abunə ol: Yazılar | Şərhlər | Еmail

Haqqımızda

***

Bizə demokratiya barədə həddən artıq çox bəhs ediblər… Guya “Vətən”i təmsil edən rejimə çox difiramblar qoşublar.  Halbuki, “Vətən” bugün – natamam hüquq sistemini gerçəkləşdirmək üçün iqtidarı olan natamam  dövlətdir ki, o da, öz növbəsində, cəmiyyəti bürümüş korrupsiya, məmur özbaşınalığı, klan iqtisadiyyatı, milli sərvətlərin dağıdılması və xalqımızın getdikcə güclənən deqradasiyası qarşısında gücsüzdür.  Bir  çoxları bütün bunlara görə bu problemləri yaradan sistemi deyil, periferiya kapitalizmi üçün qanunauyğun olan rejimi deyil, xalqın özünü günahlandırırlar. Onun itaətkarlığı, pofiqizmi, avamlığı və digər günahları, şübhəsiz ki,var. Lakin bu, bizi əhatə edən bir sıra şeylərin səbəbi yoxsa nəticəsidir?  Cəmiyyətin hansı təbəqəsi mübarizə aparmağa   qadirdir?

Ziyalılar – “millətin vicdanıdır”, bunu xatırlayarkən düşünməyə başlayırsan, ya bizim millət “vicdansızdır”, ya da indiki zamanda “vicdan”artıq başqadır. Belə “vicdan” nəyə dəyər? – ritorik sualdır. Bu cəmiyyətdə radikal ziyalılar (digərləri də) yoxdur.

İdeyaya görə, cəmiyyətin ən qabaqcıl təbəqələrindən olan tələbələr isə deqradasiyaya uğradılmış və pozulmuşlar. Müasir tələbə anlamır ki, Afinada, Londonda, Parisdə onun qardaşları nə uğrunda mübarizə aparırlar… O anlamır ki, XIX – XX əsrlərdə tələbələr öz azadlıqları və həyatları ilə riskə gedərək, nə uğrunda  mübarizə apara bilərdilər.  Məgər bütün məsələ bu təbəqənin maddi vəziyyətindədir?  Bəlkə, bizim cəmiyyətdəki tələbə Avropa tələbələrindən daha yaxşı yaşayır? Və ya yuxarıda qeyd edilən dövrdə əsasən varlı ailələrdən çıxmış tələbələrdən daha yaxşı? Tələbə bütün bunlara cavab axtarmır, belə ki, ona düzgün sualları verməyə imkan vermirlər. Bazara çevrilmiş məktəb və ali təhsil ocaqları isə çoxdan bəri “ziyalılar mənbəyi” deyillər.  Boğaza qədər rüşvətxorluq və mənəvi fahişəliyə batmış müəllim və professorlar tələbələr üçün Sartr və Altüsser olmayacaqlar.  Çünki hökumətə Sartrlar və Altüsserlər lazım deyil.  Tələbələr diz üstdədirlər.

Bu rejimi tarixin zibilliyinə göndərməyə qadir olan real qüvvə ola biləcək proletariat da məhv edilmişdir.  Amma rejim öz mövcudluğu dövrünü, bir zamanlar güclü olan sənayenin qalıqlarını məhv etməklə xarakterizə etdi, belə ki, Qərbin “xammal əlavəsi”nə milli istehsal gərəksizdir.  Bu səbəbdən işçi sinfi rəhbər trayb üçün təhlükəli olmayan  lümpenlər dəstəsinə çevrilmişlər.

Bu şəraitdə xalqdan  itaətkar dəstə düzəltmək asandır.  Çünki qeyri-insani sistemə qarşı gedəcək heç kim yoxdur – kütlələr parçalanmışlar. Özbaşınalıqla qorxudulmuş və mənəvi cəhətdən  alçaldılmış (aclıq və satqınlıq arasında seçim qoymaq vasitəsilə) kütlələr susurlar.  Onlar susurlar, amma çox gözəl bilirlər ki, yaltaq kütləvi informasiya vasitələri inkişaf və rifah haqqında  nə qədər çərənləsələr də, xalq deqradasiya və çürümə atmosferində boğulur.  Batanların xilası isə – batanların özlərinin əlindədir.

Solfront nə üçün lazımdır?

Xəstənin öz  xəstəliyini dərk etməsi onun sağalmasını şərtləndirmədiyi kimi, saysız problemlərin dərk edilməsi hələ xalqı inqilabi etmir.  Çünki xəstəliyin səbəblərini aşkar etmədən və düzgün diaqnoz olmadan xəstənin müalicəsi mümkün deyil, necə ki, baş verən hadisələrdə səbəb-nəticə əlaqəsini başa düşmədən cəmiyyət tam emansipasiyaya nail ola bilməz.

Bizim vəzifəmiz təkcə cəmiyyətin xəstəliklərinin işıqlandırılmasından ibarət deyil, həmçinin də onların yaranması, aradan qaldırılması yolları, adekvat mübarizə proqramının işlənib – hazırlanmasından ibarətdir.  Üfüqdə cəmiyyətin böyük hissəsinin əsl maraqlarını ifadə edə biləcək, inqilabi dəyişiklikləri gerçəkləşdirilməsi üçün kütlələri konsolidasiya etməyə qadir olan əsas qüvvə yaranana qədər kütlələr yuxulamağa davam edəcəklər.

Buna görə də bizim qarşımızda çox zəhmətli və çətin iş durur ki, bu da oxuculara bir sadə həqiqəti çatdırmaqdan ibarətdir: hakimiyyətin dayağı polislərin dubinkaları, harınlamış məmurlar deyil.  Hakimiyyətin dayağı – bizim səssizliyimiz və guya mübarizə aparanların səhvləridir.

Amma biz ümid edirik ki, çoxluqda tənqidi təfəkkürü oyatmaq cəhdimiz boşuna olmayacaq.  Narazı fərdlər  konsolidasiya nəticəsində böyük ordu təşkil etdiklərini dərk etdikdə, həm tələbələr, həm işçilər, həm də cəmiyyətin digər əzilmiş təbəqələri – zəhmətkeşlər, nəhayət ki, danışmağa başlayacaqlar. Düşünməyə başlayacaqlar. Radikal olacaqlar.  Buna görə də indiki vəziyyətdə hər bir narazı fərdin fəallığı vacibdir. Azadlıq, Bərabərlik, Qardaşlıq uğrunda mübarizə aparmağa hazır olan hər bir şəxsin  birləşməsi vacibdir!…

www.solfront.org

 

Baxış sayı:506000

Şərhlər