abunə ol: Yazılar | Şərhlər | Еmail

Qloballaşma məsələsinə dair

Şərh

Qloballaşma məsələsinə dair  

Fərid Bakunin

Azərbaycanda marksizm haqqında söhbət düşəndə həmişə onun haqqında hansısa cəfəngiyat eşidirsən, marksizmin “müzakirəsi” “aşpaz övladları”, “utopizm” və s. haqqında şablon replikalar və yalançı ifadələrlə məhdudlaşır. Bir zamanlar ağzı köpüklənə-köpüklənə Marksın dahiliyini, onun nəzəriyyəsinin inkar edilməzliyini sübut edən dünənki elmi kommunizm professorları bu gün elə həmin köpüklü ağızlarla 20 – 25 il əvvəl tənqid etdiklərini tərənnüm edərək onu təhqir edirlər.  Belə ki, sürətlə “üçüncü dünya” – ya yuvarlanan bir ölkə üçün bu normal bir şeydir.  Məsələ başqa şeydədir – nə üçün Azərbaycan, həm də bütün postsovet respublikaları(o cümlədən Rusiya) – inkişaf etmiş kapitalist ölkələrinə deyil, “üçüncü dünya” ölkələrinə çevrilirlər? Bu suala cavabı marksist fəlsəfəsi verir.

“Sənayecə daha çox inkişaf etmiş ölkə, daha az inkişaf etmiş ölkəyə öz gələcəyinin yalnız mənzərəsini göstərir” – Marks özünün əsas işi olan “Kapital” – ın ilk cildinə müqəddimədə belə yazırdı.  Nəticədə bu ifadə bir çox sollar tərəfindən inkişaf etməkdə olan ölkələrdə sosialist inqilabının mümkün olmasını inkar etmək üçün əsas kimi qəbul edildi, belə ki, Marks iddia edirdi ki,  sosializmin qurulması yalnız kapitalizmin növbəti formasiya üçün lazımi maddi baza yaratmasından sonra mümkündür, bu zaman inkişaf etmiş kapitalizmin daxili ziddiyyətləri inqilabi sinfi(proletariatı) sosialist inqilabına təhrik edəcək inqilabi  vəziyyəti müəyyən edəcək.  Və nəticə etibarilə menşevik və bir çox Avropa kommunistlərinin düşündüyünə görə, sosialist inqilabları ilk növbədə inkişaf etmiş kapitalist ölkələrində baş verməlidir, geridə qalmış ölkələrdə isə inqilab o zaman mümkündür ki, kapitalizm öz inkişafına görə inkişaf etmiş ölkələrin səviyyəsinə çatsın.  Qeyd etməyə dəyər ki, Marksın özü “Kapital”ın fransızca tərcüməsində əlavə edir ki, bu formul Qərbi Avropa çərçivəsi ilə məhdudlaşdırılmışdır, belə ki, o, obyektiv səbəblərə görə 19 – cu əsrdə kapitalizmin sonrakı inkişafını qabaqcadan görə bilmirdi.  Kapitalizmin növbəti mərhələyə – imperializmə keçməsi tendensiyası təfsilatı ilə artıq V. Lenin(paralel olaraq Roza Lüksemburq) tərəfindən izah edilir.  İndi təsəvvür etmək çətindir ki, Böyük Oktyabr Sosialist inqilabı zamanı ABŞ – da güclü kommunist hərəkatı mövcud idi, həmin “kommunizm kabusu” real təhdid olaraq amerikan elitasının gözlər qarşısından çəkilmirdi(belə bir vəziyyət Avropada da mövcud idi).  Bu vəziyyətdə qərb burjuaziyası mümkün inqilab qorxusu ilə o zamanlar inqilabi sinfə – proletariata güzəştə getməli oldular.   Proletariat cəmiyyətdəki vəziyyətinə görə inqilabi sayılırdı(latın dilindən tərcümədə “proletariat” – öz nəslindən başqa heç nəyi olmayan – “prole”).  İşçi sinfinə güzəştləri isə burjuaziya öz müstəmləkələrinin vəhşicəsinə soyğunu ilə kompensasiya edirdilər, inkişaf etmiş ölkələrin işçi sinfi isə qeyri – prolaetarlaşdırılır (депролетаризуeтся).  Yəni onlar sözün əsl mənasında “öz zəncirlərindən başqa itiriləsi heç nəyi olmayan” vəziyyətindən uzaqlaşırdılar.  Elə gəlir ki, bütün bunların müstəmləkələrin azad edilib müstəqil dövlətlər kimi tanındığı müasir zamanla nə əlaqəsi var. Lakin bu sadəcə illüziyadır, onun arxasında isə həmin “demokratik” müasir zamanın qəddar reallığı gizlənir.

Sabiq müstəmləkələr tədricən müstəqilliyə nail olduqdan sonra metropoliyalarda geridə qalmış ölkələrin istismarı və soyğunu metodlarının təkmilləşdirilməsi zərurəti yarandı.  İnkişaf etməkdə olan ölkələrin guya çiçəklənməsi üçün yaradılan Beynəlxalq valyuta fondu(BVF), Dünya bankı, həmçinin Ümumdünya ticarət təşkilatı(ÜTT) kimi təşkilatlar son nəticədə inkişaf etməkdə olan ölkələrin soyğunu üçün yeni alət oldular.  Yalançı dərslikləri əzbərləməklə məşğul olan tələbələrə bu beynəlxalq təşkilatları “xoş” niyyətləri yeridilir, amma bu təşkilatların fəaliyyətinə diqqətlə nəzər yetirəndə onların niyyətləri ciddi şübhə doğurur. Məlum olduğu kimi, BVF inkişaf edən dövlətlərə yardım etməzdən əvvəl, onlar qarşısında iqtisadiyyatda “struktur dəyişikliyi” tələbini irəli sürür ki, bu da iqtisadiyyatın transmilli korporasiyaların(TMK) maraqlarına uyğunlaşdırılmasıdır.  Bu zaman Dünya Bankı yalnız TMK – lara sərfəli olan layihələrin gerçəkləşdirilməsi üçün borc verir.  Digər “xeyirxah” təşkilat – ÜTT dünya ölkələrini “azad ticarət zonası” – na daxil olmağa səsləyərək, onlardan reallıqda milli iqtisadiyyatın məhvini və kənd təsərrüfatına dəstəyin dayandırılmasını tələb edir ki, bu da yerli malların rəqabət qabiliyyətinin zəifləməsinə, ölkənin tamamilə TMK – nın mal satışı bazarı olmasına gətirib çıxarır.   Qeyri – sərfəli şərtlərlə götürülən kreditlər “üçüncü dünya” ölkələri üçün, onlara qul vəziyyətini qaytararaq, əsl kabusa çevrilmişdir, bu ölkələrin bütün resursları başlanğıc kreditlərin deyil, bu kreditləri on dəfələrlə üstələyən faizlərin ödənməsinə yönəldilmişdir. Bunlar rəqəmlərdə necə əks olunur? Dünya Bankının(World Bank Development Finance), həmçinin Fidel Kastronun Birləşmiş Millətlər ticarət və inkişaf üzrə XI Konfransından Göndərişindən olan məlumatları maraqlıdır. Kasıb ölkələrin xarici borcu 1964 – cü ildə 50 milyarda yaxın idi, 2004 – cü ildə isə o, artıq 2,4 trilyona çatmışdır.  1982 – 2003 – cü illər arasında isə – 21 il ərzində kasıb dünya yalnız “borca xidmət” üçün 5,4 trilyon dollar ödəmişdir, yəni onun indiki həcmi varlı ölkələrə ikiqat ödənmişdir.  Bu zaman inkişafa görə yardım ediləcəyi vəd edilmişdir və həm də vəd edilmişdir ki, varlılar və kasıblar arasında uçurum tədricən azalacaqdır.  Kasıb ölkələrə yalandan vəd edilmişdir ki, yardımın həcmi iqtisadi inkişaf etmiş ölkələrin ÜDM – nun 0,7% – ni təşkil edəcəkdir – əgər belə olsa idi, bu rəqəm indi ildə 175 milyard dollardan az olmayacaqdı.  Humanitar yardım göndərildi, borcların bir hissəsi “bağışlanıldı”.   Yəni, “üçüncü dünya” 2003 – cü ildə inkişafa görə 54 milyard dollar rəsmi yardım aldı.  Həmin ildə kasıblar varlılara borclara  görə 436 milyard dollar ödədilər.  Ən varlı ölkə – ABŞ –yardım məqsədilə yalnız öz ÜDM – dan 0,1% göndərərək nəzərdə tutulan vəzifəsini hamıdan az yerinə yetirdi.

Həmçinin qeyd etmək lazımdır ki, bu “yardımı” kasıb ölkələr həmin imperialist ölkələrin sifarişlərini yerinə yetirməyə yönəltdilər, bununla da bu məbləğlər eyni mərkəzin – “birinci dünyanın” bir pul kisəsindən digərinə keçirdi.  Bu nəhəng axının inkişaf etmiş ölkələr üçün əhəmiyyətini başa düşmək üçün qeyd etmək lazımdır ki, hələ böhrandan əvvəl 2004-cü ildə ABŞ-da büdcə və ticarət kəsiri trilyon dollardan yuxarı idi və beləliklə sistemin kapitalizmin daxili ziddiyyətlərindən müdafiəsi yuxarıda mənbəyini qeyd etdiyimiz daxilolmalar ilə dəstəklənirdi və indi də dəstəklənir.  Məlum məsələdir ki, “üçüncü dünyanın” soyğunu olmadan bütün “qərb cənnəti” kart evciyi kimi yıxılardı, ona görə də təəccüblü deyil ki, əslində “amerikan demokratiyasının genişləndirilməsi”, “beynəlxalq terrorizmlə mübarizə” və s. kimi amillər nə ilə bağlı yaranmışdır.  Bütün bunlar da beynəlxalq hüququn nüfuzu ilə möhkəmləndirilmişdir.  Marksın məşhur, hüquq – hakim sinfin qanun şəklinə salınmış iradəsidir, ifadəsini uyğunlaşdırsaq, beynəlxalq hüquq – hakim imperialist ölkələrinin iradəsinin, bir hissəsi “sosial dövlətin” yaradılmasına yönəldilmiş yüksək mənfəətin əldə edilməsi üçün inkişaf etməkdə olan ölkələrə yeridilməsidir.  Bu nəyə gətirib çıxardı? BMT məlumatlarına görə: əgər 25 – 30 il əvvəl 500 min insan aclıq çəkirdisə, indi bu rəqəm 800  milyona çatmışdır. Kasıb ölkələrdə 150 milyon uşaq həddindən aşağı çəki ilə doğulur, bu da əqli və fiziki gerilik və ölüm riskini artırır.  Bir yaşına qədər uşaqlar arasında ölüm varlı ölkələrdən 12 dəfə çoxdur. Üçüncü dünya ölkələrində hər gün 33 min uşaq sağaldıla bilən xəstəliklərdən ölürlər.  İki milyon qızı fahişəliklə məşğul olmağa məcbur edirlər.  Kasıb ölkələrdən olan dünya əhalisinin 85% – i enerjinin 30% – ni, metalların 25% – ni və ağacın 15% – ni istehlak edir.  Dünyada milyardla tam və funksional savadsızlar mövcuddur.

Amma qloballaşma yalnız “üçüncü dünyaya” deyil, inkişaf etmiş ölkələrə də zərbə vurur.  Marks “Kapitalda” “bütün xalqların dünya bazarına cəlb edilməsi”, bununla bərabər də “kapitalist rejiminin beynəlxalq xarakterinin” güclənməsini əvvəlcədən demişdir(K.Marks, F.Engels, Əsərləri 23 – cü cild, səh. 772). Kapitalist rejiminin bu beynəlxalq xarakterinin güclənməsi(indi qloballaşma kimi məlumdur) yalnız inkişaf edən deyil, həm də inkişaf etmiş ölkələrdə əhalinin radikallaşmasına səbəb olur.  Bu nə üçün belə baş verir? Marks bu suala hələ 19 – cu əsrdə cavab vermişdir.  “Əgər Çin – öz seçiciləri qarşısında parlamentin üzvü Steyplton deyirdi – böyük sənaye derjavası olarsa, o zaman mən Avropanın işçi sinfinin öz rəqiblərinin səviyyəsinə etmədən bu derjava ilə necə mübarizə aparacağını görə bilmirəm”. Oradaca Marks əlavə edir: “İndi artıq kontinental deyil, çinli əmək haqqı ingilis kapitalının ən böyük arzusudur”(K.Marks, F.Engels, Əsərləri, 23 – cü cild, səh. 614).  Bu qeyd 21 – ci əsrdə də aktualdır.  İki müəssisə təsəvvür edin,  onlardan birinin istehsalı Filippində, digəri isə inkişaf etmiş Almaniyada cəmlənmişdir.  Filippindəki məhsul gündə 2-3 dollara, 12 – 13 saat işləməyə razı olan işçi tərəfindən istehsal edilir, bütün bunlarla yanaşı tibbi sığorta və ya müəssisə hesabına milad tətilləri kimi anlayışlar onların yuxusuna da girmir.  İnvestisiya ardınca qaçarkən “üçüncü dünya” ölkələri, məlum olduğu  kimi, bu şirkətlərdən alınan vergiləri gülməli ölçülərə qədər azaldırlar, ilk beş il ərzində isə korporasiyalara “vergi tətili” verilir – onlar nə gəlir vergisi, nə də mülkiyyət vergisi vermirlər (Şri–Lankada “iqtisadi məkan ərazisində” 1989–cu ildən bəri vergilər ödənilmir).

Bu vaxtda Almaniyadakı şirkət həmin məhsulun buraxılması üçün işçiyə filippinlinin bir neçə ilə qazandığı məbləğdə aylıq əmək haqqı ödəyir, öz hesabına məzuniyyətlə, tibbi sığorta və digər “insan üzlü kapitalizm” rifahları ilə təmin etməlidir. İzah etmək artıqdır ki, niyə bu şirkətin məhsulları dünya bazarında rəqabətə dözməyəcək. Bu da istehsal mərkəzinin metropoliyalardan “üçüncü dünya” ölkələrinə “köçürülməsinin” səbəbidir.  Yalnız ona görə ki, alman və amerikan işçilərinin əmək haqları onlar tərəfindən istehsal olunan məhsulun dünya bazarında satılması üçün maneədir. İnkişaf etmiş ölkələrdə daxili istehsalın yox olmasının səbəbi budur, halbuki bu zaman həmin ölkələrin milli bazarları “üçüncü dünya” ölkələrindən olan ucuz seriyalı məhsullarla doldurulur, enerjidaşıyıcıların qiymətinin və artan işsizliyin də səbəbi budur.  Buna görə də inkişaf etmiş ölkələr özlərinin “ümumi rifah sosial dövləti”, yüksək əmək haqqı ilə, iş vaxtının və digər əmək şərtlərinin normalaşdırılması ənənələri ilə həmin sistemin tələsinə düşdülər, onlar qarşısında seçim var: ölkə daxilində əmək haqqını azaltmaq və ya işçi yerlərini əmək haqqının daha aşağı(Çin, İndoneziya, Latın Amerikası ölkələri və s) və ya iş vaxtının daha uzun(məsələn, Şri – Lankada 14 saat, İndoneziyada – 12 saat, Cənubi Çində – 1 saat, Filippində – 12 saat) olduğu yerlərə köçürmək. Nəticələri isə inkişaf etmiş ölkələrin özlərində tələbin azalmasında, paralel olaraq isə – sosial təminat sisteminin böhranı və geriləməsində əks olunur.  Təbiidir ki, Almaniyada, Fransa və ya İngiltərədə əmək haqqını Nigeriya və ya Malayziya səviyyəsinə endirmək real deyil, kapital üçün istehsalı müqayisədə daha yüksək əmək haqqının olduğu ölkələrdə gerçəkləşdirməyi davam etdirmək imkanı isə texniki yeniliklərə görə artan əmək məhsuldarlığı ilə əlaqədardır.  Əslində, bu əmək haqqının artırılması ilə paralel getməlidir, amma inkişaf etmiş ölkələrdə bu artıq olmur, əvəzində isə iş yerlərinin ixtisarı müşahidə olunur (böhrandan çox əvvəl). Bütövlükdə Qərbdə indi elə bir vəziyyət yaranır ki, Marksın sözlərinə görə, burjuaziya işçilərin hesabına yaşamaqdansa, özü onları yedirməlidir (“Kommunist partiyasının manifesti, K. Marks və F. Engels, Əsərləri, 4 – cü cild, səh. 435).  Bütün bunların fonunda sabiq Sovet İttifaqı ölkələrinin taleyi maraqlıdır. SSRİ illərində özünü təmin edən iqtisadiyyatı, güclü sənaye yaradılmışdı ki, bu da 90–cı illərdə liberal reformlar ilə məhv edildi.  Yerli bazarlar ixrac malları ilə dolduruldu, milli istehsal məhsullarına tələbat isə sadəcə olaraq yox oldu ki (bunun səbəbləri–ayrı məqalə üçün mövzudur), bu da iqtisadiyyatda durğunluğa və kütləvi işsizliyə gətirib çıxardı.  Həm də bir zamanlar böyük derjavanın respublikaları Qərbin əlavə xammal mənbəyinə çevrildilər.  2008 – ci ildə ixracının 98% – ni xam neft təşkil edən Rusiya və Azərbaycan kimi ölkələr heç vaxt İsveç və ya Almaniya olmayacaqlar. Yerli istehsalın gəlir əldə edən ayrı – ayrı sahələri isə məhv edilmir, xarici şirkətlər tərəfindən alınır.  Məsələn, rus pivə biznesi əslində bir neçə xarici şirkətə məxsusdur: «Бочкарев», «Пит», «Охота», «Степан Разин», «Три медведя», «Доктор Дизель», «Шихан», «Окское» «Heineken», Hollandiyaya məxsusdur(Heineken, Amstel), «Золотая бочка», «Три богатыря» – «SUBMiller», İngiltərə (Miller, Castle, Pilsner, Kozel), «Балтика», «Арсенальное», «Ярпиво», «Невское», «Легенда», «Медовое», «Уральский мастер» –«Carlsberg», Danimarka (Carlsberg, Tuborg, Holsten), «Клинское», «Сибирская корона», «Толстяк», «Тинькофф», «Волжанин» –«InBev», Belçika (Beck’s, Stella Artois, Brahma, Staropramen), «Старый мельник», «Белый медведь», «Сокол», «Красный восток», «Солодов» – Efes, Hollandiya (Efes, Bavaria, Zlatopramen). Analoji vəziyyət şirə və şirniyyat istehsalında da müşahidə olunur.  Və məsələn, “Xırdalan” “Балтика” – nın(daha dəqiq “Carlsberg”) mülkiyyəti olursa, “vətənpərvərlərin” sevincinin həddi – hüdudu olmur, çünki düşünürlər ki, yerli istehsal “dünya səviyyəsinə” çıxır.  Əslində isə tam əksi baş verir – yerli istehsal banan – peru səviyyəsinə çıxır.  Belə vəziyyət Afrika, Latın Amerikası, bir çox Asiya ölkələrində də mövcuddur. İndi Qərbə mənfəət yalnız “McDonalds”, “Wallmart”, və ya “Pizza Hut”, ixrac malları vasitəsilə deyil, həm də  bir zamanla milli olan sahələr vasitəsilə də çıxarılır.  Bunun nəticələri yalnız ayrı – ayrı iqtisadçılara, komprador burjuaziyasına deyil, həm də sabiq SSRİ ölkələrinin antixalq rejimlərinə də yaxşı məlumdur.

***

Bu məqalə müasir kapitalizmin bəzi inkişaf tendensiyalarına səthi baxış idi, onun çərçivələrindən kənarda isteblişmentin cavab verməyi sevmədiyi, amma hələ marksistlərin cavab verdiyi çoxsaylı suallar qalmışdır. Yalnız “üçüncü dünya” ölkələrinin deyil, tədricən inkişaf etmiş ölkələrin sakinlərinin də radikallaşmasına səbəb olan müasir neoliberal qloballaşma tədricən öz düşmənlərinin, ilk növbədə sol hərəkatların konsolidasiyasına şərait yaradır, nəticədə dünyaya daha yaxşı alternativi təqdim edə biləcək vahid sol cəbhənin formalaşdırılması vacibdir.  Biz – marksistlər, reallıqda baş verən yeni dəyişiklikləri qeyd etməli, dərk etməli və başa düşməliyik.  Marks “Fəlsəfə yoxsulluğu” əsərində xəbərdarlıq edir: “.. ictimai münasibətlər istehsal gücləri ilə sıx əlaqədədirlər.  Yeni istehsal gücləri əldə edərkən insanlar istehsal üsulunu dəyişdirirlər, istehsal üsulunun, öz həyatlarının təmin edilməsi üsulunun dəyişməsi ilə – bütün ictimai münasibətləri dəyişdirirlər.  Əl dəyirmanı bizə başda süzeren olan cəmiyyəti, buxar dəyirmanı isə sənaye kapitalisti cəmiyyətini verir”(K. Marks və F. Engels, Əsərləri, 4 – cü cild, səh. 133). Bu, müasir cəmiyyətdə ictimai münasibətlərin kompyuterləşmə və hər cür “hi – tech” – in təsiri ilə dəyişməsi zamanı da görünür.  Bütün bunları biz müasir kapitalizmin inkişafının bütün amillərini nəzərə alaraq, onların xarakterini izah edərək, onların dəf edərək, insanlığın inkişafının yeni pilləsinə qalxa bilərik.  Gerçəklikdə başqa yol yoxdur.

www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:12123