abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov-Atəşkəsə sürükləyən yol

Şərh

1992-ci ilin yayı Azərbaycan üçün ümidlər dövrü kimi başladı. Dalbadal məğlubiyyətlərdən sonra müharibədə dönüş yarandı. İyunun 12-də Azərbaycan ordusunun irimiqyaslı və uğurlu hücum əməliyyatına start verildi.
Bu vaxtdan başlayaraq artıq hər iki tərəfdən yarımordu hissələri yox, klassik ordular savaşırdı. Mayın 15-də Daşkənd görüşündən sonra Azərbaycan və Ermənistan Sovet Ordusundan qalan hərbi arsenalın varisləri oldu. Kağız üzərində yazılanlara görə, tərəflər hərəsinə 220 tank, 220 zirehli maşın, 285 artilleriya dəsti və 100 döyüş təyyarəsi əldə etdi. Cəmisi 1 il əvvəl ov tüfəngləri ilə savaşan tərəflər üçün bu, nəhəng dəyişiklik deməkdi. Elə o vaxtdan da müharibənin xarateri dəyişdi.
1992-nin iyununda Azərbaycan ordusunun hücumu erməniləri panik vəziyyətə saldı. Jurnalist Tom de Vaal özünün “Qara bağ” kitabında bunu bu cür təsvir edir:
“Qaçqın axını Dağlıq Qarabağdan cənuba yönəlib. Yol kənarında ilişib qalmış adamlarla dolu yük maşınları, piyada gedən adamlar… Bunlar kənd camaatı idi: qarılar, çiyinlərində körpələri aparan gənc qadınlar, mal-qaranı qabağına qatmış kəndlilər. Yorğun adamlar yol palçığını ev şap-şapları ilə əzir – qaçarkən ayaqqabı da götürməyiblər. Ağ saçlı bir qarı birbaşa kameranın obyektivinə qışqırır: “Kim bizi lənətləyib? Biz dünyanın yetimləriyik?”
Bəli, o günlərdə erməniləri total panika sarmışdı. 4 gün ərzində azəri ordusu Şaumyan rayonunu ermənilərdən tam təmizlədi. Sonrakı 3 həftədə Ağdərə rayonu tam olaraq azad edildi. Əksər kəndlərdə həm mülki əhali, həm də hərbçilər əraziyə azəri əsgəri heç ayaq basmamış qaçırdı.
Bu da həmin günlərdə ermənilərin durumu haqda Robert Köçəryanın söylədikləri: “Panika vəziyyəti idi. Azərbaycan ordusu Qarabağın ərazisinin 48 faizini almışdı, çoxlu qaçqınlar vardı. Stepanakertdə Ali Sovetin rəyasət heyətinin aramsız iclasları keçirilirdi və burada da  hamı şok vəziyyətindəydi, heç bir qərar qəbul edə bilmirdi”.
Şuşa və Laçının işğalından sonra eyforiyaya düşən Qarabağ erməniləri sərt reallıqla qarşılaşmışdı. Onların cəbhəsində məğlubluq əhval-ruhiyyəsi hökm sürürdü.
1992-93-cü il Ermənistan erməniləri üçün də böyük fəlakət ili idi. Həmin qış vətəndaşlar sanki bir neçə əsr əvvələ qayıtmışdılar. İşıq, qaz, odun, ərzaq yox idi. Evləri isitmək üçün parklardakı ağaclar qırılır, içməli su defisiti yaşanırdı.
Ancaq 1992-nin yayında düşmən üzərində hərbi üstünlüyə nail olan Azərbaycan ordusu bu qələbəni saxlaya bilmədi. Həmin vaxt Zərdüşt Əlizadə “İstiqlal” qəzetində yazırdı: “Ağdərənin azad olunmasından sonra dayanmaq lazımdır”. Toparlanmaq, ordunu təşkil etmək, habelə ölkə iqtisadiyyatını hərbi relslərə keçirmək üçün Əlizadə fasilə götürməyi təklif edirdi. Ancaq bu dəfə eyforiyaya düşən tərəf biz olduq.
Şəxsi heyətdə və döyüş təcrübəsindəki çatışmazlıqlar onunla nəticələndi ki, ordumuz Dağlıq Qarabağın şimalında ilişib qaldı. Ermənilər isə öz imkanlarından (şəxsi heyət, silah-sursat, intizam, döyüş təcrübəsi) yararlanmağı bacardılar.
1992-nin payızı ordumuzun hərbi uğurlarının kulminasiyası oldu.  Hansısa an hətta Sırxavənd də alınmışdı, Stepanakertə aparan yol da nəzarətdə idi. Ordu Laçın dəhlizinə hücuma hazırlaşırdı. Müdafiə Nazirliyi oraya Bakıdan avtobus karvanı göndərməyi planlaşdırırdı ki, oranı ordumuz azad edəndən sonra mülki erməni əhalisini daşısın.
Yaxud, sentyabrda Qaraxanbəyli hospitalında olarkən həkimlərin böyük sevinclə Əsgəranın azad edildiyini xəbərini bölüşdüyünü xatırlayıram. Xəbər haradasa doğru idi – ancaq bir neçə saat sonra ordumuz şəhəri tərk etdi, biz isə yaralı və ölüləri qəbul etməyə hazırlaşdıq.
Oktyabrda ordunun hücumları dayandı. Bundan sonra məğlubiyyətlər seriyası başladı. Bunun isə səbəbləri yalnız hərbi yox, daha çox siyasi idi.
Elçibəy rejiminə ictimai dayaq azalmaqda davam edirdi. Digər narahatlıq mənbəyi isə yarımmüstəqil knyazlığa çevrilən Naxçıvanın rəhbərliyi idi…

Kəlbəcərin işğalı bilavasitə ölkədaxili siyasi qızdırmaların nəticəsi idi. Surət Hüseynov vəzifəsindən uzaqlaşdırıldı, Rəhim Qazıyev istefa verdi, Naxçıvanda isə Heydər Əliyevi neytrallaşdırmaq üçün 1992-nin oktyabrında edilmiş cəhd uğursuzluqla bitdi.
Surət Hüseynovun tabeliyində olan hərbi hissələrin Kəlbəcəri demonstrativ tərk etməsi bu strateji cəhətdən arxi-əhəmiyyətli məkanı müdafiəsiz qoydu. Üstəlik, Kəlbəcərin itirilməsi ilə irimiqyaslı hərbi əməliyyatlar ilk dəfə olaraq Dağlıq Qarabağın hüdudlarından kənara daşındı.
Ermənilərin hücumu martın 27-dən başladı. Zərbənin əsas istiqaməti qərbdən – Ermənistanın Vedi rayonundan idi (Bu isə rəsmən özünün müharibədən kənarda olduğunu söyləyən Yerevanın aktiv iştirakçı olduğuna daha bir sübutdu).
Həmin vaxt Levon Ter-Petrosyan əməliyyatların Dağlıq Qarabağ hüdudlarından kənara çıxarılmasının əleyhinə idi. O, münaqişənin diplomatik yolla tənzimlənməsinin tərəfdarıydı, onun müdafiə naziri Vazgen Manukyan isə “qırğılar”ı təmsil edirdi. Prezident Ermənistan hərbi hissələrinin Qarabağ ermənilərinə bu dərəcədə irimiqyaslı yardım göstərməsindən ehtiyatlandığından, Manukyan hücumun bir çox detallarını heç onunla razılaşdırmamışdı da. “Mən prezidentə əməliyyatın yalnız kiçik bir hissəsini açıqladım və razılığını alıb öz bildiyim kimi etdim”, – sonralar Manukyan söyləyəcəkdi. Ter-Petrosyan isə hətta Köçəryana məktub yollayaraq onu hücumu dayandırmağa çağırdı.
Aprelin 3-də Kəlbəcər çökdü. Müqavimət olmadığından, itkilər də minimal oldu. Məsələ BMT-də müzakirəyə çıxarıldı və Ermənistanın aqressiyası pisləndi. Ter-Petrosyan beynəlxalq təzyiqlərin müqabilində ABŞ, Türkiyə və Rusiya ilə razılaşdırılmış sülh planını qəbul etdi. Həmin plana görə,  “Dağlıq Qarabağın təhlükəsizliyə təminat” müqabilində ermənilər qoşunları Kəlbəcərdən çıxarmalı idi. İyunun 14-də Ter-Petrosyan Stepanakertə yollanaraq oradakı erməni liderlərini plana razı salmağa çalışdı. Gur diskussiyalardan sonra “DQR parlamentinin spikeri” G.Petrosyan istefaya getdi. Ancaq Qarabağ erməniləri planı icra etmək üçün 1 ay vaxt istədi. Onlar yanılmırdılar – bu 1 ay onlara işləyirdi.  Ermənilər bilirdi ki, Azərbaycandakı daxili siyasi vəziyyət onlara öz hərbi ambisiyalarını reallaşdırmaq üçün ideal şərait yaradıb: Surət Hüseynovun qiyamı, Elçibəyin qaçışı, Heydər Əliyevin dönüşü ermənilərə arzuladıqlarından daha çoxuna nail olmaq şansı verdi. Nəticədə daha 7 rayon itirildi.

AXC hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etdi.
1993-cü il biabırçılıqlarının əsas səbəbi hakimiyyət didişmələri oldu. Ermənilər əksər yerlərdə heç bir müqavimətlə rastlaşmadan boş kəndlərə daxil olurdu. Tom de Vaal özünün “Qara bağ” kitabında bunu “Hərbi turizm” adlandırır.
1993-ün yay hadisələri 2-ci Dünya Müharibəsində sonra rast gəlinən ən kütləvi qaçqınlar ordusunu doğurdu. 350 min azərbaycanlı yaşayış yerini tərk etdi.  Hadisələrin şahidi olmuş Tomas Qolts yazırdı: “Uzaqdan onlar yerli bit bazarına, yaxud kənd yarmarkasına yollanan qaraçı köçünə bənzəyirdilər”.
Xalq hər şeyini itirəndə siyasətçilər hakimiyyət uğrunda didişirdilər.
1993-ün 3 oktyabrında Heydər Əliyev seçkilərdə səslərin rəsmən 98,8 faizini (həm sual, həm nida) alaraq prezident seçildi. O, nitqlərində ordu komandirlərini və işğal olunan rayonların rəhbərlərini xəyanətdə günahlandırırdı. Bu, əslində siyasi ittiham idi: Bu yolla Əliyev özünə potensial təhlükə saydığı hərbi komandirlərin avtoritetini qırırdı. Nəticədə AXC-yə loyal sayılan 33 batalyon ( təxminən 10 min nəfər) dağıdıldı, müharibəyə 10 minlərlə yeniyetmə səfərbər olundu, həmçinin bar və restoranların fəaliyyətinə məhdudiyyət qoyuldu və hərbi senzura tətbiq edildi.
Paralel olaraq isə Heydər Əliyev ermənilərlə sülh danışıqlarına başladı. O, 1993-ün 13 sentyabrında Qarabağ ermənilərinin rəsmi nümayəndəsi ilə ilk görüşün keçirilməsinə nail olmaqla faktik olaraq Qarabağ ermənilərini “münaqişənin bir tərəfi” kimi tanımış oldu: Moskvada Afiyəddin Cəlilovla Arkadi Qukasyan (“DQR”-in xarici işlər naziri”) görüşdü.
“DQR parlamentinin spikeri” Karen Baburyan xatırlayırdı ki, həmin günlər “Heydər Əliyevin adından 10 dəfələrlə zənglər edilirdi”.

Sentyabrın 24-də isə hələ prezident seçilməmiş Heydər Əliyev Moskvaya, MDB-yə daxil olmaq üçün müqaviləyə imza atmağa yola düşdü…

Qarabağ müharibəsinin 1993-ün dekabrında başlayıb 1994-ün mayında bitən sonuncu mərhələsi ən qanlı mərhələ oldu. Həmin dövrü Azərbaycanda az işıqlandırıblar, halbuki ən böyük hərbi itkilər bu dövrə düşür.
Hər 2 tərəfdə döyüşçülərin böyük əksəriyyəti təcrübəsiz yeniyetmə çağırışçılardı və amansız döyüşlərdə onlar minlərlə həlak oldu.

Dekabrın 13-də döyüşlər bərpa oldu. Ermənilər Füzulidən şərqə hücuma keçdi və çox güclü müqavimətlə qarşılaşıb geri çəkildi. Bu dəfə Azərbaycan ordusu 3 cəbhə boyunca əks-hücuma keçdi. Ermənilər Ağdərənin bəzi kəndlərini qoyub çıxdı, cənub-şərqdə isə ordumuz 1994-ün 6 yanvarında Horadizi azad edərək Füzuliyə doğru irəlilədi.
Ordumuzun ən irimiqyaslı hücumu isə şimal-şərq istiqamətində oldu. Həmin kampaniya Qarabağ müharibəsinin tarixində ən qanlı əməliyyat olaraq qalmaqdadır. Məhz o uğursuz əməliyyatda ordumuz ən böyük itkilərini verdi. Söhbət Murov əməliyyatından gedir.
Hücum əhalinin tərk etdiyi boş ərazidə və şiddətli qış şaxtası şəraitində baş tuturdu. Murov dağını və Ömər aşırımını keçən ordu Kəlbəcərə yaxınlaşırdı. İlk günlər uğurlu keçdi. Yanvarın 24-də Çarplı yaxınlığında 240 nəfərlik erməni batalyonu mühasirəyə alınaraq tamamilə məhv edildi. Fevralın əvvəlində ordu artıq Kəlbəcərin həndəvərində idi.
Fevralın 12-də ermənilər qarlı havada əks-hücuma keçdi. Köməkdən məhrum, arxa mövqelərdən uzaq düşmüş, rəhbərliyin səhvi (cinayəti) ucbatından taleyin qismətinə buraxılmış əsgərlərimiz geri çəkilməli oldular. Yolda yüzlərlə yeniyetmə donub öldü, çoxları itkin düşdü. Fevralın 18-də əsgərlərimiz Ömər aşırımını keçib geri döndü.
Aşırımda 2 azəri briqadası mühasirəyə düşdü. Ermənilərin “Qrad” raketləri bəzi məlumatlara görə 1500 əsgərimizin ömrünə son qoydu.  Bir neçə il sonra da Kəlbəcərə gedənlər dağlarda donmuş cəsədlərlə qarşılaşırdı. Sonra ermənilər yüzlərlə həlak olmuş yeniyetməmizin hərbi biletlərini toplayıb lentə aldılar. Tom de Vaal bunu təsvir edərək yazır: “Ağacdan düzəldilmiş masanın üzərində qalaqlanmış çoxlu qırmızı hərbi bilet – həlak olmuş azərbaycanlı gənclərdən bundan başqa heç nə qalmamışdı”.
O bədnam və dəhşətli əməliyyata görə heç bir azəri rəsmisi cəzalandırılmadı. 1994-ün qış kampaniyası isə cəhbə xəttini elə də dəyişmədi. Halbuki itkilərin göstəricisi dəhşət doğurur: Arif Yunusovun rəqəmlərinə görə, Azərbaycan həmin əməliyyatda 4 minə yaxın, Ermənistan isə 2 minə yaxın hərbçi itirdi.
Hər 2 tərəfin gücü tükənmişdi. Ermənilər istədiklərinə gözlədiklərindən də çox nail olmuşdu. Ölkədaxili vəziyyət də narazılıqların artması istiqamətində gedirdi. Belə bir şəraitdə atəşkəs hər iki ölkənin rəhbərinə sərf edirdi.
1994-ün 4-5 mayında Bişkekdə MDB ölkələri parlamentlərinin nümayəndələri toplaşır. Görüşün sonunda “Bişkek protokolu” deyilən rəsmi sənəd hazırlanır. Sənəddə tərəflərə mayın 8-dən 9-na keçən gecə atəşi kəsmək təklif olunur. Protokola 6 nəfər, o cümlədən Rusiyanın nümayəndəsi Vladimir Kazimirov və Ermənistanın 2 rəsmi şəxsi imza atır.
Hamının gözü Azərbaycan parlamentinin nümayəndələrinin rəhbəri, vitse-spiker Afiyəddin Cəlilova dikilir. Cəlilov protokolu imzalamır. O, prezident Əliyevin razılığını almadan imza ata bilməyəcəyini deyir. Əliyev həmin vaxt Brüsseldə idi. Qərara alınır ki, Cəlilovun prezidentlə razılaşdırmasına qədər sənədin imzalar yerində boş yer saxlanılsın.
Mayın 8-də Kazimirov Bakıya gəlir. Heydər Əliyevin otağında Rəsul Quliyev Bişkek protokoluna imza atır. Əvvəlcə Bakı protokola 2 xırda düzəlişin edilməsində və protokolda həmçinin Nizami Bəhmənovun imzasının olmasının zəruriliyində israr edir. Bəhmənovu axtarırlar, ancaq tapmırlar – Bakıda deyilmiş. Odur ki, protokola təkcə Rəsul Quliyev imza atır.
Tərəflərin atəşkəs razılığından sonra məsələnin praktik reallaşdırılmasına başlanılır. Kazimirovun sözləri ilə desək, bu, “faks diplomatiyası”nın sayəsində baş tutur. Mayın 9-da Bakıda müdafiə naziri Məmmədrəfi Məmmədov  atəşkəslə bağlı rəsmi öhdəlik götürür. Mayın 10-da Yerevanda Serj Sarkisyan sənədə imzasını qoyur. Qarabat ermənilərini təmsil edən Samvel Babayan isə sənədi mayın 11-də imzalayır.
Mayın 11-dən 12-nə keçən gecə atəşkəs haqqında müqavilə qüvvəyə minir. 16 ildir davam edən “Nə hərb, nə hərb” dövrü başlayır…

mart , 2010 cu il

Məmməd Süleymanov                                              (c)  SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:13589