abunə ol: Yazılar | Şərhlər | Еmail

Toğrul Abbasov – Günəşli Bazar Ertələri

Şərh

Adının əvvəlinə ilişdirdiyi “yeni” tapıntısıyla kapitalizm, otuz ildən çoxdur ki, qloballaşma mənzumələriylə yuxuya verdiyi dünyanın hər tərəfini ac gözlü qazanc ambisiyaları ilə mühasirəyə alıb. Artıq sərmayənin bütün dünyaya yayılmış dalğalı dənizlərində “sürət” və “mənfəət”dən qaçıb sahilində nəfəs dərə biləcəyimiz sahil qalmayıb. Tək-tük qalanlar da, tənbəl keçmişin ayaq sürüyən artıqları kimi tezcə müasirləşdirilərək dünyayla qucaqlaşacağı günlərin müjdələnməyini gözləyir. Bu dinamikada “dayanmaq yoxdur, daim irəli”. İndi şirkət və korporasiyaların hər an dünyanın fərqli yerində peyda olduğu, hər gün milyonlarla insanı işə götürüb işdən çıxardığı, hər göz qırpımında dibə vurub zirvəyə ucaldığı dövrdür. Ən çox çemodanları ilə fəxr edən sürüşkən bosların dövrü. 19-cu əsrdə qatı olan hər şeyin buxarlandığını yazan Marks bu gün yaşasa, çox güman ki, artıq hər dona girib hər tərəfə əyilə bilən dünyanın elastikliyini də ona əlavə edərdi.

Yeni kapitalizmdə şirkətlər bazarın anlıq hərəkətlərinə cəld reaksiya verə biləcək şəkildə elastikləşdirildikcə, özləriylə birlikdə insan həyatını da onurğasından ayrılmağa məcbur edir. Biraz dayanmaq, kök salmaq, qol budaq atmaq qadağandır. Bizdən istənilən, durmadan yenilənmək, səyyar olmaq, risqə getmək, hər gün rəqabət bacarığımızı artıraraq yırtıcı məxluqlara çevrilməkdir. Bu vəhşi fərdiyyətçilikdən insanlığa düşən pay, ətrafındakı hər kəs və hər şeyə inamını itirmiş, heç kimə etibar etmədən gücü özündə cəmləmiş yadlar sürüsündə təpikləşməkdir. Yeni kapitalizm güvənməyi, bağlanmağı və uzun illərə yayılmış planlar, xəyallar və arzularla yaşamağı mənfəətli görmür. Bunları bacarmayanlar, bacarmaq istəməyənlər, bu şanlı tarixin parlaq üzündə özünə yer tapa bilməyənlərsə yad dünyada sürgünçü həyatı yaşamağa məhkumdur. Bu dar qəfəslərdə hər kəsin çarpdığı dəmirlər eyni ahənglə cingildəyir : Bir başqaları var, bir də sən. Sən, sən, sən…

Neoliberalizm həyatın kəsilmiş damarlarından içəri sızıb hər tərəfə axarkən, çarxlarının acımasızca tullantıya çevirdiyi bir qrup işsiz dostun hekayəsindən bəhs edən İspan filmi

“Günəşli Bazar Ertələri”nə ümidi yoğurmaq üçün təzədən baxdım. İspaniyanın liman şəhərlərindən Viqoda yaşayan və bir Korea şirkətinin yerinə dəniz mənzərəli göydələnlər ucalda bilmək üçün özəlləşdirdiyi limandakı iş yerlərindən qovulmuş bir qrup işçinin hekayəsinə. Birliyin və ayrılığın incə qırmızı xəttinə. 2002-ci ildə çəkilmiş film, İspaniyanın Ken Loçu olaraq da tanınan Fernando Leon De Aranoanın üçüncü filmidir. Çəkildiyi il İspaniyanın ən prestijli mükafatı Qoyanın dörd nominasiyasının qalibi olmağı bacarmış filminin titrində Aranoa :” Bu film olmuş bir hekayəyə deyil, minlərcəsinə əsaslanıb” yazır. Kinosunun fərdi zəfər hekayələri ilə həyatlarımzı simulyasiyaya  çevirən arzu taciri Hollivudun əks qütbündə dayandığının ilk işarəsini belə bildirir. Bir müsahibəsində isə Aranoa “ …icazə verin bu günə kimi küncdə-bucaqda qalmış, qəzetlərdə bir neçə sətrlə yola verilmiş bu insanlar, bir dəfə olsun baş rolu oynasınlar. Jurnallarda başqalarının həyatlarını oxuyan, ay sonunu çətinliklə gətirən, növbəti ayı fikirləşmək belə istəməyənlər…hekayələrimiz, kinolarımız, ümidlərimiz onlardan danışmalıdır” deyir.

Bu filmdə danışır da. Qiyamçı, qəzəbli, kobud, amma bir o qədər saf və təmiz ürəkli Santadan; qadının qazancıyla yaşamağa məcbur olduğu üçün özünü lazımsız bilən Josedən və balıq zavodunda işlədiyindən balıq qoxduğunu fikirləşib tez-tez yuyunub dezodorantlar boşaldan qadını Anadan; oğlunun paltarlarını geyinib saçlarını boyayaraq gənc görünə biləcəyini və işə götürüləcəyini zənn edən, ancaq hər dəfə qocalmış bədənini xəyanətinə ürcah olan Linodan; hər şeyin mənasını itirdiyi dünyada özünü içkidə unutmuş, sakit, ahıl, bilgə Amadordan; kosmonavt olmağın arzusuyla yaşayarkən SSRİ dağıldığı üçün layihəsi ləğv edildiyindən ulduzlar yerinə dünyanın köçərisi olan Sergeyden; bir tikintidə gecə qarovulu olaraq iş tapdığı üçün dostlarına biraz yuxarıdan baxıb acılayan Reinadan; işdən çıxarılma kompensasiyası ilə dostlarından başqa müştərisi olmayan bir bar açan Rikodan və o tənha barın boyalı quşu 15 yaşlı qızı Natadan. Onların hər günü bir Bazar günü qədər sadə, durğun, darıxdırıcı keçən günlərində həyata tutuna bilmək üçün yaşadıqları traji-komik əhvalatlardan.Durğun sudakı dərinlikdən.

Təkcə onlardan da deyil. Uzun iş növbələrinin qorxulu koridorlarında gəzinərək həyata açılan təcili çıxış qapılarını axtaran, hər gün doldurduqları ürküdücü iş blanklarına adlarını yazaraq dünyanın gözündə görünməyə çalışanlardan. Həyatları haqqında deyiləsi çox sözləri olduğuna baxmayaraq, heç nə soruşulmayanlardan. Onların incidilmiş, kövrək qürurlarından. Səadətin sadəcə nağılın qarşı sahilində olduğuna inanan, hər gün o sahilə keçməyin xəyalı ilə yaşayanlardan. Hər gün özlərinə hər şeyin dəyişəcəyini deyənlərdən – sabah…biri gün…bəlkə gələn ay…

…Bir vaxtlar üfüq xətti maviyə çalmış Viqonun kor təbii modernləşmənin ayağı altında necə  boz sənaye kabusuna çevrildiyini seçdiyi sadə görüntülər, baxış bucaqları və məkan seçimləri ilə ustalıqla göstərən rejissorun ən böyük məharəti, o bozumtul dünyada bir-birinə yapışmaq məcburiyyətindəki  işçilərin iç dünyasının rənglərini və istisini hiss etdirə bilməyidir. Kinoda sözlərdən çox görüntülərin gücünə inanan bir kinosevər kimi, bu hissi daha çox səssiz anlarda, kiçik və inandırıcı epizodlarda verməyi bacarmağı, mənim üçün kinonun bir başqa üstünlüyüdür. Deyək ki, küçədə vərəqə paylayarkən buna belə laqeyd yanaşan ötüb keçənlərin arxasınca Santanın yüyürməsi bunun zirvəsidir. Yaxud dəmir-dümür yığını, paslanmış gəmilər arasında onun nəzarətçiylə söhbətləşdiyi o an.”Bu gəmiləri bizə verəcəklər, sabah gəlib özümünkünü aparacağam” deyən Santaya əqli şikəst gözətçinin inanmaqla inanmamaq arasında gedib gələn tərəddütlü uzun baxışı, kinonun güclü dialoqları qədər sarsıdıcıdır.

Ancaq ən əsası, süjet xəttindən çox səhnələr arasındakı mülayim keçidlərlə gücünü artıran filmin, o loş dünyada işçilərin yaxşılıqlarını və pisliklərini, güclərini və zəifliklərini, cəsarətlərini və qorxularını bütöv şəkildə göstərməyə çalışarkən dilini zəhərə bulamadan onları başqalarından fərqləndirə də bilməsidir. Rejissorun pəncərəsindən Viqonun səmasında  parıldayan günəş təkcə onların gözünü qamaşdırır elə bil. Bu günəş altında bircə onlar gülür, bircə onlar duyğulanır, bircə onlar səhvləriylə üzləşmək cəsarətini göstərir. Hər şeyi vaxtlı vaxtında, sistemin qanunlarına uyğun olaraq yaşayan, günlərini müqtədirlərin lazım bildiyi kimi mənalandıran çoxluqdan fərqli olaraq bazar gününün mürgülü günəşini bazar ertəsinə daşımağa da təkcə onların gücü çatır təbii ki. Film boyu iki sahili birləşdirən, amma onlarla çoxluğu ayıran Lady Espana paroxodu kimi çoxluqla onlar arasında yırğalanan rejissorun kamerası da, incə bir pıçıltı ilə bizdən yerimizi seçməyi istəyir. Siz hansı tərəfdəsiz?

Toğrul Abbasov                                                               (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:8444