abunə ol: Yazılar | Şərhlər | Еmail

Nazıma bir gül çələngi

Şərh

Bu gün Mavi Gözlü Devin ölüm günüdür. Türk inqilabi poeziyasının banisi Nazım Hikmet 45 il əvvəl -1963-ün 3 iyununda səhər tezdən Moskvada ürək tutmasından qəfil vəfat etdi. Bir anın içində bu dünyadan sərhədsiz bir dünyaya köçdü.

Vətənə sevginin  ağır cəzası ilə necə cəzalandırıldığını öz taleyində yaşadı. Əsrin əvvəllərində Nazım Hikmetə çəkdirdiklərini əsrin sonunda Ahmet Kayaya da çəkdirdilər. Biri Rusiyada uyuyur, digəri Fransada .

Ziyalı və əslzadə ailəsində doğulan Nazım Hikmetin  (15.01.1902 – 03.06.1963) Türkiyədəki ömrünün 17 ili məhbəslərdə keçdi. 11 dəfə məhkəmə qarşısında dayandı, sonuncu dəfə 1938-ci ildə 35 illik həbs cəzası aldı. Bir də azadlığa 12 il sonra – 48 yaşında çıxdı. Rahat qoymadılar. Təqiblər, hədə-qorxular və bu yaşında orduda qulluğa çağırılmaq… Halbuki hələ 1920-ci ildə hərbi xidmətə yararsız sayılmışdı – keçirdiyi ağır plevritdən sonra.
Bir ömürə bəs etməyəcək qədər əzablara düçar edilən şair – vətənpərvərlərin suçu kommunistliyində və yazılarındaydı. Heç kəsi öldürməyib, heç kəsə güllə atmayıb – ancaq onun qələmi güllədən də, mərmidən da təhlükəli elan edilib.
20 yaşında – 1922-ci ildə Moskvaya gəlir. Burada 2 il Şərq zəhmətkeşlərinin Kommunist Universitetində iqtisadiyyatı öyrənir. Kommunist partiyasına daxil olur və Türkiyəyə dönür. Burada “Aydınlıq” jurnalında çalışır, ilk məhkumluğunu “qazanır”.
Yenidən SSRİ – yə 1927-ci ildə gəlir və 1 il sonra Bakıda ilk şeirlər kitabı çıxır – “Günəşi içənlərin nəğməsi”. Həmin ildə də Vətənə dönür. 1932-ci ildə “Gecə daxil olan teleqram” şeirlər toplusuna görə həbs olunur və 5 il cəza alır. Həmin şeirlərdə Nazım Hikmet Türkiyə kommunistlərini mübarizəyə səsləyir, onları dözümlü olmağa çağırırdı. 1 il sonra əfv olunur. Sonrakı illər çıxan hər kitabına görə məhkəməyə çəkilir. 1936-cı ildə Türkiyədə onun sağlığında nəşr olunan sonuncu kitabı çıxır. Ta 1965-ci  ilə qədər onu Türkiyədə dərc etməyə qadağa qoyulur. 1938 –ci ildə 36 yaşlı şair 35 il müddətinə həbs cəzasına məhkum olunur. 12  il həbsdə qalır. Məhbəsdə “İnsan panoramı” epopeyasını, ”Məhəbbət əfsanəsi” pyesini,  “Məhbəsdən məktublar” şeirlər toplusunu yazır. 1951-ci ildə Rumıniyadan keçərək SSRİ-yə gəlir. Elə həmin il də Türkiyə vətəndaşlığından çıxarılır. Vətəndaşlığı bu gün də bərpa edilməyib.

Nazım Hikmətin məzarı Moskvada, ”Новодевиче” qəbiristanlığındadır. Qəbirüstü abidəsi ağ qranitdən hazırlanıb və üstündə “Küləyə qarşı gedən adam “  şeirindəki  obraza uyğun insan surəti yaradılıb…

Məmməd Süleymanov (1998 -ci il )

 

Nazıma bir  gül çələngi.  Pablo NERUDA

Niyə öldün Nazim? Sənin türkülərin olmadan nə edəcəyik

İndi

Sənin bizi qarşıladığında o gülüşün kimi bir bulaq tapa biləcəyik yenidən?

Sənin qürurun olmadan, sərt sevgin olmadan nə edəcəyik?

 

Baxışına oxşayan baxış hardan tapılacaq

Odla suyun birləşdiyi, həqiqətə səsləyən, kədərli və mərd bir sevinclə dolu

Qardaşım, necə yeni duyğular, fikirlər qazandırdın mənə,

Dənizdən əsən sərt külək alsa  idi onları qarşısına

Buludlar kimi, yarpaq kimi uçar-düşərdilər

Orada, uzaqlarda

Yaşar ikən özün üçün seçdiyin

Və ölümdən sonra səni qucaqlayan torpağa

 

Hədiyyə edirəm sənə Çilinin qış  xrizantemalarından bir buket

Və soyuq ay işığının cənub dənizləri üzərində parıldayan

Xalqların mübarizəsini və mübarizəmi mənim

Və boğuq uğultusunu kədərli təbillərin, öz yurdundan…

 

Qardaşım mənim, fədakar  əsgərim, necə də təkəm dünyada sənsiz

Sənin çiçəkləmiş bir gilas ağacına oxşayan üzün olmadan

Dostluğumuzdan mənə bərəkət olan

Rəhmət kimi susuzluğumu yatıran və qanıma güc qatan

 

Zindanlardan qopup gəldiyində qarşılaşmışdıq səninlə

Quyu kimi, qapqara zindanlardan.

Vəhşiliklərin, zorbalıqların, kədərlərin quyuları

Əllərində izi var idi əziyyətlərin

Gözlərində Qəzəbin oxlarını axtardım

Amma sən parlaq bir ürəklə gəldin

Yaralar və işqılar içində

 

İndi mən nə edim? Necə ifadə edər səni

Hər yerdən topladığın çiçəklər olmadan bu dünya

Necə mübarizə aparmaq olar, səni nümunə görmədən

Sənin xəlqi müdrüklüyün və böyük şair şərəfin olmadan.

Təşəkkür belə olduğun üçün! Təşəkkür o atəş üçün

Türkülərinlə sonsuz alovlandırdığın.

 

Tərcümə: Zöhrə Poladlı                               (c) Solfront.org




Oxşar yazılar:

Baxış sayı:8951