abunə ol: Yazılar | Şərhlər | Еmail

Dar Ağacında Üç Fidan

Şərh

Dar Ağacında Üç Fidan


Vyetnam qəssabı olaraq tanınan Robert V. Komerin 1968-ci ildə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri təyin olunması Türkiyə ictimaiyyətinin etirazına səbəb oldu. Ankara, İstanbul, İzmir başda olmaqla Türkiyənin hər tərəfində buna qarşı etiraz aksiyaları keçirildi. Bu etirazların birndə 6 Yanvar 1969-cu ildə Komerin maşını sosialist tələbələr Sinan Cemgil, Hüseyin İnan, Mustafa Taylan Özgür, Yusuf Aslan, Seçkin İnceefe, Halil Çelimli, Tuncay Çelen, Sabit Big tərəfindən yandırıldı. Bu hadisədən sonra 23 Sentyabr 1969-cu ildə İstanbul Universiteti Tələbə Birliyinin konqresi zamanı Mustafa Taylan Özgürün arxadan vurularaq ve daha sonra polis idarəsində döyülərək öldürülməsi vəziyyəti daha da gərginləşdirdi.

1970-ci ilin dekabrında daha bir tələbənin – İlek Mansuroğlunun Ankarada Universitetinin önündə güllələnərək öldürülməsi tələbələrin səbr kasasını daşıran hadisə oldu.

Bu hadisələrdən sonra Ankara və İstanbullu tələbələr başda olmaqla, bir qrup sosialist düşüncəli gənclər tərəfindən Türk Xalq Qurtuluş Ordusu (THKO) yaradıldı. THKO-nun iki əsas mərkəzi var idi: Ankara və İstanbul mərkəzi.

Ankara mərkəzinin əsas simaları Yaxın Şərq Texniki Universitetinin (ODTÜ) tələbələri Sinan Cemgil, Hüseyn İnan, Yusuf Aslan idi.

İstanbul mərkəzinə isə İnqilabçı Hüquqçular Təşkilatı (DHÖ) (30 Yanvar 1968-ci ildə Dəniz Gəzmiş tərəfindən yaradılmışdı) və İnqilabçı Tələbə Birliyi  (DÖB) (Oktyabr 1968-ci ildə Dəniz Gəzmiş və yoldaşları tərəfindən yaradılmışdı) təşkilatlarının fəal liderləri Dəniz Gəzmiş və Cihan Alptekin rəhbərlik edirdi.

Dəniz Gəzmiş 1966-cı ildən bir çox etiraz aksiyalarında iştirak etməyə başladı. İlk dəfə 31 Avqust 1966-ci ildə Ankaradan İstanbula yürüyüş edən Çorum Bələdiyyəsi təmizlik işçilərinin etiraz aksiyasına qatıldığı üçün həbs edildi. Bundan sonra da etiraz aksiyalarında iştirak etməyə davam etdi və bir neçə dəfə həbs edildi. 1968-ci ilin yazında universitetdə çıxış edən dövlət başçısına etiraz etdiyi üçün həbs edildi. 1969-cu ilin İyununda haqqında həbs qərarı omasına baxmayaraq Fələstinə getdi və orada gerilla dərsləri aldı. Qayıdandan sonra 20 Dekabr 1969-cu ildə həbs edildi və dostu Cihan Alptekinlə birlikdə 18 Sentyabr 1970-ci ilə qədər həbsdə qaldı.

Həbsdən çıxdıqdan sonra Sinan Cemgil və Hüseyn İnanla birlikdə Türk Xalq Qurtuluş Ordusunu (THKO) yaratdılar və bundan sonra tələbə hərəkatlarından uzaqlaşaraq mübarizələrini başqa formada davam etdirməyə başladılar.

11 Yanvar 1971-ci ildə Deniz Gezmiş dostları ilə birlikdə THKO adına Ankara İş Bankının soyğununu həyata keçirtdilər.

4 Mart 1971-ci ildə 4 amerikan əsgərinin qaçırılmasında iştirak etdilər. Qaçırılan əsgərlər daha sonra buraxıldılar.

12 Mart 1971-ci ildə Yusuf Aslan və Dəniz Gəzmiş Sivasa gedərkən yolda tutulurlar.

Dəniz Gəzmiş tutularaq Ankaraya gətirildikdən sonra Daxili İşlər Naziri Hadun Menteşoğlu ilə birlikdə mətbuat qarşısına çıxarıldı. Mətbuat nümayəndələri qarşısında yaşanan dialoq:

–   Baxın, bu pajmürdə görünüşlü adam Türk Xalq Qurtuluş Ordusunun komandanı imiş, yaxşı baxın görümüşünə, qiyafəsinə, sifətinə.

–       Mən Türk Xalq Qurtuluş Ordusunun komandanı yox, nəfəriyəm.

–       Sən qəhrəmansan?

–  Siz də qəhrəman olmaq üçün istefa etdiniz, elə deyilmi? Siz Dəmirəlin adamısınız, mən Türk Xalq Qurtuluş Ordusunun (12 Mart əsgəri müdaxilə nəticəsində istefa verməyə məcbur qalan Dəmirəl hökumətinə ehyam vurur).

–       Hara gedirdiniz?

–       İnqilaba…

–     (əli ilə divardakı xəritədə Sivası işarə edərək) İnqilab o tərəfdədir?

–   İnqilabın o tərəfi, bu tərəfi yoxdu, inqilab hər tərəfdən gələr.

–       Türkiyənin bir ordusu var, o da Türkiyə Cümhuriyyətinin ordusu.

–       O görə Dəmirəl və sənin kimilər dərhal istefa etdiniz?

Nazir hirslənir. Dəniz onun üzərinə yeriyir. Nazir özünü itirərək geri çəkilir.

–       (kəkələyərək) Gö-gö-götürün bunu.

–       (Dənizi qollarından tutub sürüyərək otaqdan çıxarırlar) Göstərəcəyik sənə də, sənin kimilərə də, Amerikanın etibarlı köpəkləri.

16 İyul 1971-ci il Ankarada Altındağ Baytarlıq Məktəbində Dəniz Gəzmiş və yoldaşlarının Məhkəməsi başladı və 9 Oktyabr 1971-ci ildə TCQ 146-ci maddəsi əsasında edam qərarı ilə yekunlaşdı.

Edam qərarları o zaman TBMM tərəfindən təsdiqlənməli idi. Qərar TBMM-də müzakirəyə çıxarılır və “Ədalət” Partiyası sədri Süleyman Dəmirəlin ciddi səyləri nəticəsində edam qərarı təsdiqlənir. 15 il sonra Süleyman Dəmirəl bir müxbirə verdiyi reportaj zamanı edamlar haqqında “soyuq müharibənin bədbəxt hadisələrindən biri idi” demişdi.

Edəm 6 May 1972-ci ildə gecə saat 01:00-03:00 arasında Ankara Mərkəz Həbsxanasında həyata keçirildi.

Əvvəl Dəniz Gəzmişi həbsxanasında baş gözətçisinin otağına gətirdilər. Deniz gözətçinin stoluna oturdu. Oturdugu yerin tam qarşısında pəncərə cəzaevinin həyətinə baxırdı. Həmin həyət ki, birazdan Dəniz ve yoldaşlarının asılacağı dar ağacı qurulmuşdu. Dəniz birazdan asılacağı dar ağacına baxaraq son məktubunu yazdı (əlləri bağlı olduğu üçün Dəniz deyir, bir zabit katib isə yazırdı).

“Ata,

Məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam. Mən nə qədər üzülməyin desəm də, yenə də üzüləcəyinizi bilirəm. Fəqət bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm.

İnsanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən mən erkən getməyi normal qarşılayıram… O ki qaldı  məndən əvvəl gedən yoldaşlarıma, onlar heçbir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən olmasın.

Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O, bu yola bilərək girib və öz sonunun da belə olacağını bilirdi. Səninlə düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm… Sadəcə sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da anlayacağına inanıram.

Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım Taylan Özgürün yanına basdırılağımı istəyirəm. Onun üçün, cənazəmi İstanbula aparma. Anamı təsəlli etmək də sənin boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünə də xüsusilə tənbeh et. Onun elmlə məşğul olmağını istəyirəm. Elmlə məşğul olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün  xidmətdir.

Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kişik qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram.

Oğlun

Dəniz Gəzmiş”

Mərkəz Cəzaevi – Ankara

5 May 1972

Dəniz Gəzmişin son sözləri bunlar oldu: “Yaşasın Türk Xalqının müstəqilliyi! Yaşasın Marksizmin və Leninizmin ali idealogiyası! Yaşasın türk və kürd xalqlarının müstəqillik mübarizəsi, rədd olsun İmperializm!”

Dənizin edamı 25 dəqiqə davam etdi. Edamın şahidi olan Dəniz Gəzmiş və yoldaşlarının vəkili Halit Çelek bunu belə danışır: “Dənizin bu qədər uzun müddət can verməsi bizi narahat edirdi. Narahatlığımızı görən cəllad bizə yaxınlaşıb bildirdi ki, Deniz hündürböy və ağır şəkili olduğu üçün halqanı ikiqat etmişəm ki, qırılmasın və bu da onun boğulmasını çətinləşdirir. Dənizin işgəncəsini gördüyümüz üçün Yusuf dar ağacına gətirilməzdən öncə biz tələb etdik ki, halqanı təkqat etsinlər k,i Yusuf və Hüseyin də eyni işgəncəni çəkməsin”

Denizdən sonra baş gözətçinin otağına Yusuf Aslan gətirildi və həmin pəncərədən Yusuf Dənizin edamını izlədi, hansı ki birazdan Dənizin yerində həmin dar ağacında o özü olacaqdı.

“Sevgili Atam,

Bu məktubu aldığınız zaman mən əbədiyyən bu dünyadan köçmüş olacam. Nə qədər sarsılacağınızı təxmin edirəm. İl yarımdır ki, mənim üzümdən necə kədər içində olduğunuz məlumdur… Bu son hadisəni də mətanətlə qarşılamağınızı sadəcə arzu edə bilərəm.

Atacan, bu hadisədə də anamın və Yücelin sənin təsəllilərinə və dəstəklərinə çox ehtiyacları var. Bunun üçün, nə qədər mətin olsan, həm sənin sağlamlığın üçün, həm də onlar üçün bir o qədər yaxşı olar. Əlbəttə ki, illərdir əmək verib böyütdüyün oğulun bir gündə öıdürülməsi asan sinə gəriləcək bir hadisə deyil. Fəqət siz mənim nə üçün, kimlərə qarşı mübarizə apardığımı bilirsiniz. Mən bu baxımdan rahat və vicdanım təmiz bir şəkildə gedirəm. Sizlərin də bu baxımdan rahat olduğunuzu və olacağınızı bilirəm.

Atacan, anamın və Yücelin sənin dəstəyinə möhtac olduqlarını yuxarıda söyləmişdim. Onları rahatlatmaq üçün bütün gücünüzü sərf edəcəyinizdən əminəm. Atacan, burada bunu əlavə etmək istəyirəm ki, Yücelin xəstəliyindən özümü məsul hiss edirəm. Yücel üçün hər şeyinizi verəcəyinizdən də heç bir şübhəm yoxdur.

Bacılarım üçün söyləyəcəyəm: çox kədərlənməsinlər. Hadisənin təsiri keçdikdən sonra normal həyatlarına davam etsinlər.

Mehtapa nə deyim? Mənim üçün hər zaman bol – bol öpün.

Atacan, həbsxanada qalan yoldaşları arada yoxlasan, vəziyyətlərini, keflərini soruşsan, çox məmnun olaram. Onların da hər biri sənin oğlundur. Azadlıqda bizim üçün mübarizə aparan yoldaşlarımı heç vaxt unutmayacağını bilirəm.

Atacan, məktubum burda qurtarır. Sizi, anamı, Yücəli, bacımı, əziz qardaşımı və Mehtapı həsrətlə qucaqlayıram.

Sağlıqla qalın…

Sağolun…

Yusuf Aslan

Qeyd: Qohumlara da bir məktub yazdım. Fəqət bəlkə verməyə bilərlər…”

Yusufun son sözləri belə oldu: “Mən ölkəmin müstəqilliyi və xalqımın xoşbəxtliyi üçün şərəfimlə bir dəfə ölürəm! Sizlər bizi asanlar şərəfsizliyinizlə hər gün öləcəksiniz! Biz xalqımızın xidmətində idik! Sizlər Amerikanın xidmətindəsiniz! Yaşasın inqilabçılar! Rədd olsun Faşizm!”

Eyni şəkildə Hüseyn İnan Yusuf Aslanın edamını izlədi. O da həmin otağın pəncərəsindən biraz sonra asılacağı dar ağacında Yusuf Aslanın asıldığını gördü.

“Atama, anama, qardaşlarıma və yaxın qohumlarıma,

Söyləyəcək çox söz tapa bilmirəm. Bir insanın həyatının sonunda qarşılaşacağı təbii nəticə bildiyiniz səbəblərə görə daha tez qarşıma çıxdı…

Kədərinizi və hüznünüzü başa düşürəm. İrəlidə indiki vəziyyətimi daha yaxşı anlayacağınıza inanıram.

Mətin olun. Kədər və hüznünüzü unutmağa çalışın.

Bütün varlığımla hər kəsə qucaq dolusu salamlar və sevgilər.

Ediləcək çox şey var. Fəqət, həm mümkün deyil, həm də vaxtı deyil.

Ürəkdən salamlar…

Hüseyn İnan”

Hüseyn İnanın son sözləri: “Mən şəxsi heç bir mənfəət güdmədən xalqımın xoşbəxtliyi və müstəqilliyi uğrunda mübarizə apardım! Bu bayrağı bu ana qədər şərəflə daşıdım! Bundan sonra da bu bayrağı Türk xalqına əmanət edirəm! Yaşasın işçilər, kəndlilər və yaşasın inqilabçılar! Rədd olsun Faşizm!”

 

Mehdiyev Məmmədhüseyn                                                 (c) SOLFRONT

 

Oxşar yazılar:

Baxış sayı:15131