abunə ol: Yazılar | Şərhlər | Еmail

Ernesto Çe Gevara- Partizan müharibəsi metod kimi

Şərh

Dünya tarixində  Partizan müharibəsi  (Gerilla müharibəsi)  dəfələrlə, müxtəlif  şərtlər  altında və müxtəlif hədəflər üçün aparılmışdır. Son zamanlarda  xalqın avanqardları hərbi üstünlüyə sahib  düşmənlə qeyri – müntəzəm  silahlı mübarizə yolu seçərkən xalq – azadlıq müharibələrində buna üstünlük verir. Asiya, Afrika və Latın Amerikasında iqtidarı ələ keçirmək üçün və  feodal, neomüstəmləkə, müstəmləkə istismara qarşı  mübarizənin gedişində belə olmuşdur. Avropada partizan müharibəsini  köməkçi vasitə kimi  nizamlı ordunun özünün və ya müttəfiqlərinin hərbi fəaliyyət yolu  olaraq seçilmişdi.

Latın Amerikasında  partizan müharibəsinə müxtəlif  səbəblərdən gedilib. Bununla bağlı yaxın nümunə olaraq yanki ekspedisiya korpusu ilə Nikaraqua Seqoviasında döyüşmüş  Cesar Augusto Sandinonun təcrübəsini xatırlamaq olar. Və daha sonra – Kubada  bu yaxınlardakı  inqilabi müharibəni. Bu dövrdən  partizan müharibəsinin aparılması  məsələsi  qitənin  mütərəqqi partiyalarının nəzəri diskussiyalarının mövzusuna çevrilmişdir, üstəlik polemika mövzusu  imkanlar, məqsədəuyğun partizan mübarizəsinin aparılması oldu.

Verilmiş qeyd  gerilla müharibəsi və onun düzgün  aparılma yolları  ilə əlaqəli   ideyalarımızı açıqlamaq cəhdidir.

Başlanğıc  üçün bildirək ki, bu mübarizə  forması ümumilikdə  yalnız vasitədir – qoyulmuş məqsədə yetişmək üçün  metod.  Hər bir inqilabçı üçün vacib, mütləq hədəf  siyasi hakimiyyəti ələ keçirməkdir. Bu o deməkdir ki, hər bir Latın Amerikası ölkəsində ayrıca götürülsə, vəziyyətin təhlili üçün biz ondan çıxış etməliyik ki, partizan müharibəsi – yalnızca siyasi hakimiyyəti ələ keçirməyin  sıradan bir üsuludur.

Ardınca həmin anda sual ortaya çıxır: Ola bilər ki, partizan müharibəsi bütün  Latın Amerikası ölkələrində siyasi hakimiyyətə yiyələnməyin yeganə metodudur? Və ya ən azı, əsas metoddur? Ya da mübarizə  yollarından sadəcə hər hansı biridir ? Və bu əsas da: qitənin digər ölkələrində mövcud indiki hal  Kuba inqilabı təcrübəsini  tətbiq etmək olarmı ?

Açılmış polemikanın gedişində, gerilla mübarizəsində şəxsən iştirak etmək marağında olanları adətən kütlənin mübarizəsini “heçə saymağa” görə tənqid edirlər – beləcə biri digərini inkar edir. Biz  oxşar  təsəvvürü  rədd edirik: partizan müharibəsi – bu xalq savaşıdır, bu kütlənin  mübarizəsidir.Yerli sakinlərin dəstəyi olmadan bu tip müharibə aparmağa cəhd öncədən özünü qaçılmaz məğlubiyyətə məhkum etmək deməkdir. Partizanlar – xalqın əsgəri avanqardıdır, müəyyən ərazidə əməliyyat aparan silahlı avanqard və bir sıra ardıcıl hərbi əməliyyatlar yolu ilə  öz strateji məqsədini reallaşdırmaq – hakim  qüvvə  olmaqdır. Partizanlar əməliyyat gedən  həmin bölgənin  və ümumilikdə bütün ərazinin kəndli və işçi kütləsinin  köməyindən  yararlanır. Bu ilkin şərtlər olmadan  gerilla müharibəsinə  başlamaq olmaz.

“Biz hesab edirik ki, Latın Amerikası kontinentinin inqilabi hərəkatı üçün Kuba inqilabı təcrübəsindən  önəmli  3 əsas  dərs  götürülə bilər :

1. Müntəzəm orduya qarşı müharibədə xalq qüvvələri qalib gələ bilər.

2. Hər zaman inqilabi şərtlərin  yetişməsini gözləməyə  lüzum yoxdur: üsyançı mərkəz onu özü yarada bilər.

3. Amerika qitəsinin az inkişaf etmiş ölkələrində silahlı mübarizəni  əsasən kənd yerlərində aparılmaq lazımdır (“Partizan müharibəsi”).[1]

Latın Amerikasında inqilabi mübarizənin inkişaf  perspektivləri ilə əlaqədar bu çıxarışlar  bizim kontinentin  gerilla mübarizəsi  formalaşacağı  istənilən ölkəsinə  tam olaraq uyğun gəlir.

İkinci Havana deklarasiyasında deyilir :

“- Bizim ölkələrdə zəif inkişaf etmiş sənayə ilə yanaşı,  mövcud aqrar münasibətlər feodal xarakter daşıyır. Üstəlik ağır şərtlər altında yaşamasına baxmayaraq,  şəhər işçiləri, kənd əhalisinə qarşı  müqayisə olunmaz  dərəcədə daha  amansız bir  istismar və irtica  ortamı vardır; bununla yanaşı, nadir istisnalarla, mütləq əksər  əhali  üçün, bir çox Latın Amerikası ölkələrində  kəndlilərə qoyulan  vergilər 70 %-i üstələyib.
– Adətən kəndlərdə deyil, şəhərdə yaşayan torpaq sahibləri nəzərə alınmazsa, kənd təsərrüfatı ilə məşğul əhali muzdlu əmək müqabilində “mövcud olma”  vasitələri əldə edir, aldığı  dilənçi pulu və istismar  şərtlərilə torpaqda  işləmək  orta əsrlərdən fərqlənmir. Kənd təsərrüfatının bu kasıb təbəqəsinin Latın Amerikasındakı potensialı böyük inqilabi gücə çevrilir.

– Hökumətin  ordusu  “qanun daxilində müharibə” aparmaq üçün  yaradılmış  və təlim görmüşdür və hakimiyyətin sinfi istismarı bu mövcud gücə əsaslanır. Onların qeyri –müntəzəm kənd  müharibəsində kəndli şərtlərinə uyğun toqquşma zamanı tamamilə gücsüzlüyü ortaya çıxır; hökümət ordusu hər ölən inqilab döyüşçüsünə 10 əsgər itirir, bu qısa zamanda ruh düşgünlüyünə və demoralizasiyaya gətirir, gələcəkdə görünməz və məğlubedilməz, tədris edilmiş akademik taktiki təlimləri və sair hərbi fəndləri keçirməyə  fürsət  verməyən  düşmənlə  döyüşməyə məcburdur. Bir o qədər effektli  təzyiq işçi və tələbələrin şəhərdəki nümayişləridir.

-Natamam silahlı dəstələr davamlı yeni döyüşçülərlə tamamlanır, kütlənin hərəkəti yeni dövriyyə toplayır, köhnə quruluş parçalanmağa başlayır – mübarizənin yolunu fəhlə sinfi və şəhər kütlələrinin  nümayişləri  müəyyən edir.

-Düşmənlərinin  say, resurs və silah gücündən  asılı olmayaraq ta başlanğıcdan silahlı qrupları  məğlubolunmaz  edən  nədir?  Xalq  dəstəyi – və məhz kütlənin dəstəyi sayəsində  militan qruplar  hər dəfə  çox və daha çox uğura nail olur.

-Lakin kəndlilər  siyasi şərtlər altında təcrid və  mədəniyyətdən ayrı salınmış  bir  sinifdir. Buna görə də kəndlilərə  işçi sinfi tərəfindən və inqilabi intelligensiyanın  siyasi idarəçiliyi  lazımdır, onlarsız  mübarizəni  yaymağa  və qələbə əldə etməyə kənd  qadir deyil.

-Hazırkı tarixi şəraitdə Latın Amerikasında  milli burjuaziya antifeodal və anti-imperialist mübarizəyə başçılıq edə bilməz. Bu sinif, bizim ölkələrdəki burjuaziya sinfi, praktika sübut etdiyi kimi, hətta  maraqları yanki imperializminin maraqlarına   zidd  olduqda belə, ona qarşı durmaq gücündə deyil,  gələcəkdə mümkün sosial inqilab xofu önündə və istismar olunan kütlənin qəzəb səsindən qorxaraq iflic olub.”

Latın Amerikası üçün vacib inqilabi düşüncəni inkişaf etdirərək vəziyyəti  İkinci Havana deklarasiyası əlavə təsdiq edir :
“- Hər bir ölkənin daxilində  subyektiv şərtlər, daha doğrusu, özünüdərk  halı, təşkilatlar, rəhbərlik öz inkişafından asılı olaraq inqilabi prosesi  ləngidə və ya sürətləndirə bilər, ancaq sonda bütün tarixi dövrlərdə  inqilab üçün  obyektiv şərait  yaranmasının ardınca  sinfi özünüdərk  formalaşdı, təşkilatlar yaradıldı  və  lider meydana çıxdı –və inqilab baş verdi.

-İnqilab  hansı xarakter daşıyacaq – dünyəvi keçid xarakterli və ya iztirablarla yeni dünya  doğulacaq – inqilabçıdan asılı deyil, bu yeni cəmiyyətin yaranmasına müqavimət göstərən irticaçı gücdən asılıdır, hansı  ki, bu özü  köhnə cəmiyyətin daxilində kəskinləşən  ziddiyyətin dölüdür. Tarixdə inqilablar uşağın doğulmasına yardım göstərən həkim rolunu oynayır. İnqilab lüzum görmədikdə gücün istifadəsinə müraciət etmir, ancaq doğumu asanlaşdıracaqsa, bu yola tərəddüd etmədən gedir. Doğum məzlum və istismar olunan kütləyə  firavan həyat  ümidi verir.

-Bir çox Latın Amerika ölkələri üçün  bu gün inqilab qaçılmazdır. Bu ayrı-ayrı şəxslərin iradəsindən asılı deyil. İnqilabların qaçılmazlığı Latın amerikalıların məruz qaldığı dəhşətli istismarının, kütlələrin inqilabi şüurun formalaşmasının, imperializmin dünya çapında  böhranının, yer üzündəki məzlum xalqların mübarizəsinin inkişafının nəticəsidir”.

Bu vəziyyətdə biz əlavə Latın Amerikasında partizan döyüşlərinin təhlilindəki suallara  həmçinin  əsaslanacağıq.

Beləliklə, müəyyən etdik ki,  gerilla – sadəcə məqsədə çatmaq üçün vasitələrdən biridir. Bu  halda başlanğıc üçün hədəfin özünü  analiz etmək  zəruridir və  müəyyənləşdirmək ki, Latın Amerikasının hər hansı bir ölkəsində silahlı mabarizəyə əl atmadan siyasi hakimiyyətə yiyələnmək  mümkündür.

Dinc mübarizə formaları – müstəsna ümumi böhran vəziyyətində – hakimiyyəti təhvil verməyə məcbur edən  kütləvi hərəkata təkan ola bilər,  hadisələrin qarşısıalınmaz təsiri altında xalq qüvvələrinin iqtidarı sonradan proletariat diktaturasını quracaq. Nəzəri cəhətdən bu mümkündür. Latın Amerikasına yuxarıdakı halı tətbiq etsək, nəticə çıxarırıq : qitədə  hakimiyyət əleyhinə kütlələrin zorakı fəaliyyətinə  təkan verən, burjuaziya və torpaq sahiblərinin sinfi maraqlarını ifadə edən obyektiv şərtlər  mövcuddur, bir çox ölkələrdə isə hakimiyyətin böhranı ortadadır və  subyektiv şərtlərlə əlaqəlidir.

Əlbəttə, belə ölkələrdə  bütün şərtlər göz qabağında olduğu halda – obyektiv və həm də subyektiv – hakimiyyəti ələ keçirməkdən ötrü mübarizəyə  başlamamaq bir cinayət  olardı. Harada bu yoxdursa, alternativlər  mümkündür və optimal qərar konkret hər ölkə üçün nəzəri diskussiyaların gedişində üzə çıxır. Tarix tək bunu qəbul etmir – proletariatın siyasi mübarizəsində nəzəri və praktik səhvə yol verilsin. Buna oxşar, universiteti bitirmək haqda diplom verildiyi kimi, heç kimin tələb etmək hüququ – avanqard partiyanın rəsmi titul uona verilsin – yoxdur. Partiyanın avanqardı olmaq  işçi sinfinin mübarizəsinin önündə durmaq, istisnasız ən qısa yolla  hakimiyyəti  ələ keçirməyə başçılıq etmək deməkdir. Bu həm də bizim inqilabi partiyanın məramıdır, səhvlərdən qaçmaq üçün əvvəlcədən təhlillərimiz  dərin və hərtərəfli olmalıdır.

Bu gün Latın Amerikasında  oliqarx diktatura gücləri və xalq təzyiqi arasında dəyişkən  tarazlıq vəziyyəti mürəkkəbləşib. Bu diktaturaları oliqarxiya kimi təyin etsək, eyni zamanda mahiyyətcə az və ya çox dərəcədə feodal, mülkədar sinifli hər bir ölkənin burjuaziya ittifaqının irticaçı xarakterini  qeyd etmiş olarıq. Bu cür diktaturalar “qanunilik” şərti altında mövcüddurlar, hansını ki, özləri qeyri-məhdud sinfi hökümranlıqlarının optimal şəraiti üçün yaradıblar; lakin bu cür vəziyyət burjua  qanunlarına etiraz edən xalq kütlələrinin təzyiqini artırır, kütlənin təzyiqinə davam gətirə bilmək üçün onun yaradıcılarını  qanun pozuntuları etməyə məcbur  olur. Lakin həyasızcasına edilmiş – ya da sonradan olanlara bəraət üçün qəbul edilmiş – qanun pozuntuları yalnız xalq kütlələrinin təzyiqini daha da artırmağa xidmət edir. Bu oliqarx diktaturanı köhnə qanunvericilik normalarının yenidən bərpa etməyə məcbur edir- frontal sinfi toqquşmaları zədələmədən konstitusion quruluşu dəyişmək və uğurla proletar mübarizəsini yatırtmaq üçün. Ancaq elə buradaca bir ziddiyyət yaranır. Xalq  köhnə məcburiyyət formalarına yenidən dözmək fikrində deyil, digər tərəfdən, diktatorların qəbul etdikləri yeniliklərlə heç dünəndən razı deyil. Gəlin unutmayaq ki, burjua höküməti sinfi, avtoritar və  mürtəce xarakterə malikdir. Lenin bu haqda belə yazırdı: “Dövlət sinfi ziddiyyətlərin barışmazlığından doğan və üzə çıxan məhsuldur. Dövlət orada yaranır ki, orada sinfi ziddiyyətlərdə obyektiv olaraq barışıq ola bilməz. Və əksinə: dövlətin mövcud olması sübut edir ki, sinfi ziddiyyətlər barışmazdır”. (Dövlət və inqilab)[2]

Biz yol verməməliyik ki, demokratiya  anlayışı öz daxili məğzini itirsin və  istismarçıların sinfi diktaturasının məddahlarının xeyrinə  yuxarıdan vətəndaşlara verilən bir qrup bəzi azadlıqların bərabərləşməsi ilə  istifadə olunsun. Burjua qanunlarının bərpası üçün mübarizə inqilabi hakimiyyətin qurulması uğrunda mübarizə ilə yanaşı  getmirsə, bu yalnız  mahiyyətcə  diktator sistemin dirçəlməsi, keçmiş hakim sinfin  qurulmasından ötrü  mübarizədən savayı bir şey deyil, başqa  sözlə, məhkumlar zəncirlərini itirməsin, sadəcə bu zəncirlərə  indiki kimi o qədər də ağır olmayan qandallar bağlanmasın.

Konflikt  vəziyyətində  öz üzərinə öhdəlik götürərən oliqarxiya “demokratiya”nın  təsvirini korlamaqla qanun pozur – və birbaşa xalqa hücum edir, bu zaman adi şəraitdə üstqurum vasitələrə əl atmağı tərcih edir ki, bu  zülmü maskalamağa imkan verir. Burada sual ortaya çıxır: Nə etməli? Biz bu suala belə cavablandırırıq: Zorakılıq istismarçının imtiyazı sayılmır, istismar olunanların məhz belə eyni hüququ vardır. Bundan başqa, bəzi tarixi anlarda bu hüquqdan  yararlanmağa  borcludur. Marti deyirdi: Cinayətkar yaxasını kənara çəkə bildiyi müharibəni alovlandırandır. Və üstəlik bu qatil qaçılmaz  müharibənin başlanğıcında  kömək əlini uzadır.[3]

Lenin yazırdı: “Sosial demokratiya müharibəyə heç vaxt sentimental nöqteyi nəzərdən baxmayıb. Müharibəni insanlar arasında mübahisələrin heyvanca həll yolu kimi qınamasına baxmayaraq, sosial demokratiya çox gözəl başa düşür ki, nə qədər ki cəmiyyət siniflərə bölünür, nə qədər ki insan insan tərəfindən istismar olunur, müharibələr qaçınılmazdır. Və müharibələri həmişə və hər yerdə istismarçı, hakim, zalım siniflər başladır, bu istismarı məhv etməyin müharibəsiz mümkün olmadığı açıq aydındır”.  [4] Bu 1905-ci ildə deyilmişdi; daha sonra, sinfi mübarizəni dərindən təhlil etdikdən sonra, Lenin “Proletar inqlabının hərbi proqramı” məqaləsində deyirdi: ”Sinfi mübarizənin varlığını qəbul edən kəs hər bir sinfi cəmiyyətdə təbii bir hal olan, həmin mübarizənin məntiqi davamı, inkişafının və qızışmasının nəticəsi olan, vətəndaş müharibələrini qəbul etməyə bilməz. Bütün böyük  inqilablar bunun sübutudur. Vətəndaş müharibəsini inkar etmək və unutmaq – opportunizmə düçar olmaq və sosialist inqlabından dönmək deməkdir.”[5]

Başqa sözlə, biz zorakılıqdan qorxmamalıyıq – zorakılıq yeni cəmiyyətin  mamaçası  rolu oynayır. Ancaq zorakılıqdan ancaq xalq mübarizəsinin rəhbərləri bunun üçün əlverişli şərtlərin yetişdiyini anlayanda istifadə etmək olar.

Bunlar hansı şərtlərdir? Subyektiv olaraq – birbirini tamamlayan, mübarizənin gedişatı ərzində daima dərinləşən iki amildir – inqlabi dəyişiliklərin vacibliyini dərk etmək və bunların mümkün olduğuna inam. Obyektiv şərtlərlə birləşdikdə – hansılar ki, Latın Amerikasında  mübarizənin inkişafı üçün kifayət qədər əlverişlidir – bu amillər (dünyadakı yeni güc balansını nəzərə alaraq, qoyulan məqsədə çatmaq üçün kifayət qədər təşəbbüs  göstərildikdə) fəaliyyət üsullarını təyin edir.

Sosialist ölkələr bizdən nə qədər uzaq olsalar da, mübarizə aparan xalqlara müsbət təsir edir və onlardan öyrənəcəkləri çox şey var. 26 iyul gününün son ildönümündə Fidel Kastro deyirdi: “Bugün hər bir inqlabçının borcu – dünayadakı dəyişən güc balansını dərk etmək və hiss etmək və bu dəyişiliklərin xalqların mübarizəsini nə dərəcədə asanlaşdırdığını anlamaqdır. İnlabçıların borcu, Latın Amerikalı inqlabçıların borcu oturub dünyadakı güc balansının dəyişikliyinin möcüzəvi bir şəkildə Latın Amerikada sosial inqlablar yaradacağını gözləmək deyil, əksinə güc balansında olan əlverişli dəyişiklərdən inqilabi hərəkatın yaradılmasında və inqilabın həyata keçirilməsində istifadə etməkdir! ”

Bəziləri deyirlər: “Biz razılaşırıq ki, müəyyən şərtlər altında, inqilabi müharibə siyasi hökümati ələ keçirmək üçün effektiv üsuldur, ancaq bizi qələbəyə aparacaq Fidel Kastro kimi böyük öndərləri hardan tapaq?” Axı Fidel Kastro da, hər bir insan kimi, tarixin bir məhsuludur. Latın Amerikada xalq üsyanlarına rəhbərlik edən hər bir hərbçi və ya siyasi lider, müharibə aparmaq ustalığını birbaşa döyüşdə öyrənmək məcburiyyətindədirlər. Elə bir ixtisas, elə bir vəzifə yoxdur ki, ona ancaq kitablarla  hazırlaşılsınlar. Belə hallarda müharibə – ən böyük müəllimdir.

Təbiidir ki, məsələ asan deyil və onun həlli zamanı ciddi təhlükələr yarana bilər. İnqlabın gələcəyi üçün, silahlı mübarizəyə aid iki ən böyük təhlükə var. Brincisi hazırlıq mərhələsinə aiddir – kütlələrin qərarlığın və öz məqsədlərini dərk etməsinin dərəcəsi bu təhlükənin dəf edilməsindən asılıdır. Burjua höküməti xalq qüvvələrinə qarşı hücüma keçəndə, təbii olaraq xalq qorunmalı olur – üstün gücə sahib olan rəqibə qarşı müdafiə  olur. Bunun üçün obyektiv və ya subyektiv şərtlərin heç olmasa minimumu varsa, müqavimət silahlı xarakter daşımalıdır, ancaq belə olan halda xalq qüvvələri ancaq düşmənin zərbələrini passiv olaraq qarşısını almaqla kifayətlənməməlidir və silahlı müdafiə izlənilənlərin son sığınacağının müdafiəsinə dönməməlidir. Gerilla bəzi vəziyyətlərdə həqiqətəndə xalqın müdafiə hərəkatıdır, ancaq mahiyyətcə bunu  özündə ehtiva etmir və hücüma keçmək bacarığını daima inkişaf  etdirir. Məhz bu bacarıq Gerillanı xalq qüvələrinin mübarizəsinin katalizatoru edir. Başqa sözlə, Gerilla – passiv özünmüdafiə deyil, son məqsədi siyasi hakimiyyıti ələ keçirək olan, əkshücuma çevrilən müdafiədir.

Bu vacib andır. İctimai proseslərdə zorakılıqla  qeyri – zorakılıq arasındaki fərq hər iki tərəfin neçə dəfə  atəş açdığı müqayisəsindən nəticə çıxarılmamalıdır. Xalq qüvvələrinin öz nisbi zəifliyi ilə bərabər, öz stratejik gücünü dərk etməsi anını qaçırmaq olmaz, çünki  bununla xalq rəqibi, mübarizənin onlarsız çox şey itirəcəyi hərəkətlər etməyə məcbur edirlər. Oliqarxiya diktaturası ilə xalq təzyiqi arasındakı tarazlığı məhv etmək lazımdır. Diktatura daima açıq – aşkar güc göstərməkdən çəkinir; ancaq onları bir dəfə maskalarını atıb, əsl sifətlərini – hakim sinfin zorakı diktatura sifətini, göstərməyə məcbur etsən, artıq geriyə dönüş olmayacaq. Uzunmüddətli hərbi əməliyyatlara geri dönüşsüz keçid, xalq qüvvələrinin diktaturanın həqiqi mahiyyətini üzə çıxarmağa məcbur edib etməməsindən və mübarizəni zəiflədib və ya əksinə dərinləşdirməsindən asılı olacaq.

İkinci təhlükədən yayınmaq üçün xalq qüvvələri inqlabi prosesin daimi inkişafını təmin etməlidirlər. Marks inqilab başlayandan sonra proletariatın düşmənə daima yeni zərbələr vurmağa məcbur olduğunu hər zaman təkid edirdi. İnqilab ya dayanmadan dərinləşir, ya da geriyə çəkilir. Yorulmuş döyüşçülər qələbəyə  inamını itirir və bu burjuaziyaya, dəfələrlə nümayiş etdirdiyi kimi, çoxsaylı bicliklərindən istifadə etməyə imkan yaradır. Məsələn, hakimiyyətin mövcud olan diktatordan fərqli olaraq, mələk sifətli və xoş səsli bir senyora təhvil verilməsi bu bicliklərdən biridir. Və ya başqa bir misal, çevrilişin, adətən hərbiçilərin başçılıq etdiyi, ancaq birbaşa və ya dolayı yollarla mütərəqqi güclər tərəfindən dəstəklənən, irticaçılar tərəfindən həyata keçirilməsi. Başqa bicliklərdə tədbiq oluna bilər, ancaq bu yazının məqsədi düşmənin taktiki üsüllarını araşdırmaq deyil.

Ancaq “yuxarılar” tərəfindən təşkil edilən hərbi çevriliş üsülu haqqında daha ətraflı danışmaq lazımdır. Hərbçilər əsl demokratiyaya nə verə bilərlər? Onlar açıq aydın irticaçı siniflərin, imperialist monopoliyaların əlindəki hökmranlıq silahıdır və ictimayi mövqeləri ancaq əllərindəki silahlarına görə var və bu imtiyazlı mövqelərini itirməmək üçün çalışırlar, ona görə də hərbçilərdən demokratiyaya sadiqliyi gözləmək gülünc olardı.

Zalımların ağır vaxtlarında hərbçilər diktatorları ona görə devirirlər ki, həmin diktatorlar artıq onların sinfi imtiyazlarını, xüsusi zorakılıq formalarını (müasir dövrümüzdə oliqarxiyanın strateji maraqları ilə üst- üstə düşməyən) tətbiq etməkdən qoruya bilmir.

Ancaq, təbii ki, bu o demək deyil ki, fərdi şəkildə öz sosial mühitindən ayrılmış ona qarşı de – fakto ayağa qalxmış kadr hərbçiləri inqlabçılar öz cərgələrinə cəlb etməməlidirlər. Onları bir şərtlə cəlb etməyə icazə var – inqlabi rəhbərliyə etirazsız tabe olmaqları və onların özlərini inqilabın sıravi döyüşçüləri kimi aparmaları (öz kastasının nümayəndəsi kimi yox) şərti ilə.

Engels “Fransada vətəndaş müharibəsi” əsərinin üçüncü buraxılışının önsözündə yazmışdı: “Hər bir inqilabdan sonra işçilərin silahları olur, ona görə də burjuaziyanın ilkin məqsədi işçiləri tərksilah etmək olur. Nəticə – işçilər tərəfindən hər qazanılan inqlabdan sonra yeni mübarizə işçilərin məğlubiyyəti ilə nəticələnir.” (Leninin “Dövlət və İnqlab”- dan sitat gətirirəm)[6].

Bir – birini əvəz edən bu cür mübarizə formalarının davamlılığı ancaq formal dəyişiliklərə gətirib çıxarır və on illərdir ki, kapitalist dünyasında görünməkdədir. Bu azmış kimi, proletariat artıq yüz il ərzində, bu sahədə dəfələrlə aldadılıb.

Daha bir təhlükəli vəziyyət ilə tez-tez qarşılaşırıq. Mütərəqqi siyasi partiyaların liderləri, qızğın mübarizə şəraitində,  anlayışları səhv salaraq, inqilabi fəaliyyət üçün əlverişli şərtləri qorumağa çalışarkən (burjua qanunvericiliyinin bəzi nəaliyyətlətindən istifadə edərək), əsas məqsədlərini – hakimiyyəti ələ keçirməyi – unudurlar.

Yuxarıda ümumi şəkildə təsvir etdiyimiz hər iki təhlükədən o halda yayınmaq olar ki, mübarizəyə rəhbərlik edən marksist – leninist partiyalar vəziyyətin bütün aspektlərini düzgün təhlil edib, kütlələri maksimal dərəcədə səfərbər edib, əsas ziddiyyətin həlli uğrunda mübarizəyə yönəltsin.

Fərz edək ki, mövzünun inkişafı üçün – silahlı mübarizə fikri və partizan müharibəsi formulası bir üsul kimi geniş rəğbət qazandı. Niyə biz hesab edirik ki,müasir şərtlərdə Latın Amerikada partizan müharibəsi mübarizə üçün doğru yoldur? Biz belə fikirləşirik ki, Latin Amerika azadlıq hərəkatında partizan hərəkatlarının ən prespektivli hissə olduğuyla bağlı əlimizdə əsaslı dəlillər var.

Birincisi. Təbiidir ki, rəqib öz gücünü qorumaq üçün mübarizə aparacaqdır. Buradan belə nəticə çıxır ki, biz zalımların ordusuyla vuruşmalı olacayıq və bunun üçün  xalq ordusu yığmağa ehtiyac var. Bu ordu spontan yarana bilməz və rəqibin arsenalından silahlanmalıdır, bu isə o deməkdir ki, uzun və əziyyətli mübarizə şəraitində, xalq qüvvələri və onların rəhbərliyi ardıcıl olaraq onlardan üstün olan rəqib tərəfindən dəfələrlə zərbələrə məruz qalacaqlar və bu zərbələrə adekvat cavab vermək üçün və ya manevr etmək üçün onların imkanları olmayacaq.

Ancaq partizan hərəkatı, mübarizə üçün əlverişli şəraitə malik ərazidə cəmləşərsə, o zaman inqilabi rəhbərliyin təhlükəsizliyini və stabilliyini təmin etmək olar. Həmçinin xalq ordusunun baş qəragahına tabe olan şəhər qruplaşmaları isə hərbi nöqteyi nəzərdən çox vacib olan əməliyyatları yerinə yetirə bilər. Və bu qruplaşmaların darmadağın edilməsi belə inqilabi ruhu öldürə bilməz və onların rəhbərliyi öz qalasında – kənd şəraitində – kütlələrdə inqlabi ruhu qorumağa davam edəcək və yeni döyüşlər üçün yeni qüvvələr hazırlamağa davam edəcəkdir.

İkincisi. Qitədəki ümümi vəziyyəti belə səciyyələndirmək olar, latın amerikalı kəndçilərin feodal strukturlara və yerli istismarçı və imperialist ittifaqlara qarşı mübarizəsi tədricən inqlabi partlayışın xüsusiyyətlərini ozündə əks etdirir. Bu obyektiv vəziyyətdir – Latin Amerika kəndliləri – çox böyük və potensial qüvvədir. Bu qüvvədən Latın Amerikanın azad edilməsi üçün istifadə etmək lazımdır.

Üçüncü. Mübarizənin kontinental şəraiti. Biz Latın Amerikada azadlıq mübarizəsinə (hər hansı bir ölkəsində) siyasi hakimiyyət uğrunda gedən iki tərəfin qarşıdurması kimi baxa bilərikmi? Məsələyə belə yanaşma şübhəli görünür. Qitədəki bütün xalq qüvvələri ilə bütün istismarçı qüvvələr arasında yaşam uğrunda mübarizə gedir.

Yankilərin məsələyə qarışması qaçınılmazdır – bu, birincisi, öz maraqlarını qorumaq istəkləri ilə,  ikincisi, bu gün Latın Amerikasında gedən mübarizənin bölgədə həlledici rolu ilə  bağlıdır. Ancaq daha sonra yankilər öz fəaliyyətlərinə daima artan enerji ilə davam edəcəklər. Onlar inqlabi rəhbərliyin möhkəmlənməsinin qarşısını almaq üçün xalq qüvvlərinə qarşı əllərində  olan bütün məhv etmə silahlarından istifadə edəcklər. Əgər onlarda bu alınmasa və möhkəmlənməyə mane ola bilməsələr, həmin dövləti qəbul etməkdən imtina edəcəklər, yeni hücumlar təşkil edəcəklər, hər növ diversantları yollayacaqlar, tərəfdaşları olan qonşu ölkələrdən istifadə edəcəklər, yeni yaranmış dövləti iqtisadi yollarla boğmağa çalışacaqlar ki, inqlabi hökuməti məhv etsinlər.

Latın Amerikada bu gün mövcud olan vəziyyəti nəzərə alaraq, qələbənin ayrıca bir ölkədə qazanılıb möhkəmlənməsinə çox az ehtimal var. Dözülməz zülmə qarşı bütün ölkələr üsyan bayrağı qaldırmalı və tarixi zərurətə əsasən bu bayraq bütün qitə üsyanının bayrağı olmalıdır. Fidelin dediyi kimi, And dağları – Latın Amerikasının Sierra – Maestrası olmalıdır və bizim materikin böyük ərazisi imperialistlərlə mübarizədə ölüm – dirim savaşı üçün meydana çevrilməlidir.

Hər bir partizan dəstəsi geniş hərbi-siyasi kampaniyanın bir hissəsi olaraq böyüməli, möhkəmlənməli və dayaq sahələri yaratmalıdır – bu partizan ordusunun uğurlu fəaliyyəti üçün zəruridir.

Mübarizə siyasi-hərbi xarakter daşıyır, bunu məhz  belə anlamaq və bu sahədə inkişaf  etdirmək lazımdır. İlkin mərhələdə partizanlar üçün hərbi vəziyyət nə qədər çətin olsa da, siyasi vəziyyət daha qarışıq ola bilər – və əgər bircə hərbi səhv bütün bir partizan dəstəsinin məhvinə gətirib çıxara bilərsə, bircə siyasi səhv bütün partizan müharibısini uzun müddətə dondura bilər.

Latın Amerikada inqlabi mübarizənin inkişafı artıq başlayıb. Kim hücum mərkəzində olacaq – Venesuala, Qvatemala, Kolumbiya, Peru, Ekvador…? Bu günkü qarşıdurmalar heç bir istənilən nəticə verməyən narazılıq nümayişinə çevrilə bilərmi? Bu günkü qarşıdurmaların nəticəsi fundamental əhəmiyyət kəsb etmir. Mübarizədə nəticə etibarı ilə qalib gəlmək üçün hər hansı bir hərəkatın müvvəqəti məğlubiyyəti vacib deyil. Vacib olan odur ki, gündən – günə mübarizəni davam etdirməyə inam artır, gündən – günə inqlabi dəyişiliklərin vacib olmasının şüuru möhkəmlənir, onların mümkünlüyünə inam güclənir.

Bizim proqnozumuz bu yöndədir. Biz tarixin doğruluğumuzu təsdiq edəcəyinə güvənərək bu proqnozu veririk. Həm Latın Amerikasında, həm də bütün imperialist dünyasında obyektiv və subyektiv amillərin təhlili gəldiyimiz nəticələrin doğru olduğu etimadını bizə verir.

1) Gevara E. Partizan müharibəsi. M. 1961. S. 11

2) Lenin V.İ. Seçilmiş əsərlər T. 33 M., 1981. S. 7.

3) Sit: Marti X. Şimaliamerikan səhnələri M., 1963 S. 19.

4) Lenin V.İ. SƏT. T. 10. M., 1979. S. 340.

5) Lenin V.İ. SƏT. T. 30. M., 1980 S. 133.

6) Lenin V.İ. SƏT. T. 33. S. 75.

* “Tərəqqi uğrunda ittifaq” – Kuba inqlabının qalibiyyətindən sonra C. Kennedi administrasiyası tərəfindən Kuba təcrübəsinin qitədə yayılmasının qarşısını almaq və Latın Amerikasının ABŞ – dan asıllığını qoruyub saxlamaq məqsədi ilə yaradılan sosial – iqtisadi və siyasi reformalar proqramı. Proqram 1961-ci il 19 avqust Punta Del Este (Uruqvay) şəhərində amerikan dövlətləri Təşkilatının İnteramerikan iqtisadi və sosial ittifaqının fövqəladə sessiyasında qəbul olunmuşdur. Proqram 10 ilə hesablanmışdır və əsas məqsədinin Latın Amerika ölkələrində müasir çoxsahəli iqtisadiyyatın yaradılması, sənayeləşmənin, aqrar islahatların, müasir səhiyyə  və təhsil sistemlərinin yaradılmasını, kütləvi yaşayış mənzillərinin tikilməsi və siyasi demokratizasiyanın keçirilməsi olduğunu bəyan edilmişdir. Həmçinin hər il adambaşına düşən ümümdaxil məhsulun 2.5% artırılması, region ölkələrin iqtisadi inteqrasiyası, ABŞ bazarının Latın Amerikası ölkələrinin məhsulları üçün açılması, ABŞ, Yaponiya, Qərbi Avropa və beynəlxalq maliyyə institutları tərəfindən Latın Amerikaya 20 milyard dollar həcmində iqtisadi köməyin edilməsi. “Tərəqqi uğrunda ittifaq” yalan çıxdı: Latın Amerika ölkələri söz verilən maliyyə köməyini istənilən şəkildə tam ala bilmədi, ABŞ bazarına girmək latınamerikan məhsulları üçün əvvəlkindən daha çox çətinləşdi. Adambaşına düşən kənd təsərrüfatı məhsulu azaldı, çoxsahəli iqtisadiyyat yaradılmadı, mənzil, səhiyyə və təhsil proqramları sona qədər çatdırılmadı. Hərbi çevrilişlər təşkil etməklə, ABŞ demokratizasiya proqramının qarşısını özlər kəsdilər. Latın Amerikanın xarici borcu 1960 – cı ildən 1970 – ci ilədək 10 milyarddan 17.6 milıyard dollara qalxdı. 1969-cu ildə R.Nikson administrasiyası “Tərəqqi uğrunda ittifaq” proqramından imtina etdi. Punta del Este`də keçirilən həmin konfransda E. Çe Gevara “Tərəqqi uğrunda ittifaq”- ı kəskin şəkildə tənqid etmişdir və əvvəlcədən proqramın uğursuzluğa düçar olacağını bildirmişdir.

“Cuba Socialista”, № 25 sentyabr, 1963 – cü il.

Çe Gevara E. Kitabında (bəzi nəşr dəyişilikləri ilə birlikdə) dərc olunmuşdur Məqalələr. Çıxışlar. Məktublar. M.: Mədəni İnqlab, 2006.

Tərcümə: Scherif Abde, Vüsal Xəlilov            (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:20562