abunə ol: Yazılar | Şərhlər | Еmail

Lenin – Dövlət və İnqilab (I fəsil)

Şərh

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın müqəddiməsi və ilk fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu dünya tarixini dəyişən kitablardandır.

DÖVLƏT VƏ İNQİLAB     V.İ.Lenin (1917)

DÖVLƏT HAQQINDA MARKSİZM TƏLİMİ VƏ İNQİLABDA PROLETARİATIN VƏZİFƏLƏRİ

Birinci nəşrə müqəddimə

Dövlət məsələsi hazırda həm nəzəri, həm də əməli-siyasi cəhətlərdən xüsusi əhəmiyyət kəsb edir. İmperialist müharibəsi inhisarçı kapitalizmin dövlət-inhisar kapitalizminə çevrilməsi prosesini son dərəcə surətləndirmiş və kəskinləşdirmişdir. Qüdrətli kapitalist ittifaqları ilə get-gedə daha sıx birləşən dövlətin zəhmətkeş kütlələrə etdiyi dəhşətli zülm getdikcə daha dəhşətli şəkil alır. Qabaqcıl ölkələr — biz onların “cəbhə arxasını” nəzərdə tuturuq — fəhlələr üçün hərbi katorqa habsxanalarına çevrilir.

Uzanmaqda olan müharibənin eşidilməmiş dəhşətləri və fəlakətləri kütlələrin vəziyyətini dözülməz bir hala salır, onların hiddətini artırır. Aşkar surətdə beynəlxalq proletar inqilabı güclənir. Onun dövlətə münasibəti məsələsi əməli əhəmiyyət kəsb edir.

On illər boyu davam edən nisbətən dinc inkişaf dövründə toplanmış opportunizm ünsürləri bütün dünyanın rəsmi sosialist partiyalarında hökm sürən sosial-şovinizm cərəyanı yaratmışdır. Sözdə sosializm, işdə isə şovinizm olan bu cərəyanın (Rusiyada Plexanov, Potresov, Breşkovskaya, Rubanoviç, sonra azacıq üstüörtülü şəkildə cənab Sereteli, Çernov və Kº-sı; Almaniyada Şeydeman, Legin, David və başqaları; İngiltərədə Haydman və fabiçilər və i. a. və i. a.) xüsusiyyəti ondan ibarətdir ki, “sosializm başçıları” yalnız “öz” milli burjuaziyasının mənafeyinə deyil, məhz “öz” dövlətinin mənafeyinə də alçaq bir yaltaqlıqla uyğunlaşır, çünki böyük dövlət deyilən dövlətlərin çoxu bir sıra kiçik və zəif xalqları artıq çoxdan bəri istismar edir və əsarət altında əzməkdədir. İmperialist müharibəsi isə məhz belə bir qəniməti bölüşdürmək və yenidən bölüşdürmək ustündə aparılan müharibədir. “Dövlət” haqqında opportunist mövhumatlarına qarşı mübarizə aparmadan zəhmətkeş kütlələri ümumiyyətlə burjuaziyanın və xüsusilə imperialist burjuaziyanın təsirindən xilas etmək uğrunda mübarizə aparmaq mümkün deyildir.

Biz əvvəlcə Marksın və Engelsin dövlət haqqında təlimini gözdən keçirərək, bu təlimin unudulmuş və ya opportunistcəsinə təhrif edilmiş cəhətləri üzərində xüsusilə ətraflı dayanırıq. Sonra biz həmin təlimi təhrif edənlərin başlıca nümayəndəsi və hazırkı mühatibə zamanı çox acınacaqlı dərəcədə iflas etmiş ikinci İnternasionalın (1889—1914-cü illər) ən məşhur başçısı olan Karl Kautskidən ayrıca danışacağıq. Nəjayət, biz 1905-ci il və xüsusilə 1917-ci il rus inqilablarının təcrübəsinin başlıca yekununu verəcəyik. 1917-ci il inqilabı, yəqin ki, indi (1917-ci avqustun əvvəllərində) öz inkişafının birinci dövrünü qurtarmaqdadır, lakin ümumiyyətlə bütün bu inqilab imperialist müharibəsinin doğurduğu sosialist proletar inqilabları silsiləsinin ancaq bir halqası kimi başa düşülə bilər. Beləliklə, proletariatın sosialist inqilabının dövlətə münasibəti məsələsi yalnız əməli-siyasi əhəmiyyəti olan bir məsələ deyil, həm də günün ən vacib məsələsi əhəmiyyətini alır, çünki bu, kapitalın zülmündən xilas olmaq üçün kütlələrin ən yaxın gələcəkdə nə etməli olacaqlarını onlara izah etmək məsələsidir.

Müəllif

Avqust 1917-ci il

İkinci nəşrə müqəddimə

Bu ikinci nəşr, demək olar, heç bir dəyişiklik edilmədən çap olunur. Yalnız II fəslə 3-cü paraqraf əlavə edilmişdir.

Müəllif

Moskva

17 dekabr 1918-ci il

I FƏSİL SİNİFLİ CƏMİYYƏT VƏ DÖVLƏT

1. DÖVLƏT — SİNFİ ZİDDİYƏTLƏRİN BARIŞMAZLIĞI MƏHSULUDUR

İnqilabçı mütəfəkkirlər və məzlum siniflərin başçıları azadlıq uğrunda mübarizə aparırkən tarixdə dəfələrlə onların təlimlərinin başına gələnlər indi Marksın təliminin başına gəlir. Böyük inqilabçıların sağlığında zalım siniflər onları daim təqib etmiş, onların təlimini ən vəhşi bir ədavətlə, ən azğın bir nifrətlə, ən həyasız yalan və iftiralarla qarşılamışlar. Öləndən sonra onları zərərsiz bir ikonaya çevirməyə, necə deyərlər, müqəddəsləşdirməyə çalışır, məzlum siniflərə “təsəlli” vermək və onları aldatmaq üçün həmin şəxslərin adını müəyyən dərəcə şöhrətləndirməyə cəhd edərək, inqilabi təlimin məzmununu çıxarıb atır, onun inqilabi kəskinliyini kütləşdirir, onu bayağılaşdırırlar. İndi burjuaziya və fəhlə hərəkatı içərisindəki opportunistlər marksizm üzərində bu cür “əməliyyat aparmaqda” birləşirlər. Təlimin inqilabi cəhətini, onun inqilabi ruhunu unudurlar, çıxarıb atırlar, təhrif edirlər. Burjuaziya üçün əlverişli olan və ya əlverişli görünən cəhətləri ön sıraya keçirir, tərifləyirlər. İndi bütün sosial-şovinistlər “marksistdilər”, sizə zarafat gəlməsin! Buna görə də, hələ dünənədək marksizmi məhv etmək mütəxəssisi olan alman burjua alimləri, indi tez-tez “milli alman” Marksından danışıb deyirlər ki, guya Marks, soyğunçuluq müharibəsi aparmaq üçün bu qədər gözəl təşkil edilmiş olan fəhlə ittifaqları yetişdirmişdir.

Vəziyyət belə ikən, marksizm eşidilməmiş bir miqyasda təhrif edilirkən, bizim vəzifəmiz ən əvvəl Marksın dövlət haqqında həqiqi təlimini bərpa etməkdir. Bunun üçün Marksın və Engelsin öz əsərlərindən bir sıra uzun sitatlar gətirmək lazımdır. Əlbəttə, uzun sitatlar şərhi ağırlaşdıracaq və onun və onun sadə olmasına zərrə qədər kömək etməyəcəkdir. Lakin bu sitatları gətirmədən keçinmək qətiyyən mümkün deyildir. Marksın və Engelsin əsərlərindən dövlət məsələsinə aid bütün yerləri və ya heç olmazsa bütün mühüm yerləri mümkün qədər tam bir şəkildə hökmən göstərmək lazımdır ki, oxucu elmi sosializm banilərinin baxışlarının məcmusu haqqında və bu baxışların inkişafı haqqında müstəqil bir təsəvvür hasil edə bilsin, habelə bu baxışların indi hökm sürən “kautskiçilik” tərəfindən təhrif olunduğu sənədlərlə sübut edilsin və ya əyani surətdə göstərilsin.

Fr. Engelsin ən çox yayılmış və hələ 1894-cü ildə Ştutqartda 6-cı nəşri çıxmış “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərindən başlayaq. Biz gətirəcəyimiz sitatları alman orijinallarından tərcümə etməli olacağıq, çünki bunların rusca tərcümələri, nə qədər cox olsa da, əksərən ya natamamdır, ya da olduqca yarıtmazdır.

Engels öz tarixi təhlilinə yekun vuraraq deyir:

“Dövlət heç də cəmiyyətə kənardan qəbul etdirilən bir qüvvə deyildir. Dövlət, habelə, Hegelin iddiya etdiyi kimi, heç də “mənəvi ideyanın gerçəkliyi”, “zəkanın surəti və gerçəkliyi” deyildir. Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur; dövlət bunun etiraf edilməsidir ki, həmin cəmiyyət öz həlledilməz ziddiyəti içərisində dolaşıb qalmışdır, o, elə barışmaz əksliklərə parçalanmışdır ki, bunlardan xilas olmağa acizdir. Bu əksliklərin, iqtisadi mənafeyi bir-birinə zidd olan olan siniflərin səmərəsiz mübarizədə bir-birini və cəmiyyəti udmaması üçün, görünür, cəmiyyətdən yüksəkdə duran bir qüvvə, toqquşmanı məhdudlaşdıra biləcək, onu “qayda-qanun” çərçivəsində saxlaya biləcək bir qüvvə lazım olmuşdur. Cəmiyyətdən törəyən, lakin özünü cəmiyyətdən yüksək tutan, özünü cəmiyyətdən getdikcə daha çox dərəcədə ayıran həmin qüvvə dövlətdir” (almanca altıncı nəşrinin 177-178 səhifələri).

Dövlətin tarixi rolu və əhəmiyyəti məsələsi haqqında marksizmin əsas ideyası burada tamamilə aydın ifadə olunmuşdur. Dövlət sinfi ziddiyətlərin barışmazlığı məhsulu və təzahürüdür. Sinfi ziddiyyətlər harada, nə zaman və nə dərəcədə obyektiv surətdə barışdırıla bilmirsə, dövlət də orada, o zaman və o dərəcədə meydana gəlir. Və əksinə: dövlətin mövcud olması sübut edir ki, sinfi ziddiyətlər barışmazdır.

Marksizm məhz bu ən mühüm və əsas məsələdə təhrif edilməyə başlanmışdır və onun təhrif olunması iki başlıca xətlə gedir.

Bir tərəfdən, şəksiz tarixi faktların təzyigi altında dövlətin ancaq sinfi ziddiyyətlər və sinfi mübarizə olan yerdə mövcud olduğunu etiraf etməyə məcbur olan burjua ideoloqları və xüsusilə xırda burjua ideoloqları Marksı elə “təshih edirlər” ki, dövlət sinifləri barışdıran bir orqan olur. Marksa görə , sinifləri barışdırmaq mümkün olsaydı, dövlət nə meydana gələ bilər, nə də yaşaya bilərdi. Meşşan və filister professorların və publisistlərin dediklərindən — çox vaxt öz aləmlərində Marksa xeyirxahlıqla istinad etməklə! — belə çıxır ki, dövlət sinifləri məhz barışdırır. Marksa görə, dövlət — sinfi hökmranlıq orqanıdır, bir sinfin başqa sinfə zülm etmək orqanıdır, siniflər arasında toqquşmanı məhdudlaşdıraraq, bu zülmü qanuni şəklə salan və möhkəmləndirən “qayda-qanun” yaradılmasıdır. Xırda burjua siyasətçilərinin fikrincə qayda-qanun — bir sinfin başqa sinfə zülm etməsi deyil, siniflərin məhz barışdırılmasıdır; onların fikrincə, toqquşmanı məhdudlaşdırmaq — zalımların devrilməsi uğrunda müəyyən mübarizə vasitələrini və üsullarını məzlum siniflərin əlindən almaq deyil, sinifləri barışdırmaqdır.

Məsələn, 1917-ci il inqilabında, dövlətin əhəmiyyəti və rolu məsələsi məhz bütün əzəməti ilə meydana çıxdığı zaman, dərhal fəaliyyətə başlamaq, həm də kütləvi miqyasda fəaliyyətə başlamaq məsələsi kimi əməli bir şəkildə meydana çıxdığı zaman bütün eserlər (sosialist-inqilabçılar) və menşeviklər dərhal və bütünlüklə, “dövlətin” sinifləri “barışdırması” haqqında xırda burjua nəzəriyyəsinə yuvarlandılar. Bu hər iki partiyanın siyasətçilərinin saysız-hesabsız qətnamə və məqalələri başdan-başa bu meşşan və filister “barışdırma” nəzəriyyəsi ruhundadır. Dövlət öz antipodu ilə (ozünə əks olan siniflə) barışdırıla bilməyən müəyyən bir sinfin hökmranlığı orqanıdır; bunu isə xırda burjua demokratiyası heç bir zaman anlamaq iqtidarında deyildir. Dövlətə münasibət — bizim eser və menşeviklərin əsla sosialist deyil (bunu isə biz bolşeviklər həmişə həmişə sübut etmişik), sosialist adı ilə boşboğazlıq edən xırda burjua demokratları olduqlarını göstərən ən əyani təzahürlərdən biridir.

Digər tərəfdən, marksizmin “kautskicəsinə” təhrifi daha incədir. Dövlətin nə sinfi hökmranlıq orqanı olduğu, nə də sinfi ziddiyyətlərin barışmaz olduğu “nəzəri” cəhətdən inkar edilmir. Lakin aşağıda göstərilən cəhət nəzərdən qaçırılır və ya ört-basdır edilir: əgər dövlət sinfi ziddiyyətlərin barışmazlığı məhsuludursa, əgər dövlət cəmiyyətdən yüksəkdə duran və “ozünü getdikcə cəmiyyətdən daha çox ayıran” bir qüvvədirsə, onda aydındır ki, nəinki zorakı inqilab olmadan, hətta hakim sinfin yaratmış olduğu və bu “ayrılmanı” təcəssüm etdirən dövlət hakimiyyəti aparatını məhv etmədən məzlum sinfin azad edilməsi mümkün deyildir. Nəzəri cəhətdən özlüyündə aydın olan bu nəticəni Marks aşağıda görəcəyimiz kimi, inqilab vəzifələrinin konkret-tarixi təhlili əsasında çıxarıb tamamilə qəti şəkildə irəli sürmüşdür. Məhz bu nəticəni Kautski — aşağıda ətraflı surətdə göstərəcəyimiz kimi — …“unutmuş” və təhrif etmişdir.

2. SİLAHLI ADAMLARDAN İBARƏT XÜSUSİ DƏSTƏLƏR, HƏBSXANALAR VƏ S.

Engels sözünə davam edərək deyir:

“…Qədim gentil (qəbilə və ya klan) təşkilatından dövlətin fərqi — əvvələn, dövlətin təbəələrinin ərazi bölgülərinə görə bölünməsindən ibarətdir…”.

Bu bölgü bizə “təbii” görünür, lakin bu bölgü, qəbilə şaxələri və ya qəbilələr üzrə olan qədim təşkilatla uzun mübarizə nəticəsində əmələ gəlmişdir.

“…İkinci fərqləndirici cəhət — ictimai hakimiyyət təsis edilməsidir ki, bu da özünü silahlı bir qüvvə kimi təşkil edən əhalinin daha eyni deyildir. Bu xüsusi ictimai hakimiyyət ona görə lazımdır ki, əhalinin müstəgil fəaliyyət göstərən silahlı təşkilatı, cəmiyyət siniflərə bölünəndən sonra daha qeyri-mümkün olmuşdur… Bu ictimai hakimiyyət hər bir dözlətdə vardır. Bu hakimiyyət yalnız silahlı adamlardan ibarət deyil, eyni zamanda əlavə maddi vasitələrdən, həbsxanalardan və müxtəlif cəbr təsisatlarından da ibarətdir ki, bunlar cəmiyyətin qəbilə (klan) quruluşunda yox idi…”

Engels dövlət adlanan “qüvvə” anlayışını, cəmiyyətdən törəmiş olan, lakin özünü cəmiyyətdən yüksək tutan və getdikcə özünü cəmiyyətdən daha çox ayıran qüvvə anlayışını geniş izah edir. Bu qüvvə başlıca olaraq nədən ibarətdir? Öz ixtiyarında həbsxanalar və sairə olan silahlı adamların xüsusi dəstələrindən ibarətdir.

Silahlı adamlardan ibarət xüsusi dəstələrdən danışmağa bizim haqqımız vardır, çünki hər bir dövlətə xas olan ictimai hakimiyyət silahlı əhalinin, onun “müstəqil hərəkət edən silahlı təşkilatının” “lap eyni deyildir”.

Bütün böyük inqilabçı mütəfəkkirlər kimi, Engels də şüurlu fəhlələrin diqqətini məhz ona cəlb etməyə şalışır ki, hökmran meşşanlar bunu ən az diqqətəlayiq, ən çox adət edilmiş, nəinki möhkəm mövhumatın, hətta, demək olar, donub qalmış olan köhnə mövhumatın təqdis etdiyi bir şey hesab edirlər. Daimi qoşun və polis dövlət hakimiyyəti qüvvəsinin başlıca alətləridir, məgər başqa cür ola bilərmi?

XIX əsrin axırlarında yaşamış və Engelsin müraciət etdiyi və heç bir böyük inqilab görməmiş, yaxından müşahidə etməmiş olan avropalıların çox böyük əksəriyyətinin nöqteyi-nəzərincə, bu, başqa cür ola bilməz. Onlara qətiyyən aydın deyildir ki, “əhalinin müstəgil fəaliyyət göstərən silahlı təşkilatı” nə deməkdir? Silahlı adamlardan ibarət olub özlərini cəmiyətdən yüksək tutan, cəmiyyətdən ayıran xüsusi dəstələrə (polis, daimi ordu) ehtiyac nədən doğmuşdur — deyə sual etdikdə, Qərbi Avropa və rus filisteri, Spenserdən və ya Mixaylovskidən götürülmüş bir-iki sözlə cavab verib bunu ictimai həyatın mürəkkəbləşməsi, vəzifə bölgüsü və sairə ilə əsaslandırmaq istəyir.

Onların irəli sürdükləri belə bir dəlil zahirən “elmi” görünür və başlıca və əsas cəhəti: cəmiyyətin barışmaz düşmən siniflərə parçalanmasını pərdələyərək meşşanı yaxşıca yuxuya verir.

Bu parçalanma olmasaydı, “əhalinin müstəgil fəaliyyət göstərən silahlı təşkilatı”, əllərinə ağac götürə bilən meymunlar sürüsünün və ya ibtidai insanların və ya da klan cəmiyyətlərində birləşmiş insanların ibtidai təşkilatından öz mürəkkəbliyi ilə, öz texnikasının yüksəkliyi və sairə ilə fərqlənərdi, lakin belə bir təşkilat mümkün olardı.

Bu təşkilat ona görə mümkün deyildir ki, mədəni cəmiyyət bir-birinə düşmən olan, həm də barışmaz düşmən olan siniflərə parçalanmışdır və bu siniflərin “müstəqil” silahlanması onların bir-biri ilə silahlı mübarizəsinə səbəb olardı. Dövlət əmələ gəlir, xüsusi qüvvə, silahlı adamlardan ibarət xüsusi dəstələr yaradılır, hər bir inqilab isə, dövlət aparatını dağıtmaqla, bizə açıq-aşkar sinfi mübarizəni göstərir, bizə aydın surətdə göstərir ki, hakim sinif silahlı adamlardan ibarət özünə xidmət edən xüsusi dəstələri necə bərpa etməyə çalışır, göstərir ki, məzlum sinif istismarçılara deyil, istismar olunanlara xidmət edə biləcək bu cür yeni bir təşkilatı necə yaratmağa çalışır.

Hər bir böyük inqilabın əməli olaraq, açıq surətdə, həm də kütləvi hərəkət miqyasında qarşımıza qoyduğu məsələni, yəni silahlı adamlardan ibarət “xüsusi” dəstələrə “əhalinin müstəqil fəaliyyət göstərən silahlı təşkilatı” arasında qarşılıqlı münasibət məsələsini Engels, göstərdiyimiz mülahizəsində, nəzəri şəkildə irəli sürür. Biz Avropa və rus inqilabları təcrübəsinin bu məsələni konkret şəkildə necə aydınlaşdırdığını görəcəyik.

Lakin Engelsin dediklərinə qayıdaq.

Engels göstərir ki, bəzi hallarda, məsələn, Şimali Amerikanın bəzi yerlərində bu ictimai hakimiyyət zəifdir (kapitalizm cəmiyyətində çox az təsadüf edilən hallar və Şimali Amerikanın imperializmdən qabaqkı dövründə orada sərbəst kolonistin üstün olduğu yerlər nəzərdə tutulur), lakin ümumiyyətlə dedikdə, bu hakimiyyət güclənir:

“…Dövlət daxilində sinfi ziddiyətlər kəskinləşdikcə və bir-biri ilə təmasda olan dövlətlər və onların əhalisi çoxaldıqca, ictimai hakimiyyət də güclənir. Heç olmazsa indiki Avropaya baxın; burada sinfi mübarizə və istila rəqabəti ictimai hakimiyyəti o qədər kəskinləşdirmişdir ki, o, bütün cəmiyyəti və hətta dövləti də udmaq dərəcəsinə gəlmişdir…”

Bu sözlər ən geci keçən əsrin 90-cı illərinin əvvəllərində yazılmışdır. Engelsin son müqəddiməsinə 1891-ci il 16 iyun tarixi qoyulmuşdur. O zaman həm trestlərin tam hökmranlığı mənasında, həm ən böyük bankların hər şeyə hakim olması mənasında, həm də çox geniş müstəmləkə siyasəti və sairə mənasında imperalizmə doğru dönüş Fransada hələ yenicə başlanırdı, Şimali Amerikada və Almaniyada isə daha zəif idi. O zamandan bəri “istila rəqabəti” hədsiz dərəcədə irəliləmişdir, xüsusən ona görə ki, XX əsrin ikinci onilliyinin əvvəllərində yer kürəsini həmin “rəqabət edən istilaçılar”, yəni böyük soyğunçu dövlətlər öz aralarında tamamilə bölüşdürmüşdülər. Silahlı hərbi və dəniz qüvvələri o zamandan bəri hədsiz dərəcədə artmış və İngiltərəninmi, yoxsa Almaniyanın dünyaya hakim olması üstündə, qəniməti bölüşdürmək üstündə 1914—1917-ci illərdəki soyğunçuluq müharibəsi yırtıcı dövlət hakimiyyətinin cəmiyyətdəki bütün qüvvələri “udmasını” tamamilə fəlakət dərəcəsinə yaxınlaşdırdı.

Engels hələ 1891-ci ildə göstərə bilmişdi ki, “istila rəqabəti” böyük dövlətlərin xarici siyasətində ən mühüm fərqləndirici əlamətlərdən biridir, sosial-şovinizm əclafları isə 1914—1917-ci illərdə, yəni bu rəqabət qat-qat kəskinləşərək imperialist müharibəsini törətmiş olduğu bir zamanda, “öz” burjuaziyasının soyğunçuluq mənafeyini müdafiyə etdiklərini “vətəni müdafiə”, “respublikanı və inqilabı müdafiə” və sairə haqqında ibarələrlə pərdələyirlər!

3. DÖVLƏT MƏZLUM SİNFİ İSTİSMAR ETMƏK ALƏTİDİR

Cəmiyyətdən yüksəkdə duran xüsusi ictimai hakimiyyətin xərcləri üçün vergilər və dövlət borcları lazımdır.

Engels yazır:

“…İctimai hakimiyyətə və vergi almaq ixtiyarına malik olan məmurlar cəmiyyət orqanları olmaq etibarı ilə cəmiyyətdən yüksəkdə dururlar. Vaxtı ilə qəbilə (klan) cəmiyyəti orqanlarına olan azad və könüllü hörmət onlara daha kifayət deyildir, — hətta bu hörməti qazana bilsələr də, onlar üçün daha kifayət deyildir…”. Məmurların müqəddəsliyi və toxunulmazlığı haqqında xüsusi qanunlar yaradılır. “Ən miskin bir polis qulluqçusu” klan nümayandələrindən daha “nüfuzlu” olur, lakin mədəni bir dövlətin hərbi hakimiyyət başçısı belə, cəmiyyətdə klan ağsaqqalının “dəyənək gücünə qazanılmamış hörmətinə” qibtə edə bilərdi.

Dövlət hakimiyyəti orqanları olmaq etibarı ilə məmurların imtiyazlı vəziyyətə malik olması məsələsi burada qoyulmuşdur. Əsas cəhət olaraq göstərilmişdir ki, onları cəmiyyətdən yüksəyə qaldıran nədir? Bu nəzəri məsələni 1871-ci ildə Paris Kommunasının əməli surətdə necə həll etdiyini və 1912-ci ildə Kautskinin irticaçılıqla necə ört-basdır etdiyini görəcəyik.

“…Dövlət siniflərin əksliyini cilovlamaq tələbatından meydana gəldiyinə görə, o, eyni zamanda bu siniflərin öz toqquşmaları içərisində meydana gəldiyinə görə, bu dövlət ümumi bir qayda olaraq ən qüdrətli, iqtisadi cəhətdən hökmran sinfin dövlətidir; bu sinif dövlətin köməyi ilə siyasi cəhətdən də hökmran sinif olur və beləliklə, məzlum sinfi əzmək və istismar etmək üçün yeni vasitələr əldə edir…”. Nəinki təkcə qədim dövlət və feodal dövlət qulları və təhkimliləri istismar etmək orqanları idi, habelə “hazırkı nümayəndəli dövlət də muzdlu əməyin kapital tərəfindən istismar edilməsi alətidir. Lakin istisna olaraq bəzi dövrlərdə, mübarizə edən siniflərin qüvvələri arasında elə bir müvazinət əmələ gəlir ki, dövlət hakimiyyəti müəyyən bir müddət ərzində hər iki sinfə nisbətən müəyyən müstəqillik əldə edir və zahirən bu siniflər arasında bir vasitəçi olur…”. XVII və XVIII əsrlərin mütləq monarxiyası, Fransada birinci və ikinci imperiyanın bonapartizmi, Almaniyada Bismark bu qəbildəndir.

Özümüzdən əlavə edək ki, xırda burjua demokratlarının rəhbərliyi üzündən Sovetlər artıq gücsüz olduğu, burjuaziya isə Sovetləri açıqdan-açığa qovub dağıtmaq üçün hələ kifayət qədər güclü olmadığı bir vaxtda respublika Rusiyasında Kerenski höküməti inqilabçı proletariatı təqib etməyə keçdikdən sonra o da bu qəbildəndir.

Demokratik respublikada, — deyə Engels davam edir, — “sərvət öz hakimiyyətindən dolayı yolla, lakin daha qəti istifadə edir” — yəni əvvələn, “məmurları pul gücünə açıqca ələ almaq” vasitəsi ilə (Amerika), ikincisi, “hökümətlə birja arasında ittifaq” vasitəsi ilə (Fransa və Amerika) istifadə edir.

Sərvətin tam hakimiyyətini qorumaq və həyata keçirmək məqsədi daşıyan bu üsulların hər ikisini, hazırda imperializm və bank hökmranlığı hər bir demokratik respublikada “inkişaf” etdirib fövqəladə bir məharət dərəcəsinə çatdırmışlar. Məsələn, Rusiyada demokratik respublikanın lap birinci aylarında, koalisiyalı hökümətdə “sosialist” eserlərin və menşeviklərin burjuaziya ilə nigaha girdikləri lap birinci ayda, c. Palçinski kapitalistləri və onların talançılığını, hərbi sifarişlərdə onların xəzinəni soymalarını cilovlamaq üçün bütün tədbirləri sabotaj edirdisə, sonralar nazirlikdən getmiş (əlbəttə, lap özü kimi başqa bir Palçinski ilə əvəz edilmiş) olan c. Palçinski kapitalistlər tərəfindən ildə 120 000 manat maaş verilən bir vəzifə ilə “təltif” edilmişsə, — bu nə deməkdir? pul ilə açıq yolla ələ almaqdır, yoxsa dolayı yolla ələ almaqdır? hökümətin sindikatlarla ittifaqıdır, yoxsa, “yalnız” dostluq münasibətidir? Çernovlar və Seretelilər, Avksentyevlər və Skobelevlər nə kimi rol oynayırlar? — Onlar xəzinə soyan milyonçuların “açıq” müttəfiqidirlərmi, yoxsa ancaq dolayısı ilə müttəfiqidirlər?

Demokratik respublikada “sərvətin” tam hakimiyyəti ona görə daha qəti hakimiyyətdir ki, bu, siyasi mexanizmin ayrı-ayrı nöqsanlarından, kapitalizmin pis siyasi pərdəsindən asılı deyildir. Demokratik respublika kapitalizm üçün mümkün olan ən yaxşı siyasi pərdədir, buna görə də kapital (Palçinskilər, Çernovlar, Seretelilər və Kº-sı vasitəsi ilə) həmin ən yaxşı pərdəyə yiyələndikdən sonra öz hakimiyyətini o qədər etibarlı, o qədər qəti qurur ki, burjua-demokratik respublikasında nə şəxslər, nə müəssisələr, nə də partiyalar nə cür dəyişilirsə dəyişilsin, bu hakimiyyəti sarsıtmır.

Bunu da qeyd etmək lazımdır ki, Engels ümumi seçki hüququnu da tam qətiyyətlə burjuaziyanın hökmranlığı aləti adlandırır. Engels alman sosial-demokratiyasının uzunmüddətli təcrübəsini tamamilə nəzərə alaraq, deyir ki, ümumi seçki hüququ

“fəhlə sinfinin yetkinliyi əlamətidir. Həmin seçki hüququ indiki dövlətdə bundan artıq bir şey verə bilməz və heç bir zaman verməyəcəkdir”.

Bizim eser və menşeviklər kimi xırda burjua demokratları, habelə onların doğma qardaşları olan bütün Qərbi Avropa sosial-şovinistləri və opportunistləri ümumi seçki hüququndan məhz daha “çox şey” gözləyirlər. Onlar özləri belə bir yanlış fikirdə olub xalqı da aldatmağa çalışırlar ki, guya “indiki dövlətdə” ümumi seçki hüququ zəhmətkeşlərin əksəriyyətinin iradəsini həqiqətən aşkara çıxarıb onun həyata keçirilməsini möhkəmlədə bilər.

Biz burada həmin yalan fikri ancaq qeyd edib bir də onu göstərə bilərik ki, Engelsin tamamilə aydın, dürüst, konkret şəkildə dedikləri, “rəsmi” (yəni opportunist) sosialist partiyalarının təbliğat və təşviqatında hər addımda təhrif olunur. Marksın və Engelsin “indiki” dövlətə olan baxışlarını şərh edəcəyimiz zaman, Engelsin burada rədd etdiyi fikrin tamamilə yalan fikir olması ətraflı surətdə aydınlaşdırılacaqdır.

Engels ən geniş yayılmış olan əsərində öz baxışlarına bu sözlərlə ümumi yekun vurur:

“Deməli, dövlət ta əzəldən mövcud olan bir şey deyildir. Elə cəmiyyətlər olmuşdur ki, bunlar dövlətsiz keçinmişlər, dövlətin və dövlət hakimiyyətinin nə olduğunu bilməmişlər. İqtisadi inkişafın parçalanma nəticəsində zəruri bir şey olmuşdur. Biz indi surətli addımlarla irəliləyib istehsalın elə bir inkişaf pilləsinə yaxınlaşırıq ki, bu pillədə həmin siniflərin mövcudluğu nəinki daha zəruri olmur, həttta istehsal üçün açıq bir maneəyə çevrilir. Siniflər keçmişdə labüd olaraq meydana gəldikləri kimi, yenə labüd olaraq yox olacaqlar. Siniflərin yox olması ilə dövlət də labüddən yox olacaqdır. İstehsalçıların azad və bərabər hüququqla birləşməsi əsasında istehsalı yeni qaydada təşkil edəcək cəmiyyət o zaman bütün dövlət maşınına layiqli yer tapacaq, yəni onu qədim şeylərmuzeyində cəhrə və bürünc balta bir yerə qoyacaqdır”.

Müasir sosial-demokratiyanın təbliğat və təşviqat ədəbiyyatında bu sitata heç də tez-tez təsadüf edilmir. Lakin təsadüf edildikdə də sitatı çox vaxt elə bir şəkildə gətirirlər ki, sanki ikona qarşısında səcdə edirmişlər, yəni Engelsə rəsmi hörmət ifadəsi olaraq gətirir və qətiyyən düşünmək istəmirlər ki, “bütün dövlət maşınının qədim şeylər muzeyinə qoyulması” dedikdə, nə qədər geniş və dərin miqyaslı bir inqilab nəzərdə tutulur. Çox vaxt hətta Engelsin nəyi dövlət maşını adlandırdığını başa düşdükləri də görünmür.

4. DÖVLƏTİN “ÖLÜB GETMƏSİ” VƏ ZORAKI İNQİLAB

Dövlətin “ölüb getməsi” haqqında Engelsin sözləri o qədər geniş məşhurdur, o qədər tez-tez sitat gətirilir və marksizmin adətən saxtalaşdırılıb opportunizm halına salınmasının mahiyyətinin nədən ibarət olduğunu o qədər qabarıq surətdə göstərir ki, bunların üzərində ətraflı dayanmaq lazımdır. Bu sözlər haradan götürülmüşsə, o hissəni burada bütünlüklə qeyd edək:

“Proletariat dövlət hakimiyyətini ələ alır və istehsal vasitələrini ən əvvəl dövlət mülkiyyətinə çevirir. Lakin bununla o özünü proletariat olmaq etibarı ilə məhv edir, bununla o bütün sinfi fərqləri və sinfi əksikləri, bununla birlikdə isə dövləti də bir dövlət kimi məhv edir. İndiyədək mövcud olan və indi mövcud sinfi əksiklər içərisində hərəkət edən cəmiyyətə dövlət lazım idi, yəni istismarçı sinfin təşkilatı lazım idi ki, bu sinfin xarici istehsal şəraitini qorusun, deməli, xüsusən ona görə lazım idi ki, istismar edilən sinfi mövcud istehsal üsuluna xas olan əsarət (köləlik, təhkimçilik, muzdlu əmək) şəraitində zorla saxlasın. Dövlət bütün cəmiyyətin rəsmi nümayəndəsi, onun zahiri bir korporasiya halında cəmləşməsi idi, lakin dövlət yalnız ona görə belə idi ki, öz dövründə bütün cəmiyyəti təkbaşına təmsil edən bir sinfin dövləti idi: qədimdə o, quldarların — dövlətdəki vətəndaşların dövləti idi, orta əsrlərdə feodal zadəganlar dövləti idi, bizim zəmanəmizdə isə burjuaziyanın dövlətidir. O zaman ki, dövlət ən nəhayət doğrudan da bütün cəmiyyətin nümayəndəsi oldu, onda özü özünü gərəksiz edir. O zaman ki, itaətdə saxlanılmalı heç bir ictimai sinif olmadı, o zaman ki, sinfi hökmranlıqla birlikdə və hər bir ayrıca yaşayış uğrunda aparılan mübarizə ilə, yəni müasir istehsal hərc-mərcliyindən doğan mübarizə ilə birlikdə bu mübarizədən doğan toqquşmalar və eksseslər (ifratçılıqlar) aradan qalxdı, — o zamandan etibarən əziləsi bir şey qalmayacaq, əzmək üçün xüsusi qüvvəyə, dövlətə də ehtiyac olmayacaqdır. Dövlətin həqiqətdə bütün cəmiyyətin nümayəndəsi olaraq gördüyü ilk tədbir — istehsal vasitələrini cəmiyyət adından ələ almaq tədbiri — eyni zamanda onu dövlət olaraq müstəqil sürətdə gördüyü son tədbirdir. Dövlət hakimiyyətinin ictimai münasibətlərə qarışması gah bir, gah başqa sahədə gərəksiz olacaq və öz-özünə aradan qalxacaqdır. Şəxsləri idarə etmək əvəzinə, şeylər idarə olunacaq və istehsal proseslərinə rəhbərlik ediləcəkdir. Dövlət “ləğv edilmir”, ölüb gedir. “Azad xalq dövləti” ifadəsinə, bir zaman təşviqat üçün lazım olan, lakin nəticə etibarı ilə elmi cəhətdən əsassız olan ifadəyə də buna əsasən qiymət vermək lazımdır. Anarxist deyilənlərin dövləti bu gün-sabah ləğv etmək tələbinə də yuxarıda göstərdiyimizə əsasən qiymət verilməlidir” (“Anti-Dürinq”, “cənab Yevgeni Dürinqin elmi alt-üst etməsi”, almanca 3-cü nəşrinin 301-303-cü səhifələri).”

Səhv etmədən demək olar ki, Engelsin bu çox zəngin fikirlərindən indiki sosialist partiyalarının sosialist təfəkküründə möhkəm yer tutan ancaq budur ki, dövlətin “ləğv edilməsi” haqqında anarxist təlimindən fərqli olaraq, Marksa görə, dövlət “ölüb gedir”. Marksizmin qol-qanadını bu cür qırmaq onu opportunizmə döndərmək deməkdir, çünki belə bir “təfsir” nəticəsində yavaş-yavaş, rahatca, tədrici dəyişiklik olacağı, sıçrayış və fırtınalar olmayacağı, inqilab olmayacağı kimi dumanlı təsəvvürdən başqa bir şey qalmır. Ağızlara düşmüş, geniş yayılmış mənada, belə demək olarsa, kütləvi mənada dövlətin “ölüb getməsi”, şübhəsiz, inqilabı pərdələmək, bəlkə də, onu inkar etmək deməkdir.

Halbuki belə bir “təfsir” marksizmi ancaq burjuaziya üçün əlverişli olan ən qaba bir surətdə təhrif etməkdir və bu təhrifin nəzəri əsası Engelsin heç olmazsa yuxarıda bütünlüklə qeyd etdiyimiz “yekunvurucu” mülahizəsindəki olduqca mühüm şərtləri və fikirləri unutmaqdan ibarətdir.

Birincisi. Bu mülahizənin lap əvvəlində Engels deyir ki, proletariat dövlət hakimiyyətini öz əlinə aldıqda, “bununla dövləti bir dövlət kimi məhv edir”. Bunun nə demək olduğu haqqında düşünmək “adət deyildir”. Adətən buna ya əsla fikir vermir, ya da bunu Engelsin “hegelçilik qüsuru” kimi bir şey hesab edirlər. Həqiqətdə bu sözlərə ən bpyük proletariat inqilablarından birinin təcrübəsi, 1871-ci il Paris Kommunasının təcrübəsi qısaca ifadə edilmişdir və yeri gəldikdə biz bu təcrübədən ətraflı danışacağıq. Həqiqətdə Engels burada proletar inqilabının burjuaziyanın dövlətini “məhv etməsindən danışır, halbuki, ölüb getmə sözləri sosialist inqilabından sonra proletar dövlətinin qalıqlarına aiddir. Engelsə görə, burjua dövləti “ölüb getmir” onu proletariat inqilabda “m ə h v e d i r”. Ölüb gedən, bu inqilabdan sonrakı proletar dövləti və ya yarımdövlətidir.

İkincisi. Dövlət “əzmək üçün xüsusi qüvvədir”. Engels bu gözəl və son dərəcə dərin mənalı tərifini burada tamamilə aydın vermişdir. Həmin tərifdən isə bu nəticə çıxır ki, burjuaziyanın proletariatı, bir ovuc varlıların milyonlarla zəhmətkeşi “əzməsi üçün olan xüsusi qüvvə”, proletariatın burjuaziyanı “əzməsi üçün olan xüsusi qüvvə” ilə (proletariat diktaturası ilə) əvəz olunmalıdır. “Dövlətin bir dövlət kimi məhv edilməsi” də məhz bundan ibarətdir. Cəmiyyət adından istehsal vasitələrini ələ almaq “tədbiri” də məhz bundan ibarətdir. Buna görə də özlüyündə aydındır ki, bir “xüsusi qüvvənin” (burjua qüvvəsinin) başqa “xüsusi qüvvə” ilə (proletar qüvvə ilə) bu cür əvəz olunması heç də “ölüb getmə” şəklində ola bilməz.

Üçüncüsü. “Ölüb getməkdən” və hətta daha aydın və parlaq ifadə ilə “ömrü başa vurmaqdan” bəhs edirkən, tam aydınca və qəti surətdə Engels “bütün cəmiyyətin adından istehsal vasitələrini dövlətin öz ixtiyarına almasından” s o n r a k ı dövrü, yəni sosialist inqilabından s o n r a k ı dövrü nəzərdə tutur. Hamımız bilirik ki, bu zaman “dövlətin” siyasi forması ən tam demokratiyadır. Lakin marksizmi həyasızcasına təhrif edən opportunistlərdən heç birinin ağlına gəlmir ki, burada Engels eyni zamanda d e m o k r a t i y a n ı n “ömrünü başa vurmasından” və “ölüb getməsindən” danışır. İlk baxışda bu çox qəribə görünür. Lakin bu ancaq o adamlar üçün “anlaşılmazdır” ki, onlar demokratiyanın da dövlət olduğunu və deməli, dövlət yox olacağı zaman demokratiyanın da yox olacağını düşünmürlər. Burjua dövlətini ancaq inqilab “məhv edə” bilər. Ümumiyyətlə dövlət, yəni ən tam demokratiya isə ancaq “ölüb gedə” bilər.

Dördüncüsü. Engels “dövlət ölüb gedir” deyən öz məhşur müddəasını irəli sürürkən dərhal, konkret şəkildə izah edir ki, bu müddəa həm opportunistlər əleyhinə, həm də anarxistlər əleyhinədir. Həm də Engels, dövlətin “ölüb getməsi” müddəasının opportunistlərə qarşı olan nəticəsinə daha böyük əhəmiyyət verir.

Qəti demək olar ki, dövlətin “ölüb getməsi” sözlərini oxumuş və ya eşitmiş olan 10000 nəfərdən 9990 nəfəri əsla bilmir və ya unutmuşdur ki, Engelsin bu müddəasından çıxan nəticələr təkcə anarxistlərə qarşı deyildi. Qalan on adamdan isə yəqin doqquzu bilmir ki, “azad xalq dövləti” nədir və bu şüara edilən hücum nə üçün opportunistlərə edilən hücum deməkdir. Tarix belə yazılır! Böyük inqilabi təlim üstüörtülü surətdə bu cür saxtalaşdırılıb hökmran meşşanlığa çevrilir. Anarxistlərə qarşı çıxarılan nəticə min dəfələrlə təkrar edilmiş, bayağılaşdırılmış, ən səthi üsullarla beyinlərə yeridilmiş, bir mövhumat qədər kök salmışdır. Opportunistlərə qarşı çıxarılan nəticəni isə pərdələmiş və “unutmuşlar!”.

“Azad xalq dövləti” 70-ci illərin alman sosial-demokratlarının proqram tələbi və ağızlarda gəzən şüarı idi. Bu şüarda demokratiya anlayışının meşşancasına bir dəbdəbə ilə təsvirindən başqa heç bir siyasi məzmun yoxdur. Bu şüarda leqal surətdə demokratik respublikaya işarə edildiyi üçün Engels təşviqat nöqteyi-nəzərindən həmin şüarı “müvəqqəti” olaraq “doğrultmağa” hazır idi. Lakin bu şüar opportunist bir şüar idi, çünki həmin şüar göstərirdi ki, burjua demokratiyasına nəinki ancaq bəzək-düzək verirlər, həm də ümumiyyətlə hər cür dövlət barəsində sosialist tənqidini anlamırlar. Biz kapitalizm şəraitində proletariat üçün ən yaxşı bir dövlət forması olan demokratik respublikaya tərəfdarıq, lakin unuda bilmərik ki, ən demokratik burjua respublikasında da xalqın nəsibi muzdlu kölə olmaqdır. Sonra. Hər bir dövlət məzlum sinfi “əzmək üçün xüsusi bir qüvvədir”. Buna görə də hər cür dövlət azad dövlət deyildir və xalq dövləti deyildir. Marks və Engels bunu 70-ci illərdə öz partiya yoldaşlarına dəfələrlə izah etmişlər.

Beşincisi. Engelsin məhz həmin əsərində, dövlətin ölüb getməsi fikrini hamının oxuduğu bu əsərdə zorakı inqilabın əhəmiyyətindən bəhs olunur. Engels zorakı inqilabın roluna tarix nöqteyi-nəzərindən qiymət verirkən bu inqilabı hədsiz dərəcədə mədh edir. Bu “heç kəsin yadlnda qalmamışdır”, bu fikrin əhəmiyyətindən danışmaq və hətta onun üzərində düşünmək hazırkı sosialist partiyalarında adət deyildir, kütlələr arasında gündəlik təbliğat və təşviqatda bu fikirlər heç bir rol oynamır. Halbuki həmin fikirlər dövlətin “ölüb getməsi” ilə ayrılmaz surətdə əlaqədər olub mükəmməl bir vəhdət təşkil edir.

Engelsin həmin fikri budur:

“…Zorakılıq tarixdə başqa bir rol da oynayır” (bəla gətirməkdən başqa), zorakılıq “məhz inqilabi rol oynayır, Marksın dediyi kimi, hər bir köhnə cəmiyyət yeni bir cəmiyyətlə hamilə olduqda zorakılıq onun mamaçası olur, zorakılıq ictimai hərəkatınözünə yol açması və cansız, köhnəlib ölkünləşmiş olan siyasi formaları dağıtması üçün bir vasitədir, — bütün bunlardan c. Dürinq bir kəlmə də danışmır. O ancaq ah-zarla bunu mümkün sayır ki, istismarçıların ağalığını yıxmaq üçün, bəlkə də, zorakılıq lazım olsun, — görün, necə təəsüf edir! zira zorakılığın hər cür tətbiqi, güya onu tətbiq edənin özünü mənəvi cəhətdən pozğunlaşdırırmış. Həm də bu sözlər hər bir qalibiyyətli inqilab nəticəsində böyük mənəvi və ideya yüksəlişi əmələ gəldiyinə baxmayaraq deyilir! Həm də bu sözlər Almaniyada deyilir, xalqın güclə cəlb edilə biləcəyi zorakı toqquşma heç olmazsa bundan ibarıt olardı ki, Otuzillik müharibə nəticəsindəki alçalma üzündən milli şüurda kök salmış olan nökərçilik ruhunu məhv edərdi. Məhz bu sönük, zəif, aciz keşiş təfəkkürü cəsarət edib tarixdə ən inqilabçı bir partiyaya özünü təklif etmək istəyir?” (almanca 3-cü nəşrinin 193-cü səhifəsi, II fəslin 4-cü bölməsinin sonu).

Engelsin 1878-ci ildən 1894-cü ilə qədər, yəni lap öz vəfatına qədər zorakı inqilabı belə tərif edib alman sosial-demokratlarına təkidlə öyrətməsini, dövlətin “ölüb getməsi” nəzəriyyəsi ilə necə birləşdirib bir təlim halına salmaq olar?

Bunların hər ikisini adətən eklektisizm vasitəsi ilə birləşdirirlər, bu bu fikirlərin gah birini, gah digərini öz istədikləri kimi (yaxud hakimiyyət sahiblərinə yarınmaq üçün) əqidəsizcə və ya sofistcəsinə götürüb necə gəldi birləşdirirlər, həm də yüz haldan doxsan doqquzunda, bəlkə, daha çoxunda, məhz “ölüb getməni” ön sıraya qoyurlar. Dialektika eklektisizmlə əvəz edilir: bu, zəmanəmizin rəsmi sosial-demokrat ədəbiyyatında marksizmə qarşı ən adi, ən geniş yayılmış bir haldır. Bu cür əvəzetmə, əlbəttə, yeni bir şey deyildir, bu hətta klassik yunan fəlsəfəsi tarixində də müşahidə olunur. Marksizm saxtalaşdırılıb opportunizm şəklinə salındıqda eklektizizmin dialektika kimi qələmə verilməsi kütlələri daha asanlıqla aldadır, onları zahirən razı salır, guya prosesin hər tərəfini, inkişafın bütün meyllərini, bütün ziddiyyətli təsirləri və sairəni nəzərə alır, həqiqətdə isə ictimai inkişaf prosesi haqqında heç bir bütöv və inqilabi anlayış vermir.

Biz, yuxarıda demişdik və sonra daha ətraflı göstərəcəyik ki, zorakı inqilabın labüdlüyü haqqında Marksın və Engelsin təlimi burjua dövlətinə aiddir. Bu dövlət “ölüb getmə” yolu ilə deyil, ümumibir qayda olaraq, ancaq zorakı inqilab nəticəsində proletar dövləti ilə (proletariat diktaturası ilə) əvəz edilə bilər. Engelsin zorakı inqilabı tərifləməsi Marksın dəfələrlə dediyi sözlərə tamamilıə uyğundur (“Fəlsəfə yoxsulluğu” və “Kommunist Manifesti”nin axırında zorakı inqilabın labüd olmasının iftixarla, açıqca söylənildiyini xatırlayaq; təxminən 30 il sonra, 1875-ci ildə Qota proqramının tənqidində həmin proqramın opportunizmini Marksın amansızlıqla ifşa etdiyini xatırlayaq); bu tərif heç də “hissiyata uymaq” deyildir, heç də deklamasiya deyildir, ədəbi bir mübahisə deyildir. Kütlələri zorakı inqilaba daim belə və məhz belə bir baxış ruhunda tərbiyə etmək lüzumu Marksın və Engelsin bütün təliminin əsasını təşkil edir. İndi hökm sürən sosial-şovinist və kautskici cərəyanlar tərəfindən Marksın və Engelsin təliminə xəyanət edilməsi, belə bir təbliğatı, belə bir təşviqatı həm sosial-şovinistlərin, həm də kautskicilərin unutmasında xüsusilə aydın görünür.

Zorakı inqilab olmadan burjua dövlətini proletar dövləti ilə əvəz etmək olmaz. Proletar dövlətinin məhv olması, yəni hər cür dövlətin məhv olması “ölüb getmə” yolundan başqa bir yolla mümkün deyildir.

Hazırladı:  Murad Əlimərdanov                                                         (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:18408