abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan Pol Sartr – Ürək bulantısı romanı (VI hissə)

Şərh

XX əsrin ən böyük filosoflarından olan Jan Pol Sartrın ilk romanıdır.Fərdin köklü azadlığını və eksistensializmi müdafə edən Jan Pol Sartrı bütün dünya 1938-ci ildə bu romanla tanıdı.Gündəlik şəklində yazılmış bu əsərin qəhrəmanı Rokentin bütün dünya ilə yanaşı öz bədənindən də iyrənir. Ürək bulantısı romanı öz güclü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərmişdir. SOLFRONT bundan sonra müntəzəm olaraq «Ürək bulantısı» romanını dərc edəcək. Sonda isə e-kitab formasında oxuyucuların istifadəsinə veriləcək.

I hissə II hissə III hissə IV hissə V hissə


 

 

Şənbə günü, səhər

Xoş günəş və zərif duman yaxşı hava vəd edir. “Mabli” kafesində səhər yeməyimi yedim.

Kassir madam Floran dostcasına gülümsədi. Stolumun arxasından ona tərəf qışqırdım:

–          Noldu, müsyö Faskel xəstədir?

–          Bəli, müsyö, ağır qrip olub- bir neçə günü yataqda keçirəsi olacaq. Bu gün Dyunkerdən qızı gəlib. Burda qalacaq ki, atasının qayğısına qalsın.

Annidən məktub alandan bəri ilk dəfə həqiqətən onu görəcəyimə şadam. Bu altı ili nə ilə məşğul olub? Görəsən görüşəndə utanacağıq? Anni ümumiyyətlə utanmaq nədir bilmir. Məni elə qarşılayacaq ki, elə bil dünən ayrılmışıq. Gərək özümü axmaq yerinə qoyub, əvvəldən onda özümə qarşı düşmənçilik yaratmayım. Yaddan çıxarmaq lazım deyil, içəri girəndə ona əl uzatmaq olmaz, o buna dözə bilmir.

Görəsən neçə gün birlikdə olacağıq? Bəlkə onu Buvilə gətirdim. Qoy o burda heç olmasa bir neçə saat olsun, heç olmasa bir gecə “Prentaniya” otelində qalsın. Bundan sonra hər şey başqa cür olacaq, daha qorxmayacam.

 

Günorta

Keçən il ilk dəfə Buvil muzeyində olanda Olivye Blevinin portretinə heyrətlənmişdim. Onda nə pozulub- tarazlıq? Perspektiv? Bunu izah edə bilmədim, amma nədənsə çaşmışdım; deputat rəsmə tam uyğunlaşmamışdı.

Sonra dəfələrlə portretə baxmağa getdim. Çaşqinliq keçmədi. Əlbəttə Roma imperiyası laureatı, altı dəfə medala layiq görülmüş Bordyurenin səhv edəcəyini qəbul edə bilməzdim.

Amma bir neçə gün qabaq, günortadan sonra şantaj qışqırmayan, sahibi müharibə vaxtı dövlətə xəyanətdə günahlandırılan “Buvil satiriki” qəzetini vərəqləyəndə başa düşdüm ki, məsələ nədir. Elə o dəqiqə kitabxanadan muzeyə getdim.

Səssizcə ağ-qara plitəli döşəmədə addımlayıb, sürətlə alatoran vestibülü keçdim. Ətrafımda əllərini büküb dayanmış gips ordu var idi. İki geniş keçiddən sonra rəflərdə çatlaq vazlar, boşqablar və sarı-mavili yarımallah heykəli gördüm. Bu Bernarın zalı idi, Bernar Palissi zalı keramika və tətbiqi incəsənətə həsr edilib. Yas paltarında bir cənab və xanım ehtiramla ocaqda bişirilmiş əşyalara baxırdılar.

Böyük zalın ( və ya Bordyuren- Renoda zalı) girişində təzəlikcə hələ görmədiyim böyük kətan asıblar. Kətan Rişar Severan tərəfindən çəkilib və “Subayın ölümü” adlanır. Şəkil dövlətdən hədiyyə alınıb.

Qurşağa qədər çılpaq, ölülərdə olduğu kimi yaşıl bədənli subay dağınıq çarpayıda uzanıb. Əzik döşəkağı və örtük xeyli davam edən əzabdan xəbər verir. Mən müsyö Faskeli yadıma salıb gülümsədim. O tək deyil- ona qızı baxır. Şəkildə üzündən pislik yağan qulluqçu və ya qulluqçu- məşuqə artıq kamodun siyirtməsini açıb, pulları sayır. Açıq qapıdan, alaqaranlıqda furajkalı, alt dodağında sıxdığı siqaretlə qadını gözləyən kişi, divarın yanında soyuqqanlılıqla süd yalayan pişik görünür.

Bu adam ancaq özü üçün yaşamışdı. Ona qəddar amma layiq olduğu ölüm qismət olmuşdu- heç kim ölüm ayağında gözlərini bağlamağa gəlməmişdi. Bu şəkil mənə sonuncu xəbərdarlıq idi- hələ ki gec deyil, qayıda bilərəm. Xəbərdarlığa fikir verməyib keçsəm, yolumun üstündə nələrin olduğunu bilirəm: girəcəyim salonda divarlarda yüz əllidən çox portret asılıb; vaxtsız ölümün ailələrindən aldığı bir neçə gənci, rahibləri, yetimxana direktorlarını nəzərə almasaq portretlərdə təsvir edilənlərin heç biri subay, uşaqsız, vəsiyyət yazmadan, ölüm ayini olmadan ölməyib. Bu insanlar həmin gün, adi günlərdəki kimi allaha və yaxınlarına qarşı lazım olan bütün qaydalara əməl edib,  sakitcə ölüm dünyasına köçüblər ki, haqlarının çatdığı daimi xoşbəxtlik paylarından istifadə etsinlər. Çünki onların hər şeyə haqları çatırdı: həyata, işə, zənginliyə, hakimiyyətə, hörmətə, son nəticədə ölümsüzlüyə. Diqqətimi toplayıb içəri girdim. Pəncərənin qabağında nəzarətçi yuxulayırdı. Pəncərədən sızan solğun işıq, şəkillərdə ləkə kimi əks olunurdu. Bu düzbucaqlı zalda məni görəndə qorxub qaçan pişikdən başqa canlı heç nə yoxdur. Amma hiss etdim ki, yüz əlli göz mənə baxır.

1875-1910- cu illər arasında buvil elitasından olan, Renoda ya da Bordyuren tərəfindən təsvir edilən kişi və qadınlar hamısı burada nümayiş edilirlər.

Kişilər Müqəddər Dənizçi Çeçiliya məbədini tikiblər.1882-ci ildə  gəmi sahibləri və tacirlər birliyi yaradıblar ki, “ bütün xeyirxah qüvvələri bir yumruqda birləşdirsinlər, milli yenidənqurmada iştirak etsinlər və qarışıqlıq salan partiyalara qarşı hərəkət etsinlər…”. Onların sayəsində Buvil kömür və odun ticarətinə görə bütün fransız limanları arasında ən yaxşı limana çevrildi. Onların sayəsində sahil xətti uzadıldı və genişləndirildi. Onlar dəniz limanının inşasında arzuolunan irəliləyişlər etdilər, dənizin dibini qazaraq lövbər dayanacağının dərinliyini çəkilmədə 10,7 metrə çatdırdılar. Onlara görə balıqçı gəmilərinin 1869-cu ildə beş min ton olan ümumi tonnajı iyirmi ildə on səkkiz min tona çatdırıldı.

Heç bir qurbandan çəkinmədən, işçi sinfinin ən yaxşı nümayəndələrinin inkişafı üçün öz təşəbbüsləri ilə, yüksək himayələri sayəsində inkişaf edən müxtəlif texniki və professional təlim mərkəzləri yaratdılar. Onlar 1898-ci ildə liman işçilərinin məşhur tətilini yatızdırıb, 1914-cü ildə oğlanlarını vətənə qurban veriblər.

Bu döyüşçülərə layiq yoldaşlar olan qadınlar himayə təşkilatlarının böyük hissəsinin, uşaq bağçalarının, xeyirxahlıq dərnəklərinin əsasını qoyublar. Amma hər şeydən əvvəl onlar həyat yoldaşı və ana idilər. Onlar gözəl uşaqlar tərbiyə etdilər, onlara vəzifələrinin və haqqlarının nə olduğunu başa düşməyi öyrətdilər, Fransanı yaradan din və  ənənələrə hörmətin nə olduğunu başa saldılar.

Bütün portretlər tünd-qəhvəyi tonda çəkilmişdi. Canlı rənglər ciddi rəsmlərdən qovulmuşdu. Daha çox qocaları çəkməyə üstünlük verən Renodanın portretlərində qara fonda qar-bəyaz saçlar və bakenbardlar kəskin önə çıxır; rəssamda ən yaxşı əllər alınır. Texnikada daha zəif Bordyurendə əllər zəif alınır, amma onun kətanında düymələnən yaxalıqlar ağ-mərmər kimi parıldayır.

İsti idi, nəzarətçi astadan xoruldayırdı. Divarlarda baxışlarımı gəzdirdim, əllər və göz gördüm, bəzi yerlərdə üz işıq ləkəsindən axırdı. Olivye Blevinin portretinə tərəf gedirdim, amma nə isə məni saxlayırdı: divarın mərkəzindəki hörmətli yerdən tacir Pakom aydın baxışlarını mənə zilləmişdi. Bir əlində silindr və əlcəklərini mirvari-boz şalvarına sıxıb ayaq üstə dayanmışdı. Heyranlığımı tuta bilmədim, şəkildə artıq heç nə yox idi, tənqid edilə biləcək heç bir şey: balaca ayaqlar, incə barmaqlı əllər, döyüşçülərdəki kimi geniş çiyinlər, bir balaca fantaziya məhsulu olduğu bilinən zəriflik. Aydın, bir dənə də qırışın olmadığı üzünü ciddiyyətlə nümayiş etdirirdi, hətta dodaqlarında təbəssüm kölgəsi də var idi. Amma boz gözlər gülümsəmirdi. Əlli yaşı olardı amma otuz yaşındakı kimi gənc və təravətli idi. O sadəcə yaraşıqlı idi.

Onda hansısa səhv tapmaq fikrindən imtina etdim. Amma o məni buraxmırdı. Onun gözlərində sakit və amansız hökm oxudum. Elə bu vaxt bizi nəyin fərqləndirdiyini başa düşdüm: onun haqqındakı fikrim ona bir damcı da təsir etmirdi, onun üçün bu, romanlarda yazılan zavallı psixologiyadan başqa heç nə deyildi. Amma onun fikirləri məni qılınc kimi kəsirdi, mövcudluğumu şübhə altında qoyurdu. O haqlı idi, mən bunu həmişə başa düşmüşəm, mənim mövcud olmağa haqqım yoxdur. Mən dünyaya təsadüfən gəlmişəm, daş, ot, mikrob kimi mövcud olmuşam. Mənim həyatım ən müxtəlif istiqamətlərdə kortəbii olaraq inkişaf edib.  Bəzən o mənə anlaşılmaz siqnallar göndərirdi, arabir dumanlı, heç bir mənası olmayan səslər eşidirdim.

Milli Müdafiə Şurasından olan Pakomun oğlu, artıq ölmüş bu qüsursuz yaraşıqlı Jan Pakomda isə hər şey başqa cür idi: o qəlbinin döyüntüsünü və digər orqanlarının səslərini həmin anlıq, aydın haqqları kimi eşidirdi. Altmış il ərzində o dayanmadan yaşamaq haqqını həyata keçirib. Möhtəşəm boz gözlər! Heç vaxt ən kiçik şübhə belə onları dumanlandırmayıb. Pakom bir dəfə də səhv etməyib.O hər bir vəzifəsini ödəyib – oğulluq, ərlik, atalıq, rəhbərlik vəzifəsini. Və inadla öz haqqlarını tələb edib, övlad olaraq- dostcanlı ailədə yaxşı tərbiyə, ləkəsiz ad və yaxşı işə vərəsəlik haqqını; ər olaraq- qayğı və zərif diqqət haqqını; ata olaraq- hörmət edilmə haqqını; rəhbər olaraq- tərəddüdsüz itaət haqqını. Çünki haqq həmişə vəzifənin əks üzüdür. Yəqin Pakom heç vaxt təəccüblənmirmiş ki, belə qeyri- adi inkişaf edir (bu gün Pakomlar Buvilin ən zəngin ailəsidir). O heç vaxt öz-özünə deməyib ki, “Mən xoşbəxtəm”, əlbəttə həzzini də sadəliklə çəkərək izah edib “Mən dincəlirəm”. Beləcə həzz haqq dərəcəsinə çatıb qışqıran mənasızlığını itirib. Mavi çalarlı çal saçlarından sol tərəfdə yuxarıda, rəflərdə kitablar gördüm. Cildlər möhtəşəm idilər, şübhəsiz klassiklərin əsərləridir. Yatmamışdan əvvəl Pakom yəqin ki, “Qoca Montenya” və ya latin dilində Horasiyanın şerlərindən bir neçə səhifə oxuyurmuş. Bəzən çox güman xəbərdar olmaq üçün hansısa müasir əsərlərdən birini götürüb vərəqləyirmiş. Barres və Burje ilə də yəqin ki belə tanış olub. Bir neçə dəqiqədən sonra kitabı kənara qoyub, gülümsəyirmiş. Baxışları həsəd oyadan sərtliyini itirib, hətta bir balaca xəyalpərəstliyə dalırmış. Və o deyirmiş: “Vəzifəni yerinə yetirmək nə qədər sadə və eyni zamanda çətindir”.

Özü ilə məşğul olmaq üçün daha heç bir cəhd etmirmiş- o axı rəhbər idi.

Divarlarda digər rəhbərlərin də portretləri asılmışdı. Bax bu kresloda oturmuş boz-yaşıllı nəhəng qoca rəhbərdir. Portretdə ağ gödəkcəsi gümüşü saçları ilə uğurla uyğunlaşır. (Hər şeydən əvvəl ibrətamiz-əxlaqi məqsədlər üçün çəkilmiş və originalla oxşarlığı incə dəqiqliklə işlənmiş bu portretlərdə əsl incəsənət işi görülmüşdü). Qocanın uzun, incə əli oğlanın başına qoyulmuşdu. Böyük şalla örtülmüş dizlərin üstündə kitab var idi. Amma baxışlar uzaqlara dikilmişdi. Qoca gəncin görə bilmədiyini görürdü. Onun adı portretin altındakı rombvari lövhəcikdə yazılıb- yəqin ya Pak, ya Parroten ya da Şenodur. Yaxınlaşıb oxumaq ağlıma da gəlmirdi: yaxınları, bu oğlan, özü üçün o sadəcə Baba idi; əgər o bu dəqiqə hesab etsəydi ki, nəvəsinə gələcək vəzifələrini başa salmaq vaxtıdır, özü haqqında üçüncü şəxs kimi danışardı:

“ Babana söz ver ki, ağıllı olacaqsan, dostum, gələn il yaxşı oxuyacaqsan. Bilməz olmaz, bəlkə gələn il baban artıq olmayacaq”.

Ahıl vaxtında hamıya öz lütfkar xeyirxahlığını paylayıb. Hətta mənə də pay düşüb, əgər məni görə bilsəydi fikirləşərdi ki, mənim də nə vaxtsa babam, nənəm olub, amma o məndən uzağa baxır. O heç nə tələb etmirdi, o yaşda artıq heç bir arzu qalmır. Bircə istəyi o idi ki, o görünəndə danışanlar səslərini alçaltsınlar, o keçəndə təbəssümlər hörmət və nəvaziş ifadə etsin, gəlini arabir desin: “ Atamız kimisi yoxdur, o hamımızdan gəncdir”; bircə o nəvəsinin kaprizlərini ram edə bilsin, əlini onun başına qoyub desin: “ Baba bu əziyyəti sakitləşdirməyi bilir”; oğlu ildə bir neçə dəfə mühüm məsələlər barədə ondan məsləhət istəməyə gəlsin- qısası özünü sakit, dinc, sonsuz müdrik hesab etsin. Qocanın əlləri nəvəsinin buruq saçlarına yüngülcə toxunub- bu az qala xeyir-dua verməkdir. Görəsən nə fikirləşirmiş? Hər şey barədə mühakimə etmək və həmişə arxasında son sözünü buraxmaq haqqını verən qüsursuz keçmişi barədə? Bir müddət əvvəl haqlı idim: Təcrübə sadəcə sığınacaq, ölümdən qaçış deyilmiş, o həm də haqq imiş- qocaların haqqı.

Hörmətli yerdə asılan böyük qılınclı general Obri də rəhbər olub. Daha bir rəhbər- prezident Eber, incə erudit (hər hansı bir sahədə geniş məlumatı olan adam), Empetrazın dostu. İrəli çıxmış simmetrik üzü, sonsuz çənəsi, dodağının altında incə saqqalı var. Çənəsini bir az irəli uzadıb, elə bil ki, başqaları ilə razılaşmamaqdan həzz alır, prinsipial etirazını yüngül gəyirti kimi bildirir. Əlində qaz tükü tutub düşünür: lənət şeytdana o da rahatlaşır, şer cızmaqara edir. Amma baxışları bir rəhbərin qartal baxışlarıdır.

Yaxşı, bəs sıravilər kimlərdir? Mən zalın mərkəzində dayanmışdım, bütün bu əzəmətli baxışlar mənə dikilmişdi. Mən nə baba, nə ata hətta həyat yoldaşı da olmamışdım. Səs vermirdim, miskin vergi verirdim- nə veriödəyicisi, nə seçici, nə də hansısa məmuru iyirmi il itaətkarlıqla təmin edən adi hörmətlilik haqqı ilə fəxr edə bilirdim. Mövcudluğum ciddi-ciddi məni utandırmağa başladı. Görəsən sadəcə görünüş deyiləm ki?

“Hə!- qəfil düşündüm. – axı sıravi elə mənəm”. Bu tamamilə ziyansız fikirdən güldüm. Əlli yaşlı, dolğun cənab mənə nəzakətli təbəssümü ilə cavab verdi. Renoda onu sevgi ilə çəkmişdi; balaca, ətli amma düzgün qulaqları necə havalı rəngləyib, xüsusilə əllərini. İncə çevik barmaqlar, əslində alim və ya aktyor əllərinə oxşayır. Üzü mənə tanış deyildi. Deyəsən bu rəsmin qabağından ona fikir vermədən çox keçmişəm. İndi yaxınlaşıb oxudum: “Remi Parroten, Paris Tibb məktəbinin professoru, 1849-cu ildə Buvildə anadan olub”.

Parroten- doktor Veykvild mənə onun haqqında danışmışdı. “ Həyatımda bir dəfə dahi insanla görüşmək nəsib olub. Bu Remi Parroten idi. 1904-cü ilin qışında onun mühazirəsini dinləmişəm ( bilirsiniz, mən iki il Parisdə mamalıq oxumuşam). Parroten mənə rəhbərin, idarəçinin nə olduğunu başa salıb. Onda hansısa flüidlər (insan bədənindən və ya başqa bir şeydən şüalanan psixik cərəyanlar) var idi. Bizi oyadırdı, onunla dünyanın o başına gedərdik. Bununla yanaşı o əsl centlmen idi- çox varlı idi və imkanının çox hissəsini ehtiyacı olan tələbələrə xərcləmişdi”.

Ona görə də ilk dəfə bu elm dayağı haqqında eşidəndə hətta ona qarşı xoş hisslərim yaranmışdı. Budur, qarşısında dayanmışam və o mənə gülümsəyib. Onun təbəssümü necə ağıllı və xoşdur! Kök bədəni böyük dəri kresloya rahatca oturub. Təkəbbürün kölgəsindən belə uzaq bu alim kişinin yanında hər kəs özünü rahat hiss edərdi. Belə deyərdim ki, hətta alimin vəcdli baxışları olmasaydı onu adi adam da saymaq olardı. Cazibəsinin sirrinin nədən ibarət olması barədə baş sındırmaq lazım deyildi- həkim hər şeyi başa düşürdü, ona hər şeyi danışmaq olardı. Böyük incəliyini çıxmaqla onu Renana da oxşatmaq olardı. O belə deyənlərdən idi:

“ Sosialistlər? Hə nolsun? Mən onlardan daha irəli gedəcəm”. Bu təhlükəli yolda onu izləsən tezliklə hər şeyi- ailəni, vətəni, mülkiyyət hüququnu, ən müqəddəs dəyərləri rədd edərdin. Hansısa anda hətta burjua elitasının hakimiyyətdə olmaq haqqını da şübhə altına qoyardın. Bir addım daha, və birdən bütün daşlar nə qədər qəribə olsa da yekdilliklə, sübutlarla əminlik qazanıb, yerinə oturardı. Arxaya dönüb görərdin ki, sosialistlər çox arxada qalıblar, lap kiçik görünürlər, yaylıqlarını yellədib qışqırırlar: “Bizi gözləyin”.

Qısası, Veykvilddən öyrəndim ki, Metr gülümsəyərək özü demişkən, “mənəvi doğuşları qəbul etməyi” sevirmiş. Gəncliyini saxlayaraq ətrafına gəncləri yığmışdı. Tez-tez evinə yaxşı ailələrdən olan, özlərini tibbə həsr etmiş gəncləri qonaq çağırarmış. Veykvil bir neçə dəfə onun evində nahar edib. Stol arxasından qalxıb tütün çəkməyə gedirlərmiş. Patterton hələ tütün çəkməyə yeni başlamış tələbələrlə böyük kişilər kimi davranırmış, onları siqara qonaq edirmiş. Divana yayxanıb, yarıyuxulu gözlərlə uzun-uzadı danışarmış, tələbələr hər sözünü tutarmış. Həkim tez-tez xatirələrini, müxtəlif hekayələr danışıb, onlardan böyük, dərin ibrət çıxarırmış. Əgər yaxşı tərbiyə almış gənclərin arasından inadkar biri çıxardısa, Parroten ona xüsusi maraq göstərirmiş. Həmin adamı söhbətə çağırıb, diqqətlə dinləyər, fikirləşmək üçün müxtəlif fikirlər, mövzular irəli sürərmiş. Bu isə onunla bitərdi ki, gözəl günlərin birində alicənab fikirlərlə dolu, yaxınlarının ədavətindən əzab çəkən, təklikdə fikirləşməkdən bezmiş gənc Patrondan onu qəbul etməsini xahiş edib, utancaqlıqdan tutula-tutula ona bütün fikirlərini, tərəddüdlərini, ümidlərini danışarmış. Parroten onu ürəyinə sıxarmış. “Mən sizi başa düşürəm, mən sizi ilk gündən başa düşdüm”, – həkim deyərmiş. Onlar söhbət edərdilər, Parroten uzağa gedərmiş, çox uzağa, o qədər uzağa ki, gənc ona çatmaqda çətinlik çəkərmiş. Bir neçə belə söhbətdən sonra hər kəs görürmüş ki, gənc üsyankar açıq-aşkar sağalır. O özünü daha yaxşı başa düşməyə başlayır, başa düşür ki, ailəsi ilə onu hansı qırılmaz bağlar bağlayır, elitanın möhtəşəm rolunu başa düşür. Son nəticədə, hansısa möcüzə sayəsində, itmiş quzu kimi Parroteni izləyərək həqiqət yoluna qayıdır, hər şeyi anlayır, peşman olur. “O mənim müalicə etdiyim bədənlərdən daha çox ruh müalicə edib”, – Veykvild fikrini tamamlayırdı.

Remi Parroten mehribanlıqla mənə gülümsəyir. O tərəddüd edir, mənim baxışlarımı başa düşməyə çalışır ki, onları yüngülcə dəyişsin, itmiş quzunu damına qaytarsın. Amma mən ondan qorxmurdum, mən qoyun deyildim. Bir dənə də qırışın olmadığı alnına, qarnına, dizlərinə qoyduğu əllərinə baxırdım. Ona gülümsəyib, yoluma davam etdim.

Onun qardaşı – ASB-nin prezidenti Jan Parreton hər iki əlini stolun üstündəki kağızlara dirəyib, bütün görünüşü ilə yanındakılara göstərir ki, qəbul başa çatıb. Onun çox qəribə- mücərrəd, haqq ideyasını ən təmiz halı ilə izah edən baxışları var. Parrotenin üzü bu işıldayan gözlərin parıltısında itib. Amma onların alovunda mistikin incə, sıxılmış dodaqlarını seçdim. “Qəribədir,- mən düşündüm,- o Remi Parrotenə oxşayır”. Həkimə tərəf döndüm, bu oxşarlığın işığında Reminin yumşaq üzündə hansısa sonsuz, boş ailəvi oxşarlıq sezildi. Yenidən Jan Parretona tərəf döndüm.

Bu insan ideya kimi sadə idi. Ondan sümük, ölü bədən və təmiz haqq ideyasından başqa heç nə qalmadı. Mübtəlalığın həqiqi nümunəsi, fikirləşdim. Bir insan Haqq anlayışına tutulanda heç bir dua onu cinlərdən xilas edə bilməz. Jan Parreton ömür boyu heç nə barədə yox, ancaq öz Haqqı barədə fikirləşib. Hər dəfə muzeyə girəndə başlayan yüngül baş ağrımla bərabər, o da oynaqlarında müalicəyə ehtiyacı olan haqq xəstəliyini hiss edir.

Ona həqiqətin acı şəraiti barədə fikirləşmək üçün səbəb vermək lazım deyildi, o bilməməli idi ki, nə vaxtsa digər insanların əzabları ilə öləcək. Yəqin ölüm ayağında, Sokratın vaxtındakı kimi söz demək lazım olanda, o həyat yoldaşına dayılarımdan birinin on iki gecə yatağının yanından ayrılmayan arvadına dediyi sözləri deyib: “Tereza, sənə sağ ol demirəm, sən sadəcə vəzifəni yerinə yetirdin”. Belə aliliyə çatmış insanın qarşısında şlyapa çıxarmamaq olmaz.

Təəccüblə baxdığım Parretonun gözləri mənə qapını göstərirdi. Amma mən getmədim, qərar verdim ki, şüurlu ədəbsizlik göstərim. Bir dəfə Eskurialda uzun-uzadı II Filippun portretinə baxmışdım, bilirdim ki, haqqın oxunduğu üzə baxsam, bir az sonra alovlanacaq, külü qalacaq- bax bu kül məni maraqlandırırdı.

Parroten çox müqavimət göstərdi. Sonra birdən gözləri söndü, şəkil tutqunlaşdı. Nə qaldı? Bir cüt ensiz, ölmüş ilan kimi kor göz, ağız və yanaqlar. Solğun, yumru uşaq yanaqları- onlar bütün kətanda özlərini göstərdilər. ASB işçiləri onların mövcudluğunu heç bilmədilər də, onlar heç vaxt Parrotenin kabinetində çox qalmırdılar. İçəri girərkən divar kimi zəhmli baxışlarla toqquşurdular. Bax elə o baxışlar bəyaz və yumşaq yanaqları gizlədirdi. Görəsən Parrotenin arvadı neçə ildən sonra onlara baxa bilib?İki il? Beş il? Təsəvvvür edirəm, bir gün əri yanında yatanda, ayın şüası onun burnunda oynayanda və ya bir isti günorta kresloda oturub, gözlərini bağlayıb, yediyini həzm edəndə, günəşin işığı çənəsində oynayanda arvadı onun üzünə baxmağa cəsarət edib, və bütün bu gövdə qadının qarşısında müdafiəsiz, şişkin, sulu, ədəbsizcəsinə açılıb. Şübhəsiz ki, məhz həmin gündən madam Parroten hakimiyyətli əlinə alıb.

Geriyə bir neçə addım atıb, bütün bu dahi kişilərə- Pakoma, prezident Eberə, iki Parrotenlərə, general Obriyə ümumi baxış atdım. Onlar silindr geyinib, bazar günləri Turnebriddə Müqəddəs Çiçeliyanı yuxusunda görən merin həyat yoldaşı madam Qrasenlə görüşürmüşlər. Onu indi sirrini itirən ədalı təzimlə qarşılayırdılar.

Onları qeyri-adi dəqiqliklə çəkmişdilər, rəssamın fırçası altında onların üzü insan üzünün sirli zəifliyini itirmişdi. Bu cizgilər, hətta ən iradəsizləri belə saxsı qablar kimi cilalamışdı: diqqətlə onlarda ağaclarla, heyvanlarla, torpaq və su dünyası ilə yaxınlıq axtarırdım. Başa düşürdüm ki, ölümdən qabaq onlar heç də belə üzlərə sahib olmalı deyildilər. Amma ölümsüzlüyə hazırlaşaraq ən məşhur rəssamlara etibar edirdilər ki, üzlərini ehtiyatla bir vaxtlar özləri Buvil ətrafındakı dəniz və əraziləri dəyişdikləri vasitələrlə  eyni dəyişikliklərə, qazmalara, suvarmalara məruz qoysunlar.

Beləcə Renoda və Bordyurenin köməyi ilə onlar özlərindəki və özlərindən xaricdəki Təbiəti təmir edirdilər. Bu qaranlıq rəsmlərdə qarşımda düşünülmüş insan dayanırdı, yeganə bəzəyi, İnsan və vətəndaş hüquqları buketidir ki, bu da insanlığı əldə etməyin ən yaxşı yoludur. İkibaşlılıqdan uzaq mən insan hakimiyyəti ilə fəxr edirdim.

Cənab və qadın içəri daxil oldular. Onlar dəfn paltarında idilər və çalışırdılar ki, nəzərə çarpmasınlar. Vəcdə gələrək zalın girişində dondular, cənab avtomatik olaraq şlyapasını çıxardı.

–          Hə, möhtəşəm!- qadın həyacanla dedi.

Əvvəlcə cənab soyuqqanlılığına döndü.

–          Tam bir dövr,- ehtiramla dedi.

–          Hə, – qadın cavab verdi,- nənəmin dövrü.

Onlar bir neçə addım atıb, Jan Parrotenin baxışları ilə qarşılaşdılar. Qadın ağzını araladı, amma kişi o qədər də qürurlu deyildi, görünüşü alçalmış idi, yəqin ona dəfələrlə belə qorxunc baxışlarla baxıb, qapıya yola salmışdılar. Cəld arvadının qolundan çəkdi.

–          Bax, ona bax.

Remi Parrotenin təbəssümü həmişə alçalmışları ruhlandırırdı. Qadın yaxınlaşıb cidd-cəhdlə oxudu:

“ Remi Parrotenin portreti, Paris Tibb məktəbinin professoru, 1849-cu ildə Buvildə anadan olub, Renodanın fırçası”.

–          Parroten Elmlər Akademiyasının üzvüdür,- əri dedi,- Fransız akademiyasının üzvü Renoda tərəfindən çəkilib. Bunun özü Tarixdir!

Qadın başı ilə təsdiqlədi, sonra böyük rəhbərə baxdı.

–          O necə də yaxşıdır!- dedi.- necə də ağıllı üzü var.

Kişi geniş addımlarla zaldan keçdi.

–          Bax, onlar Buvili yaradıblar,- sakitcə dedi.

–          Nə yaxşı ki, onların hamısını burda birləşdiriblər,- qəhərlənmiş qadın dedi.

Biz bu böyük zalda hərəkət edən üç sıravi idik. Ehtiramla, sakitcə gülən kişi mənə tərəf narahat baxış atdı və birdən gülüşünü kəsdi. Mən döndüm, Olivye Blevinin portretinə tərəf getdim. Sakit sevinc mənə hakim kəsildi- dəqiq, səhv etməmişəm. Necə gülməlidir!

Qadın mənə yaxınlaşdı.

–          Qaston,- qəfil ürəklənib çağırdı.- bura gəl.

Kişi gəldi.

–          Qulaq as, – qadın dedi- deyəsən axı onun adına küçə var- Olivye Blevinya küçəsi. Yadına gəlir, balaca küçədir, Yaşıl Təpə ilə yuxarı gedir, Jukstebüvilin yanından. – susub, əlavə etdi- deyəsən o xarakterli insan olub.

–          Hə, belə adamlar həmişə danışmağa adam axtarırlar.

İfadə mənə deyilmişdi. Cənab gözünün qırağı ilə mənə baxıb bu dəfə daha möhkəm, özündənrazı, tələbkar gülüşlə güldi, elə bil ki, onun özü Olivye Blevin imiş.

Olivye Blevin gülmürdü. Əyri gövdəsi ilə bizi hədəfə almışdı, xirtdəyi önə çıxmışdı. Sakitlik və vəcd anı gəlmişdi.

–          Elə bil ki, indicə tərpənəcək,- qadın dedi.

–          O əvvəllər böyük pambıq alverçisi olub, – əri hazırcavablıqla izah etdi. – Sonra siyasətlə məşğul olub, deputat oldu.

Bunu bilirdim. İki il qabaq abbat Morelin “Buvilin böyük adamları haqqında qısa lüğətdə” onun haqqında axtarış etmişdim. Və ona həsr edilmiş məqalənin üzünü köçürmüşdüm.

“Blevin, Olivye-Marsial, yuxarıda adı çəkilənin oğlu, Buvildə anadan olub, vəfat etmişdir (1849-1908), Parisdə hüquq fakültəsini bitirib, 1872-ci ildə ali təhsilini bitirib. Onu da digərləri kimi Versalda Milli Şuranın müdafiəsi altında sığınmağa məcbur etmiş kommunarların üsyanından təsirlənərək özünə söz verib ki, “həyatını qanun-qaydanın bərpasına həsr edəcək”. O sözünə əməl etdi- şəhərimizə qayıdıb, məşhur “Qayda dostları klubunu” yaratdı, uzun illər hər axşam bura Buvilin böyük tacirləri və gəmi sahibləri yığışırdı. Bu aristokrat dərnək üçün zarafatla deyirdilər ki, ora düşmək “At-Klubuna” düşməkdən çətindir. Dərnək 1908-ci ildə bizim böyük ticarət limanımızın taleyinə böyük təsir göstərdi. 1880-ci ildə Olivye Blevin – tacir Şarl Pakomun (uyğun məqaləyə bax) kiçik qızı Mariya-Luiza Pakomla evləndi və Şarl Pakomun ölümündən sonra “Pakom- Blevin və oğul” ticarət şirkətini yaratdı. Tezliklə aktiv siyasi fəaliyyətlə məşğul oldu və deputatlığa seçkilərə öz namizədliyini verdi.

“Ölkəmiz- məşhur çıxışında deyir- ağır xəstədir: hakim sinif artıq hakimiyyəti əlində saxlamaq istəmir. Yaxşı, əgər vərəslik, tərbiyə, təcrübə sayəsində hakimiyyətə layiq olanlar yorğunluqdan və ya itaətlə ondan əl çəkirlərsə kim buranı idarə edəcək? Həmişə demişəm: idarəçilik- seçilmişlərin hüququ deyil, onların birinci növbəli vəzifələridir. Cənablar, sizi çağırıram, gəlin hakimiyyət prinsipini bərpa edək!”

1885-ci il 4 oktyabrda ilk dəfə seçiləndən sonra o ard-arda deputatlığa layiq görülüb. Gözəl natiqlik qabiliyyətinə malik olaraq, ona məxsus enerji və kəskinliyi ilə bir çox parlaq çıxışlar edib. 1898-ci ildə qorxulu tətillər başlayanda Blevin Parisdə idi. Təcili Buvilə qayıdaraq müdafiənin ilhamına çevrilib. Tətilçilərlə danışıqlar vəzifəsini üzərinə götürüb. Geniş kütlənin razılığına əsaslanan danışıqlar Jukstebüvildəki toqquşmalardan sonra dayandırılıb.

Məlum olduğu kimi, ordunun taktiki maneçiliyi qızmış beyinləri sakitləşdirdi. Gənc yaşda Politexnik institutuna daxil olan, rəhbər etmək istədiyi oğlu Oktavın vaxtsız ölümü Olivye Blevinə ağır zərbə vurdu. Bu zərbədən özünə gələ bilmədən dörd il sonra 1908-ci ilin fevralında vəfat etdi.

Çıxışlarının toplusu: “Əxlaqi güclər” (1894-cü il) ; “Cəza vermək hüququ” ( 1900-cü il, bu topluya daxil olan bütün çıxışlar Dreyfus işi ilə bağlıdır); “İradə” ( 1902-ci il). Blevinin ölümündən sonra sonuncu çıxışları və yaxınlarına ünvanlanmış bəzi məktubları “Labor improbus” adlı topluya daxil edilmişdir (“Plon” nəşriyyatı, 1910-cu il). İkonoqrafiya: Blevinin Bordyuren tərəfindən çəkilmiş möhtəşəm portreti Buvil muzeyindədir”.

Möhtəşəm portret- razıyam. Olivye Blevinin balaca, qara bığları və sarı üzü yüngülcə Moris Barresi xatırladır. Onlar şübhəsiz bir-birini tanıyır,  eyni oturacaqlarda otururdular. Amma Buvilli deputat “vətənpərvərlər Liqası”nın prezidenti kimi rahat adam deyildi. O odun kimi sərt adam idi və açıq-aydın kətandan qopurdu. Gözləri parıldayırdı- göz bəbəyləri qara, gözünün kökü qırmızı idi. Balaca, ətli dodaqlarını sıxıb, əlini sinəsinə qoymuşdu.

Bu portret uzun müddət mənə rahatlıq verməyib. Blevin mənə gah çox balaca, gah çox böyük görünürdü. Bu gün başa düşdüm ki, məsələ nədir.

Həqiqəti “Buvil satiriki”-ni vərəqləyəndə tapdım. 6 noyabr 1905-ci il nömrəsi tamamilə Blevinə həsr edilmişdi. Blevin jurnalın üz qabığında, Komba atanın saçlarından yapışmış balaca fiqur kimi təsvir edilmişdi. Qeyddə yazılmışdı: aslanın saçındakı bit. İlk səhifə hər şeyi izah edirdi- Olivye Blevinin boyu bir əlli üç olardı. Onun boyuna lağ edirlərmiş, qurbağa kimi vaqqıldayan səsini eşidəndə bütün palata gülərmiş. Deyirdilər ki, o rezin dabanlı ayaqqabı geyinir. Pak nəslindən madam Blevin isə sağlam madyan imiş. “Elə buradaca həqiqəti demək yerinə düşər: yarısını verdi, iki qat götürdü”,- xronikaçı yazırdı.

Bir əlli üç! Hər şey aydındır. Bordyuren çalışqanlıqla Blevinin ətrafında elə əşyalar çəkmişdi ki, onun boyuna təsir etməsin: alçaq kreslo, üstünə bir neçə kitab qoyulmuş miz, qısa fars pərdəsi. Blevin özü isə kətanda yanaşı asıldığı Jan Parrotenlə eyni boyda, hər iki şəkil isə eyni ölçüdə idi. Nəticədə şəkillərdən birindəki pərdə digərindəki stol boyda böyük təsvir edilmişdi, Blevinin şəklindəki kreslo isə Parrotenin çiyninə çatardı. Gözlər qeyri-iradi bu iki şəkli müqayisə edirdi, məni də elə bu çaşdırırdı.

İndi isə məni gülmək tuturdu: bir əlli üç! Blevinlə danışmalı olsaydım ya gərək əyiləydim ya da diz üstə çökəydim. İndi məni təəccübləndirmirdi ki, o niyə təkəbbürlə burnunu yuxarı tutur,- belə alçaq boylu adamların taleyi həmişə başlarından bir neçə santimetr yuxarıda həll edilir.

İncəsənətin böyük gücü! Bu cırsəsli alçaq boyludan gələcək nəsillərə qorxunc üzdən, ali jestlərdən və qanlı buğa gözlərindən başqa heç nə qalmayacaq. Kommunanın qorxutduğu tələbə, miskin və acıqlı deputat- bunların hamısını ölüm apardı. Amma Əxlaqi güclərdən car çəkən “Qayda dostları klubu”-nun prezidentini Bordyurenin fırçası ölümsüzləşdirdi.

–          Ah, yazıq tələbə!

 

Bu boğuq qışqırıq yas geyimli qadından çıxdı. Oktav Blevinin, “yuxarıdakının oğlu”-nun portreti altından kiminsə mömin əli yazmışdı:

“Politexnik institutunun tələbəsi 1904-cü ildə vəfat etdi”.

–          Vəfat edib! Arondelin oğlu kimi. Necə də ağıllı üzü var. Yəqin anası da əzab çəkib! Bu məşhur ali təhsil müəssisələrində adamı yükləyirlər. Beyin hətta yuxuda da dincəlmir. Ümumiyyətlə politexniklərin geyimləri xoşuma gəlir, onların bəzəkləri var. Deyəsən onlara “plümaj” (papağa vurulan quş lələyindən bəzək) deyirlər hə?

–          Yox, plümajlar ancaq Sen-Siredə olur.

Mən də cavan ölən politexnikə baxırdım. Onun solğun üzünə, tərbiyəli bığlarına baxmaq kifayətdir ki, tezliklə öləcəyini biləsən. Belə baxanda, deyəsən öz taleyini bilirmiş: uzaqlara baxan işıqlı gözlərindən taleyinə boyun əydiyi oxunur. Amma başını dik tutub, tələbə formasında fransa ordusunu təmsil edir.

 

Tu Marcellus eris! Manibus date lilia plenis….[i]

 

 

Qoparılmış qızılgül, ölmüş politexnik tələbə- bundan daha kədərli nə ola bilər? Yavaş-yavaş uzun qalareya ilə gedirəm, qaranlıqdan çıxan ehtiramlı üzləri salamlayıram: müsyö Bossuar, ticarət məhkəməsinin hakimi; müsyö Fabi, Buvil limanının inzibati özünüidarə şurasının sədri; tacir müsyö Blanj ailəsi ilə; Buvilin meri müsyö Ranneken; Buvil sakini müsyö de Lyusyen- ABŞ-da franız səfiri və şair; naməlum şəxs prefekt formasında, Mariya Luiza- Böyük Yetimxananın direktoru; müsyö və madam Terezon, müsyö Tibu-Quron- ekspertlər şurasının baş prezidenti; müsyö Bobo- hərbi-dəniz müəssisəsinin baş rəhbəri, müsyö Brion, Minett, Qrelo, Lefebr, həkim Pen və onun xanımı, oğlu Pyer Bordyuren tərəfindən çəkilmiş Bordyurenin özü. Aydın, soyuqqanlı baxışlar, incə cizgilər, dar ağızlar: nəhəng və səbrli müsyö Blanj, xeyirxahlıq təşəbbüsünün təcəssümü Mariya Luiza. Müsyö Tibu-Quron özünə və başqalarına qarşı sərt olub. Madam Terezon ağır xəstəliklə sakit mübarizə edib. Dodaqlarındakı sonsuz yorğun ifadə əzablarını ifadə edirdi. Amma bir dəfə də olsun bu nəzakətli qadın “özümü pis hiss edirəm” deməyib. O xəstəliyə qalib gəldi, xeyirxahlıq naharları verib, özü də iştirak etdi. Bəzən hansısa ifadənin ortasında yavaş-yavaş gözlərini bağlayardı, üzü ölü kimi olardı. Amma bu zəiflik bir saniyədən çox çəkməzdi. Madam Terezon gözlərini açıb, başladığı ifadəni tamamlayardı. Xeyirxahlıq dərnəklərində pıçıldayardılar: “Yazıq madam Terezon! Heç vaxt heç nədən şikayət etmir”.

Uzun Bordyuren-Renoda zalının başından ayağına qədər gəzdim. Sonra döndüm. Əlvida kiçik, incəsənət məbədlərində uyuyan gözəl, incə zanbaqlar, əlvidə bizim qürurumuz və varlığımızın təsdiqi gözəl zanbaqlar. Əlvidə Əclaflar.

 

 


[i] Sən də Marsell olacaqsan! Mənə qırmızı qızılgül və zanbaq verin…

Vergiliya “Eneida”-dan misralar. Bənd Avqustun bacısı oğluna həsr edilib. İmperator onu özünə varis seçmişdi amma gənc öldü. O məşhur sərkərdə Marsellə eyni adı daşıyırdı.

 

 

Tərcümə: Gülər Qasımova                                                         (c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:11606