abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Çe Qevaranın son sirri

Şərh

 

Bir jurnalist tanışım təklif etdi ki, Çe Gevara haqqında fraqmentar yazılardan iri həcmli yazıya keçim. Və bu gün burada gecənin bir yarısında, xüsusilə də karserə salınan Eynullanın qulaqlarımda səslənən “Beynəlmiləl” oxumasından sonra qərara gəldim – Yazmalıyam.
Yazdıqlarım hissə-hissə bloqda yerləşdirdiyim “Katilinarlar” kitabının ardı olacaq. Mərkəzi fiqur Çe Gevaradır, ancaq ümumi qayə qiyamçı psixologiyasının və ekstremal şəraitdə davranışın analizidir. Və Çenin əvvəlindən yox, sonundan başlayıram. Çünki, bu Son mənim üçün çoxlu suallar qoyub. Çenin son sirri onun özünü güllə ilə vurmaması və təslim olmasıdır. Bu epizod məni həmişə düşündürüb. Elə ondan da başlayıram.


41 il əvvəl, oktyabrın 7-də Boliviyanın La-İgera kəndində gerilyerosların kiçicik və yorğun dəstəsi darmadağın edildi. Çe ələ keçdi və 1 gün sonra məktəb binasında güllələndi. Şahidlərin xatirə və qeydlərinə görə, ona yaxınlaşan reyncerlərə sonuncu kondotyor “Atəş etməyin. Mən Çe Gevarayam” deyib silahını atıb. Həmin an o, üzülmüş, yaralı, bronxial astma tutmaları kəskinləşmiş, ac, susuz və ümidsiz biriydi. Partizanlar o qədər acınacaqlı vəziyyətdəydilər ki (həm mənəvi, həm fiziki cəhətdən), qalib zabitlər öz əsgərlərinə “Görün necə yazıq və aciz görkəmdədirlər” ironik rişxəndi ilə onları təqdim edirdi. Yəni, baxın ölümü gözünün altına alıb indisə ölməkdən qorxan qiyamçının finalı necə acınacaqlı olur!..
Çe niyə əsir düşməyi döyüşdə ölməkdən üstün tutdu? Xüsusilə də, bu, onun ilk mühasirəsi və ilk ekstrimi deyildi. Yəni, təcrübəsi vardı. Hələ 1956-nın sonunda barbudoslar ayaqlarını Kuba torpağına basan kimi mühasirəyə düşüb xeyli itki vermişdilər. Çenin “Partizan müharibəsi” kitabında bu epizod geniş təsvir olunub. Batistanın zabitlərinin təslim olmaq əmrinə inqilabçıların bəziləri razılaşıb ayağa qalxmaq istəyirdilər ki, əfsanəvi Kamilo Syenfueqosun qəzəbli səsi və söyüş tiradası eşidilir. Sonra da məşhur ispan çağırışı: “Patria o muerte!” Kim bilir, Kamilo həmin an səsini ucaltmasaydı, Fidelin ekspedisiyası bəlkə də başlamamış bitəsiydi. Bu o kəlmələrdi ki, İnqilabı xilas etdi.
Ancaq Boliviyada Kamilo tapılmadı. Çe onu əvəz edə bilmədi. Niyə? Müxtəlif versiyalar var. Birisi o cürdür ki, Çe əsir götürüləndən sonra güllələnəcəyinə inanmırdı. O, hesab edirdi ki, onu Fidel darda qoymayacaq, Avropada Sartr və Rassel güclü müdafiə kompaniyasına başlayacaq, sonunda o azad buraxılacaq. Necə ki bir neçə ay əvvəl “Danton” ləqəbli fransız, partizan müharibəsi taktikasının ideoloqu, Çenin dəstəsindən ayrılıb Kubaya yollanarkən tutulmuş Reji Debre sərbəst buraxılmışdı. Düzdü, La-Pasda onun məhəməsi oldu, haqqında ölüm hökmü çıxarıldı, ancaq çoxsaylı etirazlardan sonra Boliviya hakimiyyəti onu Fransaya yolladı.
Beləmi? Bəlkə də. Necə ki bu gün də Çenin ölümündə Fideli qınayanlar var. Onların qənaətinə görə, korrupsiya içində çabalayan Boliviya nazirlərinə 1 milyon dollar rüşvət vermək bəsdi ki, Fidel Çeni sağ-salamat geri alıb Havanada bağrına bassın. Ancaq bu versiyaya elə də inanmıram, çünki, Çenin taleyi həm də ABŞ-ın əlindəydi. Və həbsdən 1 sutka sonra Boliviya prezidenti Barryentes (1 il sonra aeroqəzada öldü) Çeni güllələmək əmri verdi – guya ki o, döyüşdə həlak olub. Deməli, həmin situasiyada rüşvətin rolunu böyütməmək lazımdır. Necə ki, Çenin qətlindən bir neçə il sonra Boliviyanın daxili işlər naziri Kubaya qaçdı və özü ilə Çenin gündəliyini və biləkdən kəsilmiş sol əlini də gətirdi – bunların hamısını o, rüşvətsiz etdi.
Ancaq yenə də daha ehtimali versiya Çe Gevaranın əsir düşməklə öldürülməyəcəyinə özünü inandırmasıdır. Bu versiya isə öz növbəsində digər arzuolunmaz (ilk növbədə Çenin özü üçün) nəticələrə yol açır. Əgər o sağ qalsa, bağışlansa və Kubaya dönsə, həmin imici, adı, özlüyünü saxlaya biləcəkdimi? Bir daha əlinə silah alıb “yeni Vyetnam” yaratmağa yollanacaqdımı? Xeyr, bu artıq uduzmuş, sınmış, peşman, öz gözündə kiçilmiş bir adam olacaqdı. Necə ki vuruşmaq üçün Fransadan Boliviyaya gəlməyə risq etmiş, Gerilyanın ideoloqluğuna iddialı Reji Debreni bir daha heç kəs partizanların sırasında görmədi. Sonralar isə bu qiyamçı radikallığını tam itirib sosialist prezident Mitteranın məsləhətçisi oldu. İndi də sağdır. Ancaq əsl Reji Debre Boliviyada “öldü”, itdi qaldı. Sonrakı Debre originalın fantomudur. Və bu qismət Çenin də başına gələ bilərdi. Əgər sağ-salamat Kubaya dönsəydi.
Elə buradaca mən ikinci oxşar hadisəni təsvir etmək istəyirəm – türk kommunisti Deniz Gezmişin əsir alınmasını. Və yalnız bu misalın təsvirindən sonra ekstremal vəziyyətdəki, özünü çıxılmaz tələdə hesab edən qiyamçının psixologiyasına baş vurmaq niyyətindəyəm…


“Ölüm karşısında bütün bu yürekliliği, sana dünya görüşün veriyor. Marksist-Leninist oluşun. Kazancakis’in o romanını bilirsin: “Günaha Son Çağrı”. O kitabın son bölümünde bu duyguyu ne güzel anlatır Kazancakis. Mücadeleyi bırakmamanın o büyük sevincini ne güzel anlatır. İşte o sevinci duyuyorsun. Devrim, öyle bir sarıyor ki insanı, seni bir yerde insanlıktan çıkarıp, insanüstü bir yaratık durumuna getiriyor. Bu da var…”
(Deniz Gezmiş)

Çe Gevaranın təslim olarkən hansı hisslər keçirdiyini bilə bilmərik – yazılı qeydlər yoxdur. Onun məşhur “Boliviya gündəliyi” son döyüşdən 1 gün əvvəl olunmuş qeydlə bitir. Ondan fərqli olaraq, Türkiyə devrimçisi Deniz Gezmiş həbs qabağı yaşantılarını təsvir edə bilib. Bir psixoloq dəqiqliyilə. Kamyu sayağı, “Öz ömrünə bir kənar adamın ömrü kimi baxaraq”.
Məhbəsdə dostları ilə edamını gözləyən Deniz jurnalist Erdal Özə danışıb, o da “Deniz Gezmişin anlatdıqları” kitabını yazıb. Kitab 1976-da işıq üzü görüb.
Türkiyə Xalq Azadlıq Ordusnun qurucusu Deniz Gezmiş kiçicik bir kənddə son döyüşünə girir. Burada sözü onun özünə vermək lazımdır. Bu da həmin kitabdan çıxarışlar – orada devrimçi son savaşdan əsirliyə aparan bir neçə saatı bütün duyğuları ilə yenidən yarada bilib:
“Ölüm hürküdücü gəlmir insana. Amma insan ölümü qəbul edə bilmir. Bu, bir gerçəkdir.Bilimi düşünürsən orada. 2 yüz, 3 yüz il sonrasını düşünürsən. Və birdən içində bulunduğun o durum anlamsız gəlir insana. İoneskonun oyunları kimi bir şey. Bilim almış başını yürüyürkən qarşındakı bir sürü insanın nə qədər kiçik şeylərlə uğraşdığını düşünüb acıyırsan. “Lənətli adamlar” deyib keçirirsən ağlından. İnsanlığın gələcəyini və sənin o günləri görməyəcəyini düşünürsən. İnsanı hüznlü edir bu. Bir yanda gözəl bir gələcək, bir yanda o gözəl günləri görməyəcəyin duyğusu. “Necəsə öləcəyəm” deyə düşünməyə başlayırsan…”
Bu hissləri keçirən 24 yaşlı devrimçi şaxtalı, yağışlı bir gecədə bir çuxurun dibinə yatıb 4 yandan mühasirədədir. Qalibiyyət nonsensdir. Cəmi 2 yol qalır – ya ölmək, ya da təslimiyyət.Deniz xatırlayır:
“Güllələr vardı yanımda. İlk anda ölməməyi düşünürdüm. Yaralanmalı, yaralı və rahat bir ölümü. Amma bir az sonra dünyanın dörd bir yanında ölən bir sürü devrimçini düşünürsən və bir an necəsə rahat ölümü düşünmüş olduğun üçün qorxulu bir utanc hissi duyursan öz özünə.Bir devrimçi necə ölməsi gərəkdirsə, o cür ölməli. Bir film kimi çox sürətli keçir bu fikirlər. Uşaqlıq illərim gəlib keçdi gözümün önündən nədənsə. Uşaqlığım – bağçalı bir evimiz vardı. Çiçəklər doluydu bağçamızda. O çiçəklərin arasında qoşub oynardım.Sonra gözümün önündən gəlib keçən şeylər arasında bir sevgili. Qızın gülüşü, oturuşu, düşünüşü.Kəskin görüntülər bunlar. Elə canlı ki. Dipdiri. Qarşında sanki. Rəngli bir film kimi…Bütün bu şeylərə, bütün yaşayanlara qarşı o anda içində kiçicik bir qısqanclıq duyğusu.Daha bir sürü görüntü. Universitet günləri. Bəyazitin ara küçələri. Polislə çatışmalar. Digər arkadaşlar.Bu zaman ölməmək, yaşamaq və savaşmaq istəyi. Mücadilə etmək istəyi. Bunlar yenidən qabarır, böyüyür içimdə.Sonra ölən arkadaşlar gəlir ağlıma. Daha çox Taylanı xatırladım orada.Sonra Fələstindəki körpələr. Canım sıxılır…”
***
Və bu ziddiyyətli duyğular konkret qərarla bitməlidir – ölməli, yoxsa qalmalı. Çuxurun içində üşüyən, donan, ac, yuxusuz, ümidsiz devrimçi qərarını verir:
“Bir-iki gülləm qalmış. Son gülləni özünə saxlamaq istəyirsən. Gərəkdirsə, vuracaqsan özünü ələ keçməmək üçün. Bunu düşünərkən ölüm qorxusu yox. Basacaqsan tətiyə, tamam. Çox rahat.Gülləni ürəyinə vurmağa için gəlmir, qıya bilmirsən ürəyinə. Ürək qərib bir dəyər qazanır orada…”
Vəssalam. Dilemma həll olunur. Uduzmuş devrimçidə Həyat başlanğıcı üstünlük qazanır. Ayağa qalxır və təslim olur. Yarım il sonra isə 2 dostu ilə birlikdə dar ağacına yüksəlir.
Burada psixoloji nünsları nahaqdan qabartmadım. Deniz Gezmişin də, Çe Gevaranın da əsir alınması birbaşa onların psixoloji durumlarının diqtə etdiyi və heç də impulsiv olmayan qərarın nəticəsiydi. Çenin son döyüş ərəfəsi ifrat yorğunluğu, aclığı, kəskinləşən xəstəliyi, üzüntüsü, mənəvi sınıxması faktdır. Elə Deniz Gezmişin də o balaca kənddə son günü yorğun adamın irrasional addımları ilə doludur.
Gəlin baxaq. Deniz asanca qaçıb oradan gedə biləcəyi halda məntiqsiz bir əməliyyata imza atır – jandarm binasını gülləbaran edir. Bu, onun nəyinə gərəkdi? Əvəzindəsə öz izini ələ verir. O, xatirələrində kənd camaatının ona kömək etmək istəyini də qabardır. Birtəhər jandarm binasından qaçıb uzaqlaşa bilən Deniz kəndxudanın camaata silahlanıb kommunisti ovlamaq çağırışını eşidir. Heç kəs bu çağırışa səs vermir. Deniz isə bir uşağı saxlayıb ona kəndxudanın evini göstərməsini söyləyir. “Gedək, Deniz abi, göstərim” deyir uşaq. Deniz də evə girib kəndxudanı güllələmək istəyir ki sonuncunun həyat yoldaşı qucağındakı uşaqla onun ayaqlarına sarılıb yalvarır. Və devrimçi bir güllə atmadan oradan da çıxır. Lazımdımı bu hərəkət? Və vaxt uduzmaq deyildimi bu?
Yalnız bundan sonra polis onun izinə düşür və son döyüş olur.
Çe Gevara və Deniz Gezmişlə bağlı faktologiyanı burada bitirirəm. Və keçirəm psixologiyaya…  İnsan həyatı nə qədər çox mənasızdırsa, fərd həyatdan bir o qədər bərk yapışır. Heç nəyi olmayanlar daha biofil kimi görünürlər. Əksinə, insan nə qədər xoşbəxt və daxilən sakitdirsə, həyatla vidalaşmağa bir o qədər çox hazırdır.Bu psixoloji paradoks həm fərd, həm toplum miqyasında özünü doğruldur. Sankülotların konservatizmi də bununla izah olunur – onlar səhnəyə yalnız təhlükəsiz qəhrəmanlıq və risq tələb olunmayan vaxtlarda çıxırlar. Bu fenomeni bəlkə də hamıdan yaxşı Erik Xoffer özünün “Həqiqi inamçı”sında analiz edib. Və bu fenomen də bu günkü Azərb.-dakı ictimai planda məzarlıq sükutunun izahı ola bilir.
Əlbəttə, “heç nəyi olmayan” deyəndə yalnız maddiyyat nəzərdə tutulmur. Karl Marks öz insan konsepsiyasında “Az şeyi olub, ancaq çox şeyə dəyən insan”dan bəhs edirdi. Maddi planda yoxsul, ancaq inam və dəyərlər cəhətdən zəngin adamları tarix çox görüb. Bu, o haldır ki, həyatın zənginliyi inam, ideya, mənəvi dəyərlərin çoxluğu və gücü ilə ölçülür.
İstər Çe Gevara, istər Deniz Gezmişin misalına məhz bu psixoloji fokusdan baxmaq lazımdır. İnsan inamını (söhbət ümiddən getmir. Düz deyilib ki, “Ümid sonuncu ölür. Çoxlu ümidli, ancaq inamı olmayan adamlar var) itiriləndə hər şeyini itirir. Və inamsız insan bir müflis sankülot kimi həyatdan daha bərk yapışır. Bu, Kamyu absurdu deyil (Kamyu “Yaşamağa nə qədər az səbəb varsa, ömür bir o qədər dolğun yaşanmalıdır” yazırdı). Bu, məhz absurdun göz qabağından itdiyi və qırıq Yer məntiqinə şah hakimiyyəti verildiyi andır. Halbuki, məhz Kamyu yazırdı: “Sonadək məntiqi olmaq mümkün deyil”.
Bu nüans başqa bir psixoloji fenomeni anlamağa kömək edir – yapon kamikadzelərinin və dini fanatiklərin, yaxud solçu inqilabçıların dirigözlü ölümə getməsini. Söhbət affekt anında ölümə qaçışan yox, düşünülmüş, soyuq ağılla ölümə getməkdən gedir. Bu adamların həyatının finalı olan ölümə qaçış inam, dəyər, ideyalılığın göstəricisidir. Əgər dini fanatiklər o biri dünyadakı mükafata inanırlarsa, sol inqilabçıların bu inamı yoxdur. Onlar, azacıq istisnalarla, ateistdirlər və Kyerkeqor sayağı bilirlər ki, “Ölüm sondur, son da ölüm”. Əvəzində isə onların gələcəyə inamı, tarixi düşüncəyə inamı var. Bunu hələ təslim olub olmamağı özü üçün birmərrə həll etməmiş Deniz Gezmişin fikir axını təsdiq edir. O, “200-300 il sonranı, gözəl bir cəmiyyəti düşündüm. Və düşündüm ki o günləri görməyəcəyəm” deyir.
Fikir verin – 20-30 il sonranı da yox, 2-3 əsr sonranı təsəvvüründə canlanır. Onun öz işinin qələbəsinə inamı çox uzaq gələcəyə proyeksiyalanıb və Gezmiş nə qədər ki bu tarixi düşüncənin təntənəsinə olan inamı şüurundakı dominant ocaq kimi hifz edə bilir – təslim olmaq yox, özünü vurmaq barədə qərarlıdır. Sonra bu ocaq sönür. Deməli, ina sönür. Və təslimiyyət. Həmin andakı Deniz Gezmiş artıq heç nəyi olmayan insandır. Ona görə də əllərini qaldırıb çuxurdan çıxır.
Onun özünəinamı və mübarizəsinə inamı çox tezliklə bərpa olur. İstər məhbəsdə, istər məhkəməsi zamanı, istərsə də edam ayağında Deniz Gezmiş yenidən inamı olan birisidir. O, yolunun sonunu bilir, görür, “dərisi ilə” hiss edir, ancaq həbsdəki və eşafotdakı Deniz çuxurdan əlləri yuxarı çıxan Denizin tam tərsidir. Birincisi sağ qalmaq ehtirası ilə mövcuddu, ikincisi isə öz haqq işinə olan dərin inamı ilə. Elə inam ki, heç bir şübhəyə yer qoymur. İnam isə psixiatr Levinin sözləri ilə desək, “Həm şüurda, həm təhtəlşüurda şübhənin olmaması deməkdir”.  Analoji vəziyyətdə 1967-nin oktyabrında Çe Gevara olur. Qvatemalada, Kubada, Konqoda və Boliviyaya gəlişində onun inam və dəyərləri vardı. Son döyüşdə o, bunların hamısı itirir. Həm də çox qısa müddətə. Həbsindən 1 sutka sonra məktəb binasında, dərs otağında yaxın məsafədən güllələnən Çe Gevara artıq bizə Syerra-Maestrodan və Konqodan tanış olan Komandantedir. Yenə də inamlı, ideyalı. Jelyabov sayağı “Biz cığır açırıq və bu yolda öləcəyik. Bizdən sonra gələnlər isə hazır yolla gedəcəklər” fikrini bölüşən inqilabçıdır. Vuruşduğuna da, ölümünə də məna və inam qoyan Qiyamçıdır. Ancaq yenidən özünü bərpa edənə qədər o, bir neçə saatlığa da olsa inamsız, dəyərsiz adi insana çevrilir. Heç nəyi olmayan, həyatının mənasını itirmiş adidən adi bəndəyə. Ona görə də həyatdan bərk-bərk yapışır…   Əsir düşdüklərindən cəmisi bir neçə saat sonra biz yenidən əvvəlki Çe Gevaranı və əvvəlki Deniz Gezmişi görürük. Çe həmişəki kimi məğrur və sakit, Deniz – çılğın və mübarizdir. Qarşısına ilk olaraq çıxarıldığı vilayət çinovnikinin rişxəndinə Deniz “Sən bir köpəksən” qışqırıb üzərinə gedir. Özünəinam yenidən qayıdıb.

Nədir, bu bir neçə saat ərzində onların yorğunluğu, aclığı, ümidsizliyimi göyə sovruldu? Deməli, prosesi sırf fiziki üzülmə ilə izah etmək olmur.
Tibb tələbəsi vaxtlarımızda müəllimimiz deyirdi ki, istənilən yorğunluq psixi mənşəlidir, hətta sırf fiziki yorğunluq kimi görünən hallarda da. Deməli, söhbət iç dünyadakı, qəlb və beyindəki hansısa mexanizmdəki nasazlıqdan gedir ki, güclü və əqidəli insanlar onu tezliklə bərpa edə bilirlər. Axı Çenin misalında yorğunluq da, ümidsizlik də az olmamışdı. Kubada vuruşduqları 2 ildən çox vaxt ərzində barbudosların sayı heç vaxt bir neçə yüzü ötməmişdi. Hətta son həlledici hücum zamanı Fidelin ordusu pis silahlanmış 200 partizandan ibarətdi. Ancaq o vaxt ruh yüksəkliyi onları tərk etmirdi, inam azalmırdı, əqidə gücü bütün məhrumiyyətlərə üstün gəlirdi. Boliviyada isə tərsinə oldu.
Boliviyaya yollanan Çe artıq əvvəlki fikirlərini yarımtəftiş etmiş, ancaq yeni fikirlərini hələ tam formalaşdırmamış birisiydi. O, SSRİ-də peşmandı, Boliviya kommunist partiyasında peşmandı. Moskva sonuncuya Çeyə köməyi qadağan etmişdi, partiyanın rəhbəri Monxe də Çeyə qoşulacaq kommunistlərə partiyadan çıxarılacaqlarını söyləmişdi. Elə də oldu – partizanlara birləşən 3 yerli kommunist dərhal partiyadan qovuldu, Monxe isə Çeyə nəinki maddi, mənəvi və resurslarla, heç informativ yardım da göstərmədi. Bütün bunlar peşmanlığı artıran və psixikanı üzən faktorlardır. Belə vəziyyətdə isə səhvlər də qaçılmazdır. Məsələn, Çenin kiçicik dəstəni iki yerə bölməyi bu cür səhvdir. Aralarında əfsanəvi Tanya da olan ikinci dəstə çaydan keçərkən tələyə düşərək hamısı bir nəfər kimi həlak oldu. Və bunu tezliklə Komandante də bildi.
Get-gedə daralan dairə yox, məhz inam tükəntisi və çarəsizlik simptomları sonunda reyncerlərin qarşısına xəstə və təslimiyyətə hazır Çeni çıxardı. Ancaq bu qeyri-tipik status cəmisi bir neçə saat sürdü. Çe özlüyünü tez də bərpa etdi.
Burada mən başqa tarixi misalı xatırlatmaq istərdim – 1881-ci il martın 1-də imperator 2-ci Aleksandrın qətlini. “Narodnaya Volya”nın bu uğurlu aksiyasında birinci bombanı tələbə Rısakov atdı. İmperator yaralandı, ölmədi. Belə olanda İqnati Qrinevitski əlində bomba onun ayaqları altına tullandı – hər ikisi həlak oldu.
Həbs olunan Rısakov bütün yoldaşlarını ələ verdi. Jelyabov əvvəldən həbsdəydi, Perovskaya, Kibalçiç, Mixaylov və Qesman tutuldu, daha bir inqilabçı ələ keçməmək üçün intihar etdi.
Həmin il aprelin 3-də edama aparılarkən hamısı qürurluydu, yalnız Rısakovdan başqa. O, isterika içində ağlayır, ölmək istəmir, yalvarırdı. Eşafotdan dostları ilə həmişəlik vidalaşan Perovskaya Rısakovla sağollaşmaqdan imtina etdi. Baxın, üstündən 1 ay keçib – Rısakov isə hələ də özünə gəlməyib. Səbəb sadədir – onun inamı tükənib, gördüyü işin haqq işi olduğuna peşmançılığı var. “Biz özümüz haqda nə düşünürüksə, elə O-yuq”, – Sartr deyirdi. Rısakovdan başqa hamı öz düşüncələrində özlərinə haqq qazandırır. Hətta Kibalçiç edam səhəri vəkilinə “Yaşamamaq üçün bircə səbəb də tapa bilmirəm, ancaq ölmək lazımdır” deyir. Sakit səslə, qürurla. Çünki bu adamlar özlərini Qələbənin təminatçısı yox, olsa-olsa Qələbəyə aparacaq uzun yolun ilk cığırını açanlar sayırlar. Rısakov isə – yox. Rısakov öldürməklə ölməyəcəyinə ümidliydi. Odur ki, ilk andan təslim olub 1 ay sonra təslim də öldü.

*** *** ***

Bununla da yenidən daxili sütun, əqidə və öz işinin doğruluğuna inam probleminə qayıdırıq. Erik Xoffer öz “Həqiqi inamçı”sında yazırdı:”Ölmək də, öldürmək də o vaxt asandır ki, bu əməllər ritualın, dramatik tamaşanın, oyunun bir hissəsi olsun. Ölümü qorxusuz qarşılamaq üçün rol oynamaq tələb olunur. Bizim real, çılpaq “Mən”imiz üçün istər Yerdə, istər səmada ölməyə haqq qazandıra biləcək heç nə yoxdur. Yalnız o vaxt ki özümüzü hansısa tamaşanın aktyorları kimi görürük, o vaxt ölüm də öz dəhşətini itirir və Son teatral jestə çevrilir”.
Erik Xoffer o müəlliflərdəndir ki, istənilən ideya və ideologiyaya öz skepsisini ömrü boyu saxlayıb. Odur ki, onun cümlələri də ilk növbədə ideyaların insanı zəiflətməsinə, öz “mən”indən imtinasına aparıb çıxardığını göstərməyə yönəlib. Ancaq bu, total qayda deyil. Necə ki hələ Nitsşe yazırdı: “Güclüyə güclü, zəifə zəif olmaq asandır”. İdeyaların gücü və gücləndirmə aspekti olmasaydı, bəşər nəinki Çe Gevaranı və Jelyabovu, heç Mahatma Qandini və Albert Şveytseri də tanımazdı. Sadəcə, ifrat ekstremal anlar var ki (xüsusən də bu, xroniki uğursuzluğun nəticəsidirsə), ən iradəli adamı da ifrat zəiflədir. Status-kvonun çox tezliklə bərpa olunacağı şərtilə.


Bir tanışım “Bədənin öz tələbatı var” deməyi xoşlardı. Təslim olan Çe Gevara məhz yorğun bədənin yorğun ruha, biologiyanın sosiala üstün gəlməsi anının misalıdır. Bundan isə heç bir mübariz sığortalanmayıb. Ancaq yenə də – Kamyunun yazdığı “baxış aydınlığı”nı sonadək saxlamaq mümkündür. “İnsan iradəsinin yeganə vəzifəsi bir an da şüurun bədən üzərində nəzarəti itirməsinə yol verməməkdir”, – bu da Kamyudandır. Və hər bir Qiyamçı bunu yadda saxlamalıdır.
Qiyam – qəlbin vəziyyətidir. Qəlb zəifləyə bilər, ölə bilməz. Çe Gevaranın son sirri də bundaydı…

 

Aprel, 2008-ci il

 

[Yazının orijinalı: http://blogs.mail.ru/mail/mameds/]

 

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:13483