abunə ol: Yazılar | Şərhlər | Еmail

Sovet sosializmi

Şərh

SOVET SOSİALİZMİ – sahib olduqlarımız və itirilmə səbəbləri…

Xalqımızın böyük bir hissəsinin beyninə yeridilib ki, sosializm – “çalov”, “geridə qalmışlıq”, keyfiyyətsiz məhsullar, növbələr və talonlar deməkdir.  Ümumilikdə, çoxları belə düşünməyə meyllidirlər ki, Qorbaçov yenidənqurmasının son illəri elə sosializmin özüdür.

Xalqa yeridilib ki, bazar iqtisadiyyatı səmərəlidir, plan iqtisadiyyatı isə geridə qalmışlıq və çıxılmaz dalandır, onun ayrı-ayrı nailiyyətləri isə naməlum şəxslərin əməyinə əsaslanır.

Bəs doğrudan da belədirmi? Stalinin vaxtında Sovet İttifaqında – azad seçki hüququ, cinsi bərabərlik, ictimai mobillikdəki maneələrin dəf edilməsi (öz mənşəyindən və təbəqəsindən asılı olmayaraq istənilən şəxs “hər şeyə” nail ola bilərdi), təhsil və məsələn, kilsə kimi feodal institutlara təzyiqin olmaması gerçəkləşdirildi. Qısa zamanda 80 milyon kəndliyə oxumaq və yazmaq  öyrədildi, məgər bu Maarifləndirmənin qələbəsi deyil? Moskva metrosu və göydələnlər o zamanlar möcüzə kimi təsvir edilirdi, görkəmli, o zaman üçün müasir tikililər gerçəkləşmiş fantastik gələcək hissi yaradırdı. Sənaye istehsalı artımı öz tempinə görə hələ heç bir ölkə tərəfindən ötüb keçilməmişdir. Bu, “sosialist iqtisadiyyatının səmərəsizliyinə” – dünyada bir çoxlarının beyninə, xüsusilə də bu səmərəliliyin nümayiş edildiyi ölkədə uğurlu şəkildə yeridilmiş tezisə dair fikirlər idi. Müharibədən sonra yapon möcüzəsinə, indi isə çin möcüzəsinə heyrətlənirlər, bunlardan daha möcüzəlisi isə – sovet möcüzəsi idi.

İyirminci əsrin 30-cu illərində kapitalist dünyası iqtisadi depressiyaya düçar olur. Böyük işsizlər cərgəsi yaranır, bankirlər intihar edir, vərəm xəstəliyi tüğyan edir. Bu zaman isə SSRİ-dən ABŞ-a gələn turistlər kapitalist dünyasına yuxarıdan aşağıya baxırlar: “Hansısa oktyabraqədərki Eles, al` Konotop” (red. geridə qalmışlığın rəmzi kimi), “Birmərtəbəli Amerika”. Əksinə, Rusiyada olanlar və ya orada baş verənlər ilə yaxından tanış olanlar isə heyrətləndirici şeylər danışırdılar.  H.Uells və B.Şou, R.Rolan və A.Barbyus, L.Aragon və T.Drayzer, E.Heminguey və E. Feyxtvanger, R.Taqor və C.Neru – o zamankı elitanın bütün bu ən qabaqcıl, “dəbdə olan” xadimləri SSRİ-də olmuşlar və açıq və ya gizli şəkildə həddən artıq heyranlıqla dolu kitab və esselər  yazmışlar.

Əgər 19-cu əsrin ortalarında liberalizm, necə deyərlər, nəzəri cəhətdən böhran içində idisə, yəni kommunizm və sosializm isə sadəcə bu pozisiyadan ziyalıların hər şeyi ifşa etdiyi, dəbdə olan ideyalar idisə, 30-cu illərdə vəziyyət kəskin şəkildə dəyişdi. Kommunizm, göründüyü kimi, təcrübədə özünün böyük üstünlüyünü nümayiş etdirdi. İdeya cismə çevrildi. Müxtəlif ölkələri “Sovetlərdəki kimi istəyirik” şüarları səslənən tətillər silkələdi. Boş yerə deyildi ki, NKVD asanlıqla ən yüksək rütbəliləri və ən yaxşı alimləri – sırf ideya əsasında cəlb edirdi. “Kembric dörtlüyü” hadisəsi qabaqcıl qərb ziyalılarının kommunist meylləri olmadan mümkün olmazdı.

SSRİ-nin Almaniya üzərində qələbəsindən sonra vəziyyət kəskinləşdi. “Dünyanın mütərəqqi ictimaiyyəti” nöqteyi-nəzərindən İkinci Dünya Müharibəsində iki qüvvə toqquşdu: bir qüvvə o zaman olan ən mütərəqqi ideyaları, yəni kommunizmi təmsil edir, ikincisi isə – ən mürtəce, rasizmə qədər ən milliyətçi, feodal və geridə qalmış  ideyaları –  faşizmi təmsil edirdi. Hələ də kimin tərəfində olduğuna qərar verməyənlər  üçün həqiqət anı gəlib çatdı.

Müvafiq olaraq, SSRİ-nin bu müharibədə qələbəsi tərəqqinin, azadlığın, elmin, texnikanın, insanların bərabərliyinin prinsipial qələbəsi, təbəqələşmənin, istismarın,  müstəmləkəçiliyin, cəhalətpərəstliyin tezliklə məhvi demək idi.

SSRİ qalib gəldikdə (qələbəni məhz SSRİ çalmışdı, o zaman buna şübhə yox idi) “bütün mütərəqqi insanlığa” məlum oldu ki, tarixi həqiqət, gələcək kimin tərəfindədir. Stalinin növbəti qələbələri bu fikri yalnız təsdiq edirdi.

Avropa ABŞ-ın köməkliyi və iri daxilolmalar (Marşal planı) ilə bərpa olunur. Tədricən. Bizdə hər şeydə qiymətləri aşağı salırlar, İngiltərə isə kart sistemini SSRİ-dən bir neçə il sonra ləğv edilir! Hələ də kimsə “sosializmin iqtisadi  səmərəsizliyi”  haqqında danışır? Müharibədən sonrakı Avropada hər yerdə böyük növbələr, natəmizlik, kasıblıq, hiperinfilyasiya, bahalı təhsil və səhiyyə hökm sürür  (bunlar cəmi yarım əsr əvvəl idi).

SSRİ-də isə 50-ci illərdə ilk peyk, sonra isə kosmosda ilk insan… Sovet reaktiv təyyarəsi TU – 104 bu zaman buna bənzər heç nəyi olmayan qərb dünyasını şoka saldı. Sovet minik maşınları “Volqa” və “QAZ–21”  hansısa qardaş Bolqariyada deyil, Fransada avtomobil salonlarında mükafatlar alırdı… SSRİ-nin nailiyyətləri isteblişmenti şoka salır və əmək insanlarını sevindirirdi.

Sosializmdəki qul əməyi şüarı özü-özünə ziddir. Publisistlər çoxlu vaxt və kağız sərf etmişlər ki, azad kapitalist əməyinin sosialist “qul” əməyindən daha səmərəli olduğunu sübut etsinlər. Sonra isə bir o qədər də vaxt və kağız sərf etmişlər ki, Stalin dövrü SSRİ -sinin qul əməyinə əsaslandığını sübut etsinlər. Heç bir fikrin olmadığı yerdə iki fikrin bir-birinə uyğun olmasını tələb etmək bizim tərəfimizdən həmin cənablara qarşı son dərəcə ağır münasibət olardı.

Yaxşı – deyə bizə etiraz edə bilərlər –  tutaq ki, bunlar hamısı var idi. Bəs sonra hara yox oldu? Nə üçün biz müharibədən sonrakı dövrdə kart sistemini müharibədə iştirak edən bütün avropa ölkələrindən qabaq ləğv etdik, 80-ci illərin ortalarında isə yenidən bu sistemi tətbiq etdik? Nə üçün Qərbdə mükafatlar alan yerli minik maşınları əvəzində köhnə – kürüşlər gəldi? Və sairə.

Doğrudan da, Sovet hakimiyyəti dövrünün son illərində mövcud təsərüfat sistemi pis işləyirdi. Bunun iki səbəbi ola bilər: ya bu sistemin konstruksiyasında əvvəlcədən müəyyən çatışmazlıqlar var ki, bunlar da sistemi yararsız edir, ya da o, hansısa səbəblərdən xarab olmuşdur, deyək ki, çirkləndirilmişdir. Aydındır ki, əgər bunun günahkarı birinci səbəbdirsə, o zaman bu gün pis fəaliyyət göstərən sistem dünən də pis işləməli idi. Bu barədə nə demək olar? Yuxarıda göstərilən misallardan başqa müstəqil mənbələrdən fikirlərə baxaq. 50-ci illərin sonunda ABŞ-da iki sistemin rəqabəti vəziyyətində sovet iqtisadiyyatının imkanlarını qiymətləndirmək üçün tədqiqatlar aparılmışdı. O zaman müəlliflər belə yazırdılar: “Rusiya son bir neçə onillik ərzində yüksək sürətli iqtisadi artıma şahid olur… Sovet iqtisadi təhdidi kifayət qədər böyükdür və sürətlə artır”. “Sovet iqtisadi çağırışı real və təhlükəlidir və bunu açıq demək lazımdır”. Gətirilən sitatlar o zaman ABŞ-da aparılmış bir deyil, iki müxtəlif  tədqiqatdan gətirilmişdir.

Beləliklə, bir daha faktı qeyd edək: ölkəmizin iqtisadi mexanizmi müəyyən vaxta qədər səmərəli işləyirdi. Bəs onun fəaliyyətindəki növbəti kəsilmələr nə ilə əlaqədardır?

Bundan baş çıxarmaq üçün ölkə tarixinə qısa nəzər salmaq lazımdır. Yeni iqtisadi siyasət (НЕП) dövründə xüsusi kapitalın sıxışdırılması ilə yanaşı, SSRİ-də dövlətin iqtisadiyyat sektorunun tənzimlənməsi metodları axtarılırdı. Bu axtarış ibrətamizdir. Əvvəllərdə əmtəə-pul mexanizmini istifadə etməyə çalışırdılar. 1923-cü ilin aprelində VTİK və SNK-nın “Kommersiya uçotu əsasında fəaliyyət göstərən dövlət sənaye müəssisələrinə dair (trestlərə)” dekreti dərc edildi. Bu dekretdə göstərilmişdi ki, bu trestlər maksimal mənfəət əldə etmək məqsədi ilə təşkil edilmişdir və dövlət xəzinəsi onların borclarına görə cavabdeh deyil.  Trestlərə geniş təsərrüfat müstəqilliyi, öz məhsuluna qiymət təyin etmək hüququ və  müstəqil pərakəndə təsərrüfatlar qismində bazarda azad şəkildə çıxış etmək imkanı verildi. Təbii ki, trestlər mənfəət arxasında qaçdılar və öz məhsullarına qiyməti elə qaldırdılar ki, ölkədə ciddi iqtisadi böhran yarandı.

Bu böhran bir çox alimləri və təsərrüfatçıları mərkəzləşdirilmiş rəhbərlik və müəssisələrin təsərrüfat müstəqilliyinin uyğunluğu, ictimai mülkiyyət şəraitində mənfəətin rolu və təbiəti kimi problemlər üzərində düşünməyə vadar etdi.  Böhranın nəticələri XIII partiya konfransında təhlil edildi. Mənfəət mənbəyi olmadan maksimal mənfəət şüarları tənqid olundu və planlı əsasın güclənməsi  zərurəti ilə nəticələndi. Böhran mərkəzləşdirilmiş qaydada təcili tədbirlərlə aradan qaldırıldı.

1927-ci ildə dövlət və sənaye trestləri haqqında yeni əsasnamə qəbul olundu ki, ona əsasən trestlər kommersiya əsaslarında, amma artıq mərkəz tərəfindən təsdiq edilmiş plan tapşırıqlarına uyğun olaraq fəaliyyət göstərməyə davam edəcəkdilər. Nəticədə isə, tezliklə aydın olduğu kimi, iqtisadiyyat “məsrəfli” xarakter qazandı.

Qiymət bazarla deyil, xərclərin nəzərə alınması ilə planla müəyyən olunduğuna görə müəssisələr, o zaman deyildiyi kimi “gəlirləri azaldaraq, xərcləri şişirtməyə” başladılar. Yenidənqurmadan əvvəlki vəziyyətə bənzər hal yarandı.  Amma bu zaman cəfəngiyat dərhal nəzərə çarpdı. Heç kim geriyə – mənfəətin rolunun artırılmasına dönməyi təklif etmədi, belə ki, 1923-cü il böhranı ilə bağlı hadisələr hələ yadda idi. 1929-cu ildə müəssisənin əsas fəaliyyət göstəricisi kimi məhsul keyfiyyətinə dair irəli sürülmüş tələblərə riayət etməklə verilmiş və faktiki maya dəyəri arasındakı fərq qəbul edildi. Dövlət müəssisələrinin məsrəfli meyli dəhral kənarlaşdırıldı. Onlar istehsal xərclərini azaltmağa və məhsulun keyfiyyətini yüksəltməyə “məcbur” oldular. Mənfəət dəyər və stimullaşdırma funksiyasını itirərək sadəcə uçot funksiyasını saxladı. Bu vəziyyət 1965-ci il iqtisadi reformuna qədər qorundu.

1940-cı ildə 1928-ci ilə nisbətən 6,4 dəfə çox sənaye məhsulu istehsal edilirdi. Artımın yüksək templəri təkcə müharibə ilə kəsildi.  Müharibə yeni ictimai quruluşun yüksək həyatqabiliyyətliliyini, onun təsərrüfat mexanizminin səmərəliliyini sübut etdi. Müharibədən sonrakı inkişaf da həmçinin çox sürətli idi.

60-cı illərin astanasında iqtisadi artım templərinin müəyyən qədər azalması müşahidə olunur. Bunun səbəbi – 1965-ci il iqtisadi reformu idi ki, bu reform mənfəətin rolunu artırdı və dəyər göstəricilərinə natural göstəricilər üzərində üstünlük verdi. Hesab edilirdi ki, “ayrı-ayrı müəssisələrin gəlirliliyi və ya zərərliliyi plan təsərrüfatında qiymətlərin səhv təyinindən başqa heç nəyi göstərmir”.  Reform mənfəətə 1929-cu ildə ləğv edilən dəyər və stimullaşdırıcı funksiyalarını qazandırdı. Fərz edilirdi ki, əgər müəssisə mənfəətinin bir hissəsini həvəsləndirmə fonduna keçirə bilsə, bu əməyin stimullaşdırılması problemini həll edəcək, istehsal xərclərinin aşağı salınmasını təmin edəcək və kollektivləri gərgin planlarda maraqlı edəcək. Təcrübədə isə tamam başqa vəziyyət yarandı.

Dəyər göstəricisi (mənfəət, rentabellik, xalis məhsul) öz təbiətinə görə istehsalın səmərəliliyinin deyil, onun xərclərinin ifadəsi olduğuna görə, müəssisə fəaliyyətinin səmərəliliyinin onun istehsal etdiyi məhsulun dəyərinə görə  ölçülməsi haqqında fərziyyələr məşhur aviakonstruktor və təsərrüfatçı K. Antonovun hələ o zaman qeyd etdiyi misalla eynidir: İES-ın fəaliyyəti istehsal etdiyi elektrik enerjisi ilə deyil, sərf etdiyi kömürün miqdarı ilə ölçülür – nə qədər çox kömür yandırmışsa, o qədər yaxşı işləmişdir. Xərclərin nəticələr statusu qazandığı təsərrüfat mexanizmi yarandı. Əslində, bizim ölkədə  belə bir vəziyyət artıq 1927-1929-cu illərdə müşahidə edilmişdi, amma o zaman bu vəziyyəti nisbətən tez həll etmişdilər.

Bu mexanizmin necə defisit yaratdığını, əməyin israf edilməsinə gətirib çıxartdığını, elmi-texniki tərəqqini yavaşlatdığını və digər mənfi fəsadlara gətirib çıxardığını göstərək.

Defisit. Müəssisə mənfəət qazanmaqda maraqlı olduğuna görə, o, ilk növbədə özünə sərf edən məhsul buraxmağa səy göstərir.  Amma bu və ya digər məhsulun buraxılışına xərclər fasiləsiz olaraq elmi-texniki tərəqqi, əməyin daha mükəmməl təşkili  nəticəsində dəyişdiyinə görə, bu məhsulların topdan qiymətləri isə nisbətən sabit olduğundan müxtəlif məhsul növləri müxtəlif zamanlarda müəssisə üçün eyni dərəcədə sərfəli deyil. Bu zaman müəssisə müxtəlif bəhanələrlə ona sərfəli olmayan məmulatlardan qurtulmağa çalışır. Bunun nəticəsində isə müəssisəyə sərfəli olmayan, amma ölkənin təsərrüfatı və əhali üçün son dərəcə əhəmiyyətli olan bir neçə növ məhsulların defisiti yaranır.

Əməyin israf edilməsi. Buna vadar edən mexanizm aşağıdakı kimidir.  Müəssisə mənfəətə can atır, lakin mənfəət topdan satış qiymətindən asılıdır, onun hesablanması üçün ilkin əsas isə maya dəyəridir ki, sonuncu da iş vaxtı sərfindən asılıdır.  Nəticədə, əmək məsrəfləri nə qədər yüksəkdirsə, əmtəənin maya dəyəri də bir o qədər yüksəkdir; maya dəyəri nə qədər yüksəkdirsə, plan orqanları da ona o qədər yüksək qiymət təyin edəcəklər; qiymət nə qədər yüksəkdirsə, müəssisənin mənfəəti də o qədər yüksək olacaq. Bəs iş vaxtına qənaət etməyin, əl əməyi xərclərinin azaldılmasının, məhsulun ucuzlaşdırılmasının nə mənası var, o halda ki, bunun əksi olan taktika qiymətlərin artımına gətirib çıxarır və uğurlu iş görüntüsü yaradır.

Qiymət artımı. Mənfəətə istiqamətlənərək istehsalçılar, təbii ki, öz məhsullarına daha yüksək qiymət qoyulmasında maraqlı oldular. Bu zaman aydın oldu ki, yeni məmulata qiymətin təyin edilməsi zamanı orqanlara yüksək maddi və canlı əmək məsrəflərini təsdiq edən sənədi təqdim etmək kifayətdir ki, bununla da əsaslandırılmamış qiymət qüvvəyə minəcək. Belə sənədləşmənin düzəldilməsi bəzi müəssisələrdə xüsusi iş predmetinə çevrildi. Qiymətəmələgəlmə orqanları qiymətlərin qalxmasına mane olmağa çalışsalar da və ərizələrin üçdə birini xərclərin şişirdilməsi səbəbindən geri qaytarsalar da, yenə də xərcləri şişirtmək marağı özünə yol tapır.  Belə bir hal məlumdur ki, yeni avadanlığın məhsuldarlığı dəyişməmiş, etibarlılığı azalmış, qiymət isə 2,7 dəfə artırılmışdır. Tamamilə aydındır ki, qiymətlərin qaldırılması nəticəsində əldə edilən mənfəət təmin edilməmiş tələbi artırır, material və məmulatların  defisitini artırır, ölkənin maliyyə-kredit sistemini zəiflədir.

Elmi-texniki tərəqqinin yavaşladılması. Elmi-texniki tərəqqi əmək məsrəflərini, bununla da müəssisə işinin dəyər göstəricilərini, nəticədə isə mənfəəti  azaldır. Nə üçün özünə ziyan verməli?  Leninqradın “Svetlana”  birliyində daha dəqiq, uzunömürlü və ucuz qazboşaldıcı cihaz hazırladılar və onun istehsalına başladılar. Nəticədə müəssisə işinin iqtisadi göstəriciləri, o cümlədən satış, əmək məhsuldarlığı, fond verimi, rentabellik kəskin şəkildə azaldı. “Uralximmaş” birliyində konstruktorlar elektroliz üçün yeni, məhsuldarlığına görə altı köhnə qurğunu əvəz edə bilən və daha ucuz qurğu işləyib hazırladılar. Müəssisə yeniliyi tətbiq etmirdi, belə ki, altı qurğunun yerinə birini işə salaraq, o, istehsal dəyərləri məcmusunu, nəticədə isə öz işinin göstəricilərini azaldır.

1965-ci il reformu nəticəsində iqtisadiyyatda inkişaf edən digər mənfi mexanizmləri də göstərmək olar. Buraya planlaşdırmanın pisləşməsini, ictimai əməyin uçotu sisteminin deformasiyasını və s. daxil etmək olar. Lakin bu “güllərin” hamısı bir kökdən – əmtəə – pul münasibətlərinin rolunu gücləndirmək cəhdindən doğur, halbuki bunun üçün artıq maddi əsaslar yox olmuşdu. Məhz bu göstəricilər, sözün həqiqi mənasında, iqtisadi mərkəzi idarəetmə sisteminin bünövrəsinə vurulmuş çiv kimi “yad cisimlər” rolunu oynadılar. Sistem onları tamamilə çıxara bilmədi və onlar daim fəaliyyət göstərən iqtisadiyyatın dağılması  amilini yaratdılar.

Bundan sonra isə, məlum olduğu kimi, “qorbaçov yenidənqurması” ilə ölkədə kapitalizmin birbaşa bərpası başladı…

AKM – Baku’nun nəzəri materiallarından            (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:51615

Şərhlər

  1. Barracuda deyir:

    А ЕЩЕ ПРИ ГОРБИ СЛОМАЛИ ОБЩЕСТВЕННОМУ СОЗНАНИЮ ХРЕБЕТ ОДНОСТОРОННЕЙ АНТИСТАЛИНСКОЙ ПРОПАГАНДОЙ И ЗАПРЕТОМ НОРМАЛЬНО ДИСКУТИРОВАТЬ НА ДАННУЮ ТЕМУ. ПОПУЛЯРНОЙ ЛИТЕРАТУРОЙ СТАНОВИТСЯ ЖУРНАЛ ОГОНЕК И ВООБЩЕ ПУБЛИЦИСТИЧЕСКАЯ ЛИТЕРАТУРА. ЕСЛИ ЧТО-ТО И ВЫХОДИТ, ТО ТОЛЬКО НЕ НА ТЕМУ ЗАЩИТЫ ПОЛИТИКИ 30-Х.