abunə ol: Yazılar | Şərhlər | Еmail

Albert Eynşteyn – “Niyə sosializm?” (1949)

Şərh

Albert Eynşteynin “Niyə sosializm?” essesi Pol Suizinin xahişi ilə (tanınmış amerikan marksisti – siyasi iqtisadçısı, inhisarçı kapitalizm nəzəriyyəsinin yaradıcısı) indi ABŞ – ın ən iri və qədim marksist jurnallarından olan “Aylıq icmal” (“Monthly Review”, may 1949) jurnalının ilk sayı üçün yazılmışdır.


Albert Eynşteyn

Niyə sosializm?

(1949)

İqtisadi və sosial məsələlərdə mütəxəssis olmayan birinin sosializm haqqında fikir söyləməyi düzgündürmü? Düşünürəm ki, bir çox səbəblərdən düzgündür.

Gəlin əvvəlcə məsələni elmi bilik nöqteyi – nəzərindən araşdıraq. Elə görünə bilər ki, iqtisadiyyat və astronomiya arasında vacib metodoloji fərqlər yoxdur. Hər ikisində də alimlər müəyyən hadisələr qrupu üçün ümumi qanunlar kəşf etmək istəyirlər ki, onlar arasındakı əlaqələri daha aydın anlasınlar. Əslində isə metodoloji fərqlər mövcuddur. İqtisadiyyat sahəsində ümumi qanunların kəşfini belə bir vəziyyət çətinləşdirir ki, müşahidə olunan iqtisadi hadisələr bir çox amillərin təsirinə məruz qalırlar. Onlardan hər birini ayrılıqda qiymətləndirmək çox çətindir.

Həm də məlumdur ki, insanlıq tarixinin sivilizasiyalı dövründən bəri toplanan təcrübə əhəmiyyətli dərəcədə təbiətcə qeyri – iqtisadi səbəblərlə məhdudlaşdırılmış və onların təsirinə məruz qalmışdır. Məsələn, bir çox qüdrətli dövlətlər öz yaranmalarına görə fəthə borcludurlar. Fateh – xalqlar özlərini hüquqi və iqtisadi cəhətdən həmin ölkənin hakim sinfi edirdilər. Onlar özlərinə torpaqlara sahib olma, inhisarçı hüququ verirdilər və rahibləri yalnız öz sıralarından seçirdilər. Təhsil üzərində nəzarət əllərində olan bu rahiblər cəmiyyətin sinfi bölgüsünü daimi etdilər və insanların öz ictimai fəaliyyətlərində çox vaxt şüursuz şəkildə əməl etdikləri dəyərlər sistemi yaratdılar.

Bu tarixi ənənə öz qüvvəsini saxlayır. Biz heç yerdə Torsten Veblenin insanın inkişafının “yırtıcı fazası” adlandırdığı amilə qalib gələ bilməmişik. Mövcud iqtisadi faktlar ona aiddir və bu faktlardan çıxara biləcəyimiz qanunlar digər fazalara tətbiq edilə bilmir. Sosializmin məqsədi insanın inkişafının yırtıcı fazasını daha yüksək mərhələ üçün aradan qaldırmaq olduğundan, iqtisad elmi öz müasir vəziyyətində gələcəyin sosialist cəmiyyətinin xüsusiyyətlərini müəyyən etmək iqtidarında deyil.

İkincisi, sosializm sosial – etik məqsədə yönəlmişdir. Elm isə məqsəd yaratmaq iqtidarında deyil. Həm də insanda bu məqsədləri tərbiyə etmək iqtidarında da deyil. Ən yaxşı halda, elm müəyyən məqsədlərə çatmaq üçün vasitələr təqdim edə bilər. Amma məqsədlər yüksək etik idealları olan insanlar tərəfindən yaradılır. Əgər bu məqsədlər ölü doğulmuş deyil və həyati qüvvəyə malikdirlərsə, onları elə insanlar qəbul edir və gerçəkləşdirir ki, onlar yarışüurlu şəkildə cəmiyyətin təkamülünü müəyyənləşdirirlər.

Ona görə də biz diqqətli olmalı, insan problemləri məsələlərində elmin və elmi metodların rolunu şişirtməməliyik. Həm də belə güman etmək lazım deyil ki, yalnız ekspertlərin cəmiyyətin təşkili mövzularına toxunan məsələləri mühakimə etmək hüquqları vardır.

Budur, bir çox insanlar iddia edirlər ki, insan cəmiyyəti böhran vəziyyətindədir və stabilliyi itirmişdir. Belə vəziyyət üçün xarakterikdir ki, insanlar mənsub olduqları kiçik və ya böyük qruplara laqeydlik və ya düşmənçiliklə yanaşırlar. Öz şəxsi təcrübəmdən bir nümunə gətirirəm. Bu yaxınlarda mənim fikrimcə, insanlığın mövcudluğu üçün böyük təhlükə yaradacaq yeni müharibə haqqında çox ağıllı və xoşniyyətli bir insanla müzakirə edirdim. Mən qeyd etdim ki, yalnız fövqəlmilli bir təşkilat belə bir təhlükədən mühafizə edə bilər. Buna cavab olaraq mənim həmsöhbətim sakit və soyuq şəkildə dedi: “Siz nə üçün insan irqinin məhv olmasının qəti şəkildə əleyhinəsiniz?”

Mən əminəm ki, hələ 100 il əvvəl heç kim asanca belə bir bəyanat verə bilməzdi. Bunu öz daxilində uğursuz şəkildə tarazlıq axtaran və uğura ümidini itirmiş bir insan etdi. Bu, bizim günlərdə bir çox insanın əziyyət çəkdiyi əzablı yalnızlıq və təcridolunmanın ifadəsidir. Bunun səbəbi nədir? Çıxış varmı? Belə suallar vermək asandır, müəyyənliklə cavab vermək isə çətindir. Buna baxmayaraq mən bu suallara gücüm çatdığı qədər cavab verməliyəm, amma bilirəm ki, bizim hisslərimiz və səylərimiz ziddiyyətlidir və aydın deyil və onları asan və sadə formullarla açıqlamaq olmaz.

İnsan eyni zamanda yalnız və ictimai varlıqdır. Yalnız varlıq kimi, o, özünün və ona yaxın olan insanların mövcudluğunu qorumağa çalışır, öz istəklərini ödəməyə və anadangəlmə bacarıqlarını inkişaf etdirməyə çalışır. İctimai varlıq kimi insan digərlərinin rəğbət və sevgisini axtarır, onların həzlərini bölüşdürməyə, bədbəx hadisələr zamanı ürək – dirək verməyə, yaşayış vəziyyətini yaxşılaşdırmağa çalışır.

Məhz fərqli, bir – birinə zidd olan meyllərin mövcudluğu insanın xüsusi xarakterini ayırd edir, onların müəyyən kombinasiyası isə insanın nail ola biləcəyi daxili tarazlığın, həm də cəmiyyətin rifahına mümkün töhfəsinin dərəcəsini müəyyən edir. İstisna deyil ki, bu iki meylin nisbəti əsasən, nəsildən nəslə ötürülür. Amma şəxsiyyətin formalaşması, son nəticədə, insanın inkişaf etdiyi ətraf mühit, onun böyüdüyü cəmiyyətin quruluşu, ənənələri və cəmiyyətin bu və ya digər davranış tipinə verdiyi qiymətlə baş verir.

Bir insan üçün abstrakt “cəmiyyət” anlayışı öz müasirləri və keçmiş nəslin bütün nümayəndələri ilə birbaşa və ya dolayı münasibətlər məcmusu deməkdir. İnsan düşünməyə, hiss etməyə, arzu etməyə və özbaşına işləməyə qadirdir. Amma öz fiziki, əqli və emosional mövcudluğunda insan o qədər cəmiyyətdən asılıdır ki, ondan kənarda insanı təsəvvür etmək, başa düşmək mümkün deyil. Məhz “cəmiyyət” insanı qida, geyim, yaşayış, istehsal alətləri, dil, fikir formaları və onun məzmunun böyük hissəsi ilə təmin edir. Onun həyatı “cəmiyyət” adlı kiçik sözün arxasında gizlənən milyonların keçmiş və gələcəkdəki əməyi və nailiyyətləri sayəsində mümkün olmuşdur.

Ona görə də aydındır ki, insanın cəmiyyətdən asılılığı arılar və qarışqalardakı kimi təbii faktdır ki, bunu ləğv etmək olmur. Amma arıların və qarışqaların həyat prosesləri ən xırda detallarına qədər onların sərt təbii instinktlərlə idarə olunduğu halda, insanların sosial davranış və qarşılıqlı əlaqələrinin tipi çox fərqlənir və dəyişikliklərə məruz qalır.

Yaddaş, yeni kombinasiyalar yaratmaq qabiliyyəti, nitq ünsiyyəti insanlıq üçün bioloji zərurətlə diktə olunmayan həyat fəaliyyəti formalarını mümkün etmişdir. Onlar ənənələr, ictimai institutlar və təşkilatlarda; ədəbiyyatda; elmi və mühəndis nailiyyətlərində; incəsənət əsərlərində əks olunur. Bunu, insanın həyatına öz davranışı ilə necə təsir etməsi və bu prosesdə şüurlu düşüncə və istəklərin iştirak etməsini izah etmək olar.

Doğulduğu zaman insan müəyyən bir bioloji konstitusiyanı irsən alır ki, biz bunu müəyyən edilmiş və dəyişməz qəbul edirik və ona insan nəslinə məxsus olan təbii meyllər daxildir. Buna əlavə olaraq insan ömrü boyu cəmiyyətdən ünsiyyət və digər təsir vasitələri ilə müəyyən mədəni konstitusiyanı da əldə edir. Məhz bu mədəni konstitusiya zamanla dəyişir və yüksək dərəcədə insan və cəmiyyət arasındakı münasibətləri müəyyən edir.

Müasir antropologiya primitiv mədəniyyətlərin müqayisəli tədqiqinin köməyilə bizə öyrədir ki, insanların ictimai davranışı yüksək dərəcədə fərqlənə bilər və mövcud cəmiyyətdə dominantlıq təşkil edən mədəni modeldən və ya təşkil tipindən asılıdır. İnsanın taleyini yaxşılaşdırmağa səy göstərənlərin ümidləri də məhz buna əsaslanır. İnsan varlıqları bioloji konstitusiyaları ilə qarşılıqlı məhv edilməyə və ya səbəbi özlərində olan qəddar taleyin mərhəmətinə məhkum deyildirlər.

Əgər biz özümüzdən insan həyatını daha qaneedici etmək üçün cəmiyyətin sosial quruluşunun və insan mədəniyyətinin necə dəyişdirilməli olduğunu soruşsaq, biz unutmamalıyıq ki, dəyişdirə bilmədiyimiz müəyyən şərtlər vardır.

Artıq deyildiyi kimi, insanın bioloji təbiəti dəyişdirilə bilməz. Bundan başqa, son yüzilliklərin texnoloji və demoqrafik prosesləri elə bir şərait yaratmışlar ki, o, bizimlə uzun müddət qalacaqdır. Mövcudluğu əmtəə istehsalından asılı olan əhalinin yüksək sıxlığı şəraitində əmək bölgüsünün müstəsna dərəcəsi və yüksək təmərküzləşmiş istehsal aparatı mütləq zəruridir. İndi bizə idillik kimi görünən, ayrı – ayrı insanların və ya bir neçə qrupun tamamilə özünü təmin etdiyi vaxtlar artıq keçən əsrlərdə qalmışdır. İndi insanlığın istehsal və istehlakda vahid planetar cəmiyyət olduğunu demək mübaliğə olmaz.

İndi isə mən qısaca müasir böhranın mahiyyəti haqqında öz fikrimi deyə bilərəm. İnsan əvvəldə heç vaxt olmadığı kimi cəmiyyətdən asılığını hiss edir. Ancaq o, bu asılılığı rifah, təbii əlaqə, onu qoruyan qüvvə kimi deyil, daha çox onun təbii haqlarına və hətta onun iqtisadi mövcudluğuna təhlükə kimi hiss edir.

Bundan başqa, onun cəmiyyətdəki vəziyyəti elədir ki, daxilində mövcud olan eqoist instinktlər müntəzəm olaraq qabardılır, daha zəif olan sosial instinklər deqradasiyaya uğrayır. Cəmiyyətdə hansı yeri tutmasından asılı olmayaraq bütün insanlar bu deqradasiya prosesindən əziyyət çəkirlər.

Dərk etmədən öz eqoizminin əsiri olanlar təhlükə görür, özlərini yalnız, həyatın sadə zövqlərindən məhrum hiss edirlər. İnsan nə qədər qısa və təhlükəli olmasına baxmayaraq, öz həyatının mənasını cəmiyyətə həsr etməkdə tapa bilər.

Bu zülmün həqiqi mənbəyi, mənim fikrimcə, kapitalist cəmiyyətinin iqtisadi anarxiyasıdır. Biz qarşımızda üzvləri daha çox bir – birlərini öz kollektiv əməklərinin meyvələrindən məhrum etməyə çalışan nəhəng istehsal cəmiyyəti görürük. Bunu güclə yox, daha çox qoyulmuş qanunlara riayət etməklə edirlər. Burada başa düşmək vacibdir ki, istehsal vasitələri, yəni istehlak və kapital əmtəələrinin istehsalı üçün zəruri olan istehsal gücləri ayrı – ayrı şəxslərin xüsusi mülkiyyəti ola bilərlər və bir çox hallarda elədir.

İfadə sadəliyi üçün mən istehsal vasitələrinə sahib olmayanları “işçi” adlandıracam, baxmayaraq ki, bu terminin istifadəsi bir o qədər uyğun deyildir. İstehsal vasitələri sahibi işçinin iş qüvvəsini almaq imkanına malikdir. İstehsal vasitələrini istifadə edərək bu işçi yeni məhsul istehsal edir ki, bu kapitalistin mülkiyyəti olur. Bu prosesdə ən əsası, əgər hər ikisini həqiqi dəyərlə ölçsək, işçinin istehsal etdiyi ilə ona ödənilən arasındakı nisbətdədir. Əmək müqaviləsi “azad” olduğuna görə, işçinin əldə etdiyi onun istehsal etdiyi məhsulun həqiqi dəyəri ilə deyil, onun minimal ehtiyacları və kapitalistin işçi qüvvəsinə olan tələbi ilə iş yerləri üçün aralarında rəqabət aparan işçilərin sayının nisbəti ilə müəyyən olunur. Başa düşmək vacibdir ki, hətta nəzəriyyədə də işçinin əmək haqqı onun tərəfindən istehsal olunanla müəyyən olunur.

Şəxsi kapitala az adamların əlində konsentrasiya tendensiyası xasdır. Bu, qismən kapitalistlər arasındakı rəqabətlə, qismən də onunla əlaqədardır ki, texniki inkişaf və dərinləşən əmək bölgüsü azlığın hesabına daha böyük istehsal vahidlərinin əmələ gəlməsinə səbəb olur. Bu proseslərin nəticəsində kapitalist oliqarxiyası əmələ gəlir ki, demokratik təşkil olunmuş cəmiyyət onun qorxunc hakimiyyətini məhdudlaşdıra bilmir.

Bu ona görə baş verir ki, qanunverici orqanların üzvləri siyasi partiyalardan seçilirlər, onlara isə bu və ya digər halda xüsusi kapitalistlər ya təsir edir, ya da onları maliyyələşdirirlər ki, bununla onlar praktiki olaraq elektorat və qanunverici sfera arasında dayanırlar. Nəticədə isə xalq nümayəndələri əslində, əhalinin imtiyazlı olmayan qatlarının maraqlarını kifayət qədər təmsil etmirlər.

Bundan başqa, mövcud şəraitdə xüsusi kapitalistlər, qaçılmaz olaraq birbaşa və ya dolayı yolla əsas informasiya mənbələrinə (mətbuat, radio, təhsil) nəzarət edirlər. Beləliklə, hər bir vətəndaş üçün obyektiv nəticələrə gəlmək və öz siyasi haqlarından şüurlu olaraq istifadə etmək çox çətin, bir çox hallarda isə mümkün deyil.

Xüsusi kapitalist mülkiyyətinə əsaslanan mövcud iqtisadi vəziyyətdə iki əsas prinsip fərqləndirilir: birincisi, istehsal vasitələri xüsusi mülkiyyətdir və onun sahibləri onlara istədikləri kimi sərəncam verə bilərlər; ikincisi, əmək müqaviləsi azad şəkildə bağlanılır.

Əlbəttə ki, bu mənada xalis kapitalizm deyə bir şey mövcud deyildir. Xüsusilə qeyd etmək lazımdır ki, uzun və sərt siyasi mübarizələr nəticəsində işçilər çalışanların müəyyən kateqoriyası üçün qismən yaxşılaşdırılmış “əmək müqaviləsi” əldə etməyə nail olmuşlar. Amma ümumilikdə, müasir iqtisadiyyat “xalis kapitalizm”dən az fərqlənir.

İstehsal istehlak məqsədi ilə deyil, mənfəət məqsədilə gerçəkləşdirilir. Heç bir zəmanət yoxdur ki, işləyə bilən və işləmək istəyən hər kəs həmişə iş tapmağa müvəffəq olacaqlar. Demək olar ki, həmişə “işsizlər ordusu” mövcuddur. İşçi həmişə iş yerini itirmək qorxusu ilə yaşayır.

İşsizlər və aşağı əmək haqqı alan işçilər mənfəətli satış bazarı təşkil etmədikləri üçün, əmtəələrin istehsalı məhdudlaşdırılmışdır ki, bu da ağır məhrumiyyətlərə gətirib çıxarır.

Texniki proqres hamı üçün işin ağırlığını yüngülləşdirmək yerinə, çox hallarda ardınca işsizliyi gətirir. Mənfəətə meyl ayrı–ayrı kapitalistlər arasında rəqabətlə birlikdə kapitalın yığımı və istifadəsində ağır depressiyalara səbəb olan qeyri–stabillik yaradır.

Qeyri–məhdud rəqabət dəhşətli əmək xərclərinə və artıq mənim dediyim kimi, ayrılıqda şəxsiyyətin ictimai şüurunun şikəst edilməsinə gətirib çıxarır. Şəxsiyyətin bu şikəst edilməsini mən kapitalizmin ən böyük zülmü hesab edirəm. Bizim bütün təhsil sistemimiz bu zülmdən əziyyət çəkir. Bizdə təhsil alanlara rəqabətə meyl aşılanır; karyeraya hazırlıq kimi onları əldə etmə uğuruna sitayiş etməyi öyrədirlər.

Mən inanıram ki, bütün bu zülmlərdən qurtulmağın yalnız bir yolu vardır, o da ictimai məqsədlərə nail olmağa istiqamətlənmiş müvafiq təhsil sistemi olan sosialist cəmiyyətin yaradılmasıdır. Belə iqtisadiyyatda istehsal vasitələri cəmiyyətə məxsusdur və planlı şəkildə istifadə edilir.

İstehsalı cəmiyyətin tələbatı ilə tənzimləyən plan iqtisadiyyatı zəruri əməyi cəmiyyətin işləyə bilən bütün üzvləri arasında bölüşdürər və hər bir kişi, qadın və uşaq üçün yaşama haqqı zəmanəti verərdi.

Onun təbii tələbatlarının inkişafı ilə yanaşı, insanın təhsili qarşısına məqsəd kimi bizim cəmiyyətdə mövcud olan uğur və hakimiyyətin tərənnümünü deyil, insanda digərləri üçün məsuliyyət hissinin inkişafını qoyardı.

Yadda saxlamaq zəruridir ki, plan iqtisadiyyatı hələ sosializm deyil. Öz-özlüyündə o, insanın tam məhkumluğu ilə müşayiət oluna bilər. Sosializmin qurulması mürəkkəb ictimai-siyasi problemlərin həllini tələb edir: siyasi və iqtisadi təmərküzləşmə dərəcəsini nəzərə alaraq bürokratiyanın hökmran olmamasının qarşısını necə almalı, insan haqlarını, onunla birlikdə bürokratik hakimiyyətə əks olaraq demokratik haqları necə təmin etməli?

Sosializmin məqsədləri və problemlərinə münasibətdə aydınlıq bizim keçid dövründə böyük əhəmiyyətlə malikdir.

İndiki zamanda bu problemlərin azad, maneəsiz müzakirə edilməsi güclü tabu altında olduğuna görə, bu jurnalın çapını vacib ictimai iş sayıram.

Albert Eynşteyn (“Monthly Review”, may 1949)

                                              (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:28282