abunə ol: Yazılar | Şərhlər | Еmail

“Karnaval gecəsi”

Şərh

Köhnə qəzetləri oxuyarkən, 1959-cu ilin \”Pravda\”sında Sov.İKP-nin növbədənkənar 21-ci qurultayında 30 yanvar günü Dipak Ayditin çıxışına rast gəldim. İndoneziya kommunistlərinin 36 yaşlı rəhbəri qurultay iştirakçılarını 1,5 milyonluq partiyası adından salamlayır. \”7 il, yaxud 15 il sonra dünyada necə böyük hadisələrin baş verəcəyini\” deyib kommunizmin gələcək qələbəsindən arxayınlığını söyləyir.
6 il 10 ay sonra isə Aydit qətlə yetirilir, SSRİ və Çindən sonra dünyanın ən iri kommunist partiyası olan təşkilatı bir neçə həftə ərzində darmadağın edilir. Həmin vaxt İndoneziya kompartiyasının artıq 3 milyon üzvü vardı.
Əslində, Hitler genosidindən sonra, o hadisələr ən böyük genosiddir. Fərqi də onda idi ki, burada bir millət başqasını məhv etmirdi. Cəlladlar da, qurbanlar da eyni ölkənin vətəndaşlarıydı və müyyən qədər çinlini (xutszyao), vyetnamlını çıxmaqla, hər 2 tərəf eyni millətə mənsubdu.
Uzun illər ən yeni tarixdən mənə xüsusi sirli gələn mövzular 2 ədəd olub: İspaniyada vətəndaş müharibəsi və İndoneziyada 1965-ci il qətliamı. Məlumat isə həmişə çatışmayıb. İspaniyayla bağlı bilgilərimi Oruell özünün \”Kataloniyanın xatirəsinə\” ilə, sovet hərbi xadimi Rodimtsev \”İspaniya səması altında\” xatirələr kitabıyla, müəyyən qədər də Vadim Roqovin zənginləşdirə bilibsə də, İndoneziya hadisələri \”ağ kitab\” olaraq qalıb. Xüsusən də, xatırlayanda ki, 13700 adada yerləşən bu böyük ölkədə bir neçə həftə ərzində 1 milyon kommunist qətlə yetirilib (bu sürəti heç Hitler də göstərə bilməyib!), 700 min solçu isə həbs düşərgələrinə atılıb (bir hissəsi sonralar orada ömrünü başa vurub). Bu barədə sovet mətbuatı da susub, indiki mətbuat da susur. Bu gün də topladığım bilgilər fraqmentar və dağınıqdır.
4 il əvvəl ABŞ-da açılan bəzi sənədlər təsdiq etdi ki, İndoneziya genosidinin arxasında yankilər və MKİ dayanıb. Bununla onlar Cənub-Şərqi Asiyada kommunist təhlükəsini yatırıblarmış. Məhv olan 1 milyon adam onların gözündə heç nədir – o dövlətin ki, özünü \”demokratiyanın beşiyi, dayağı və ixracçısı\” sayır. İkili standartlara bariz sübutlardan biri.
O vaxtın İndoneziyasında bütün ziddiyyətlərə baxmayaraq, heç nə baş verəcək genosidə işarə sayıla bilməzdi. Ölkəni 1963-cü ildə \”Əbədi prezident\” titulu alan general Əhməd Sukarno idarə edirdi. Müstəqillik müharibəsinin bu qəhrəmanı Nazirlər kabinetinin də başında dururdu. Onun kommunistlərə qarşılıqlı rəğbəti vardı (Bu münasibət haradasa mənə Həsən Seyidbəylinin \”Nəsimi\” filmindəki Şirvan hakimi İbrahimlə hürufilərin qarşılıqlı simpatiyasını xatırlatdı). 1959-da o, siyasi manifestini – \”Manipol\” açıqladı. Məqsədlər – \”İndoneziya sosializmi\” qurmaq və \”idarə olunan demokratiya\” (İndi bu termindən Putin Rusiyasında istifadə olunur).
Sukarnonun \”idarə olunan iqtisadiyyat\”ında ölkənin neftçıxarma sahəsi bütünlüklə kommunist partiyasına verilmişdi – keçmişdə \”Şell\”ə məxsus olmuş \”Perminan\” şirkəti özəlləşdirilmədən İKP-nin ixtiyarında idi. Neft emalı sahəsi isə hərbçilərə bağışlanmışdı. Ölkədə 3 əsas siyasi güc vardı – kommunistlər (İKP), millətçilər (Milli partiya, İMK) və klerikallar ( Nəhdətul Üləma). Parlamentdə də yerlər müvafiq olaraq bu cür bölünmüşdü – 30, 44 və 36. Qalan 150 yeri \”funksional qruplar\”, o cümlədən hərbçilər (35 yer) almışdı. Sukarno kommunistlərə nazir portfelləri vermək niyyətindəydi, ancaq hərbçilər bunun əleyhinəydi. Özü hərbçi olan Sukarno isə yeni güclü qüvvənin – hərbçilərin meydana çıxmasına göz yummaqla bağışlanmaz səhvə yol vermiş oldu.
O vaxtkı İKP-nin taktikası da maraqlıydı. İfrat say artımına baxmayaraq, onlar hakimiyyəti götürmək arzusunda deyildilər. 1959-da Moskvada Xruşşovu tərifləyən Aydit isə son illərdə Mao ilə yaxınlaşmışdı (Sovet mətbuatının qətliam barədə yazmamasında bu, əsas rol oynadı). Nə qəribə ki, Sukarnonun da simpatiyası Çinə idi. Elə əsas hadisələr də Sukarno Pekində əməliyyat olunarkən baş verdi.
1965-ci il, sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecə Sol-çu hərbçilərin  toplandığı 2 hərbi hissə və polkovnik Untunqun başçılıq etdiyi Prezident  qvardiyası Cakartada bir çox strateji obyektləri ələ keçirdi. Retrospektiv  analizdən görünür ki, bu, qiyam yox, əks-qiyam idi. Çünki son aylar  hərbçilərin dövlət çevrilişi planları barədə məlumatlar dolaşırdı və görünür,  bu yolla ya Sukarno, ya da onun tərəfində olan hərbçilər çevrilişçiləri  yerində otuzdurmağı düşünmüşdülər. Sukarnonun Prezident qvardiyası  da solçulardan komplekt olunmuşdu, burada \”Konfrantasi\”nin (solçu  hərbi qurum) aktivistləri rəhbər idilər. Ancaq bu hadisəni İKP təşkil  etməmişdi, əks-qiyam kommunist partiyasının liderliyi və iştirakı ilə baş  verməmişdi. Təsadüfi deyil ki, İKP-nin bəyanatında 30 sentyabr çıxışları və  \”İnqilabi Şura\”nın yaradılması \”Ordunun daxili işi\” adlandırılmışdı.  Elə bu bitərəflik də İKP-nin məhvinə yol açdı…
30 sentyabr gecəsində əks-qiyamçılar 6 yüksək hərbçini, o cümlədən, Quru  qoşunları komandanı Əhməd Yanini evlərində həbs edib sonra da g  üllələdilər. Onların cəsədləri sonra su quyusundan tapıldı.
Açıqda yalnız 1 ali hərbçi qaldı – general Məhəmməd Sukarno (yeri  gəlmişkən, 2-ci Dünya Müharibəsi zamanı o, kollaborasionistdi və yapo  ordusunda vuruşub). Onu həmi gün evdə olmaması – xəstə dostuna baş    çəkməyə getməsi xilas etdi. O, bir qrup hərbçi ilə radiostansiyanı ələ keçirib qiyam baş verdiyini və kommunist təhlükəsini elan etdi.
Bundan sonra baş verənlər isə tam sirlidir – həm hərbi, həm say resursları ən güclü olan kommunistlər ağıllarına da gətirmədilər ki, etmədiklərinə görə cəzalana bilərlər, odur ki, heç bir müqavimət göstərmədilər. “İnqilabi Şura”nın süqutu və Untunqun paytaxtdan qaçması ilə ordu hissələrinin İKP üzvlərinə və rəğbətçilərinə qarşı amansız terroru başladı. Bütöv yaşayış məntəqələri yer üzündən silindi.
Noyabrda qətlə yetirilənlərin sayı artıq milyon nəfərə çatdı. Kommunistlər üçün bu ssenarinin tam gözlənilməzliyi və onların tərəddüd mövqeyi tutmaları təsdiqdir ki, 30 sentyabr hadisələrində onların rolu olmayıb. Ancaq nəzarətdən çıxmış total terror öz işindəydi. Kommunistlərin qurbanlıq quzu kimi edama sakitcəsinə getmələrinin bir səhv səbəbi də ola bilər – onlar “əbədi prezident” Sukarnonun həqiqəti yalandan ayırıb terror maşınına sol qoyacağına inanırdılar. Ancaq baş verənlər artıq Sukarnonu da hər-şeyə-qadir prezidentdən gücsüz və hərbçilərə uduzan personaja dönməsi ilə nəticələnirdi. ABŞ ssenarisi ilə qurulmalı İndoneziyada təkcə İKP-yə yox, həm də Sukarnoya yer yoxdu.
Bu əfəl inamdandı ki, oktyabrın sonlarında hərbçilərə təslim olan Aydit özünün Sukarnonun yanına aparılacağına ümid edirdi. Suxarto isə anlayırdı ki, bu görüş baş tutsa, nəinki Aydit sağ qala, həm də Sukarno güclənə, nəticədə qüvvələr nisbəti dəyişə və letargiyadan ayılan kommunistlər toparlanıb əks-hücuma keçə bilərlər. Ona görə də əsgərlər təslim olan Ayditi elə yerindəcə güllələdilər. Həlak olarkən onun 42 yaşı vardı.
İKP məhv ediləndən sonra Sukarnonun “əbədi prezident”liyi də ləğv olundu. 1968-də isə Suxarto prezident seçildi. Ölkədə 30 il davam edən terror dövrü başladı. Rüşvətxorluğu sərhəd bilməyən Suxarto isə indoneziyalıların yadında “Cənab 10 faiz” titulu ilə qaldı – bağlananan hər bir xarici iqtisadi müqaviləyə görə o, gəlirin 10 faizini tələb edirdi.
1998-in martında Suxarto növbəti prezident seçkiləri keçirib növbəti prezidentliyinə başladı. Bu dəfə alınmadı – qlobal iqtisadi böhranın zərbəsindən güzəranları çətinləşən kütlə küçələrə axışdı. Mayda tələbə çıxışlarını ordu güllə ilə qarşıladı. Etirazlar böyüdü və bir neçə gün ərzində 12 min adam həlak oldu. Ancaq vaxtilə milyon kommunisti qətlə yetirmiş ordu bu dəfə etiraz dalğası qarşısında aciz qaldı. Mayın 21-də 77 yaşlı Suxarto istefaya getdi.
Onu tutdular? Asdılar? Yox, heç mühakimə də etmədilər. Nə genosidə, nə korrupsiyaya görə cavab verdi. 2008-ci ilin yanvarında isə xəbər yayıldı ki, rüşvətxor cəllad ağır xəstədir, ürəyi xarabdır, ayaqları şişib. Dövlət onun müalicəsi ilə məşğul oldu. Xilas edə bilmədilər – öldü …
İndoneziya genosidi sübut etdi ki, direktiv olaraq yaranan və görüntü xarakteri daşıyan kövrək siyasi tarazlıq pozulmağa məhkumdur. Bu balans ilk sarsıntıdanca yerini vahid gücün formalaşmasına verir.
İndoneziya kommunistlərinin səhvi də ilğım olan “milli birliy”ə inamlarındaydı. Hakimiyyət faktik onların əlinə keçirdi – ilk cəhd bəsdi. Bu cəhdi isə onlar etmədilər. 1920-ci ildə Polşa kommunistləri üçün yaranmış ifrat əlverişli cəhdin İndoneziya analogiyası. Üstəlik, əgər Polşada kommunistlər incidilən müxalifət idisə, İndoneziyada kommunistlər qeyri-rəsmi olaraq hakimiyyətin bir hissəsiydi. Əlavə edək ki, kadr, tərəfdar potensialına, hərbi gücünə, həmçinin maliyyə imkanlarına görə onlar 1 nömrəli gücdülər. Ancaq görünür, neft hasilatına nəzarət kommunistlərlə Sukarnonun qarşılıqlı güzəşt barədə sazişinin tərkib hissəsiydi. Maliyyə payı müqabilində onlar özlərini dinc və loyal aparmağa razı olmuşdular. Həm də hakimiyyəti zəbt etmək onlara gərəksiz və artıq bir iş kimi gəlirdi – elə Sukarno da sosializm qurur, elə Sukarno da Maonun dostudur və illər sonra İndoneziyada öz-özünə, təkamül yolu ilə İKP-nin istədiyi quruluş peyda olacaq. Bir sözlə, yemək özü gəlib ağıza girəcək.
İKP-də, olsun ki, bu cür fikirləşirdilər. Və hakimiyyəti zəbt etməklə siyasi balansı pozacaqlarından da, ola bilsin, qorxurdular.
Əvəzində, bu balansı hərbçilər pozdular. İKP-ni də qurbanlıq quzuya çevirdilər. Kommunistlərin gücə qarşı güc qoymamaları artıq başqa problemin nəticəsiydi – lidersizliyin. Onların Trotskisi yoxdu, əks-tərəfin isə Mussolinisi vardı. Bu müqayisə onu göstərir ki, qəti qərar tələb olunan ekstremal şəraitlərdə liderin rolu dəfələrlə artır və o, tamamilə əvəzedilməz olur. İKP üzvlərinin çaşqınlığı da Ayditin səbatsızlığının nəticəsiydi.
Kommunistlər sanki Kafkanın “Proses”indəki kimi, nə baş verdiyini anlamadan və inanmadan edama getdilər. Anlamalı həqiqət isə çox sadə idi – Hakimiyyət onu sevməyəni sevmir və səhvlərə görə qiymət ödəmək lazım. Məğlubiyyətin qiyməti qeyri-adekvat baha oldu. Ölüm isə çox ucuz. O qədər ucuz ki, 1 milyon adamın məhvini dünya sükut ilə qarşıladı. SSRİ və Çin onları sadəcə unutmağa çalışdı. Qərb isə şərlədi və lənətlədi. Məğlubiyyət həmişə yetimdir…
P.S. İndoneziya genosidini liberal mətbuatda “Karnaval gecəsi” adlandırırdılar…

Məmməd Süleymanov

www.solfront.org

Oxşar yazılar:

Baxış sayı:9805