abunə ol: Yazılar | Şərhlər | Еmail

Subkomandante Markos – Nə üçün müharibə aparırıq?

Şərh

Subkomandante Markos – “Nə üçün müharibə aparırıq? Dördüncü dünya müharibəsi başladı”

Dünya sistemi olaraq neoliberalizm yeni bir torpaq fəth etmə müharibəsidir. Üçüncü dünya müharibəsi, başqa adla, soyuq müharibə heç bir şəkildə dünyanın iki qütblülüyünü dəyişdiyini və qalib tərəfin hegemoniyasında yenidən stabilliyə nail olması demək deyil. Çünki bir məğlub (sosialist cəbhə) varsa, qalibi adlandırmaq çətindir. ABŞ? Avropa? Yaponiya? Yoxsa hər üçü?

“Şər imperiyası”nın məğlubiyyəti, zəbt olunması yeni bir dünya müharibəsinə (dördüncü) səbəb olacaq yeni bazarlar meydana gətirdi.

Bütün müharibələr kimi bu müharibə də dövlətləri öz milli kimliklərini yenidən müəyyən etməyə məcbur edir. Dünyadakı sistem, Amerika, Afrika və Okeaniyanın istilasindan sonrakı zamana geri dönüb. Beləliklə, geriyə gedərək irəliləyən qəribə bir müasirliyin şahidi oluruq.XXI əsrin əvvəlləri, elmi-fantastik romanlarda yazılan məntiqi gələcəkdən daha çox keçmişin vəhşi əsrlərinə oxşayır.

Geniş torpaqlar, sərvətlər və xüsusi ilə də heyrət ediləcək dərəcədə hazır işçi qüvvəsi yeni ağalarını gözləyir. Dünyanın ağası vəzifəsi təkdir, namizədlər isə çoxdur. “Yaxşılıq imperiyası”na aid olanlar arasındakı mübarizənin səbəbi də budur.

Üçüncü dünya müharibəsi kapitalizm və sosializmin müxtəlif sahələrdəki və müxtəlif şiddətdə müharibəsi idi. Bu dördüncü isə böyük maliyyə mərkəzləri arasında, dünya səviyyəsində, çox böyük şiddətdə və daimi davam edən bir müharibədir.

Səhv şəkildə “soyuq” adlandırılan bu müharibə çox yüksək istilik həddinə çatmışdı: beynəlxalq cəsusluğun dəhlizlərindən Ronald Reyqanın məşhur “ulduzlar müharibəsi”nin planetlər arası fəzasına, Kubanın Donuzlar Körfəzinin qumlarından Vietnamdakı Mekong deltasına, nüvə silahlarının dəlicəsinə yarışından Latın Amerikasındakı dövlət çevrilişlərinə, NATO ordularının qaranlıq manevrlarından Che Guevaranın öldürüldüyü Boliviyadakı CIA agentlərinin fəaliyyətinə qədər.Bütün bu hadisələr dünya səviyyəsində sistem olaraq sosialist düşərgənin çökməsi və ictimai alternativ olaraq zəiflədilməsi ilə nəticələndi.

Üçüncü dünya müharibəsi qalib tərəf üçün, yəni kapitalizm üçün birlikdə müharibəmağın faydalarını göstərdi. Müharibədan sonra əsas mübahisəli mövzular (Şərqin məğlub olması ilə meydana gələn) mühüm sahibsiz ərazilərin (no man’s land) çoxalması, bəzi güclərin (ABŞ, Avropa və Yaponiya) inkişafı, qlobal iqtisadi böhran və yeni elektronllaşdırılma inqilabının dünya səviyyəsində qurulmasının başa düşülməsinə səbəb oldu.

Komputerlərin köməkliyi ilə pul bazarları valyuta dəyişmə mərkəzlərindən başlayaraq və tamamilə keflərinə görə öz hüquq və davranış qaydalarını planetimizə yeridirlər.Qloballaşma”  onların məntiqinin, düşüncə tərzinin həyatın bütün sahələrinə tam bir şəkildə yayılmasından başqa bir şey deyil.

Bundan sonra, iqtisadiyyatin ağaları tərəfindən, əslində bu maliyyə sisteminin dinamosu ABŞ-  sərbəst ticari mübadilə- tərəfindən telefonla idarə edilməkdədir. Bu məntiq ictimai sahədəki fəaliyyətin bütün yanlarını özünə uyğun vəziyyətə gətirmək üçün kommunikasiya vasitələri inkişafının meydana gətirdiyi keçiricilikdən, təsirlilikdən faydalanır. Nəticə olaraq, bu, tamamilə total (ümumi) bir dünya müharibəsidir!

Bu müharibəın ilk qurbanlarından biri milli bazarlardır. Zirehli bir avtomobilin içində atəşlənən bir mərmi kimi, neoliberalizm tərəfindən açılan müharibə yön dəyişdirməyə səbəb olur və atəş açanın yaralanmasına səbəb olur. Müasir kapitalist dövlət iqtidarının sütunlarından biri olan milli bazar qlobal maliyyə iqtisadiyyatının top atəşləri ilə dağıdıldı. Yəni beynəlxalq kapitalizm milli kapitalizmləri səmərəsiz hala gətirir və xalq iqtidarlarını aclıqdan əldən düşənə qədər ac qoyur. Zərbə o qədər güclüdür ki, dövlətlər öz vətəndaşlarının maraqlarını müdafiə edəcək gücə sahib deyillər.

Soyuq müharibə zamanından miras qalan bəzəkli vitrin: yeni dünya sistemi neoliberalizmin partlaması ilə min parçaya bölündü. Proletar çevrilişlərinin təsiri ilə olmasa da, maliyyə qasırğalarının şiddəti idarələri və dövlətləri bir neçə dəqiqədə belə çökdürə bilir.

Oğul (neoliberalizm) atanı (milli kapitalı) parçalayaraq yeyir və həqiqətən də kapitalist ideologiyanın yalanlarını yerləbir edir; yeni dünya sistemində nə demokratiya, nə azadlıq, nə bərabər hüquq, nə də qardaşlıq var. Planetimizin səhnəsi xaosun hakim olduğu yeni bir müharibə meydanına çevrilib.

Soyuq müharibəın sonlarına doğru kapitalizm dəhşətli bir silah yaratdı: neytron bombası. Bu silah binalara heç bir zərər vermədən həyatı yox edir. Lakin dördüncü dünya müharibəsi üçün möcuzəvi bir bomba kəşf edildi: maliyyə bombası. Naqasaki və Xirosimadakından fərqli olaraq, bu yeni bomba sadəcə şəhəri (burada xalqı) məhv etmir və orada yaşayanlara ölüm, dəhşət və səfalət gətirmir, həmçinin hədəfini iqtisadi qloballaşma oyununun sadə bir oyunçusuna çevirir. Partlayışın nəticəsi duman çıxan xarabalıqlar, minlərcə cansız bədən yox, planetimiz səviyyəsindəki yeni hipermarketin ticari nəhəng şəhərinə əlavə edilmiş bir məhəllə və dünya səviyyəsindəki yeni əmək bazarında güc nümayiş etdirən işçi qüvvəsidir.

Avropa İttifaqı dördüncü dünya müharibəsinin təsirlərini öz içində yaşayır. Qloballaşma yüz illərlə bir-biri ilə müharibələr edən xalqlar arasında sərhədləri ortadan qaldırmağa nail oldu və onları siyasi birliyə yönəlməyə məcbur etdi. Milli dövlətlərdən federasiyaya gedən yol Avropa mədəniyyətindən başlayaraq yıxımlara və xarabalıqlara çevriləcək.

Bütün dünyada nəhəng şəhərlər meydana gəlməkdədir. Əhəmiyyətli olanları isə ticari birləşmə bölgələri qurur. Şimali Amerikada Kanada, ABŞ və Meksika arasindakı Şimali Amerika Sərbəst Ticarət Müqaviləsi (NAFTA) çoxdan var olan  “Amerika amerikalılarındır” yuxusunun gerçəkləşməsini qarşısına məqsəd kimi qoyub.

Nəhəng  şəhərlər (megapolislər) xalqları əvəz edir? Xeyr, yəni olan sadəcə bununla kifayətlənmir. Nəhəng şəhərlər xalqlara yeni funksiyalar, yeni sərhədlər, yeni perspektivlər verir. Ölkələr beləliklə bir yandan yıxım, bir yandan da xalqın və bölgələrin yenidən inşası, yenidən təşkilini istehsal edən böyük neoliberalizm idarəsinin filialları vəziyyətinə düşür.

Əgər nüvə bombaları üçüncü dünya müharibəsi zamanı göz qorxuducu və zorlayıcı idilərsə, dördüncü dünya müharibəsində maliyyə bombalarının başqa əhəmiyyətləri var. Onlar suverenliklərinin maddi təməllərini dağıdaraq, yeni iqtisadiyyatla ayaqlaşa bilməyən hər kəsi (məsələn Amerika hindularını) özündən uzaqlaşdıraraq, özü öz inkişaflarını istehsal edərək bölgələrə (milli dövlətlərə) hücum etmək üçündür. Lakin maliyyə mərkəzləri eyni zamanda milli dövlətlərin inşasını da həyata keçirir və onları yeni məntiqə, iqtisadiyyatın cəmiyyət üçün olanı ələ keçirmə məntiqinə görə yenidən təşkilatlandırır.

Yerli xalqın dünyası bu strategiyanı ortaya qoyan misallarla doludur. Beynəlxalq Əmək Təşkilatının (OIT) Mərkəzi Amerika bürosunun müdiri İan Çembers, dünyadakı yerli xalq nüfusunun (300 milyon nəfər), dünyadakı təbii sərvətlərin 60%-nin olduğu bölgələrdə yaşadığını açıqladı. “Təbii olaraq qarışıqlıq və toqquşmaların onların ərazilərini ələ keçirmək üçün olduğu təəccüblü deyil”. Ardından ətraf mühitin çirklənməsi, fahişəlik və narkomaniya gəlir.

Bu yeni müharibədə milli dövlətlərin motoru yerində olan siyasətə yer yoxdur. Siyasət yalnızca iqtisadiyyatı idarə etmeye yarayır. Siyasətçilərin vəziyyəti də şirkət idarəçisindən fərqsiz olmur.

Dünyanın yeni ağalarının birbaşa idarə etmək ehtiyacları yoxdur. Milli hökümətlər işləri öz hesablarına yönləndirməklə məsuldurlar. Yeni sistem dünyanın tək bir bazar olaraq birləşdirilməsidir. Dövlətlər özünü hökümət adlandıran idarə müdirlərindən başqa bir şey deyildirlər və yeni regional ittifaqlar siyasi federasiyalardan daha çox ticari ittifaqlara oxşayır. Neoliberalizmin ortaya qoyduğu ittifaq iqtisadidir: dünya miqyasındakı nəhəng hipermarketler insanların deyil, sadəcə metalarin sərbəst dolaşmasıdır.

Bu qloballaşma bir ümumi duşüncə tərzi də yaymaqdadır. İkinci dünya müharibəsindən sonra Avropada, daha sonra Vyetnamda və yaxın zamanda Körfəz bölgəsində Amerikan birliklərinin yaşadıgı Amerikan həyat tərzi bu gün kompyuterlər vasitəsi ilə bütün dünyaya yayılır. Burada diqqətə çarpan milli dövlətlərin məhvidir, amma bu, eyni zamanda tarixi və mədəni bir məhvdir.

Xalqların ərsəyə gətirdiyi bütün mədəniyyətlər – Amerika yerlilərinin şanlı keçmişi, parlaq Avropa mədəniyyəti, Asiya cəmiyyətlərinin müdrik tarixi, Okeaniya və Afrikanın atalarından qalma sərvətləri amerikan həyat tərzi tərəfindən aşındırılmaqdadır. Neoliberalizm tək bir modelin içində əridərək xalqların və topluluqların yıxımını, ortadan qalxmasını da diktə edir. Beləliklə, neoliberalizmin insan ünsürünə qarşı elan etdiyi bu müharibə bütün yer kürəsi miqyasında müharibədır, bu müharibələrin ən murdarı və ən zalım olanıdır.

İndi bir puzzle ilə qarşı qarşıyayıq. Bunu yerli-yerinə oturtmaq, bu günkü dünyanı qavramaq üçün bir çox parça əlimizdə yoxdur. Bununla birlikdə, bu müharibəın bəşəriyyətin dağıdılmaması ilə nəticələnməməsini ümid etmək üçün onun yeddi parçasını tapa bilərik. Bu yeddi parça mənzərəni, dünyanın başını ağrıdan digər parçalarla birləşdirərək çəkmək, boyamaq, kəsib-biçmək və yenidən qurmaq üçündür.

Bu parçalardan ilki zənginlik və yoxsulluğun dünyanın iki qütbündə də sıxlaşmasıdır. İkincisi, dünyanın tamamı ilə sömürülməsidir. Üçüncüsü, bəşəriyyətin işsizləşmiş hissəsinin kabusudur. Dördüncüsü, iqtidar və cinayətkarlıq arasındakı iyrənc əlaqədir. Beşinci, dövlətin şiddətidir. Altıncısı, böyük siyasətin sirridir. Sonuncusu isə bəsəriyyətin neoiberalizmə qarşı tətbiq etdiyi  müxtəlif müqavimət formalarıdır.

1-ci parça: Zənginliyin sıxlaşması və yoxsulluğun genişlənməsi

Birinci forma pulla əlaqədar işarə olaraq meydana gelir.

İnsanlıq tarixində hər hansı mənasızlığı sistemin bir markası olaraq göstərmək üçün düşünülmüş fərqli yollar vardır. Neoliberalizm bu proses zamanı müstəsna bir yer işğal edəcəkdir. Çünkü onun sərvətlərin “paylaşılması” konsepsiyası iki qat mənasızlıqdır. Bəzilərinin sərvətlərinə sərvət qatması, milyonlarca digərlərinin isə tələbatlarını belə ödəyə bilməməsi. Ədalətsizlik və haqsızlıq  bu günkü dünyanın instinktiv xüsusiyyətidir. Dünyada 5 milyard insan var.  500 milyonu rahatlıq içində yaşayır. 4,5 milyard isə yoxsulluğun acısını çəkir. Varlılar sayca olan azlıqlarını milyardlarla dollarları ilə bərpa edir. Dünyanın ən zəngin 358 insanının mal varlıqları, dünyanın ən yoxsul insanlarının yarısının, yeni 2,6 milyard insanın, illik gəlirindən daha çoxdur

Böyük transmilli şirkətlərin inkişaf etməsi, inkişaf etmiş xalqların irəliləməsi mənasını daşımır. Əksinə, bu nəhənglər daha da zənginləşdikcə, varlı adlanan ölkələrdəki yoxsulluq daha da ağırlaşmaqdadır. Zənginlər və yoxsullar arasındakı məsafə çox boyükdür; sosial bərabərsizliklər yumşalmır, hətta daha da dərinləşir.

Çəkdiyiniz pul şəkli, dünyanın iqtisadi iqtidarini təmsil edir. İndi ona dollar yaşılının rəngini verin. İyrənc qoxunu, qaynağında duman, çirkinlik və qan olan bu qoxunu bir yana qoyun.

2-ci parça: Qloballaşma və istismar

İkinci forma bir üçbucaq çəkərək formalaşır.

Neoliberalların yalanlarından birinin təməlində şirkətlərin iqtisadi böyüməsinin zənginlik və əməyin bərabər olaraq paylaşılması ilə nəticələndiyini deməsi dayanır. Bu fikir səhvdir. Necə ki, bir padşahın zənginləşməsindən onun təbəələrinin də varlı olmadığı kimi nəticəsi olmayan bir yalandır(Adətən bunun əksi olur).Maliyyə kapitalının mütləqiyyəti sərvətlərin paylaşılmasını yaxşılaşdırmır və əmək yaratmır. Yoxsulluq, işsizlik və ətalət onun sabit göstəriciləridir.

Daha çox insan yoxsuldur və yoxsullaşmağa davam edir. Daha az insan zəngindir və zənginləşməyə davam edir. Puzzle in 1-ci parçasının dərsləri belədir. Bu məntiqə uyğun olmayan, mənasız nəticəyə nail olmaq üçün dünya kapitalist sistemi metalarin istehsalını, yayılmasını və istehlakını “müasirləşdirir”. Yeni texnoloji inqilab (məlumat vasitələri) və yeni siyasi inqilab (milli dövlətlərin xarabaları üzərində qurulmuş olan meqapolislər) əslində ictimai güclərin, tam olaraq da iş gücünün yenidən təşkil olunması demək olan “yeni bir ictimai inqilab” meydana gətirir.

Dünyanın iqtisadi olaraq aktiv əhalisi 1960-cı ildə 1,38 milyarddan 1990-da 2,37 milyarda çatdı. Daha çox işləyə bilən insan var, lakin, yeni dünya sistemi onların müəyyən sahələrdə və ya funksiyaları yenidən tənzim edilmiş (və ya işsizlər və müvəqqəti işçilər kimi funksiyaları əlindən alınmış) olaraq qeyd edir. Müxtəlif fəaliyyətlərə  yerləşdirilən dünya əhalisi son 20 ildə kökdən dəyişdirildi. Kənd təsərrüfatı və balıqçılıq sektoru 1970-də 22% idisə, 1990-da 12% oldu. İstehsalat 25%-dən 22%-ə düşdü, amma üçüncü sektorlar (ticarət, bankçılıq, nəqliyyat və xidmət sektorları) 42%-dən 56%-ə qədər artdı. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı və balıqçılıq 30%-dən 15%-ə endi, üçüncü sektor 1970-dəki 40%-dən 1990-daki 57%-ə artdı.

Getdikcə daha çox işçi yüksək məhsuldarlığı olan fəaliyyətlərə yönləndirilir. Sistem əsl böyük müdir kimi hərəkət edir. Onun üçün dünya bazarı “müasir” tərzdə idarə olunan tək bir şirkətdən başqa bir şey deyildir.

Lakin neoliberal “müasirlik” utopik “rasionallıqdan” daha çox kapitalizmdən meydana gələn bir məxluqa daha yaxın görünür. Çünkü kapitalist istehsalat uşaq əməyinə müraciət etməyə davam edir. Dünyadakı 1.15 milyard uşağın ən az 100 milyonu küçədə yaşamaqdadır, 200 milyonu isə işləməkdədir. 2000 – ci ildə bu rəqəmin 400 milyon olacağı gözlənilir. Təkcə Asiyada 146 milyonunun istehsalat sahələrində işlədiyi hesab olunur. Şimalda yüz minlərlə uşaq ailə gəlirlərinə əlavə pul qazanmaq üçün yaxud yaşaya bilmək üçün işləməkdədir. Həmçinin, bir çox uşaq zövq və əyləncə sektorunda işlədilir. BMT-nin məlumatına görə, hər il 1 milyon uşaq seks turizminə əlavə olunur.

Dünyadakı işsizlik və milyonlarca işçinin müvəqqəti işlərdə işləməsi, ortadan qalxma ərəfəsində görünməyən həqiqət budur. OECD ölkələrində işsizlik 1966-cı ildə 3,8% idisə, 1990-cı ildə 6,3%-ə yüksəldi; Avropada 2,2%-dən 6,4%-ə çıxdı.Qlobal miqyaslı vəziyyətə gələn bazar kiçik və orta böyüklükdəki şirkətləri yox etməkdədir. Yerli və bölgə bazarlarının aradan qaldırılması ilə müdafiəsiz qalan bu şirkətlər nəhəng transmilli şirkətlərin rəqabətinə dayana bilməz. Beləliklə, milyonlarla işçinin işsiz qaldığı vəziyyət yaranır. Neoliberal mənasızlıq budur: İş yeri yaratmaq bir kənara, iş yerlərini yox edərək iqtisadiyyatın böyüməsi – BMT iş yeri olmadan iqtisadi böyümədən danışır.

Lakin kabus burada qurtarmır. İşçilər müvəqqəti iş vəziyyətlərini qəbul etməyə məcburdurlar. Daha böyük qeyri – tarazlıq, daha uzun iş saatları, daha az əmək haqları. Qloballaşma və xidmət sektorunun partlayışının nəticələri bunlardır.

Bütün bunlar özünə xas bir artıqlıq yaratmaqdadır: yeni dünya sisteminin şikəst qoyduğu, getdikcə sayları artan insanlar; şikəst qalanlar, çünkü artıq istehsal etmirlər, istehlak etmirlər və banklara borclanmırlar. Nəticə olaraq bir kənara atıla bilərlər. Maliyyə bazarları bu gün dövlət və dövlət gruplarına öz qanunlarını diktə edirlər. Vətəndaşlarını yenidən yaymağını tələb edirlər. Sonra görürlər ki, hələ də lazım olduğundan daha çox insan var.

Beləliklə, uçbucağa yəni dünya miqyasında istismar pramidasına bənzəyən bir şəkil budur.

3-cü parça: Miqrasiya, başıboş kabus

Üçüncü şəkil bir dairə çəkərək meydana gəlir.

Daha əvvəl üçüncü dünya müharibəsinin sonunda fəth ediləcək (köhnə sosialist ölkələrdən) və yenidən fəth ediləcək ölkələrin varlığından bəhs etmişdik. Buradan qaynaqlanan bazarların üçlü strategiyası: “Regional müharibələrin” və “vətəndaş müharibə”lərinin çoxalması; kapitalın vərdiş etmədiyimiz bir şəkildə yığılması və böyük işçi kütlələrinin yer dəyişdirməsi. Nəticə: Dünya miqyasında milyonlarla qaçqınlıq. Soyuq mühibənin qaliblərinin vəd etdiyi “sərhədsiz” dünyadakı “yadlar”. Əgər onlar həbsxanalara atılmamış ya da öldürülməyiblərsə, xarici düşmənliyinin zülmündən, iş təhlükəsizliyi olmamasından, öz mədəni mənsubiyyətlərini itirməkdən, polis təzyiqindən və aclıqdan əzab çəkməkdədirlər.

Səbəbi nə olursa olsun, miqrasiya kabusu böyüməyə davam edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınin elan etdiyi rəqəmlərin sabit bir artım tempi var 1975-ci ildə 2.5 milyon, 1975-ci ildə 27 milyondan artıq.

Neoliberalizmin miqrasiya siyasəti miqrasiyanı dayandırmaqdan daha çox, dünya əmək bazarını qeyri – stabilləşdirmək məqsədi güdür. Yox etmə, tənhalaşdırma, yenidən inşa və təşkilatlanma mexanizmləri ilə – dördüncü dünya müharibəsi milyonlarla insanı yer dəyişməyə məcbur edir. Onların taleyi isə bir işi olan işçi üçün təhdid, sahibkarı unutduracaq təbii bir bostan uyuğu və irqçiliyə bir bəhanə olmaqdır.

4-cü parça: Maliyyə qloballaşması və cinayətkarlığın ümumiləşməsi

Dördüncü şəkil bir dördbucaqlı çəkərək formalaşır.

Əgər cinayətkarlıq aləmini qaranlığın anonimi olaraq fikirləşirsinizsə, səhv edirsiniz. Soyuq müharibə zamanı mütəşəkkil cinayətkarlıq şərəfli bir obraz qazanmışdı. Sadəcə müasir bir şirkət kimi çalışmağa başlamasından ötrü deyil, eyni zamanda milli dövlətlərin iqtisadi və siyasi sistemlərinin dərinliyinə sızmış olduğuna görə də.

Dördüncü dünya müharibəsinin başlaması ilə mütəşəkkil cinayətkarlıq fəaliyyətlərini dünya miqyaslı bir hala gətirdi. Qitənin cinayətkarlıq təşkilatları, dünya səviyyəsində kooperativ ruhuna bürünüb yeni bazarların fəthi üçün birlik qururlar. Sadəcə qara pulları təmizləmək üçün deyil, qeyri-qanuni işləri üçün, kapital təmin etmək üçün də qanuni işlərə sərmayə qoyurlar. Üstünlük verdikləri sahələr lüks daşınmaz əmlak, əyləncə sektoru, media və banklardır.

Əlibaba və 40 bankçı? Daha da pis. Ticari banklar qara pulları öz qanuni işləri üçün istifadə edir. Bir BMT sənədinə görə: “Cinayətkarlıq qruplarının inkişafı, borclu ölkələrin BVF kreditlərini ala bilmək üçün qəbul etməyə məcbur olduqları struktur düzəltmə proqramları nəticəsində asanlaşdırıldı”.

Mütəşəkkil cinayətkarlıq maliyyə cənnətinə də güvənir. Sayı təxminən 55 olan bu yerlər – ki biri də Kayman adalarıdır – bankçılıq mərkəzi olaraq beşinci yerdədir və orada yaşayan insanların sayından daha çox qeydiyyatdan keçmiş bank və şirkətə sahibdirlər. Qara pulları təmizləməkdən başqa bu maliyyə cənnətləri vergidən yayınmağı da təşkil edirlər. Buralar dövlət adamları, biznesmenler və mafiya arasındakı əlaqələrin də məkanıdır.

Budur, içində qanuniliyin və qanunsuzluğun əkslərinin dəyişdirildiyi dördbucaqlı ayna, cinayətkar aynanın hansı tərəfindədir? Onu mühakimə edəcək kəsin tərəfi hansıdır.

5-ci parça: Qeyri-qanuni iqtidarın qanuni şiddəti?

Beşinci parça beşbucaqlı meydana gətirir.

Yıxılmış maddi təməli, işləyişini itirmiş suverenliyi və müstəqilliyi, təsirini itirmiş siyasi sinfi ilə milli dövlət nəhəng şirkətlərin xidmətində sadə bir təhlükəsizlik aləti vəziyyətinə gəlir. Xalq üçün ictimai xərclərə sərmayə etmək yerinə, ictimaiyyəti daha təsirli bir şəkildə idarə edilməsini mümkün edəcək təchizatları yaxşılaşdırmağı üstün tutur.

Şiddət bazarın olduğu yerlərdən axarkən nə etmək lazımdır? Qanuni şiddət hardadır? Qeyri-qanunilik hardadır? Azad tələb və təklif oyunu belə bir inhisar ilə meydan oxuyarkən, yazıq milli dövlətlərin tələb edə biləcəyi şiddət inhisarı nədir? Dördüncü parçada təşkilati cinayətkarlıq, hökümət və maliyyə mərkəzlərinin hamısının birdən səmimi münasibət içində olduğunu göstərmədikmi? Təşkilati cinayətkarlığın həqiqi ordulara güvəndiyi açıq deyil mi? Şiddət inhisarı artıq milli dövlətlərə aid deyildir; bazar onu hərraca çıxarmışdır.

Əgər şiddət inhisarı ixtilafında bazar qanunları deyil, “altdakıların mənfəətləri”nə müraciət edilərsə, əlbəttə ki, dünya iqtidarı bundan zərər görəcəkdir. Silahlanan yerli əhalinin və üsyan halındakı Zapatist Milli Qurtuluş Ordusunun (EZLN) neoliberalizmə qarşı bəşəriyyət adına meydan oxumasının ən az tədqiq olunan ( və ən çox məhkum edilən) yönlərindən biri bax budur.

Amerikan hərbi iqtidarının atributu Pentaqondur. Yeni dünya polisi orduların və milli polislərin neoliberal meqapolislərdə qayda – qanunun və işləyişin irəliləməsinin təminatçısı olan adi təhlükəsizlik aləti olmasını istəyir.

6-ci parça: Mega siyasət və cırtdanlar

Altıncı parça qarma-qarışıq bir yazı olaraq meydana gəlir.

Milli dövlətlərin maliyyə bazarları tərəfindən hücüma məruz qaldıqlarını və meqapolislərin içində həzm olmağa məcbur edildiklərini bildirmişdik. Ancaq neoliberalizm öz müharibəsini təkcə xalqları və regionları “birləşdirərək” davam etdirmir. Onun məhv etmə, təkləmə və yenidən təşkil etmə strategiyasi həmçinin bölünmələrə də səbəb olur. Dördüncü dünya müharibəsinin paradokslarından biri də budur: sərhədləri yox etməyə və xalqları birləşdirməyə yönəldilmiş bu mühirəbə sərhədlərin çoxalmasını və xalqların bölünməsini qızışdırır.

Əgər bir nəfər də olsa qloballaşmanın bir dünya müharibəsi olmasından şübhə edirsə, SSRİ-nin, Çexoslovakiyanın və Yuqoslaviyanın bölünməsini, milli dövlətlərin təməllərini, onların inteqrasiyasını qıran böhranların qurbanlarını qızışdıran toqquşmaları göz önünə gətirsin.

Meqapolislərin meydana gəlməsi və dövlətlərin parçalanması milli dövlətlərin aşındırılmasının bir nəticəsidir.  Bunların bir-birindən ayrı olmasından danışmaq mümkündürmü? Yoxsa bunlar gəlməkdə olan bir böyük böhranın işarələrimidir? Bir-biri ilə əlaqəsiz hadisələrdirmi bunlar?

Ticari sərhədlərin aradan götürülməsi, telekommunikasiyadakı partlayış, xəbər, bilik yolları, maliyyə bazarlarının gücü, beynəlxalq sərbəst mübadilə razılaşmaları, bütün bunlar milli dövlətlərin aradan qaldırılmasına kömək etməkdədir. Paradoksal olaraq, qloballaşma iqtisadi keçidlərlə bir az bir – birinə bağlanmış su keçirməyən otaqcıqlardan ibarət olan, parçalara ayrılmış bir dünya meydana gətirir. Neoliberal puzzle in lazımsız dünya birliyini əks etdirən qırıq aynaların dünyasıdır bu.

Ancaq neoliberalizm birləşdirmək istədiyi dünyanı təkcə parçalara ayırmır, eyni zamanda bu müharibəni yönəldəcək siyasi- iqtisadi mərkəzləri də meydana gətirir. Burada mega siyasətdən danışmağın həyati əhəmiyyəti var. Mega siyasət milli siyasətləri udur və onları bazar məntiqi ilə dünya miqyasındakı mənfəətlərə sahib bir mərkəzə bağlayır. Bu mərkəz adına müharibələrə, kreditlərə, malların alqı-satqısına, diplomatik tanıtımlara, ticari embarqolara, siyasi dəstəkləmələrə, miqrantlara aid qanunlara, beynəlxalq anlaşmazlıqlara, kapital qoyuluşlarına-nəticə olaraq bütün xalqların yaşamlarını davam etdirmələrinə qərar verilir.

Ölkə idarəçilərinin siyasi kimliyini müəyyən etmə gücünə sahib olan da maliyyə bazarlarıdır. Onların nəzərində vacib olan, iqtisadi proqrama hörmətdir. Maliyyə meyarları özünü bütün hökümətlərə diktə edir. Dünyanın ağaları bazarların mənfəətinə zərər verəcək heç bir tədbir almamaq şərti ilə bir sol hökümətin də varlığını qəbul edə bilər. Onlar bərqərar olmuş model ilə toqquşacaq bir siyasəti heç vaxt qəbul etməyəcəklərdir.

Meqa siyasətin nəzərində milli siyasətlər, maliyyə nəhənglərinin boyunduruğunda olan cırtdanlar tərəfindən yönləndirilməlidir. Bu həmişə belə olacaqdır, ona qədər ki, cırtdanlar üsyana başlayacaqlar.

O zaman meqa siyasəti təmsil edən şəkil budur. Onda ən kiçik bir məntiqi yön tapmaq mümkün deyil.

7-ci parça: Müqavimət cəbhələri

Yeddinci parça cib çəkərək formalaşr.

Başlamazdan əvvəl səndən siyasi müxalifət ilə müqavimət hərəkatını bir-biri ilə səhv salmamağını xahiş edirəm. Müxalifət iqtidara qarşı gəlmir və bir müxalifət partiyası iqtidar partiyasının eynisidir. Halbuki, müqavimət hərəkatı tərif olaraq bir partiya ola bilməz; idarə etmək üçün qurulmur, müqavimət göstərmək üçün qurulur. (Tomas Segovia, Alegatorio, Mexico,1996)

Görünüş cəhətdən məğrur dayanan qloballaşma öz qarşısında həqiqətin itaət etməyən inadkarlığını görür.Neoliberalizm öz müharibəsini seyr edərkən, etirazçı qruplar, qrup mərkəzləri, üsyan nüvələri bütün dünya miqyasında meydana gəlməkdədirlər.Cibləri ağzına qədər dolu olan kapital maqnatları müqavimət cibləri ilə qarşılaşır.Bəli, ciblərlə.Hər boyda, hər rəngdə və hər növdə ciblərlə.Və bütün bu ciblərin bir oxşar cəhəti var: “Yeni dünya sisteminə” və dördüncü dünya müharibəsinin iştirakçılarına, ümumbəşəri cinayətə müqavimət göstərmək iradəsi.

Neoliberalizm milyonlarla insanı baş əyməyə məcbur edir. Baş əymək istəməyənləri isə bir kənara atır. Amma bu “bir kənara atılanlar” ayağa qalxırlar. Qadınlar, uşaqlar, yaşlılar, gənclər, yerlilər, yaşıllar, homoseksuallar, sero pozitivlər və yeni sistemin başını ağrıdan , təşkilatlanan hər kəs. “Müasirlik”dən kınar olunanlar, müqavimətin torunu hörürlər.

Məsələn, Meksikada Tehuantepek boğazının bütöv inkişaf proqramı adına hökümət böyük bir sənaye zonası yaratmaq istəyirdi. Bu zona neft buruqları fabriklərini, Meksika neftinin üçdə birini emal edəcək olan və neft-kimya məhsulları istehsal edəcək  bir fabriki əhatə edəcəkdi. İki okean arasında yollar inşa edilmiş olacaqdı: Avtomobil yolları, bir kanal və bir elektrikli qatar xətti. Həmçinin, cənub- şərqi Meksikada, Lakandona  məsələlərində həm tarixi əhəmiyyəti olan, həm ölkə şərəfi olan, həm də neft və uranla zəngin yerli əhalinin torpaqlarını ələ keçirmək məqsədi ilə qatı bir regional inkişaf proqramı meydana gətirdilər.

Bu proqramlar, cənub-şərqi hissəni ölkənin qalanından ayıraraq Meksikanın bölünməsi ilə nəticələnəcəkdi. Əslində bütün bunlar, mərkəzində Zapatist Milli Qurtuluş Ordusunun yer aldığı, 1994-də meydana gələn anti-neoliberal üsyanı əhatə etmə məqsədi güdən məngənə kimi bir üsyan əleyhinə olan bir strategiya içində baş verirdi.

Üsyana qalxan yerli əhali haqqında əlavə danışmağa ehtiyac var: Zapatistlər Meksikada milli suverenliyi müdafiə etməyin və ona yenidən sahib olmanın anti-neoliberal bir parçası olduğunu ifadə edirlər. Amma, paradoksal olaraq EZLN ölkəni bölmək istəməkdə günahlandırılır.

Həqiqət budur ki, bölünməni tələb edən əslində neftlə zəngin Tabasco vilayətinin işgüzarları və Konstitutsiya İnqilab Partiyasına (PRI) üzv Ciapas mənşəli parlamentarilərdir. Zapatistlər isə qloballaşmaya qarsı milli dövləti müdafiə etmənin məcburiyyətini və Meksikanı kiçik parçalara bölmə teşəbbüslərinin, hindu xalqın muxtariyyətinə dair haqlı tələblərindən deyil, idarəçi hissədən qaynaqlandıgını düşünürlər.

EZLN və yerli əhalinin milli hərəkatı hindu xalqının Meksikadan ayrılmağını istəmir. Onlar öz müstəqillikləri ilə ölkə bütövlüyünün bir parçası olaraq tanınmağı gözləyirlər. Demokratiya, ədalət və azadlıqla idarə olunan bir Meksikanı urəkdən istəyirlər. EZLN-nin milli suverenliyi müdafiə eməsinə qarşi, Meksika Federal Ordusu onun maddi təməllərini məhv edən və ölkəni narkotik maddə qaçaqçılarına olduğu kimi xarici kapitala da peşkəş verən bir höküməti qoruyur.

Cənub-şərqi Meksikanin dağlarında neoliberalizmə müqavimət edənlərdən başqa heç kim yoxdur. Latın Amerikasında, ABŞ-da, Kanadada, Maastrixt müqaviləsi Avropasında, Afrikada, Asiya və Okeaniyada müqavimət cibləri çoxalır. Hamısının öz ayrı hekayəsi, özünə xas cəhətləri, oxşarlıqları, öz tələbləri, öz mübarizələri və öz uğurları var. Əgər bəşəriyyət həyatda qalıb və özünü yaxşılaşdırmaq istəyirsə, onun yeganə ümidi kənarlaşdırılanların, hesabdan silinənlərin, “bir kənara atılanların” meydana gətirdiyi bu cəbhələrdir.

Burda olanlar həmin müqavimət ciblərinə nümunə sayıla bilərlər.Nümunələr mübarizələrin sayı qədər çoxdur və bu dünyanın dünyaları qədər növbənövdür. Ona görə də, sizə xoş gələcək bir nümunə ortaya qoyun. Bu ciblər hadisəsində mübarizə hadisəsində olduğu qədər növbənövlük, fərqlilik və zənginlikdir.

*****

Bu yeddi parçanı çəkdikdən, boyadıqdan və kəsdikdən sonra görə bilərsiniz ki bunları bir araya gətirmək mümkün deyildir. Problem də buradadır: Qloballaşma bir – biri içinə keçməyən parçaları birləşdirmək istədi. Buna görə və bu yazıda haqqında danışmadığım digər səbəblərə görə yeni bir dünya qurmaq məcburidir: Bir çox dünyanı, bütün dünyaları içində saxlaya biləcək bir dünya.

Sevgi ilə yoğrulmuş yuxulardan bəhs edən bir qeyd:

Düz yanımızda dəniz istirahət edir sanki. Uzun bir zamandır ki, bilinməzləri və saysız yuxularımızı bizimlə paylaşır.Amma indi isə meşə istisində mənimlə birlikdə yatmaqdadır. Yuxularımdakı əkinlər kimi dalğalanmasına baxıram və dəyişməz olanı düz yanımda nəmli və sərin bir şəkildə, yenidən kəşf etmənin heyranlığını duyuram. Təngnəfəs qalmaq məni yataqdan qaldırır və illər əvvəl olduğu kimi bu gün də yaşlı Antoine aparması üçün qələmimi əlimə alıram.

Yaşlı Antoindən, çayın yuxarılarına olan bir gəzinti üçün mənə yoldaşlıq etməsini istəmişdim. Çox az yolluqdan başqa heç bir şey almamışdıq yanımıza. Saatlarla əyri-üyrü cığırları izlədik, aclıq və istidən acınacaqlı vəziyyətə düşmüşdük. Günortadan sonra da bir qabanın izini axtarmaqla keçdi. Onlarla qarşılaşdığımızda isə demək olar ki, gecə idi. Çox iri bir qaban sürüdən ayrılıb bizə tərəf hücum etdi. Bütün hərbi biliyimi səfərbər etdim; silahımı atıb ən yaxın ağaca dırmaşdım. Yaşlı Antoin hücum qarşısında heç bir təlaşa duşmədi və qaçmaq əvəzinə bir ağac topasının arxasına keçdi. Nəhəng donuz bütün gücü ilə ona tərəf yönəldi və budaqların, tikanların arasında ilişib qaldı. Özünü xilas etməyə nail olmamış yaşlı Antoin köhnə karabini çiyninə aldı, atəş açdı; axşam yeməyi hazır idi.

Günəş batarkən müasir silahımı təmizləməyi qurtardım. Səyahət gündəliyini yazıram. Olanları bir kənara qoyub, “Donuzla qarşılaşdıq və A tək güllə ilə onu öldürdü. Yüksəklik 350 metr, yagış yağmadı” yazıram.

Ətin qızarmasını gözlədiyimiz zaman mənim payıma düşən parçanı düşərgə yerində hazırladığımız əyləncəyə ayırdığımı dedim. “ Əyləncə?” deyə soruşdu tonqalı daha gur yandırmağa çalışarkən. “Bəli” dedim, “Hansı ay olursa olsun, həmişə qeyd ediləcək bir şey var.” Tarixi hadisələrin təqvimi ilə Zapatist mərasimlər haqqında parlaq bir elmi araşdırma ilə davam etdirdim söhbətimi. Yaşlı Antoin məni səssizcə dinlədi; bunların onun uçun çox da maraqlı olmadığını düşünərək yatmağa getdim.

Xəyallara dalmışkən yaşlı Antoinin dəftərimi açdığını və nəsə yazdığını gördüm. Ertəsi gün səhər yeməyindən sonra əti böldük və hərə öz yoluna getdi. Düşərgə yerinə çatdığım zaman hesabat verdim və olanların bilinməsi üçün səyahət dəftərçəmi göstərdim. Dəftərin o səhifəsini göstərərək “Bu sənin yazın deyil” dedilər. Orada öz yazdıqlarımın altında yaşli Antoin böyük hərflərlə bunu yazmışdı:”Heç bir şeyə, ağıla və gücə sahib olmasan da, daima ağlı seç və gücü düşmənin üçün qoy. Saysız – hesabsız müharibədə güc zəfər qazanmağa kömək edə bilər, amma, bir müharibə ağıldan başqa heç bir şeylə qazanıla bilməz. Güclü heç vaxt öz qüvvətindən ağıl çıxara bilməyəcəkdir, lakin, biz ağıldan qüvvət çıxara biləcəyik.”

Həmçinin altda kiçik hərflərlə: “Bayramınız mübarək”.

Açığı, artıq ac deyildim. Zapatistlər bayramı həmişəki kimi həqiqətən şən keçmişdi.

 

Le Monde Diplomatique

Avqust, 1997

 

Tərcümə: Elşad Müzəffərov                                       (c) Solfront.org


[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:13770