abunə ol: Yazılar | Şərhlər | Еmail

Vladimir Lenin. Sosializm və Din

Şərh

Bütün müasir cəmiyyət, fəhlə sinfinin böyük kütlələrinin, əhalinin torpaq sahibi və kapitalist siniflərinə mənsub olan bir ovuc azlığı tərəfindən istismarı əsasında qurulmuşdur. Bu cəmiyyət quldarlıq cəmiyyətidir, çünki bütün ömrünü kapital üçün işləyən “azad” fəhlələrin yaşamaqdan ötrü yalnız o vasitələrə malik olmağa “ixtiyarı vardır” ki, bunlar qazanc hasil edən kölələri saxlamaq üçün, kapitalist köləliyini təmin etmək və əbədiləşdirmək üçün lazım olsun.

Fəhlələrə iqtisadi cəhətdən zülm edilməsi labüdən siyasi zülmün hər cür növlərinin meydana gəlməsinə, ictimai həqarətə, kütlələrin mənəvi və əxlaqi həyatının kobudlaşmasına və tutqunlaşmasına səbəb olur. Öz iqtisadi quruluşu uğrunda mübarizə aparmaqdan ötrü fəhlələr özləri üçün böyük və ya kiçik siyasi azadlıq əldə edə bilərlər, lakin kapital hakimiyyəti devrilmədikcə, heç bir azadlıq onları yoxsulluqdan, işsizlikdən  və zülmdən qurtara bilməz. Din hər yerdə və hər tərəfdə daim başqaları üçün işləmək, ehtiyac və təklik nəticəsində boğulan xalq kütlələri üzərinə düşən mənəvi zülm növlərindən biridir. Təbiətlə mübarizədə vəhşinin acizliyi allahlara, şeytanlara, möcüzələrə və sairəyə inam doğurduğu kimi, istismarçılarla mübarizədə istismar edilən siniflərin acizliyi və labüdən axirətdə daha yaxşı həyat olacağına inam oyadır.Bütün ömrü boyu işləyən və ehtiyac içində olana din bu dünyada muti və səbirli olmağı öyrədərək, bunun əvəzində allahdan mükafat alacağı ilə ona təsəlli verir. Başqasının zəhməti ilə yaşayanlara isə din bu dünyada xeyriyyəçi olmağı öyrədərək, onların bütün istismarçı varlığına bəraət qazandırmaq üçün onlara çox ucuz vasitələr təklif edir və behiştə getmək üçün onlara ucuz qiymətə bilet satır. Din xalq üçün tiryəkdir. Din-öz insanlıq surətlərini, insana az-çox layiq olan həyat tələblərini kapital kölələrinə unutduran bir növ mənəvi araqdır.

Lakin öz köləliyini başa düşmüş və öz azadlığı uğrunda mübarizəyə qalxışmış kölə artıq yarıbayarı köləlikdən xilas olur. İri fabrik sənayesindən tərbiyə almış, şəhər həyatının maarifləndirdiyi müasir şüurlu fəhlə dini mövhumatı nifrətlə üzərindən atır, axirəti keşişlərin və burjua riyakarlarının ixtiyarına verərək, özü üçün bu dünyada yaxşı gün qazanmağa çalışır. Müasir proletariat sosializm tərəfinə keçir, çünki sosializm elmi dini mövhumata qarşı mübarizəyə cəlb edir və fəhləni bu dünyada daha yaxşı həyat uğrunda həqiqi mübarizə üçün birləşdirməklə onu axirətə inanmaqdan azad edir.

Din şəxsi iş elan edilməlidir – sosialistlərin dinə münasibəti adətən bu sözlərlə ifadə olunur. Lakin bu sözlərin heçbir anlaşılmazlığa səbəb ola bilməməsi üçün onların mənasını dürüst müəyyən etmək lazımdır. Biz dinin dövlət üçün şəxsi iş olmasını tələb edirik,lakin bizim öz partiyamız üçün dini heç bir vəchlə şəxsi iş hesab edə bilmərik.Dövlətin din ilə heç bir işi olmamalı, dini cəmiyyətlər dövlət hakimiyyəti ilə əlaqədar olmamalıdır. Hər kəs istədiyi dinə etiqad etməkdə, yaxud heç bir dini qəbul etməməkdə, yəni, adətən hər bir sosialistin olduğu kimi, ateist olmaqda tamamilə sərbəst olmalıdır. Dini etiqadlarından asılı olaraq hüquq cəhətdən vətəndaşlar arasında heç bir fərqə qətiyyən yol verilə bilməz. Vətəndaşların mənsub olduqları bu və ya digər dinin hətta adı belə rəsmi sənədlərdən mütləq silinməlidir. Dövlət kilsəsinə heç bir dövlət vəsaiti verilməməlidir, bunlar hökumətdən asılı olmayan, tamamilə azad həmfikir vətəndaşların ittifaqları olmalıdır. Yalnız bu tələblərin axıra qədər yerinə yetirilməsi kilsənin dövlətdən təhkimçilik qaydası ilə asılı olduğu,rus vətəndaşlarının isə dövlət kilsəsindən təhkimçilik qaydasıilə asılı olduğu, etiqad və etiqadsızlıq üstündə  adamları təqib edən,insan vicdanını zorlayan, dövlət vəzifələrini və dövlət gəlirlərini bu və ya digər dövlət-kilsə arağını paylamaqla bağlayan orta əsr, inkvizitor qanunlarının (indiyə qədər bizim cinayət məcəllələri və nizamnamələrində qalmaqla olan qanunların) həyata keçirildiyi rəzil və mənfur keçmişə nəhayət verə bilər. Din dövlətdən tamamilə ayrılmalıdır-sosialist proletariatın indiki dövlətə və indiki kilsəyə verdiyi tələb bundan ibarətdir.

Rus inqilabı siyasi azadlığın zəruri tərkib hissəsi olan bu tələbi həyata keçirməlidir. Bu cəhətdən rus inqilabı çox əlverişli vəziyyətdədir,çünki polis-təhkimçi mütləqiyyətinin mənfur bürokratizmi hətta ruhanilər arasında da narazılığa,həyəcana və hiddətə səbəb olmuşdur. Rus provaslav ruhaniləri hər nə qədər avam və cahil olsalar da, Rusiyada köhnə, orta əsr üsulunu yıxılması gurultusu indi hətta onları da ayıltmışdır. Hətta onlarda azadlıq tələbinə qoşulurlar,bürokratizmə və məmur özbaşınalığına, ”allah xadimləri” üzərinə zorla qoyulmuş polis xəfiyyəçiliyi vəzifəsinə protest edirlər. Biz sosialistlər bu hərakata kömək edərək,ruhanilər arasında namuslu və səmimi adamların tələblərini axıra çatdırmalı,onları azadlıq haqqındakı sözlərində tutmalı və onlardan tələb etməliyik ki, din ilə polis arasında hər cür əlaqəni mütləq qırsınlar. Ya siz səmimisiniz, deməli, onda siz dinin dövlətdən və məktəbin dindən tamamilə ayrılmasını,dinin tamamilə və qeyd-şərtsiz olaraq şəxsi iş elan edilməsini müdafiə etməlisiniz. Ya da siz bu ardıcıl azadlıq tələblərini qəbul etmirsiniz – o zaman bu o deməkdir ki, siz hələ də inkvizisiya ənənələrinin əsirisiniz, demək, siz dövlət vəzifələrinə və dövlət gəlirlərinə göz dikməkdə davam edirsiniz, demək, siz öz silahlarınızın mənəvi qüvvəsinə inanmırsınız, siz dövlət hakimiyyətindən rüşvət almaqda davam edirsiniz – onda bütün Rusiyanın şüurlu fəhlələri sizə amansız müharibə elan edirlər.

Sosialist proletariatın partiyası üçün din şəxsi iş deyildir. Bizim partiyamız fəhlə sinfinin azadlığı uğrunda şüurlu, qabaqcıl mübarizələrin ittifaqıdır. Belə bir ittifaq şüursuzluğa,avamlığa, yaxud dini etiqadlar şəklindəki cəhalətpərəstliyə laqeyd baxa bilməz və baxmamalıdır. Dini mövhumata qarşı xalis ideya və ancaq ideya ilə,mətbuatımızla,sözümüzlə mübarizə etmək üçün biz dinin dövlətdən tamamilə ayrılmasını tələb edirik.Lakin yeri gəlmişkən söyləməliyik ki, biz öz ittifaqımızı, RSDFP-ni fəhlələrin hər cür dini mövhumatla aldadılmasına qarşı məhz belə bir mübarizə aparmaq üçün yaratmışıq. Bizim üçün ideya mübarizəsi şəxsi iş deyil, ümumpartiya, ümumproletar işidir.

Madam ki, belədir, onda nə üçün biz ateist olduğumuzu öz proqramımızda söyləmirik? Nə üçün biz xristianların və allaha inananların partiyamıza daxil olmasını qadağan etmirik?

Bu sualın cavabı din məsələsinin burjua-demokratik nöqteyi-nəzərindən qoyuluşu ilə sosial-demokratik nöqteyi-nəzərində qoyuluşu arasında çox mühüm fərqi izah etməlidir.

Bizim proqramımız başdan-başa elmi, həm də məhz materialist dünyagörüşü əsasında qurulmuşdur. Buna görə də proqramımızın izahına dini mövhumatın həqiqi tarixi və iqtisadi köklərinin izahı da mütləq daxildir. Bizim təbliğatımıza ateizmin təbliği də mütləq daxildir; mütləqiyyətçi-təhkimçi dövlət hakimiyyətinin bu vaxta qədər şiddətlə qadağan və təqib etdiyi müvafiq elmi ədəbiyyatın nəşri indi partiya işimizin sahələrindən birini təşkil etməlidir. İndi biz, yəqin, Engelsin bir dəfə alman sosialistlərinə verdiyi bu məsləhətinə əməl etməli olacaqdır; XVIII əsr fransız maarifçi və ateist ədəbiyyatını tərcümə edib kütləvi surətdə yaymalı.

Lakin burada biz dini məsələnin “ağıldan”, sinfi mübarizə xaricində, abstrakt, idealistcəsinə – çox vaxt burjuaziyadan olan radikal demokratların qoyduğu kimi -qoyulmasına əsla yol verməməliyik. Fəhlə kütlələrinə daim zülm edilməsi,onların kobudlaşması əsasında qurulmuş bir cəmiyyətdə dini mövhumatı xalis təbliğatçılıq yolu ilə puç etmək mümkün olduğunu düşünmək gülünc olardı. İnsanlar üzərində din zülmünün cəmiyyət daxilindəki iqtisadi zülmün məhsulu və inikasından başqa bir şey olmadığını unutmaq burjua məhdudluğu olardı. Proletariatı, kapitalizmin qara qüvvələrinə qarşı apardığı öz mübarizəsi maarifləndirməzsə, onu heç bir kitabça və heç bir təbliğatla maarifləndirmək olmaz. Məzlum sinfin bu dünyada behişt yaratmaq uğrunda apardığı bu həqiqi inqilabi mübarizənin birliyi, bizim üçün proletariatın göydəki behişt haqqındakı fikirlərinin birliyindən daha mühümdür.

Məhz buna görə də biz öz ateizmimizi proqramımızda göstərmirik və göstərməməliyik; buna görə də biz köhnə mövhumatın bu və ya başqa qalıqlarını mühafizə etmiş proletarların partiyamıza yaxınlaşmasına qadağan etmirik və etməməliyik. Elmi dünyagörüşünü biz həmişətəbliğ edəcəyik, hər hansı ”xristianların” səbatsızlığı ilə  mübarizə etməyimiz lazımdır, lakin bu əsla o demək deyil ki,dini məsələni, heç də aid olmadığı birinci yerə keçirmək lazımdır, o demək deyil ki, üçüncü dərəcəli fikirlər və ya hər cür siyasi əhəmiyyətini çox tez itirən, iqtisadi inkişafın gedişi  ilə tezlikcə zibil yeşiyinə atılan hədyanlar xatirinə həqiqətən inqilabi, iqtisadi və siyasi mübarizə qüvvələrinin parçalanmasına yol vermək lazımdır.

Mürtəce burjuaziya hər yerdə çalışmış və indi bizdə də çalışmağa başlayır ki,dini ədavəti qızışdırsın, kütlələrin fikrini, indi öz inqilabi mübarizəsində əməli surətdə birləşən Ümumrusiya proletariatının həll etməkdə olduğu həqiqətən mühüm və əsas iqtisadi və siyasi məsələlərdən həmin ədavətə tərəf yayındırsın. Bu gün başlıca olaraq qaraguruhcu talanları şəklində özünü göstərən və proletar qüvvələrini parçalamaq məqsədi güdən bu mürtəce siyasət sabah, ola bilsin ki, hər hansı bir daha incə formalar  fikirləşib tapsın. Hər halda biz, proletar həmrəyliyinin və elmi dünyagörüşünün  sakit, təmkinlə və səbirlə təbliğ edilməsini, ikinci dərəcəli ixtilafları hər cür qızışdırmağa yol verməyən şəkildə təbliğ edilməsini ona qarşı qoyacaqdı.

İnqilabçı proletariat dinin dövlət üçün həqiqətən şəxsi iş olmasına nail olacaqdır. Orta əsr kifindən təmizlənmiş bu siyasi quruluşda proletariat,insanların beynini dini mövhumatla doldurmaqda həqiqi mənbə olan iqtisadi köləliyi aradan qaldırmaq üçün geniş,açıq mübarizə aparacaqdır.

“Novaya Jizn”  №28,

3 dekabr 1905-ci il

İmza: N.Lenin

Hazırladı:  Kərim Ağayev                                                                                               

(c) SOLFRONT

 


Oxşar yazılar:

Baxış sayı:10987