abunə ol: Yazılar | Şərhlər | Еmail

Qəzzafi klounlara qarşı

Şərh

Viktor Tsoyun mahnısındakı “Bütün dünya üstümə müharibə ilə gəlir” kəlmələri bu günkü Liviyanı xarakterizə edir. “Timişoara effekti” ilə başlayan proseslər irimiqyaslı müharibəyə dönüşüb. “Humanitar işğal”ın növbəti epizodunu görürük. Və nə heyf ki, ildən ilə debilləşdirilən, “KİV faşizmi”nin qurbanına çevrilən bəşər baş verənləri araşdırmağa heç bir səy göstərmir.
“Yalan nə qədər böyük olsa, ona bir o qədər tez inanacaqlar” – Göbbels deyirdi. Və dediklərinin tətbiqinin effektini də görürdü. Bu gün Liviya ətrafında davam edən şoular, mizan-səhnələr, “molekulyar aqressiya” bar verdikcə, Dyerd Lukaşın ardınca təsdiqləmək istəyirsən: “Kafka realist imiş”.
Liviyada Qərbin qoltuğuna sığınmış Qəddafi əleyhdarları hələ də anlamaq belə istəmir ki, dərin iqtisadi-maliyyə böhranı içində boğulan Avropa və onun dirijoru ABŞ Liviya şəhərlərinə atdığı bombalara sərf etdiyi yüz milyonlarla dollar vəsaiti onların qaşına-gözünə vurğun olduğu üçün xərcləmir. “Əhalini qorumaq üçün” bombanı əhalinin başına yağdırmaq nə vaxtdan normal məntiqin elementi olub? Absurd göz deşir.
Ancaq bütün baş verənlərə emosiyasız, soyuq məntiqlə yanaşıb analiz etmək və nəticələr çıxarmaq olduqca zəruridir. Çünki, doğrudan doğruya Subkomandante Markosun yazdığı “4-cü Dünya Müharibəsi” gedir və xalqlara “müstəmləkə demokratiyası” ixrac edən neoimperializmin növbəti hədəfi Liviyadır. Və bu, son deyil…
İlk gündən aydın idi: Liviya hadisələri Tunis, Misir, Yəmən, Bəhreyndə baş verənlərdən köklü fərqlənir. Tunisdə sosial problemlər və işsizlik, Misirdə və Yəməndə yoxsulluq, Bəhreyndə ifrat istismar fonunda başlayan xalq hərəkatları ilə Liviyada baş verənlər arasında Ssilla və Xaribda məsafəsi var. “Qiyamı yatırmağın ən yaxşı üsulu onu idarə etməkdir” prinsipinə sadiq qalan Qərb bu cür də etdi: Misirdə diktatura xunta ilə əvəzləndi, Tunisdə personajların yerdəyişməsi sonunda heç nəyi dəyişmədi, Bəhreyndə nəyinsə dəyişməsi Qərbə ümumiyyətlə gərək olmadığından orada tökülən qanlar və dirəniş də neoimperialistlər üçün maraqsızdır, Yəmən isə tədricən islamçıların menyüsünə verilir. Ancaq Liviya tam fərqli misaldır.
Başlayaq sosial-iqtisadi durumdan. Hər il hər bir Liviya ailəsi dövlətdən 1000 dollar dotasiya alır. İşsizliyə görə müavinət 750 dollardır. Tibb bacısının maaşı – 800 dollar (İndi aydındırmı ki, Liviyada işləməyə nəinki Şərq və Şərqi Avropa, həm də Qərbi Avropadan həkimlər yollanır?!). Səhiyyə pulsuzdur. Körpə doğulanda ailəyə 7000 dollar pul verilir. Hər bir yeni ailəyə dövlətdən mənzil üçün 64 min dollar faizsiz kredit ayrılır. Bu məbləğə isə sahəsi 150 kv.metr olan mənzil almaq mümkündür. Liviyada elektrik pulsuzdur. Evlər ucuzdur, çünki, Liviyada rieltor xidməti qadağandır (Əlbəttə, rieltorlar işə qarışsa, mənzillərin qiyməti də kəllə-çarxa çıxardı).
Sonra. Liviyada təhsil pulsuzdur. Yollar əladır. Benzinin 1 litri 10 sentdir. Avtomobil alarkən qiymətin 50 faizini dövlət kompensə edir. Odur ki, hər evdə ən azı 2 avto var. Ölkədə adambaşına illik gəlir 15000 dollardır. Bu isə hətta Avropa İttifaqına qəbul olunmuş Baltikyanı dövlətlərdəki rəqəmdən daha yüksəkdir.
Liviya əcnəbi işçilər üçün də cənnətdir. Bura Səudiyyə Ərəbistanı deyil – işçi özünü qul, kölə kimi yox, əsl ağ adam kimi hiss edir. Müharibənin başlandığı günlərdə Qərb təbliğatı 200 min liviyalının ölkədən qaçdığını yayırdı. Halbuki, bu qaçqınlar heç də liviyalı deyildi. Onlar əcnəbi işçilər idi. Və bundan sonra onlar ailələrini dolandırmaq üçün bəxtləri gətirsə Səudiyyə və BƏƏ-yə, könüllü köləliyə yollanmalıdırlar.
Bu, sosializmdirmi? Xeyr. Çünki, 2004-cü ildə Qəddafi “ərəb sosializmi”ndən imtina edib “Xalq kapitalizmi”ni elan etdi (Bu da absurddu – Xalq kapitalizmi olmur). 6 ildir ölkədə qismən özəlləşmə gedir. Turizm və neft emalı sahələri özəlləşdirilir (Neft hasilatı isə hələ də dövlətin əlindədir. Buna da şükür). Və bütün bunlara Qəddafi yalnız ona görə gedib ki, Qərblə münasibətləri düzəltsin, Dünya Ticarət Təşkilatına üzv olsun. Halbuki məqsəd qətiyyən vasitəyə haqq qazandırmır.
Yaxşı, bəs hər şey bu cür yaxşıdırsa, onda narazılar haradan peyda oldular? Bu haqda sabah…

üsyançılar Qəzzafi tərəfdarını hədələyir

üsyançılar Qəzzafi tərəfdarını hədələyir

Qəddafiyə qarşı olanlar Liviyanın şərqindəki qəbilələrdir. Və bunun da tarixi kökləri var. İcma separatizmi Liviya üçün yeni deyil. O, Qəddafinin başı üstündə hakimiyyətə gəldiyi uzaq 1969-cu ildən bəridir Damokl qılıncı kimi asılıb.
Mən Qəddafini mələk qiyafəsində təsvir etməkdən uzağam. O, gəncliyinin və İnqilabın ideallarını illərlə əvvəl unutmuş birisidir. Ölkəni davamlı templərlə neoliberalizmə aparır. Artıq 2010-cu ildə Liviya iqtisadiyyatının 50 faizi özəlləşməliydi. Bu siyasət onu Berluskoni, Sarkozi kimi fiqurlara yaxınlaşdırıb, az qala dost etmişdi. Ancaq sonunda hər şey dəyişdi.
Özəlləşdirmə Qəddafi ailəsinə çoxlu pullar gətirdi. Ancaq klassik anlamda Qəddafi qətiyyən acgöz və qanlı diktator deyil. Onu Fransanın keçmiş dostları Bokassa və İdi Əminlə müqayisə etmək ağıllara da gəlmir. Fərq göz deşir. Üstəlik, neft gəlirlərinin lap qeyri-bərabər bölüşdürülməsi də göstərdi ki, iqtisadi cəhətdən varlı cəmiyyət formalaşdırmaq olar. Necə ki, Liviyada rifah vəziyyətinin yüksək olduğu və neft rentasından hər kəsin pay aldığı faktdır.
Göründüyü kimi, Liviyadakı iç konfliktin səbəbi nə yoxsulluq, aclıq və işsizlikdir, nə də siyasi repressiyalar. Bu konfliktin kökü tarixin dərinliyinə aparıb çıxarır.
Liviya feodalizm görməyib. Orada heç klassik anlamda quldarlıq da olmayıb. Orada icma demokratiyası olub və qalmaqdadır. Hakimiyyətə gələn Qəddafinin proletar sinfi formalaşdırmaq cəhdləri uğursuz oldu. Çünki, fəhlə sinfinin yaranışı üçün istismar olmalıdır – Liviyada isə istismar olmayıb. Hələ kral İdrisin vaxtından rəsmi hakimiyyət iri şəhərlərdən kənara yayılmayıb. Kənarlarda hər şeyi icmalar həll edirdi.
Fəhlə sinfini formalaşdırmaq üçün sürətli sənayeləşdirmə siyasəti aparan Qəddafi burada da uğur qazanmadı. Ənənəvi sosial quruluş tarixə gömülmədi. İcma başçılarının sosial statusu yüksək olaraq qaldı. Sadəcə, bu status iqtisadi hakimiyyətə çevrilə bilmirdi. Bu da ki, narazılıq mənbəyidir.
Üstəlik, hər hansı həmkarlar təşkilatı formalaşdırmaq ideyası da uğur qazana bilməzdi. Çünki, bu təşkilatlar istər-istəməz icma mənsubiyyəti üzərində qurulacaqdı.
Bir sözlə, köhnəlmiş icma demokratiyası yenisi ilə əvəzlənməliydi. Əvəzlənmirdi. Hirslənən Qəddafi bütün rəsmi vəzifələrdən istefa verib birbaşa demokratiya tətbiq etdi. Yəni, bütün məsələlər icmalarda müzakirə olunur, nəticələrə gəlinir, təkliflər Tripoliyə göndərilir. Ancaq bu vaxt da sosial statusu bir-birindən fərqlənən icmalar bi-birinə qarşı çıxdılar. Deyək ki, güclü və böyük icmanın təklifini xırda və zəif icma baykot edir, bu da narazılıq yaradırdı. Yəni, birbaşa demokratiya da alınmadı. Qəbilələr sosial tərəqqiyə qarşı çıxdılar. İç problemi böyüdən faktor isə neoliberal reseptləri icra etməklə Qərbə tərəf dreyf edən Qəddafinin özəlləşdimə əməliyyatlarından gələn çoxlu pulların bölüşdürülməsi oldu. Kimlərsə razı, kimlərsə narazı qaldı.
İkinci faktor da var. Onu hələ Sergey Kara-Murza 15 il əvvəl özünün “Sovet sivilizasiyası” kitabında Kuba timsalında təsvir edib. İnqilabdan 40 il keçib, 2 nəsil dəyişib. İndi böyüyən nəslin aclıq, işsizlik, çarəsizlik, tibbi xidmətin yoxluğu kimi anlamlardan xəbəri yoxdur. 40 il əvvəlki nəsil savadsız, təhsilsiz, ac və dərmansız idi. İndiki nəsil isə bunların hamısını doğulandan alır və elə bilir ki, həmişə bu cür olub. Kubadakı gənclər gözlərini ABŞ-a dikərək elə bilirlər ki, yankilər gələcək, ancaq İnqilabın bütün sosial nailiyyətləri də qalacaq, sadəcə onların üzərinə qışqıran reklama, bəzəkli mallar, gur musiqi və “istehlak cəmiyyəti”nin digər atributları əlavə olunacaq. Elə bu cür də 1980-larda Sovet xalqı düşünürdü. Sonu məlumdur.
İndi bu sindromu Liviyada görürük. Oradakı gənclik ağlına da gətirmir ki, bütün sosial nailiyyətlər illərin məhsuludur, babaları onlardan məhrum olublar, tərəqqi onillərdir sanksiyalara məruz qalan bir ölkədə heç də asan başa gəlməyib, bu nailiyyətləri qazanmaq çətindir, itirmək üçün isə Qərbin Liviyaya gəlməsi yetərli olacaq.
Əlbəttə, Qəddafinin “göz deşməsi” faktoru da var. O, 42 ildir liderdir və nəsillər dəyişir, o isə yerindən tərpənmir. Bunun da psixoloji nüansları var. Yeni nəsil hər şeyin yenisini istəyir.

Ancaq… Bu, hamıyamı aiddir? Gedişat göstərir ki, Qərbdə Qəddafiyə sadiq olan xalq bunu zor gücünə etmir, sevgisində səmimidir (Qərbə isə məhz bunu gözləmirdilər!). Elə bu da etirazçıların sosial və ideoloji tərkibini araşdırmaq zərurəti yaradır.
Liviyadakı narazılıqları dünyanın 4 yanında mütəmadi görmək olar. 2 aydır ABŞ-ın Viskonsin ştatında on minlərlə işçi hakimiyyətə qarşı dirəniş verir – bunu çoxmu adam bilir? Yox, mətbuat yazmır, məsələni nəinki şişirtmirlər, əksinə, iqnora qoyurlar.
Yaxud Texasda separatçılar ştatın ABŞ-dan ayrılması uğrunda mübarizələrini yanvardan bəri gücləndirib. Bunu harada yazırlar? – Heç yerdə. Niyə Avropa liderləri ABŞ-da Texas xalqının Vaşinqtona qarşı azadlıq mücadiləsini müdafiə etmək üçün səy göstərmir? Gülməli səslənir.
Londonda martın 25-də 500 min insan küçələrə çıxıb hakimiyyətə “Yox” dedi. Nə olsun? Bunu nə NATO, nə BMT müzakirəyə çıxardı. Ancaq Liviya… Liviyada qarışqadan fil düzəltdilər. Çünki, bu, Qərbin istəyinə maksimum uyğun gəlirdi.
40 gün keçib, hələ də Benqazidəki “üsyançılar”ın kimliyi, proqramı, məramı, liderləri, silahı haradan tapdıqları və sonunda nə istədikləri bəlli deyil. Əvəzində isə ifrat şayiələr qurub onları son instansiyada həqiqət kimi beyinlərə pərçimləməyə çalışan (nail də olan) Qərb təbliğatı var gücü ilə işləyir. Bu ritorikada Qəddafini müdafiə edənləri bir qayda olaraq “Qəddafiyə loyal şəxslər” adlandırırlar, yəni daha Qərbin leksikonunda “Liviya xalqı” termini yoxdur. Var “loyallar” və onlara qarşı çıxan “üsyançılar”.
İndi də keçək hadisələrin təqdimat texnologiyalarına…

Misir və Tunisdə hakimiyyət dəyişikliyi üçün silahsız etrazçıların dirənişi yetərli oldu. Liviyada bu variant keçərli deyildi – narazıları silahlandırmaq lazımdı. İzah bu cürdür: Mübarək və Əbu-Əliyə Qərbin “Get” əmri bəs edirdi ki, onlar getsin. Və bu yola personajlar getdi, Sistem isə saxlanıldı. Liviyada isə Qəddafinin getməsi Sistemin dəyişməsi deməkdir. Həm də inkişaf etmiş ölkənin periferiya kapitalizminə, Qərbin xammal bazasına çevrilməsi deməkdir. Yəni, geriyə gediş.
Oxşar hadisələr 1980-lərin sonunda Sosialist düşərgəsində yaşandı. Qorbi, ardınca Jivkov, Yaruzelski, Kadar mövqeləri təslim etdi. Şərqi Almaniya da dirənişsiz təslim oldu. Yeganə istisnalar Yuqoslaviya və Rumıniya idi. Oralarda qan tökdürüldü. Sosialist düşərgəsinin insanları təkamülün tərsinə çevrilməsini, inkişaf etmiş ölkələrinin inkişaf etməkdə olan yarım-müstəmləkələrə çevrilməsini “Ura!” qışqırıqları və sevinc ekstazları ilə qarşıladılar.
Rumıniyada Çauşeskunu devirmək üçün Qərb ən murdar texnologiyanı işə saldı. Meyitxanalardan toplanıb telekameralar önünə sərilən qalaq-qalaq meyitlər Çauşeskunun güllələtdiyi insanlar kimi təqdim olundu. Kadrlarda aydınca bilinirdi: cəsədlərdə güllənin yaratdığı dağıntılar yoxdur, bu binəsiblər öz əcəlləri ilə ölmüş xəstələrdir, bir çoxu təşrih də edilib. Ancaq yox – göz gördüyünə deyil, eşitdiyinə inanırdı. Buna “Timişoara effekti” deyirlər. O hadisələrdən sonra Gi Debor baş verənləri “Tamaşa cəmiyyəti” adlandırdı. Məhkəməsiz edam edilən iki qocanın – Çauşesku cütlüyünün tələm-tələsik tualet divarına söykədilib güllələnməsini isə bəşəriyyət normal qəbul etdi.
Liviyada hadisələr Rumıniya ssenarisinə tam bənzər başladı və davam edir. “Müharibə tamaşaları”, şou xislətli fotokadrlar, yalançı və həyasız təbliğat – hamısı Qəddafinin etdiklərini yox, etmədiklərini reallıq kimi təsvir etməyə yönəlmişdi. Ancaq Liviyada Rumıniya variantı keçmədi. Niyə?
Sadə səbəbdən – Qəddafiyə sədaqət. İsterik dumanda Çauşeskudan üz döndərdilər. Liviyada bu, baş vermədi. Qərb isə məhz bunu gözləmirdi. Qərbin ssenarisinə görə, Şərqdə silah paylanan kimi hamı Qəddafidən üz çevirəcəkdi. Çevirmədilər.
Həqiqət anı o vaxt yetişdi ki, Qəddafi cəbbəxanaları açdırıb “Kim istəyirsə, gəlib silah götürsün” dedi. Bu, kulminasiya anı idi. Əvvəla, xalqına güvənməyən şəxs heç vaxt bu hərəkətə getməzdi. İstənilən diktator xalqın nifrətinə sahibdirsə, ən çox məhz silahlı adamdan qorxur. O vaxt runetin Sol forumlarında bu faktı çox analiz etdik. Dilemma sadə idi: Qəddafi silah ambarlarını açsa, deməli, xalq onun tərəfinədir.
İkincisi, doğrudan da insanlar gəlib silahları götürdü və döyüşə yollandı. Yəni, silahlanıb aradan çıxmadılar. Bu silahlanma faktı Qərbin Qəddafi Liviyası ilə bağlı nə qədər səhv fikirdə olduğunu təsdiqlədi.
Liviyanın bombardmanının və müxalif tayfaların silahlandırılmasının tipik neokolonial işğal olduğuna əsas təsdiq isə elə bu işğalın iştirakçılarının kimlərdən ibarət olmasındadır.
Sarkozini Qəddafinin oğlu Saif martın 20-də “Evronyus”a müsahibəsində “kloun” adlandırdı: “Qoy bu kloun ilk əvvəl bizim onun seçki kampaniyasına xərclədiyimiz pulları qaytarsın”. Sarkozi isə hələ ki, Qəddafidən milyonlar aldığını təkzib etməyib (Yeri gəlmişkən, elə bu Sarkozi Tunis hadisələrində son ana qədər diktator Əbu Əlini müdafiə edirdi).
Fransanın Liviya ilə bağlı problemi neft və qazla bağlıdır. Qəddafi neft-qaz müqavilələrini təftiş edir, gəlirin 50 yox, 80 faizini ölkədə saxlamaq istəyir.
İngilislərin Şimal dənizində nefti tükənməkdədir, qaza ehtiyacları isə daha böyükdür. Onları Liviyaya aparan əsas səbəb də budur. Unutmayaq ki, Liviyaya qarşı sanksiyalar 3 il əvvəl məhz Böyük Britaniya hökumətinin təkidi ilə ləğv etmişdilər.
Bu gün də Qəddafi ilə əl tutuşduğu portretləri Tripolini “bəzəyən” Berluskoninin də problemi neft-qazdır. ABŞ isə daha çox səbəblərdən çəkinməlidir: Qəddafi illərdir ki, dollara qarşı vahid Afrika valyutası ideyasını təbliğ edir. Liviyanın qızıl ehtiyatı min tonlarla ölçülür. Sadəcə kağız parçası olan, qızılla möhkəmlənməyən dolların hegemonluğuna son qoymaq – ABŞ-a son qoymağın eynidir.
Ancaq bu da hamısı deyil. Yaxın Şərqdən ta Çinin cənubuna qədər qeyri-stabillik zolağı yaratmaq – budur son məqsəd. Bir yandan, bütün burada yerləşən ölkələrin xalqları birdəfəlik “xammal müstəmləkəsi”nə çevrilir ki, bunu da oralarda xaos yaratmaqla təşkil etmək daha asandır (Naomi Klyaynın “Şok doktrinası”nı yada salaq). İkincisi, bu yolla Rusiya və Çin daima təhlükə hədəfində olacaq (Xüsusən də Çin. ABŞ çinlilərə astronomik məbləğ borcludur. İndi olmasa da, 10-15 ildən Pekin borclarını geri istəyəcək).
Və ən paradoksalı – bu strategiyada ABŞ-ın əsas müttəfiqi “Əl-Qaida”dır. Qəddafi Liviya hadisələrində islmçıların rolundan danışanda heç də sayıqlamır. ABŞ və “Əl-Qaida” hazırda müttəfiqdir (Daha bir təsdiq: Bəhreyndəki hadisələrə ABŞ-ın biganəliyi).
Ərəb dünyasındakı çıxışların əsas informasiya ruporu, nə qəribə ki, “Əl-Cəzirə”dir. Bu telekanal Liviya barəsində olmazın yalanları real faktlar kimi sırıdığı halda, Bəhreynlə bağlı susur.
Digər fakt: Ötən il BBS-də kadr ixtisarları getdi. Üstündən 1 il ötəndən sonra həmin qovulmuş jurnalistlərin hamısının “Əl-Cəzirə”də çalışdığı üzə çıxır. Əvvəldən qurulmuş bir oyun.
Hansı nəticələr çıxır? Qəddafi hakimiyyəti ideal sayılmaqdan uzaqdır. Son illər o, təslimçiliyə gedərək Qərblə “dostlaşmağa” nə qədər enerji sərf etmişdi. Ancaq məsələ bunda deyil. Məsələ ondadır ki, Liviya neoliberal müstəmləkəçilərin növbəti şikarı cildindədir. Və sabahkı Liviya bu günkü İraq və Əfqanıstan olacaq (Əgər Qəddafi uduzsa).
Bir dəfə Uqo Çaves demişdi: “Əgər eşitsəniz ki, Marsda həyat olub, sonra ora kapitalistlər gediblər, anlayacaqsız ki, niyə indi orada həyat yoxdur”. Neoliberalların təyyarələrinin qanadlarında yalnız xalqlara dərd, aclıq və hüquqsuzluq gələ bilər. Fidel NATO-nu indiki bombardmanlara görə “faşist bandası” adlandıranda həqiqətdən uzaq düşmür.
“Üçüncü dünya” ölkələri baş verənlərdən nəticə çıxarmalıdır: Qərb onlara demokratiya gətirmir, onların hakimləri (prezident, diktator və s. və i.) isə Qərb üçün sadəcə alqı-satqı obyektləri, müvəqqəti müttəfiqlərdir. İstənilən vaxt istədiklərini almayanda Qərb arxa çevirəcək. Harada ki, transmilli korporasiyalar var, onların ardınca bombardmançı təyyarələr də gələcək, BMT isə buna xeyir-dua verəcək.
“Üçüncü dünya” rəhbərləri Qərbə güvənməkdə bağışlanmaz səhv edir. Əgər xalq bu rəhbəri istəmirsə, rəhbər isə Qərbə daha lazım deyilsə, o, aşırılacaq. Ancaq bundan udan da Qərbə bel bağlayan xalq yox, Qərb olacaq. Deməli, xalqın diktatora qarşı mübarizəsi də Qərbsiz aparılmalıdır (Bu cümlənin Liviyaya yox, bizə aidiyyatı var).
Qəddafinin əsas səhvi isə son illərdə Qərbə etdiyi təslimçi güzəştlərdə idi…

Məmməd Süleymanov

Oxşar yazılar:

Baxış sayı:12451