abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – “2+2 daha 4 deyil”

Şərh

 

13 may mitinqi-1968

Qiyamçı Paris tələbələri 68-in «Qırmızı May»ında körpü üstündəki qəmbər daşlarını söküb polisə qolazlayanda, onlar şüuraltı səviyyəsində proqramlaşmış layihəni reallaşdırırdılar – Qiyamı. Hansısa hissə üçün bu, həm də şüurlu layihə idi. O hissə ki, bəzi müəlliflərin bəzi kitablarını oxumuşdu. May hadisələrindən dərhal sonra isti-isti tədqiqat aparıb fransız tələbələrin ən sevimli müəlliflərinin siyahısını tutanda, azalan sıra ilə bu siyahı alındı – başda ən populyar müəllif Sartr, sonra isə Marks, Trotski, Altüsser, Lenin, Kamyu, Fromm, Mao, Bakunin və Çe Gevara. Odur ki, onları həmin qiyamın həmmüəllifləri də saymaq olar. O cümlədən, 63 yaşlı Sartr həmin günlər tələbələrlə birgə barrikadalarda idi.

Əlbət, 18 yaşınadək elə də çox kitab oxumurlar. Jandarmlarla savaşa atılan əksəriyyət bəlkə də cəmisi 2-3 kitab mütaliə etmişdi. Ancaq onların hamısı kinoya baxmışdı. Həm də tamamilə konkret kinoya – «Yeni dalğa» filmlərinə, ilk növbədə də Qodarın kinosuna.

O kitablar və o kino olmasaydı, Qiyam da olmazdı. Buradan da əsas suala cavab tapılır – azəri cəmiyyətində Qiyamın yoxluğuna. Nə yazılıb və nə çəkilib ki, Azərbaycanda Soldan, qiyamçı ruhdan, inqilab layihəsindən danışaq?

Hər küncü doldurmuş liberal ədəbiyyat oxunmur. Və bu, müsbət haldır. İslamçı ədəbiyyat Qiyamı onun klassik mənasında tormozlayır ki sürətləndirmir. Əzəli-əbədi bəşəri dəyərləri əxz edən solçu ədəbiyyat, incəsənət, kino, musiqi isə yoxdur. Nəinki içəridə yetişmir, heç kənarda olanlar da gəlib çatmır.

Yanımızdakı Rusiyada son 10 ildə Tarasov, Svetkov, Kara-Murza kimi yeni solçu müəlliflər yaranıb. Orada Çe Gevaranın «Partizan gündəliyi» 7 ildə 4 dəfə nəşr olunub – sifariş azalmır. Bizdə isə Kamyunu ən yaxşı halda hekayələrinin tərcüməsi ilə tanıyırlar.

Vaxtilə solçuluqdan yazmış «qırmızı professorlar» çox keçməmiş öz yazdıqlarından imtina etdilər. Kompartiya tarixini tədris edənlər indi liberallıqdan kurs oxuyur. Onlardan sonra isə böyük bir boşluq var ki, doldurulmur. Halbuki, məhz solçu müəlliflərin və solçu incəsənətin insanları öz haqları uğrunda mübarizəyə qaldırmaq şansı xüsusilə də bizim günlərimizdə alternativsizdir.

Azəri cəmiyyətinin qarşılaşdığı sualların cavabları Marksdadır, Markuzedədir, Qramşidədir, Sartrdadır. Məhz Sartr, Kamyu və Adornonun siyasi və sosial yazılarının bestseller olmaq imkanı var.

O müəlliflər insanların ədalət mübarizəsinə bir incəsənət kimi baxırdılar. Solçularda heç vaxt «Azad seçki tələb edirik!», yaxud «Qarabağa azadlıq!» kimi vulqar şüarlar görməzsiniz. Bu isə sadəcə söz oyunu deyil, əksinə, tələb edəndə də onu bir damcı da olsa yaradıcılığa bələyb sənət nümunəsi kimi təqdim etməlisən. Elə formada ki, həm maraqlandırır, həm də düşündürür. Elя formada ki, Qiyam layihəsinə həm şüur, həm də şüuraltı səviyyəsində təkan verir.

Qiyamı amimik sifətlərlə, vulqar şüarlarla, yekəxana baxışlarla etmirlər. Çünki, Qiyam həm fəlsəfə, həm incəsənətdir.

Elə buradaca Paris Mayının bəzi şüarlarını sadalamaq istəyirəm. Fərqi əyani görün. Çünki, müqayisə imkanı yaranır.

68-in tələbələri nə söyləyirdilər?

«Qadağan etmək qadağandır!»

«Hakimiyyətə fantaziya gəlir!»

«Realist olun – mümkün olmayanı arzulayın!» (Çe Gevara)

«Hər şey və bu dəqiqə!»

«Sənə öyrətdiklərinin hamısını unut – və arzulamağa başla!»

«Ürəklərinizin pəncərələrini taybatay açın!»

«Sənaye istehsalının artımına vurulmaq olmaz!»

«İnsanın azadlığı total olmalıdır. Əks halda azadlıqdan heç nə qalmayacaq!»

«Səkilərin çay daşına «Mən səni sevirəm» deyin»

«Hər şey yaxşıdır: 2 dəfə 2 daha 4 etmir!»

«68-ci ildə azad olmaq – Yaratmaq deməkdir!»

«Siz qocalmısınız, professorlar!»

«Tarixin köhnə qəbirqazanı Sorbonnada peyda oldu» (doktor Marksdan teleqram)

«Universitet – tələbələrə, zavodlar – fəhlələrə, radio – jurnalistlərə, hakimiyyət – hamıya!»

«İnqilabı qalstukla etmirlər!»

Bir trotskiçi tələbənin o vaxt söylədiyi «Qlobal düşün – lokal hərəkət et!» şüarı çox keçmədi Ümumdünya Səhiyyə Təşkilatının devizinə çevrildi.

68-dən çox sular axıb keçib, ancaq bu gün də 40 il əvvəl barrikadalarda olanlara bütün işlərdə qeyri-rəsmi üstünlük verilir. Həmin tələbələrin bir neçəsi «Liberasyon» qəzetini təsis etdi. Əksəriyyət bu gün də sol cinahda aktivdir – leninçi, trotskiçi, anarxist, maoçu kimi. Bir neçя gevaraçı 68-dən sonra Qvatemala gerilyasına qoşuldu və həlak oldu.

«68-lər» sübut etdi ki, Qiyam – ruhun vəziyyətidir, həyat tərzidir. O, ani deyil, həmişəlikdir. Ancaq qiyamçı anadangəlmə olmurlar. Bu cür yetişirlər. Müdriklərin kitabları, musiqisi, filmləri, incəsənəti ilə.

Qiyam – yaradıcılıqdır. Və qiyamçıları yaradıcılar formalaşdırır…

 

 

yazının originalı


Oxşar yazılar:

Baxış sayı:8981