abunə ol: Yazılar | Şərhlər | Еmail

Qabriel Qarsiya Markez – Bizim Fidel

Şərh

Kəlimələrə olan hərisliyi… Hər kəsi özünə  cəzb etməsi… Harada olursa olsun,  qarşılaşdığı hər problemin həllinə çalışır.  İlham gücünü arxasınca çəkmək onun  tərzidir. Nə qədər çox sevildiyi kitablarında  öz əksini tapmışdır. Siqaretlə mübarizədə  ruh yüksəkliyi yaratmaq üçün  siqar (puro)  çəkməyi tərgitmişdir. Xüsusi bir elmi  şövqlə məsələlərin həllində çıxış yolları  axtarmağı xoşlayır. Hər gün bir neçə saat  məşq edib, üzgüçülüklə məşğul olaraq  formada qalmağa çalışır. Çox ciddi  intizama malikdir. Əldə edilməsi çətin  hesab olunanları xəyal gücü vasitəsilə  həyata keçirmişdir. İşləməyi bacarmaq  dincəlməyi bacarmaq qədər vacibdir.Tam əldən düşənə qədər danışır: danışarkən dincəlir. Həmçinin gözəl yazmaq qabiliyyəti var, yazmağı sevir. Ən böyük motivasiyanı riskin yaratdığı həyəcandan alır. Anadangəlmə natiqlik qabiliyyəti onun qüsursuz silahıdır.

Nitq söyləməyə başlayarkən, əvvəlcə alçaq səslə danışır və nitqin yönü naməlum olur. “Həlledici zərbə”ylə dinləyicisini ələ keçirənə qədər addım-addım istifadə edə biləcəyi hər şeydən faydalanır. İlham mənbəyidir: gözəgəlimliliyi, ancaq bunu görə bilmək şərəfinə nail ola bilməyənlər tərəfindən inkar edilə bilər.Canlı antidoqmatizm “abidəsi”dir.

Yazıçı Xose Martinin ideyalarını marksist inqilabının axışı ilə uzlaşdırmağı bacaracaq qədər istedadlıdır. Bəlkə də düşüncələrinin əsasında kütlənin haqları uğrunda mübarizənin, bir növ fərdin maraqlarının təmin olunmasına xidməti durur. Bu, üzbəüz söhbət zamanı ona xüsusi bir etibar yaradır.

Hər bir fərqli vəziyyət üçün istifadə etdiyi fərqli danışıq tərzi və hər bir dinləyicini ələ almaqda işlətdiyi fərqli metodları var. Həmişə dinləyicisinə onunla eyni səviyyədə olduğunu hiss etdirməyə səy göstərir. Hərtərəfli, dəqiq biliyə sahib olması, onun iştirak etdiyi hər cür elmi söhbətlərdə özünü rahat hiss etməsini təmin edir. Və o da dəqiqdir ki, qatıldığı bütün elmi mübahisələrdə yalnız qalib gəlmək üçün iştirak edir. Ən kiçik günlük fəaliyyətlərində belə məğlub etmək əzminin olmasının bir səbəbi var. Bu onun xarakterindəki heç vaxt təslim olmamaq və və qələbə qazanana qədər mübarizə aparmaq əzmindən irəli gəlir. Xüsusilə, problemlərin həllində heç kəs onun qədər həssas ola bilməz. İrili-xırdalı bütün məsələlərin həllinə eyni məsuliyyətlə yanaşır. Xüsusilə də bu məsələnin həllində çətinliklərlə rastlaşacaqsa… Heç vaxt özünü belə anlarda hiss etdiyi qədər xoşbəxt hiss edə bilməz. Onu yaxından tanıyanların “Yəqin, yenə nəysə qaydasında deyil ki, bu qədər firavan görünürsən” dedikləri məlumdur.

Dönməzlik onun iş metodlarından biridir. Söz  gəlişi, Latın Amerikasının xarici borcları iki il əvvələ qədər əsas danışıq başlığı halına gəlmişdi. Bu tarixdən etibarən problem danışıqlar müddətində genişləndi, yayıldı və daha da böyüdü. Bu məsələ haqqında ilk söylədiyi şey sadə bir riyazi cavab, borcların ödənilməsinin mümkünsüzlüyü oldu. Daha sonra sırf bu məsələylə bağlı təşkil olunan beynəlxalq konfransda bir sıra sarsıdıcı iddialar irəli sürdü: borcların milli  iqtisadiyyata təsiri, ictimai-siyasi təzahürləri, beynəlxalq münasibətlərdə yaratdığı mütləq asılılıq, ortaq Latın Amerikası diplomatiyası üçün daşıdığı mübahisəedilməz rol.

Onun bir siyasətçi kimi nadir rast gəlinən qabiliyyətlərindən biri də bir məsələnin ən uzaq inkişaf mərhələsini görə bilməsidir. Amma bu qabiliyyətini “ilham pərisi”ylə deyil, çətin və yorulmaq bilməyən düşünməsiylə əldə edir. Ən böyük köməkçisi yorucu mühakimələr, inanılmaz dərəcədə cəld riyazi hesablamalarla dolu nitq söyləmək üçün ona kömək olan ya da xüsusi danışıqlarda bəzən də sui-istifadə etdiyi kəskin yaddaşıdır. Ardı-arası kəsilməyən məlumatlarla “qidalanmaqdan doymur”. Məlumat axışını təmin etmək işi səhər yuxudan oyanması ilə başlayır. Hər səhər yeməyində onu dünya mətbuatından 200 səhifəlik informasiya toplusu qarşılayır. Harada olmasından asılı olmayaraq, hər səhər qəliz hesabatlarla maraqlanmalıdır. Təxmin etdiyinə görə rəsmi sənədlər, ziyarətçilərinin gətirdikləri və onda sonsuz maraq oyadan yazılardan əlavə, hər gün təxminən 50 fərqli mətn oxuyur. İstənilən məsələdə ən kiçik ziddiyyəti sezə bildiyinə görə onunla aparılan müzakirələr qüsursuz və dəqiq cavablandırılmalıdır.

Ehtiyac duyduğu məlumatların digər bir qismini isə kitab oxumaqla əldə edir. Mükəmməl bir oxucudur. Xüsusi bir üsuldan istifadə etmədiyini söyləsə də, heç kəs onun qısa müddətdə necə bu qədər çox oxumasını başa düşə bilmir. Bu gün oxumağa başladığı kitab barədə ertəsi gün fikir mübadiləsinə başladığı bəllidir. İngiliscə oxumağı bacarır, lakin danışıq dilində istifadə etmir. Daha çox ispan dilində mütaliə edir və üzərində hərflər olan istənilən kağızı oxumağa can atır. İqtisadiyyat və tarix başlıqlı yazılara xüsusi maraq göstərir. Yaxşı ədəbiyyatın qədrini bilir və yaxından müşahidə edir.

Əsl səbəblərin səbəblərinin səbəblərini tapana qədər, dəqiq və ardıcıl suallarla insanları “bombardman”a tutmaq xasiyyəti vardır. Latın Amerikasından olan bir qonağıyla ölkəsində düyü istehlakının həcmi barəsindəki ötəri söhbətində həmin an beynində apardığı hesablamaya əsasən “çox maraqlıdır, belə çıxır ki, hər kəs gündə 4 poundluq (təxminən 2 kiloqram) düyü yeyir” demişdi. Ən yaxşı taktikası fikirlərini təsdiqlətmək, elmi mübahisələrdə qalib gəlmək üçün daha çox cavabını əvvəlcədən bildiyi və özünə tam əmin olduğu mövzulardan sual verməsidir.

Bilik əldə edə biləcəyi heç bir fürsəti qaçırtmaz. Anqola müharibəsi zamanı iştirak etdiyi rəsmi qəbulda bir qarşıdurmanı elə təsvir etmişdi ki, avropalı bir diplomatı Fidel Kastronun bu qarşıdurmada iştirak etmədiyinə inandırmaq çətin olmuşdu.

Çe Qevaranın tutulması və öldürülməsi bağlı etdiyi açıqlama, Palasio de la Moneda basqını və Salvador Allendinin ölümünə ya da “Flora qasırğası”nın yaratdığı təxribata dair çıxışları, mükəmməl nitq nümunələridir.

Latın Amerikasının gələcəyi haqqındakı fikirləri Bolivar və Martinin fikirləri ilə eynidir: dünyanın müqəddəratını dəyişmək potensialına sahib azad bir cəmiyyət. ABŞ – ı Kuba xaricində istənilən ölkədən daha yaxşı tanıyır. İnsanların təbiəti, iqtidar quruluşu və hökumətlərin gizli niyyətləri haqqında dərin biliyə sahibdir. Embarqonun yaratmış olduğu fırtınanın qarşısını bunun sayəsində almışdı.

Ümumiyyətlə, saatlarla davam edən görüşmələrində ən xırda detalını öyrənənə qədər intizamından güzəştə getməyərək, hər mövzunun üzərində ayrıca müzakirə aparır. Yerində işlənilməyən hər sözün sonradan bərpası mümkünsüz olan xətalara gətirib çıxaracağını yaxşı bilir. Sualları cavablandırmaqdan əsla boyun qaçırmaz və heç vaxt səbri tükənməz. Çox fikir çəkməməsi üçün həqiqətləri bəzən ondan gizlətməyə çalışırlar. Lakin o, həmişə bunu hiss edir və bilir. Ondan bəzi şeyləri gizlətməyə çalışan bir köməkçisinə belə demişdi: “Qayğısız olum deyə doğruları məndən gizli saxlayırsan, lakin bir gün bu həqiqətlər hamısı birdən qarşıma çıxacaq və mən şoka düşüb öləcəm”. Yenə də ən yaxşısı, çatışmazlıqları örtmək üçün ondan gizlətməkdir. Çünki istər siyasi, istərsə də elmi, mədəni olsun, inqilabı qoruyub saxlayan uğurlarla paralel olaraq, gündəlik həyatı bütün səviyyələrdə, xüsusilə də vətəndaşların xöşbəxtliyinə təsir edəcək dərəcədə böyük bir bürokratik itkidən söhbət gedir.

Küçədə insanlarla danışarkən, bu söhbət özündə yeniliklər və səmimiyyət daşıyır. Ona “Fidel” deyə xitab edirlər. Onu inamla əhatəyə alırlar. Doğruların yayımlandığı canlı bir radio verilişində adı ilə xitab edərək, müxalif fikirlərini ona bildirir və ya öz tələblərini çatdırırlar.

Bunlar, öz parlaqlığı ilə örtülü olan qeyri – adi insanın görə bildiyimiz tərəfləridir. Tanıdığıma əmin olduğum Fidel Kastro budur: davranışları sadə, amma xəyalları adi olmayan, dəbdən düşmüş saqqallara malik, söz seçimində tədbirli, mədəni, düşüncələri əsrarəngiz olmaqdan daha zəif tərənnüm edilə bilməyəcək bir adam.

Mütəxəssislərinin gec – tez xərçəngə çarə tapacaqlarının xəyalını qurarkən, ən böyük düşmənindən 84 qat daha kiçik bir adada dünyadakı güc balansına uyğun bir xarici siyasət qurmuşdur. Şüurun düzgün təşəkkülünün bəşəriyyətin ən böyük uğuru olduğuna və mənəvi varlıqların dünyanı dəyişdirmək və tarixi hərəkətə gətirmək uğrunda maddi göstəricilərə qalib gələcəyinə inanır.
Daha uzun yaşamağı arzu etdiyi bəzi anlarda  bəzi şeyləri həyata keçirtmək üçün  bir az daha çox ömür  istədiyini eşitmişəm. Bu qədər insanın taleyini çiyinlərində daşımağın yaratdığı yüklə belinin büküldüyünü gördükdə, ən çox nə etmək istədiyini soruşdum. Birnəfəsə cavabladı: “Bir küçənin tininə söykənmək”.

7 Sentyabr 2006

 Tərcümə: Novruz Bəylərzadə            (c) SOLFRONT.org

[Yazı original məqalə əsasında  SOLFRONT üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12546