abunə ol: Yazılar | Şərhlər | Еmail

“Mən necə sosialist oldum” – Cek London

Şərh

MƏN NECƏ SOSİALİST OLDUM

Cek London

(“Sinfi mübarizə” (Nyu-York, 1905-ci il) külliyyatından; ilk dəfə 1903-cü ildə “Kormid” dövri mətbuatında nəşr olunub)

Sosialist olmağımın tevton bütpərəstlərinin xristianlığı qəbul etməsi sayağı baş verdiyini desəm həqiqətdən uzaq qaçmaram. Fikrimi daha dəqiq ifadə edim – sosializmi mənə yeridiblər. Həmin vaxtlar sosializm ifadəsi mənə olduqca yad idi. Cavan, sadəlövh və nadan mən ömrümdə “fərdiyyətçilik” haqda bir şey eşitməsəm də, güclü şəxsiyyətə pərəstiş edirdim.

Çünki özüm də güclü idim. Sağlamlığım və möhkəm, əzələlərim də öz yerində. Belə olmağımda təəccüblü heç nə yox idi – uşaqlığım Kaliforniyada rançoda keçmişdi. Artıq kiçik yaşlarımdan əla iqlimi olan qərb şəhərində qəzet satmağa başlamışdım, cavanlıqda isə San-Fransisko körfəzi və Sakit okeanın ozonu ilə yetərincə nəfəs almışdım. Açıq havada həyat tərzini xoşlayırdım, aydın səma altında ən ağır işin belə öhdəsindən gələ bilirdim. Heç bir sənətin yiyəsi olmadığımdan təsadüfən tapdığım işləri vaxtaşırı dəyişir və ətrafda baş verənləri yaxşı möcüzə sayırdım. Təkrar edirəm, təpədən dırnağadək nikbin ruhlu birisiydim, çünki sağlam idim, istənilən xəstəlik məndən yan ötürdü, sahibkar həmişə məndən razı qalırdı, ürəyim istədiyi vaxt özümə iş tapa bilirdim: kömür kürəyirdim, gəmidə matrosluq edirdim, bir sözlə, hər cür ağır işin öhdəsindən gəlirdim.

Bax elə bu səbəbdən də qatı fərdiyyətçi idim. Bu təbii idi: axı mən qalibdim. Həyatı kişiyə layiq oyun adlandırırdım. Mənimçün insanlıq böyük hərfli kişi olmaqdı. Kişi olmaqsa macəraların ağuşuna atılmaq, vuruşmaq, hətta yeniyetməyə verilə biləcək muzdun müqabilində işləməyi bacarmaq idi. Məni cəzb edən, ürəyimə sahib olan məhz bu idi. Sonsuz gələcəyin dumanlı ənginliyinə baxan mən az öncə adlandırdığım kişi oyununa dava eləməkdəydim. Hər cür bəladan qoruya biləcək dəmir sağlamlığım və əzələlərim sanki məni heç vaxt tərk etməyəcəkdi. Sanki Nitşenin “sarışın şeytanı” sayağı öz gücümə söykənərək hər şeyə qalib gələ biləcəkdim.

O ki qaldı bəxti gətirməyənlərə, zəiflərə, qocalara, əlillərə, onlar haqda heç düşünmədiyimi boynuma alıram. Yalnız onu deyə bilərdim: əgər başlarına bədbəxt hadisə gəlməsəydi, onlar da eyni uğurla hər işi aşıra bilərdilər. Bədbəxt hadisə? Neyləmək olar ki, taleyin işidir. Tale sözünə olduqca böyük önəm verirdim – ondan qaçmaq olmazdı. Gör tale nəhəng Napoleonu hara aparıb çıxarmışdı. Halbuki özüm yeni Napolen olmaq arzusundaydım. Nə vaxtsa özümün bədbəxt hadisə ilə üz-üzə qalacağımı ağlımın ucundan belə keçirmirdim.

Seçilmişlər sırasında olduğumdan qürur duyduğumu anladığınıza ümid edirəm. Əməyin fədakarlığı məni hər şeydən çox cəlb edirdi. Hələ Karleyli, Kiplinqi oxumadığımdan öz əmək incilimi yaratmışdım. Əmək hər şeydir. Əmək bəraət və xilas yoludur. Ağır iş günündən sonra keçirdiyim qürur hissini anlaya bilməzsiniz. İndi keçmişimə nəzər salanda özüm bu hissi başa düşmürəm. Mən kapitalistlərin istismar edə biləcəkləri ən sədaqətli muzdlu qul idim. Pul verən sahibkarın işini yarı-yarımçıq görmək mənim üçün ən böyük günah idi. Və bu günahı xəyanət qədər biabırçı sayırdım.

Qısası, nikbin fərdçiliyim ortodoksal burjua əxlaqının əsarəti altında idi. Mən burjua qəzetləri oxuyur, burjua moizələrinə qulaq asır və burjua siyasətçilərinin gurultulu çıxışlarına eyni gurultu ilə əl çalırdım. Əgər şərait məni həyatın başqa axarına salmasaydı, çox yəqin ki, peşəkar ştreykbrexerlərin sırasına düşəcək və həmkarlar ittifaqının hansısa fəal üzvü başımı əzərək məni həmişəlik əlil edəcəkdi.

Günlərin bir günü yeddi aylıq dəniz səfərindən qayıdıb (on səkkiz yaşı təzəcə haqlamışdım) səyahətə çıxmağı qərarlaşdırdım. İnsanların qiymətləndərildiyi və işin bol olduğu Qərbdən başlayıb gah vaqonun damında, gah da piyada Şərqin işçi çoxluğundan əziyyət çəkən mərkəzinə gəlib çıxdım. Burda təkərin altında qalan toz dənəciklərinə bənzəyən insanlar iş axtarmaqdan təngə gəlmişdilər. Yeni sərgərdan tərzim məni həyata tamam başqa bucaq altından baxmağa məcbur elədi. Mən artıq sosioloqların sevimli ifadəsi olan proletar deyildim. Həyatın dibinə yuvarlanmışdım və bura düşməyin yolları məni dəhşətə gətirmişdi.

Burda müxtəlif taleli insanlarla rastlaşdım, onlardan çoxunun keçmişi mənimkindən fərqlənmirdi. Vaxtilə sağlam və cavan olan bu matroslar, əsgərlər və fəhlələr ağır fiziki iş nəticəsində şikəst olmuş, sahiblərisə onları lazımsız əşya kimi həyatın burulğanına tullamışdılar. Mən onlarla birgə özgə kandarlarında daldalanır, yük vaqonlarında, şəhər parklarında soyuqdan əsir və tale yoldaşlarımın hekayələrini dinləyirdim: onlar öz həyatlarına mənimkindən pis başlamamışdılar, mədə və əzələləri nə vaxtsa olduqca möhkəm idi, amma indi burda, insan zibilliyində, sosial uçurumun dibində idilər.

Onların hekayələri gözlərimi tamamilə açdı. Küçə qadınlarının və evsiz kişilərin taleləri artıq mənə yad deyildi. Sosial uçurumu sanki bir əşyanı əlləyirmişəm kimi hiss etdim; adamların hamısını lap dibdə gördüm, özümsə sanki onlardan bir azca hündürdəydim və var-gücümlə sürüşkən divarla yuxarı çıxmağa çalışırdım. Etiraf edirəm, qorxuya düşdüm. Gücsüzləşəndə nə edəcəm? Hələ indi doğulmağa hazırlaşan güclü insanlarla çiyin-çiyinə işləmək iqtidarında olmayanda məni nə gözləyəcək? Bax onda dahiyanə bir and içdim. Məzmunu təqribən belə idi: “ömrüm boyu ağır fiziki iş görmüşəm və həyat tərzimin hər günü məni addımbaaddım sosial uçuruma yaxınlaşdırıb. Mən bu uçurumdan çıxacam, amma əzələlərim hesabına yox. Artıq fiziki iş görməyəcəm: əgər bundan sonra qollarımı lazım olduğundan artıq işə salsam, qoy məni ildırım vursun”. Elə həmin gündən ağır fiziki işdən qaçmağa başladım.

Birləşmiş Ştatlar və Kanada boyu on min milə yaxın ərazini dəf edərək Niaqara şəlaləsinə gəlib çıxdım və gördüyü işin müqabilində pul qazanmaq həvəsində olan konstebl tərəfindən yaxalandım. özümü təmizə çıxarmaq üçün kəlmə kəsməyə belə qoymadılar və daimi yaşayış yerim və qədərincə maddi vəsaitim olmadığı üçün mənə otuz günlük həbs cəzası kəsdilər. Qollarımı qandallayıb, özüm kimi uğursuzlar dəstəsinə qoşub Buffaloya gətirdilər və Eri dairəsinin qazamatına saldılar. Başımı və yenicə tər yeri qoymuş bığlarımı qırxıb, əynimə zolaqlı paltar geydirdilər. Mənim kimilərin üzərində çiçək peyvəndini öyrənən tələbə həkimin süzgəcindən keçirib sıraya dözdülər və vinçesterlə silahlanmış qarovolçuların nəzarəti altında işləməyə məcbur etdilər. Mənimsə yeganə günahım “sarışın şeytan” ruhunda macəra axtarışına çıxmağımdı. Təfərrüata dalmadan bircə şeyi bəyan edə bilərəm: elə həmin vaxtdan Amerika vətənpərvərliyimdən əsər-əlamət qalmadı və bundan sonra vaxtilə yuxarıdan aşağı baxdığım kişilər, qadınlar və uşaqlar haqda daha çox fikirləşməyə başladım.

Gəlin çevrilməyə qayıdaq. Fərdiyyətçiliyimin uğurlu şəkildə tamam əks bir şeylə əvəzlənməsi indi hamınıza gün kimi aydındır. Beləcə, mən elmi sosializmdən uzaq da olsa sosialistə çevrildim. Yenidən doğuldum, amma yenidən xaç suyuna çəkilmədən, nəhayət, özümün kim olduğunu başa düşmək üçün yola çıxdım. Kaliforniyaya qayıdıb kitab oxumağa başladım. Hansından başladığım yadımda deyil, artıq bunun elə bir önəmi də yoxdur. Əslində sosialist kimi artıq formalaşmışdım, kitablar sadəcə mənə bunun nə olduğunu başa saldı. O gündən çox kitab oxudum, amma sosializmin labüdlüyünü sübut edən heç bir iqtisadi və ya məntiqi dəlil mənə sosial uçurumun sürüşkən divarında yaşadığım anlar qədər təsir etmədi…

Tərcümə: Məmməd Süleymanov


Oxşar yazılar:

Baxış sayı:12981