abunə ol: Yazılar | Şərhlər | Еmail

Maksim Qorki – “Dankonun qəlbi”

Şərh

 

Dünyanın ucqar bir yerində, çox qədim zamanlarda bir xalq yaşayırdı. Bu xalqın yaşadığı torpaqların bir yanı boyük bir çöllük digər yanı isə keçilməz meşəliklərlə əhatə olunmuşdu. Burada yaşayan insanların hamısı şən, güclü və cəsur idilər. Lakin günlərin bir günü hər şey dəyişdi, çətin günlər başlandı. Haradan gəldikləri bilinməyən yad insanlar yerli xalqı meşəliklərə doğru sıxışdırdılar.

Qocaman meşə olduqca dərin və qaranlıq idi, içi bataqlıqlarla dolu idi.Ağaclar bir-birilərinə elə sıx birləşmişdilər ki, göy üzündən baxanda meşənin dibi görünmürdü. Günəş işıqları ağac budaqları və yarpaqların arasından keçə bilmirdi, keçib bataqlıqlara çatdıqda isə ətrafa çox pis qoxular yayılardı. Meşəyə qovulmuş insanlar bu qoxuya dözə bilmir, bir-birinin ardınca ölürdülər. Qadınlar, uşaqlar qan ağlayır, atalar həmişə dərdli-dərdli düşünürdülər.
Xalqın xilas olmaq üçün iki yolu var idi. Birinci yol geridəydi, orada zalım və güclü düşmən dayanırdı. İkinci yol isə qarşılarında duran, başdan-başa bataqlıq və kökü palçığa saplanmış nəhəng ağaclarla dolu meşəni keçib getməkdi. Gecə-gündüz qaranlığın, səssizliyin yayıldığı, külək əsərkən dəhşətli uğultuların əks olunduğu meşə, geniş və işıqlı çöllərdə yaşamağa vərdiş etmiş xalqı təşvişə salır, bezdirir və günlər keçdikcə daha da ümidsizləşdirirdi.
Bütün çətinliklərə baxmayaraq insanlar hələ də güclü idilər. Onlara qalib gəlmiş, torpaqlarını əllərindən almış düşmənə qarşı hər an ölüm-qalım mübarizəsinə girə bilərdilər. Lakin döyüşdə ölmək istəmiridlər. Onlara bəzi şeylər vəsiyyət edilmişdi. Ölsəydilər vəsiyyətləri də özləriylə birlikdə torpağa qarışıb gedəcəkdi. Səbrlə gözləyirdilər. Daima fikrə dalar, fikirləşməkdən yorular, içlərindəki ümidsizlik qorxularını böyüdər və ruhlarını ələ keçirərdi.
Dəhşətli qoxulara dözə bilməyib ölənlərin arxasınca ah-nalələr göylərə ucalardı.Heç kim geri qayıdıb azadlığını düşmənə təslim etmək, qul olmaq istəmirdi. Bu vaxt Danko adlı cəsur gənc meydana çıxdı və hər kəsi təkbaşına xilas etdi. İnsanlara belə dedi: “Dostlar! Bütün günü fikir etməklə qarşımızdakı qayaları yerindən tərpədə bilmərik. Uğrunda mübarizə aparmasaq heç nə əldə edə bilmərik. Bütün gücümüzü fikrə getməklə, qəm çəkməklə itirməyimiz yersizdir. Bəsdir, qalxın ayağa. Gedək. Bu keçilməz meşədən birdəfəlik canımızı qurtaraq. Dünyada hər şeyin bir sonu var. Gedək, dostlar. Tələsin!”
Hər kəsin baxışları Dankoya zilləndi. Dankonun xeyirxah və cəsur olduğunu gördülər. Onu özlərinə başçı seçdilər, çünki ona etibar etmişdilər. Onları çətin, qaranlıq yollar gözləyirdi. Xeyli insan bataqlıqlardan qurtula bilmədi. Ağac budaqları hər yeri tutmuşdu. Nəhəng ağac kökləri torpağın üzünə çıxmışdı. Atılan hər addım daha çox tər, qan və yorğunluq bahasına başa gəlirdi. Yürüşə başlamalarından çox vaxt keçmişdi. Meşə getdikcə sıxlaşır, insanlar azalırdı. Şikayətlənməyə başladılar, təcrübəsiz bir gəncin arxasınca düşmələrindən, hara getdiklərini bilmədiklərindən pərişan olmuşdular. Danko isə güclü və tükənmək bilməyən bir inancla qabaqda addımlayırdı.
Göy gurultusunun ətrafı bürüdüyü, ildırımların çaxdığı bir vaxtda yorğun insanlar ümidsizcə irəliləyirdilər. Dankoya qarşı narazılıqla deyinirdilər. Onu günahlandırmağa başladılar. Onlar Dankonun, başlarına gələn bütün hadisələrin səbəbkarı olduğunu və onu öldürəcəklərini söylədilər.
“Siz özünüz istədiniz, mən də sizi buralara gətirdim. Sizə yol göstərəcəyimə söz verdim. Sözümün üstündə də durdum. Bəs siz? Xilas olmaq üçün nə etdiniz. Sadəcə heç bir şey etmədən mənim arxamca düşdünüz. Bizi gözləyən uzun yollar üçün güc saxlaya bilmədiniz. Bir qoyun sürüsü kimi yol getdiniz və getdiniz.” Danko, xilas etmək istədiyi və onu öldürməyə hazırlaşan insanlara baxdı, onlarla  canavar arasında heç bir fərq görmədi. Ətrafdakıların üzlərində insanlıqdan əsər-əlamət qalmamışdı. Ürəyi qəzəblə doldu. Lakin insanlara olan sonsuz sevgisi bu qəzəbi boğdu. İnsanları sevirdi, onları xilas etmək istəyirdi. Dankonu öldürmək istəyən insanlar onu əhatəyə almağa başladılar. Dankonun ürəyi alovlandı, qəlbini kədər bürüdü. Meşədə göy gurultusu hər yeri lərzəyə gətirirdi, ildırım çaxırdı, güclü leysan yağırdı. İnsanlara bağırdı, sinəsini əlləriylə yararaq ürəyini qopardıb çıxartdı və başı üzərinə qaldırdı. Onun ürəyi günəşdən daha parlaq idi. Meşəyə gözqamaşdırıcı bir işıq yayıldı. İnasanlar təəccübdən daş kimi donub qaldılar. Danko irəli çıxdı, insanlara irəliləmələrini söylədi. Getdilər, getdilər…
Və birdən meşə sona çatdı. Günəş insanların üzlərində parladı, ciyərlərinə təmiz hava doldu. Böyük bir çöllüyə çatmışdılar. Axşamüstü, günəşin batan işıqları altında, Dankonun qoparılmış ürəyi sinəsindən axan isti qan kimi qırmızı olmuşdu. İgid Danko, qarşısındakı geniş çölə qürurla baxdı, azad torpağa baxdı və gülümsədi. Sonra yerə yıxılıb canını tapşırdı.
İnsanlar sevinc və ümid saçırdılar. Dankonun ölümündən heç xəbərləri də olmamışdı. Yanında duran ürəyini görmədilər. Yalnız, içlərindən daha hiyləgər olanı bunu gördü. Bir şeydən qorxaraq ayağıyla əzdi bu şərəfli ürəyi. Ürək qığılcımlar saçaraq söndü.

Tərcümə: Novruz Bəylərzadə                             (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:10404