abunə ol: Yazılar | Şərhlər | Еmail

Terri İqlton. “Universitetlərin ölümü”

Şərh

Terri İqlton. “Universitetlərin ölümü”

Görəsən doğrudanmı humanitar elmlər universitetlərdən yox olacaq? Bu sualın özü absurddur. Bu, alkoqolun barlardan və ya eqoizmin Hollivuddan yox olacağını soruşmaq kimi bir şeydir. Necə ki barlar alkoqolsuz, eləcə də universitetlər humanitar elmlərsiz mövcud ola bilməz. Əgər tarix, fəlsəfə və digərləri akademik həyatdan itsələr, onların yerində yalnız texniki vərdişlər öyrədən müəssisələr və ya korporativ tədqiqat institutları qalacaq. Bu artıq sözün klassik mənasında universitet olmazdı və onu belə adlandırmaq yalan olardı.

Ancaq universitetlər humanitar elmlərin digər fənnlərdən təcrid olunduğu halda da sözün tam mənasında mövcud ola bilməz. Əgər humanitar fənnlərdən tam qurtulmaq olmursa, onda onların qiymətdən salınmasının ən sürətli yolu onları xoş əlavəyə çevirməkdir. Əsl kişilər hüquq və mühəndislik işi öyrənirlər, ideya və dəyərlər isə zəiflər və arvadlar üçündür. İstənilən öz adına layiq universitetdə humanitar elmlər mərkəzi mövqe tutmalıdırlar. İncəsənət və ədəbiyyat tarixi ilə tanışlıqla müşayiət olunan tarix və fəlsəfənin öyrənilməsi həm hüquqşünaslar, həm də humanitar fakültələrdə oxuyanlar üçün eyni dərəcədə vacib olmalıdır. Və əgər ABŞ-da humanitar fakültələr belə qorxulu təhlükə altında deyilsə, bu həm də ona görədir ki, orada onlar ali təhsilin ayrılmaz hissəsi hesab olunurlar.

XVIII əsrdə humanitar fakültələrin ilk dəfə olaraq öz müasir görünüşünü aldığı dövrdə, insan haqqında olan elmlər cəmiyyətdə əsas yer tuturdular. Onların vəzifəsi meşşan cəmiyyətinin çox az vaxtı tapdığı dəyərləri tərbiyə etmək və qorumaqdır. Müasir humanitar elmlər və sənaye kapitalizmi praktiki olaraq əkiz qardaşlar idi. Çökmüş vəziyyətdə olan dəyərlər və ideyalar sistemini qorumaq üçün universitet kimi  müəssisələr müəyyən həddə qədər gündəlik həyatdan təcrid olunmalı idi. Heyf ki, bu ayrılma humanitar tədqiqatları qeyri-effektiv edirdi. Digər tərəfdən isə bu, humanitar elmlərə sağlam düşüncəni tənqid etmək layihəsinə başlamağa imkan verdi.

Hərdən, məsələn 60-ci illərdə və ya indi Britaniyada olduğu kimi bu tənqid küçələrə çıxırdı, bugünkü həyatımıza mümkün olan həyatı qarşı qoymaqla.

Vaxtilə biz universitetlərin tənqid mərkəzi kimi ölümünün şahidi olmuşuq. Marqaret Tetçerin vaxtından akademiyanın rolu status-kvo-ya xidmət etməkdən ibarət idi. O, artıq status-kvo’ya haqq-ədalət, adət-ənənə, təxəyyül, insanların əmin-amanlığı naminə meydan oxuyan, azad zəka oyunları və alternativ gələcəyi görmə məkanı deyildi. Və biz bu vəziyyəti yalnız humanitar elmlərin dövlət maliyyələşməsini sıfıra qədər azaltmaq əvəzinə artırmaqla dəyişə bilərik. Biz bunu dəyişə bilərik, əgər təkid etsək ki, universitetdə baş verən hər şeyin əsasını ancaq Rembrandt və ya Rembonun öyrənilməsi yox, insani dəyərlərin və prinsiplərin tənqidi dərk olunması təşkil etsin.

Nəticədə, humanitar elmləri qorumaq üçün onların əvəzolunmazlığını göstərmək lazımdır. Kasıb qohumlar kimi onların təminatının heç də baha başa gəlmədiyini bəhanə gətirib özünə bəraət qazandırmaqdansa, onların bütün akademik təhsildə əsas rol oynaması üçün təkid etmək lazımdır.

Praktikada buna necə nail olmaq olar? Maliyyə nöqteyi-nəzərdən heç cür. Hökümətlər humanitar fənnlərin maliyyələşdirilməsini genişləndirmək əvəzinə ixtisar etmək fikrindədirlər.

Görəsən, əgər biz Şellinin tədrisinə həddindən çox pul qoysaq iqtisadiyyatda öz rəqiblərimizə məğlub olmarıq ki? Lakin humanitar tədqiqatlar olmadan universitetlər də ola bilməz, bu isə o deməkdir ki, universitetlər və inkişaf etmiş kapitalizm fundamental olaraq bir araya sığmırlar. Və bunun siyasi mənası ödənişli təhsil məsələsindən daha dərindir.

Tərcümə: Elmira Quliyeva

(c) www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:80765