abunə ol: Yazılar | Şərhlər | Еmail

İraq işğalı qurtardı?

Şərh

8 il əvvəl bu günlərdə İraq torpaqlarına girən ABŞ yeddi ay əvvəl ölkədən çıxdığını dilə gətirmiş olsa da işğal hələ də davam edir.İraq xalqı 7 ildir ki, davam edən işğaldan hələ ayılmayıb. Ancaq ABŞ, İraqdan çəkildiyini söyləsə də, bölgəyə müdaxilə etməyi davam etdirir.

İşğal əvvəli vəziyyət

İraqın Küveyti işğalını fürsət bilən ABŞ 1990-da Körfəz müharibəsini başlatmışdı. Müharibədə İraq təxminən 200 min itki vermişdi. ABŞ-ın itkisi isə cəmi 350 əsgər olmuşdu. ABŞ bölgədə suveren güc olmağı bacarmış, İraqı çətin bir embarqo sınağı ilə qarşı-qarşıya buraxmışdı. 2003-cü ildəki işğala qədər davam edən embarqo dövründə İraq xalqı özünü qida ilə təmin etməkdə olduqca çətinlik çəkmişdi, həyat standartları inkişaf etməkdə olan ölkələrlə müqayisə edilə bilməyəcək qədər düşmüşdü. Uşaq və körpə ölüm nisbətlərin faizlərinin yüksəldiyi bu 12 illik dövrdə milyon yarım insan həyatını itirmişdi.

Bir çox ölkə əsgər göndərdi

İraq, kütləvi qırğın silahlarına sahib olduğu və 11 Sentyabr sonrası terrora dəstək verdiyi bəhanələriylə 20 Mart 2003-də ABŞ və koalisiya birlikləri tərəfindən işğal edildi. Amerika 160 min, İngiltərə 45 min və Avstraliya 2 min əsgər ilə İraq torpaqlarına girdi. İraq işğalı boyunca başda İngiltərə olmaq üzrə fərqli qitələrdən 40-dan çox ölkə ABŞ-a silah, təyyarə, döyüş gəmisi və sürsat dəstəyi göstərmişdi. “İraqın azad edilməsi” adı altında gedən hərbi əməliyyatlar üçün ABŞ, İtaliya, Danimarka, Fransa, İspaniya, Polşa kimi qırx ölkə bölgəyə əsgər göndərdi.

Ölüm, işgəncə, təcavüz

İraqda təhsil, sağlamlıq, təhlükəsizlik, nəqliyyat kimi təməl xidmətlərin tamamilə yox edildiyi işğal illəri aclıq, yoxsulluq və ölüm gətirdi.

İraq işğalı başlayandan bəri təxminən 1.500.000 insan öldürülərkən, ABŞ mənbələri bu rəqəmi 100 min olaraq açıqlayırdı. İraqda əhalinin 40 faizi, müharibənin başladığı gündən bu yana ailələrindən ən az bir adamı itirib. İraqlı vətənpərvərlərin aylarla davam edən müqaviməti ilə ABŞ-ın itkisi də 4 mini keçdi.

İnsanlıq tarixinin ən vəhşi işgəncələrinə səhnə olan İraqda öldürülən müqavimətçilərin demək olar ki hamısına müxtəlif yollarla işgəncə edilmişdi. Məhbus olan iraqlılar sistematik olaraq işgəncələrə məruz qalırdılar. 2004 və 2006-cı illərdə bu işgəncələrə aid görüntülər mətbuata sızdı, ancaq insan haqları təşkilatlarının böyük reaksiyasına səbəb olan bu işgəncələrdən məsul əsgərlər cəzalandırılmadı.

Müharibə sonrasında ölkələrinə qayıdan ABŞ əsgərlərinin yarısının psixoloji müalicə görməyə başlaması və 300-dən çox əsgərin intihar etməsi də minlərlə adama müxtəlif üsullarla işgəncə və təcavüz edən əsgərlərin vəziyyətlərini ortaya qoydu.

Və işğaldan sonra

ABŞ 19 Avqust 2010-da son qüvvələrini də çəkərək ölkəni tərk etdiyini elan etdi. Ardında viran şəhərlər və minlərlə ölü buraxan işğaldan sonra İraqda heç bir şey əvvəlki kimi deyil.

Türk Həkimləri Cəmiyyətinin hesabatlarına görə, uşaqların ölüm nisbətinin hələ 5 faizin üzərində olduğu İraqda xəstəxanaların təxminən 10 faizi yararsız vəziyyətdədir. Beş yaşdan aşağı hər dörd uşaqdan biri normal bəslənə bilmir, hər dörd adamdan biri təmiz su içə bilmir.

1977-ci ildə xalqın 78 faizinin savadlı olduğu İraqda indi əhalinin təxminən yarısı oxuma yazma bilir. Məktəblərin 7 faizi yararsız vəziyyətdədir.

İşsizlik nisbətinin 20 faizin üzərində olduğu İraqda hər üç gəncdən biri işsizdir. Neft istehsalının sürətlə zəifləməsindən sonra 7 milyon insan aclıq səviyyəsindədir. Bu insanların gündəlik gəliri orta hesabla 2 dollardır.

İraqda təxminən 1 milyon adam hələ mühacir düşərgələrində yaşayır. İşğaldan sonra 1 milyon insan evsiz vəziyyətdədir və 3 milyona yaxın insan məcburi köçkündür.

ABŞ-ın “Demokratiya və Azadlıq” gətirdiyi İraqda, 2010-cu ilin ilk 5 ayında 62 adama edam cəzası verildi.

ABŞ hələ də İraqdadır

19 Avqust 2010-da İraqdan tamamilə çəkildiyini deyən ABŞ-ın ölkədə hələ təxminən 50 min əsgəri var. ABŞ İraq dövlətindən icazə almadan istədiyi bölgədə əməliyyat etmə səlahiyyətini də əlində tutur.

İraqda ABŞ-lı kapitalistlərə aid təxminən 9 min şirkət var və bu şirkətlər bazarda böyük paya sahibdir. Amerika şirkəti Blackwater’ə aid 7 min sayda muzdlu əsgər də İraqdadır.

ABŞ-ın İraqda 100-dən çox yaşayış məntəqəsi var. ABŞ əsgərləri də məntəqələrdə yaşayır. Məntəqələr şəhər mərkəzlərindən başqa şəhərə uzaq çöl sahələrində də var və ölkənin dörd bir tərəfini idarə altına almış vəziyyətdədir. Bundan başqa paytaxt Bağdadda da 8 ABŞ yaşayış məntəqəsi var.

Bəsrə Körfəzindəki neft yataqlarının böyük qisminin yerləşdiyi Üm Kars Limanında olan Camp Bucca əsgəri məntəqəsi ABŞ-ın İraq neftini idarə etməsi baxımından əhəmiyyətlidir.

Wikileaks sənədləri işğala bəraət qazandırmağa çalışmışdı.

Wikileaks’in Oktyabr ayında açıqladığı İraq ilə əlaqədar 400 min sənəddə İraq işğalını “haqlı” çıxaracaq ifadələr yer almışdı. Mətbuatda geniş yer əldə edən bu sənədlərin sızdırılması işğalı qanuni etmək məqsədini də daşıyırdı.

ABŞ-ın İraqda insanlara işgəncə etmədiyi göstərilən sənədlərdə İraqdakı cəmi vətəndaş ölümü sayı da 66 min olaraq göstərilmişdi. Halbuki, köhnə əsgərlərdən Jason Washburn ABŞ əsgərlərinin öldürdüyü çox sayda vətəndaşa mücahid damğası vurduğunu etiraf etmişdi.

Sənədlər, Səddamın kütləvi qırğın silahlarına sahib olduğunu da irəli sürmüşdü. Halbuki, amerikalı yüksək çinli məmurları İraqda kimyəvi silahın olmadığını etiraf etmişdilər. İngiltərənin keçmiş Baş naziri Tony Bleyr belə, işğalı qanuniləşdirmək üçün kütləvi qırğın silahı iddiasını uydurduqlarını bilvasitə olaraq qəbul etmişdi.

20.03.2010

Hazırladı: Araz Önər

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10451