abunə ol: Yazılar | Şərhlər | Еmail

Pınar Gümüş – Vulf və Freyzerə görə Şəxsiyyət Siyasəti və Feminizm

Şərh

Bu yazıda Virciniya Vulfun “Üç Quruş və ya Qadının İctimai Funksiyası” adlı əsərindəki qadının şəxsiyyəti və patriarx mübahisələrdən yola çıxaraq Nensi Freyzerin “Yenidən bölgüdən tanınmaya, “postsosialist dövrün” ədalət dilemması” adlı məqaləsindəki ictimai cinsiyyət məsələsinə dair Virciniya Vulfun edə biləcəyi tənqidləri araşdıracağam. Sonra isə Freyzerin bu tənqidlərə cavabının necə olduğunu açıqlamağa çalışacağam. Vulf və Freyzer arasındakı fərqləri təhlil edərkən izləyəcəyim əsas istiqamət bu iki mütəfəkkirin ictimai cinsiyyət və qadın olmaq vəziyyətinin sinif ilə necə əlaqələndirdikləri mövzusu olacaq.

 

Freyzer ictimai cinsiyyət mövzusunu işləyərkən, bunun əslində bivalent collectivity (iki dəyərli məcmu) olduğunu, yəni iqtisadi və mədəni əsasların eyni dərəcədə bu bərabərsizliyin mənbəyi olduğunu iddia edir (Freyzer, 1997: 19). İqtisadi nəzər nöqtədən baxdıqda bu bərabərsizlik sinfi məsələləri özündə ehtiva edir. İqtisadi olaraq aid olunan sinif, qadın olaraq necə əzildiyinizi də müəyyən edir və bu hal müsbət və ya mənfi istiqamətdə olduğunuz vəziyyəti gücləndirir və qidalandırır. Digər tərəfdən, Virciniya Vulf “Üç Quruş və ya Qadının İctimai funksiyası” adlı kitabını təhsilli bir atanın qızı kimi – üst orta sinif qadını kimi – yazmışdır və kitabda subyektivləşdirdiyi qadınlar da eyni şəkildə təhsilli ataların qızlarıdırlar. Vulf, bu qadınların maddi təminatı olmadığına görə, həyatlarını davam etdirmək üçün atalarına və ailələrinə ehtiyac duyduqlarına görə, ataları, ailələri və digər kişilər tərəfindən daima olaraq məhdudlaşdırılıb azad şəkildə hərəkət edə bilmədikləri barədə danışır.

İqtisadi əsasda bərabərsizliyi tam olaraq qadınların qarşılaşdıqlarıı bərabərsizliklə əlaqələndirdikdə, bir tərəfdən öz ailəsinin və ətrafının gəlir qrupundan olmayan qadınları müzakirə mövzusu etmir. Yazılarında nə üçün müxtəlif siniflərdən olan qadınların vəziyyətlərinə dair qeydlərin yoxluğunun aydın bir cavabının olmaması ilə yanaşı, kitabın ilk fəslində təsvir etdiyi “yemək stolu” nümunəsi sinif və qadınların vəziyyəti mövzusundakı baxışlarına dair fikir formalaşdırır.  Qadınlar və kişilər birlikdə eyni stol arxasında otururlar, eyni yeməkləri yeyirlər, onlara eyni xidmətçilər qulluq edir, amma qadınlar kişilərlə bərabər eyni kollecin otlarına ayaq basa bilməzlər, eyni siyasi müzakirələr edə bilməzlər və qadınlar kişilərin sahib olduqları iqtisadi gücə sahib deyillər. Bu misalda Virciniya Vulf əslində eyni iqtisadi sinfə daxil olmaqla yanaşı, qadın olmağın ictimai mövqedə nə kimi fərqlər və əzilmələr yaratdığına diqqəti yönləndirir. Sinfi münaqişə nəzər nöqtəsindən, diqqət çəkən başqa bir məqam isə xidmət göstərən – aşağı sinif – qadından heç bəhs edilməməsidir. Bu məqamda Freyzerin ictimai cinsiyyət məsələsinə yanaşması, öz sözlərilə, ən az problem yaradacaq ictimai sistem və mübarizə forması önəm qazanır: sosialist və dağıdıcı feminizm.

Bu fikirlərdə sosializmin qadın və kişi arasında iqtisadi fərqləri aradan qaldıraraq daha ədalətli bölgü ilə ictimai sahədəki bərabərsizliklərin aradan qaldırılacağı nəzərdə tutulur. Bir tərəfdən də dağıdıcılıqla, yəni mövcud ictimai cinsiyyət rollarının yenidən bölgüsü və dəyərlər sisteminin kökündən həllərlə aradan qaldırılaraq mədəni sahədə qadınların qarşılaşdıqları bərabərsizliklərin aradan qaldırılması məqsəd tutulur. Bu məqamda sosialist feministlərin hansı prinsiplərlə hərəkət etmələri və digər feministlər tərəfindən necə tənqid olunduqları əhəmiyyətlidir. Sosialist feministlər ən ümumi mənada sinfi mübarizə və patriarxizmlə  mübarizənin bərabər aparılacağını, iqtisadi – siyasi müstəvidə inqilabın da patriarxizmlə mübarizədə böyük rolunun olduğunu müdafiə edirlər. Bunlara əsas tutaraq onlar öz mübarizələrini kişilərlə çiyin – çiyinə apara bilərlər. Digər qrup feministlər tərəfindən sosialist feministlərin tənqidi də əsasən bu məqamlara yönəlmişdir. Sosialist feministlər bir çox feministlər tərəfindən, olduqları inqilabi – müxalif qurumlar daxilindəki patriarxizmi sərf – nəzər etdikləri və bununla mübarizə aparmadıqları üçün tənqid olunmuşlar. Bu məqamda tənqid edən feministlərin fikrincə, patriarx ilə mübarizə birinci növbədə feminist qadınların sahiblənməli olduqları bir mübarizədir. Bu mənada, Virciniya Vulfun, Freyzerin sosialist feminizm və cinsiyyət rollarının tamamilə yenidən qurulması – yəni müəyyən mənada fərqlərdən qaynaqlanan bərabərsizliklərin aradan qaldırılması – mövzusunda nə düşündüklərini araşdırmaq çox yaxşı olardı.

İlk əvvəl, Vulf “Üç quruş və ya Qadının ictimai funksiyası” kitabında müharibənin qarşısının necə alına biləcəyi sualına cavab verməyə çalışarkən müharibənin yaradılmasında kişi və qadınların hansı töhfələri verdiyi sualı ortaya çıxır. Kişilər tarix boyu müharibə yaradanlar, ən sevdikləri, ən gözəl qiyafələrini geydikləri peşə əsgər olan və müharibə üçün təlimləndirilən insanlardırlar, amma qadınların rolu ancaq müharibə aparan kişilərə lazımi qayğı və dəstəyi təmin etmək formasında olmuşdur. Vulf bu fikirləri tarixə və müxtəlif insanların bioqrafiyalarına baxaraq formalaşdırır. Bu məqamda Freyzerin cinsiyyət rollarının yenidən qurulması fikirlərini tənqid edə bilər. Çünki Vulf ictimai cinsiyyət dəyərlərinin tamamilə necə məhv edilə biləcəyindən əlavə, mövcud olan bərabərsizliklərin; qadın kimi yazı yazaraq, qadın kimi siyasətlə məşğul olaraq necə aradan qaldırıla biləcəyini və feminist etikasının necə inkişaf etdiriləcəyi məsələlərinə toxunur.

Freyzer bərabərsizliyin dəf edilməsinə vasitə göstərərkən, qadınların qısa müddətli və təcili hüquq tələblərindən imtina etmək məcburiyyətində olacaqlarını, hətta uzun müddətli və köklü həllərə çatmaq üçün bunun zəruri olduğunu vurğulayır (Freyzer, 1997:30). Virciniya Vulfun bu iddiaya cavabı ən gözəl formada suffragetlərin [1] mübarizəsinə münasibətində görmək olar. Vulf bu mübarizəyə qarşı olmasa da, ciddi şəkildə müdafiə etmir. Səs vermə haqqı əldə edildikdə ilk əvvəl nə ediləcəyi sualını verir. Qadınlar qərar vermə mexanizmlərinə daxil olacaqlar və siyasətlə məşğul olacaqlar; amma həmin istismarçı və patriarx quruluşda olacaqlar. Bu quruluşlardakı yüksəlişləri və qərar vermə müddətinə daxil olmaları uzun illər tələb edəcək. Bunun əvəzində qadın olaraq özlərini maddi cəhətdən təmin edəcək qədər pul qazanmağın, fərdi azadlıqları əldə etməyin və bir çox sahə kimi kişi hökmranlığı olan ədəbiyyat dünyasında qadın olaraq qadın ruhunu formalaşdırmağın zəruriliyini vurğulayır. Vulfun fikrincə, qadınların qısamüddətli nailiyyətləri onsuz da uzunmüddətli həllərin zəruri şərtləridir. Vulf xüsusilə qadınlar kimi – kişilər olmadan – feminist bir etika formalaşdıraraq patriarxizmlə mübarizə aparmağın əhəmiyyətindən bəhs edir. Məsələn, Vulfun fikrincə, ədəbiyyat sahəsində xüsusilə qadınlar kişilərə olan qəzəbləri səbəbindən yazmamalıdırlar, çünki qadın yazısını patriarx üsullardan uzaq duraraq, sadəcə qadın yaradıcılığından və beynindən istifadə edərək formalaşdıra bilər.

Vulfun Freyzerə təqdim edəcəyi təxmini müddəalara Freyzerin cavabının nə ola biləcəyi məsələsinə gəldikdə isə; Freyzer bütöv bir şəxsiyyət siyasəti mövzusunu iqtisadi və mədəni amillərin birlikdə fəaliyyət göstərdiyi bir formalaşma müddəti kimi müəyyən edir. Beləliklə, Freyzerin cavabı, Vulfun feminist etikası və qadın siyasəti formalaşdırma fikirlərinin yetərsizliyi yönündə olardı. Bu yetərsizliyin qaynağını da iqtisadi əsas olaraq göstərərdi. Nəticə etibarilə, Freyzer şəxsiyyətin bir çox iqtisadi və mədəni ünsüründən və bunların hamısına dair siyasətdən bəhs edir. Vulf isə qadın şəxsiyyətinin önə çıxarıldığı və hər şeydən əvvəl qadınlıq nəzər nöqtəsindən siyasət yaradılacağı bir strategiya önə sürür. Şəxsiyyət siyasətinin müəyyən edilməsi nöqteyi nəzərindən də əsasən burada fikir ayrılıqları olur. Vulf mövcud olan şəxsiyyətlərin əzilməsini və birini vurğulayaraq şəxsiyyət siyasəti formalaşdırmağı, Freyzer isə şəxsiyyətin xüsusiyyətlərini və onun əzilməsini vurğulamaqla yanaşı, şəxsiyyətin formalaşmasına təsir edən fərqli ünsürləri vurğulamağı  məsləhət görür.

Mənbə:

Virciniya Vulf, Three Guineas (New York: Harcourt, Brace and Company, 1938)

Nensi Freyzer, Justice Interruptus, “From Redistribution to Recognition, Dilemmas of Justice in ‘Postsocialist’ Age” (New York: Routledge, 1997) s. 11–39.

Qeydlər:

[1] 1. Dalğa qadın hərəkatında səs vermə haqqı uğrunda mübarizə aparan qadınlar

 

          (c) SOLFRONT.org

 [Məqalə original yazıdan SOLFRONT.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:10034