abunə ol: Yazılar | Şərhlər | Еmail

Maykl Hardt. Kommunizm və ümumi

Şərh

2008–ci ilin payızında baş vermiş maliyyə böhranı hakim olan kapitalizm və sosializmə baxışları dəyişdirdi. Yaxın vaxtlara qədər qeyri–tənzimləmənin, özəlləşdirmənin və sosial təminat strukturlarının ixtisarının neoliberal strategiyasının istənilən tənqidi – hələ kapitalın özünü bir kənara qoysaq – hakim olan kütləvi informasiya vasitələri tərəfindən çılğın bir sayıqlama kimi rədd edilirdi. Amma 2009-cu ildə “Nyusvik” öz üz qabığında yalnız qismən kinayəli bir bəyanat çap etdi: “İndi biz hamımız sosialistik”. Kapitalın hökmranlığı qəflətən həm sağdan, həm də soldan tənqidə açıq oldu və indi – ən azından müəyyən müddət üçün – sosialist və ya dövlətin iqtisadiyyata müdaxiləsinin Keyns modeli qaçılmaz hesab olunur.

Amma biz həm də bu alternativdən kənarda olanlara da nəzər salmalıyıq. Çox tez – tez elə gəlir ki, sanki yeganə seçim – kapitalizm və sosializm, xüsusi mülkiyyətin və ya ictimai mülkiyyətin hökmranlığı arasındakı seçimdir, sanki dövlət tənzimlənməsi xəstəliklərinin yeganə əlacı – özəlləşdirmə, kapital xəstəliklərinin əlacı isə – ictimailəşdirmə, yəni dövlət tənzimlənməsidir. Biz digər mümkün variantı da tədqiq etməliyik: kapitalist xüsusi mülkiyyətini deyil, sosialist ictimai mülkiyyətini deyil, kommunizmdə ümumi olanı.

Bizim siyasi lüğətimizin kommunizm, həmçinin də demokratiya və azadlıq daxil olmaqla bir çox mərkəzi anlayışları o qədər təhrif edilmişlər ki, artıq demək olar ki, istifadəyə yararsız hala gəliblər. Ümumiyyətlə desək, standart istifadədə kommunizm özünə zidd mənada, yəni iqtisadi və ictimai həyat üzərində total dövlət nəzarəti mənasında istifadə edilməyə başlayıb. Əlbəttə, biz bu anlayışları ata bilərik və yenilərini düşünə bilərik, amma o zaman biz həm də onlarla əlaqədar olan, arzu və ümidlərin uzun mübarizəsi tarixini də atmış oluruq. Mən düşünürəm ki, onların məzmununu bərpa etmək və ya yeniləməkdənsə, bu anlayışlar uğrunda mübarizə aparmaq daha yaxşıdır.

Əvvəlki dövrlərin kommunist hipotezlərinin artıq niyə qüvvəyə malik olmaması səbəblərindən biri odur ki, kapitalın strukturu – həmçinin kapitalist istehsalının şəraiti və məhsulları dəyişmişlər. İnsanlar iş yerində və ondan kənarda necə istehsal edirlər? Onlar hansı şəraitdə nə istehsal edirlər? İstehsal kooperasiyası necə təşkil olunub? Əmək və onu gender və irqi xətlərlə, lokal, regional və qlobal kontekstlərdə ayıran hakimiyyətin bölünməsi necədir?

XIX əsrin ortalarından cəmiyyətdə hegemon mövqeyi ağır sənaye tuturdu – o mənada yox ki, insanların çoxu zavodlarda işləyirdi (əslində lider ölkələrdə də onlar əhalinin kiçik faizini təşkil edirdilər), əslində ona görə ki, sənayenin xüsusiyyətləri tədricən digər sektorlara, son nəticədə isə cəmiyyətin özünə yeridilməyə başlandı. Bu o demək deyil ki, bu gün zavodlarda on, iyirmi və ya əlli il əvvəl olduğundan daha az insan işləyir – halbuki bəzi aspektlərdə onların yerləşməsi əmək və hakimiyyətin bölünməsində digər tərəfə sürüşərək dəyişmişdir. Bu iddia yenə də daha çox kəmiyyətə deyil, keyfiyyətə aid edilə bilər. Sənaye artıq öz keyfiyyətlərini digər sektorlara və ümumilikdə ictimai münasibətlərə genişləndirmir. Məncə bu, ziddiyyətsiz iddiadır.

Etirazlar o zaman yaranır ki, sənayenin yerinə istehsalın digər tipi təklif edilir. Toni Neqri və mən hesab edirik ki, bu gün bu hegemon mövqeni qeyri – maddi və ya biosiyasi istehsal – ideyaların, informasiyanın, obrazların, biliyin, kodların, dillərin, ictimai münasibətlərin, affektlərin və s. istehsalı tutur. Bu, ən çox prestijlidən ən az prestijliyə qədər bütün iqtisadi fəaliyyət növlərini xarakterizə edir: tibb işçiləri, bort bələdçi və pedaqoqlardan proqramistlərə, fast – food və call – centre işçilərindən dizayner və reklam işçilərinə qədər. Bu peşələrin böyük hissəsi, əlbəttə ki, yeni deyil, amma onlar arasındakı əlaqə, güman ki, daha nəzərə çarpandır və daha vacib olan odur ki, onların xarakterik xüsusiyyətləri bu gün tədricən istisadiyyatın və ümumilikdə bütün cəmiyyətin digər sektorlarına da aid edilə bilər. Sənaye informasiyalaşmalı olur: biliklər, kodlar və obrazlar ənənəvi istehsal sektorlarında daha vacib olur və affektlərin və qayğıların istehsalı valorizasiya prosesində mərkəzi hala gəlir.

Sənaye istehsalının dominantlığının artması ilə paralel olaraq Marks həmçinin mülkiyyətin iki forması arasındakı mübarizəni qeyd edirdi: daşınmaz (məsələn, torpaq) və daşınan (məsələn, maddi sərvət). Bu gün biosiyasi iqtisadiyyatın inkişafı nəticəsində mübarizə maddi və qeyri – maddi mülkiyyət arasında gedir. Və ya, başqa sözlərlə desək, Marks daha çox əmlakın daşınırlığına diqqət yetirirdisə, bu gün aktual olan – defisit və yenidən istehsaldır, buna görə də mübarizə eksklyuziv və bölüşdürülən mülkiyyət arasında gedir.

Bu mülkiyyət formasının yaranan hökmranlığı əhəmiyyətlidir, xüsusilə ona görə ki, mülkiyyəti diqqət mərkəzinə qaytararaq, ümumi olanla mülkiyyət arasında münaqişəni nümayiş etdirir. İdeyalar, obrazlar, biliklər, kodlar, dillər və hətta affektlər özəlləşdirilə bilər və mülkiyyət kimi idarə oluna bilərlər. Amma onlar üzərində mülkiyyət hüququnu qorumaq onların mübadiləsi və yenidən istehsalının asanlığı ucbatından daha çətindir. Bu sərvətlər daima mülkiyyət sərhədlərindən çıxmağa və ümumi olmağa cəhd edirlər. Sən mənimlə ideyanı paylaşdığına görə, o sənin üçün daha az faydalı olmur, hətta adətən əksinə olur. Əslində isə, ideya, obraz və ya affektin öz məhsuldarlığının zirvəsinə çatması üçün onları digərləri ilə paylaşmaq və ümumi etmək lazımdır. Özəlləşdirmə məhsuldarlığı kəskin şəkildə aşağı salır.  Ümumi olanı ictimai mülkiyyət edərək dövlət nəzarətinə tabe etdikdə eyni şey baş verir. Mülkiyyət artıq kapitalist istehsal üsulunu buxovlamağa başlayır. Burada kapitalın daxili ziddiyyəti ortaya çıxır: ümumi olan mülkiyyət şəklində nə qədər çox mənimsənilirsə, o qədər az məhsuldar olur. Yenə də ümumi olanın sferasının genişlənməsi mülkiyyət münasibətlərini pozur.

Neoliberalizm yalnız xüsusi mülkiyyətin ictimai mülkiyyətə qarşı mübarizəsi ilə deyil, həmçinin – bəlkə də daha vacib olan – ümumi olana qarşı mübarizəsi ilə müəyyən olunur. Kapitalın neoliberal strategiyalarının obyekti iki tip ümumi olandır. Bir tərəfdən, ümumi olanın nümunəsi kimi torpaq və onunla əlaqədar olarn resurslar: meşələr, su, hava, faydalı qazıntılar və s. ola bilər. Digər tərəfdən, ümumi olan insan əməyinin və onun yaradıcı qabiliyyətlərinin nətcələrinə: ideyalar, səs, affektlər və s. istinad edir.  Belə özəlləşdirmənin parlaq nümunəsi kimi transmilli şirkətləri Sierra – Leondakı almazlarla, Uqanda nefti və Boliviyanın litium yataqları və su resursları ilə təmin edən hasiledici sahələr göstərilə bilər. Devid Harvi və Naomi Klayn kimi bir çox müəlliflər bu prosesi elə anlayışlarla təsvir etdilər ki, bu anlayışlar ilkin yığımın və ya müsadirə yolu ilə yığımın yenidən əhəmiyyət qazanmasını nümayiş etdirdilər.

“Süni” ümumi olanın özəlləşdirilməsinin neoliberal strategiyaları daha mürəkkəb və ziddiyyətlidirlər. Artıq dediyim kimi, cəmiyyət nə qədər çox mülkiyyət münasibətlərinə tabe olursa, o qədər az məhsuldar olur. Yenə də kapitalist valorizasiya ilkin yığım tələb edir. Bütün ziddiyyətlərə baxmayaraq, bir çox sahələrdə ümumi olanın özəlləşdirilməsinin kapitalist strategiyaları patent və kopirayt kimi mexanizmlər sayəsində işləməyə (amma bəzən çətinliklə) davam edirlər. Musiqi və kompyuter sənayeləri belə nümunələrlə zəngindir. Buraya həmçinin biopiratlıq adlandırılan halları da aid etmək olar: bu proses zamanı transmilli şirkətlər patentlərin köməyi ilə ümumi olanı bitkilər, heyvanlar və insanlardan aldıqlarını ənənəvi bilik və ya genetik informasiya şəklində ekspropriasiya edirlər. Məsələn, bu və ya digər bitkinin müalicəvi xüsusiyyətləri barədə ənənəvi biliklər bu biliyi patentləşdirən korporasiyasnın xüsusi mülkiyyətinə çevrilir. (Əslində isə, “piratlıq” sözü bu hallar üçün tam uyğun gəlmir. Piratlar daha layiqli işlərlə məşğuldurlar: onlar özgə mülkiyyətini oğurlayırlar. Bu korporasiyalar isə ümumi olanı oğurlayıb öz mülkiyyətlərinə çevirirlər.)

Öz – özlüyündə kapitalın inkişafı şəksiz olaraq müsbət bir şey deyil və qeyri – maddi və ya biosiyasi olanın tendensial hökmranlığı özü ilə yeni və daha sərt istismar və nəzarət formaları gətirir. Amma bununla bərabər, biz anlamalıyıq ki, biosiyasi istehsal kapitalist münasibətləri çərçivəsindən çıxaraq bizi həmişə ümumi olana müraciət etdirir, əməyin muxtariyyətini gücləndirir və gələcəkdə azad etmə layihəsində istifadə edilə biləcək alət və silahlar yaradır.

Ümumi olan ideyası bizə kommunizmin nə mənaya gəldiyi və ya gələ biləcəyini anlamağa kömək edə bilər. Öz erkən əsərlərində Marks yalnız bütün sərvətləri cəmiyyətin mülkiyyətinə çevirmək üçün xüsusi mülkiyyətdən imtinanı nəzərdə tutan istənilən kommunizm konsepsiyasına qarşı idi. Əksinə, doğru dərk edilmiş kommunizm yalnız xüsusi mülkiyyətin ləğvini deyil, həm də ümumilikdə mülkiyyətin ləğvini nəzərdə tutur. Əlbəttə, bizim üçün öz dünyamızı və özümüzü mülkiyyət münasibətlərindən kənarda təsəvvür etmək çətindir. “Xüsusi mülkiyyət bizi o qədər axmaq və birtərəfli edib ki – Marks yazır – hər hansı bir predmet yalnız o zaman bizim olur ki, biz ona malik olaq”. Malik olmadığımız şey necə bizim ola bilər? Özümüzü və bizi əhatə edən dünyanı mülkiyyət kimi nəzərdən keçirməmək necə olacaq? Məgər xüsusi mülkiyyət bizi o qədər axmaq edib ki, biz bunu özümüzə təsəvvür edə bilmirik? Marks kommunizmi, kobud və romantik belə olsa, görmənin, eşitmənin, düşünmənin, sevmənin və ya qısaca desək, yeni bəşəriyyətin yaranmasının yeni üsulu kimi dərk etməyə çalışır.

Burada Marks ümumi olanı və ya daha dəqiq, ümumi olanın sərəncamına təqdim edilmiş biosiyasi istehsalın formasını tapmağa çalışır. Ümumi olanın istifadəsini xarakterizə edən əlçatanlıq və azad mübadilə mülkiyyət münasibətlərinə kənar və düşməndirlər. Bizi o qədər axmaq ediblər ki, dünya bizim üçün yalnız xüsusi və dövlət mülkiyyəti kimi ola bilər.  Biz ümumi olana qarşı kor olmuşuq. Kommunizmi yalnız xüsusi mülkiyyətin ləğvi kimi deyil, həm də ümuminin təsdiqi – subyektivliyin, yeni bəşəriyyətin idarə olunan yaradılmasının – ictimai münasibətlərin və həyat formalarının açıq və muxtar istehsalınn təsdiqi kimi müəyyən etmək lazımdır. Xüsusi mülkiyyət kapitalizm üçün, dövlət mülkiyyəti – sosializm üçün nədirsə, ümumi olan da kommunizm üçün eyni dərəcədə əhəmiyyətlidir.

 (c) SOLFRONT.org

[material rabkor.ru ünvanındakı original yazıdan SOLFRONT.org saytı üçün hazırlanıb.]


Oxşar yazılar:

Baxış sayı:10506