abunə ol: Yazılar | Şərhlər | Еmail

İbrahim Kaypakkaya və onun inqilabi mübarizəsi

Şərh

18 may Türk SOLunun  Marksist liderlərindən biri, TKP-ML in (Marksist Leninist platformalı Türkiyə Kommunist Partiyasının) əsasını qoyan, İbo ləqəbli böyük inqilabçı İbrahim Kaypakkayanın öldürülmə günüdür.

18 may 1973-cü ildə Diyarbəkirdə məhbəsdə İbrahim Kaypakkaya qətlə yetirildi. Onun güllələnmiş bədəni atasına intihar etmiş birisi kimi təhvil verildi. Kaypakkayanın qətli ilə türk Sol-unun növbəti şərəfli dövrü qapandı.

Bu, o vaxtdı ki, artıq Mahir Cayan öldürülmüş, Deniz Gezmiş və dostları edam olunmuşdu. Kaypakkaya Türkiyənin “68 nəsli”nin öldürülən sonuncu lideri oldu.

TKP-ML-in (Türkiyə Kommunist Partiyası – marksist-leninçi) qurucusu İbrahim Kaypakkaya 1949-cu ildə doğulmuşdu. İstanbul Universitetinin fizika fakültəsindən Sol ideyasına görə qovulmuş, “Aydınlıq”, “Türk Solu” dərgilərində, “İşçi-Köylü” qəzetində çalışmışdı. TİP (Türk İşçi Partisi) lideri Doğu Perincəki revizionist sayaraq ondan uzaqlaşandan sonra TKP-ML-i qurmuşdu.

Onun son döyüşü 1973-ün yanvarında Tuncəlidə oldu. Yanvarın 24-də silahdaşı Əli Heydər Yıldız döyüşdə öldürüldü, yaralı İbrahim isə 5 gün mağara və kəndlərdə gizləndikdən sonra ayın 29-da bir kənd müəlliminin çuğulluğu ilə ələ keçirildi.

Yaralı olmasına baxmayaraq yerlə sürüdülən devrimçini Diyarbəkir məhbəsinə gətirdilər. Heç bir ifadə vermədi və amansız işgəncələrə məruz qaldı. Qanqrenalı ayaqlarının kəsilməsinə razı olmadığından yeməyinə dərman qatılaraq əməliyyat olundu və hər 2 ayağı kəsildi. Bundan sonra da olmazın cəzalara məruz qaldı. Mayın 18-də görüşünə gələn atasına oğlunun parça-parça cəsədini verərək intihar etdiyini dedilər. Cəsəddə güllə yerlərini göstərən atasının sualları cavabsız qaldı. Bu dəhşətli olay TBMM-ə (Türkiyə Böyük Millət Məclisi) qədər gedib müzakirə mövzsu olsa da, qatillər cəzasız qaldı.

Qətli ərəfəsində son şerini yazdı: …gider …gider, nice koçyiğitler gider Senin de içinde bir oğlun varsa çok değildir Ey mavi gök! Ey yağız yer bilesin ki Yüreğimiz kabına sığmamakta Örsle çekiç arasında yoğrulduk Hıncımız derya gibi kabarmakta”   Məmməd Süleymanov 18 may 2008 – ci il

İnqilabi mübarizəni həyatından üstün tuturdu”

38 il əvvəl 18 mayda Türkiyənin kommunist öndərlərindən olan İbrahim Kaypakkaya öldürüldü. Onu öldürənlər bununla kifayətlənmədilər. Əvvəlcə onun fikirlərini müdafiə edənlər olmaqla, ailəsinə, kəndinə, məzarına, qısaca, onunla əlaqəli olan hər şeyi hücum etdilər və indi də etməkdədirlər. İ.Kaypakkayanın ölümünün 38 – ci ildönümündə atası Ali Kaypakkaya ilə etdiyimiz müsahibəni sizə təqdim edirik.

Bizə İbrahim haqqında danışa bilərsiniz?

İbrahim 1949 – cu ildə Karakaya kəndində dünyaya gəlib. İbrahim lap balaca ikən anası ilə ayrıldıq. Anası xalamın qızı idi. O, başqa bir kəndə getdi, mən də kənddə evləndim. 1954 – cü ildə ikinci həyat yoldaşım ürək infarktından vəfat etdi. Üçüncü həyat yoldaşımla 1955 – də evləndim. İbrahim ikinci analığının yanında qaldı. Əlimdən gəldiyi qədər  ona əzilməyə imkan vermədim. İbrahim çox ağıllı idi. Kəndimizdə ibtidai məktəb yox idi. İbtidai sinfi Karamahmut, Alacahöyük, Çorum Mərkəzlə bağlı Ortaköydə qurtardı. Hasanoğlan Müəllimlər Məktəbinə imtahana girdi. Müəllimlər Məktəbinə qəbul olundu. Hasanoğlanda dərsləri çox yaxşı idi. Orada İbrahimə bəzi siyasi təzyiqlər oldu. Yazdığı şeirə görə; o dövrlərdə şeir yazırdı. Belə olmasına baxmayaraq, Çapa Ali Müəllimlər Məktəbinə qəbul olundu. Məktəb daxilində Fikir Klubları Federasiyasının əsasını qoydu. İstanbul Universiteti Fen Fakültəsi Fizika – Riyaziyyat bölməsində təhsil alırdı. 120 kredit verməklə məzun olurdular. Məzun olmaq üçün 20 krediti qalmışdı. Beləliklə, onun universitet oxumaq imkanı da əlindən alındı. Biz apelsiya şikayəti verdik verdik. Apelyasiya məhkəməsi bizim lehimizə qərar qəbul etdi və 60 gün ərzində universitetə barpa olunmasını tələb etdi.Amma apelyasiya qərarını yerinə yetirmədilər. O vaxt Çorumda Demokrat Partiyasının Şevki Demirel adlı bir sədri var idi. Onunla bərabər məktəb müdiri Ayhan Doğanın yanına getdik. “İbrahimə deyin ki, siyasi baxışlarından əl çəksin, dedi. Fikir klubunun bağlanılacağını deyin. İmzalı bir ərizə yazsın. Sən də atası qismində o ərizəni imzala. Sonra məktəbə qayıda bilər” dedi. İbrahimlə görüşdüm. Müdirin dediklərini dedim. “Ata” dedi. “Men FKF əsasını qoymuşam, bu qədər insanı inandırmışam. İndi də gedib mən səhv etmişəm, fəaliyyətimdən, fikirlərimdən əl çəkirəm, deyim? Bunu etmərəm” dedi. “Silahın varsa, çək vur, əlimi də qaldırmaram, amma bu təklifini yerinə yetirə bilmərəm” dedi. Diyarbakırda həbsxanaya girənə qədər çağırmadılar. Apelyasiya qərarını yerinə yetirmədilər. Sonra İbrahim həbs olunduqdan sonra məktəbə qayıda biləcəyini dedilər. Amma artıq qayıtması mümkün deyildi.

Daha əvvəlki həbsləri necə olmuşdu?

Diyarbakırdan əvvəl Ayhan Doğanın başına tapanca dəstəyi vurduğunu dedilər. Həbs etdilər. Sağmalcılara apardılar. Silivrinin Değirmenköyü adlı kəndə getmişdi. Orada torpaq sahibləri ilə kəndlilər arasında ərazi davası var idi. Orada kəndliləri dəstəkləyib. Yol kəsiblər. Orada da həbs olunub. 3 – 4 ay Sağmalcılar həbsxanasında qaldı. Gölcükdə işçilərin etirazlarında iştirak etdi. Bir çox etirazlarda iştirak etmişdi.

Mən İstanbul Universitetində bir iclaslarında iştirak etmişdim. İspaniya vətəndaş müharibəsində öldürülən insanları göstərirdilər. İnsanlardan fikir bildirmələrini istədilər. İbrahim də orada tənqid etdi. Bir çoxları İbrahimə söz atdı. Orada kimsə çıxdı. Deyəsən Robert kollecində oxuyurdu. “Siz uşaqlarla danışdığınızı hesab edirsiniz?” Qarşınızdakı Universitet tələbəsidir. Nə düşünürdünüz?” deyərək İbrahimi dəstəklədi. Mübahisələr oldu.

İbrahimin kənddəki həyatı, kəndlilərlə münasibətləri necə idi?

Geriyə qayıdıb İbrahimin kənddəki vəziyyətinə baxaq, Hasanoğlanda təhsil alarkən İbrahim kəndə qayıdanda, əgər nadas vaxtı idisə, tarlada əlinə beli alardı. Əgər biçin vaxtı idisə, əlinə orağı alıb, biçinə gedərdi. İbrahim mənə çox kömək edirdi. Digər dostları qısa qollu köynək geyib bağlarda, bağçalarda gəzəndə o, həmişə işləyirdi. Mən də inşaatda usta idim, tarlalarda, bağda, bağçada, evdə, harada olursa olsu, İbrahimin boş oturduğunu heç görməzdim.

O dövrdə fikirlərini sizinlə bölüşürdü? Kəndə işləməyə gələndə sizinlə mübahisə edirdi?

İbrahimlə həmişə mübahisə edirdik. İşçi kəndli qəzeti o vaxt da var idi. Kəndə o qəzetləri gətirirdi. Bəzi jurnalları gətirirdi. Alacahöyükdə. Karamahmutda, Keslikdə, Narlıkda, Karadonda, Yeniköy, Ortaköydə tanışlarımız var idi. Gökçamda anası yaşayırdı. Oralara qədər də siyasi fəaliyyətini davam etdirirdi. Aramızdakı mübahisə uzun çəkməmişdi. İbrahimin inandırma gücü çox yüksək idi. Danışma qabiliyyəti çox yaxşı idi. Kənd içində İbrahimə qızlarını vermək istəyənlər çox idi. Amma o, məktəbi qurtarmağı gözləyirdi. Elə bir şey fikirləşmirdi.

Ögey anası: Qadınlarla divarın dibində oturub danışırdıq. İbrahimə deyiblər ki, evlən. Deyib ki, mənim gələcəyim naməlumdur. Mən elin qızını alsam, bəlkə dul qalacaq, deyib. Ona görə də mən heç evlənmək istəmirəm, deyib.

İnqilabi mübarizəni hər şeydən üstün tuturdu. Həyatından da üstün tuturdu. İbrahim məktəbdə fikirləri ilə məşğul idi, kəndə gələndə isə işi ilə. Daha doğrusu, düşüncələrini ətrafına yaymağa çalışarkən, həm də evin işindən geri qalmırdı.

“O, İNANCINDAN HEÇ VAXT DÖNMƏDİ”

İbrahim Kaypakkayanın həbsi

Sonrası ilə məlumdur. Tuncelidə tutuldu. Cafer Atan adlı biri təslim edib. Diyarbakıra aparıldı. Diyarbakıra iki dəfə getdim, görüşə bilmədim. Üçüncü dəfə məktub gəlmişdi. “Görüşə bilərik, istintaqım qurtardı. İstanbuldakı bir hadisə ilə bağlı müdafiə olunmağımı istəyirlər. Çox vaxt keçdiyi üçün, o hadisəni xatırlamıram. İstanbula get. Vəkil İbrahim Türkü tap. Məruzə ilə gəl. Müdafiəmi məruzə ilə edim” deyirdi. İstanbula getdim. Vəkillə görüşdüm. Diyarbakıra getdim. 19 may 1973…. Son gedişim idi. Diyarbakıra ayın 20 – si çatdım. Görüşmək üçün Nizamiyəyə gedəndə “görüşə bilməyəcəksən” dedilər. İbrahimin “istintaqım qurtarıb” dediyini dedim, məktubunu göstərdim. Niyə görüşə bilməyəcəyimi soruşdum. “Cinayət ağırdır, ona görə” dedilər. Orada şəxsiyyəti müəyyən etməklə məsul çavuşlar var idi. Onlarda səsimi yüksəldib uzun zaman mübahisə etdim, sonra həbsxana müdiri Polkovnik Ahmet “nə baş verir?” deyə gəldi. “Mütləq görüşməliyəm, deyir” dedilər. “Kiminlə görüşəcək?” Yarbay soruşdu. İbrahim Kaypakkaya dedikdə, “otağa keç” dedilər. İkinci dəfə gedəndə mübahisə etdiyim Mevlüt Karaaslan adlı zabit var idi. Tapancası belində heç üzümə baxmırdı. Başqa bir zabit var idi, o kədərli görünürdü. Yarbay əlindəki sənədləri yüksək rütbəli zabitə verdi. Mənə bir maşın göstərdi, mindim. Məni fövqaladə apardılar. Orada bir otağa dəvət etdi, gəlirəm, deyərək getdi. Sonra yanında bir zabit, bir də generalla gəldilər. General məni altdan yuxarı süzdü. “İbrahimin atasısan?” dedi. Atasıyam, dedim. “Düzdür, belə şeyi birbaşa deməzlər amma deməliyəm” dedi. “İbrahim öldü”. Öldürdünüz, deyə qışqırmağa başladım. “Səni əzərəm deyə” dedi. Onsuz da əzmisən, dedim. Orada uzun – uzun mübahisə etdik. Polkovnikə çevrilərək dedi: “Aparın, sənəd işlərini həll eləsin və meyidini götürsün”. İşləri həll elədim. Bələdiyyədən məmur gətirdim. 300 kuruşa tabut düzəltdirdim. 60 kuruşa kəfən aldım. Tabuta qoydurdum. Hava limanına gəlməzdən əvvəl maşın axtardım. Maşınlar 1700 kuruş istəyirdilər. Onsuz da 1200 kuruşla getmişdim. Maşın tapa bilmədim. Pulu əvvəldən alırıq, dedilər, gediş – gəliş alırıq, dedilər. Bir taksi sürücüsü hava limanına getməyimi məsləhət gördü. Təyyarə bir istiqamətdə olduğuna görə bəlkə daha ucuz apararlar, dedi. Axşam 6:30 – da bilet aldım. Əsgərlər tabutu maşına qoydular. Ahmet Yarbay və Mevlüt Karaaslan da orada idilər. İbrahimin çantası olduğunu deyərək tabutun yanına bir çanta qoydular. Hava limanında polisə təslim etdilər. Polis üstümü axtardı. İbrahimin müdafiəsi üçün İstanbuldan gətirdiyim məruzə çıxdı üstümdən. “Müsadirə edəcəyik” dedilər. “Üzərində qadağan olunmuş yazılar var” dedilər. Mən də, oğlumun istəyi ilə gətirmişəm, müdafiəmi məruzə ilə etməsi üçün, dedim. “Oğlunun ölümünü eşidəndə bunu cırmalı idin” dedilər. Bu, sadəcə məruzədir, dedim. Oğlumun ölümünü eşitdim. Bu səhər Diyarbakıra çatmışam. Axşam 6:30 oldu, meyidi görəndən sonra bir loxma çörək də ağzıma getmədi. Bu kağızı nə vaxt fikirləşərdim, dedim. Elə deyəndə digər polis ona söyüş söydü. Əlindəki kağızı alıb cırdı. Sonra 6:30 – da təyyarəyə mindik. 7:45 – də Esenboğa hava limanında endik. Əsgərlər məni axtarırdılar. Ali Kaypakkaya kimdir, deyə soruşdular. Mənəm, dedim. Yoldaşları haradadırlar, deyə soruşdular. Yoldaşlarım yoxdur, dedim. Mən təkəm. Baxdılar ki, yoldaşlar yoxdur, inanmalı oldular. Orada da maşın axtardım. Cibimdə pul yox idi. Onlar bir maşın tutdular, polis maşını imiş. Mən maşının içində ağlayıb, söyüş söyürdüm. Evə gələndə onlar getdilər. Səhər də minibus tutub meyidi kəndə apardım. Gedəndə də anasının yaşadığı kənddən onu alıb birlikdə kəndə getdik. Meyidi basdırdıq, gəldik. Mətbuatda, hər yerdə adımız çıxdı. Bu dəfə də hücumlar ailəyə yönəldi… 1978 – ci ildə Çankırılı Hasan Açıkalın deyə birini öldürdülər. Mənim evimin qarşısında qoydular. Polis təzyiqi davam etdi. Evə gəlib qadınları təhqir etdilər. Bu təzyiqlərə həyat yoldaşım dözə bilmədi. 1978 – ci ildə ürək infarktı keçirdi. Təcili yardıma getdik, amma adımız Kaypakkaya olduğu üçün yaxınlaşmadılar.  Bizi toplayıb uşaq nəzarəti şöbəsinə apardılar. Sonra cinayət istintaqı şöbəsinə apardılar bizi. Prokuror ölüm hadisəsini danışdırdı bizə. Danışdım. Otopsiya məlumatları da gəldi. Ürək çatışmazlığı dedilər. Yaxşı, meyidi alın, dedilər. 4 – 5 uşaq, anam və mən qaldıq. Sonra indiki həyat yoldaşımla evləndik. O vaxt 4 övladım var idi: Elif, Feride, Hakkı, Ali Ekber. Övladlarımın hamısı təzyiqə məruz qalıb. Son həyat yoldaşımdan bir oğlum oldu. Adını İbrahim qoyduq. İndi ODTÜ (Orta Şərq Texniki Universiteti) – də neft mühəndisliyi fakültəsində təhsil alır. Adı məlum olmayan biri bir şey etsə, diqqət çəkmir. Amma bizim olduğumuz hər yerdə adımız bomba kimi partlayır. Soyadımızın Kaypakkaya olmasına görə.

Son olaraq, demək istədiyiniz nəsə var?

İbrahim ailədən heç vaxt uzaqlaşmadı. Nümunəvi şəxsiyyət idi. Övladlarım arasında İbrahim kimi inanclı, fikrindən dönməyən, məğrur, İbrahim qədər ailəsinə bağlı, ailəsinə hörmət edən bir uşaq görmədim. İbrahimlə siyasi mövzularda mübahisə edərdik. Onun ölümündən sonra onun nəyə görə mübarizə apardığını başa düşdüm.Həm də, çox yaxşı başa düşdüm.

                             (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:13872