abunə ol: Yazılar | Şərhlər | Еmail

K.Marks – Peşə seçimi zamanı gəncin düşüncələri (1835)

Şərh

193 il əvvəl may ayının 5-də Trierdə protestant ailəsində dünyaya bəşəriyyətin ən görkəmli ziyalılarından olan alman mütəfəkkiri – filosof, sosioloq, iqtisadçı və ictimai xadim Karl Henrix Marks gəlib. Onun işləri fəlsəfədə – dialektik və tarixi materializm, iqtisadiyyatda – izafi dəyər nəzəriyyəsi və siyasətdə – sinfi mübarizə təliminin formalaşması ilə nəticələnərək bəşəriyyətə böyük töhvələr verib. Bu münasibətlə SOLFRONT Marksın 17 yaşındaykən yazdığı məqaləni öz oxucularına təqdim edir.

K.Marks – Peşə seçimi zamanı gəncin düşüncələri  (1835)

Təbiət özü heyvan üçün, onun hərəkət etməli olduğu fəaliyyət dairəsini müəyyən etmişdir və o bu hərəkətləri rahat şəkildə yerinə yetirir, onun hədlərindən kənara çıxmağa çalışmır və digər dairənin mövcudluğu haqqında heç düşünmür. Həmçinin də allah insana ümumi məqsədi  – bəşəriyyəti və insanın özünü nəcibləşdirmək məqsədini göstərmişdir, amma bu məqsədlərə çatmaq üçün vasitələrin müstəqil şəkildə əldə etmək imkanı təqdim etmişdir; o, insana imkan vermişdir ki, cəmiyyətdə ona müvafiq olan mövqeni tutsun və ona özünü və cəmiyyəti yüksəltmək üçün ən yaxşı imkanlar versin. Belə seçimin mümkün olması insanın, dünyanın digər canlılar qarşısındakı böyük üstünlüyüdür, amma bununla birlikdə bu seçim elə bir hərəkətdir ki, insanın bütün həyatını məhv edə, onun bütün planlarını poza və onu bədbəxt edə bilər. Bu seçimi ciddi şəkildə götür – qoy etmək  – nəticədə, öz həyat yoluna başlayan və ən vacib işlərinə taleyin oyununa buraxmaq istəməyən gəncin ilk vəzifəsi belədir. Hər kəsin gözləri önündə müəyyən məqsədi var – elə bir məqsəd ki, onun özü üçün böyük görünür və həqiqətdə elə bir məqsəd ki, ən güclü inancı, ən səmimi qəlb səsini tanıyır, çünki allah heç vaxt fanini rəhbərsiz qoymur; bu səs sakitcə, amma əminliklə danışır. Amma bu – asanlıqla susdurula bilən səsdir və bizim həvəs hesab etdiyimiz şey, bəlkə də, anın məhsuludur – və mümkündür ki, bu an onu yenidən məhv edəcək. Bizim təxəyyülümüz, bəlkə də, alovlanır, bizim hisslərimiz oyaqdır, gözlərimiz qarşısında ruhlar gəzir və biz ehtirasla bizə görünən məqsədə aludəyik, allahın özü bizə göstərib; amma bizim hərarətlə bağrımıza basdığımız şey tezliklə bizi özündən itələyir  – və budur, bizim bütün mövcudluğumuz məhv edilir.

Buna görə də biz, seçdiyimiz peşənin bizi doğrudan da ilhamlandırdığını, daxili səsimizin onu qəbul etdiyini, həvəsimizin yanılma olmadığını, ilahi çağırış hesab etdiyimizin özünü aldatmaq olub – olmadığını götür-qoy etməliyik. Biz, ilhamlanma mənbəyini tapmadan bunu öyrənə bilərik?

Böyük olan, parıltı ilə əhatə olunub, parıltı şöhrətpərəstlik doğurur, şöhrətpərəstlik isə ilhamlanma və ya bizə ilhamlanma kimi görünən şeyi yarada bilər; amma şöhrətpərəstlik şeytanının cəlb etdiyi insanı şüur artıq tutmaq iqtidarında deyil və qarşısıalınmaz gücün onu cəlb etdiyi yerə atılır: O, artıq cəmiyyətdəki yerini özü seçmir, onun əvəzinə bunu vəziyyət və illüziya edir.

Bizim meylimiz, daha çox parlamaq imkanımızın olduğu ictimai vəziyyət deyil: bu vəziyyət elə deyil ki, bu mövqeni tutduqda, bəlkə də, bir neçə il ərzində biz bir dəfə də olsun yorğunluq hiss etməyək, bizim həvəsimiz azalmasın, bizim şövqümüz heç vaxt soyumasın. Əksinə, tezliklə biz hiss edəcəyik ki, bizim arzularımız təmin olunmayıb, bizim ideyalarımız gerçəkləşməyib, bu zaman biz allahdan narazılıq edib, bəşəriyyəti lənətləyəcəyik.

Amma təkcə şöhrətpərətslik bu və ya digər peşəyə qarşı qəfil həvəs yarada bilməz. Biz, güman ki, bu peşəni öz xəyalımızda bəzəmişik – onun elə bəzəmişik ki, o, həyatın verməyə qadir olduğu ən yüksək səadətə çevrilmişdir. Biz bu peşəni əqlən təhlil etməmişik, onun  nə qədər ağır olduğunu, bizim üzərimizə qoyduğu məsuliyyəti götür-qoy etməmişik; biz ona sadəcə uzaqdan baxmışıq, uzaq isə aldadıcıdır.

Bu halda bizim şüurumuz bizim məsləhətçimiz ola bilməz, çünki o, hisslərlə aldadılmış, fantaziya ilə gözləri qamaşmış olduğundan nə təcrübəyə, nə də dərin müşahidəyə əsaslanmır. Bəs biz nəzərlərimizi hara yönəldək, şüurumuzun bizi tərk etdiyi zamanda bizi kim dəstəkləyəcək? Böyük həyat yolu keçmiş, taleyin sərtliyinin sınağından çıxmış valideynlər – ürəyimiz bizə bunu deyir.

Və əgər bizim həvəsimiz hələ öz qüvvəsini qoruyursa, biz seçdiyimiz peşəni sevməyə davam ediriksə, onu soyuqqanlı şəkildə müzakirə etdikdən, ağırlığını, bütün çətinliklərini gördükdən sonra belə ona meyl hiss ediriksə – bu zaman biz onu seçməliyik, şövqünüz bizi aldatmır, tələskənlik bizi yanıltmır.

Amma biz həmişə həvəsimizin olduğu peşəni seçə bilmirik; cəmiyyətdəki münasibətlərimiz müəyyən dərəcədə artıq o zamana qədər müəyyən olunmağa başlayır ki, biz ona müəyyənedici təsir göstərə bilək.

Bizim cəmiyyətdəki münasibətlərimiz hələ biz onlara həlledici təsir etmək iqtidarında olmamışdan əvvəl müəyyən dərəcədə artıq qurulmağa başlayır.

Artıq bizim fiziki təbiətimizin özü tez-tez  bizə qorxulu tərzdə müqavimət göstərir, onun haqlarına məhəl qoymamağa isə heç kimin hünəri çatmaz.

Düzdür, ondan üstün olmaq bizim imkanlarımız daxilindədir, lakin o zaman bizim süqutumuz da daha tez baş verəcək; belə olan halda biz zəif bünövrə üzərində bina ucaltmağa qərar veririk və bütün həyatımız mənəvi və cismani prinsiplərin başıbəlalı mübarizəsinə çevrilir. Öz daxilində mübarizə aparan ünsürlərə qalib gələ bilməyən insan həyatın qarşısıalınmaz təzyiqlərinə axı  necə müqavimət göstərə bilər, necə rahatca hərəkət edə bilər? Axı yalnız arxayınlıqdan böyük və möhtəşəm işlər əmələ gələ bilər; o – məhz yetişmiş məhsul bitən torpaqdır. Lakin  baxmayaraq ki, peşəmizə uyğun olmayan fiziki halda biz uzun müddət işləyə bilmirik və bu, nadir hallarda bizə sevinc gətirir, yenə də öz əmin-amanlığımızı vəzifəmizə qurban verdiyimiz fikri bizi enerjili olmağa sövq edir, zəif güclə olsa belə. Amma əgər biz lazımi bacarığımız olmayan peşəni seçsək, onu heç vaxt layiqli dərəcədə həyata keçirə bilməyəcəyik və tezliklə utanc hissi ilə öz bacarıqsızlığımızı görəcək və öz-özümüzə dünyada ən lazımsız insan olduğumuzu, cəmiyyətin öz vəzifəsini həyata keçirə bilməyən üzvləri olduğumuzu deyəcəyik. O zaman ən təbii nəticə, özümüzə qarşı olan nifrət hissimiz olacaq; bundan daha əzabverici, ətraf mühitin  hədiyyəsi ilə bundan daha az əvəzlənə bilən nəsə var mı? Özünə qarşı olan nifrət qəlbi daima zəhərləyən və gəmirən, onu canlandıran, qanı soran və ona insansevməzlik və ümidsizlik zəhəri yapışdıran ilandır.

Ətraflı baxış keçirdiyimiz müəyyən peşədəki bacarıqlarımız haqqında olan yanılma – özünə görə qisas alan bir səhvdir və o ətraf mühitdən töhmət almasa da, bizə ətraf mühitin verə biləcəyi əzablardan daha dəhşətli əzablar verir.

Əgər biz bunların hamısını ölçüb-biçmişiksə və həyat şəraitimiz bizə istədiyimiz peşəni seçməyə imkan verirsə, onda bizə daha çox şərəf gətirəni, tamamilə əmin olduğumuz ideyalara əsaslanan peşəni seçə bilərik. Biz bəşəriyyət naminə fəaliyyət üçün və onunla müqayisədə istənilən peşə yalnız vasitə olan o ümümi məqsədə, mükəmməlliyə yaxınlaşmaq üçün bizə daha geniş sahələr açan peşəni seçə bilərik.

İnsanı ən çox ucaldan, onun fəaliyyətinə, bütün səylərinə ən çox nəciblik verən, onu kütlə üzərində ucaldaraq insanların heyrətinə səbəb olan məhz şərəfdir.

Lakin yalnız qul olmadığımız, öz mühitimizdə müstəqil olaraq yarada bildiyimiz peşə bizə şərəf gətirə  bilər. O peşə ki, insandan ən azından zahirən çirkin hərəkət tələb etmir və hansına ki, ən yaxşı olan belə alicənab fəxarətlə girişə bilər. Bütün bunlara malik olan peşə ən yüksək olmasa da, ən üstün tutulandır. Lakin necə ki, şərəfimizə layiq olmayan peşə bizi alçaldır, eləcə də yalan olaraq qəbul etdiyimiz ideyalara əsaslanan peşənin ağırlığı altında da nəticədə biz haldan düşürük.

Biz burda özünü aldatmaqdan başqa xilas yolu görmürük, özünü aldatma üzərində qurulan xilas isə – ümidsizlik dolu xilasdır.

Həyata müdaxilə etməkdən daha çox isə abstrakt həqiqətlərlə məşğul olan peşələr  möhkəm prinsipləri, qəti və sarsılmaz əqidəsi olmayan bir gənc üçün daha təhlükəlidir. Bununla bərabər, əgər bu peşələr qəlbimizdə dərin köklər salıblarsa, onlarda hakim olan ideyalar uğrunda biz öz həyatımızı və bütün səylərimizi qurban verə biliriksə, onlar bizə ən yüksək peşələr kimi gəlir.

İstedadı olan insanları onlar xoşbəxt edə bilirlər, lakin tələsik olaraq, düşünmədən, ani olaraq təsir altına düşərək bu işə girişən insanları məhvə məhkum edirlər.

Əksinə, peşəmizin əsaslandığı ideyalar haqqında olan yüksək fikirlər bizə cəmiyyətdə daha yüksək mövqe verir, ləyaqətimizi artırır, fəaliyyətimizi sarsılmaz edir.

Yüksək qiymətləndirdiyi peşəni seçən insan ona layiq olmadığını düşünsə, diksinər – onun cəmiyyətdə tutduğu mövqe alicənab olduğu üçün o da alicənabcasına hərəkət edəcək.

Lakin peşə seçimində bizi istiqamətləndirən əsas rəhbər bəşəriyyətin rifahı, bizim özümüzü mükəmməlləşdirməyimizdir. Düşünmək lazım deyil ki, bu iki maraq düşmən olub bir-birilə ədavətə girə bilər, onlardan biri o birini məhv etməlidir; insan təbiəti elə qurulub ki, insan yalnız öz müasirlərini mükəmməlləşdirmə yolu ilə, onların rifahı üçün çalışaraq özü mükəmməlliyə çata bilər.

Əgər insan yalnız özü üçün çalışırsa, o çox güman ki, məşhur alim, böyük mütəfəkkir, mükəmməl şair ola bilər, lakin heç vaxt həqiqi mükəmməl və böyük insan ola bilməz.

Tarix ümümi məqsəd uğrunda çalışaraq daha da mükəmməlləşən insanları böyük olaraq qəbul edir; təcrübə ən xoşbəxt insan olaraq daha çox insana xoşbəxtlik gətirəni tərifləyir; dinin özü bizə öyrədir ki, hamının can atdığı o, ideal, bəşəriyyət naminə özünü qurban verdi – bu nəsihətləri inkar etməyə kimin hünəri çatar?

Əgər biz bəşəriyyət üçün daha çox çalışa biləcəyimiz çərçivədə bir peşə seçmişiksə, onun ağırlığı altında əyilməyəcəyik, çünki bu hamı uğrunda olunan qurbandır; o zaman biz miskin, məhdud, eqoistik sevinc duyğusu keçirməyəcəyik, bizim xoşbəxtliyimiz milyonlara məxsus olacaq, onda bizim əməllərimiz  sakit, lakin aktiv həyatla yaşayacaq, külümüzün üstündə isə nəcib insanların coşqun göz yaşları axacaq.

İlk də fə 1925-ciildə çap edilmişdir.


 (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:13824