abunə ol: Yazılar | Şərhlər | Еmail

İnsan təbiəti sosializmə əngəldirmi?

Şərh

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər gün kapitalizmin insanlar üçün ən təbii və ən uyğun həyat tərzi olduğu yönündə təbliğata məruz qalır, üstəlik  buna inandırılırıq.

Kapitalist sitemindəki bərabərsizliyin, rəqabətin və qarşıdurmanın qaçılmaz olduğu və bütün bunların insan təbiətinə xas olduğu iddia edilir.  Yaxşı, bu iddia həqiqətən doğrudurmu?

Keçən il İngiltərə televiziyalarından birində “Qəbilə” adlı bir proqram yayımlanmışdı. Okeaniyadakı Anuta adasında yaşayan qəbilənin 5 üzvü Mançester şəhərindəki bir içşi ailəsini ziyarət edirdi. Onlara “Mançester şəhəri və insanları sizdə necə təəssürat yaratdı?” deyə soruşanda, müxbirə eynilə bu cavabı verdilər:

“Getdiyimiz hər yerdə iri-iri binalar və saysız-hesabsız evlər gördük, ancaq bu qədər çox ev ola-ola insanların nə üçün hələ də küçələrdə yatdığını anlaya bilmədik. Girdiyimiz hər supermarket bol miqdarda yemək gördük, ancaq insanların niyə hələ də ac qalıb diləndiyini anlaya bilmədik. Çünki bizim qəbilədə heç kim evsiz və ac deyil. Hamımız əlimizdəkiləri paylaşır və bir-birimizə kömək edirik.”

Yuxarıda göstərilən  problemlərin insanın təbiətindəki mənfi cəhətlərdən qaynaqlandığını söyləmək kapitalist quruluşu təmizə çıxarmaq deməkdir.

 

İnsan təbiəti nədir?

Əlbəttə, bütün insanları digər canlılardan ayıran ortaq xüsusiyyətlər vardır.  Əks halda insan növü və ya insanlıq tarixi haqqında danışa bilməzdik.  Ən fundamental ortaq xüsusiyyət insanın genetik quruluşundan qaynaqlanan biologiyasıdır. Bu, iki ayaq üzərində dayanıb əllərimizi sərbəstcə istifadə etməyimizi təmin edən, inkişaf etmiş bir beyinin varlığını mümkün edən  genetik quruluşdur. İnsanlarla digər canlı növləri arasındakı əsl fərqin kökü insanların bioloji xüsusiyyətlərindən istifadə tərzidir.

Bir canlı olaraq insanın ən fundamental ehtiyacları bəllidir. Bunlar hava, su, yemək, geyim, sığınacaq, isinmə və yuxudur.  Tarix boyunca insanlar təməl ehtiyaclarını qarşılamaq üçün kollektiv olaraq çalışıblar. Çünki insanın tək başına həyatda qalması mümkün deyil.

İnsanların dəyişməsi əslində ictimai  dəyişmədir. Çünki genetik/bioloji dəyişmə çox daha yavaşdır. Məsələn, 10 min il əvvəl yaşamış insanın DNT-si ilə bu gün yaşayan insanın DNT-si müqayisə edildiyində görürük ki, arada çox fərq yoxdur. Halbuki eyni 10 min il içində insan həyatı böyük ölçüdə dəyişmişdir. Bu səbəbdən insan davranışı (məsələn, acgözlük və rəqabət) sadəcə genetik quruluşumuzdan qaynaqlanan qeyri-iradi və dəyişməyən  hərəkət deyil.

 

İnsan təbiəti dəyişkəndir

Çox adam gündəlik həyatındakı təcrübələrinə əsaslanaraq, insanların anadangəlmə acgöz və ehtiraslı olduğunu düşünür. Və buna bir çox nümunələr olduğu hesab olunur.  Məsələn, Ağalarovlar ailəsinin, İlham Əliyevin və Kəmaləddin Heydərovun (red.) pul və güc ehtirasını kim inkar edə bilər?

Bunun əksinə, hər cür fədakarlıq edən və digərlərinə kömək edən insanlar da var. İzmit zəlzələsində (1999)  və ya Sunami fəlakətində (2005)  tanımadıqları insanların köməyinə qaçanları nümunə göstərmək olar.

Lakin bir həqiqət də var ki, eyni insan, içində olduğu şərtlərə görə həm yaxşı həm pis, həm qorxaq həm cəsur, həm eqoist həm fədakar, həm acgöz həm köməksevər ola bilər. Hansı davranışın ortaya çıxması fərdin təcrübələrindən, özünü necə hiss etdiyindən və şərtləri necə qəbul etdiyindən asılıdır. Bunların hamısı cəmiyyətin quruluşundan (ictimai – iqtisadi quruluş formasından) asılıdır.

Məsələn, yazının əvvəlində haqqında danışılan Anuta adasındakı qəbilədə paylaşma və köməkləşmə davranışı daha genişdir. Çünki ictimai nizam insanları bölüşməyə istiqamətləndirməkdədir. Bunun tam tərsi olaraq kapitalist cəmiyyət, insanları acgöz və rəqabətçi olmağa istiqamətləndirir.

 

Kapitalizm insan təbiətinin qarşısıalınmaz nəticəsidirmi?

Ən qədim yazılı mənbədan günümüzə qədər keçən müddət 3500 ildir. Bu müddət içində insanın sahib olduğu potensial eyni qalmışdır. Bu vəziyyətdə veriləcək ən sadə sual budur: Əgər kapitalizm insan təbiətinə ən uyğun nizamdırsa, qurulması niyə minlərlə il davam etmişdir?

Kapitalist cəmiyyət dünyadakı yeganə ictimai təşkilatlanma forması deyil. Məsələn, Alyaskadakı İnupiat cəmiyyətinin təşkilatlanma forması fərqlidir. Bu cəmiyyətdə ictimai əlaqələr, balina ovuna edilən yardım (əmək və ya alətlə) və əldə edilən yeməyin cəmiyyətin bütün üzvləri arasında paylaşılması təməlində reallaşmaqdadır. Yenə bu cəmiyyətdə qarşılıqlı əlaqə içində olan insanlar (qan bağı olsun və ya olmasın) qohum sayılırlar. Uşaqlar hansı ailəylə yaşamaq istəyərlərsə, o ailəni seçmə azadlığına malikdir. İnupiat cəmiyyəti nümunəsi, kapitalist cəmiyyətdə ümumi olaraq qəbul edilən iki təməl mif ilə ziddiyyət təşkil edir: 1) fərdi azadlıq ilə kollektiv olaraq təşkilatlanmış cəmiyyət arasında seçim etmə zəruriliyi vardır; 2) özək ailə ictimai istehsalın və yenidən istehsalın təbii və lazımlı  hissəsidir.

İnupiat cəmiyyətiylə əlaqədar tədqiqatlar aparan B. Bodenham, “Fərdi azadlığın ictimai əlaqələri və kollektiv fəaliyyəti gücləndirdiyini, kollektiv fəaliyyətin isə fərdi azadlığa söykəndiyini” söyləyir.

 

Başqa bir dünya mümkündür

Kapitalist cəmiyyət dünyanın hər tərəfinə yayıldığı üçün, başqa cür bir həyatın sanki mümkün olmadığı təəssüratı yaranır.

Halbuki paylaşmağa və köməkləşməyə söykənən, hər hansı bir sinifə, cinsiyyətə və gücə söykənməyən ictimai strukturlar minlərlə il davam edib və bəzi nümunələri bu günün dünyasında hələ də var.

Dünya miqyasında yaşanan aclıq, yoxsulluq və döyüşlər bizə kapitalizmin insanın ən fundamental ehtiyaclarını belə qarşılaya bilmədiyini göstərməkdədir.

Çünki kapitalizmin əsas dərdi daha çox qazanc əldə etməkdir.

Hər kəsin təməl ehtiyaclarını qarşılayacaq şəkildə cəmiyyəti yenidən təşkilatlandırma müddəti, yəni sosialist cəmiyyəti qurmaq inqilabi dəyişiklik tələb edir.

Aclığın və yoxsulluğun ortadan qalxacağı proses paylaşma və köməkləşmə  davranışını önə çıxaracaq, bu səbəbdən də milli ziddiyyətlər, döyüşlər, irqçilik və cinsi təzyiq aradan qalxacaq.

Nəticə etibarilə, bu, sosializmin  mümkün olmasından başqa,  insanlığın və təbiətin xilas olması üçün lazımdır.

Sosialist bir dünya mümkündür və bunun üçün mübarizə aparmağa dəyər.

 

(Yazı “Sosialist İşçi” qəzetinin 1 May 2009 tarixli 360. sayından götürülüb)

 

Tərcümə: Seymur Elyazlı                                  (c) Solfront.org

Mənbə: marksist.org

 

Oxşar yazılar:

Baxış sayı:10229