abunə ol: Yazılar | Şərhlər | Еmail

“Qara polkovniklər” və biz

Şərh

1967-ci ilin 21 aprel səhərini Afina sakinləri tank səsinə oyandılar. Bir neçə saat sonra radio ilə hərbçilərin müraciəti yayıldı: “Ölkədə inqilab baş verib”. Əslində isə Yunanıstanda növbəti hərbi çevriliş baş vermişdi. Həmin gün başlayan və 7 il davam edən dövrü Yunanıstanda “Qara polkovniklərin xuntası” adlandırırlar.

Hakimiyyət Papadopulos, Makarezos və Pattakosdan ibarət triumviratın əlində cəmləşdi. Bütün demokratik institutlar, siyasi partiyalar ləğv olundu, mütərəqqi qəzetlər bağlandı, solçu siyasətçilər (ilk növbədə kommunistlər) kütləvi şəkildə həbs edildi, bir çoxu isə edam olundu. Bir sözlə, terror taktikasına güvənilən tipik hərbi diktatura quruldu.

Necə oldu ki, Avropada hərbi xunta hakimiyyətə gələ bildi? Axı diktatura Avropa üçün artıq keçilmiş mərhələ sayılırdı. Düzdür, İspaniya və Portuqaliyada faşist rejimləri hakimiyyətdəydi, ancaq onlar 1930-cu illərin mirasıydı, Yunanıstan isə demokratiya yolu ilə gedirdi. Və birdən – hərbi çevriliş…
Ancaq analiz onu göstərir ki, bu heç də gözlənilməz deyildi. Atası Pavelin 1965-ci ildə vəfatından sonra taxta çıxan kral Konstantin siyasi manevr bacarığından məhrum birisiydi. O, nə solçular, nə də hərbçilərlə dil tapa bilirdi. Ölkədə çox güclü Sol hərəkat vardı və parlament seçkilərində kommunistlərlə sosialistlərin qələbəsi şübhə doğurmurdu. Düzdür, ölkədə kommunist partiyası 1940-cı illərdən qadağandı, ancaq leqal sol partiya olan Vahid Demokratik Sol (EDA, lideri Pasalidis) məhz kommunistləri təmsil edirdi. Ölkə dərin siyasi və iqtisadi böhran içindəydi, tez-tez fəhlələr tətilə çıxırdı. Bahalaşma görünməmiş həddə çatmışdı. Və belə bir şəraitdə hərbi diktaturanın qurulması planı həm liberal, həm kral, həm də hərbçi dairələrdə ciddi müzakirə olunurdu.
Məsələn, 1966-cı ildə Afina Universitetində bu mövzuda bir neçə məruzə oxunmuş və disputlar təşkil olunmuşdu. Kral Konstantin “Sol təhlükə”ni neytrallaşdırmaq üçün hərbçilərdən istifadə etmək niyyətindəydi. Sosialistlərin lideri Papandreu isə 1967-ci ilin yanvarında (hərbi çevrilişdən cəmisi 3 ay əvvəl) “Yunanıstanda hərbi diktatura mümkün deyil. Çünki, bu ideya çoxdan dəbdə deyil və aktiv müqavimət doğuracaq” kimi siyasi korluq ilə məşğuldu. Ancaq çevriliş oldu. Onun əsas cəhəti isə o oldu ki, hərbçilərdən öz taxtını bərkitmək üçün yararlanmaq istəyən kral özü də tələyə düşdü – ilin sonunda onu çevriliş cəhdində suçlayan “Qara polkovniklər” kralı taxtdan salıb mühacirətə yolladılar.   

Necə deyərlər, maymağı acgözlüyü məhv etdi.

Hərbi çevrilişi xalq kütlələri çox sakit və biganə qarşıladı. Heç kim əlinə silah, yaxud daş alıb demokratiyanın yolunda küçələrdə vuruşmadı. Bunun da konkret səbəbləri vardı – qeyri-stabillik və xaos xalqı bezdirmişdi. Kütlələr haradasa “dəmir əl”in gözləntisindəydi. Digər səbəb isə dərhal başlanan repressiyalardaydı. Geniş miqyaslı həbslər kütlələri qorxutdu. Yalnız kommunistlər yox, onlara rəğbətdə şübhəli bilinən hər kəs məhbəsə atılırdı.
Bəs hərbçilər nədən başladılar? Sabitlik vədlərindən və “Pravoslavlıq, təhlükəsizlik, sabitlik” şüarından. Bu tip vədlər verməkdə bütün diktaturalar bir-birinə bənzəyir. Çevriliş günü – aprelin 21-də xuntanın yaydığı bəyanatda deyilirdi: “Bu günədək Yunanıstan zəif inkişaf etmiş ölkə olaraq qalır. İctimai həyatda ikili standartlar hökm sürür. Yunanıstan yeganə ölkədir ki, siyasi partiyalar qeyri-demokratik üsulla fəaliyyət göstərir. Vahid lider, bircə adam partiyanın siyasətini və tərkibini müəyyənləşdirir və kim razı deyilsə, onu partiyadan qovdurur. Ölkədə siyasi və mənəvi özbaşınalıq hökm sürür”.
Necə də gəlişi gözəl sözlərdir… Əlbət, deyilənlərdə həqiqət var. Liberalların və kral sarayının ikiüzlülüyü, sosialist adlananların səbatsızlığı, partiyalarda “vojdizm” xəstəliyi, gerçək xaos və qeyri-sabitlik hamısı faktdır. Ancaq “Qara polkovniklər”in təklif etdikləri reseptin xəstəliyin müalicəsinə heç bir dəxli yoxdu.
“Vojdizm”dən danışan xunta çox tezliklə şəxsiyyətə pərəstiş kultunu yaratdı və yaydı.Burada ilk plana Qeorqios Papadopulos çıxdı və triumviratın digər 2 üüzvünü kölgədə qoydu. 1971-ci ildə hökumət qəzeti “Elefteros kozmos” yazırdı: “Beşilliyin əsas hadisəsi ojur ki, inqilabın bətnindən yeni siyasi şəxsiyyət – Papadopulos çıxdı”. Küçələr və vitrinlər onun portretlərinə qərq oldu. 1918-ci il doğumlu bu hərbçinin uzun illər ABŞ kəşfiyyatına işləməsi ümumməlum faktdı. Odur ki, “Qara polkovniklər”in çevrilişinin arxasında Vaşinqtonun dayanması heç vaxt şübhə doğurmayıb.

Papadopulosdan müsahibə götürmüş fransız “Mond” qəzeti 1968-ci ildə onu bir insan kimi bu cür təsvir etmişdi: “O, hərbçidən çox, mülki şəxsə oxşayır. Üzündəki ifadə narahatlıq, həyəcan və qiyamçı ruhdan xəbər verir”. Papadopulos özünü vahid rəhbər sayırdı və 1970-ci ildə ingilis “Sandi teleqraf” qəzetinə yaxın vaxtlarda absolyut hakimiyyətdən əl çəkmək üçün heç bir səbəb görmədiyini söyləmişdi. O, eyni vaxtda baş nazir, müdafiə naziri və xarici işlər naziriydi.
Triumviratın ikinci üzvü – Nikolas Makarezos qəddar, hiyləgər və ağıllı adamdı. Onu iqtisadiyyat daha çox maraqlandırırdı. Nə vaxtsa Bonnda Yunanıstanın hərbi attaşesi işləmişdi. Üçüncü polkovnik – Stillianos Pattakis isə “sümüyünədək” hərbçi idi. Savad cəhətdən çox məhdud olan bu adam intellektual kimi görünməyi xoşlayırdı. O, çox dindardı və bunu hər imkanda nümayiş etdirmək üçün özü ilə ailə ikonasını daşıyırdı. Pattakosun mülki siyasətçilərə allergiyası vardı, çox emosional və çıxışlarında yalan ifraz edən birisiydi…

Siyasi partiyaların heç biri xuntanı müdafiə etməsə də, “Qara polkovniklər” hakimiyyətdə düz 7 il qala bildi.
Bunun konkret səbəbləri vardı – təkcə repressiyalarla və kənardan köməklə (Yeni gəlmişkən, 1999-cu ildə Bill Klinton yunan xalqından ABŞ-ın xuntanı müdafiə etməsinə görə üzr istədi. Bir daha ABŞ-ın 21 aprel çevrilişində roluna təsdiq) bunu izah etmək olmaz.

Böyük rolu millətçilik doktrinası oynadı. Xüsusən də, gənclər arasında bunun yayılması. “Yunan gəncliyi – dünyanın ən yaxşı gəncliyidir!” kimi ekzotik və emosional şüarlar o dövrün təbliğat texnologiyasını yaxşı əks etdirir. İkincisi, Papadopulosun 1970-ci ildən başlayaraq liberallaşma kursu götürməyə meyli hiss olunurdu. Və Erik Xoffer haqlıdır ki, “Diktaturaların mövcudluğu üçün ən təhlükəli vaxt onların liberal meyllərə başladığı vaxtdır”. Məhz bu dövrdə diktaturaya qarşı aktiv müqavimət və mübarizə elementləri güclənir.
“Qara polkovniklər”lə də bu cür oldu. Liberallaşma meylləri hər iki düşərgədə protest mexanizmini işə saldı. Müxalifət və tələbələr diktaturaya qarşı, xunta daxilindəki ifrat diktatura tərəfdarları isə Papadopulosa qarşı aktivləşdilər. Sonuncuların başında Dimitros İoannidis dururdu. 1923-cü il təvəllüdlü bu hərbçi yunan polisinin rəhbəriydi. Hələ 1940-cı illərdə kommunistlərə qarşı vuruşmuşdu və sonralar Kiprdə türk icmasına qarşı fəaliyyət göstərmişdi. Onun barəsində bir qədər sonra…
Söyləmək ki, xuntaya qarşı ilk günlərdən müqavimət yoxdu – düz olmazdı. Artıq 1968-ci ildə solçular istər ölkədə, istər xaricdə hərbi qruplar yaratdılar. Elə həmin ilin 13 avqustunda Georgios Papadopulosa qarşı sui-qəsd oldu. İnqilabçı Panaqulisin hazırladığı bomba partlamadı, onun özü isə həbs edilərək ölüm hökmünə məhkum olundu. Hökm 5 il ərzində icra olunmadı və xuntanın süqutu ilə Panaqulis azadlığa çıxdı, sonralar isə parlamentin deputatı seçildi.
1968-ci ilin 3 noyabrında sosialistlərin lideri, 80 yaşlı Andreas Papandreunun dəfn mərasimi xunta əleyhinə kütləvi nümayişə çevrildi. Hərbçilərin qadağasına baxmayaraq, minlərlə Afina sakini dəfn mərasiminə qatıldı.
Sonrakı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1963-cü il üzrə) Yorqos Seferis xuntaya qarşı çıxdı. Hərbi rejimdən danışarkən o, BBS-yə “Bu anomaliya bitməlidir” dedi. Seferis o günü görmədi – 1972-ci ilin sentyabrında vəfat etdi. Onun dəfni də böyük nümayişə çevrildi.

Xuntanın sonuna 2 hadisə çıxdı – 1973-ün noyabrında tələbə üsyanı və 1974-ün yayında uğursuz Kipr kampaniyası. Birincisi diktaturanı sarsıtdı, ikincisi isə yıxdı.
Afina tələbələrinin üsyanı noyabrın 14-də başladı. Detonator rolunu hakimiyyətin universitet seçimlərinə müdaxiləsi oldu. Cavab olaraq Politexnik Universitetin tələbələri etiraz aksiyasına başladı, radiostansiya quraraq afinalıları “Son qələbəyə qədər savaşmağa” çağırdı. Noyabrın 15-də minlərlə tələbə və məktəbli Afina küçələrində barrikadalar qurdu və polislə çatışmaya girdi. 16 noyabr gecəsi qoşunlara Universitet binasını hücumla almaq əmri verildi. Ayın 17-nə keçən gecə saat 2-3 radələrində universitetin qarşısında əsl qanlı olaylar yaşandı. Nəticədə 25 tələbə odlu silahdan qətlə yetirildi, yüzlərlə yaralanan oldu (Rəsmən isə heç kəsin ölmədiyi açıqlanırdı). Səhərisi gün Afina küçələrində mitinq-tətillər başladı. Polis zorakılığı ilə bu çıxışlar da yatırıldı. Üsyanın nəticəsi həm də o oldu ki, “yumşaq” Papadopulos prezident vəzifəsindən istefaya göndərildi, hakimiyyət rıçaqlarını əlində cəmləyən 50 yaşlı İoannidis baş nazir gəldi. Gələn kimi də “qaykaları sıxmağa” girişdi. Represiyalar yeni dalğası ölkəni bürüdü. Ancaq “cin artıq şüşədən çıxmışdı”.
1974-ün yayında İoannidis  avanturaya getdi – “Enozis”ə,  yəni Kiprin Yunanıstana  birləşdirilməsi üçün hərbi  kampaniyaya. Bu vaxt  Türkiyənin kəskin və sərt  reaksiyası nəzərdən  qıçırılmışdı. Ecevit hökuməti  Kiprin şimalına desant çıxardı  və yunanlar buradan qovuldu.  Elə bu da xuntanın sonu oldu.  Ölkəni etiraz dalğası bürüdü,  İoannidisin marionet saydığı prezident Qizikis də onu tərk etdi və hakimiyyətə keçmiş baş nazir Konstantinos Karamanlis gətirildi.
İflasdan sonra “Qara polkovniklər”in əsas fiqurları mühakimə olunaraq ölüm hökmünə məhkum olundu. Hökmlər ömürlük həbslə əvəzləndi. Onların əksəriyyəti 1990-cı illərədək yaşadı. Bəziləri, o cümlədən Papadopulos sonralar azadlığa buraxıldı. Bu şəxs 1996-cı ildə xroniki xəstəlikdən vəfat etdi. İoannidis isə bu gün də həbsdədir. Artıq 34 ildir məhbəsdə olan İoannidisin artıq 85 yaşı var və hakimiyyət onu azad etmək niyyətində deyil.
O ki qaldı xuntanın indiki nəsil yunanlar tərəfindən qiymətləndirilməsinə, nüfuzlu “To Vima” qəzetinin sorğusunun nəticələrinə görə, rəyi öyrənilənlərin 54,7 faizi xuntanı pisləyir, 20,7 faizi bəyənir, qalanlar isə “nə yaxşı, nə pis” sayır. Bu da maraqlı nəticədir…
P.S.  “Qara polkovniklər”in hərbi çevrilişindən dərhal sonra ABŞ-ın Yunanıstandakı səfiri Filips Telbot baş verənləri “demokratiyanın zorlanması” adlandıranda MKİ-nin Afinadakı missiyasının rəhbəri Cek Mori söyləyir: “Fahişəni necə zorlamaq olar ki?..”

Məmməd Süleymanov

 

Oxşar yazılar:

Baxış sayı:11601