abunə ol: Yazılar | Şərhlər | Еmail

Ulrike Meinhof

Şərh

8 May 1976-ci il , Stuttgart Stammheim cəza müəssisəsində işgəncə verilərək öldürülüb…

RAF lideri və ideoloji konsepsiyanın müəllifi – teoretik, sosioloq, kommunist  jurnalist Ulrike Meinhof  7 оktyabr 1934-cu il Aşağı Saksoniya, Оldenburq şəhərində doğulmuşdu. Şair–romantik Friedrich Hölderlinin nəslindən olan “itirilmiş nəsillərin”  nümayəndəsi  erkən yaşlarında atası, incəsənət tarixçisi Werner Meinhofu itirir. 1948-ci ildə anasının ölümündən sonra onun tərbiyəçisi ilə tarixçi, pedaqoq, “Almaniya sülh ittifaqı” pasifist partiyasının yaradıcısı  Renate Riemeck məşğul oldu. Gənclik illərində Vera Britten, Bertnad Rassel kimi filosofların əsərləri, pasifist ideyaları ilə elə bu qadının sayəsində tanış olur,  təhsil alır. 1955-ci ildə Fəlsəfə, Sosiologiya, Pedaqogika və Germanşünaslıq üzrə ali təhsil almaq üçün sol yönümlü  Marburq universitetinə daxil olur. 2 il sonra təhsilini Münsterdə davam etdirir.

“Nüvə silahı və demokratiya – bir araya sığmaz. Bu fikrin tam tərsi: Nüvə silahı yarışı və demokratiyanın likvidasiyası bir-birinə məcburi tərzdə cavabdehdir. Kütləvi   qırğın silahları və terror əldən ələ gəzir texniki, təşkilatlanmış və nəhayət, faktiki. Konstitutsiyalarda qeyd olunmuş siyasi proqramlardan məhrum halda (birincisi – sülh, ikinci – azadlıq) başdan ayağa çılpaq qalır. İnsan ləyaqəti təcavüz predmeti olaraq qalır. Və diktatura dövlət quruluşunun tamamilə mümkün formasına çevrilir. XX əsrin ikinci yarısında belə bizim üçün müharibələr gözləniləndir.” (“İnsan ləyaqəti “ «Konkret« ,1962, № 10)

Burada Almaniya Sosial Demokratlar Partiyasının gənclər təşkilatına qoşulur. Açıq şəkildə aktiv siyasi fəaliyyətə 1959-cu ildə radikal sol  “Konkret” jurnalında kolumnist kimi əməkdaşlıqla başlayır. Bir müddət sonra baş redaktor işləyir. Ancaq buna kimi Münsterdə  “Sosialist Alman Tələbələri Birliyi” və “Anti-Atom Ölümü-Komitə“də (Anti-Atomtod-Ausschuss)  nüvə silahı əleyhinə, atom təhlükəsizliyi ilə bağlı çıxışlarına görə bəzi dairələrdə  tanınırdı.

60-cı illərdə  “Almaniya Federativ Respublikasının  mükəmməl qələmi” antifaşist, vətəndaş mövqeyi sərgiləyən, vicdanlı  yazılarıyla  sol intellektualların və daha sonra hər kəsin diqqətini cəlb edir, reputasiya qazanır. Böyük qonararlar alır.  “Ən yaxşı iti və aydın məqalələrinə” (Helma Sanders-Brahms)  görə  “Roza Lüksemburqdan bu yana ən böyük qadın” (Erich Fried)  hesab edirdilər.  Jurnalistin  özünütəsdiqi hələ qarşıda idi.

2 İyun 1967-ci il İran şahı Rza şah Pəhləvinin Berlinə səfərinə etiraz aksiyası zamanı polisin açdığı atəş nəticəsində Benno Ohnesorgun ölümü məcburi radikallaşma  anı oldu. Yeni – Almaniya tarixində 30 illik RAF  dövrü   başlayır .

“Bu bir problemdir və  biz  deyirik, polislər donuzdur, bir daha təkrar edirik: uniformalı bu tip insan deyil, donuzdur. Və belə mübahisəni  çözdük. Bu deməkdir ki, heç bir danışıq aparıla bilməz və ümumiyyətlə bu cür insanlarla danışığa gəlmək doğru olmazdı. Və əlbəttə atəş açıla bilər.”

1967-ci il imperialist  Vyetnam müharibəsinin başlanması ilə  Hoşiminə dəstək yenə ilk olaraq Sol cəbhədən gəldi. Bu arada dünyanın dörd bir yanında kütləvi etirazların eyni vaxtda başlanması gənclərin daha da aktivləşməsinə səbəb oldu. Paris əsas diqqət mərkəzi idi. Ancaq Sol adına əsl dərslər çıxarılası, nümunəvi hadisələr Qərbi Almaniyada, daha sonra İtaliyada (Brigate Rosse və başqa italyan gerilya qrupları) baş verəcəkdi.

“1967-ci ilin payızı Vyetnam uğrunda müharibənin başlanğıcı gücün eskalasiyası solçu hərəkatlar üçün dünyanın hər yerində  siqnal oldu… ABŞ-ın apardığı müharibə bütün cizgiləriylə imperialist xarakter  daşıyır və onların dünya hökmranlığının təsdiqinə  xidmət etməlidir: Asiya, Afrika, Avropa və Cənubi Amerika. Sual yaranır: bu müharibəyə qarşı etirazın sadə ifadəsi demokratik özünüdərk haqda danışa bilərmi? Qadın və uşaq ölümü, xəstəxana və məktəblərin dağılması, əkin sahələrinin və önəmli sənaye yerlərinin məhvi,  “onlar mərhəmət üçün yalvarana qədər” davam edəcək – bütün bunlar ki, öz vertolyotlarını Vyetnama  göndərən polisin icazəsilə keçiriləcək  nümayişlərin effektliyi haqda sual  qoyur və heç bir halda imkan verilmir ki, nümayişlər həqiqətən siyasi qərarların qəbuluna təsir etsin.”

“Necə olmasından asılı olmayaraq, axırıncı aylar məhz tələbələrə Vyetnamdakı müharibəyə qarşı öz etiraz aksiyaları ilə (qərbi) Almaniya mətbuatının boykotunu qırmağa, geniş kütlələrin diqqətini bu nümayişlərinə yönəltməyə müəssər olur. Bugün ilk növbədə tələbələr müxalifətin fəaliyyətinin yeni metodlarını hazırlayır – üzərinə “psevdoliberal” etiketini yapışdırmaq mümkün olmayan metodlar və susmağı bacarmayan metodlar. Məhz tələbələr Vyetnamda müharibəni təqdir edənləri oyatdılar, onlar bu fövqəladə hallar haqda Qanunu tələb edərək öz əsl içlərini çöldə qoyan adamlar idilər. Onlar polis dəyənəklərindən başladılar, indisə artıq  Sosialist Alman Tələbələr İttifaqı qadağasını və aktivist tələbələrin siyasi radikallıqla cinayatkar davranışı  arasındakı cizgini keçdikləri bəhanəsi ilə universitetlərdən qovulmasını tələb edirlər.

Əlbəttə belə nəticə çıxır, cinayət – qadın, uşaq və qocalara napalm bomba atmaq yox, əksinə buna qarşı etiraz etmək imiş. Cinayət əkin sahələrini məhv etmək yox – milyonları aclıqdan ölməyə məhkum etmək yox, əksinə buna qarşı etiraz etmək imiş.

Elektrik stansiyaları, cüzam mərkəzləri, məktəb və bəndləri dağıltmaq yox, əksinə buna qarşı etiraz etmək imiş. Cənubi Vyetnmda “xüsusi təyinat hissələri” tərəfindən edilən terror və işgəncələr yox, əksinə buna qarşı etiraz etmək imiş. Azad iradənin Cənubi Vyetnamda  boğulmaması, qəzetlərə qadağa, buddistlərin təqib edilməsi yox, amma “azad” ölkədə buna qarşı etiraz  etmək demokratik deyilmiş.

Günahları ucbatından kəndlər yer üzündən birdəfəlik  silinir, şəhərlər bombalanır, bütünlükdə siyasətçiləri rəsmi vizitlə qəbul etmək yox, politiklərə pudinq və kəsmik atılması “etikadan kənar hərəkət” hesab olunur. Bütün xalqın “kommunizmlə mübarizə” bəhanəsilə kolonizasiyası yox, vağzal və küçə qovşaqlarında vyetnam xalqının əziyyəti haqda diskussiyalar aparmaq  “etikadan kənar hərəkət” hesab olunur. ” (Napalm və pudinq. «Konkret« 1967, № 5. Məqalə ABŞ vitse prezidenti Hubert Humphrey in 1967-ci ildə Qərbi Almaniyaya səfəri zamanı insident ilə bağlı yazılmışdır.  “Kommuna № 1”dən 11 tələbə  Vyetnam müharibəsinə etiraz əlaməti olaraq Humphreyə pudinq atmışdı. Bu simvolik aksiya növbəti günlər ABŞ  burjua mətbuatında terror aktı-ABŞ vitse prezidentinə bomba atmaq cəhdi kimi verilmişdir.)

 

Sözdən Əmələ. Etirazdan müqavimətə.

"Springer" nəşriyyat evi qarşısında aksiya zamanı güclü yanğın və şüşələrinin sınması..

“Cəmiyyətdə nəhayət dözülməz halları yalnız dözülməzlik adlandıran yox, həm də əleyhinə çıxıb Springer və əlaltılarını tərkisilah edən güc var. Ən son sübut etdik ki, imtina etdiklərimizdən savayı digər vasitələr də – nümayişlər, Springer ilə bağlı dinləmə, etiraz təşkili əlimizdən gəlir. Bir halda ki, Rudi Dutschkeyə sui-qəsdin qarşısı alına bilinmədi və «Sitte & Anstand» (sakitlik və asayiş) qandalları qırıldı, yenidən zorakılıq və əks-zorakılıq (cavab) mövzusu müzakirə edilə bilər və edilməlidir. Pasxa günlərində təcrübədən keçirilən əks-zorakılığın qorxaq Liberallarda «Außerparlamentarischen Opposition»a (abreviatura APO – Parlamentdən Kənar Müxalifət) simpatiya oyatmaq məqsədi yoxdu. Əks-zorakılıq təhlükəyə aparır. Və bu, polis qəddarlığının davranış kodeksini müəyyənləşdirdiyi, düşünən rasionallığın aciz qəzəbi əvəz etdiyi, polisin silaha əl atdığı yerdə, silahlı vasitələrlə cavab zorakılığına çevrilməlidir (ekvivalent cavab olmalıdır). Isteblişment, “yuxarıdakı cənablar” – Rudi ilə danışmaq üçün – partiyalar, hakimiyyət və ittifaqlar anlamalıdır ki, yalnız bir yolla- «Springer» müsadirə etməklə uzun müddət “istehsal etdikləri” «Ruhe & Ordnung»u (sakitlik və asayiş) saxlamaq olar.
Əyləncə qurtardı. “Etiraz odur ki, mən bəyan edirəm: bu və bu məni təmin etmir. Müqavimət odur ki, məni təmin etməyənlərin mövcudluğuna son qoymaq üçün hərəkət edirəm…” (“Etirazdan Müqavimətə” «Konkret«, 1968, № 5.)


RAFin  yaranması

Təşkilat 1968-ci ildə Andreas Baader, Gudrun Enslin, Horst Mahler, Yan-Karl Raspe, İmgrad Möller və başqaları tərəfindən artıq formalaşmışdı. Təbii ki aralarında Ulrike Meinhof olmaqla. Frankfurt ticarət  mərkəzində  yanğına görə Andreas Baader həbs olunur. 1970-ci ilin 14 mayı Baaderin azad edilməsi aktı təşkilatın simvolik rəsmi yaranma tarixinə  çevrilir. Bunda Meinhofun  rolu böyük  idi. ” Hədəf bir məhkumu dövlər aparatının pəncələrindən quratmaq idi ki, bu bir gerilla işiydi.” 15 iyun 1972-ci ildə həbs olunaraq, ilk siyasi məhbus kimi “Köln- Ossendorf” cəza evinə gətirilir. Total təcrid və icgəncələrlə sensor depresiyaya salmaqla yuxarıların “dövlət terroru” başlanır. 1973-cü ildə “ölü korridorlara” və təkhücrəli türmə kameralarına etiraz edərək RAF üzvləri quru aclığa başlayır (kaxeksiyadan Holger Meins vəfat edir!). Şərait müvəqqəti yaxşılaşdırılsa da, 1975-ci ildən RAF barəsində böyük iş qaldırıldıqdan sonra yenidən dözülməz işgəncələr başlanılır. 1976-cı ilin 8 mayı onun intihar etdiyi haqda sonradan KİV informasiya yayır. Bəzi sənədlərdə isə 9 may qeyd olunur. İstənilən halda faşizm üzərində qələbəni qeyd edən sol intellektualın bu günlərdə “intiharı” faktı  qəbul edilməzdir və ciddi  nəzarət altında saxlanılan “terror”çunun “intihar”ın   şəraiti – “4 metrlik hündürlükdən özünü asmaq” (sonra versiya dəyişdirilir ki, nəfəslikdən özünü asıb), tibbi ekspertiziyanın nəticələri, məktublar  hər şeyi aydınlaşdırırdı. Əsas  motivi kimi isə KİV bir müddət müxtəlif versiyada yalanlar uydurur. Ən son “intihar” digər RAF üzvləri arasında gərgin münasibətlərlə əlaqələndirilir (Bir neçə ay sonra birinci nəsil RAFin  digər üzvləri də “intihar edəcək”).

“Çox özündənrazı görünürsünüz! Amma sanmayın ki, bu beləcə davam edəcək! Kin və nifrət böyük gəminizin maşını dairəsində tər tökən insanlarla birləşəcək, bilirəm. İspan, türk, kürt, yunan, ərəb, italyan gəlmələr və Avropanın bütün əzilənləri… və bütün qadınlar, əzildiyinin, təhqir, istismar  olunduğunun fərqinə varan olan bütün qadınlar niyə burada olduğumu və məni niyə öldürmək istədiyinizi anlayacaqlar… Türmə gözətçiləri, hakimlər, siyasətçilər – heç biriniz maraqlı  deyilsiniz. Əsla məni dəli edə bilməyəcəksiniz! Məni sağlam öldürəcəksiniz… Mükəmməl bir ruh və mükəmməl bir beyinlə. Beləcə hərkəs qatillərin dövləti və qatillərin höküməti olduğunuzu başa düşəcək! Hər kəs sosial demokratiyanın nəyə bənzədiyini anlayacaq!… İndidən cəsədimi qaçırıb saxlamanızı, qapını vəkillərimə bağlamanızı görən kimiyəm. “Ulrike Meinhof özünü asdı” deyəcəksiniz. Qanlı əllərinizlə qapıları üzlərinə  bağlayacaq və foto şəkillər çəkməyi, sual verməyi qadağan edəcəksiniz. İcazəsiz deyəcəksiniz, cəsədi yoxlamaq qadağandır! Sual vermək, düşünmək, təxmin etmək olmaz!! Olmaz!!… Amma  öz qorxunuza qadağa qoya bilməyəcəksiniz! Hər qatilə xas qorxunu qadağan etmək mümkünsüzdür!
Cəsədim bir dağ kimi ağır olacaq… Yüz min və yüz min… yüz minlərcə qadın qolu bu nəhənglikdə dağı qaldırıb çiyinlərinə alarkən sizin oturduğunuz o saxta taxtı silkələyəcək, dəhşət dolu bir qəhqəhə çəkəcəklər!… və həmişə birlikdə daxilən qışqıracaqlar : Ulrike Meinhof’u öldürə bilməyəcəksiniz” (Mario Krebs: Ulrike Meinhof – Ein Leben im Widerspruch (“Bir ömür müqavimət“ kitabı). Həbsxana məktubundan)

 

Scherif  Abde (c) SOLFRONT


 

 

 

Oxşar yazılar:

Baxış sayı:17876