abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan Pol Sartr – Ürək bulantısı romanı (V hissə)

Şərh

XX əsrin ən böyük filosoflarından olan Jan Pol Sartrın ilk romanıdır.Fərdin köklü azadlığını və eksistensializmi müdafə edən Jan Pol Sartrı bütün dünya 1938-ci ildə bu romanla tanıdı.Gündəlik şəklində yazılmış bu əsərin qəhrəmanı Rokentin bütün dünya ilə yanaşı öz bədənindən də iyrənir. Ürək bulantısı romanı öz güclü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərmişdir. SOLFRONT bundan sonra müntəzəm olaraq «Ürək bulantısı» romanını dərc edəcək. Sonda isə e-kitab formasında oxuyucuların istifadəsinə veriləcək.


I hissə II hissə III hissə IV hissə

Bazar ertəsi

Dünən bu axmaq, pafoslu ifadəni necə yazmışam bilmirəm: “Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram.”

Gurultulu cümlələr qurmağa ehtiyacım yoxdur. Yazıram ki, bəzi şeylərə aydınlıq gətirim. Ədəbiyyatşünaslıqdan ehtiyat etmək lazımdır. Qələmin ucuna gələn hər sözü seçmədən yazmaq lazımdır.

Düzünü desəm, dünən özümü çox uca hiss etməyim iyrənc görünür. İyirmi yaşım olanda içib, iddia etmişdim ki, Dekart növündən insanam. Çox yaxşı bilirdim ki lovğalanıram, amma fikrimdə qalmaqda davam edirdim, bu mənim xoşuma gəlirdi. O biri gün hər şey o qədər iyrənc gəlmişdi ki, elə bil qusmağın içində oyanmışdım. Mən içkili olanda qusa bilmirəm, qussam daha yaxşı olardı. Dünən özümə kefliyəm deyə haqq qazandıra da bilmirəm. Sadəcə axmaq kimi ruhlanmışdım. Gərək su kimi şəfffaf, kənar fikirlərlə təmizlənim.

Macəra hissi, sözsüz ki, hadisələrdən asılı deyil- sübut ortadadır. Bu sadəcə anların yanaşı düzülməsinin daha bir formasıdır. Məncə hər şey bax belə baş verir: birdən hiss etməyə başlayırsan ki, zaman keçir, bir an özü ilə digərini aparır, ikinci üçüncünü, üçüncü dördüncünü və s. , hər an itir və onları saxlamağa çalışmaq mənasızdır. Onda anların bu xüsusiyyətini bu anların daxilində baş verən hadisəyə köçürürsən, formaya aid hər şeyi məzmuna daşıyırsan. Ümumiyyətlə, məşhur zamanın axması mövzusunda çox danışırlar, amma onu görmürlər. Tutaq ki, bir qadına baxırsan, başa düşürsən ki, o qocalır, amma onun necə qocaldığını görmürsən. Amma bəzən sənə elə gəlir ki, onun necə qocaldığını görürsən,hiss edirsən, özün də onunla birlikdə qocalırsan, bax bu macəra hissidir.

Yaddaşım məni aldatmırsa, buna zamanın geriyə axmaması deyirlər. Macəra hissi də əslində elə zamanın geriyə axmaması hissidir. Yaxşı, bəs onda niyə bu həmişə başımıza gəlmir? Bəlkə, zaman heç də həmişə irəli axmır? Bəzən elə anlar olur elə bilirsən ki, istədiyin hər şeyi edə bilərsən: irəliyə qaça bilərsən, geri qayıda bilərsən-fərqi yoxdur, bəzən isə iplər dolaşır, bax bu anları itirmək olmaz, çünki hər şeyi yenidən başlamaq artıq mümkün olmur.

Anni zamanın içində olan hər şeyi çıxara bilirdi. O vaxt o Cibutidə mən isə Adendə yaşayanda, onunla bir günlük görüşə gedirdim, ayrılmağımıza altmış dəqiqə qalana qədər ustalıqla aramızda yeni- yeni anlaşılmazlıqlar yaradırdı; altmış dəqiqə saniyələrin bir-birinin ardınca necə getdiyini hiss etmək üçün lazım olan qədər vaxtdır. Belə dəhşətli axşamlardan birini yaxşı xatırlayıram. Gecə yarısı geri qayıtmalı idim. Biz açıq havada kinoya getdik, hər ikimiz ümidsiz vəziyyətə qədər dalaşdıq. Amma oyunu o aparırdı. Saat on birdə, hansısa uzun film başlayanda əlimdən tutub sakitcə öz əlllərinin arasında saxladı. O qədər kəskin xoşbəxtlik hissinə tutuldum ki, on bir olduğunu başa düşmək üçün saata baxmağa ehtiyac qalmadı. Həmin andan dəqiqələrin necə keçdiyini hiss etməyə başladıq. Həmin vaxt üç aylıq ayrılacaqdıq. Birdən ekranda hansısa çox işıqlı şəkil açıldı, qaranlıq parçalandı və gördüm ki, Anni ağlayır. Sonra gecə yarısı o ehtirasla əlimi sıxdı və buraxdı; qalxdım və ona bir kəlmə də demədən çıxıb getdim. Lap yaxşı etdim.

 

Axşam saat 7

Gün işdə keçir. Elə də pis getmir, altı səhifə yazmışam və hətta bundan zövq almışam. Özü də bu I Pavlın hakimiyyəti barədə mücərrəd fikirlər idi. Dünənki orgiyadan sonra bütün gün özümlə sərt davranmışam. Ürəyimlə danışmağa çalışmaq əbəs idi!Əvəzində böyük məmnuniyyətlə rus aristokratiyasının məqsəd və meylləri ilə bağlı araşdırma etdim. Amma bu Rolben məni qıcıqlandırır. O ən kiçik, ən boş şeylərdən sirr düzəldir. Yaxşı, bu adam 1804-cü  ildə Ukraynada nə ilə məşğul olub? O öz səfəri barədə qeyri-müəyyən ifadələrlə danışır:

“ Qoy gələcək nəsillər qərar versin; nə olsun ki, ürəyimdə mənə gülənləri susduracaq və onları qorxu burulğanına atacaq sirrlər daşıyıram və bütün cəhdlərim uğursuzluqla nəticələndi,  sakitcə daşıdığım ağır xəyanət və alçalmaq deyil, mükafata layiq idim ya yox?”

Mən bir dəfə bu qarmağa ilişdim: o çoxmənalı ifadələrlə 1790-cı ildə Buvilə etdiyi kiçik səfərini təsvir edirdi. Bütöv bir ayı onun hər hərəkətini izləmək üçün itirdim. Məlum oldu ki, nəticədə öz fermerlərindən birinin qızını hamilə buraxıb. Məgər o ən adi hiyləgər deyil?

Bu balaca, yalançı adama dəhşətli dərəcədə hirslənirəm, bəlkə də bu pərtlikdən irəli gəlir- onun başqalarını aldatmasını çox xoşlayırdım, amma istəyirdim ki, mənim üçün istisna olsun; ümid edirdim ki, biz- iki bazar fırıldaqçısı bütün bu ölülərin başı üzərindən əlbir olacağıq və o mənə həqiqəti deyəcək! Amma o heç nə, heç bir şey demədi, eynilə axmaq yerinə qoyduğu çar Aleksandr və XVIII Lyudovikə etdiyi kimi. Mənim üçün Rolbonun dəyərli olmağı önəmlidir. Əlbəttə ki, o bicdir, amma kim bic deyil ki? Amma baxır balaca yoxsa böyük hiyləgər. Yaşasa əlini sıxmağa layiq bilmədiyim adam haqqında taxiri araşdırmalar edib vaxt itirməyi sevmirəm. Markiz haqqında nə bilirəm? Onun yaşadığı həyatdan daha parlaq həyat təsəvvür etmək çətindir, amma o həyatı məgər özü yaradıb? Bircə onun məktubları bu qədər qəliz olmasaydı…

Ah, onun gözlərini görə bilsəydim, bəlkə də onun başını çiyninə söykəmək kimi möhtəşəm ədası varmış, ya da hiyləgər şəkildə uzun barmağını burnuna söykəyirmiş, ya da ola bilər iki yalançı iltifat arasında özünün həqiqi, tufanlı xarakterini açıb, o dəqiqə də söndürürmüş. Amma o ölüb- ondan ancaq “Strategiya haqqında trakta” və “Ləyaqət haqqında düşüncələr” əsərləri qalıb. Mənə qalsa onu elə aydın təsəvvür edərəm ki: çoxlarının qurban getdiyi parlaq istehza altında çox sadə, az qala saf ruh gizlənir. O çox nadir hallarda düşünür, amma bütün hallarda instinktinə əsaslanaraq necə lazımdır elə də hərəkət edir. Öz hiyləgərliyində o səmimidir, açıq ürəklidir, ləyaqətli insanlara sevgisi kimi təmiz niyyətlidir. Öz havadarlarını və dostlarını satandan sonra bütün fikirlərini baş verən hadisələrə istiqamətləndirib, oradan ibrət dərsi çıxarmağa çalışır. Hesab edir ki, başqalarının üzərində heç bir hüququ yoxdur, amma başqalarının onun üzərində haqqı var, həyatın ona bəxş etdiyi hədiyyələrə layiq deyil, amma əvəzində onlar qarşılıqsızdır. O hər şeyə ehtirasla həvəs göstərir, amma çox asanlıqla da soyuyur. Bütün məktublarını və yazılarını isə əslində özü yazmayıb- o bunları pulla tutduğu yazıçıya yazdırıb. Əgər bütün bunları ifadə etsəm, gərək markiz Rolbon haqqında roman yazam.

Axşam saat 11

“Dəmiryolçuların sığınacağı”nda nahar etdim. Sahibə yerində idi, onunla sevişməli oldum; amma bu sadəcə mənim tərəfimdən təmiz lütfkarlıq idi. O mənim nəsə xoşuma gəlmir, hədsiz ağdır və yeni doğulmuş körpə iyi verir. Sevişəndə başımı sinəsinə sıxır, elə bilir ki, belə lazımdır. Əllərim etinasız şəkildə yorğanın altında qurdalanırdı, sonra əllərim ağırlaşdı. Markiz de Rolbon haqqında düşündüm, axı mənə onun haqqında roman yazmağa nə mane olur? Əllərim sahibənin belindən aşağı sürüşdü və birdən birə alçaq və enli ağacların bitdiyi bir bağ gördüm, ağaclardan böyük, tüklə örtülü yarpaqlar sallanmışdı. Hər yerdə qarışqalar, qırxayaqlar, güvələr qaynaşırdı. Orada daha iyrənc heyvanlar da var idi, onların bədəni bişmiş çörək tikələrindən ibarət idi- belə çörək tikələrini adətən bişmiş göyərçinin altına düzürlər- bu heyvanlar xərçəng ayaqları üstündə yanakı yeriyirdilər. Yarpaqlar bu həşaratlardan qapqara olmuşdular. Şəhər parkında kaktusların və kolların arxasındakı Velleda heykəli barmağı ilə cinsi orqanını göstərirdi. “Bu bağdan qusmaq iyi gəlir!” mən qışqırdım.

–          Sizi oyatmaq istəmirdim,- sahibə dedi- amma mələfənin tikiş yerləri ayaqlarımın arasına sürtünür, həm də artıq aşağı düşüb Paris qatarından düşən müştərilərə xidmət etməliyəm.

 

Post vaxtı

Moris Barresi döydüm. Biz üç əsgər idik, və içimizdən birinin üzünün ortasında deşik var idi. Moris Barres bizə yaxınlaşıb dedi: “Afərin” və hər birimizə bir dəstə bənövşə verdi. “Mən isə bilmirəm onu nə edəcəm”,- üzü deşik əsgər dedi. Moris Barres cavab verdi: “ Onu başındakı deşiyə sox”. “Mən onu sənin arxana soxacam”- əsgər cavab verdi. Biz Moris Barresi üzü aşağı uzandırdıq və şalvarını çıxarmağa başladıq. Şalvarının altında kardinal mantiyası çıxdı. Biz mantiyanı cırdıq, Moris Barres isə qışqırmağa başladı: “ Ehtiyatlı olun! Şalvarımın balaqları üzəngilidir”. Amma biz onu qanı axana qədər şallaqladıq, sonra da arxasına bənövşə yarpaqları ilə Deruledanın başını çəkdik. Bir müddətdir yuxularımı çox tez-tez xatırlayıram. Yuxuda narahat halda yerimin içində tərpənirəm, səhərlər yorğanım həmişə yerdə sürünür.Bu gün bayramdır, amma Buvil üçün bu gün əhəmiyyətsizdir. Bütün şəhərdə güclə karnaval kostyumlarını geyinəcək yüz nəfər adam yığılar.

Pilləkənlərdən düşəndə sahibə məni çağırdı:

–          Sizə məktub gəlib.

Məktub. Sonuncu məktubu keçən ilin mayında Ruan kitabxanasının mühafizəçisindən almışdım. Sahibə məni kabinetinə aparıb, uzun, sarı və qalın zərf verir – məktub Annidəndir. Artıq beş ildir ki, ondan xəbərim yoxdur. Məktub mənim köhnə Paris ünvanıma göndərilib, üstündə bir fevrala aid möhür var.

Oteldən küçəyə çıxıram – əlimdə zərfi tutmuşam, amma onu açmağa qərar verə bilmirəm. Anni həmişəki poçt kağızında yazır. Maraqlıdır, görəsən o hələ də kağızı Pikadillidə yerləşən yazı kağızı mağazasından alır? Yəqin o hələ də əvvəlki saç formasını saxlayıb, kəsdirmək istəmədiyi açıq rəngli, sıx saçları var idi. Və yəqin ki güzgünün qarşısında üzünü saxlamaq üçün dözümlü mübarizə aparır, ona görə yox ki, nazlanır ya qocalmaqdan qorxur, sadəcə necə var elə qalmaq istəyir, eynən olduğu kimi. Deyəsən onda ən çox xoşladığım da iradəli və görünüşünün ən kiçik cizgilərinə rəhmsizcə sadiq olması idi. Bənövşəyi mürəkkəblə möhkəm xəttlə yazılmış ünvanın hərfləri ( əvvəlki mürəkkəbdən istifadə edir) hələ də yüngülcə parıldayır.

“Müsyö Antuan Rokantenə”.

Bu zərflərdə adımı oxumağı çox xoşlayıram. Dumanlar içindən onun təbəssümlərindən birini görürəm, əyilmiş başını, gözlərini görürəm: mən oturanda o təbəssümlə qarşımda dayanardı. Başım onun beli ilə eyni səviyyədə dayanırdı, Anni əllərini uzadıb, çiyinlərimdən tutub silkələyirdi.

Zərf qalındır, məktub deyəsən ən azı altı səhifəlikdir. Keçmiş qapıçımın cızmaqarası gözəl xəttin üzərində sürünür.

“Otel “Prentaniya”- Buvil”.

Bu balaca hərflər tamamilə parıltısızdır. Zərfi açıb, əsəbdən altı il cavanlaşıram.

“ Başa düşmürəm, Annidə necə həmişə belə qalın zərflər alınır, onların içində heç vaxt heç nə olmur”. 1924-cü ilin yazında bu günki kimi çətinliklə zərfin içində qatlanmış kağızı çıxarmağa çalışarkən yüz dəfə bu ifadəni təkrarlamışdım. Zərfin cildi çox gözəldir: tünd yaşıl rəngdə, qızılı ulduzlarla bəzədilib. Möhkəm kraxmallanmış parçaya oxşayır. Cildin özü bütün zərfin üçdə dördünü təşkil edir.

Anni karandaşla yazıb:

“ Bir neçə gündən sonra qatarla Parisə gəlirəm. 20 fevralda “İspaniya” otelinə, yanıma gəl. Xahiş edirəm ( “xahiş edirəm” sözü sətirin üstündə yazılıb, əyləncəli spiral şəklində “yanıma” sözü ilə birləşib). Səninlə görüşməliyəm.

Anni”.

Meknesdə, Tanjerdə elə olurdu ki, axşamlar evə gəlib, yatağımın üstündə kağız tapırdım: “Səni vacib görmək istəyirəm”. Qaçıram, Anni qapını açır, təəccüblə qaşlarını çatır: onun mənə deyiləsi sözü yoxdur, hətta hirslənirdi ki, getmişəm. İndi də gedəcəyəm. Ola bilər məni qəbul etmək istəməz. Ola bilər, oteldə qapıçı desin ki “ Adını çəkdiyiniz xanım bizdə qalmır”. Amma məncə o belə etməz. Amma ola bilər bir həftə sonra mənə yazar ki, fikrini dəyişib.

İndi insanlar işdədirlər. Havada adi bayram hiss olunur. “Müharibə şikəstləri” küçəsində həmişə olduğu kimi yağışda nəm ağac qoxusu gəlir. Belə qəribə günləri sevmirəm: kinoteatrlarda səhər seansları gedir, məktəblilər tətildədirlər. Küçələrdə dumanlı bayram əlamətləri hiss edilir, diqqətimi cəlb edir, amma baxan kimi əriyir gedir. Əlbəttə mən Anni ilə görüşəcəm, amma deyə bilmərəm ki, gözlənilən görüş məni sevindirir. Onun məktubunu alandan özümə yer tapa bilmirəm. Yaxşı ki, indi günortadır, ac deyiləm amam gedib yemək yeyəcəm ki, vaxtı keçirim. “Saatsazlar” küçəsində “Kamilya” kafesinə girirəm.

Bura balaca kafedir, bütün gecəni dayanmadan turş kələm və raqu (xırda doğranmış ət və ya balıq qovurması) verirlər. Bura adətən teatrdan sonra yemək yeməyə gəlirlər, polislər gecə qatarı ilə gəlmiş ac qonaqlara buranın ünvanını verirlər. Səkkiz mərmər stol. Divarlara dəri geyindirilmiş oturacaqlar söykənib. Narıncı ləkələrlə dolu iki güzgü var. İki pəncərə var və qapı tutqun şüşəlidir. Piştaxta bir az içəridədir. Yan tərəfdə bir otaq da var. Amma mən orada heç vaxt olmamışam, o cütlüklər üçündür.

–          Mənə vetçinalı yumurta.

Nəhəng, qırmızı yanaqlı qız ofisiant bir kişi ilə danışıb, gülməyini saxlaya bilmir.

–          İxtiyarım yoxdur. Kartofla yumurta istəyirsiz? Vetçina bağlıdır, onu ancaq sahib özü doğrayır.

Mən Raqu sifariş edirəm. Sahibin adı Kamildir, kobud kişidir.

Ofisiant gedir. Mən bu qoca, qaranlıq otaqda təkəm. Anninin məktubu portmanetimdədir. Yalançı utanc onu yenidən oxumağıma mane olur. İfadələri bir-birinin ardınca xatırlamağa çalışıram. “Əzizim Antuan”. Gülümsəyirəm, yox, əlbəttə ki, Anni “Əzizim Antuan” sözlərini yazmayıb. Altı il əvvəl biz qarşılıqlı razılıqla ayrıldıq- mən Tokioya getməyə qərar verdim. Ona bir neçə söz yazdım. Mən artıq ona “sevgilim” deyə bilmirdim ona görə də səmimi şəkildə “Əzizim Anni” yazmışdım. “ Sənin qəribəliklərinə təəccüblənirəm,- o cavabında yazmışdı. – Mən heç vaxt “sənin əziz Annin”olmamışam, heç vaxt da  olmayacam. Və inan, sən mənim üçün heç də “əziz Antuan” deyilsən. Əgər mənə necə müraciət edəcəyini bilmirsənsə, heç nə demə, bu daha yaxşıdır”. Məktubu portmanetimdən çıxarıram. Orada “Əzizim Antuan” yazılmayıb. Əslində heç adi ədəb qaydaları da yoxdur. “Səninlə görüşməliyəm”. Onun hissləri barədə fikir yaradacaq heç nə yoxdur. Şikayət etmək lazım gəlmir- mən onun mükəmməlliyə olan sevgisini bilirəm. O həmişə “mükəmməl anlar” əldə etməyə çalışıb. Əgər belə bir dəqiqəni əldə edə bilmirdisə, Anni ətrafdakı hər şeyə marağını itirirdi, gözləri ölgünləşirdi, keçid dövründəki yetkin qızlar kimi veyllənirdi. Ya da mənim üstümə düşürdü:

“ Sən burnunu burjuylar kimi təmtəraqla silirsən, öskürəndə isə özündən razı halda ağzını dəsmalla tutursan”.

Sakit dayanıb gözləməli idim; birdən mənim eşidə bilmədiyim hansısa səsdən diksinirdi, gözəl üzünün incə cizgiləri sərtləşirdi və yenidən əziyyətli işinə davam edirdi. Onun xasiyyətində məftunedici hakimiyyət var idi. Dişlərinin arasından nəsə oxuyurdu, sonra gülümsəyərək dirçəlirdi, mənə yaxınlaşıb çiyinlərimi silkələyirdi və bir neçə saniyə mənə elə gəlirdi ki, ətrafındakı bütün əşyalara əmr verir. Sakit, sürətli sözlərlə məndən nə gözlədiyini izah edirdi.

“ Qulaq as, yəni cəhd etmək çətindir? Keçən dəfə özünü axmaq kimi apardın. Görürsən, anlar necə gözəl ola bilər? Səmaya bax, xalçanın üstündə günəşin rənginə bax. Mən isə yaşıl paltardayam, bəzənməmişəm, solğunam. Kənara çəkil, kölgədə otur, nə etməli olduğunu başa düşdün. İndi baxaq. Ah, sən necə də axmaqsan! Danış mənimlə”. Hiss edirdim ki, anların müvəffəqiyyəti məndən asılıdır: həmin an gizli sirrə malik idi, bu siri ondan çıxarıb, həmin anı mükəmməlləşdirmək lazım idi; müəyyən sözü demək, müəyyən hərəkəti etmək lazım idi- məsuliyyət yükünün altına girmişdim, heç nə görmürdüm, Anninin quraşdırdığı mərasimlər içində çabalayırdım və kobud əllərimlə hörümçək toru kimi onları parçalayırdım. Həmin dəqiqələrdə o mənə nifrət edirdi.

Əlbəttə ki, onunla görüşəcəm. Mən hələ də ona hörmət edirəm və bütün qəlbimlə sevirəm. Arzu edirəm ki, başqası belə mükəmməl an oyununda məndən daha şanslı və rahat olsun.

“Sənin şeytani saçların hər şeyi pozur- o deyirdi. – Kürən kişi ilə nə etmək olar?”.

O gülümsəyirdi. Əvvəlcə onun gözləri ilə bağlı sonra uzun bədəni ilə bağlı xatirələr silindi. Hər şeydən çox onun təbəssümü ilə bağlı xatirəni saxlamağa çalışdım, amma üç il sonra o da silindi. Bir az əvvəl, sahibənin əlindən məktubu alanda həmin xatirə birdən qayıtdı: elə bildim gülümsəyən Annini görürəm. Mən indi də onun təbəssümünü xatırlamağa çalışıram, Anniyə qarşı duyduğum o incə hissləri yenidən hiss etmək istəyirəm- həmin hisslər buradadır, yanımdadır, lap yaxınlıqda, indicə doğulacaq. Amma yox, təbəssüm qayıtmır, hər şey bitdi. Daxilim boşluq və quraqlıqdır. Gecə kafesinə soyuqdan büzüşmüş adam girir.

–          Xanımlar və cənablar, sizləri salamlayıram.

Köhnəlikdən yaşıllaşmış paltosunu soyunmadan oturur. Barmaqlarını bir-birinə keçirib bir əli ilə o biri əlini silir.

–          Nə istəyirsiniz?

O narahat baxışlarla baxıb, diksinir.

–          Nə? Həəə, mənə su ilə “Birr” verin.

Ofisiantka yerindən tərpənmir. Onun güzgüdə əks olunan üzündən elə bilmək olar ki, yatıb. Əslində gözləri açıqdır, onlar balaca divar deşiklərinə oxşayırlar. Onun xarakteri belədir, müştəriyə xidmət etməyə tələsmir, həmişə gərək əvvəlcə sifariş barədə fikirləşə. Gərək indi rəfdən götürəcəyi butulkanı, onun üstündəki qırmızı hərfli ağ etiketi, ondan süzüləcək qatı qara şirəni təsəvvür edə- elə bil ki, onu özü içir.

Anninin məktubunu pormanetimdə gizlədirəm, ondan onun mənə verə biləcəyi hər şeyi aldım- onu əlində tutub, büküb, zərfə qoymuş qadını daha heç vaxt oyatmaq mümkün olmayacaq. Ümumiyyətlə keçmişdəki kimsə haqqında fikirləşmək mümkündür? Bir-birimizi sevəndə imkan vermirdik ki, anlarımızdan ən pisi, qüssəmizin ən lazımsızı bizdən ayrılıb, keçmişdə qalsın. Qoxular, səslər, hər günün çalarları, hətta deyilməmiş fikirləri- hər şeyi özümüzdə saxlayırdıq və hər şey canlı qalırdı, biz onlardan həzz alıb, həqiqi zamanda əzab çəkirdik. Heç bir xatirə yoxdur: rəhmsiz, yandıran sevgi qalıb; nə kölgələr qalıb, nə gizlənmək nə də təslim olmaq üçün künclər. Üç il bir-birinə sıxılıb bu günümüzü yaradıb. Ona görə də ayrıldıq, gücümüz çatmırdı ki, bu əzabı daha çox daşıyaq. Sonra Anni birdən, düşünmədən məni atanda üç il keçmişdə qaldı. Mən hətta əzab çəkmədim, içim boşaldı. Sonra zaman axmaqda davam etdi və boşluq böyüdü.Sonra Sayqonda, Fransaya qayıtmağı qərara alanda keçmişdən qalan hər şey- yad ölkə insanlarının üzləri, meydanlar, əyri uzun çaylar- hər şey yoxluqda batdı. İndi mənim keçmişimdə böyük boşluq var. Mənim həyatım isə bax bu qara köynəkli, piştaxta arxasında yatmış ofisiantka, bu kişidir. Həyatım haqqında bildiyim hər şeyi elə bilirəm kitabdan oxumuşam. Nə vaxtsa bir anlıq gözlərimə görünmüş Benaresa Sarayları, cüzamlı Kral terrası, böyük, sınıq-sökük pilləkənləri olan Yava məbədi orada, öz əvvəlki yerlərində qaldılar. Axşamlar “Prentaniya” otelinin yanından keçən tramvay neon işıqların əksini pəncərələrində aparmır, bir anlıq parıldayandan sonra qaranlıq şüşələri ilə gedir. Kişi dayanmadan mənə baxır, bu məni qıcıqlandırmağa başlayır. Balaca boyu var, elə bilir vacib adamdır. Ofisiant nəhayət ona qulluq etməyə qərar verdi. O tənbəl-tənbəl böyük, qara əlini uzadıb butulkanı götürür və stəkanla birlikdə kişiyə aparır.

–          Buyurun, müsyö.

–          Müsyö Axill,- nəzakətlə bildirir.

Qız cavab vermədən ona spirti süzür. Birdən o sürətlə burnuna sıxdığı barmağını kənara çəkib, hər iki ovcunu stolun üstünə qoyur. Başını geri atır, gözləri parıldayır.

–          Yazıq qız, – soyuq ifadə ilə deyir.

Ofisiant qız diksinir, mən də: o bunu elə izahedilməz tonla, təəccüblə deyir ki, elə bil ki sözləri o yox, başqası dedi. Üçümüz də özümüzü pis hiss edirik.

Birinci utancdan ayılan gombul ofisiant oldu, o təsəvvürdən kasıbdır. Qürurla müsyö Axilli başdan ayağa süzür- çox gözəl bilir ki, bir əli ilə boynundan tutub, onu çölə ata bilər.

–          Mən niyə yazıq oluram?

O duruxur. Qəribə şəkildə ona baxıb, gülməyə başlayır. Üzündə saysız-hesabsız qırışlar oynaşır, əlini yüngülcə oynadır.

–          İncidin. Mən elə belə dedim “yazıq qız”, sözdür də. Heç nəyi nəzərdə tutmurdum.

Ofisiant ona arxasını dönüb, piştaxtaya gedir- doğurdan da inciyib. O yenidən gülür:

–          Ha ha ha! Elə belə dedim də. Neyləmək olar? Yəni hirsləndin? Hirsləndi, mənə müraciət edirmiş kimi təsdiqləyir.

Mən üzümü çevirirəm. Stəkanını qaldırdı, amma içməyə tələsmir, təəccüblə, utana-utana gözlərini qırpır. Deyəsən nəyisə xatırlamağa çalışır. Ofisiant qız kassanın arxasında oturub tikiş işi ilə məşğul olur. Hər kəs yenidən susdu, amma bu əvvəlki sakitlik deyil. Bu da yağış, yüngülcə tutqun şüşəni döyəcləyir; küçədə hələ də karnaval kostyumlu uşaqlar qalıbsa, karton maskalar şişib, rəngini itirəcək. Ofisiant qız işığı yandırır- hələ saat ikidir, amma səma təmiz qaralıb, belə qaranlıqda tikiş tikmək mümkün deyil. Yumşaq işıq; insanlar evlərində oturublar, əlbəttə onlar da lampalarını yandırıblar. Onlar oxuyurlar, ya da pəncərədən göyə baxırlar. Onlar üçün…onlar üçün hər şey başqa cürdür. Onlar başqa cür qocalıblar. Onlar miras qoyulmuş xeyirxahlıq, hədiyyələr arasında yaşayırlar və onların məişətindəki hər əşya xatirədir. Daş saatlar, medallar, portretlər, balıqqulaqları, kağız tutacaqları, pərdələr, şallar. Onların şkafları butulkalar, kəsik qumaşlar, köhnə paltarlar, qəzetlərlə doludur- onlar hər şeyi saxlayıblar. Keçmiş- sahibin var-dövlətidir.

Mən öz keçmişimi harada saxlayardım? Keçmişi cibə qoymaq olmaz, gərək evin ola ki, onu yerləşdirəsən. Mənim sadəcə bədənim var, tənha bədənli tənha adam xatirələrini saxlaya bilməz, onlar onun içindən keçirlər. Şikayət etməyə haqqım yoxdur, mən sadəcə bir şey istəyirdim: azad olmaq.

Balaca adam tərpənib, ah çəkir. Paltosunun içində büzüşüb, arabir dirçəlib, insan formasını alır. Onun da keçmişi yoxdur. Yaxşı-yaxşı axtarsan əlbəttə onunla daha görüşməyən hansısa qohumundan kraxmallı yaxalıq, nişastalı köynək və dik duran gənc bığları ilə iştirak etdiyi hansısa toy şəklini tapmaq olar. Məndə isə heç bu da qalmayıb.

Yenə də mənə baxır. İndi mənimlə danışacaq, tamam hirslənirəm. Bir-birimizə qarşı heç bir şey hiss etmirik, sadəcə oxşayırıq, məsələ də bundadır. O da mənim kimi tənhadır, amma tənhalığına daha dərin batıb. Yəqin ki, o öz Ürəkbulantısını ya da bunun kimi bir şeyi gözləyir. Deyəsən artıq məni tanıyan insanlar da var: mənə baxır fikirləşirlər: “Hə, bu da bizdəndir”. Yaxşı, bəs məsələ nədir? Ona nə lazımdır? O başa düşməlidir: bir-birimizə heç nədə kömək edə bilmərik. İnsanlar ailələri ilə evlərində xatirələrinin arasında oturublar. Biz isə, iki yaddaşsız sınıq insan – buradayıq. İndi qalxıb mənə nəsə desə partlayacam.

Qapı gurultu ilə açılır- bu həkim Rojedir.

–          Hamını salamlayıram.

O hirsli, şübhəli, bədəninin yükünü güclə daşıyan uzun ayaqlarını titrədə-titrədə içəri girir. Mən həkimi tez-tez bazar günləri “Vezeliz”-də görürəm, amma o bilmir. Juenvilin istefaya çıxmış məşqçiləri kimi görünür: bisepsləri (əli bilək oynağında bükən çiyin əzələsi) budları yoğunluqdadır, sinəsinin eni yüz ondur, ayaqları isə sısqadır.

–          Janna, Janna, mənim balacam.

O yanları enli, fetr şlyapasını asılqandan asmaq üçün tez-tez asılqana tərəf gedir. Ofisiant tələsmədən əl işini kənara qoyub, yuxulu-yuxulu həkimə tərəf gedir ki, əlindən paltosunu alsın.

–          Nə içəcəksiniz, həkim?

O diqqətlə qıza baxır. Bax buna gözəl kişi başı deyə bilərəm. Dağınıq, həyatın və ehtirasın qırışdırdığı üz. Amma həkim həyatın məğzini başa düşürdü, ehtirasını cilovlaya bilirdi.

–          Mən heç özüm də bilmirəm nə istəyirəm, – tutqun səslə deyir.

O özünü qarşımdakı oturacağa atıb, alnından təri silir. Müvazinəti qorumaq lazım olmayanda özünü yaxşı hiss edir. Böyük, qara və hakimiyyətli gözləri cəsarətsizlik aşılayır.

–          Qoy… hmmm…. qoy elə köhnə kalvados olsun, qızım.

 

Ofisiant tərpənmədən enli, qırışlardan qazılmış üzə tamaşa edir. Fikirləşir. Balaca adam başını qaldırıb, rahatca gülür. Doğurdan da bu nəhəng bizim xilaskarımızdır. Bizə tərəf nəsə uğursuzluq hərəkət edirdi. İndi isə bütün sinəmlə rahat nəfəs alıram – biz insanların arasındayıq.

–          Hə, noldu, hanı mənim kalvadosum?

Ofisiant diksinir və gedir. Həkim koppuş əllərini uzadıb, stolun kənarlarından yapışır. Müsyö Axill xoşbəxtdir- həkimin diqqətini cəlb etmək istəyir. Amma boş yerə ayaqları ilə söhbət edir və oturacağında tullanır- o elə balacadır ki, səsi eşidilmir.

Ofisiant qız kalvadosu gətirir. Başı ilə həkimə qonşusunu işarə edir. Həkim Roje yavaş-yavaş bütün gövdəsini döndədir: onun boynu dönmür.

–          Həəə, bu sənsən qoca zibil, – o qışqırır. – Hələ ölməmisən? Və siz hər zibili içəri buraxırsınız? – ofisianta deyir.

Hiyləgər baxışları ilə adamcığaza baxır. Belə düz baxışlar hamını yerində oturtmağa qadirdir.

–          Qoca psix- bax o budur.

Həkim Roje hətta zarafat etdiyini göstərmək üçün özünə əziyyət də vermir. O bilir ki, qoca psix hirslənməyəcək, təbəssümün içində batacaq. Elə belə də olur, o alçalmışcasına gülümsəyir. Qoca psix rahatlaşıb, hiss edir ki, onu özündən kənarlaşdırıblar, bu gün onun başına heç nə gəlməyəcək. Ən dəhşətlisi odur ki, mən də rahatlaşmışam. Mənimlə də eyni şey baş verir- mən də sadəcə qoca psixəm. Həkim gülür, mənə yoldaşlıq baxışı atır; şübhəsiz boyuma görə, köynəyim də təmizdir, məni zarafatlarında iştirak etmək üçün çağırmağa hazırdır. Mən gülmürəm və bu oyunlara cavab vermirəm, onda gülməyini saxlamadan gözlərindəki qorxunc alovu mənə tərəf çevirir. Bir neçə an gözlərimizi çəkmədən bir-birimizə baxırıq, baxışlarını qıyıb, necə bir insan olduğumu, mənə qarşı necə davranmalı olduğunu düşünür. Psixlərə aid insanam yoxsa yoldan keçənlərə?

Yenə də gözlərini birinci o qaçırdır- özün fikirləş, hansısa tək, heç bir ictimai statusa malik olmayan adam üçün əziyyət çəkməyə dəyərmi, belə kəslər o dəqiqə unudulur. Həkim siqaretini bükür, çəkir, tərpənmədən, adətən qocalarda olan donmuş və sərt baxışlarla baxır. Üzünün gözəl qırışları var, hər növdə: alnında uzununa qırışlar, gözlərinin yanındakı çuxurlar, ağzının hər tərəfində qırışıqlıq, hələ çənəsinin altındakı sarışın xəttlər. Həkimin bəxti gətirib- onu uzaqdan görən hər kəs deyəcək, bax bu adam əzab çəkib və həyatında bütün zövqləri yaşayıb. Qısacası, həkim üzünə layiqdir, o bir an da keçmişini hansı formada saxlayıb istifadə etməyə şübhə etməyib. Üzünü götürüb, ondan müqəvva düzəldib, qadınlar və gənc insanlarda təəssürat oyatmaq üçün istifadə edib.

Müsyö Axill xoşbəxtdir, özü də deyəsən çoxdan belə xoşbəxt olmayıb. Həzzdən keyləşib, yanaqlarını şişirdib“Birri” içəri ötürür. Həə, həkim ona yol tapdı! Həkim hər an tutması tutacaq qoca psixlərdən çaşacaq adam deyil; yaxşı məzəmmət, üzə şapalaq kimi dəyən bir neçə kobud söz, vəssalam, onun kimilərə bundan artığı heç lazım da deyil. Həkimin təcrübəsi var. Təcrübəsi olmaq, onun ixtisasıdır; həkimlər, keşişlər, hakimlər və zabitlər insanları əzbər tanıyırlar, elə bil ki insanları onlar yaradıblar. Müsyö Axillin yerinə utanıram. Biz onunla ayaqqabının iki tayıyıq, gərək birləşib onlara qarşı olaq. Amma o məni satdı, onların tərəfinə keçdi, təcrübəyə ürəkdən inanır. Nə özünün nə də mənim təcrübəmə, məhz həkim Rojenin təcrübəsinə inanır. Hələ bir az əvvəl müsyö Axill özünü qəribə hiss edirdi, elə bilirdi təkdir, amma indi o bilir ki, onun kimilər çoxdur, lap çoxdur, həkim Roje belə insanlarla çox görüşüb, o müsyö Axillə onların hər birinin həyatını və axırlarının necə olduğunu danışa bilər. Müsyö Axill sadəcə təsadüfdür, bəzi ümumi anlayışlarla üst-üstə düşən xüsusi hadisədir. Ona aldandığını, həkimin lovğalıq oynadığını elə demək istərdim ki… Məgər onlar təcrübə peşəkarlarıdırlar? Onlar bütün həyatlarını mənasız, küt, yarıyuxulu keçiriblər, səbirsizlikdən tələmtələsik evlənirlər, şansa şans uşaq düzəldirlər. Kafelərdə, toylarda başqa insanlarla görüşürlər. Bəzən hansısa burulğana düşüb, onlara nə baş verdiyini başa düşmədən çabalayırlar. Ətraflarında baş verən hər şey onların baxış bucağından kənarda başlayıb, bitir: tutqun uzunsov formalar, hadisələr qəfil uzaqdan gəlib onları vurur, baxıb nə olduğunu başa düşməyə çalışanda isə artıq hər şey bitmiş olur. Budur, qırx yaşlarında kiçik həvəslərini və atalar sözlərinin balaca toplusunu təcrübə adlandırırlar, ticarət avtomatları kimi fəaliyyətə başlayırlar. Sol deşiyə qəpik atırsan- buda sənə gümüşü zərlə bəzədilmiş qutuda həyatın bir-iki nümunəsi, sağ deşiyə qəpik atırsan dişlərə iris kimi yapışan qiymətli məsləhətlər götürürsən.

Mən özüm də bir çox arzu edilən qonaqlar üçün belə qiymətli ola bilərdim, hamısı mənə deyərdilər ki, uca yaradan şahiddir ki mən necə böyük səyahətçiyəm. Tamamilə düzdür ki, müsəlmanlar oturub işəyirlər, Hindistanda mamaçalar qanaxmanın qarşısını almaq üçün mal peyininə batırılmış şüşədən istifadə edirlər, Borneoda qızlar aybaşı olanda üç gün, üç gecəni evlərinin damında keçirirlər. Venesiyada qayıqlarda dəfn, Sevilyada Ehtiraslı həftə bayramını, Oberammerqauda Misteriya gördüm. Əlbəttə ki, bu mənim təxəyyülümün kiçik formasıdır, mən məsələn kresloya yayxanıb, zarafat üçün belə başlaya bilərdim:

“ Əzizim madam, siz Yiqlava haqqında eşitmisiniz? Bu Moraviyada 1924-cü ildə yaşamalı olduğum balaca şəhərdir…”

Və öz vaxtında bir çox hüquqi kazusları həll etmiş məhkəmə sədri hekayəm bitəndə söz alıb deyərdi:

“ Siz tamamilə haqlısınız, əziz müsyö, bu insanlara xasdır. Mən belə hadisə ilə karyeramı təzə başlayanda rastlaşmışam. 1902-ci il idi. Mən Limojda hakim köməkçisi işləyirdim…”

Məsələ ondadır ki, bütün bu söhbətlər hələ cavanlığımda zəhləmi tökmüşdü. Düzdür, mən peşəkarlar ailəsində doğulmamışam. Amma axı həm də həvəskarlar var. Katibələr, qulluqçular, ticarətçilər və s. Kafelərdə başqalarını dinləyirlər, qırx yaşlarında kənara tökə bilmədikləri çoxlu təcrübə sahibi olurlar. Xoşbəxtlikdən, onlar uşaqlar törədiblər, məhz onları bu təcrübəni yerindən tərpənmədən həyata keçirməyə məcbur edirlər. Beynimizə yeritmək istəyirlər ki, onların keçmişləri itməyib, sadəcə xatirələri sakit-sakit müdrikliyə keçib. Rahat keçmişdir! Cib keçmişi, qızıl kitabxanada həqiqətin yalan yazıldığı kitab. “İnanın mənə, mən təcrübəmə əsasən danışıram, bildiyim hər şeyi mənə həyat öyrədib”. Heç görəsən Həyat onlar haqqında fikirləşir? Bütün yeniliyi onlar keçmişin köməyi ilə, köhnəni isə daha qədim keçmişin köməyi ilə izah edirlər, Lenini rus Robespyeri, Robespyeri fransız Kromveli olaraq təsvir edən tarixçilər kimi: son nəticədə onlar hələ də heç nə başa düşməyiblər. Onların lovğalığı altında tutqun tənbəllik yatır;bir hadisənin digərini necə əvəz etməsini müşahidə edib, fikirləşirlər: dünyada heç nə təzə deyil. “Qoca psix”- və həkim Roje əslində heç birini ayrı-ayrılıqda xatırlamadığı digər qoca psixləri yadına salır. Müsyö Axillin nə deməsindən asılı olmayaraq, gərək təəccüblənməyək: Hər şey aydındır- qoca psix!

O heç də qoca psix deyil, o sadəcə qorxur. Nədən qorxur görəsən? Nəyisə başa düşməyə çalışanda bu nə iləsə üz-üzə qalırsan, tamam tək, köməksiz və dünyanın bütün keçmişi sənə heç nədə kömək edə bilmir. Sonra bu nə isə itir və başa düşə bildiyin hər şey də onunla birlikdə yoxa çıxır. Ümumi təəssüratlarla qidalanmaq daha rahatdır. Onsuz da peşəkarlar da, həvəskarlar da əvvəl axır hamısı haqlı çıxırlar. Onların müdrikliyi məsləhət görür ki, nə qədər mümkündür az səs sal, az yaşa, çalışmaq lazımdır ki, sənin haqqında unutsunlar. Hər şeydən çox onlar axmaq insanlar ya da cəzalandırılmış əcaib adamlar haqqında danışmağı xoşlayırlar. Nə edəsən, bəlkə elə belə də olur, heç kəs əksini iddia etmir. Bəlkə də müsyö Axillin vicdanı heç də sakit deyil. Bəlkə o fikirləşir ki, atasının, böyük bacısının məsləhətlərinə qulaq assaydı gəlib çıxdığı yerdə  olmazdı. Həkim onu ittiham etməkdə haqlıdır. Axı həkim öz həyatını puç etməyib, ətrafdakılar üçün yararlı insan ola bilib. Bu cılız adam, xarabalıqlar üstündən sakit, möcüzəli şəkildə asıla bilir; o qayadır. Həkim Roje kalvadosunu içdi. Möhkəm bədəni yumşaldı, göz qapaqları ağır-ağır endi. İlk dəfədir onun üzünü gözsüz görürəm, bu gün bazarlarda satılan karton maskası kimi üzü var. Yanaqları güclü çəhrayı rəngdədir… Birdən mənə aydın olur: bu insan tezliklə öləcək. Yəqin özü də bunu başa düşür, güzgülərə baxmaqdan bezib: hər gün daha çox gələcək cəsədinə oxşayır. Bax bu onların təcrübəsidir, ona görə də özümə tez-tez deyirəm ki, onların təcrübəsi ölü iyi verir, bu onların sonuncu sığınacaqlarıdır. Həkim məhz bu vaxt öz təcrübəsinə inanmaq istərdi, özündən dözülməz həqiqəti gizlətmək istərdi:o təkdir, nə keçmişi, nə müdrikliyi var, şüuru yavaş-yavaş dumanlanır, bədəni çürüyür. Bax elə buna görə də həvəslə öz balaca kompensator boşboğazlığını bəzəyir, abadlaşdırır: özünü guya inkişaf etməsinə inandırır. Yaddaşında pozğunluq əmələ gəlib, beyni arabir boşboşuna işləyir? Qəti yox, sadəcə o indi tələm tələsik gənc mühakimələrinə qaçır. O indi başa düşmür kitablarda nə yazılır? Yox əşi, o sadəcə oxumaq istəmir. O daha sevişə bilmir? Hə, nə olsun, öz vaxtında kifayət qədər sevişib. Sevgi intriqalarının isə keçmişdə olması daha yaxşıdır nəinki indi- kənardan mühakimə aparıb, müqayisə edib fikirləşə bilir. Güzgülərdə ölü üzünə baxa bilmək üçün özünü əmin edir ki, sadəcə heykəltəraş üzündə təcrübə dərslərini həkk edib. Həkim başını yüngülcə çevirir. Göz qapaqları aralanır və mənə qızarmış, yuxulu gözlərlə baxır. Ona gülümsəyirəm. İstəyirəm təbəssümüm özündən gizlətməyə çalışdığı hər şeyi açıq aydın göstərsin. Əgər fikirləşə bilsəydi ki “Bu tip tezliklə öləcəyimi bilir!” – oyanardı. Amma göz qapaqları yenidən aşağı enir və o yatır. Mən isə müsyö Axilli onun yuxusunu qorumaqda qoyub, çıxıram.

Yağış kəsib, istidir, səmada yavaş-yavaş gözəl qara şəkillər üzür- mükəmməl an üçün bundan gözəl çərçivə ola bilməz; amma gərək bu şəkillərin ifadə olunduğu yer də olsun. Anni ürəyimizdən balaca, qaranlıq bulaqlar axıdardı. Mən isə belə təsadüflərdən istifadə edə bilmirəm, boş, avara-avara itən səmaya tamaşa edirəm.

 

 

 

Çərşənbə

Qorxuya məğlub olmaq olmaz.

Cümə axşamı

Dörd səhifə yazdım. Sonra uzun xoşbəxtlik anları yaşadım. Tarixin qiymətli olması ilə bağlı fikrə düşmədim. Yoxsa o inkar oluna bilərdi. Xatırladıram ki, markiz de Rolbon hal-hazırda mövcudluğunun yeganə təsdiqidir. Düz bir həftə sonra Anni ilə görüşəcəm.

 

Cümə

La Redut bulvarında elə sıx duman var idi ki, kazarmanın divarlarına yaxın getməyi daha ağıllı hesab etdim; sağ tərəfimdən avtomobil işıqları səkinin bitdiyi yerdə özləri ilə nəm işıq ləkəsi aparırdılar, heç nəyi müəyyən etmək mümkün deyildi. Məni insanlar əhatə edirdi- onların addımlarını, bəzən səslərinin vızıltılarını eşidirdim, amma heç kimi görmürdüm. Bir dəfə çiynim bərabərində bir qadın sifəti peyda oldu, amma elə o dəqiqə də onu duman uddu, sonra kimsə ucadan tövşüyərək məni itələyib keçdi. Hara getdiyimi bilmirdim, diqqətimi ancaq bir şeyə vermişdim, ehtiyatla yeriyirdim, ayaqqabımın ucu ilə yeri hiss etməyə çalışırdım, hətta əllərimi də irəli uzatmışdım. Bu hərəkətlər mənə bir qram da zövq vermirdi. Amma evə qayıtmaq barədə fikirləşmirdim- deyəsən itmişdim. Nəhayət yarım saatdan sonra uzaqdan mavi buxar gördüm. Düz ona tərəf gedib, tezliklə geniş işıq zolağına düşdüm- “Mabli” kafesi işıqları ilə dumanı yarırdı. “Mabli” kafesində bir xeyli elektrik lampaları var, amma indi ancaq ikisi: biri kassada, digəri çilçıraqda yanırdı. Yeganə ofisiant məni qaranlıq küncə itələdi.

–          Bura, müsyö, mən buranı yığışdırıram.

Ofisiant gödəkçədə, jiletsiz və yaxalıqsız idi, bənövşəyi rəngli zolaqları olan ağ köynək geyinmişdi. İnadla üzümə baxıb, əllərini saçlarına çəkərək əsnəyirdi.

–          Roqaliklə tünd kofe.

Cavab vermədən gözlərini silib getdi. Çirkli, buz kimi duman gözlərimin içinə girirdi.Deyəsən sobanı yandırmamışdılar.

Mən tək deyildim. Qarşı tərəfimdə solğun üzlü qadın oturmuşdu, əlləri dayanmadan hərəkətdə idi- gah bluzkasını düzəldirdi, gah da qara şlyapasını qaydasına salırdı.Yanında hündür sarışın kişi oturmuşdu, səssiz-səmirsiz brioş (yağlı ağ bulka) çeynəyirdi. Sükut məni əzirdi. Qəlyan çəkmək istəyirdim amma alışqanın səsi ilə onların diqqətini cəlb etmək istəmirdim.

Telefon zəngi. Bluzkadan yapışan əllər dondu. Ofisiant tələsmirdi. Dəstəyi götürməmişdən əvvəl tələsmədən yeri süpürüb qurtardı. “Allo, müsyö Jorjdur? Salam, müsyö Jorj…Bəli, müsyö Jorj…sahib yoxdur…Bəli, aşağı düşməlidir… Ah, bilsəniz necə duman var… Ümumiyyətlə o adətən saat səkkizdə düşür… Oldu, müsyö Jorj, deyərəm. Sağ olun, müsyö Jorj”.

Duman pəncərələrdən boz rəngli ağır, məxmər pərdə asmışdı. Kiminsə üzü şüşəyə yapışdı və o dəqiqə də itdi.

–          Ayaqqabılarımın ipini bağla,- qadın şikayətlə xahiş etdi.

–          O bağlıdır- kişi baxmadan cavab verdi.

Qadın hirsləndi. Əlləri böyük hörümçək kimi bluzkada və boynunda gəzdi.

 

-Dedim axı, bağlıdır.

Qanıqara aşağı əyilib, stolun altından yüngülcə qadının ayaqlarına toxundu:

–  Bağladım.

Qadın razı halda gülümsədi. Kişi ofisiantı çağırdı.

– Nə qədər ödəyəcəm?

– Neçə dənə brioş götürmüşdünüz?- ofisiant soruşdu. Sonra mən gözlərimi endirdim ki, onlara baxdığımı fikirləşməsinlər.Bir neçə saniyə sonra cırıltı eşitdim və yubkanın ətəyini, qurumuş palçığın yapışdığı iki cüt çəkmə gördüm. Çəkmələrin ardınca bir cür laklanmış və iti burunlu kişi çəkmələri gedirdi. Çəkmələr mənə yaxınlaşdı, dayandı və döndü, kişi paltosunu geyinirdi. Elə bu vaxt yubka ətəyi boyunca gərilmiş əllər aşağı düşdü. Əllər tərəddüd etdi, ətəyi yellətdi.

– Hazırsan? – kişi soruşdu.

Ovuc açıldı, sağ ayaqdakı qurumuş palçığa toxundu və itdi.

–          Uf!-  kişi ah çəkdi.

O asılqanın yanına qoyulmuş çamadanı qaldırdı. Onlar çıxdılar və dumanda itdilər.

–          Onlar aktyordurlar, – mənə kofe verərkən ofisiant dedi. – “Palas” kinoteatrında seanslar arası fasilə zamanı çıxış etdilər. Qadın gözünə yaylıq bağlayıb, tamaşaçıların adlarını və yaşlarını tapır. Bu gün çıxıb gedəcəklər, cümə günündən proqram dəyişilir.

Ofisiant bir az qabaq aktyorların oturduğu stolun üstündəki roqalik boşqabının ardınca getdi.

Mən bu roqalikləri yemək istəmirdim.

–          İşığı söndürmək lazım gələcək. Bir müştəri üçün iki lampanın, özü də səhər saat doqquzda yandırılmasına sahib hirslənəcək.

Kafeni alaqaranlıq basdı. İndi hündür pəncərələrdən boz- qəhvəyi rəngli zəif işıq düşürdü.

–          Mənə müsyö Faskel lazımdır.

Mən qoca qadının necə girdiyini görmədim. Buz kimi havadan məni əsməcə tutdu.

–          Müsyö Faskel hələ aşağı düşməyib.

–          Mən madam Floranın yanından gəlirəm, – qadın davam etdi.- Onun vəziyyəti pisdir. O bu gün gəlməyəcək.

Madam Floran kürən saçlı kassirdir.

–          Belə havalarda həmişə onun qarnı ağrıyır,- qoca dedi.

Ofisiant çoxmənalı görünüş aldı.

–          Bunu edən dumandır, – o dedi,- bax müsyö Faskellə də eyni şeydir. Qəribədir ki, o hələ aşağı düşməyib. Ona zəng vurmuşdular. Ümumiyyətlə o həmişə saat səkkizdə aşağı düşür.

Qoca qeyri-iradi tavana baxdı:

–          O haradadır, yuxarıda?

–          Hə, orada onun yataq otağıdır.

–          Bəlkə ölüb…- qoca ağır səslə elə danışdı ki, elə bil öz- özünə mühakimə edir.

–          Yox bir!- ofisiantın üzündə təbii əsəb peyda oldu. – Bircə bu çatışmırdı!

Bəlkə o ölüb… Mənim də ağlıma bu fikir gəldi. Belə fikirlər adətən duman vaxtı gəlir.

Qoca çıxıb getdi. Gərək mən də onun kimi edəydim: soyuq və qaranlıq idi. Qapının aralarından içəri duman girirdi, az-az yuxarı qalxıb, hər şeyi udurdu. Bələdiyyə kitabxanasında daha işıqlı və isti olardı. Yenə də kiminsə üzü şüşəyə yapışıb eybəcər ifadələr göstərdi.

–          Gözlə, gör başına nə oyun  açacam, – ofisiant hirsli-hirsli deyib, küçəyə qaçdı.

Üz itdi, mən tək qaldım. Özümü danladım ki, nahaq evdən çıxdım. İndi duman yəqin mənim oteldəki nömrəmi də udub, ora qayıtmağa qorxuram.

Kassanın arxasında qaranlıqda nəsə cırıldadı. Səs otağa aparan pilləkənlər tərəfdən gəldi: bəlkə sahib aşağı düşür? Yox, heç kim yoxdur: pilləkənlər öz-özünə cırıldadı. Müsyö Faskel hələ də yatır. Bəlkə də başımın üstündə ölüb. “Dumanlı səhərdə yatağında ölü tapıldı”. Başlıq: “Kafenin müştəriləri heç nədən şübhələnmədən yeyib, içirdilər”.

Görəsən hələ də yatağında uzanıb? Bəlkə yorğanını da özü ilə sürüyərək yataqdan yıxılıb və başı döşəməyə dəyib?

Mən müsyö Faskeli yaxşı tanıyıram, o bəzən mənimlə hal-əhval tuturdu. Kök, hamar saqqalı kefcil adamdır- ölübsə deməli ürək tutmasından ölüb. Üzü badımcana dönüb, dili ağzından çıxıb. Saqqalı dik durub, buruq saçları altında boynu bənövşəyi rəngə dönüb.

Sahibin yataq otağına aparan pilləkən dumanda itib. Sürahinin başını güclə seçə bilirəm. Bütün bu qaranlıq ərazini keçməli oldum. Pilləkən cırıldayır. Yuxarıda əlimlə qapının dəstəyini tapıram…

Cəsəd oradadır, başımın üstündə. İşığı yandıracam, isti bədənə toxunacam ki əmin olum…. Daha dözə bilmirəm, qalxıram. Əgər ofisiant məni pilləkənlərdə tutsa deyəcəm ki, səs eşitdim. Qəfil təngnəfəs olmuş ofisiant qayıtdı.

–          Mən buradayam, müsyö,- o qışqırdı.

Axmaq! Mənə tərəf gəlir.

–          İki frank ödəyəcəksiniz.

–          Yuxarıda səs eşitdim,- deyirəm.

–          Çoxdan vaxtdır!

–          Hə, amma deyəsən nəsə olub. Elə bil kimsə xırıldadı, sonra da boğuq səs gəldi.

Bu qaranlıq, pəncərələrindən çöldə dumanın qaynadığı otaqda sözlərim tamamilə təbii səsləndi. Heç vaxt onun gözlərinin ifadəsini unutmaram.

–          Məncə gedib baxmalısınız,- hiyləgərcəsinə təklif edirəm.

–          Yox!- etiraz edir, – məni danlayar. Saat neçədir?

–          On.

–          Əgər on birin yarısına qədər düşməsə gedib baxacam.

Qapıya tərəf addım atıram.

–          Gedirsiniz? Bəlkə bir az da oturasınız?

–          Yox.

–          Doğurdan o xırıldadı?

–          Bilmirəm- gedə-gedə cavab verirəm,- bəlkə kefim yaxşı deyil ona görə mənə elə gəlib.

Duman bir az seyrəlmişdi. Tələsə-tələsə Turnebrid küçəsinə tərəf gedirəm- onun işıqlarına ehtiyacım var. Səhv etmişəm, işıqlar var idi, onlar yanırdılar və mağazaların vitrinlərini işıqlandırırdılar. Amma bu şən işıq deyildi- dumana görə onlar tamam ağ görünürdülər və adamın içinə ruh kimi dolurdular.

Çoxlu adam, daha çox qadınlar, dayələr, qulluqçular, bəzən isə “Hər şeyi özüm alacam, belə daha düzgündür” deyən sahiblər vitrinlərə tamaşa edib, sonra içəri girirdilər.

Julyenin kolbasaçısının qabağında dayandım. Arabir şüşənin arxasından göbələkli qarnirdə bişirilmiş ayağa və ya sosiskalara işarə edən əllər görünürdü. Sonra kök, sarışın qız döşlərini göstərərək əyilib barmaqları ilə ölü gövdədən bir parça götürdü. Müsyö Faskel isə buradan beş dəqiqəlik uzaqlıqda, öz otağında ölü idi.

Ətrafımda hansısa möhkəm sığınacaq, etibarlı bir şey axtardım ki, belə fikirlərdən uzaqlaşım. Belə bir şey yox idi- duman az-maz azalmışdı, amma havada hələ də narahatlıq var idi. Birbaşa təhdid deyildi, nəsə şəffaf bir şey idi. Amma məhz o qorxu yaradırdı. Alnımı vitrinin şüşəsinə söykəmişdim. Yumurtanın üzdüyü rus mayonezinin üstündə tünd-qırmızı damcı gördüm- qan idi. Sarının üstündəki bu qırmızının görüntüsü ürəyimi bulandırırdı.

Birdən təsəvvür etdim ki, kimsə qanlı üzü ilə bu yeməyin üstünə yıxılıb. Yumurta qanın içində üzür, onu bəzəyən pomidor dilimi yanı üstə düşüb-  qırmızıda qırmızı. Bir az mayonez dağıldı- qan çayının iki yerə ayırdığı sarı krem gölməçəsi.

“Axmaq fikirlərdir. Silkələnmək lazımdır.Gedim kitabxanada işləyim”.

İşləyim? Bilirdim ki, bu gün bir cümlə də yazmayacam. Daha bir gün itkisi. Parkdan keçəndə adətən oturduğum skamyada mavi pelerin (başlıqlı plaş) gördüm, nəhəng idi, tərpənmirdi. Bax bu kimdirsə soyuqdan qorxmur.

Oxu zalına girəndə oradan “Oxucu” çıxdı. Mənə tərəf atıldı:

–          Müsyö, sizə təşəkkür etmək istəyirəm. Mənə verdiyiniz fotolara baxıb unudulmaz saatlar keçirdim.

Onu görəndə ümidləndim: bəlkə biz ikimiz bu günə daha rahat dözə bilərik. Amma Oxucunun yanında ancaq onu hiss edirsən ki, tək deyilsən.

Əli ilə bir cildi şappıldatdı. Bu “Din tarixi” idi.

–          Nusapyedən başda heç kim ümumiləşdirməni belə uğurlu apara bilməzdi. Sizcə də elə deyil, müsyö?

Görünüşü yorğun idi, əlləri əsirdi.

–          Yaxşı görünmürsüz, – dedim.

–          Ah, müsyö, hələ bir görünüm. Başıma dəhşətli hadisə gəlib.

Balaca, hirsli, baş təbilçilərdəki kimi bığları olan korsikalı bizə yaxınlaşdı. O saatlarla dabanlarını ucadan yerə vura-vura stollar arasında gəzir.

Qışda o tez-tez bəlğəmini cib dəsmalına tüpürür, sonra da həmin dəsmalları isidicidə qurudur.

Oxucu mənə lap yaxınlaşıb, üzümə nəfəs aldı:

–          Bu barədə bu adamın yanında danışmaq istəmirəm- mənə etibar edərək pıçıldadı.- amma əgər razı olsaydınız, müsyö…

–          Nəyə?

O qızardı, əsəblə ayaqlarını oynatdı:

–          Müsyö, ah, müsyö…ölürəm… çərşənbə axşamı şərəf verib, mənimlə nahar edərsiniz?

–          Məmnuniyyətlə…

Onunla nahar etmək özümü asmağım kimi bir şeydir.

–          Siz məni çox şad etdiniz,- Oxucu dedi və tələsik əlavə etdi:- etiraz etməsəydiniz sizi götürməyə gələrdim, – sonra da itdi, yəqin qorxurdu ki, yubansa fikrimi dəyişərəm.

On ikinin yarısı idi. İkiyə on beş dəqiqə işləyənə qədər işlədim. Boş iş idi: gözümün qabağında kitab var idi, amma fikrim “Mabli” kafesində qalmışdı. Görəsən müsyö Faskel aşağı düşdü, ya yox? Ürəyimin dərinliklərində onun ölümünə o qədər də inanmırdım, elə məhz bu məni qıcıqlandırırdı! Fikir dumanlı idi, mən nə onu özümdən qova bilirdim, nə də ona əmin ola bilirdim. Döşəmədə korsikalının ayaqqabıları taqqıldayırdı. Bir neçə dəfə o mənim qarşımda elə dayandı ki, elə bil mənimlə danışmaq istəyirdi. Amma baxıb, yenidən addımlayırdı.

Saat birdə sonuncu oxucular da getdilər. Yemək istəmirdim, ən əsası getmək istəmirdim. Bir az da işlədim, sonra qəfil diksindim: sükutda dəfn edilmişdim.

Başımı qaldırdım- tək qalmışdım. Korsikalı yəqin ki aşağı, kitabxananın qapıçısı işləyən arvadının yanına düşmüşdü. Onun addımlarını eşitmək istədim. Əvəzində ancaq sobada səpələnən kömürün şaqqıltısını eşidirdim.

Oxu zalını duman basmışdı, yox, həqiqi duman deyil, o çoxdan dağılıb, bu başqa, hələ də küçələrin dolu olduğu duman idi, divarlardan, körpülərdən sızırdı. Hər şey bir az dağınıq olmuşdu. Əlbəttə, kitablar hələ də rəflərdə öz yerlərində, əlifba sırası ilə düzülmüşdülər, qəhvəyi, qara cildlidirlər, üstlərində yarlıqlar var: ÜO- fə 7996 (ümumi oxu- fransız ədəbiyyatı) və ya ÜO- te (ümumi oxu- təbii elmlər). Amma…axı bunu necə izah etmək olar? Adətən bu qalın və ya kiçik kitablar soba, yaşıl lampalar, böyük pəncərələr və pilləkənlərlə gələcəyi çərçivəyə salırlar. Nə qədər ki, bu divarların arasındasan baş verə biləcək hər şey ancaq sobanın sağında ya da solunda ola bilər. Əgər lap elə Müqəddəs Deni bu zala əllərində başını daşıyaraq girsə yenə də sağ tərəfdən, fransız ədəbiyyatına həsr edilmiş rəflərin arasından və assistentlərin işlədiyi stolun yanından keçməli olardı. Əgər döşəmədən iyirmi santimetr yuxarıda, yerə dəymədən uçsa, dəqiq bilirəm qanlı çiyinləri üçüncü kitab rəfi ilə bir olardı. Bax beləcə bütün bu əşyalar adətən mümkünlüyün sərhədini cızırlar.

Amma məhz bu gün onlar heç nəyin sərhədlərini cızmırlar- elə bil ki, onların özlərinin mövcudluğu sual altındadır və növbəti ana çatmaq onlara böyük əziyyət bahasına başa gəlir. Oxuduğum kitabı möhkəm-möhkəm əlimdə sıxdım- amma hətta ən sərt hisslər də silinmişdi. Hər şey çox qeyri-real görünürdü- məni hansısa karton dekorasiya əhatə etmişdi, onu istənilən vaxt başqa yerə keçirmək olardı. Dünya gözləyirdi, gərgin, nəfəsini tutub müsyö Axill kimi öz böhranını, öz Ürəkbulantısını gözləyirdi.

 

Qalxdım, daha bu gücdən düşmüş əşyaların arasında qala bilmirdim. Pəncərədən Empetrazın kəlləsinə baxmağa qərar verdim. Öz-özümə pıçıldadım: “Hər şey ola bilər, ola bilər hər şey olsun”. Aydın məsələdir, insanların fikirləşdikləri dəhşət ruhu kimi deyi, – Empetraz altlığında oynayası deyil, məsələ başqa şeydir.

Dəhşətlə hər saniyə dağıla biləcək yırğalanan əşyalara baxırdım, – hə mən buradaydım, biliklərin yamandığı kitabların arasında yaşayırdım: onlardan biri heyvanlar aləminin sarsılmaz formalarından bəhs edir, digərləri isə iddia edir ki, dünyada sabit enerji saxlanılır, hə, mən şüşəsində günəş şüalarının istiqamətini dəyişən əmsalın olduğu bu pəncərənin qabağında dayanmışam. Həəə, bu əngəllər necə də kiçikdirlər! Məncə dünya bir gecədə tanınmayacaq dərəcədə ona görə dəyişmir ki, tənbəllik edir. Amma bu gün o elə görünürdü ki, elə bil başqa olmaq istəyirdi. Belə vəziyyətlərdə hər şey ola bilər, hər şey.

Bir dəqiqə də itirmək olmaz: “Mabli” kafesində baş verənlərlə bağlı narahatlığımı deyirəm. Ora qayıtmaq, müsyö Faskellə görüşmək, yaşadığına əmin olmaq, hətta lazım gələrsə əllərinə və saqqalına toxunmaq lazımdır.

Bəlkə onda özümə gələrəm. Tələsik paltomu götürdüm, geyinməyib çiynimə atdım və çölə çıxdım. Şəhər bağında, həmin skamyada yenə də həmin pelerinli adamı gördüm: soyuqdan qızarmış iki qulağı arasında böyük, ölü üz ağarırdı. Uzaqdan “Mabli” kafesinin işıqları parıldayırdı- deyəsən bu dəfə bütün on iki lampanı yandırmışdılar. Addımlarımı yeyinlətdim, bu hadisənin axırına çıxmaq lazım idi. Əvvəlcə böyük pəncərədən kafeyə baxdım, zal boş idi. Nə kassir, nə ofisiant nə də müsyö Faskel.

Böyük əzab əziyyətdən sonra özümdə cəsarət tapıb içəri girdim; oturmadım. “Ofisiant”- qışqırdım. Cavab yoxdur. Stollardan birində boş stəkan var. Boşqabda qənd qırıntısı görünür.

–          Kimsə var?

Asılqandan palto asılmışdı. Dairəvi masada qara karton qovluqlarda jurnallar səpələnmişdi. Nəfəsi tutub, çalışdım ki, heç olmasa kiçik səs tutum. Yaşayış otaqlarında pilləkənlər yüngülcə cırıldayırdı. Küçəsən paraxodun fit səsi gəlirdi. Gözlərimi pillələrdən çəkmədən arxaya yeriyib, kafedən çıxdım. Hər şeyi başa düşürəm: saat ikidə müştəri az idi, müsyö Faskelə soyuq olub, ofisiantı hansısa iş üçün, bəlkə də həkim dalınca göndərib. Hər şey qaydasındadır, amma yenə də müsyö Faskeli görməliyəm. Turnebrid küçəsinin tinində döndüm, nifrətlə adamsız kafenin parlayan işıqlarına baxdım. İkinci mərtəbənin pərdələri aşağı salınmışdı.

Mən həqiqi panikaya düşdüm. Daha bilmirdim hara gedirəm. Dokların yanından sürətlə keçdim. Bovuazi kvartalının boş küçələrini döndüm- evlər qaşqabaqla mənim qaçan fiquruma baxırdılar. “Hara gedim? Hara?- dayanmadan təkrarlayırdım. Hər şey baş verə bilər. Arabir döyünən ürəyimlə qəfil arxaya dönürdüm. Arxamda nə baş verir? Bəlkə bu mənim arxamda başlayacaq mən dönəndə isə artıq hər şey üçün gec olacaq? Nə qədər ki, əşyaları nəzərimdə saxlayıram heç nə baş verməyəcək, bax budur körpünü, evləri, qaz borularını gözlərimlə yeyirəm; baxışlarım bir əşyadan digərinə sürətlə keçirdi ki, onları çevrilmələrinin ən qızğın çağında gözlənilmədən yaxalayım. Görünüşləri qeyri-təbii idi, amma mən dayanmadan özümü əmin edirdim: “ Bax bu qaz borusudur, bu su paylaşdıran kolonkadır” və çalışırdım baxışlarımın gücü ilə onları həmişəki vəziyyətlərinə qaytarım. Tez-tez yolumun üstünə barlar çıxırdı: “Breton kafesi”, “Dənizçi barı”. Onların çəhrayı tül pərdələri qarşısında tərəddüdlə dayanırdım: bəlkə metamarfoza bu möhkəm pərdələnmiş pivəxanalardan yan keçib, bəlkə onlarda hələ də dünənki dünyadan çəpərlənmiş, unudulmuş hansısa hissə qalıb. Amma buna əmin olmaq üçün qapını açıb, içəri girmək lazımdır. Buna qərar verə bilmirdim və yoluma davam edirdim. Məni daha çox evlərin qapıları qorxudurdu. Qorxurdum ki, onlar öz-özünə açılarlar. Axırda küçənin düz ortası ilə addımlamağa başladım.

Qəfildən Şimali Dok sahillərinə çıxdım. Balıqçı gəmiləri, balaca yaxtalar. Ayağımı daş yuvadakı buxtanın (səliqə ilə burulub yığılmış kanat) üstünə qoydum. Burada, evlərdən, qapılardan uzaqda bir dəqiqəlik nəfəs ala bilərdim. Sakit, qara noxud dənələri ilə çirklənmiş suda tıxac üzürdü.

“Bəs suyun altında? Heç suyun altında nə ola bilər fikirləşmisən?”

Deyək ki, hansısa heyvan. Yarısı palçığa batmış qabıq. On iki cüt ayaq yavaş-yavaş lehmədə eşələnirlər. Arabir heyvancıqlar yüngülcə yuxarı qalxırlar. Suyun dərinliyində yüngülcə titrəyiş ya dalğa əlamətləri tapmaq üçün yaxınlaşıb baxdım. Amma tıxac qara noxud dənələrinin arasında sabit dayanmışdı, tərpənmirdi.

Elə bu  vaxt səs eşitdim. Elə bil vaxtını gözləyirmiş. Fırlanıb yenidən qaçmağa başladım.  Kastilyon küçəsində öz aralarında söhbət edən iki kişiyə çatdım. Addımlarımın səsindən ikisi də diksinib geri baxdılar. Mən onların əvvəl mənə sonra da arxamca baxan həyacanlı gözlərini gördüm- başa düşməyə çalışırdılar ki, arxamda məni qovan nəsə var ya yox. Bəlkə də onlar da mənim kimidirlər, qorxurlar. Onlara çatıb, keçəndə bir-birimizə baxdıq. Bir az dayansaydım danışardıq da. Sonra birdən gözlərimizdə inamsızlıq baş qaldırdı- belə gündə ilk rast gəldiyin adamla söhbət etmək olmur.

Bulibe küçəsində özümə gəldim, təngnəfəs olmuşdum. Yaxşı, qərar qəbul edildi, kitabxanaya qayıdacam, hansısa roman götürüb oxumağa çalışacam. Parkın hasarının yanından keçəndə yenə də pelerinli adamı gördüm- əvvəlki yerində adamsız parkda oturmuşdu; burnu da qulaqları kimi qızarmışdı.

Elə darvazanı açıb, parka girmək istəyirdim ki, onun üzündəki ifadəni görüb yerimdə dondum; gözlərini qıyıb, dodaqlarını axmaqcasına aralamışdı, zəif-zəif gülümsəyirdi. Eyni vaxtda qabağında mənim görə bilmədiyim nəyəsə elə gərgin, sərt baxışlarla baxırdı ki, qəfil arxaya döndüm.

Onun qabağında bir ayağı üstündə, ağzı açıq, təxminən on iki yaşlı qız dayanmışdı, cadulanmış kimi adama baxıb, sərt üzünü qabağa uzadıb, əsəbi şəkildə baş yaylığını dartışdırırdı.

 

Adam öz-özünə gülümsəyirdi, elə bil ki yüngül zarafat etməyə hazırlaşırdı. Birdən əllərini dabanlarına çatan pelerinin cibində saxlayıb, ayağa qalxdı. İrəli iki addım atdı, gözləri fırlanırdı. Elə bildim indi yıxılacaq. Amma o hələ də azad şəkildə gülümsəyirdi.

Birdən başa düşdüm: hər şeyin səbəbkarl pelerinadır. Ona mane olmaq lazımdır. Öskürüb, darvazanı açdım. Qızın üzündəki ifadədən donub qaldım. Üzü qorxudan uzandı, deyəsən ürəyi möhkəm döyünürdü, amma bu siçan üzdə eyni vaxtda həm hökmranlıq həm də arsızlıq oxudum. Bu maraq deyildi, özünəməxsus əminliklə gözləmək idi. Hiss etdim ki, gücsüzəm- mən çöldə, bağın hasarından, onların arasındakı kiçik dramdan kənarda idim; onları bir-birinə arzularının qaranlıq hakimiyyəti bağlayırdı, onlar cütlük idilər. Nəfəsimi tutdum, arxamdakı adam pelerininin yaxasını açanda bu qəribə üzün nə ifadə alacağını görmək istəyirdim.

Amma birdən özünə gələn qız başını silkələyib, qaçmağa başladı. Pelerinli adam məni görmüşdü, onu bu dayandırmışdı. Bir saniyə xiyabanın ortasında tərpənmədən dayandı, sonra belini büküb yavaş-yavaş getdi. Pelerinanın ətəkləri topuqlarına vururdu.

Darvazanı çırpıb bir addımda yanına çatdım.

–          Hey, qulaq asın!- mən qışqırdım.

O əsdi.

–          Şəhərdə dəhşətli təhlükə var,- yanından keçəndə nəzakətlə dedim.

 

Oxu zalına girib, stolların birindən “Parma iqamətgahı”nı götürdüm. Fikrimi oxuya verib, Stendalın işıqlı İtaliyasında sığınacaq tapmağa çalışdım. Bəzən təxəyyülün qısa parıltılarında buna nail olurdum, amma sonra yenidən bu günün təhlükəli atmosferinə girirdim. Qarşımda oturan balacaboy qoca boğazını arıtlayırdı, hansısa gənc stuluna yayxanıb xəyal qururdu.

Vaxt gedirdi, şüşələr qaranlıqlaşmışdı. Biz kontorunda kitabxanaya gələn yeni kitabları peçatlayan korsikalını saymasaq dörd nəfər idik. Balacaboy qoca idi, sarışın gənc, dissertasiya hazırlayan qadın və mən idim. Arabir aramızdan biri başını qaldırıb, tələsik şübhəli nəzərlərini digər üçündə gəzdirirdi, elə bil ki onlardan qorxurduq. Bəzən qocanı gülmək tuturdu, gənc qadın yarpaq kimi əsirdi. Mən bir az əvvəl qocanın oxuduğu kitabın adını tərsinə oxuya bilmişdim- bu gülməli roman idi.

Yeddiyə on dəqiqə qalmışdı. Yadıma düşdü ki, kitabxana yeddidə bağlanır. Yenə də şəhərə çıxmalı olacam. Hara gedim? Nə edim?

Qoca romanı oxuyub, qurtardı. Amma getmədi. Fasilə ilə, ritmik şəkildə barmaqlarını stola vururdu.

–          Cənablar,- korsikalı elan etdi. – Tezliklə bağlanırıq.

Gənc diksindi, mənə əyri-əyri baxdı. Gənc qadın korsikalıya tərəf döndü, sonra yenidən kitabı götürdü, deyəsən oxumağa daldı.

–          Bağlayırıq,- korsikalı beş dəqiqədən sonra elan etdi.

Qoca başını qeyri-müəyyən yellədi. Gənc qadın kitabı kənara qoydu amma qalxmadı.

Korsikalı heç nə başa düşə bilmirdi. Tərəddüdlə bir neçə addım atdı, sonra işığı söndürdü. Stolüstü lampalar söndü. Ancaq yuxarı lampa yanırdı.

–          Getmək lazımdır? – qoca sakit-sakit soruşdu.

Gənc yavaş-yavaş, həvəssiz ayağa qalxdı. Hər birimiz paltomuzu ən axırıncı geyinməyə can atırdıq. Mən çıxanda qadın ovcunu kitabının üstünə qoyub, oturmaqda davam edirdi.

Çöl qapısında, aşağıda qaranlıq ağzını açmışdı. Gənc birinci gedirdi, döndü, yavaş-yavaş pilləkənləri endi, giriş zalını keçdi; bir dəqiqəlik qapının ağzında dayandı, sonra qaranlığa qarışıb, itdi. Aşağı pillələrdən yuxarı baxırdım. Bir az sonra oxu zalından paltosunu düymələyən qoca çıxdı. O ilk üç pilləni düşəndə bütün gücümü toplayıb, gözlərimi yumub, qaranlıqda itdim.

Üzümdə yüngül, təravətli sığal hiss etdim. Uzaqdan kimsə fit çalırdı. Gözümü açdım: yağış yağırdı. Sakit, isti yağış. Meydan qara fonarlarla işıqlanırdı. Əyalət şəhərinin meydanı yağışın altında. Gənc böyük addımlarla yeriyirdi- fit çalan o idi; istədim hələ heç nə bilməyən o biri iki nəfərə qışqırım ki, çıxa bilərlər, təhlükə yoxdu. Qapıda balacaboy qoca göründü. Karıxmış halda yanağını qaşıdı, sonra gülümsəyib çətirini açdı.

 

Tərcümə: Gülər Qasımova                                       (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:16069

Şərhlər

  1. ag gara deyir:

    guler bacim ellerin var olsun