abunə ol: Yazılar | Şərhlər | Еmail

Qəbələ. Lenin uğrunda

Şərh

Təxminimə görə, bu heykəl Vladimir İliçin Azərbaycandakı sonuncu abidəsidir. Qəbələ rayonunun Qəmərvan kəndində, keçmiş “Bakı fəhləsi” kolxozunun girəcəyində, zənginlərin villalarına aparan yolun üstündə yerləşir.

Yetərincə böyük heykəldir – hündürlüyü 3 metrdən yuxarıdır. Düzdür, köhnəlib, İliçin “kostyum”u lap nimdaş olub, ancaq qeyri-adi olan heç də bu detallar deyil. Qəribə olanı abidənin də, “Bakı fəhləsi” kolxozu” sözləri yazılmış lövhənin də bu günümüzə gəlib çatmasıdır.

Abidə barədə apreldə xəbər tutdum – Qəbələdən fotoları yolladılar. Onları virtual məkanda paylaşdım. Qəbələdə bir neçə entuziastın fədakarlığı ilə işıq üzü görən “Qızıl alma” qəzeti bu haqda yazı yazdı və fotoları çap etdi. Və bundan sonra letargik mürgüdə olan yerli hakimiyyət hərəkətə keçdi.

Leninin ad günündən bir neçə gün sonra Qəmərvan kəndinə ekskavatorçunun müşayiəti ilə çinovnik gəldi. Məqsəd: Leninin heykəlini uçurmaq. Çinovnik özündən o qədər arxayın idi ki, işini asanca görüb rayon mərkəzinə raport üçün dönəcəyinə əmindi. Ancaq olmadı. Camaat Leninin müdafiəsinə qalxdı.

20 il əvvəl isterik sevinc içində keçmişini lənətləyən Azərbaycanda yavaş-yavaş soyuq analiz başlayır. Əks halda, baş verənləri nə ilə izah etmək olar? Nəticə odur ki, ekskavatorçu kənd camaatının dirənişini görəndə hadisə yerini sürətlə tərk etdi, təklənmiş və xalq qəzəbi ilə üz-üzə qalmış çinovnik də aradan çıxmağa məcbur oldu. Beləliklə, dirənişin 1-ci raundunu xalq uddu.

“Xalq” dedikdə heç də bir neçə yerli sakini ağlınıza gətirməyin. Qəmərvanlılar böyükdən kiçiyə – kişilər, qadınlar, uşaqlar – hamısı Leninin abidəsini qorumağa qalxıb. Hər hansı qəfil hücumun qarşısını almaq üçün artıq heykəlin keşiyini çəkməyə başlayıblar.

Diqqət edin: bütöv bir kəndin camaatı ilk dəfədir ki, maddi divident götürdüyü, dolanışıq yeri kimi baxdığı hansısa nəsnəni, hansısa obyekti yox, konkret Simvolu qoruyur. Burada heç bir maliyyə asılılığı, merkantil niyyət yoxdur. Və bu, Leninin, Sovet dönəminin lənətlənməsinin rəsmi ideologiyaya, fasiləsiz təbliğata çevrildiyi, dünənin qapqara təsvirinə şəksiz üstünlük verildiyi bir ölkədə baş verir. Razılaşaq ki, bu cür paradoksla Azərbaycan ilk dəfədir rastlaşır. İlk dəfədir ki, Azərbaycan vətəndaşları hansısa maddi sərvəti, hətta öz evlərini və iş yerlərini qorumaq üçün yox, konkret bir abidəni, Simvolu xilas etmək üçün birləşib.

İnsanların bu etirazlarını hansı səbəblərlə əsaslandırdığı çox maraqlıdır. Əsas 2 arqumenti səsləndirirəm. Birincisi, bu, tarixi abidədir, bizim keçmişimizdir, artıq 40 ildir buradadır və kimə nə maneəçiliyi var. Və ikinci arqument: O vaxtdan bu vaxta bizim həyatımız yalnız çətinləşib, valideynlərimiz bizdən qat-qat yaxşı, azad, xoşbəxt və təhlükəsiz yaşayıblar. Yəni, Leninin heykəli xoş xatirələrlə xatırlanan o keçmişin bir simvoludur. Daha doğrusu, sonuncu simvoludur.

İnsanlar qeyri-maddi dəyərlər üçün ayağa qalxırsa, deməli, bu ölkədə hər şey itirilməyib.

Bəs sonra nə olacaq? Əlbəttə, hakimiyyətin təzyiqi artacaq. Bu isə Qəmərvanda əks-təzyiqi və müqaviməti artıracaq. İstənilən halda, bu dirənişdə simpatiyam camaatın tərəfindədir. Onlar 21-ci əsrin barbarlarına dirəniş verirlər.

Qəbələdəki heykəli uçurmaq niyyətini ortaya qoyan hakimiyyətə isə Xırdalandakı Mübarəkin heykəlini nişan vermək yerinə düşərdi. Ancaq yox – Misirdə adı hər yerdən silinən, məhkəməsi öncəsi komaya düşən Mübarəki Xırdalanda polislər qoruyur.

Qəmərvanlılar isə pul toplayıb Leninin abidəsini təmir etmək istəyirlər. Oradan gələn məlumata inansaq, bunu öz gücləri ilə edə bilərlər, ancaq məsələni ictimailəşdirmək niyyəti ilə hamıya müraciət etmək fikrindədirlər. Sol ideyaya hörmətini saxlamış hər bir azərinin ən minimal məbləğlə də olsa onlara yardım edəcəyinə əminəm.

Qəbələlilərin Lenin uğrunda savaşı irəlidədir. Nəticəsindən asılı olmayaraq, bu insident diqqətəlayiqdir və təkcə fəlsəfi-psixoloji yox, həm də kulturoloji izahını gözləyir..

Məmməd Süleymanov

 

Oxşar yazılar:

Baxış sayı:13746

Şərhlər

  1. Əli Özgür deyir:

    Maraqlıdır, bu solçuların qeyd etdiyi “inkarın inkarıdır”, yoxsa heç bir ümumi tendensiyaya aidiyyatı olmayan lokal hadisə… ?

  2. Bakinskiy deyir:

    Respect! Я уверен, что каждый коммунист и социалист Азербайджана восхищен действиями кабалинцев! Действительно, не все еще потеряно.

    Я надеюсь памятник Владимиру Ильичу будут защищать не только рядовые селяне, но и общественные деятели и интеллигенция в Баку, с симпатией относящиеся к марксистским идеям!

  3. Marzadə deyir:

    Hə bəs necə Lenin babamızdır da belə olmalıdır. Cumhuriyyətimizi işğal edib, millətimizi qırıb onun heykəlini mütləq qorumalıyıq.

    1. Solfront deyir:

      Hansı cumhuriyyəti deyirsiniz? İngilislərin icazəsi olmadan bayraq qaldırmaq imkanı olmayan, neftini ingilislərə pulsuz verən, üstəlik daşınma üçün müəyyən vasitələr təqdim etmək öhdəliyi olan, İrəvan, Balakən-Zaqatala kimi ərazilərin qonşu dövlətlərə bağışlandığı cumhuriyyətdənmi danışırsınız? Cumhuriyyət dönəmində isə nə qədər kəndli üsyanının yatırıldığı və nə qədər insanın öldürüldüyü haqqında məlumatınız yoxdur? Arxivlərdə hər şey mövcuddur. Hələ də. Tarixi öyrənmək lazımdır. Şişirdilmiş ibarələrə aldanmaq yox.