Menu
Categories
İosif Stalin – “Proletar inqilabı və Proletariat diktaturası”
02.05.2011 MƏQALƏLƏR

Çay daşı — proletariatın silahıdır. İvan Dmitriyeviç Şadr

Proletar inqilabı və Proletariat diktaturası

Burjua inqilabından fərqli olaraq proletar inqilabının xarakterik cəhətləri nədən ibaratdir?
Proletar inqilabı ilə burjua inqilabı arasındaki fərgi beş əsas maddə ilə göstərmək olardı:
1) Burjua inqilabı adətən, hələ açıq inqilabdan qabaq feodalizm cəmiyyəti içərilərində törəmiş və yetişmiş az-çox hazır kapitalizm quruluşu formalarının olduğu bir zamanda başlanır, halbuki proletar inqilabı sosializm quruluşunun hazır formaları olmadığı və ya heç dərəcəsində olduğu bir zamanda başlanır.
2) Burjua inqilabının əsas vəzifəsi hakimiyyəti ələ almaq və onu mövcud burjua iqtisadiyatına uyğun şəklə salmaqdan ibarətdir, halbuki proletar inqilabının əsas vəzifəsi hakimiyyəti ələ alıb yeni, sosialist iqtisadiyyatı qurmaqdan ibarətdir.
3) Burjua inqilabı adətən hakimiyyəti ələ almaqla başa çatır, halbuki proletar inqilabı üçün hakimiyyəti ələ almaq inqilabın ancaq başlanğıcıdır, həm də hakimiyyətdən, köhnə iqtisadiyyatı dəyişdirmək və yenisini təşkil etmək üçün bir vasitə kimi istifadə edilir.
4) Burjua inqilabı hakimiyyət başındaki bir istismar qrupu başqa bir istismarçı qrupla əvəz etməklə kifayətlənir, buna görə də köhnə dövlət maşınının dağıtmağa ehtiyacı yoxdur, halbuki proletar inqilabı bütün və hər cür istismarçı qrupları hakimiyyət başından götürür və hakimiyyət başına bütün zəhmətkəşlərin və istismar olunanların rəhbərini, proletar sinfini keçirir, buna görədə proletar inqilabı köhnə dövlət maşınını dağıtmadan və onu yenisi ilə əvəz etmədən keçinə bilməz.
5) Burjua inqilabı milionlarla zəhmətkeşləri və istismar olunan kütlələri, məhz zəhmətkeş olduqlarına, istismar edildiklərinə görə az-çox uzun müddətə burjuaziya ətrafında toplaya bilməz, halbuki proletar inqilabı özünün əsas vəzifəsini – proletariat hakimiyyətini möhkəmlətmək və yeni sosialist iqtisadiyyatı qurmaq vəzifəsini yerinə yetirmək istəyirsə, bu kütlələri məhz zəhmətkeş olduqları və istismar edildiklərinə görə, proletariatla uzun sürən bir ittifaqda birləşdirə bilər və birləşdirməlidir.
Bu xüsusda Leninin bəzi əsas müddəaları bunlardır:
“Burjua inqilabı ilə sosialist inqilabı arasında olan əsas fərqlərdən biri budur ki, feodalizm içərisisndən çıxan burjua inqilabı üçün, köhnə quruluş içərisində tədriclə yeni iqtisadi təşkilatlar yaranır və bunlar tədriclə feodalizm cəmiyyətinin bütün cəhədlərini dəyişdirir. Burjua inqilabı qarşısında yalnız bir vəzifə dururdu – qabaqki cəmiyyətin bütün buxovlarını qırmaq, atmaq, dağıtmaq. Bu vəzifəni yerinə yetirməklə, hər bir burjua inqilabı özündən olunan hər şeyi yerinə yetirmiş olur: o kapitalizmin artmasını qüvvətləndirir. Sosialist inqilabı tamamilə başqa vəziyyətdədir. Tarixin dolancab yolları üzündən sosialist inqilabını başlamalı olmuş ölkə nə qədər çox geridə olsa, onun üçün köhnə kapitalist münasibətlərindən sosialist münasibətlərinə keçmək bir o qədər çətin olur. Burada dağıtmaq vəzifələrinə yeni və misli görünməmiş dərəcədə çətin vəzifələr – təşkilat vəzifələri əlavə olunur” (bax: XXII cild, səh. 315).

Lenin sözünə davam edərək deyir:

“Əgər Russya inqilabının, 1905-ci ilin böyük təcrübəsindən keçmiş xalq yaradıcılığı hələ 1917-ci ilin fevralında Sovetləri yaratmış olmasaydı, oktyabrda Sovetlər heç bir halda hakimiyyəti ələ ala bilməzdi, çünki müvəffəqiyyəti milionları əhatə etmiş hərəkatın artıq indi hazır təşkilat formalarının ancaq mövcud olmasından asılı idi. Belə bir hazır forma Sovetlər oldu, və buna görədə siyasi sahədə bizi, parlaq müvəffəqiyyətlər, keçirmiş olduğumuz başdan-başa zəfər yürüşü gözləyirdi, cünki siyasi hakimiyyətin yeni forması hazır idi, və bizim ancaq bir neçə dekret verib Sovetlər hakimiyyətini inqilabın birinci aylarında olduğu rüşeym halından qanuni-tanınmış və Russiya dövlətində möhkəmlənmiş formaya – Russiya Sovet Respublikasına çevirməyimiz qalırdı” (bax: XXII cild, səh. 315).

Lenin deyir:

“Hələ son dərəcə çətin olan iki vəzifə qalmışdı və bunlar heç bir surətdə inqilabımızın birinci aylardaki zəfər yürüşü qaydasilə həll edilə bilməzdi” (bax: XXII cild, səh. 315).
“Birincisi, bu vəzifələr hər bir sosialist inqilabı qarşısında duran daxili təşkilat vəzifələri idi. Sosialist inqilabının burjua inqilabından fərgi məhz ondadır ki, burjua inqilabında hazır kapitalist münasibətləri formaları vardır, Sovet hakimiyyəti – proletar hakimiyyəti isə əslində, sənayenin üst təbəqəlirinin cüzi bir qismini əhatə edən və əkinçiliyə hələ lap az toxunmuş olan ən çox inkişaf etmiş kapitalizm formalarının nəzərə almasaq, hazır şəkildə bu münasibətlərə malik olmur. Uçot təşkil etmək, iri müəssisələr üzərində nəzarət qoymaq, dövlətin bütün iqtisadi mexanizmini vahid iri bir maşına, yüz milionlarla insanlara bir planla rəhbərlik edilməsi şəklində işləyən təsərrüfat orqanizminə çevirmək, – bax, bizim üzərimizə düşən çox böyük təşkilat vəzifəsi budur. İndiki əmək şəraitinə görə təşkilat vəzifəsi, vətəndaş müharibəsi vəzifələrini həll etməyə müvəffəq olduğumuz kimi, işi “ura” ilə həll etməyə heç cür yol vermirdi” (bax: XXII cild, səh. 316).
“Çox böyük çətinliklərdən ikincisi – beynəlxalq məsələdir. Kerenskinin quldur dəstələrinin öhdəsindən biz belə asanlıqla gələ bildiksə, öz ölkəmizdə belə asanlıqla hakimiyyət yaratdıqsa, biz azacıqda olsa çətinlik çəkmədən torpağın ictimailəşdirilməsi və fəhlə nəzarəti haqqında dekret əldə etdiksə, — biz bunların hamısını belə asanlıqla əldə etdiksə, bu ancaq ona görədirki, xoşbəxtlikdən əmələ gəlmiş şərait qısa bir zaman üçün bizi beynəlxalq imperializmdən qorumuşdu. Qüdrətli kapitalı olan, beynəlxalq kapitalın əsl qüvvəsini, əsl qalasını təşkil edən, yüksək dərəcə mütəşəkkil hərbi texnikası olan beynəlxalq imperializm, həm öz obyektiv vəziyyətinə görə, həm də təmsil etdiyi kapitalistlər sinfinin iqtisadi mənafeinə görə heç bir halda, heç bir şəraitdə Sovet respublikası ilə yola gedə bilməzdi, – ticarət əlaqələrinə, beynəlxalq maliyyə münasibətlərinə görə yola gedə bilməzdi. Burada toqquşma labüddür. Burada Russya inqilabının ən böyük çətinliyi, onun ən böyük tarixi problemi: beynəlxalq vəzifələri həll etmək zərurətindən, beynəlxalq inqilab oyatmaq zərurətindən ibarətdir” (bax: XXII cild, səh. 317).

Proletar inqilabının daxili xarakteri və əsas mənası budur.
Zoraki inqilab olmadan, proletariat diktaturası olmadan, köhnə, burjua qaydalarını belə kökündən dəyişdirmək olarmı?
Aydındır ki, olmaz. Dinc yol ilə, burjuaziyanın hökmranlığına uyğunlaşdırılmış burjua demokratiyası çərçivəsində belə bir inqilabı etməyi mümkün saymaq, – ya dəli olmaq və insan kimi düşünmək qabiliyyətini itirmək, ya da proletar inqilabından kobud və açıq bir surətdə əl çəkmək deməkdir.
Bu müddəa xüsusi bir qüvvə və qətiyyətlə qeyd edilməlidir, çünki proletar inqilabı hələlik bir ölkədə qalib gəlmişdir, bu ölkə düşmən kapitalist ölkələrlə əhatə edilmişdir və beynəlxalq kapital bu ölkənin burjuasiyasina kömək etməyə bilməz.
Buna görə də Lenin deyirki, “nəinki zoraki inqilab olmadan, habelə hakim sinfin yaratmış olduğu dövlət hakimiyyəti apparatı da məhv edilmədən məzlum sinfin azad olması mümkün deyildir” (bax: XXI cild, səh. 373).

“Qoy əvvəlcə, xüsusi mülkiyyətin saxlanılması, yəni kapital hökmranlığı və zülmünün saxlanılması şəraitində əhalinin əksəriyyəti proletariat partiyasına tərəfdar olsun, – ancaq o zaman proletariat partiyası hakimiyyəti ələ ala bilər və ələ almalıdır”, – həqiqətdə burjuaziyanın nökərləri olub özlərini “sosialist” adlandıran xırda burjua demokratları belə deyirlər” (bax: XXIV cild, səh. 647).
“Qoy əvvəlcə inqilabçı proletariat burjuaziyanı yıxsın, kapitalın zülmünü qırsın, burjua dövlət apparatını dağıtsın, – o zaman, qalib gəlmiş proletariat, proletar olmayan zəhmətkeş kütlələrin əksəriyyətini istismarçılar hesabına təmin edərək, tezliklə onların rəğbətini qazanıb onlardan yardım görə bilər” – biz belə deyirik” (bax: XXIV cild, səh. 647).

Lenin sözünə davam edərək deyir:

“Proletariat, əhalinin əksəriyyətini öz tərəfinə çəkmək üçün, birincisi, burjuaziyanı yıxmalı və dövlət hakimiyyətini öz əlinə almalıdır; ikincisi, Sovet hakimiyyətini quraraq, köhnə dövlət apparatını darmadağın etməlidir ki, bununla da proletariat, proletar olmayan zəhmətkeş kütlələri arasında burjuaziyanın və xırda burjua sazişçilərinin hökmranlığını, nüfuzunu və təsirini dərhal aradan qaldırır. Üçüncüsü, proletariat, proletar olmayan zəhmətkeş kütlələri əksəriyyətinin iqtisadi ehtiyaclarını istismarçılar hesabına inqilabi surətdə ödəməklə, onların arasında burjuaziyanın və xırda burjua sazişçilərinin nüfuzunu axıra qədər qırmalıdır” (bax: XXIV cild, səh. 641).

Proletar inqilabının xarakterik əlamətləri bunlardır.
Bununla əlaqədər olaraq, madam ki proletar inqilabının əsas məzmununun proletariat diktaturasından ibarət olduğu qəbul edilmişdir, o halda proletariat diktaturasının əsas cəhətləri hansılardır?
Proletariat diktaturasına Leninin verdiyi ən ümumi tərif belədir:

“Proletariat diktaturası sinfi mübarizənin qurtarması deyil, onun yeni formalarda davamıdır. Proletariat dikteturası – qalib gəlmiş və siyasi hakimiyyəti öz əlinə almış proletariatın, məğlub edilmiş, lakin məhv edilməmiş, yox olmamış, müqavimət göstərməkdən əl çəkməmiş və öz müqavimətini şiddətləndirmiş burjuaziyaya qarşı sinfi mubarizəsidir” (bax: XXIV cild, səh. 311).

Lenin, proletariat diktaturasını “ümumxalq” hakimiyyəti ilə, “hamı tərəfindən seçilmiş” hakimiyyətlə, “qeyri-sinfi” hakimiyyətlə qarışdırmağa qarşı etiraz edərək deyir:

“Siyasi hökmranlığı öz əlinə almış sinif, bu hökmranlığı ələ alırkən dərk edir ki, onu” tək özü ələ almışdır. Bu proletariat diktaturası anlayışına daxildir. Bu anlayışın ancaq o zaman mənası olur ki, bir sinif siyasi hakimiyyəti tək özü ələ aldığını bilsin və “ümumxalq, hamı tərəfindən seçilmiş, bütün xalq tərəfindən müqəddəs sayılan” hakimiyyət haqqındaki danışıqlarla nə özünü, nə də başqalarını aldatmasın” (bax: XXVI cild, səh. 286).

Lakin bu o demək deyildir ki, hakimiyyətə başqa sinifləri şərik etməyən və şərik edə də bilməyəcək bir sinfin hakimiyyəti, proletarlar sinfinin hakimiyyəti öz məqsədlərini həyata keçirmək üçün, başqa siniflərin zəhmətkeşlərinin və istismar olunan kütlələrinin köməyinə, ittifaqına möhtac deyildir. Əksinə. Bu hakimiyyət, bir sinfin hakimiyyəti, ancaq proletarlar sinfi ilə xırda burjua siniflərinin zəhmətkeş kütlələri, birinci növbədə kəndlilərin zəhmətkeş kütlələri arasında xüsusi ittifaq forması yolu ilə möhkəmləndirilib axıra qədər həyata keçirilə bilər.
Həmin xüsusi ittifaq forması nə deməkdir, o nədən ibarətdir? Başqa siniflərin, proletar olmayan siniflərin zəhmətkeş kütlələri ilə olan bu ittifaq, bir sinfin diktaturası ideyasına ümümiyyətlə zidd deyildirmi?
Həmin xüsusi ittifaq forması ondan ibarətdir ki, bu ittifaqın rəhbər qüvvəsi proletariatdır. Bu xüsusi ittifaq forması ondan ibarətdir ki, dövlətin rəhbəri, proletariat diktaturası sistemində rəhbər ancaq bir partiyadır, rəhbərliyə başqa partiyaları şərik etməyən və şərik edə də bilməyəcək proletariat partiyasıdır, kommunistlər partiyasıdır.
Gördüyünüz kimi, burada ziddiyət ancaq zahiridir, xəyalidir.
Lenin deyir:

“Proletariat diktaturası, zəhmətkeşlərin avanqardı olan proletariatla proletar olmayan bir çox zəhmətkeş təbəqələri (xırda burjuaziya, xırda təsərrüfatçılar, kəndlilər, ziyalılar və i. a.) və ya onların əksəriyyəti arasında sinfi ittifaqın, kapitala qarşı ittifaqın, kapitalı tamamilə yıxmaq, burjuaziyanın müqavimətini və onun tərəfindən edilən restavrasiya təşəbbüslərini tamamilə puç etmək məqsədilə bağlanan ittifaqın, sosializmi qəti surətdə yaratmaq və möhkəmləndirmək məqsədilə bağlanan ittifaqın xüsusi formasıdır. Bu – xüsusi şəraitdə, yəni qızğın vətəndaş müharibəsi şəraitində meydana gələn xüsusi növ ittifaqdır, bu sosializmin möhkəm tərəfdarlarının, sosializmin mütərəddid müttəfiqləri ilə, bəzən “bitərəf” müttəfiqləri ilə (bu halda ittifaq, mübarizə sazişinindən dönüb bitərəflik sazişi olur) ittifaqdır, iqtisadi, siyasi, ictimai, mənəvi cəhətdən eyni olmayan siniflər arasında ittifaqdır” (bax: XXIV cild, səh. 311).

Kamenev öz təlimat məruzələrindən birində proletariat diktaturasını bu cür anlamaq əleyhinə mübahisə açaraq deyir:

“Diktatura bir sinfin başqa siniflə ittifaqı deyildir”.

Mənim fikrimcə, Kamenev burada, hər şeydən əvvəl, mənim “Oktyabr inqilabı və Russya kommunistlərinin taktikası” adlı kitabçamın bir yerini nəzərdə tutur; orada deyilmişdir:

“Proletariat diktaturası qayğıkeş bir “təcrübəli strateq” tərəfindən “bacarıqla” “seçilmiş olan” və əhalinin bu və ya başqa təbəqələrinə “şüurlu surətdə arxalanan” sadəcə hökumət başçılarından ibarət deyildir. Proletariat diktaturası kapitalı yıxmaq üçün, sosializmin qəti qələbəsi üçün, proletariat rəhbər qüvvə olmaq şərtilə proletariatla zəhmətkeş kəndli kütlələrinin sinfi ittifaqıdır”.

Mən proletariat diktaturasına verilən bu tərifi bütünlüklə müdafiə edirəm, çünki fikrimcə bu tərif Lenindən indicə göstərdiyim tərifə bütünlüklə və tamamilə uyğundur.
Mən bildirirəm ki, Leninin proletariat diktaturası nəzəriyyəsi ilə Kamenevin “diktatura bir sinfin başqa siniflə ittifaqı deyildir” kimi qəti bəyanatının heç bir əlaqəsi yoxdur.
Mən bildirəm ki, ancaq, proletariatla kəndlilərin əlaqəsi ideyasının, ittifaqı ideyasının, bu ittifaqda proletariatın hegemonluğu ideyasının mənasını anlamamış olan adamlar belə deyə bilərlər.
Ancaq, Leninin aşağıdaki tezisini anlamamış olan adamlar belə deyə bilərlər. Lenin deyir:

“Nə qədər ki, başqa ölkələrdə inqilab başlanmamışdır, Russyada sosialist inqilabını ancaq kəndlilərlə saziş xilas edə bilər” (bax: XXVI cild, səh. 238).

Ancaq, Leninin aşağıdaki tezisini anlamamış olan adamlar belə deyə bilərlər. Lenin deyir:

“Diktaturanın ən yüksək prinsipi – proletariatın rəhbər rolu və dövlət hakimiyyətini öz əlində saxlaya bilməsi üçün, proletariatın kəndlilərlə ittifaqına kömək etməkdir” (bax: XXVI cild, səh. 460).

Lenin, diktaturanın ən mühüm məqsədlərindən birini, istismrçıları əzmək məqsədini qeyd edərək deyir:

“Diktaturanın elmi anlayışı, heç bir şeylə məhdud edilməyən, heç bir qanunla, qətiyyən heç bir qayda ilə sıxışdırılmayan, bilavasitə zorakılığa arxalanan hakimiyyətdən başqa bir şey demək deyildir”… “Diktatura, – cənab kadetlər, bunu həmişəlik olaraq nəzərə alın, – qanuna deyil, qüvvəyə arxalanan, məhdud edilməmiş hakimiyyət deməkdir. Vətəndaş müharibəsi zamanı qalib gəlmiş hər bir hakimiyyət ancaq diktatura ola bilər” (bax: XXV cild, səh. 441 və 436).

Diktatura zorakilıq işlətmədən keçinmirsə də, proletariat diktaturası, əlbəttə, yalnız zorakılıqdan ibarət deyildir.
Lenin deyir:

“Diktatura zorakılıq işlətmədən mümkün olmursa da, təkcə zorakılıq demək deyildir, o habelə əvvəlki əmək təşkilindən daha yüksək bir əmək təşkili deməkdir” (bax: XXIV cild, səh. 305).
“Proletariat diktaturası… ancaq istismaçılar üzərində zorakılıq deyildir və hətta başlıca olaraq zorakılıq deyildir. Bu inqilabi zorakiliyin iqtisadi əsası, onun həyati olmasının və müvəffəqiyyətlərinin rəhni budur ki, proletariat, kapitalizmə nisbətən, daha yüksək ictimai əmək təşkili tipini təmsil edir və həyata keçirir. Əsl məsələ bundadır.” (bax: XXIV cild, səh. 335 – 336)… “Onun (yəni diktaturanın. İ.St.) başlıca mahiyyəti zəhmətkeşlərin qabaqcıl dəstəsi, onun avanqardı, onun yeganə rəhbəri olan proletariatın mütəşəkkilliyində və intizamlı olmasındadır. Onun məqsədi – sosializm yaratmaq, cəmiyyətin siniflərə bölünməsini məhv etmək, cəmiyyətin bütün üzvlərini zəhmətkeş etmək, insanın insan tərəfindən hər cür istismarının zəminini aradan qaldırmaqdır. Bu məqsədi birdən-birə həyata keçirmək olmaz, həm istehsalın yenidən təşkili çətin bir şey olduğuna görə, həm həyatın bütün sahələrində əsaslı dəyişikliklər üçün vaxt lazım olduğuna görə, həm də xırda burjua və burjua təsərrüfatçılığı adətinin son dərəcə böyük qüvvəsi ancaq uzun, inadlı mübarizədə aradan qaldırıla biləcəyinə görə bu məqsəd kapitalizmdən sosializmə keçmək üçün olduqca uzun bir dövr tələb edir. Buna görə də Marks kapitalizm ilə sosializm arasında proletariat diktaturasından ibarət olan tam bir keçid dövründən bəhs edir” (bax: XXIV cild, səh. 314).

Proletariat diktaturasının xarakterik cəhətləri bunlardır.
Buradan proletariat diktaturasının üç əsas cəhəti irəli gəlir:
1) İstismarçıları əzmək üçün, ölkənin müdafiəsi üçün, başqa ölkələrin proletarları ilə əlaqəni möhkəmləndirmək üçün, bütün ölkələrdə inqilabın inkişafı və qələbəsi üçün proletariat hakimiyyətindən istifadə etmək.
2) Zəhmətkeş və istismar olunan kütlələri burjuaziyadan qəti surətdə ayırmaq üçün, proletariatın bu kütlələrlə ittifaqını möhkəmləndirmək üçün, həmin kütlələri sosializm quruluşu işinə cəlb etmək üçün, proletariatın bu kütlələrə dövlət rəhbərliyi göstərməsi üçün proletariat hakimiyyətindən istifadə etmək.
3) Sosializmi təşkil etmək üçün, sinifləri məhv etmək üçün, sinifsiz cəmiyyətə, dövlətsiz cəmiyyətə keçmək üçün proletariat hakimiyyətindən istifadə etmək.
Proletar diktaturası bütün bu üç cəhətin birləşməsidir. Bu cəhətlərdən heç biri proletar diktaturasının yeganə xarakterik əlaməti kimi irəli sürülə bilməz və, əksinə, kapitalizm əhatəsi şəraitində proletar diktaturasının diktaturalıqından çıxması üçün, bu əlamətlərdən lap birinin olmaması kifayətdir. Buna görə də bu üç cəhətdən biri çıxarılarsa, proletariat diktaturası anlayışı təhrif edilmək qorxusu altında qalar. Ancaq bu üç cəhətin hamısı birlikdə götürüldükdə, proletariat diktaturasının tam və mükəmməl anlayışını verir.
Proletariat diktaturasının öz dövrləri, öz xüsusi formaları və cürbəcür iş üsulları vardır. Vətəndaş müharibəsi dövründə diktaturanın zorakılıq cəhəti xüsusən gözə çarpır. Lakin bundan heç də o nəticə çıxmır ki, vətəndaş müharibəsi dövründə heç bir quruculuq işi görülmür. Quruculuq işi olmadan, vətəndaş müharibəsi aparmaq mümkün deyildir. Sosializm quruculuğu dövründə, əksinə, diktaturanın dinc, təşkilatçılıq, mədəni işi, inqilabi qanunilik və i. a. xüsusilə gözə çarpır. Lakin yenə bundan heç də o nəticə çıxmır ki, quruculuq dövründə diktaturanın zorakılıq cəhəti yox olmuş və ya yox ola bilər. Cəbr orqanları, ordu və başqa təşkilatlar vətəndaş müharibəsi zamanı lazım olduqları kimi, indi, quruculuq zamanında da lazımdır. Bu orqanlar mövcud olmadan, diktaturanın az-çox təmin olunmuş quruculuq işi mümkün deyildir. Yaddan çıxarılmamalıdır ki, inqilab hələlik ancaq bircə ölkədə qalib gəlmişdir. Yaddan çıxarılmamalıdır ki, kapitalizm əhatəsi olduqca hərbi müdaxilə təhlükəsi və bu təhlükədən doğan bütün nəticələr də olacaqdır.

Hazırladı: Murad Alimardanov                                (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:12365
*