cür fikirləri dinləməyə səbirləri yox idi”.

Antikommunist ortodoksiya ilə bəsləndirilmiş ABŞ solçularının çoxu kommunist ölkələri haqqında müsbət rəy bildirən insanlara qarşı sol makkartizm tətbiq edirdilər. Onlar belə adamların konferensiyalarda, redaksiya və nəşr sovetlərində, siyasi kampaniyalarda və sol nəşrlərdə iştiraklarına imkan vermirdilər. Konservatorlar kimi, sol antikommunistlər Sovet İttifaqının stalinist yırtıcı və leninist əxlaqi pozğunluq kimi tənqidindən başqa heç nəyi qəbul etmirdilər. ABŞ  mətbuatı və ictimai həyatını dolduran geniş antikommunist təbliğata reaksiya kimi, bir çox amerikan kommunistləri və onlara yaxın olan solçular Sovet İttifaqının avtoritar yönlərinin tənqidindən imtina edirdilər. Bununla onlara qarşı belə bir ittihamlar irəli sürülürdü ki, onlar SSRİ-ni işçilər üçün “cənnət” hesab edirdilər.

ABŞ-dakı bir çox solçular Leninin əsərləri və onun siyasi bioqrafiyası ilə demək olar ki, tanış deyillər, amma bu onlara alçaldıcı “leninist” yarlık ilə əl-qol atmağa mane olmur. Antikommunist karikaturaların tükənməz mənbəyi olan Noam Xomski, məsələn, leninizmə dair belə bir şərh təklif edir.

“Qərbdə və Üçüncü dünyada intellektuallar ona görə bolşevik əksinqilaba meyl edirlər ki, leninizm – elə bir doktrinadır ki, radikal intelligentsiyanın dövlət hakimiyyətini ələ keçirməyə haqqı olduğunu deyir, belə bir ideyaya qarşı isə intellektuallar çox həssasdırlar”.

Burada Xomski hakimiyyətpərəst leninistlərin karikaturasına tamamlama kimi hakimiyyətpərəst intellektuallar obrazı yaradır, hansıları ki, ədalətsizliyə qarşı inqilabi mübarizə vasitələri deyil, özləri üçün hakimiyyət vasitələri axtarırlar. İş qırmızılara böhtan atılmasına gəldikdə isə, Sol daxilində ən yaxşı və bacarıqlılara münasibət Sağ daxilində pislərdən daha yaxşı səslənmir.

1996-cı ildə Oklahoma – sitidəki terrorist partlayışından sonra, radioda şərhçinin “Lenin demişdi ki, terrorun məqsədi terrordur” deməsini eşitmişdim. Amerikan şərhçiləri tez-tez Lenini belə yalnış tərzdə şərh edirlər.  Həqiqətdə isə, onun bəyanatı terrora qarşı idi. O, təcrid olunmuş terror aktlarına qarşı diskussiya aparırdı, hansılar ki, əhali arasında qorxu toxumları səpir, repressiyaya çağırır və inqilabı hərəkatı kütlələrdən təcrid edirdi.  Totalitar, gizli sui-qəsdçi ilə heç bir əlaqəsi olmadan, Lenin siyasi inkişafın müxtəlif səviyyələrində olan insanları birləşdirən geniş koalisiyaların və kütləvi təşkilatların yaradılmasına çağırırdı. O, sinfi mübarizənin inkişafı üçün yararlı olan hər bir vasitəni, parlamentdə və mövcud həmkarlar ittifaqında iştirak daxil olmaqla, tətbiq etməyə çağırırdı. Şübhəsizdir ki, işçi sinfinin, istənilən kütləvi qrup kimi, uğurlu inqilabi mübarizənin aparılması üçün təşkilatlanmaya və idarəetməyə ehtiyacı var idi və bu rol qabaqcıl partiyaya aid idi, amma bu o demək deyildi ki, proletar inqilabı putçist və terroristlərin əli ilə mübarizə apara və qalib gələ bilərdi.

Lenin həmişə iki ifrat münasibətdən necə qaçmaq problemini həll edirdi: burjua opportunizmi və ultrasol avantürizmi. Bununla belə, o müntəzəm olaraq mətbuat və bəzi solçular tərəfindən ultrasol putçist kimi təsvir olunur. Leninin inqilaba yanaşmasının arzuolunan və indiki günə tətbiq oluna bilən olub-olmaması məsələsi tənqidi tədqiqat tələb edir. Amma bu nəzəriyyə və praktikanı təhrif olunmuş şəkildə təqdim edən insanlar bu yanaşmanın anlaşılması üçün faydalı heç nə edə bilməzlər.

Sol antikommunizm kommunist təşkilatlarla istənilən əlaqəni “kommunizmin cinayətləri” səbəbindən qəbuledilməz hesab edir. Amma eyni zamanda bir çox solçular ABŞ  Demokratik partiyası ilə əlaqəlidirlər. Ya seçici, ya da onun üzvləri qismində. Görünür, bu təşkilatın liderləri tərəfindən görülmüş əxlaqi cəhətdən qəbuledilməz siyasi cinayətlər onları çəkindirmir. Demokratların bu və ya digər administrasiyası altında həbs düşərgələrinə 120 min yapon mənşəli amerikan atılmışdı; bir çox günahsız insan qurbanlarına səbəb olmuş Xirosima və Naqasakiyə atom bombaları atılmışdı; FTB (FBI) siyasi qrupların infiltrasiyasına icazə əldə etdi; Smit Aktı trotskist Sosialist işçi partiyasının liderlərinin, sonra isə öz siyasi baxışlarına görə ABŞ-ın Kommunist partiyası liderlərinin həbsi üçün istifadə olundu; “fövqəladə hal” vəziyyətində siyasi dissidentlərin həbsi üçün həbs düşərgələri təsis olundu; 1940-cı illərin sonunda və 1950-ci illərdə səkkiz min federal məmur öz siyasi baxışları və əlaqələrinə görə xidmətdən azad edilmişdilər, başqa minlərlə insan isə digər sahələrdə təqiblərə məruz qalmış və onların karyerası məhv edilmişdi; Neytrallıq Aktı İspan respublikasına qarşı embarqo üçün istifadə edilmiş, bununla da Frankonun faşist legionlarına kömək etmişdir; əks qiyam mübarizələrinin qırıcılıq proqramı Üçüncü dünyanın müxtəlif ölkələrində tətbiq edilmişdi; Vyetnamda müharibə aparılmışdı.  20-ci əsrin böyük bir hissəsi Konqresin demokratik  çoxluğu irqi ayırmanı müdafiə edir və işə qəbul edilmə zamanı linçləmə və diskriminasiyaya qarşı bütün layihələri rədd etmişdi. Amma bir çoxlarına ölüm və dağıntılar gətirmiş bütün bu cinayətlər liberalları, sosial-demokratları və “demokratik sosialistləri” bizim Demokratik partiyanı ya da onu yaradan siyasi sistemi şəksiz qınamağımız üçün təkid etməyə oyatmadı. Və əlbəttə ki, biz mövcud kommunizmə qarşı yönəlmiş dözümsüz qızğınlığa bənzər heç nə görmədik.

Pak sosializm və mühasirəyə alınmış sosializm

Bəzi amerikan solçularının fikrincə, Şərqi Avropadakı dramatik dəyişikliklər sosializmin məğlubiyyəti deyil, çünki sosializm bu ölkələrdə heç vaxt mövcud olmamışdır. Onlar deyirlər ki, kommunist dövlətləri bürokratik, bir partiyalı “dövlət kapitalizmindən” və ya bu qəbildən bir şeydən başqa heç nə təklif etmirdilər. Biz sabiq kommunist ölkələrini “sosialist” adlandıracağıqmı, bu tərif məsələsidir. Bunu demək kifayətdir ki, onlar kapitalizm sisteminin mənfəətə yönəlmiş dünyasında mövcud olanlardan daha fərqli bir şey idilər.  Kapitalistlərin özləri də bunu uzatmadan etifar etdilər.

Birincisi. Kommunist ölkələrində kapitalizmdə olduğundan daha az iqtisadi qeyri-bərabərlik var idi. Partiya və hökumət elitasının malik olduğu üstünlüklər qərblə müqayisədə çox mütəvazi idi. Eyni şeyi şəxsi gəlir və həyat səviyyəsi haqqında da demək olar. Yuri Andropov və Leonid Brejnev kimi sovet liderləri Ağ Ev tipində olan dəbdəbəli malikanələrdə deyil, hakimiyyət liderləri üçün ayrılmış çoxmənzilli evlərin müqayisəcə daha böyük mənzillərində yaşayırdılar. Onların sərəncamında limuzinlər (bir çox dövlət rəhbərlərində olduğu kimi) və xarici qonaqların qəbul edildiyi böyük hökumət bağ evləri var idi. Amma onların heç birinin ABŞ rəhbərlərinin çoxunun malik olduğu böyük şəxsi sərvətləri yox idi.

ADR (Almaniya Demokratik Respublikası) partiya rəhbərlərinin zövq aldığı və ABŞ mətbuatında bu qədər işıqlandırılan “dəbdəbə” möhkəm valyuta ilə ildə 725 dollardan və Berlin ətrafında bağlı kompleksdə yaşayış yerindən ibarət idi, burada sauna, bağlı hovuz və bu kompleksin bütün sakinlərinin istifadə etdiyi idman zalı var idi. Onların da həmçinin banan, cins və yapon elektronikası kimi qərb mallarının satıldığı mağazalarda alış-veriş etmə imkanları var idi. Amerikan mətbuatı heç vaxt qeyd etmirdi ki, ADR-in sıravi vətəndaşları da ictimai hovuzlardan və idman zallarından  istifadə edir, cins və elektronika alırdılar (halbuki adətən idxal edilməyəni).  Və bu mətbuat heç vaxt ADR rəhbərliyinin “dəbdəbəsi” və qərb plutokratiyasının dəbdəbəli həyat tərzi arasında müqayisə aparmırdı.

İkincisi, kommunist ölkələrində istehsal gücləri kapitalist mənfəətinin əldə edilməsi və şəxsi varlanma üçün təşkil edilməmişdi; istehsal vasitələri üzərindəki ictimai mülkiyyət şəxsi mülkiyyəti əvəz edirdi. Ayrı-ayrı şəxslər digər insanları muzdla götürə bilməz və onların əməyi hesabına böyük sərvət toplaya bilməzdi. Təkrar edim: qərb standartları ilə müqayisədə gəlirlərdə və əmanətlərdəki fərq ümumiyətlə böyük deyildi. İşləyənləri aşağı və yüksək kateqoriyaları arasında bu təxminən 1 və 5 təşkil edirdi. ABŞ-da multimilyarderlər qrupu ilə işləyən yoxsullar arasındakı illik gəlirlərdəki fərq 10 000 və 1 təşkil edir.

Üçüncüsü, üstünlük sosial təminata verilirdi. Kommunizmdə həyat yaxşı olmasa da və bu təminatın keyfiyyəti orta səviyyəli olmasına baxmayaraq, kommunist ölkələri öz vətəndaşlarına iqtisadi sağ qalmanın və təhlükəsizliyin, həmçinin təhsil, səhiyyə, yaşayış və tibbi xidmətin müəyyən minimal səviyyəsini təmin edirdi.

Dördüncüsü, kommunist ölkələri digər ölkələrə öz kapitalının nüfuz etməsi məqsədini güdmürdülər. Mənfəət dalınca qaçmaq hərəkətverici qüvvə olmadığına və onlara həmişə kapitalın yeni investisiya imkanları axtarmaq lazım olmadığına görə, onlar daha zəif xalqların torpağını, işçi qüvvəsini, bazarlarnı və təbii resurslarını ekspropriasiya etmirdilər. Başqa cür desək, onlar iqtisadi imperializmi tətbiq etmirdilər. Sovet İttifaqı ümumiyyətcə Şərqi Avropa, Monqolustan, Kuba və Hindistan üçün sərfəli şərtlərlə ticarət edir və iqtisadi yardım proqramları təqdim edirdi.

Yuxarıda deyilənlərin hamısı bu və ya digər dərəcədə hər bir kommunist sistemin təşkiledici prinsipləri idilər.  Onlardan heç biri Honduras, Qvatemala, Tailand, Cənubi Koreya, Çili, Zair, İndoneziya, Almaniya və ABŞ kimi kapitalist ölkələrə aid edilə bilməz.

Amma tənqidçilər iddia edirlər ki, əsl sosializm inqilabı satan leninistlər, stalinistlər, kastroistlər və digər qərəzli, hakimiyyətpərəst, bürokratik şərəfsizlərlər dəstəsi tərəfindən idarə olunmaq deyil, işçilərin özlərinin nəzarəti altında onların idarəetmədə birbaşa iştirakı ilə olardı. Təəssüf ki, “pak sosializmin” bu nəzər nöqtəsi tarixi deyil və buna görə də təkzib edilə bilməz; onu həqiqi tarixlə yoxlamaq olmaz. Bu yanaşma idealı qeyri-mükəmməl həqiqətlə müqayisə edir və həqiqət təbii olaraq məğlub olur. “Pak sosialistlər” sosializmin mövcud olan dünyadan müqayisəolunmaz dərəcədə daha yaxşı olacağı dünyanı təsəvvür edirlər. O dünyada ki, nə güclü dövlət strukturlarına, nə onların tələb etdiyi təhlükəsizlik gücləri lazım olmayacaq, cəmiyyəti rekonstruksiya etmək və onu müdaxilədən və daxili sabotajdan qorumaq üçün işçilər tərəfindən istehsal olunan dəyər hissəciklərini ekspropriasiya etmək lazım gəlməyəcək.

“Pak sosialistlərin” ideoloji bəsirətləri təcrübə ilə ləkələnməmiş olaraq qalır. Onlar izah etmirlər ki, inqilabi cəmiyyətin çoxobrazlı funksiyaları necə təşkil olunacaq, xaricdən hücumlar və daxili sabotaj necə dəf ediləcək, bürokratiyanın yaranmasının qarşısı necə alınacaq, qıt resurslar necə paylaşdırılmalıdır, siyasi fikir ayrılıqlarını necə qaydasına salmaq olar, prioritet olan necə seçilməlidir və istehsal və bölgü necə təşkil olunmalıdır. Bunun əvəzində onlar işçilərin birbaşa istehsal vasitələrinə malik olması və idarə etməsi, yaradıcı mübarizə prosesində öz qərarlarını necə verəcəkləri haqqında dumanlı bəyanatlar verirlər. Buna görə də təəccüble deyil ki, “pak sosialistlər” istənilən inqilabı dəstəkləyirlər… qalib gəldiklərindən başqa.

“Pak sosialistlər” yeni cəmiyyət görüntüsünü təbliğ edirlər, hansını yeni insanlar yaradacaq, bu cəmiyyət öz əsaslarında o qədər kökündən dəyişdirilmiş olacaq ki, orada yaramazlığa, korrupsiyaya və hakimiyyətdən sui-istifadəyə yer olmayacaq. Orada bürokratiya və eqoist dəstələr olmayacaq, amansız münaqişələr və çətin, əzab gətirən qərarlar olmayacaq.  Və həqiqət bu ideallardan fərqli və daha inadkar olduğunda, bəzi solçular bu həqiqəti ittiham etməyə başlayırlar və elan edirlər ki, bu və digər inqilab onlara xəyanət edib.

“Pak sosialistlər” sosializmi kommunistlərin satqınlığı, riyakarlığı və hakimiyyətpərəstliyi tərəfindən kirləndirilmiş ideal kimi görürlər. “Pak sosialistlər” sovet modelini qəbul etmirlər, amma xəyal ilə deyil, tarixi təcrübə vasitəsilə yaradılmış digər yolların, digər sosializm modellərinin mövcudluğu mümkünlüyü – onun sağ qalma və daha yaxşı işləmə mümkünlüyü haqqında az dəlillər təklif edirlər.  Həmin tarixi şəraitdə açıq, plüralist, demokratik sosializm mümkün idi? Tarixi faktlar göstərir ki, deyildi. Siyasi filosof Karl Şamez yazır:

“Sol tənqidçilər haradan bilirlər ki, fundamental problem, deyək ki, bütün müstəqil iqtisadiyyatları və milli suverenlikləri məhv edən kapitalın qlobal konsentrasiyası deyil, hakim [inqilabi] partiyanın “təbiəti” idi?  Olduğu qədərilə də, bu “təbiət” haradan yaranmışdı?  O, cəmiyyətin özündən, ona təsir edən ictimai münasibətlərdən ayrı, təcrid olunmuş şəkildə mövcud idi? … Minlərlə nümunə gətirmək olar ki, hakimiyyətin təmərküzləşməsi sosialist münasibətlərin təmin etmək və qorumaq üçün zəruri seçim idi. Mənim [mövcud kommunist cəmiyyətlərini] müşahidələrimə görə, “sosializm” müsbətləri  “bürokratiya, avtoritarlıq və qəddarlığın” mənfiləri həyatın bütün sferalarında bir-birinə qarşılıqlı nüfuz etmişdir.”

Pak sosialistlər Solun özünü onun hər bir məğlubiyyətinə görə günahlandırırlar. Onların izahat arsenalı sonsuz dərəcədə müxtəlifdir. Gah eşidirik ki, inqilabi mübarizə ona görə məğlubiyyətə uğrayıb ki, onun liderləri çox uzun müddət gözləmişlər ya da tələsik hərəkət etmişlər, gah ona görə ki, onlar çox səbrsiz, çox inadkar və dəyişkəndirlər. Biz eşidirik ki, inqilab liderləri kompromis və avantürizmə, büroktarizm və opportunizmə meyllidirlər, onlar çox sərt ya da çox zəif təşkilatlanmışlar, qeyri-demokratikdirlər ya da güclü rəhbərliyi təmin edə bilmirlər. Amma bu liderlər həmişə ona görə məğlub olurlar ki, onlar işçilərin özünün “birbaşa fəaliyyətinə” güvənməmişlər, hansılar ki, əgər həmin bu sol tənqidçilərin təmin edə biləcəyi rəhbərlik altında olsalar, istənilən çətinliklərə tab gətirə və qalib gələ bilərlər. Təəssüf ki, bu tənqidçilər öz inqilabi dahiliklərini tətbiq edə bilmirlər və öz ölkələrində uğurlu inqilabi hərəkatlar yaratmağa qabil deyilmişlər kimi görünürlər.

Tonni Febo pak sosialistlərin “rəhbərlik günahkardır” adlı bu sindromunu şübhə altına alır:

“Mənə elə gəlir ki, Lenin, Mao, Fidel Kastro, Daniel Orteqa, Xo Şi Min və Robert Muqabe kimi bacarıqlı, müxtəlif, sadiq və cəsarətli insanlar onların arxasınca gedən və onların rəhbərliyi altında mübarizə aparan minlərlə cəsarətli insan – demək olar ki, eyni yerə gəlib çıxırlarsa, bunun arxasında kimin hansı iclasda hansı qərarı qəbul etməsindən daha böyük bir şey dayanır. Və ya hətta iclasdan sonra onların hansı ölçülü evə getmələrindən də…

Bu liderlər boşluqda deyildilər. Onlar qasırğanın içində idilər. Və qasırğanın onları fırladan və çəkib dartan qüvvəsi bizim planetimizi artıq 900 ildən çoxdur ki, fırladır və məhv edir. Buna görə günahı bu və ya digər nəzəriyyənin, bu və digər liderin üstünə atmaq, Marksizmin də çağırdığı kimi, primitiv təhlil dəyişməsidir.”

Demək lazımdır ki, pak sosialistlər həmişə konkret fəaliyyət planından məhrum deyillər. Sandinistlər Nikaraquada Somoza diktaturasını yıxdıqdan sonra, bu ölkədəki bir ultrasol qrup şirkətlərinin birbaşa işçilər tərəfindən idarə edilməsinə səsləyirdi.  Silahlı işçilər istehsalın idarəsini  öz əllərinə almalı idilər, amma bu zaman menecerlərin, dövlət planlayıcılarının, bürokratların və professional hərbçilərin malik olduqlar rifah və üstünlükləri əldə etmədən. Bu çağırışı izləməklə, Nikaraquada inqilab ABŞ-ın arxasında durduğu ölkəni boşaldan əksinqilabın təzyiqi altında iki ay da dözə bilməzdi. İnqilab ordunu qova, daxili düşmənlərə qarşı təhlükəsizliyi təmin edə, milli miqyasda iqtisadi proqramlar və sosial xidmətləri yerinə yetirə və koordinasiya edə bilməzdi.

Desentralizasiya və ya sağ qalma

Xalq inqilabının sağ qalması üçün o, dövlət hakimiyyətini ələ keçirməli və onu istifadə etməlidir ki, 1) cəmiyyətin institutları və resurslarına sahib olan sinfin müqavimətini qırsın, və 2) qaçılmaz olan irticanın hücumlarını dəf edə bilsin. İnqilaba daxili və  xarici təhdidlər dövlət hakimiyyətinin təmərküzləşməsini zəruri edir ki, bunu heç kim xüsusilə sevmirdi və sevmir, nə 1917-ci il Sovet Rusiyasında, nə də 1980-ci ildə sandinist Nikaraquasında.

Engels 1872 – 1873-cü illər qiyamının uğurlu təsəvvürünü təklif edir. İspaniyada anarxistlər bütün ölkə üzrə bələdiyyə hakimiyyətini zəbt edən zaman. Əvvəlcə vəziyyət vədedici idi. Kral taxtdan əl çəkmişdi və burjua hökuməti sadəcə bir neçə min zəif təlimləndirilmiş əsgər yığa bilmişdi. Buna baxmayaraq, bu qarışıq ordu qalib gəldi, çünki kobud, pərakəndə qiyamla qarşı qarşıya idi. “Hər bir şəhər özünü suveren kanton elan etdi və inqilabi komitə formalaşdırdı (xunta) – Engels yazırdı. “Hər şəhər öz iradəsilə hərəkət edirdi, bəyan edirdi ki, vacib olan, digər şəhərlərlə əməkdaşlıq deyil, onlardan ayrılmaqdır və bununla da ortaq hücum imkanını istisna edirdi [burjuaziyanın gücünə qarşı]”.  Nəticədə məğlubiyyətin səbəbi, “dövlət ordusuna qiyamları ard-arda əzməyə imkan verən inqilabı qüvvələrin fraqmentasiyası və təcridi” oldu.

Desentralizasiya edilmiş əyalət muxtariyyəti qiyamın qəbridir və bu da heç vaxt anarxo-sindikalist inqilabın olmamasının səbəblərindən biridir. İdealda, minimal bürokratiyası, polisi və ordusu olan yerli işçi özünüidarəsinin olması möhtəşəmdir. Yəqin ki, sosializmin inkişafı da elə olardı, əgər sosializmə əksinqilabi hücumlar və təxribatçılıq fəaliyyəti tərəfindən maneələrsiz inkişaf etməyə icazə verilsəydi.

1918 – 1921-ci illərdə ABŞ daxil olmaqla 14 kapitalist ölkənin qanlı, amma baş tutmamış cəhdlə bolşeviklərin inqilabi hakimiyyətini yıxmaq üçün Sovet Rusiyasına soxulmasını yada salmaq olar. Xarici və vətəndaş intervensiyası illəri bolşeviklərin ciddi partiya nizam və repressiv gizli polis tələbləri ilə onların müdafiə psixologiyasının güclənməsi üçün çox vacib idi. Belə ki, 1921-ci il mayında, əvvəllər partiya daxili demokratiyanı həvəsləndirən və həmkarlar ittifaqına daha çox muxtarlıq vermək üçün Trotskiyə qarşı çıxan Lenin, (1) indi İşçi müxalifətinə və partiyadakı digər fraksiya qruplarına son qoymağa çağırırdı. “Artıq indi müxalifət üçün son gəlib, bəsdir artıq bizə müxalifət!” –  Lenin Onuncu qurultayda alqışlar altında dedi. Kommunistlər belə bir nəticəyə gəldilər ki, partiya daxilində və xaricində açıq disputlar və müxalif axınlar parçalanma, zəiflik görünüşü yaradırdılar, bununla da acıqlı düşmənləri hücumlara təhrik edirdilər.

Təkcə bir ay əvvəl, 1921-ci ildə Lenin Partiyanın Mərkəzi Komitəsində işçilərin sayının artırılmasın çağırdı.  Başqa cür desək, onun mövqeyi işçilərə qarşı yox, müxalifətə qarşı idi. Bu elə sosial inqilab idi ki, burada, başqalarında olduğu kimi, öz siyasi və maddi həyatını maneəsiz inkişaf etdirməyə imkan verilmirdi. (2)

1920-ci illərin sonuna Sovetlərin iki seçimi var idi: a) daha sıx təmərküzləşməyə, inzibati – amirlik sisteminə, məhdudiyyətsiz hakimiyyətə malik partiya rəhbərliyinin idarəsi altında məcburi aqrar kollektivizasiya və sürətləndirilmiş sənayeləşdirməyə, Stalinin seçdiyi yol istiqamətində getmək və b) daha çox siyasi müxtəlifliyə icazə verməklə, həmkarlar ittifaqına və digər təşkilatlara daha çox muxtariyyət verməklə, daha açıq müzakirələr, diskussiyalar və tənqidlər etməklə, müxtəlif sovet respublikalarına daha çox muxtariyyət verməklə, şəxsi və kiçik biznesə, kənd təsərrüfatının kəndlilər tərəfindən azad inkişafına icazə verməklə,  daha az intensiv şəkildə güclü hərbi – sənaye bazasının yaradılması üçün zəruri olan kapital yığımı hesabına istehlak mallarının istehsalına təkan verməklə liberalizasiya istiqamətində hərəkət etmək. “Pullar su kimi axırdı, insanlar donurdular, aclıq çəkirdilər, əzab çəkirdilər, amma tikinti fərdi insana qarşı laqeydlik və tarixdə az rastlanan kütləvi qəhrəmanlıqla davam edirdi”. (3)

Əgər bu son kurs seçilsə idi, düşünürəm ki, o, cəmiyyət üçün daha rahat, daha insani və yararlı həyata gətirib çıxarardı. Mühasirəyə alınmış sosializm əvəzində işçilərin – istehlakçıların sosializmi olardı. Yeganə problem ondadır ki, bu zaman ölkə nasistlərin hücumlarına qarşı qoymaq üçün gücü çatmazdı. Bunun əvəzində Sovet İttifaqı energik məcburi sənayeləşmə yolu ilə getdi. Bu yol tez-tez Stalin tərəfindən xalqa qarşı törədilmiş cinayətlərdən biri hesab edilir.(4) Əsasən bu sənayeləşmə, 10 il ərzində, Uraldan şərq istiqamətdə çöllərin ortasında tamamilə yeni nəhəng sənaye bazasının yaradılmasını nəzərdə tuturdu ki, Qərbdən hücumun əvvəlcədən sezilməsi ilə Avropada olan ən böyük dəmirtökmə kompleksi tikilmişdi.

Stalinin, Britaniyanın 100 il ərzində nail olduğuna nail olmaq üçün Sovet İttifaqının 10 il müddəti olması fikri gerçək oldu. 1941-ci ildə nasistlər hücum edən zaman, cəbhə xəttindən min mill məsafədə möhkəm şəkildə qorunan bu sənaye bazası silah hazırlayırdı, nəticədə isə onları əksinə çevirdi. Sağ qalmanın bədəli müharibədə həlak olan 22 milyon sovet vətəndaşı və saysız-hesabsız dağıntı və əzablar idi ki, bunların nəticələri sovet cəmiyyətini 10 illiklər üçün təhrif etdi.

Buradan demək olmaz ki, Stalinin etdiyi hər şey tarixi zərurət idi. İnqilabın sağ qalması üçün yerinə yetirilən ifrat zərurətlər yüzlərlə bolşevik liderlənin qəddarcasına edam edilməsini, hər bir inqilabi uğuru öz uğuru kimi qələmə verən ali rəhbər şəxsiyyətinə pərəstişi, siyasi həyatın terror vasitəsilə sıxışdırılmasını, sənayeləşmənin və kollektivizasiyanın sürətinə dair debatların susdurulmasını, intellektual və mədəni həyata ideoloji nəzarəti və “şübhəli” xalqların kütləvi deportasiyasını “zəruri etmirdi”.

Əksinqilabi hücumların inqilabi cəmiyyətin xarakterinə təsirini digər ölkələr də öz üzərlərində hiss etmişlər.  1986-cı ildə Vyanada qarşılaşdığım zabit – sandinist qeyd etdi ki, nikaraqualılar “mübariz xalq” deyildilər, amma onlar mübarizə aparmağı öyrənməli idilər, çünki ABŞ tərəfindən dəstəklənən muzdlular tərəfindən törədilən dağıdıcı müharibə ilə qarşılaşmışdılar. O hərarətlə deyirdi ki, müharibə və embarqo onun ölkəsini özünün bir çox iqtisadi – sosial planlarını kənara qoymağa vadar etdi. Eyni şey, Mozambikdə, Anqolada və digər ölkələrdə də baş verdi ki, burada ABŞ tərəfindən maliyyələşdirilən muzdlu qüvvələr kənd təsərrüfatı yerlərini, kəndləri, tibb mərkəzlərini və elektrik stansiyalarını məhv edir, bununla da minlərlə insanı öldürür və aclığa düçar edirdi. Beləcə, inqilabın övladı öz beşiyindəcə məhv edilirdi və ya tanınmaz hala salınırdı.  Bu həqiqət azı bu və ya digər inqilabi cəmiyyətdə dissidentlərin əzilməsi halları ilə bərabər tanınmalıdır.

Şərqi Avropa və SSRİ-də kommunist hakimiyyətlərinin devrilməsi bir çox sol intellektuallar tərəfindən müsbət qarşılanırdı. İndi, onlar deyirdilər ki, demokratiya gələcək. İnsanlar kommunizmin əsarətindən qurtulacaq və ABŞ-dakı solçular özlərini mövcud kommunizmin albatrosundan və ya sol nəzəriyyəçi Riçard Lixtmanın dediyi kimi, “Sovet İttifaqı inkubusundan və kommunist Çinin sukkubusundan qurtulmuş” hiss edəcəklər.

Həqiqətdə isə, Şərqi Avropada kapitalizm bərpası Üçüncü Dünya ölkələrindəki  Sovet İttifaqından kömək alan çoxsaylı azadlıq hərəkatlarını ciddi şəkildə zəiflətdi və bütün planetdə ABŞ əksinqilabçıları ilə çiyin-çiyinə çalışan bir sıra sağ rejimlərin mövcudluğuna təkan verdi.

Buna əlavə olaraq, kommunizmin devrilməsi qərb kompaniyalarının qeyri-məhdud istismar həvəsinə yaşıl işıq yandırdı. Onlar artıq öz işçilərini inandırmaq məcburiyyətində deyillər ki, onlar Rusiyadakı qardaşlarından daha yaxşı yaşayırlar, onlar artıq rəqabət aparan sistemin mövcudluğu səbəbi ilə özlərini müəyyən çərçivədə saxlamaq məcburiyyətində deyillər. Buna görə də kapitalist sinif indi çoxillik mübarizə nəticəsində əldə edilmiş bir çox qələbələri Qərb işçilərinin əlindən alır. İndi, kapitalizmin ən bədxassəli formasının Şərqdə yerləşdiyi zamanda o, Qərbdə də qələbə çalacaq. “İnsani üzlü kapitalizm”in yerini “in your face kapitalizm” alır. Riçard Levinsin ifadəsinə görə: “dünya kapitalizminin yeni, həyatsevər aqressivliyində indi biz kommunizm və onun tərəfdarlarını  qovmaq istəyini görürük”. (Monthly Review, 9/96)

Kommunist ölkələrinin, qərb kapitalizmi və imprealizminin ən pis instinktlərinin qarşısının alınmasındakı rolunu dərk etməyərək və kommunizmi başdan-ayağa zülm kimi qəbul edən sol antikommunistlər bizi gözləyən itkiləri qabaqcadan görə bilmədilər.  Onlardan bəziləri hələ də bunu başa düşmür.

Qeydlər:

1.      Trotski bolşeviklərin ən avtoritar liderlərindən, təşkilati avtonomiyaya, görüşlərin fərqliliyinə və partiya daxili demokratiyaya qarşı daha az dözümlü olan liderlərdən idi. Amma 1923-cü ilin payızında Stalin və digərlərinin onu qabaqladığını gördükdə, Trotski partiya həyatının açıqlığına və işçi demokratiyasına qarşı qəfil bağlılıq göstərməyə başladı. O zamandan bəri onu antistalinist demokrat kimi mədh edirlər.

2.      1921-ci ilə qədərki bir neçə il haqqında Stefen Koen yazırdı: “Vətəndaş müharibəsi və hərbi kommunizm partiya və yeni yaranan siyasi sistemi dərindən dəyişdirdi. Digər sosialist partiyaları Sovetlərdən qovulmuşdular. Kommunist partiyasının özündə isə “demokratik normalar… onun libertar və reformist obrazı kimi” öz yerini “möhkəm avtoritarizmə və hər şeyə nüfuz edən militarizmə” verdi.  Böyük hissəsi yerli şuraların və fabrik komitetlərinin əlində olan nəzarət onların əlindən alındı. Bolşevik liderlərindən birinin sözlərinə görə: “Bizim respublikamız – silahlanmış düşərgədir”. Bukharin and the Bolshevik Revolution (New York: Oxford University Press, 1973), 79.

3.      John Scott, Behind the Urals, an American Workers in Russia’s City of Steel (Boston: Houghton Mifflin, 1942).

4.      Bu tip saysız – hesabsız bəyanatlardan  yalnız birini misal çəkəcəyəm.  Bu yaxınlarda Rocer Burbax Stalini “Sovet İttifaqını heç nəyə baxmadan sənayeləşmə yolu ilə qovalamaqda” günahlandırdı. Onun yazışmasına baxmalı, Monthly Review, March 1996, 35.

                         (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:13341