abunə ol: Yazılar | Şərhlər | Еmail

Xirosima

Şərh

Məmməd Süleymanov – “Xirosima”

 

6 avqust 1945-ci il – Bəşər tarixinin cəzasız qalmış ən dəhşətli cinayəti baş verib. Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb. Qurbanların sayı dəqiq bilinmir – 80 minlə 160 min arasında.

20-ci əsrdə atom bombası 2 dəfə dinc əhaliyə qarşı istifadə edilib. İstifadə edən dövlətin adı heç də “şər imperiyası” SSRİ deyil. O dövlətin adı “demokratiyanın qarantı” ABŞ-dır.

Cəmisi 5 ay əvvəl ABŞ aviasiyası ingilislərlə müştərək Almaniyanın Drezden şəhərini yer üzündən silmişdi. Drezden mədəniyyət mərkəzi idi, orada heç bir hərbi obyekt yoxdu, çoxlu qaçqınlar Drezdenə sığınmışdı. Bunu amerikanlar da bilirdi. O dəhşətli cinayəti hamıdan mükəmməl o vaxt orada hərbi əsir olan Kurt Vonnequt təsvir edib. Özünün “5 nömrəli qırğın” əsərində Ustad sübut edir: Drezdeni məhv etmək üçün heç bir səbəb yox idi, şəhərin məhvi müharibənin taleyinə qətiyyən təsir etmirdi. Ancaq bombaladılar. Və o vəhşilik də cəzasız qaldı.

Xirosimadan 3 gün sonra növbə Naqasakiyə çatdı. Ölü sayı – 80 min dinc əhali. Sağ qalanların əksəriyyəti sonrakı illər şüa xəstəliyindən əzab içində can verdi. Yaponiya tərəfinin rəsmi məlumatına görə, o 2 bombadan indiyədək həyatını itirənlərin sayı 413 min nəfəri ötüb.

Atom bombardmanı fundamental əxlaqsız hərəkətdi, hərbi cinayətdi və dövlət terrorizmi idi. Onun məqsədyönlülüyü bu gün də və hətta amerikanlar tərəfindən də şübhə altına alınır. Sadəcə Trumenə göstərmək lazımdı: Dünyanın ağası kimdir! Bunun üçün 100 minlərlə dinc yapon ölməliydi.

Naqasakidən 1 həftə sonra Trumen Stalinə ultimatum yolladı: Kuril adalarının birində hərbi baza yerləşdirməyə razılıq versin. Stalin nüvə şantajına getmədi. Və “Soyuq müharibə” də əslində Çörçillin məşum çıxışından yox, Stalinin o imtinasından başladı.

Xirosimaya bombanı təyyarəçi Pol Tibbets atdı. Onun məşhur bir fotosu var: 6 avqust, səhər tezdən, təyyarəsinə minən Tibbets dodaqlarında geniş təbəssümlə, əlini yelləyərək sağollaşır. “Piyada”ya böyük və şərəfli missiya tapşırılıb.

Onun təyyarəsinin adı “Enola Gey” idi – doğma anasının adını vermişdi. Bombardmançıdakı bombanı isə “Körpə” adlandırmışdılar. “Ana” “körpə”sini 100 minləri külə çevirmək üçün yollayırdı.

İllər sonra da Tibbets heç bir vicdan əzabı çəkmədiyini xüsusi vurğulayırdı. Bu əclaf çox uzun ömür sürdü – 2007-də 92 yaşında öldü. Qəbrinin dağıdılacağından qorxduğundan yandırılıb külünün La-Manşa səpilməsini vəsiyyət etdi.

“Mən fəxr edirəm ki, işimi xətasız yerinə yetirdim. Mən hər gecə sakit yatıram” – bu, onun müsahibəsindəndir. Ölməkdən 2 il əvvəl isə o, demişdi: “Əgər mənə yenə həmin tapşırığı versələr, lənət şeytana, onu yenə icra edərəm”. Nə deyəsən, “tipik amerikalı”.

Tibbets ona görə özünü haqlı sayır ki, onun dövləti özünü haqlı sayır. Və Xirosima-Naqasaki dəhşətləri bu dövlətin irimiqyası, əxlaqsız, insan əleyhinə cinayətlərində olsa-olsa bir epizoddur. Sadəcə fərq bu epizodun atom bombası ilə “yazılmasındadır”.

İllərlə Vyetnam, Kamboca və Laosu bombardman edən bu dövlət təkcə Kambocaya o qədər bomba atmışdı ki, heç II Dünya Müharibəsində nasist Almaniyasına o qədər bomba atılmamışdı. Sonra da deyirlər Pol Pot haradan peyda olub?! Onu ABŞ-ın vəhşi imperialist siyasəti yetirmişdi. Elə Pol Pota da sonralar kömək edən, onu cəngəllikdə silahla təmin edən, BMT-də 1990-lara qədər yeni hakimiyyətin yox, kxmerlərin nümayəndəsini saxlayan da SSRİ deyildi, ABŞ idi. SSRİ 1 gün də olsa Pol Pota yardım etməyib.

İndoneziyada 1 milyon kommunistin (!) 1 ayda (!!) məhvi əmrini də Suxartoya ABŞ vermişdi. Qvatemala, Salvador, Honduras və Kosta-Rikadakı “ölüm eskadronları” da bu “demokratiyanın qarantı”nın məhsulu idi. Çilidə Pinoçet, Paraqvayda Stressner, Türkiyədə 12 sentyabrın faşist xuntası da ABŞ-ın “yaradıcılığ”ı deyilmi? Bəs İraq, Əfqanıstan?.. Siyahının sonu yoxdur.

Vəhşi imperializmin yırtıcı sifəti Xirosima ilə “legitimləşdi”. Miloşeviçi hərbi cinayətkar kimi mühakimə etmək istəyib məhkəməyədək qoruya bilməyən, Karaciçi Haaqada mühakimə sifarişini verən Böyük Cəllad xırda cəlladlarla – öz yetirmələri ilə üzülüşməyi “demokratiya” və “insan haqlarının qorunması” kimi təqdim edir. Müəllim onun yerişini (xırda miqyasda) yeriyən, ona bənzəməyə çalışan gərəksiz şagirdlərini cəzalandırır.

Almaniya xolokosta görə İsraildən üzr istədi, Serbiya Srebrenitsaya görə müsəlmanlardan üzr istədi. ABŞ isə yaponlardan üzr istəməyi ağlından da keçirmir. Yəni, ardı var.

Və Pol Tibbetsin dili ilə ABŞ dövləti danışır…

 

(c)www.solfront.org

Oxşar yazılar:

Baxış sayı:19901