abunə ol: Yazılar | Şərhlər | Еmail

Aprel sosialist inqilabının 91 illiyi

Şərh

Sual: Aprel sosialist inqilabının 91 illiyidir. Amma Aprel hadisələrinə birmənalı münasibət yoxdur. Kimlərsə onu sadəcə XI Ordunun işğalı, kimlərsə də Sosialist inqilabı adlandırırlar. Bəs həqiqətdə Aprel hadisələri inqilabdır yoxsa işğal?
Cavab: Təbii ki heç bir tarixi hadisəyə birmənalı cavab yoxdur. O cümlədən Aprel sosialist inqilabına da bu cür bir-birinə zidd iki fərqli münasibətin olması təbiidir. Amma bu heç də o demək deyil ki, həqiqət ikiləşə bilər. Yox, həqiqət həmişə faktlara söykənməlidir. Faktlar isə göstərir ki, 1920-ci ilin aprelində Azərbaycan fəhlələrinin silahlı üsyanı olmasa idi, XI ordunun Bakıya gəlişi bu qədər rahat baş verməzdi.
Bunu təkcə mən demirəm, bunu «İnternasional» zirehli qatarının komandiri M.Q.Yefremov inqilabdan sonrakı illərdə öz xatirələrində etiraf edirdi. O yazırdı: «Belə sürətli əməliyyatı yerinə yetirərkən… XI ordu Bakıdan təxminən 300 km məsafədə idi, hərgah fəhlələrin üsyanı olmasaydı, biz XI ordu diviziyaları yaxınlaşanadək məhv edilmiş olardıq».
Bilirsiniz, bu hansısa qərəzli siyasətçi mövqeyi deyil, bu peşəkar hərbçi rəyidir. Yefremov yazırdı ki, hərb tarixində bu yeganə hadisədir ki, ordunun qərargahı ordunun döyüş hissələrindən 300 km öndə hərəkət edirdi, özüdə tamamilə müdafiəsiz və təcrid olunmuş halda.
Bu o deməkdir ki, əgər aprel hadisəsi işğal olsa idi, əvvəlcə ordu gəlib şəhəri (Bakını) almalı idi, yalnız bundan sonra qərargah gəlib təhlükəsiz şəraitdə şəhərə yerləşməliydi. Amma bunun əksinin baş verməsi, yəni qərargahın «İnternasional» döyüş qatarında ordu hissələrindən bir neçə gün əvvəl gəlib Yalamada oturması onun göstəricisi idi ki, XI ordu Bakıya gəlməmişdən bir neçə gün əvvəl Bakı fəhlələri silahlı üsyan qaldıraraq bütün sursat ambarlarını, hərbi məktəbləri, Bayıl həbsxanasını, Xəzər donanmasını, səhra və sahil toplarını, bir sözlə, bütün strateji nöqtələri ələ keçirmiş və hakimiyyəti parlamentdən təhvil almışdılar, hansı ki yerli inqilabi qüvvələrin bu üsyanına Azərbaycan İnqilab Komitəsi və şəxsən qızıl komandan Çingiz İldırım rəhbərlik etmişdir. Yalnız silahlı üsyanın qələbəsinin yaratmış olduğu rahatlıq, qərargahın XI ordudan bir neçə yüz kilometr öndə irəliləməsinə və həmdə heç bir ciddi müqavimətə rast gəlmədən irəliləməsinə imkan vermişdir.
Sual: Əgər inqilabı Azərbaycan kommunistləri, həm də öz daxili potensialları hesabına etmişdilərsə, onda XI ordunun gəlməsinə nə ehtiyac var idi?
Cavab: Əvvəlcə kiçik bir düzəliş edim ki, Aprel sosialist inqilabını ancaq kommunistlər etməyiblər, bu olduqca yanlış fikirdir. Kommunistlər sadəcə xalq narazılığına rəhbərlik etmiş və inqilabın avanqardı qismində çıxış etmişdirlər. İnqilabı isə kommunistlərin rəhbərliyi ilə islamçısıyla, türkçüsüylə, müsavatçısıyla bütün Azərbaycan xalqı etmişdir. Radikal islamçılar olan ittihadçılardan tutmuş Bakıdakı türk paşalarına (Ənvər paşa və Nuru paşa da həmçinin), kamalçılara, müsavatçı Hacınskilərə, Məhəmməd Hadilərə qədər hər kəsin Aprel sosialist inqilabını alqışlamaları inqilabımızın sosial bazasının necə geniş olmasının bariz sübutudur.
O ki qaldı suala ki, inqilabı Azərbaycan xalqı etmişdirsə, onda XI ordunun gəlişi nəyə lazım idi, onu qeyd edim ki, hələ silahlı üsyan baş verməmişdən qabaq kommunistlər yaxşı bilirdilər ki, qırmızı inqilabın sabahısı günü Antanta dövlətlərinin əksinqilabi müdaxiləsi ilə qarşı-qarşıya qalacaqlar. ABŞ və Fransa qoşunları Batumdan, ingilis və İran şah qoşunları cənubdan, daşnak Ermənistanı və menşevik Gürcüstanı isə qərbdən Qızıl Bakı üzərinə yürüşə hazır idilər. Belə bir əksinqilabi cəbhənin qarşısında anacaq yerli fəhlə-kəndli qüvvələriylə duruş gətirmək mümkün deyildi. 6 dövlətin təpədən-dırnağacan silahlanmış orduları Azərbaycan Sosialist Respublikasını çəkmələri altında əzməyə hazır idilər.
Bu isə o deməkdir ki, XI ordu Azərbaycanda inqilab etmədi, sadəcə Azərbaycan xalqının inqilabi nailiyyətlərini qoruyub saxlamaqda milli Qızıl ordu hissələrinə kömək etdi. Əks təqdirdə Azərbaycan Sosialist Respublikasının da taleyi Bavariya və ya Macarıstan Sovet Respublikalarının aqibəti kimi faciəli olacaqdı.
Sual: M.Ə.Rəsulzadə sonralar yazırdı ki, aprel ərəfəsində Azərbaycanda inqilab üçün heç bir daxili zəmin yox idi və aprel hadisələri tipik xarici işğaldır.
Cavab: Bilirsinizmi Amerika tarixinin ən qorxunc qanqsterlərindən olmuş «iki tapança» ləqəbli Kroul yaxalanarkən qanı axa-axa nə yazırdı: «Sinəmdə yorğun, lakin heç kimə yamanlıq etməmiş ürək döyünür».
Lətifəsi M.Ə.Rəsulzadədən uzaq, qoy müsavatçı dostlarımız məndən inciməsinlər, mən bununla qətiyyən qanqsterlə Rəsulzadə arasında paralel aparmaq niyyətində deyiləm. Sadəcə sözümün canı odur ki, əgər ömrünü «heç nədən ötrü adam öldürməyə» həsr etmiş bir qanqster belə özünü pis adam hesab etmirsə, əksinə, özünü xeyirxah bir qəlb sahibi kimi xarakterizə edirsə, onda siz 2 il ərzində 400 min insanın ölümünə səbəb olmuş, Azərbaycanı ingilis, İran, Denikin, Osmanlı Türkiyəsinin, daşnak Ermənistanının terror poliqonuna çevirmiş, 1500 il sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasını tanımış, İrəvan mahalını daşnak dövlətinə paytaxt kimi vermiş, devriləndən sonra belə Azərbaycanın qərb bölgələrini Gürcüstana birləşdirməyə cəhd göstərəcək qədər tarixi cinayətə əl atmış bir firqənin rəhbərindən bundan fərqli necə açıqlama gözləyirdiniz? Əlbəttə, Rəsulzadə öz müstəmləkə üsul-idarəsini «xeyirxah», «milli» hökumət, inqilabi qüvvələri isə şər, xarici ihğalçı qüvvələrkimi qələmə verəcəkdi. Bu həmişə belə olub, dünya tarixində hələ heç bir devrilmiş hökumət özünü müqəssir və suçlu hesab etməyib.
Lakin tarixi faktlar M.Ə.Rəsulzadənin ittihamlarını saxta sabun köpüyü kimi partladıb yox edir. Məsələ burasındadır ki, Aprel inqilabı göbələk kimi birdən-birə ortaya çıxmadı, 1917-20-ci illərdə Azərbaycanda baş vermiş saysız-hesabsız kəndli üsyanları, fəhlə tətilləri, ordu hissələrində baş qaldıran hərbi qiyamlar əslində yaxınlaşmaqda olan qırmızı inqilabın ayaq səsləriydi. Əgər Rəsulzadə və onun kimiləri bu amili görə bilmirdilərsə, bu artıq onların siyasi səriştəsizliyi idi. Necə olur, ingilis kəşfiyyatı hələ Aprel inqilabından 9 ay əvvəl Londona Azərbaycanda qırmızı inqilab üçün böyük potensial olduğu barədə məlumatlar ötürülürdü, amma M.Ə.Rəsulzadə və komandası ölkədə cərəyan edən proseslərə sadəcə gözlərini yumaraq baxırdılar və heç nə görmürdülər.
Sual: Bəzi tədqiqatçılar iddia edirlər ki, müsəlman əhali Müsavat hökumətini dəstəkləyirdi, milli hökumət əleyhinə baş qaldıran fəhlə tətilləri, kəndli üsyanları isə sırf rus və erməni bolşeviklərinin işi idi. XI ordu bakıya daxil olanda isə gül-çiçəklə ordunun pişvazına çıxanlar məhz Bakının qeyri-müsəlman əhalisi olmuşdur. Bu həqiqətənmi belə idi?
Cavab: Ancaq yazıq və aciz adamlar tarixə bu cür böhtan ata bilərlər. Bu tip ittihamların nə qədər yalan və cəfəngiyat olduğunu gəlin elə müsavatçıların öz diliylə sübut edək.
Gəncə qəza rəisi qubernatora yazır: «qorxubilməz və igid, qoçaq adını qazanmış Qatır Məmməd adlı qaçaq … əvam camaat arasında bolşevik təbliğatı saçır».
Bəli, Gəncəbasarda kommunist inqilabının bayrağını xalq qəhrəmanı Qatır Məmməd daşıyırdı, onun əhali arasında böyük nüfuza sahib olmasını hətta müsavatçılar özləri də etiraf edirdilər.
Nuxa qəzasında osmanlı çavuşu İsmayılın rəhbərliyi altında anti-müsavat qiyam baş qaldırdı. Üsyançılar «bəy və xanların hökumətini qəbul etməmək çağırışını özlərinə əsas şüar seçdilər. Üsyan elə geniş vüsət aldı ki, hətta Nuxa şəhərinin ələ keçirilməsi və yerli müsavat hökumətinin devrilməsi belə an məsələsi idi. Üsyan çox böyük çətinliklə yatırıldı.
Müsavatın rəsmi orqanı «Azərbaycan» qəzeti isə özünün 1919-cu il 16 may (№101) nömrəsində Qazax qəzasındakı kəndli üsyanlarına eyham vuraraq yazırdı: «Qazax qəzasında qanunsuzluq olduğundan buraya parlaman üzvü Rzabəy xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri dəstə ilə bərabər böyük ixtiyarlar verilmişdir». Amma üsyançı kəndlilər bir nəfər də olsun Müsavat hökumət nümayəndələrini kəndlərə buraxmadılar. Kommunist Museyib Əliyevin rəhbərlik etdiyi Qazax qəzasının üsyançı kəndləri Müsavat hökumətinə nə əsgər, nə də vergi vermirdilər. Qəzanı üsyançı kəndlilərin təşkil etdikləri Sovetlər idarə edirdi.
General-mayor Əfəndiyev Müsavat hərbi nazirinə teleqramm vuraraq Ağdam qarnizonunun hökumət əleyhinə qiyam qaldırdığını belə xəbər verirdi: «…Diviziya naçalnikini, ştabı, komanda heyəti ilə bərabər həbs etdilər, özlərini hökumət elan etdilər, poçta-teleqraf üzərində kontrol qoydular və silahları məlum olduğu üzrə özləri üçün baza yaratmaq istədikləri diviziya silah anbarına daşıdılar… Ağdamda hərbi vəziyyətdir».
Müsavatın Hərbiyyə Naziri Mehmandarov Baş Nazirə raportunda əhali arasında narazılıqların güclənməsi və əhalinin hökumətə əsgər verməkdən imtina etməsi xüsusilə vurğulanırdı: «…Vətən müdafiəsi ağırlığını çəkmək istəməyən zadəganlar və tacirlərə qarşı xalqın şikayət və narazılığı getdikcə artmaqdadır və bəzi yerlərdə (Qazax və Gəncə) qəzalarda çıxışlar belə olmuşdu.
Fərariliyin artmasını və bəzi kəndlərin yeni əsgər verməkdən boyun qaçırmasını… bununla izah edirəm».
Əhali Müsavata yeni əsgər vermir, hərbi xidmətə aparılan əsgərlər isə kütləvi surətdə qaçaraq kommunist partizanlara qoşulurdular. Ordu kazarmaları kommunist dərnəyini xatırladırdı. Hətta ordu içində inqilabi əhval-ruhiyyə o qədər güclü idi ki, hərbi nazir Mehmandarov qoşun hissələrinin Bakıda yerləşdirilməsinə qətiyyətlə qarşı çıxırdı. Bakı inqilabla nəfəs alırdı, belə bir şəhərdə isə hərbi hissələr bütünlüklə inqilabi ideyaların təsiri altına düşürdülər. 1918-19-cu illərdə kommunist ideologiyası Azərbaycanda elə böyük rəğbətə sahib idi ki, hətta Bakıdakı ingilis qoşunları belə bolşevizmə «yoluxmuş»dular və bu səbəbdən də ingilis komandanlığı demək olar ki, qoşunlarını götürüb Bakıdn qaçmalı oldular. Eyni mənzərə Müsavat ordusunda da yaşanmaqdaydı. Mehmandarov inqilabi təsirə düçar olmamaq üçün qoşun hissələrinin Bakıya gətirilməsinə qarşı çıxırdı. O, bu barədə yazırdı: «Bakıda… müsəlman olub da bolşevik yolunu təqib edən bir çox şəxslər… bolşevik ideyalarını… yeritmək üçün hər cür vasitələrdən istifadə edərək, qışlalara soxulmağa çalışırlar… İştə buna görədir ki, mən qoşunları Bakıya çəkmək istəmirdim».
Müsəlman kommunistlərin Müsavat ordusu içində apardıqları gizli inqilabi iş heç də nəticəsiz qalmırdı. Minlərlə əsgər qaçaraq kommunist partizanlara qoşulurdular, hərbi hissələr bütünlüklə kommunistlərin tərəfinə keçirdilər.
Budur müsavatçıların dilindən səslənən və arxivlərdə indiyədək qorunub saxlanan rəsmi sənədlərdən bir neçə kiçik fraqment; Gəncə qəzası 5-ci nahiyə pristavının qəza rəisinə gizli raportundan (17 dekabr 1918-ci il tarixli) «…Nahiyədəki fərari əsgərlərin sayı 400 adamdan artıqdır. Onlar hamısı gözətçi dəstəsinə müqavimət göstərirlər» (Az.MDA, fond 894, siyahı 4, iş 65, vərəq 13).
Başqa bir arxiv sənədində isə əsgərlərin qaçaraq istismarçı qüvvələrə qarşı partizan mübarizəsi aparmaları belə etiraf olunur: «Gəncə qəzası 3-cü nahiyəsində də 150-yə kimi əsgər istismarçılar əleyhinə mübarizə aparır» (Yenə orada, fond 19, siyahı 1, iş 442, vərəq 82).
Bax budur müsəlman əhalinin Müsavata «rəğbətinin» ifadəsi, cəmi iki nahiyədə 500-dən çox əsgər qaçağı və hamısıda Müsavat rejiminə qarşı mübarizə aparır. Əgər belə nahiyələrin demək olar ki, bütün qəzalarda olduğunu nəzərə alsaq, onda minlərlə müsəlman əsgərin qaçaraq Müsavat rejiminə qarşı mübarizə apardığını əminliklə söyləyə bilərik.
Bu sadalanan faktlar müsavata qarşı baş qaldıran xalq narazılığının çox cüzi bir hissəsidir, əgər biz belə faktların hamısını sadalamağa başlasaq, onda bu mövzuyla bağlı cildlərlə kitab yazmaq olar.
Sual: Azərbaycan xalqında Müsavat rejiminə qarşı baş qaldıran narazılığın səbəbləri nə idi?
Cavab: Mən bu suala da yenə həmən dövrün mənbələri əsasında cavab verəcəyəm. Budur 1920-ci ilin fevralı; «Azərbaycan firqəsi» qəzeti yazır: «Haensı bir kənddən keçilərsə, ağlaşmadan qulaq tutulur, ən kiçik bir kənddə gündə on-on beş kəndli tələf olur».
Bəli, Müsavat hakimiyyəti zamanı Azərbaycanda əhalinin sayı 400 min nəfər azalaraq 2,3 milyon nəfərdən 1,9 milyon nəfərə düşdü; on minlərlə insan aclıqdan və xəstəlikdən tələf oldu. Müsavatın törətmiş olduğu süni aclıq minlərlə ailəni acından ölümə məhkum etmişdi. Bu azmış kimi digər tərəfdən də Müsavat məmurları xalqı soyub talan edirdilər. Budur 1919-cu il 25 sentyabr «Bednote» qəzeti özünün 8-ci nömrəsində xəbər verir: «Göyçay qəzasının vergi müfəttişi Q.Paşabəyov kəndlilərdən «toy pulu» adı ilə 9 min 600 manat, Kürdəmir nahiyəsinin müstəntiqi B.Buludxanov 130 min manat pul toplayıb. Pristav S.Mustafayev də belə hərəkət etmişdir».
1919-cu il avqustun 7-si «Molot» qəzeti özünün 25-ci nömrəsində xəbər verir: «Pristav İsabəy hər gün Çuxuryurda gələrək əhalini incidir, kim düşdü döyür, pulunu alır, axtarış etmək bəhanəsiylə evlərə soxulur və bütün qiymətli şeyləri aparır. Məsələn, onlar kəndlilərdən zorla üç öküz və bir Atatürk almış, bu özbaşınalıqlarla kifayətlənməyərək 30 kəndlini həbs edib aparmışlar. Həbs olunanların ikisi yolda öldürülmüş, qalanlarının isə müqəddəratı məlum deyildir».
1918-20-ci illər Azərbaycanın gerçək mənzərəsi budur, hansıki Müsavatın rəsmi sənədlərində də etiraf olunurdu: «… özbaşınalıq, qanunsuzluq, ən ifrat və qabarıq formalarda rüşvətxorluq yerli hökumət idarələrində adi haldır» (Müsavat Daxili İşlər Nazirinin imzaladığı sənəddən).
Təbii ki belə bir rejim artıq özü-özü barədə ölüm hökmü çıxarmışdır, Azərbaycan xalqına və kommunistlərə isə sadəcə bu hökmü icra etmək qalırdı.
Sual: Aprel hadisələri ərəfəsində Müsavat xalq arasında etimadını tamamiləmi itirmişdi?
Cavab: Bəli, bunu tarixi faktlar, arxiv səndləri sübut edir. Müsavat firqəsi yeni-yeni siyasi arenaya ayaq basanda papulist, pafoslu milli şüarlarla çıxış edirdi və bu da müsəlman əhali arasında ona müəyyən rəğbət yaradırdı. Amma 1918-1919-cu illərdə müsavatçıların etdikləri cinayətlər onun milli pərdə arxasında gizlənmiş gerçək sinfi xarakterini açıb hər kəsə göstərdi. Müsavat əvvəlcə kəndlilərə torpaq verəcəyini bəyan edirdi, amma çox keçmədən kəndlilər başa düşdülər ki, parlamanı 85% ancaq bəylərdən, varlı mülkədarlardan, hökumət üzvləri zadəgan nəslindən olan bu qaraguruhdan nəsə gözləmək yersizdir. Budur, Circə xanlıq kənd icması 1919-cu ilin 17 avqustunda Müsavat hökumətinin Daxili İşlər Nazirinə yazır: «Şum vaxtı ötüb keçdi. Torpaq islahatı haqqında hökumətin hərəkətini gözləyirik. Bəsdir aldatdınız… zira verilən vədlərin yalan olduğu bəlli olmuşdur».
Bəli, artıq 1919-cu ilin ortalarında Azərbaycan kəndlisi başa düşürdü ki, Müsavat onun torpaq istəyini heç vaxt həyata keçirməyəcək, bu səbəbdən də kəndlilər parlament əvə hökumətə məktub yazaraq silahlı üsyan başlayacaqları ilə hədələyirdilər. Məsələn, Qızılhacılı kəndlilərinin 1919-cu il 21 aprel tarixli parlamentə ünvanlanmış məktublarında açıqca bəyan edilirdi: «…Yubanma bəylər və xanlara qarşı kənd əhalisinin kütləvi açıq üsyanına aparır. Aclığa məruz qalmış və səbri tükənmiş yoxsul kəndlilərin digər çıxış yolu yoxdur».
Kimlərki Aprel sosialist inqilabının səbəblərini ölkə sərhədlərindən kənarda axtarırlar, onlara məsləhət görərdik ki, Aprel inqilabının səbəbini sərhəddə yox, məhz bu cümlələrdə axtarsınlar, 1918-20-ci illər Azərbaycan insanının əhval-ruhiyyəsinə tərcüman olmuş bu sətirlərdə.
Məhz Aprel sosialist inqilabı bu əhval-ruhiyyənin məntiqi yekunu idi.
Sual: Bəzi ədəbiyyatlarda Müsavat ifadəsi milli maraqların az qala sinonimi kimi vurğulanır, siz isə Müsavatdan bəhs edərkən onu beş-on milyonçunun vuran qolu, dəyənəyi kimi bəhs edirsiniz. Bu iddianız tarixi faktlarla üst-üstə düşürmü?
Cavab: Müsavat üçün «millilik» sadəcə bir pərdəydi. Nərimanov Müsavat Baş Naziri Nəsibbəy Yusfbəyliyə 1919-cu ildə yazdığı məktubdu bunu belə dilə gətirirdi: «…İslam və millət sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hökuməti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonerlərinin mənafeyi məcbur edirmiş».
Bu faktı, yəni Müsavatın milyonçular və bəylər tərəfindən maliyələşdirilməsini M.Ə.Rəsulzadə özü də etiraf edirdi. O, 1918-ci il yanvarın 24-də çıxışı zamanı etiraf edirdi ki, «…müsəlman polkları müsəlman burjuaziyasının… vəsaiti ilə təşkil edilir» və təbi iki onların milyoncuqlarını qorumaq üçün təşkil edilirdi.
Parlamanın (əslində milyonçular klubunun) son iclasında milyonçu Ağa Aşurov çıxış edərək əslində müsavatçılığın kimlərə xidmət etdiyini belə dilə gətirirdi: «Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövlətli, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir».
Həm də maraqlı budur ki, Müsavat öz hakimiyyətinin sonuna yaxın nəinki yoxsul əhalinin, o cümlədən müsavata səxavətlə pul xərcləyən Bakı milyonçularının, xan və bəylərin də etimadını itirdi. Nərimanov 1921-ci ildə «Ümum Azərbaycan Sovetlər qurultayında deyirdi ki, hətta burjuaziya belə Müsavat hökumətini dəstəkləmirdi. Onlar da yeni hökumət axtarışında idilər.
Milyonçular, varlı tacirlər, iri torpaq sahibi bəylər Müsavatın Qırmızı inqilab qarşısında acizliyini dərk edib Antanta qoşunlarının Azərbaycana gətirilməsini tələb edirdilər.
Sual: Müsavatçı mənbələr göstərirdilər ki, ordu Qarabağda ermənilərə qarşı vuruşduğundan Aprel hadisələri zamanı Bakını müdafiə edə bilmədi. Əgər ordu Bakıya vaxtında gələ bilsəydi sizcə Aprel inqilabının aqibəti necə olardı?
Cavab: Ordunu Bakıya gətirmək üçün Müsavatın kifayət qədər vaxtı var idi. Beləki hələ 1920-ci ilin fevralından hökumətə bəlli idi ki, kommunistlər silahlı üsyana hazırlaşırlar. Bu vaxt ərzində əgər ordu Bakıya gətirilmədisə, bunun sadəcə bir izahı var, ümumiyyətlə ordu yox idi.
Müsavatçılar iddia edirdilər ki, guya ordu Qarabağda vuruşur. Halbuki Müsavat partiyasının rəhbərlərindən biri olmuş Məhəmməd Hacinski parlamentdəki çıxışında etiraf edirdi ki, «Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdı».
Bu isə Müsavatın guya 40 minlik nizami orduya sahib olması barədə deyilənlərin əslində bir mif olduğunun bariz sübutuydu.
Sual: Sizcə Müsavat rejiminin cəmi 23 ay mövcud olması onun həddindən artıq demokratik olmasının nəticəsi deyildimi?
Cavab: Siz elə düşünürsünüz ki, Müsavat demokratik rejim idi? Əslində müsavatçılar inqilabi əhval-ruhiyyəni boğmaq üçün bütün yollardan, hətta ən qəddar üsullardan belə istifadə edirdilər. Bir dəfə solçu ziyalılardan biri mənə Müsavat rejimini diktatura kimi xarakterizə etməyimi qəbahət gördü və bildirdi ki, Müsavat zamanı çoxlu sayda kommunist mətbuatı çıxırdı və Bakının mərkəzində Fəhlə Klubu açıq fəaliyyət göstərirdi.
Mən isə cavabında ona Müsavat Baş Naziri Nəsibbəy Yusifbəylinin 1919-cu il 23 noyabr tarixli sərəncamını xatırlatdım. Həmən sərəncama görə Müsavat rejimi Azərbaycanda bolşevik mətbuatının nəşrini qadağan edirdi.
O ki qaldı Fəhlə Klubunun fəaliyyətinə, bunu müsavatçılar və ingilislər fəhlə hərəkatını parçalamaq və fəhlə işini kommunistlərin nəzarətindən çıxarmaq üçün etmişdilər. Amma kommunistlər Müsavatın yaratmış olduğu bu silahla onun özünü vura bildilər. Fəhlə Klubu bolşeviklərin nəzarətinə keçdi və müsavat-ingilis təxribatı fiaskoya uğradı.
Bundan başqa 1919-cu il sentyabrın 13-də Müsavat Nağıbəy Şeyxzamanovun rəhbərliyi ilə Əksinqilabla Mübarizə Təşkilatı yaratdı. Məqsəd inqilabçıları məhv etmək idi. Lakin Müsavatın bu silahı da onun öz əleyhinə yönəldi. Beləki təşkilatın sıralarına çoxlu sayda kommunist inqilabçı sıza bildi və əksinqilabi terror maşınının fəaliyyəti iflic vəziyyətinə salındı.
Müsavat rejimi öz orqanları üzərində nəzarəti elə itirmişdi ki, hətta Əksinqilabla Mübarizə Təşkilatına Mirfəttah Musəvi, Beriya kimi kommunistlərin sızmasına Çingiz İldırım kimi kommunistin isə Hərbi Donanmaya komandan təyin edilməsinə mane ola bilməmişdi.
Düzdür, müsavatçılar top və pulemyot atəşləriylə kəndləri yer üzündən silir, kəndliləri ot tayasına doldurub diri-diri yandırır və hətta Yusifbəylinin fəxrlə dediyi kimi mindən çox adamı Bakıdan sürgün edə bilirdi, amma bunların heç biri qırmızı inqilabın qarşısını ala bilmədi.
1920-ci ildə Müsavat rejimi elə bir vəziyyətə düşdü ki, onu heç müsavatçılar özləri müdafiə etmirdilər; parlamentdə 2-ci böyük fraksiya olan islamçı ittihadçılar bəyanat verib kommunistlərin tərəfinə keçdilər, Müsavatın adlı-sanlı nazirləri, rəhbərləri inqilabla əməkdaşlıq yolu tutdular, Müsavatın Hərbi Naziri Mehmandarov kommunistlərə güllə atmaqdan imtina edərək Qızıl ordunun tərəfinə keçdi. Hətta vəziyyət o qədər dramatik hal aldı ki, müsavatçılardan təşkil olunmuş (Rəsulzadə sədr olmaqla) kart-blanş (fövqəladə komissiya) belə hakimiyyətin kommunistlərə verilməsinə səs verdi. Müsavat lideri Rəsulzadə çıxışında müəyyən şərtlərlə hakimiyyətin kommunistlərə təhvil verilməsini razı olduğunu bildirdi.
Baş Nazir Nəsibbəy Yusifbəyli isə kürsüdən «ölərik, ancaq istiqlalı əldən vermərik, bolşeviklər ancaq mənim cəsədim üzərindən keçə bilərlər» desə də, kürsüdən düşüb pərdənin arxasına keçən kimi «mənim çamadanım hanı» deyərək, şələ-şüləsini yığıb aradan çıxmışdır.
Bu, öz xalqına yox, Antantalı ağalara sığınan, ingilis süngüsünə arxalanaraq hökumət qurmaq istəyənlərin ibrətamiz sonluğu idi, həm də rüsvayçı sonluğu…

[material kommunist.az ünvanındakı  yazıdan götürülüb]


Oxşar yazılar:

Baxış sayı:10526