abunə ol: Yazılar | Şərhlər | Еmail

Mayk Paleçek – “Kapitalizm Elmə qarşı”

Şərh

Biz müntəzəm olaraq kapitalizmin innovasiyaları, texnologiya və elmi tərəqqini irəli götürdüyünə dair miflərlə bombardman edilirik. Bizə deyilir ki, rəqabət mənfəət motivi ilə birlikdə, elmi yeni üfüqlərə doğru irəlilədir və böyük korporasiyalarda yeni dərmanlar, preparatlar və müalicə üsulları ixtira etmək təşəbbüsü yaradır. Bizə deyilir ki, azad bazar bəşəri tərəqqinin ən böyük motivatorudur. Amma əslində, doğru olan bunun tam əksidir. Patentlər, mənfəət və istehsal vasitələri üzərində xüsusi mülkiyyət müasir tarixdə elmə məlum olan ən böyük maneələrdir. Kapitalizm bəşəri tərəqqinin hər bir aspektini  öz əlində saxlayır və elm və texnologiya da istisna təşkil etmir.

 

Xüsusi mülkiyyətin baryer kimi ən müasir və dəhşətli nümunəsi Ida fosilində tapıla bilər. Darwinius masillae son zamanlarda “kəşf edilmiş” 47 milyon illik lemurdur. Təkamüllə maraqlanan hamı ali primatlarla ilkin məməliləri birləşdirən aralıq növlərin kəşfi ilə ruhlanmışdı. Ida irəliyə baxan gözlərə, qısa bədən üzvlərinə və hətta digər barmaqlarına qarşı qoyula bilən baş barmaqlara malikdir. Daha nəzərə çarpan odur ki, qorunub saxlana bildiyi şərait heyrətləndiricidir. Onun xəz örtüyünün konturları aydın şəkildə görünür və alimlər onun mədəsində olanları təhlil etməyə müfəvvəq olmuşlar, müəyyən edilmişdir ki, onun son yeməyi meyvə, toxumlardan və yarpaqlardan ibarət olmuşdur. Həvəskarlar landmark fosilə nəzər salmaq üçün Nyu York Təbiət Tarixi muzeyinə axışırlar.

Darwinius masillae holotip fosilinin əsas təbəqəsi. Foto: Jens L. Franzen, Philip D. Gingerich, Jörg Habersetzer1, Jørn H. Hurum, Wighart von Koenigswald, B. Holly Smith.

Beləliklə, Ida-nın kapitalizmlə nə əlaqəsi var? Belə ki, o əslində 1983-cü ildən yerdən çıxarılmışdır və şəxsi kolleksiyada indiyə qədər saxlanmışdır. Kolleksiya sahibi fosilin əhəmiyyətini anlamırdı (bu təəccüblü deyil, axı o paleontoloq deyil) və o, 25 il sadəcə olaraq toz yığırdı.

Fosillərin geniş beynəlxalq bazarı var. Kapitalizm bütün bəşəriyyətə mənsub olan bu xəzinələri sıradan əmtəələr səviyyəsinə endirib. Şəxsi olaraq saxlanılan fosillər müntəzəm olaraq muzeylərə icarəyə verilir ki, onlar tədqiq və va nümayiş etdirilsinlər. Şəxsi fosil kolleksiyaları ciddi şəkildə öyrənilmək əvəzinə öz sahiblərinə pul qazandırmaq üçün dünya turlarında nümayiş etdirilirlər. Və saysız-hesabsız nadir nümunələr investisiya kompaniyalarının anbarlarında və ya kolleksiya sahiblərinin qonaq otaqlarında qalaraq söhbət mövzusu olmaqdan başqa heç nəyə yaramırlar. Hansısa milyonerin ofisində qalıb kəşf edilməyi gözləyən nə qədər əhəmiyyətli fosillərin olmasını bilmək vacibdir.

Tibbi tədqiqat

Dərman sənayesinin qiymət fırıldaqları və bu dərmanları ala bilməyənlərə xidmət göstərməkdən imtina etməsi məlumdur. QİÇS pandemiyası ilə mübarizə aparmaq üçün gərəkli dərmanların defisiti, xüsusilə Afrikada, kapitalizmin bu dərmanları ehtiyacı olanlara paylamaq qabiliyyətinin olmamasını sübut etmək üçün kifayətdir. Bəs yeni dərmanların hazırlanmasında mənfəət motivi nə kimi rol oynayır? İri farmasevt şirkətlər öz sənayelərinin tədqiqat və inkişafında  eyni dərəcədə dəhşətli məlumatlara malikdirlər.

QİÇS xəstələri sağ qalmaq üçün hər il dərmanlar üçün on minlərlə dollar xərcləyə bilərlər. 2003-cü ildə Fuzeon adlı yeni dərman təqdim olunanda, xəstələrə ildə 20 000$-dan çox ödəmə hesabı ilə zərbə vura biləcək qiymətlərə qarşı etiraz var idi. Roche şirkətinin sədri və icraedici direktoru Franz Hummer qiymətləri əsaslandırmağa çalışdı: “Biz öz innovasiyalarımız əsasında müəyyən mənfəət normasına nail olmalıyıq. Bu, böyük sağ qalma terapiyasıdır… Mən innovasiyaların davam etməsini istəməyən bir cəmiyyət təsəvvür edə bilmirəm.”

Amma cənab Hummerin haqqında danışdığı innovasiya yalnız işin bir tərəfidir. Dərman şirkətlərinin motivasiyası mərhəmət deyil; onların motivasiyası puldur. Dərman şirkətinə görə, QİÇS-ə yoxulmuş insan xəstə deyil, müştəridir. Dərman sənayesinin maliyyə təşəbbüsü insanların təkrar-müştəri olmasına əsaslanır, nəticə etibarilə çox kiçik miqyasda tədqiqatlar çarə tapmaq üçün yerinə yetirilir. Özəl sektorlar tərəfindən gerçəkləşdirilən bir çox tədqiqatlar  anti-retrovirus dərmanların – xəstələrin ömürləri boyu qəbul etməyə davam edəcəkləri dərmanların tapılması ətrafında cəmlənib.

QİÇS vaksinası və yaxın zamanlarda isə effektiv microbisid üçün maliyyə axtarışı səyləri var. Amma, maliyyənin çoxu dövlətdən və qeyri-kommersiya qruplarından gəlir. Dərman sənayesi bu pandemiyanın aradan qaldırılması üçün tədqiqatları maliyyələşdirmir. Nə üçün etsinlər ki? Dünyada heç bir şirkət, onu öz biznesindən məhrum edəcək tədqiqatı maliyyələşdirməz.

Buna oxşar problemlər tibbi tədqiqatın digər sahələrində də baş qaldırır. Xərçəng sahəsində vədedici və ümidləndirici dərman 2007-ci ildə ixtira edilmişdir. Alberta universiteti tədqiqatçıları kəşf etmişlər ki, DCA molekulu xərçəng hüceyrələrinin mitoxondrilərini reaktivasiya edərək onların adi hüceyrələr kimi ölməsinə şərait yaradır. DCA-nın laboratoriyada xərçəngin bir çox növlərinə qarşı çox təsirli ola biləcəyi tapıldı və xərçəngin real əlacı kimi vədedicidir. DCA onilliklər boyu mitoxondri pozuntuları olan insanların müalicəsində istifadə edilirdi. Onun insan bədəninə təsiri kifayət qədər məlumdur ki, bu inkişaf prosesini daha sadələşdirər.

Amma DCA-nın klinik sınaqları maliyyə məsələlərinə görə ləngidi. DCA patentləşdirilməyib və patenləşdirilə bilən deyil. Dərman şirkətləri bu dərmanın kütləvi istehsalından nəhəng gəlirlər əldə edə bilməyəcəklər, ona görə də bu işdə maraqlı deyillər. Tədqiqatçılar bu əhəmiyyətli işi maliyyələşdirmək üçün pul tapmağa məcbur olmuşlar. Son sınaqlar, kiçik miqyasda indi aparılır və ilkin nəticələr ümidvericidir. Amma bu elmi sıçrayışdan 2 il keçmişdir və ciddi tədqiqat hələ indi gerçəkləşdirilir. Alberta unversitetinin tibb fakültəsi dövlət və qeyri-dövlət təşkilatlarından pul istəməyə məcbur olmuşdur. İndiki zamana qədər onlar heç bir qeyri-kommersiya tibb təşkilatından bir sent də ala bilməyiblər.

Potensial olaraq patentləşdirilməyən dərmanların tədqiqatının azlığı DCA ilə bitmir. Alternativ təbii müalicə vasitələri adlandırılan dərmanların böyük sənayesi mövcuddur. Bu müəllif daxil olmaqla, bir çox insan alternativ təbabəti dəstəkləyənlər tərəfindən deyilən fikirlərə skeptik yanaşırlar. Richard Dawkins dərhal ona işarət edir ki: “Əgər müalicə texnikası “double blind” (ikiqat kor) sınaqları ilə nəzarət olunan müalicəvi xüsusiyyətlərin olmasını nümayiş etdirirsə, o alternative olur. O sadəcə olaraq təbabət olur”.  Amma bu ağ–qara baxış kapitalizm tərəfindən elmə qoyulan məhdudiyyətləri əks etdirmir. Patentləşdirilməyən alternativ dərmanların təsdiqlənməsi üçün lazım olan testləri maliyyələşdirməkdən imtina iki zədələyici təsirə malikdir. Birincisi, biz potensial olaraq təsirli olan dərmanlar haqqında qaranlıq təsəvvürə malik oluruq. İkincisi, yalnız müalicəni insanlara sırıyan müasir zamanın ilan yağı satıcısı doğrundan da faydalı olan az sayda alternativ müalicə metodları sayəsində legitimlik qazanır.

Texnologiya və sənaye

İstehsal sənayesi kapitalizm və onun elementlərinin olduğu istənilən yerdə olmalıdır. Bizə deyilir ki, şirkətlər arasındakı rəqabət daha yaxşı məhsullara, daha aşağı qiymətlərə, yeni texnologiya və yeni innovasiyalara gətirib çıxarır. Amma yenə də, daha yaxından tədqiq etdikdə biz şəxsi maraqların yolaçıcı deyil, daha çox əngəl rolunu oynadığını görürük. Patentlər və kommersiya sirləri yeni texnologiyaların inkişafının qarşısını alır. Neft sənayesi, sadəcə yeni məhsulun bazara çıxarılmaması üçün patentlərin alınmasının uzun tarixini yazmışdır.

Rəqabət yeni məhsulların hazırlanması üçün motivator rolunu oynaya bilər. Amma artıq bizim yuxarıda gördüyümüz kimi, o həm də yeni məhsulların gün işığına çıxmasının qarşısını almağa da motivasiya edə bilər. Şirkətlər onların səyanesinə ziyan vura biləcək məhsulun işlənib hazırlanmasının tədqiqatını maliyyələşdirməməklə yanaşı, həm də bəzi hallarda başqalarının bunu etməsinin qarşısını almaq üçün qeyri adi yollardan da istifadə etməyə hazırdırlar.

2006-cı ilin “Elektrik Avtomobili kim öldürdü” sənədli filmi böyük neft şirkətlərinin, avtomobil istehsalçılarının və ABŞ Federal hökumətinin alternativ mühərrikləri istifadədən çıxarmaqda oynadığı böyük rol haqqında təfsilatlı şəkildə bəhs edir. Filmi hazırlayanlar deyirlər ki, əgər təchizat sadəliyinə görə elektrik mühərriklər istehsal olunarsa, avtomobil şirkətləri iflasa uğrayacaqlar. Avtomobil sənayesinin hissələri dəyişdirmə sahəsi məhv olacaq. Dünya elektrik mühərriklərə keçdikcə neft şirkətləri onların məhsuluna olan tələbatın dramatik şəkildə azalmasını müşahidə edəcəklər. Deyilir ki, faydalı texnologiya kimi inkişaf etdirilmək üçün çox kiçik şansa malik olan hidrogen yanacaq hüceyrələri real alternativlərdən yayınmaq üçün istifadə edilir. Filmi hazırlayanlar Amerikan hökumətini, tədqiqatları elektrik mühərriklərdən yayındıraraq hidrogen yanacaq hüceyrələri istiqamətində yönləndirməsində günahlandırırlar.

Amma ən böyük ittihamlar böyük neft şirkətləri və avtomobil istehsalçılarına qarşı yönəlmişdir. Filmdə iddia edilir ki, avtomobil şirkətlərinin özləri elektrik avtomobillər sahəsində tədqiqatlar aparırlar. Daha pisi isə, neft şirkətləri NiMH batareyalarının patentini əldə etmişlər ki, onların elektrik mühərriklərdə istifadəsinin qarşısını alsınlar. Bu batareyalar laptop kompyuterlərdə də istifadə edilirlər və bu tipli daha böyük batareyalar elektrik mühərriklərin istifadəsini real edəcək. Amma Chevron NiMH batareya texnologiyasının hər hansı lisenziyalaşdırılması və istifadəsi üzərində öz veto qüvvəsini istifadə edir. Onlar bu batareyaların tədqiqat məqsədilə satışından imtina etməkdə davam edirlər. Bəzi hibrid mühərriklər indi NiMH bareteyalarından istifadə edirlər, amma uzaq məsafədə hərəkəti inkişaf etdirərkən hələ də fosil yanacaqdan istifadə edirlər.

Patenlərin alınması yeni innovasiyaları istifadədən kənarlaşdırmağın effektiv vasitəsi ikən, kapitalist sistemin tədqiqat və tərəqqini buxovlamasının başqa yolları da vardır. Rəqabətə əsaslanan sistemin mahiyyəti əməkdaşlıq vasitəsilə tədqiqatı qeyri-mümkün edir. İstər dərman sənayesi, istərsə də avtomobil və ya başqa sənaye olsun, kapitalizm ən yaxşı mühəndisləri və alimləri rəqabət aparan korporasiyalar arasında bölüşdürür. Tədqiqatda və ya məhsulun təkmilləşdirilməsində iştirak edən hər kəs işə düzəlmə şərti kimi məxfi razılaşma imzalamağa məcbur edilir. Bu insanların yalnız birlikdə işləməsinin qarşısı alınmır, onlara hətta öz nəticələrini də müqayisə etməyə icazə verilmir!

Müqayisəli baxış elmi metodun əsas hissəsidir. Böyük nailiyyətlər  tez-tez yalnız fərdi tədqiqatçılar qrupu tərəfindən deyil, həm də çoxlu tədqiqat qrupları tərəfindən əldə edilir. Bir qrup “puzzle”ın bir hissəsini inkişaf etdirir, başqa bir qrup digər hissəsini və başqa alimlər qrupu bütün hissələri birləşdirir. Rəqabətə əsaslanan sistem bu cür əməkdaşlıq səyləri üçün necə şərait yarada bilər? Sadəcə olaraq, heç cür.

Dünya hökumətləri aydın şəkildə bunun bir problem olduğunu dərk edirlər; hər dəfə ciddi bir böhran ilə qarşılaşdıqda onlar azad bazar ideallarını pəncərədən çölə atırlar və ictimai sektora yönəlirlər. Dəfələrlə müzakirə edilmişdir ki, II Dünya müharibəsi milliləşdirmə və planlaşdırma əsasında qazanılmışdır. Böyük Britaniyada kapitalizm zəruri şəkildə məhdudlaşdırılmışdı ki, müharibə səyləri səmərəli şəkildə təşkil olunsun. Birləşmiş Ştatlarda milliləşmə belə geniş miqyasda baş verməmişdi, amma məsələ tədqiqat və tərəqqiyə gəldikdə, özəl sektorun müstəqil fəaliyyətinə etibar edilmirdi.

Nasistlərin atom bombasını təkmilləşdirməsindən qorxaraq, ABŞ hökuməti kütləvi məhv etmə silahına malik olduqlarından əmin olmaq üçün kütləvi ictimai proqramın əsasını qoydular. Manhattan layihəsi özəl sənayenin bacarmadığı yerlərdə uğur qazandı. Müəyyən məqamda 130,000 insan layihə üzərində işləyirdi. Dünyanın ən yaxşı və parlaq zəkaları kütləvi əməkdaşıqla bir araya gətirilmişdi. Onlar az müddətdə nüvə parçalanması haqqında, ilk atomun 1919-cu ildə parçalanmasından sonrakı on illiklər ərzində kəşf etdiklərindən daha çox şey öyrəndilər. Kiminsə atom bombası haqqında nə düşündüyündən asılı olmayaraq, bu, şübhəsiz olaraq 20-ci əsrin ən böyük elmi nailiyyətlərindən biri idi.

Elm, texnologiya və iqtisadi planlaşdırma

Kapitalizmin elm və texnologiyanın qarşısında əngəl yaratmasının əsas sübutu kapitalizmdən deyil, ona alternativ ideyalardan gəlir. Stalinin rəhbərliyi altında Sovet İttifaqı ideal sosialist cəmiyyətdən uzaq olsa da (bunu biz geniş şəkildə başqa yerlərdə izah etmişik), onun tarixi bizə milliləşdirilmiş planlı iqtisadiyyatın potensialı haqqında dəyərli faktlar təqdim edir. 1917-ci ildə Bolşeviklər geridə qalmış, yarı feodal, I Dünya müharibəsi nəticəsində dağıdılmış üçüncü dünya ölkəsində hakimiyyəti ələ aldılar. On illiklər ərzində o, aparıcı super gücə çevrildi. SSRİ orbitaya ilk peyk buraxan, kosmosa ilk insan göndərən və kosmosda ilk daimi məskunlaşmış məntəqə quran dövlət idi. Sovet alimləri riyaziyyat, astronomiya, nüvə fizikası, kosmos tədqiqatı və kimya sahəsində elmi inkişaf etdirmişlər. Bir çox sovet alimləri müxtəlif sahələrdə Nobel mükafatına layiq görülmüşlər. Bu uğurlar ayrılıqda heyrətləndiricidir, əgər nəzərə alınsa ki, bu dövlətdə kapitalizm məğlub edilmişdi.

Sputnik 1 Dünyanın ilk orbit süni peyki idi. 1957 – ci ildə SSRİ tərəfindən kosmosa buraxılmışdır. Hazırlanıb: Gregory R Todd.

Belə uğurlar necə mümkün idi? SSRİ bir neçə onillik ərzində necə əhalisinin 90%-nin savadsız olduğu ölkədən, adambaşına düşən alimlərin, mühəndislərin və həkimlərin sayının Dünyada digər ölkələrdən daha çox olduğu dövlətə çevrilə bildi? Milliləşdirilmiş planlı iqtisadiyyatın üstünlüyü və kapitalizmin çılğınlıqlarından uzaq olması yeganə açıqlamadır.

Bu prosesdə ilk addım elmin prioritet olması fikrinin qəbul edilməsi idi. Kapitalizmdə özəl şirkətlərin elm və texnologiyanı inkişaf etdirməsi imkanları nəyin mənfəətli olması baxışı ilə məhdudlaşdırılmışdır. Şirkətlər texnologiyanı inkişaf etdirməyi planlaşdırmırlar, onlar gəlirli bazar yaratmağı və məhsulu bazara daxil etmək üçün zəruri olanları etməyi planlaşdırırlar. Sovetlər hər şeydə elm və texnologiyanın əhəmiyyətini dərk etdilər və bunu ümumilikdə ölkənin inkişafı ilə əlaqələndirdilər. Bu geniş baxış onlara icazə verdi ki, zəruri resursları bütün tədqiqat sahələrinə xidmət etməyə imkan versin.

Onların uğurlarının digər həyati vacib komponenti təhsilin kütləvi genişləndirilməsidir. Özəl məktəblərin ləğv edilməsi və bütün təbəqələr üçün pulsuz təhsilin təmin edilməsi ilə əhalinin bütün fərdləri öz potensiallarını qarşılamağa imkan tapdılar. Vətəndaş öz təhsilini bacardığı qədər davam etdirə bilərdi. Bununla müqayisədə, hətta çox inkişaf etmiş kapitalist ölkələri bu gün də savadsızlığı tam olaraq aradan qaldıra bilmirlər, hər kəs üçün universitet təhsili şəraitini yaratması isə mümkün deyil. Kapitalizmdə nəhəng maliyyə əngəlləri tələbələr qarşısında dayanıb ki, bu əhalinin böyük hissəsinin öz potensialını gerçəkləşdirməsinin qarşısını alır. Dünya əhalisinin yarısının gündə 2 dollardan az məbləğə yaşadığı zaman, biz sadəcə bu nəticəyə gələ bilərik ki, bəşər istedadının nəhəng ehtiyatları boş yerə sərf olunur.

Sovet hökuməti, kapitalist sistemdə elm qarşısında innovasiyaları buxovlayan baryerləri dərhal məhv etdi. Patentlər, kommersiya sirləri və özəl sənaye ləğv edildi. Bu, sahələr arasında daha geniş əməkdaşlıq tədqiqatları üçün və qurumlar arasında azad informasiya axını üçün şərait yaratdı. Rasional təfəkkürü buxovlayan dini mövhumatlar geridə qalmışdı. Bir kəs üçün Buş rejimində gövdə hüceyrəsi tədqiqatı qadağasına nəzər salmaq kifayətdir ki, dini fikrin elm üzərindəki mənfi təsirini görsün.

Amma Stalinizm zamanı bütün xəbərlər yaxşı deyildi. Bürokratiya iqtisadiyyatın inkişafına əngəl törətdikcə, o həmçinin müəyyən tədqiqat sahələri üçün də əngəl törətməyə başladı. Kapitalizmin bir çox maneələri məhv edildiyi zaman, bəzi hallarda yeni maneələr o zaman ortaya çıxdı ki, tədqiqat sahələrinin istiqaməti bürokratiyanın maraqlarına və ehtiyaclarına tabe olundu. Bir çox müstəsna hallarda müəyyən tədqiqat sahələri ümumiyyətlə qadağan edildi və aparıcı alimlər həbs edilərək Sibirdəki əmək düşərgələrinə göndərildi. Ən ifrat hallardan biri isə Stalinin xromosom genetikasına qarşı qərəzi idi. Genetik tədqiqatlar ləğv edilmiş və bir sıra görkəmli alimlər, Agol, Levit və Nadson daxil olmaqla, mühakimə edilmişlər. Sovet İttifaqının ən görkəmli genetiklərindən olan Nikolay Vavilov əmək düşərgəsinə göndərilmiş və 1943-cü ildə orada vəfat etmişdir. Bu qadağa 1960-cı illərin ortalarına qədər qaldırılmamışdı. Bu cinayətlər sosializmin deyil, bürokratiyanın cinayətləridir. Demokratik planlı iqtisadiyyatda bu cür qəddarlıqlar üçün səbəb yoxdur.

Bu gün, elmlə və sosializmlə maraqlanan hər kəsin tarixdən dərs götürməsi vacibdir. Elm şəxsi maraqlar və sənaye tərəfindən buxovlanır. Təhsil və tədqiqat üçün resurs çatışmazlığı gənc çalışqan beyinlər üçün qapıları bağlayır. Dini müdaxilə elmi qəfəsdə saxlayır və əhəmiyyətli tədqiqat sahələrini qadağan elan edir. Azad bazar zəncirləri əhəmiyyətli tədqiqatların aparılmasının qarşısını alır. Özəl şirkətlər yeni texnologiyaları arxa otaqlarından kənara çıxmağa imkan vermirlər. Şəxsi kolleksiya sahibləri nadir və əhəmiyyətli növləri öz şəxsi əyləncəsi üçün saxlayırlar. Ölümcül xəstəliklər üçün potensial müalicə vasitələri, cinsi pozğunluqların müalicəsində ən son dərmanların tədqiqatı üçün kənara atılır. Bu dəlilikdir. Kapitalizm innovasiyaları irəliyə aparmır, onları hər addımda əngəlləyir.

Bəşəriyyət bu gün azlığın xeyri üçün çoxluğu kölə halına gətirən iqtisadi sistem tərəfindən buxovlanır. Bəşər inkişafının hər bir aspekti səhv şəkildə azad bazar adlandırılan sistem tərəfindən məhdudlaşdırılır. Kompyuterlər, internet və yeni texnologiyaların inkişafı ilə bəşəriyyət elmi nailiyyətlərin və çiçəklənmənin işıqlı gələcəyinin qapıları qarşısında dayanıb. Biz hər gün mövcudluğumuzun yeni aspekti haqqında daha çox şey öyrənirik. Bir zamanlar qeyri-mümkün olan indi realdır. Bir zamanlar sirr olan indi dərk olunur. Bir zamanlar pərdələnmiş olan indi göz qabağındadır. Elmi biliyin inkişafı bir gün kainatın ən kənar nöqtələrini də bizim barmaqlarımızın ucuna gətirəcək. Bizim yolumuzda duran yeganə əngəl kapitalizmdir.

(c) SOLFRONT.org

[Marxist.com yazıdan Solfront.Org üçün hazırlanıb]


(c) www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:17344