abunə ol: Yazılar | Şərhlər | Еmail

Muğan Sovet Respublikası haqqında həqiqətlər

Şərh

Muğan Sovet Respublikasının bayrağı

Edam olunmuş hökumət: Muğan Sovet Respublikası haqqında həqiqətlər


Muğan ingilis-denikinçi qüvvələrin işğalı altında (1918 avqust-1919 may)
1918-ci il. Qafqaz, xüsusilə də Azərbaycan inqilabi və əksinqilabi qüvvələrin toqquşma meydanına çevrilmişdir. Məmləkətin dörd bir yanını bürümüş kəndli üsyanları, fəhlə tətilləri, günü-gündən genişlənən qırmızı partizan hərəkatı qərb imperialistlərini regionda xalq hərəkatını qan içində boğacaq, şərqə doğru genişlənən inqilab dalğasının qarşısını alacaq oyuncaq rejimlər təsis etməyə vadar edirdi.
Bir tərəfdən kəndli üsyanlarından öz mülklərini sığortalamaq istəyən bəy və xanlar, əkinə yararlı torpağın 98,2%-ni qəsb edib öz əlində cəmləmiş iri mülkədarlar Osmanlı imperiyasının cəza dəstələrini gizli surətdə Azərbaycana dəvət edir, digər yandan isə rus qolçomaqlarına, rus monarxistlərinə, Bakı Rus Milli Mərkəzinə arxalanan denikinçilər Azərbaycanın cənubunda ağqvardiyaçı «Muğan hökuməti»ni təsis edirdilər.
Hər iki halda məqsəd eyniydi: şərqə doğru genişlənən kommunist inqilabına qanlı divan tutmaq. Bu məqsədlə Lənkəran qəzasının Prişib kəndini özlərinə qərargah seçmiş denikinçi İlyaseviç qondarma qurultay çağırır. Əksinqilabçıların işini pozmağa çalışan Privolnı kənd kommunist partizanlarının rəhbəri Boçarnikov qurultayın gedişinə mane olmaq istəsə də qüvvələrin azlığı ucbatından buna nail ola bilmir. 1918-ci il avqustun 6-da denikinçilər Muğan diktaturasının yaradıldığını elan etdilər. Ağqvardiyaçı diktaturanın məqsədi Lənkəran qəzasını denikinçilərin güclü bazasına çevirmək idi, bundan sonra onlar hücuma keçib, Bakı da daxil olmaqla, bütün Azərbaycanı tutmaq, Dağıstandakı denikinçilərlə birləşmək və bu birlikdən doğan güclə Rusiyada bolşeviklərin hakimiyyətinə son qoymağı planlaşdırırdılar. Onlar bununla da vahid bölünməz monarxist Rusiyanı bərpa edəcəklərini düşünürdülər. Belə bir vaxtda Bakıda ingilis Sentrokaspi diktaturasının hakimiyyəti ələ keçirməsi denikinçilərin mövqeyini xeyli qüvvətləndirdi.
1918-ci il sentyabrın 15-də Osmanlı qoşunları Bakıya daxil olaraq burada ingilislərin hökmranlığına son qoydu. Amma Osmanlının ağqvardiyaçı muğan hökumətinə qarşı hərbi əməliyyata risk etməməsi Lənkəran qəzasının de-fakto Azərbaycanın tərkibinə daxil olmadan işğalçı Denikin rejiminin nəzarətində qalmasıyla nəticələndi.
Bir neçə ay keçməmiş Bakı yenidən əldən-ələ keçdi. Mudros müqaviləsinə uyğun olaraq, Osmanlı Azərbaycanı tərk etdi,bu dəfə də ölkə ingilislər tərəfindən yenidən işğal olundu. İngilislərin və denikinçilərin müttəfiq olması ağqvardiyaçı Muğan diktaturasının Azərbaycanın cənub bölgəsindəki işğalını daha da möhkəmləndirdi.
General Denstervil Lənkəran qəzasının ingilislər üçün nə dərəcədə strateji əhəmiyyətə malik olmasını iki amillə izah edirdi:
1) Lənkəranın dəniz sahilində yerləşməsiylə;
2) Lənkəran qəzasının zəngin taxılçılıq regionu olmasıyla.
Lənkəranın ərzaq bazası olması bütün işğalçı qüvvələrin və quldur dəstələrinin diqqətini Muğana cəlb edirdi.
Bir tərəfdən ingilislər və denikinçilər, digər tərəfdən isə tez-tez qarətçilik məqsədiylə Azərbaycana soxulan quldur dəstələri – Hüseyn Ramazanovun, Sənanın quldur dəstələri, Şahsevən tayfaları bölgə kəndlərini od vurub yandırır, kəndliləri öldürür, qadınları zorlayır, taxıl və digər məhsulları talan edərək özləriylə aparırdılar.
Bu soyğun işində denikinçi İlyaseviçin, Avetisovun dəstələri xüsusilə fəallıq nümayiş etdirirdilər. İngilis paroxodları talan olunmuş Lənkəran taxılını fasiləsiz surətdə Ənzəli limanına, ingilis ordusunun bazasına daşıyıb aparırdı. Nəticədə işğalçılar qənimət hesabına milyonlarla pud taxıl daşıyıb apardıqları halda, məhsulu becərən azərbaycan kəndlilərə aclıqdan ölürdülər. Təxmini hesablamalara görə, həmin vaxt təkcə Lənkəran qəzasında hər il təxminən 2-3 min nəfərə qədər kəndli aclıqdan tələf olurdu.
İşğalçı qüvvələrin azğınlığı hətta o dərəcəyə çatmışdı ki, onlar kəndlilərlə yanaşı, yerli bəy və xanların da malikanələrini talan edirdilər. Vəziyyəti belə görən yerli bəy və xanlar 1918-ci ildə əvvəlcə Müsavat hökumətinə, bir nəticə hasil olmadığını gördükdə isə ingilis komandanlığına, general Tomsonun yanına şikayətə gedirlər. Onlar sonralar daha dörd dəfə bu məsələni ingilis və müsavat hökuməti qarşısında qaldırsalar da, bütün şikayətlər nəticəsiz qaldı.
1919-cu il yanvarın 8-də müsavat Parlamanında «Lənkəran məsələsi» müzakirəyə çıxarılsa da, Lənkəran nümayəndəsi Mirzə Səlim Axundzadədən başqa heç kəs çıxış etmədi və məsələylə bağlı heç bir rəsmi sənəd qəbul olunmadı.
Beləliklə, Lənkəran qəzasında azərbaycanlıların işğalçı güclər tərəfindən qarət olunması, döyülüb öldürülməsi, qadınların zorlanması, qoca və uşaqların quldurlar tərəfindən tikə-tikə doğranması faktı nə müsavat hökumətində, nə də müsavat parlamanında heç kəsi narahat etmədi.

Lənkəran qəzasında kəndlilər aclıqdan tələf olduğu bir vaxtda müsavatçı nazirlər Azərbaycanın sərvətini qızıl rubla çevirib çamadanlara yığırdılar.

Belə bir vəziyyətdə işğalçı rejimə qarşı mübarizədə silahlı üsyandan başqa yol qalmırdı. Bütövlükdə Azərbaycanı ingilis işğalından xilasın yeganə yolu silahlı üsyan idi. Bu iş isə dar gündə yoxsul, köməksiz xalqın yeganə himayəçisi olan kommunist partizanların üzərinə düşürdü. Kommunistlər ingilis və Denikin işğalına qarşı azadlıq mübarizəsini Muğandan başlamaq qərarına gəldilər. Üsyan planına görə, azadlıq günəşi Azərbaycana Muğandan doğmalı idi.

Muğanda işğalçı rejimə qarşı kommunist-azadlıq qiyamı (1919, 25 aprel)

1919-cu ilin martında Azərbaycan kommunistləri yadelli işğalçılara qarşı silahlı üsyan etmək qərarı qəbul etdilər və təcili hazırlıq başlandı. Üsyana rəhbərlik edəcək Komitə təsis olundu. Qəzadakı bütün qırmızı partizan dəstələri qırmızı qvardiya hissələri tam səfərbər edildilər.
Üsyanın zərbə qüvvəsi qismində aşağıdakı kommunist birləşmələri çıxış edirdi:
1) Lənkəran qırmızı qvardiyaçıları;
2) Zuvandlı Balaməmmədin süvari partizan dəstələri;
3) Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi;
4) Qəhrəmanovun rəhbəri olduğu və tamamı kommunistlərdən ibarət 40 nəfərlik pulemyotçu dəstəsi;
5) Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları;
6) Sara daşında yerləşən kiçik hidrolokasiya dəstəsi və s.
Silahlı üsyana rəhbərliyi Şirəli Axundov, Jirkov başda olmaqla, Lənkəran komitəsi edirdi.
1919-cu il aprelin 25-də səhərə yaxın Lənkəranda işğalçı diktaturaya qarşı kommunistlər silahlı üsyan qaldırdılar. İki gün əvvəldən gizlincə Lənkəran şəhərinə toplaşmış kommunist üsyançılar qəfil hücuma, əvvəlcədən tərtib olunmuş siyahıya əsasən, cəllad İlyaşeviç başda olmaqla, ağqvardiyaçı Muğan diktaturasının bütün üzvlərini həbs etdilər. Qırmızı partazanlar ağqvardiyaçıların qərargahı kimi istifadə olunan Mirəhməd xanın sarayını, dəniz limanını, mayakı, radiostansiyanı və digər strateji məntəqələri ələ keçirdilər, siyasi dustaqlar azadlığa buraxıldı.

Muğanda Sovet Respublikasının qurulması

1919-cu il aprelin 25-də baş verən kommunist qiyamı işğalçı ingilis-denikin diktaturasını devirsə də, qəzada əksinqilabçı quldur dəstələrinin qovulub çıxarılması işi may ayının ortalarına qədər davam etdi, xüsusilə də Astaranın azad edilməsi çox gərgin və qanlı döyüşlərdən sonra mümkün oldu. Beləki uşaq və qocaları doğradıb qadınları zorlamaqla ad çıxarmış cəllad Hüseyn Ramazanov ingilis və İran dövlətlərindən hərtərəfli yardım aldığından, onun dəstəsini məğlub etmək çoxlu sayda kommunistin qanı-canı bahasına başa gəldi. Amma qəzanın İranla sərhəd dağlıq və meşəlik hissələrinin quldurlardan azad edilməsi mümkün olmadı. Hər tərəfdən ingilis, İran, Denikin, müsavat ordusuyla mühasirəyə alınmış kommunist partizanların ancaq bu qədərinə gücü çata bildi.
Belə bir şəraitdə üsyançılar 1000 nəfər nümayəndənin iştirakıyla qurultay çağırdlar. Qurultay iştirakçılarının böyük əksəriyyəti – 600 nəfəri azərbaycanlı nümayəndələrdən ibarət idi.
Qurultay Azərbaycan Sosialist Respublikasının tərkib hissəsi olmaq etibarilə, Muğanda Sovet Respublikasının yaradıldığını elan etdi və qanunvericilik, icra orqanları təsis olundu.
Muğan qurultayının bu qərarı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda çox böyük bir addım idi. Bu qərar Muğanı Azərbaycandan ayırmadı, əksinə, ingilis və Denikin işğalı altında olmuş qəza ərazisini gələcəkdə qurulacaq Azərbaycan Sosialist Respublikasının qırılmaz tərkib hissəsi elan etməklə Muğanı 200 il sonra yenidən Azərbaycanın tərkibinə qaytardı. Belə ki, Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunarkən ölkə faktiki olaraq çoxlu sayda müstəqil xanlığa parçalanmışdı ki, bunlardan biri də Lənkəran xanlığı idi. Bu ərazi xanlıq kimi Rusiyaya tabe oldu və sonra qəza statusu aldı. Çar Rusiyası dağılanda isə az sonra ingilis və denikinçilər tərəfindən işğal olundu, faktiki olaraq Azərbaycana tabe deyildi. Məhz üsyan və ardınca çağırılan qurultay Muğanda yadellilərin işğalına son qoydu və onu gələcəkdə qurulacaq Sosialist Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etdi. Bu həm də özü-özlüyündə Milli azadlıq hərəkatıydı və Azərbaycanın İngiltərə imperiyasının müstəmləkəsindən azad olunması məhz əslində sovet Muğanından başlanırdı və azadlıq hərəkatı Muğandan bütün Azərbaycana yayılmalıydı.
İndi tez-tez kommunistləri separatçılıqda günahlandıraraq iddia edirlər ki, Muğan ingilis işğalından azad olunduqdan sonra gərək ki, müsavat hökumətinə tabe olaydı. Tabe olmayıbsa, deməli bu separatizmdir.
Amma bu iddiada olanlar bir önəmli amili unudurlar ki, Muğan ingilis-denikin işğalından azad olan zaman faktiki olaraq Azərbaycanda xalqın iradəsini ifadə edən müstəqil hökumət mövcud deyildi. Müsavat hökuməti vassal bəy-xan rejimi olub, tamamilə ingilis komandanlığına tabe oyuncaq hökumət idi. Azərbaycan isə de-fakto və de-yure İngiltərənin müstəmləkəsiydi və beynəlxalq müqavilələrdə Azərbaycanın İngiltərə imperiyasının müstəmləkəsi olması faktı təsbit olunurdu. Həmin tarixdə müsavat hökuməti heç bir dövlət tərəfindən tanınmırdı. Mudros müqaviləsinə görə (1918, noyabr), Osmanlı imperiyası Azərbaycanı öz əyaləti kimi İngiltərəyə bağışlamışdı. Müqavilənin 11-ci və 15-ci bəndlərinə əsasən Azərbaycan və onun dəmir yolları, neft yataqları bütünlüklə İngiltərə imperiyasına verilirdi.
Azərbaycanın İngiltərənin müstəmləkəsi olması Mudros müqaviləsində hüquqi qüvvə olduğundan, İngiltərə bu hüquqdan çıxış edərək bütün Azərbaycanı işğal etmiş və onunla öz müstəmləkəsi kimi rəftar etmişdir. Belə olan halda, Muğanın vassal Müsavat hökumətinə tabe etdirilməsi, onun əslində yenidən ingilislər tərəfindən işğalı demək olardı. Bu səbəbdən də Muğan Azərbaycan Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi elan edildi və bu qərarla Müğan Azərbaycanın yeganə ərazisiydi ki, ingilis işğalından azad olunduğunu rəsmən bəyan edirdi.
Təbii ki, özlərini Azərbaycanın ağası hesab edən ingilislər xalq iradəsi hesabına qəbul olunmuş bu qərarı qan və silahla qarşıladılar. Onlar bu kiçik Sovet Respublikasında ingilis maraqları üçün böyük təhlükə görürdülər. Bu səbəbdən də ingilis komandanlığı ondan asılı olan bütün qüvvələri Sovet Muğanını boğmağa səfərbər etdi.

Sovet Muğanı kommunist sınmazlığının rəmzidir
Xarici imperialistlər və onların yerli əlaltılarının hərbi müdaxiləsi səbəbiylə Muğanda Sovet quruluşu çox az, Astarada cəmi bir ay, Lənkəran və ətraf ərazilərdə isə təzminən üç ay mövcud ola bildi və bu qısa vaxtın da demək olar ki, hamısı əksinqilabi-işğalçı qüvvələrlə şiddətli döyüş, mübarizə şəraitində keçdi.
Bütün dünya cəmi 900 nəfər silahlı qüvvəsi olan Sovet Muğanın 4 dövlətin 20 mindən artıq nizami ordusuna qarşı düz 3 ay necə ölüm-dirim mübarizəsi apardığının heyranlıqla şahidi oldu. Burada dövrün ən müasir silah və texnikasına, sayca qat-qat üstün nizami ordularına qarşı sadəcə bir amil, sınmaz kommunist iradəsi dayanırdı.
Dəniz tərəfdən ingilis donanması, digər tərəfdən İran kazakları, başqa bir tərəfdən denikinçi ağqvardiya, digər
bir tərəfdən isə müsavat ordusu Sovet Muğanını od və dəmirin blokadasına almışdılar.
İran hökumətinin Lənkəran şəhərindəki konsulu Mirzə Sadıq açıq-aşkar bəyan edirdi ki, Şah rejimi Sovet Muğanının İran əhalisinə inqilabi təsirindən bərk narahat idi və bu səbəbdən də İran dövləti Muğanda Sovet quruluşunun boğulmasında yaxından iştirak edib. Sadəcə bir faktı xatırladaq ki, 1919-cu il iyunun 17-də Şah rejimi quldur Hüseyn Ramazanovun köməyinə Ənzəli limanı vasitəsiylə təpədən-dırnağacan silahlanmış 2 paroxod İran kazakı göndərmişdi və bunun nəticəsində əksinqilabçı-işğalçı qüvvələr Astarada Sovet hakimiyyətini yıxa bildilər.
İngilis hökuməti isə əksinqilabi qüvvələri silah və pulla təchiz etməklə yanaşı, hərbi donanması vasitəsiylə Lənkəran şəhərini dənizdən mühasirəyə almış, onun Bakı və Sovet Rusiyası ilə əlaqələrini kəsmiş və şəhəri aramsız olaraq top atəşi altında saxlamışdır. Sonralar ingilislər Sovet Muğanının süqutundan bəhs edərkən bunu fəxrlə ingilis silahının və qızılının zəfəri adlandırırdılar.
Denikinçi ağqvardiya isə artıq 1919-cu il iyunun 23-dən müntəzəm olaraq Lənkəran üzərinə hərbi reydlər təşkil edirdi.
Müsavat hökuməti isə əvvəlcə 1919-cu ilin iyununda cəllad Ramazanovun köməyinə 1000 nəfərlik nizami ordu göndərmiş, daha sonra isə general Səlimovun rəhbərliyi ilə 3500 nəfərlik qoşun hissəsini də kommunistlərlə mübarizəyə göndərmişdir. Bundan sonra isə daha bir neçə belə hərbi kontingent Sovet Muğanı üzərinə yeridildi.
Bu da azmış kimi qaçıb Bakıya müsavat bəy-xan rejiminə sığınmış talış xanları da silahlı dəstələr yaradaraq Sovet Muğanının üzərinə göndərirdilər.
Digər tərəfdən bir qrup mürtəce dindar məscidlər də kommunistlərlə döyüşlərə könüllülər toplayır. Camal paşa isə kənd-kənd, oba-oba gəzərək insandara qurana əl basdırıb kommunistlərə qarşı cihada çıxacaqlarına dair and içdirirdi.
Bir sözlə, azərbaycan xalqını talan edənlər, qız-gəlinini zordayanlar, uşaq-qoca demədən kişilərini cəllad kötüyündə tikə-tikə doğrayanlar, kəndliləri ot tayasına doldurub diri-diri yandıranlar hamısı Sovet Muğanını, xalq hərəkatını qan dəryasında boğmaq üçün, «kommunistlərsiz və bolşeviksiz hakimiyyət» şüarı ərafında birləşmişdilər.
Amma inqilabçıdarın müqavimətini sındırmaq asan olmadı. Denikinçi ağqıardiya dəfələrlə qat-qat böyük hərbi qüvvələrlə Lənkəran üzərinə yeridilsə də hər dəfə qırmızı partizanların sərt müqavimətiylə üzləşib geri çəkilməli olurdu. İyunun axırlarında ağqvardiyaçılar şəhərin kənar məhəllələrinə soxula bilsələr də təcrübəli sərkərdələr B.Ağayev və Ulyantsevin rəhbərliyi ilə partizanlar ağları şəhərdən qova bildilər. Bu zaman partizanlar arasında ruh yüksəkliyi güclü idi, çünki Sovet Muğanının komissarları da qızıl qvardiya əsgərləriylə bir yerdə vuruşur, lap öndə gedərək üsyançıları ölüm-dirim mübarizəsinə səsləyirdilər və belə döyüşlərin birində Sovet Muğanının xarici işlər komissarı Ulyantsev qəhrəmancasına həlak oldu (1919, 25 iyun).
Lənkəran mayakını 300 qırmızı qvardiyaçı qoruyurdu və qat-qat böyük əksinqilabi qümmələrə inadlı iüqavimət göstərərək cəmi 2 gün ərzində (1919-cu ilin iyunu) düşmənin 18 hücumunu dəf etdilər.
Ümumilikdə isə gedən döyüşlərdə Sovet Muğanının müdafiəçiləri 4 min əksinqilabçını məhv etməyə müvəffəq oldular. Şilavərli Ağarəşid Məmmədov şəxsi qəhrəmanlıq göstərərək, sürücüsü həlak olmuş zirehli maşını tərk etməmiş, zirehli maşınla döyüşə atılaraq düşmənləri qaçmağa məcbur etmişdi.
İyulun sonlarına qırmızı partizanların cəmi 3 min patronu qalmışdı. Buna baxmayaraq onlar hər bina, hər məhəllə uğrunda son damla qanlarına kimi vuruşurdular.
Silah-sursatın tükənməkdə olduğunu görən şəhər müdafiəçiləri ailələri ilə birlikdə iyulun 24-də Sara adasına çəkilməli oldular. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. Bunlardan 200 nəfərlik döyüşçü Türküstan qızıl ordusuna qoşulmaq məqsədiylə Krasnovodskiyə, 300 nəfər isə əsasən qadın və uşaqlar Milyutin paroxoduyla Bakıya doğru üzürlər. Bakı limanında müsavat polisi ingilis komandanlığının direktiviylə Milyutin paroxodundakı kommunistlərin hamısını həbs etdi.
Üçüncü dəstə isə Aşur Adaya çəkilir. Onlar 1919-cu il avqustun 8-də ingilislər, ağqvardiyaçılar və İran kazakları tərəfindən mühasirəyə alınaraq həbs edilirlər. Onların bir hissəsi Aşur Adada ingilislər tərəfindən güllələnir, sağ qalanlar isə denikinçilərin mərkəzi olan Petrovski şəhərinə aparılır. Onlardan Kolomeytsen, hansı ki, Lənkəranın müdafiəsində fəal iştirak etmişdi, yolda qətlə yetirilir.
Beləliklə Sovet Muğanının rəhbər işçilərinin demək olar ki, hamısı ya qətlə yetirildi, ya da həbsə məhkum edildi.
1919-cu il iyulun 24-də Lənkərana müsavat ordusundan daha tez daxil olan denikinçilər düz avqustun 8-nə kimi şəhəri talan edib əhaliyə, xüsusilə də kommunistlərə divan tutdular.

Muğanda ağ terror və repressiya
Əvvəlcə denikinçilər şəhər müdafiəçilərinə divan tutdular. Xasıyev başda olmaqla, şəhərin müdafiəsində fərqlənmiş kommunist inqilabçılar olmazın işgəncələrə məruz qaldılar. Qəzada hakimiyyət denikinçilərdən müsavatçılara təhvil verildikdən sonra isə repressiyanın ikinci dalğası yaşanmağa başladı. Partizan dəstələrinə, xüsusilə də Digəli Ələkbər Məmmədovun dəstəsinə divan tutuldu. Ələkbər Məmmədov özü də həbs edilərək olmazın işgəncələrə məruz qaldı.
Qırmızı partizanlardan Axundov, Xasıyev, Osipov və digərləri həbs edilərək zindana salındılar. Onlar burada huşlarını itirənə kimi ac və susuz saxlanılır, çılpaq soyundurularaq o ki var döyülürdülər.
Qəzada kommunistlərə qarşı həyata keçirilən repressiyalarda 1919-cu ilin avqustun 25-də yaradılmış «Xəfiyyə şöbəsi» və iyulun 29-da Bakıdan xüsusi olaraq inqilabçıları tapıb cəzalandırmaq məqsədiylə göndərilmiş polis dəstəsi daha çox canfəşanlıq göstərdi. Həmən xüsusi təyinatlı polis dəstəsinə qəddarlığıyla seçilən Rzabəyov rəhbərlik edirdi. Onlara kommunistləri axtarıb tapmaq, həbs etmək, lazım gəldikdə isə öldürmək əmri verilmişdi.
Tarixçi Əlizadə öz kitabında tarixi faktlara əsaslanaraq yazırdı ki, «Qəza rəisi R.Kərimbəyov pristav L.Tahirov kəndliləri heyvan kimi döyür, qadınları zorlayır, «pristava salam verməyəni», «bolşevik-kommunist sözü işlədəni» həbsxanaya salırdılar».
Bu gün bizlərə «xalq» cümhuriyəti, demokratik respublika kimi sırınmağa çalışılan müsavat mülkədar diktaturasının (1918-20) gerçək repressiv mahiyyəti bu faktlarla üzə çıxır. Öz xalqı üzərində ən ağır, ən heyvani cəza üsullarını – baş kəsməkdən tutmuş dar ağacından asılmağa, ot tayasına insanları doldurub diri-diri yandırmağa, qadınları zorlamağa qədər ən qəddar işgəncə növlərini böyük amansızlıqla təcrübədən keçirən müstəmləkə polis rejiminin əslində denikinçi İlyaseviçdən, cəllad Avetisovdan, quldur Ramazanovdan heç bir fərqi yox idi.
Müsavat repressiyası təkcə insanlara divan tutmaqla yekunlaşmadı, repressiya dalğasından kommunistlərin yaratdığı hər bir şey, hətta səhiyyə obyektləri belə öz nəsibini aldı.
Müsavat səhiyyə nazirliyinin 1919-cu il 4 sentyabr tarixli əmrinə əsasən Sovet Muğanının yaratmış olduğu bütün səhiyyə obyektləri kommunist propaqandası hesab olunaraq ləğv edildi. Apteklər bağlandı və aptek işçiləri, əczaçılar ölkədən sürgün edildilər. Halbuki müsavat hökuməti mövcudluğu ərzində Lənkəran qəzasında heç bir dənə də səhiyyə, mədəni-maarif obyekti yaratmadı.
Kommunist sözünü işlətməyin belə cinayət sayıldığı, müsavatçı pristava salam verməməyin az qala qiyamçılıq hesab edildiyi bir rejimdə əslində hansı «demokratik» dəyərlərin qüvvədə olduğu aydındır; dar ağacı, ölüm, qan və göz yaşı!

Sovet Muğanının tarixi əhəmiyyəti
Sovet Muğanı cəmi bir neçə ay yaşasa da, onun çox böyük tarixi əhəmiyyəti oldu:
1) Sovet Muğanı özünü Azərbaycan Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi elan etməklə, Lənkəran qəzasını 200 il sonra rəsmi surətdə təkrarən Azərbaycanın tərkibinə qaytarmış oldu. Çünki Muğanda kommunist azadlıq hərəkatı başlamamışa qədər Lərkəran qəzası əvvəlcə Çar Rusiyasının, daha sonra isə faktiki olaraq denikinçilərin işğalı altında olmuşdur. Ancaq kommunist qiyamı nəticəsində Muğandakı Denikin işğal diktaturası (Ağqvardiyaçı Muğan hökuməti) süquta yetirildikdən sonra Muğan Sovet Azərbaycanının ayrılmaz tərkib hissəsi elan olundu;
2) Sovet Muğanı Azərbaycanı ingilis və denikinçilərin işğalından azad edəcək qurtuluş hərəkatının başlanğıcı, azadlıq mübarizəsinin pioneriydi;
3) Müsavat mülkədar diktaturasının 1918-20-ci illərdə edə bilmədiyini Sovet Muğanı cəmi bir neçə həftədə, cəmi bir qurultayla etdi – Azərbaycan kəndlisinin əsrlərdən bəri davam edən torpaq problemini həll etdi. Sovetlər cəmi bir neçə bəy-xan ailəsinin inhisarında olan qəza torpaqlarını müsadirə edərək torpaqsız, yoxsul kəndlilərə payladı. Qəzada feodal mülkədar münasibətlərini ləğv etdi.
Bu gün müsavat hökumətinə bəraət qazandırmaq istəyən dairələr bəhanə gətirirlər ki, torpaq islahatlarını həyata keçirmək üçün müsavat hökumətinin guya vaxtı və imkanları çatmayıb. Amma Sovet Muğanı sübut etdi ki, torpaq islahatlarını həyata keçirmək üçün müsavat hökumətinin vaxtı deyil, milyonerlər klubunun girovuna çevrilmiş iradəsi çatmamışdır. Sovet Muğanı dörd dövlətin top və güllə yağışı altında səhiyyə obyektləri yaratmağa, torpaq islahatları keçirməyə vaxt və imkan tapdı, amma müsavat rejimi Bakıda rahat şəraitdə bunu edə bilmədi. Əksinə, Sovet Muğanının kəndlilərə verdiyi torpaqları onların əlindən zorla geri alıb xan və bəylərə qaytarmağa isə vaxtı və imkanı çatdı.
Müqayisəyə fikir verin, Sovet Muğanına torpaq islahatı keçirməyə və bir neçə xan ailəsinin inhisarında olan torpaqları yoxsul kəndlilərə paylamağa cəmi bir qurultay və cəmi bir neçə həftə vaxt lazım olduğu halda, müsavat hökuməti zamanı bəy-xanların zülmündən zara gəlmiş biçarə kəndli bir şikayət məktubuna cavabı 3-4 aya ancaq alırdı (cəmi 23 ay, Lənkəran qəzasında isə cəmi 9 ay mövcud olmuş bir hökumətdə bir ərizəyə cavab ancaq 3-4 aya verilirdi) və adətən cavab belə olurdu: «Sizin şikayətiniz əsassızdır».
Sovet Muğanı isə bu vaxt ərzində qəzanın demək olar ki, bütün torpaqsız kəndlilərini torpaqla təmin etmiş, onlara xidmət göstərəcək səhiyyə ocaqları təşkil etmişdir.
Bu faktın özü bir daha sübut edir ki, Sovet quruluşu xalq iradəsinin ən dəqiq ifadəsiydi və Sovet Muğanı Müsavat hakimiyyətiylə müqayisədə Azərbaycan xalqının mənafeyinə daha çox uyğun gəlirdi və yoxsul xalqın mənafeyini daha yaxşı müdafiə edirdi;
4) 9 ayl ərzində Denikin işğalı zamanı tamamilə tənəzzülə uğradılmış bölgə iqtisadiyyatı, təsərrüfatı yenidən təşkil olunmağa başladı. Kəndli komitələri, təsərrüfat şurası yaradıldı;
5) Sovet Muğanının imperialist dövlətlərinin top və gülləsiylə məhv edilmiş acı taleyi bir daha sübut etdi ki, Sovet Respublikaları ancaq və ancaq ittifaq şəklində öz mövcudluqlarını təmin edə bilərlər.
Bu gün Sovet İttifaqını müxtəlif adlarla – «imperiya», «işğalçı quruluş» və s. xarakterizə edib Sovet tarixini qaralamağa çalışan saxtakarlara nə qədər yanlış düşündüklərini sübut etmək üçün sadəcə Sovet Muğanının məhv olmuş taleyiylə maraqlanmağı tövsiyə etmək kifayətdir. Belə ki, Sovet Muğanı sübut etdi ki, ayrıca götürülmüş hər hansı bir Sovet respublikası imperialist dövlətlərin əhatəsində təkbaşına mövcudluğunu təmin edə bilməz və o hökmən bənzər siyasi quruluşa sahib respublikalarla ittifaqa girməlidir.
Belə ki, Sovet Muğanı kimi kiçicik Sovet Respublikasını, İngiltərə başda olmaqla, dünya imperializmi cəmi 110 gün ərzində qan içində boğdu. Eyni aqibəti Almaniyada Bavariya Sovet Respublikası və Macarıstan Sovet Respublikaları da yaşadılar. Bu baxımdan Azərbaycanda Sosialist Respublika qurularkən ölkəmizin Sovet Rusiyasıyla ittifaqa girməsi (SSRİ) zəruri idi. Əks halda Sovet Azərbaycanı cəmi bir neçə aya imperializmin caynaqlarında məhv olacaqdı.
Yalnız Sovet Respublikalarının ittifaqı hesabına Sosialist Respublikaları 70 il mövcud oldular və dünya imperializminə meydan oxuya biləcək supergüc səviyyəsinə qədər yüksələ bildilər.

 Mənbə:  kommunist.az

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:32382