abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan Pol Sartr-Ürək bulantısı romanı (I hissə)

Şərh

XX əsrin ən böyük filosoflarından olan Jan Pol Sartrın ilk romanıdır.Fərdin köklü azadlığını və eksistensializmi müdafə edən Jan Pol Sartrı bütün dünya 1938-ci ildə bu romanla tanıdı.Gündəlik şəklində yazılmış bu əsərin qəhrəmanı Rokentin bütün dünya ilə yanaşı öz bədənindən də, iyrənir.Ürək bulantısı romanı öz güclü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi təsirini göstərmişdir.SOLFRONT bundan sonra müntəzəm olaraq “Ürək bulantısı” romanını dərc edəcək.Sonda isə e-kitab formasında oxuyucuların istifadəsinə veriləcək.

Jan Pol Sartr

Ürək bulantısı

Roman

Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir.

L.F. Selin “Kilsə”

Qunduza həsr edilir [i]

 

 

Bu dəftərlər Antuan Rokantenin kağızları arasından tapılıb. Biz onları heç bir dəyişiklik etmədən çap edirik.

 

İlk səhifədə tarix yoxdur, amma təxmin edirik ki, qeydlər gündəlik yazılmamışdan bir neçə həftə əvvəl edilib. Bu isə təxminən 1932-ci ilin yanvar ayının ilk günlərinə gedib çıxır.

Həmin dövrdə Mərkəzi Avropanı, Şimali Afrikanı və Uzaq Şərqi gəzmiş Antuan Rokanten üç il idi ki Markiz de Rolbona həsr edilmiş tarixi araşdırmalarını bitirmək üçün Buvildə dayanmışdı.

 

Tarixsiz səhifələr

 

Məncə ən yaxşısı qeydləri hər gün etməkdir. Gündəlik tutmaq lazımdır ki, məğzinə varasan. Heç bir xırdalığı, kiçik faktları hətta onlar qeyri mümkün görünsələr belə itirməmək lazımdır, ən başlıcası onları sistemləşdirmək lazımdır. Bu stolu, küçəni, tənbəki kisəmi necə görürəmsə elə yazmalıyam, çünki məhz BU dəyişilib. Bu dəyişikliyin ölçüsünü və xarakterini dəqiq müəyyən etmək lazımdır.

Məsələn elə bu karton qabı götürək, mən onun içində mürəkkəb qabarcıqlarını saxlayıram. Gərək çalışıb onu əvvəl və sonra necə gördüyümü müəyyən edəm. Bax bu fonda görünən düzbucaqlı parallelepiped… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır- ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən.

Mənə elə gəlir gündəlik məhz elə buna görə də təhlükəlidir: həmişə ayıq olursan, hər şeyi şişirdirsən, dayanmadan qaydanı pozursan. Digər tərəfdən məndə hər dəqiqə məsələn elə bu karton qaba və ya digər əşyaya qarşı yenə də dünənki hisslər oyana bilər.

Gərək həmişə buna hazır olum, yoxsa o yenə də barmaqlarım arasından sürüşəcək. Heç nə lazım deyil, sadəcə diqqətlə və ehtiyatla baş verən hər şeyi qeyd etmək lazımdır.

Əlbəttə ki, mən artıq srağagün və ya şənbə günü baş verən nəyisə dəqiq təsvir edə bilmərəm, o vaxtdan çox keçib. Ancaq onu deyə bilərəm ki, nə bu nə başqa vaxt sadəcə “hadisə” adlandırdıqları heç nə baş verməyib.

Şənbə günü uşaqlar dənizə daş atırdılar – “kökə bişirdilər”, – mən də onlar kimi dənizə daş atmaq istədim. Sonra dayandım, daşı atdım və getdim. Yəqin ki, qəribə görünürmüşəm, uşaqlar arxamca guldülər.

Xarici görüntü belədir. Mənim özümdə baş verənlərdən isə heç bir dəqiq iz yoxdur. Mən nəsə elə bir şey gördüm ki, iyrəndim, amma indi bilmirəm daşa baxırdım yoxsa dənizə. Daş hamar idi, bir tərəfi quru, digər tərəfi yaş və çirkli. Mən onun kənarından barmaqlarımın ucu ilə tutmuşdum ki, əlim çirklənməsin.

Srağagün daha çətin keçdi. Ona bir sıra təsadüflər və mənim üçün izaholunmaz anlaşılmazlıqlar da əlavə olundu. Amma onların təsviri ilə əylənmək fikrim yoxdur. Hər halda aydındır: mən qorxu və ya bu ruhda nəsə hiss edirdim. Əgər başa düşsəm ki, nədən qorxmuşdum bu da irəliyə bir addım ola bilər.

Aydındır ki, dəli olmağım ağlıma da gəlmir, əksinə mən dəqiq anlayıram ki, tam şüurlu vəziyyətdəyəm: dəyişikliklər ətraf dünyaya xasdır. Amma buna əmin olmaq istərdim.

 

11-in yarısı.

Bəlkə də bu dəliliyin yüngül tutması idi. Ondan iz də qalmayıb. Bu gün ötən həftənin qəribə hissləri mənə sadəcə gülməli gəlir, onları başa düşəcək vəziyyətdə deyiləm. Bu gün axşam mən ətraf mühitə əla uyğunlaşıram,. hansısa ədəbli burjuy kimi. Bu da mənim otel nömrəm, pəncərələri şimal-qərbə baxır. Aşağıda – Müharibə əlilləri küçəsi və yeni vağzalın tikinti ərazisi. Pəncərədən Viktor Nuar bulvarında yerləşən “Dəmiryolçuların sığınacağı” kafesinin qırmızı və ağ reklam işıqlarını görürəm. Paris qatarı indicə gəldi. Vağzalın köhnə binasından sərnişinlər çıxıb, dağılışırlar. Mən addım və səslər eşidirəm. Çoxları sonuncu tramvayı gözləyir.  Yəqin ki onlar pəncərəmin altındakı qaz fənərinin yanında məyus toplu halında dayanıblar. Onlar bir neçə dəqiqə də gözləməli olacaqlar- tramvay 11-ə 15 dəqiqə qalmışdan tez gəlməyəcək. Kaş heç olmasa bu gecə kommivoyajörlar (xarici ölkələrdə: ticarət agenti) gəlməsələr: o qədər yatmaq istəyirəm ki, çoxdandır yatmıram. Sadəcə bir sakit gecə, bir-yeganə sakit gecə və hər şey qaydasında olacaq.

 

11:45

artıq qorxmalı heç nə yoxdur- kommivoyajörlar çoxdan gələrdilər. Heç olmasa cənab Ruana gələrdi. O hər həftə gəlir, ona ikinci mərtəbbədə iki nömrəli otağı saxlayırlar- bide (fr.bidet- xarici cinsi orqanları və anusu yumaq üçün fontanlı balaca vanna) olanı. O hələ də gələ bilər, tez-tez yatmazdan əvvəl “Dəmiryolçuların sığınacağı”-nda bir stəkan boşaldır. Qısacası, o səs küylülərdən deyil. Balaca, təmizkar, boyalı saqqallı və parikli. Bu da o.

Onun pillələri qalxmasına qulaq asanda sanki ürəyimi nəsə sancdı- onun addımları necə də sakitləşdirir: hər şeyin qoyulmuş qaydalarla baş verdiyi dünyada nədən qorxasan? Məncə mən sağaldım. Bu da tramvay, yeddilik. Marşurut: sallaqxana- böyük gəmi dokları. O öz mövcudluğunu uca dəmir cingiltisi ilə xəbər verirÇemodan və yatmış uşaqlarla basabas doldurulmuş şəkildə o doklar tərəfə, zavodlar tərəfə, şəhərin şərq hissəsindəki qaranlıq tərəfə gedir.

Bu sonuncudan əvvəlki tramvaydı, sonuncu bir saat sonra keçəcək.

İndi uzanıram. Mən sağaldım, balaca qız kimi hər gün gözəl yeni dəftərə öz hisslərimi yazası deyiləm.

Gündəliyi ancaq bir halda tutmaq olar… əgər.. [ii]

 

Gündəlik

 

Bazar ertəsi, 29 yanvar, 1932-ci il

Mənə nə isə olub, şübhə yoxdur. Bu xəstəlik kimi üzə çıxır, mübahisəsiz, aydın nəsə üzə çıxan kimi yox. O mənim içimə gizlicə girib, damla-damla: mən nəsə özümü pis hiss edirdim, narahat hiss edirdim vəssalam. O mənim içimdə yerləşəndən sonra sakitləşdi, rahatlaşdı və mən özümü əmin edə bildim ki, məndə heç nə yoxdur, aldadıcı narahatlıqdır. Amma indi daha parlaq rənglə çiçəkləyib.

Düşünmürəm ki, tarixçilik sənəti psixoloji analizə əsaslanır. Bizim sahəmizdə sadəcə bölünməz hisslərlə işləyirik, onları məsələn Şöhrətpərəstlik və ya Mənfəət adlandırırıq. Bununla yanaşı, əgər özüm haqqında bir az bilsəydim, bu adlardan məhz indi istifadə etməli idim.

Məsələn, əlimdə nəsə yeni şey peyda olur- deyək ki, əlimə trubka və ya çəngəl götürürəm. Bəlkə də, kim bilir, çəngəlin özü də indi əlimdə başqa cür dayanır. Məsələn, bu yaxınlarda otağıma girməyə hazırlaşırdım və birdən donub qaldım- əlimdə soyuq bir şey hiss etdim, o mənim diqqətimi sanki qeyri adiliyi ilə çəkdi. Əlimi aralayıb baxdım- mən sadəcə əlimdə qapının dəstəyini tutmuşdm. Və ya səhər kitabxanada mənimlə salamlaşmaq üçün oxucu[iii] yaxınlaşdı, mən onu həmin dəqiqə tanımadım. Qarşımda yad üz vardı, və hətta sözün əsl mənasında üz deyildi. Sonra onun əlinin cizgiləri mənim ovcumda ağ soxulcan kimi göründü. O dəqiqə barmaqlarımı çəkdim və onun əli bədəninin yanında tənbəlcəsinə sallandı.

Eyni şey küçədə də olur- orada çoxlu fasiləsiz, şübhəli səslər var.

Yəqin ki sonuncu həftə dəyişiklik baş verib. Amma nədə? Bu heç nə ilə konkret bağlantısı olmayan mücərrəd dəyişiklikdir. Bəlkə mən dəyişilmişəm? Əgər mən dəyişilməmişəmsə, onda ola bilər bu otaq, bu şəhər, təbiət dəyişilib; seçmək lazımdır.

Məncə mən dəyişilmişəm, – bu ən sadə qərardır. Və ən xoşagəlməz. Yenə də etiraf etməliyəm ki, belə qəfil dəyişikliklər mənə xasdır. Məsələ ondadır ki, mən çox nadir hallarda düşünürəm və məndə fikir vermədiyim çoxlu xırda dəyişikliklər toplanır, sonra bir gözəl gündə əsl inqilab baş verir. Məhz buna görə insanlara elə gəlir ki, mən qaydasız və ziddiyyətli yaşayıram. Məsələn, mən Fransadan gedəndə çoxları mənim hərəkətimi dəlilik hesab etdilər. Eyni müvəffəqiyyətlə onlar mənim 6 illik avaraçılıqdan sonra qəfil Fransaya dönüşümü dəlilik kimi qiymətləndirə bilərdilər. Mən indiki kimi özümü keçən il Petrin işi ilə bağlı istefaya çıxmış fransız məmuru Mersyenin kabinetində görürəm. Onda Mersye hansısa arxeoloji planlarla bağlı Benqaliyaya hazırlaşırdı. Mən həmişə Benqaliyada olmaq istəmişəm və o məni onunla getmək üçün dilə tutmağa başladı. Hansı məqsədlə, mən indi də bunu başa düşmürəm. Bəlkə də o Portala inanmırdı və ümid edirdi mən onlara nəzarət edəcəm. Mənim imtina üçün heç bir səbəbim yox idi. Hətta mən onda Portal barədə bu balaca bicliyi başa düşsə idim də təklifi böyük məmnuniyyətlə qəbul etmək üçün daha çox səbəbim olardı. Məni dəqiq iflic vurmuşdu, bir kəlmə də deyə bilmədim. Telefon aparatının yanında, yaşıl xalçanın üzərindəki balaca kxmer statuetkasını gözlərimlə yeyirdim. Mənə elə gəlirdi ki, mən başdan ayağa ya limfa ya da isti süd ilə islanmışam. Mersye acığını maskaladığı mələk hövsələsi ilə məni yola gətirməyə çalışırdı:

–          Siz ki başa düşürsünüz, mənə hər şeyi rəsmi qeydiyyatdan keçirmək lazımdır. Mən əminəm ki, əvvəl – axır “hə” deyəcəksiniz, ən yaxşısı bu dəqiqə razılaşın.

Onun narıncı çalarlı qara, möhkəm ətirlənmiş saqqalı vardı. Başının hər hərəkətində məni ətir dalğası vururdu. Və mən birdən altı illik yuxudan ayıldım.

Statuetka mənə iyrənc və axmaq göründü, dəhşətli sıxıntı hiss etdim. Heç cür başa düşə bilmirdim ki, məni İndoneziyaya nə aparır. Burada nə edirəm? Niyə bu insanlarla danışıram? Niyə bu axmaq kostyumu geyinmişəm? Mənim ehtirasım öldü. O məni bir çox ildir dayanmadan doldurub, aldadırdı – indi mən boşam. Amma bu hələ ən pisi deyil: mənim qarşımda bir qədər ehtiyatsız açılmış, hansısa geniş və tutqun fikir var idi. Onun nədən ibarət olduğunu demək çətindir, amma mən ona baxa bilmirdim: o mənim üçün o qədər mənfur idi ki. Və bütün bunlar mənə Mersyenin saqqalından gələn ətirlə birgə görünürdü.

Mən Mersyeyə qarşı acıqla silkələndim və quru cavab verdim:

–  Çox sağ ol, amma mən artıq çoxdan gəzirəm, Fransaya qayıtmaq vaxtıdır.

 

Və iki gün sonra Marselə gedən paraxoda mindim. Əgər səhv etmirəmsə, əgər bütün yığılmış simptomlar həyatımda yeni çevriliş edirsə, açıq deyəcəm- mən qorxuram. Və ancaq ona görə yox ki, mənim həyatım belə də çox varlıdır, qiymətlidir, təminatlıdır. Mən doğulmağa hazır olandan, məni idarə edəndən və harasa çəkəndən qorxuram. Doğrudanmı mən başladığım hər şeyi, araşdırmanı, kitabı atıb yenidən getməli olacam? Sonra bir neçə ay, bir neçə il keçəndən sonra yenidən yorğun, yeni dağıntılar arasında ayılmalı olacam? Hələ ki gec olmamış özümü qaydaya salmalıyam.

 


[i] Qunduz Simona de Bovuarın dostcasına ləqəbidir.

[ii] Gündəlikdəki bu hissə yarımçıq qalıb. (müəllifin qeydi)

[iii] Ojye P… gündəlikdə onun adı tez-tez çəkilir. O dəftərxana işçisi olub. Rokanten onunla 1930-cu ildə buvil kitabxanasında tanış olub( nəşriyyatın qeydi).

 

Tərcümə: Gülər Qasımova                   (c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:10983